XIV əsrdən başlanan böyük coğrafi kəşflər avropalılar üçün yeni ticarət yollarının tapılmasına gətirib çıxardı. Artıq Aralıq dənizi və İstanbul üzərindən ticarət karvanlarının keçməsi zəifləyirdi. Şərqdə və Amerika qitəsində yağmalama siyasəti həyata keçirən avropalılar sürətlə varlanırdılar.
XVI əsrin əvvəllərindən etibarən Osmanlı sarayına gizli yollarla giriş əldə edən avropalı tacirlər bahalı məhsulları saraya satır, qarşılığında isə faizli borc qoyurdular. Beləliklə qısa müddətdə tacir qrupları bütün ölkəyə yayıldılar. Sarayda, sancaq bəyliklərdə, varlı əşirətlərdə istər geyim, zinət əşyaları, istərsə də məişət-sənətkarlıq məhsulları rəqabəti başlandı. Xarici tacirlərə borclanan yerli hakimlər, kəndxudalar, torpaq sahibləri xalqın məhsulunu, torpağını, gəlirini, heyvanlarını əlindən alır, xalqla dövlət arasındakı münasibətlərdə uçurum yaranmasına səbəb olurdular. Osmanlı dövləti isə hərbi potensialını artırmaq üçün xəzinədən xeyli pul xərcləmişdi. Dövlət güclənməkdə, yeni ərazilər əldə edərək böyüməkdəykən, əyalətlərdəki özbaşınalıqlar hər gün artırdı. Bu da dövlətə qarşı geniş xalq üsyanlarının başlanmasına gətirib çıxarırdı. Beləliklə, XVI yüzillik Osmanlı dövləti üçün işğallar və üsyanlar əsri oldu.
Əsrin əvvələrindən Anadoluda Səfəvi təşkilatlanması da öz sözünü deyirdi. Şahqulu Bəy üsyanı ilə başlayan hərəkat 1512-ci ildə Nur Əli Xəlifə üsyanı ilə davam etmişdi. Bu üsyanlar dövlətə içdən sosial bərabərsizlik zərbəsi vurmuş, iqtisadi-ictimai münasibətləri pozmuş, həmin dairələri xalqa qarşı radikallaşdırmış və gələcəkdə daha böyük etirazlara səbəb olmuşdur.
Cəlalilər kimlərdir?
Yuxarıda adı çəkilən üsyanların ardınca Anadoluda Sultan I Səlimin əmri ilə törədilən qətllərə və dözülməz idarəçiliyə qarşı daha bir üsyan baş qaldırdı. 1519-cu ildə Tokat ətrafında Yozqatlı Şeyx Cəlal öndərliyində başlanan etirazlara köçəri əşirətlər, şiə türkmənlər, dövlətin ağır vergilərindən cana gəlmiş yüzlərlə əkinçi ailələr də qoşulmuşdular. Həmin il üsyan az müddətdə qonşu əyalətlərə yayıldı və böyük şöhrət qazandı. Lakin Sultanın əmrində olan ordular 20 minə yaxın insanı qətl etdilər. Sağ qalanlar isə Səfəvi dövlətinə pənah aparmışdılar.
Şeyx Cəlal. Osmanlı mənbələrində Bozoxlu Şeyx Cəlal adlanan üsyançı Səfəvi tərəfdarı olan türkmənlərin yeni lideri idi. Yozqatda bir mağarada yaşayan şeyxin yanına şiə əhali, şeyxlər, xəlifələr gəlirdilər. Hətta onu “Mehdi-i dövran” adlandıranlar, həqiqətən Mehdi olduğuna inananlar da vardı. Bəzi qaynaqlarda isə adı Cəlal Şah kimi keçir. Baş vəzir Piri Paşanın Fərat kənarına səfərdən İstanbula qayıdışı, Anadoludakı siyasi boşluq Tokat ətrafında Cəlal Şahın ayaqlanmasına səbəb oldu. Mənbələrin yazdığına görə, ona əmri Şah İsmayıl vermiş və Anadolu qızılbaşlarından Cəlal Şaha dəstək üçün getmələrini xahiş etmişdi. O, ilk üsyana 4 min silahlı ilə başladı. Üzərinə gələn Rumeli bəylərbəyi Sədi Paşanı böyük yenilgiyə uğratdı. Şeyx Cəlalın şöhrəti Anadolunu da aşmışdı. Türkmənlər ona qoşulmaq üçün dəstə-dəstə Tokata gəlirdilər. Lakin sultanın əmri ilə Rumeli, Sivas və Qaraman bəylərbəyiləri öz orduları və arxadan dəstək üçün gələn yeniçərilərin köməyi ilə üsyançıları qılıncdan keçirdilər. On ildə ard-arda baş verən üsyanlar sarayı narahat edirdi. Şeyx Cəlalı yenmək o qədər çətin olmuşdu ki, paşaların qəlbinə qorxu salan bu adam sonrakı üsyanların da səbəbkarı adlanacaq və ümumilikdə bu üsyanlar Cəlali üsyanı adlanacaqdı.
Qələndər Şah Cəlali üsyanı
Cəlali hərəkatının davamı kimi qiymətləndirilən üsyanın rəhbəri Hacı Vəli Bektaşi soyundan olan Rəis-i Cəlali Şeyx Qələndər idi. Üsyan Sultan Süleymanın 1526-cı il Moxac səfəri zamanı baş verdi. Anadoluda yerli hakimlər insanları sıxışdırır, ağır vergilər, quldurluqlar, təriqət mənsubluğuna görə edamlar və s. həyata keçirirdilər. Bu da xalqı yeni bir üsyana sövq edirdi. Başlanğıcda üsyana 30 min silahlı qatıldı. İlk üzərlərinə gələn Anadolu Bəylərbəyi Bəhram Paşa idi ki, onu iki dəfə məğlub etdilər. Şan-şöhrəti artan Qələndərə Dulqədiroğulları əşirəti və Sipahi orduları da qoşuldular. Getdikcə böyüyən üsyanın qarşısını almaq üçün İbrahim Paşa əşirətlərə məktub göndərərək, dövlətə sadiq olarlarsa bağışlanacaqları, yenidən Timar sahibi olacaqları xəbəri göndərdi. Paşanın birbaşa hücuma keçməməsi və çəkindiyi daha bir səbəb isə yeniçərilərin Bektaşi ocağına bağlılığı və Qələndər Şah üzərinə deyil, sultan üzərinə yürüyəcəkləri ehtimalı idi. Lakin o, üsyanı içdən parçalaya bildi və öz nəzarətindəki ordusu ilə üsyanı qanla basdıra bildi. Lakin bu qələbə Anadoluda Osmanlı hakim dairələrinin xalqa qarşı olan zülmünün qarşısını almadı.
Qələndər Şah üsyanının bir özəlliyi də vardı ki, Cəlali üsyanları tarixində təriqəti önə sürərək ədalət tələb edən sonuncu böyük üsyan oldu. Bundan sonra kiçik Qələndəroğulları, Qarayazıçı üsyanları çıxsa da, dini tərəfkeşlik qabardılmadı.
Sonuncu Cəlali üsyanı
Sultan III Muradın Səfəvi (1578-1590) və Avstriyaya (1593-1606) hərbi səfərləri zamanı dövlət yetkililəri xalqa qarşı soyuq davranmış, tədbir alınmamış və ərazi əsgərləri qanunsuz olaraq kəndlidən vergilər almağa davam edirdilər. Bölük halında dəstələr yaranmış və xalqın malına, mülkünə ortaq olmağa başlamışdılar. Belə bir vəziyyət Sultan III Mehmetin dövründə də davam edirdi. Sultanın Macarıstana hərbi səfərə çıxması xalqı ona qarşı qəzəbləndirdi və əsgər gedənlər də geri döndülər. Anadoluda xalqdan maaşlarından qat-qat çox vergi, rüşvət alıb dolanan paşalar və hərbi qruplar da səfərdən yayındılar. Xəbər sultana yetişincə müharibədən çəkinənlərin siyahısını tələb etdi. 30 min fərari təsbit edildi. Sultanın üzərlərinə qoşun göndərəcəyini duyan silahlı dəstələr timar sahibləri bəylərin də yardımları ilə birləşdilər və hərəkətə keçdilər. Başlarına Qarayazıçı adlanan bir rəis təyin etdilər.
Qarayazıçı kim idi?
Yazıçı və Qarayazıçı adı ilə anılan bu şəxs, Həsən Hüsaməddinin “Amasiya Tarixi” əsərində yazdığına görə, Qılınclı əşirətindən Əlinin oğlu Əbdülhəlim idi. Erməni müəllif Arakel isə onun Çorumlu bir türk olduğunu yazır. Katib Çələbinin yazdığına görə, üsyan zamanı əsil adı Əbdülhəlim olan Qarayazıçı ləqəbli şəxs Sivasda sancaqbəyliyində köməkçi işinə baxırdı. Onun üsyançılara qoşulmasına səbəb Sivasda sancaqbəyliyinin ona deyil, başqa bir bəyə verilməsi idi.
O, əvvəllər imperatorluğun ucqar sərhədlərini qorumaq üçün təşkil olunmuş ordusunda görəvli olmuşdu. Şam, Hələb və Sivasda katib vəzifəsində işləmişdi. Sivas bəyinin Avstriya səfərinə qatılmaq üçün İstanbula getməsi üsyana başlamaq üçün bir boşluq yaratmışdı. Qarayazıçı, qardaşı Dəli Həsənlə Dulqədiroğullarının yerləşdiyi Maraşı, Sivas və ona bağlı əyalətləri ələ keçirmişdi. Qaraman bəylərbəyi Hüseyn Paşa, ona dəstək olaraq, şəxsinə verilmiş “üsyanı basdırmaq” əmrini heçə saymışdı.
Qarayazıçının rəhbərlik etdiyi Cəlali üsyanları iki dövrə bölünür: 1596-1603, 1604-1610-cu illər. 1699-cu ildən il yarım müddətinə Urfa qalasında yerləşən Qarayazıçını burda Şeyx-i Cəlali, Şah-i Cəlali elan etmişdilər. 1602-ci ilə kimi bir çox Bəylərbəyi qoşununu məğlub etmişdi. İstanbuldan göndərilən Sərdar Mehmet Paşa onu yumşaltmaq üçün Çorum sancağının açarlarını da təqdim etmişdi. Lakin son anda üzərinə göndərilən Sərdar Mehmet Paşanın öndərliyində nizami orduya məğlub olaraq, öldürüldü.
Bu üsyan Səfəvi dövlətinə də böyük töhfə vermişdi. Belə ki, Osmanlı imperatorluğu Anadoluda Cəlalilərlə mücadilə edərkən, Şah I Abbas 1603-cü ildən böyük yürüşlərə başlayaraq, Azərbaycanın Osmanlı tabeliyində olan vilayətlərini azad edirdi. Beləliklə, Azərbaycanda Səfəvilər güclənərkən Osmanlı İmperiyasında Cəlali fətrət dövrü başlanmışdı. Bəzi qaynaqlar isə Qarayazıçının səltənət iddiasında olmadığını, sırf sosial-iqtisadi böhrandan dolayı imperatorluğa qarşı çıxdığını iddia edir.
Dəli Həsən
Həsən Qarayazıçının kiçik qardaşıdır. Doğum tarixi və gənclik illəri haqqında məlumat yoxdur. Cəlali hərəkatı zamanı parlayan Həsənə xalq “dəli” yəni, qəhrəman adı vermişdi. Qardaşı öldürülüncə bir müddət Samsunda qalmış, sonra Cəlali hərəkatının başına keçmişdir. Rus müəllif Tveritinova yazır ki, Həsən özü də bir zamanlar Osmanlı ordusunda vəzifə sahibi və təşkilatlanmada təcrübəli olduğundan, ucqarlardan könüllü dəstələr toplaya bilirdi. Cəlali üsyanları tarixində ən güclü mübarizə onun dövründə baş vermişdi. İlk öncə Tokatda Sokolluzadə Xosrov Paşanı mühasirəyə alıb, xəzinəni ələ keçirdi. Daha sonra indiki Ankaraya qədər qoşun çəkmişdi. Onun üsyançıları Kütahyanı talan etdilər, vilayətə od vurdular. O dövrü ən mükəmməl araşdıran Mustafa Ağdağın yazdığına görə, baş vəzir Həsən Paşa dövlətin Avstriya xanədanı olan Habsburqlarla mübarizədəykən Dəli Həsən üzərinə qoşun göndərməkdən çəkinirdi. Eyni zamanda, ona vəzifə verməklə hərəkatı lidersiz buraxmaq istəyirdi. Bunun üçün Şahverdi bəyi Dəli Həsənin yanına göndərərək, sülh təklif etdi. Gəlib sarayda əfv diləsə, ona paşalıq vəzifəsi təklif edəcəklərini bildirdi. Dəli Həsən razı oldu və əvəzində 400 tərəfdarının dövlətdə müxtəlif vəzifələrə təyin ediləcəyinə zəmanət istədi. Sarayda bağışlanan Dəli Həsən Bosniya Bəylərbəyi təyin edildi. Rus müəllif Tveritinovanın yazdığına görə, Həsən burada da bir sıra edamlar, qarətlər törətmişdi. Osmanlı sarayının qəzəbinə tuş gəldikdən sonra Belqrada qaçdı. 1606-cı ildə orada Rumeli Bəylərbəyinin göndərdiyi cəlladlar tərəfindən tapılaraq, öldürüldü.
Dəli Həsəndən sonra Cəlali hərəkatlarına Qələndəroğulları, Əhməd Təvil və digər isimlər rəhbərlik etsələr də, xalq artıq ağır qurbanlar bahasına başa gələn bu uğursuz cəhdlərdən yorulmuşdu və dövlətin ordusunun hədəfindən yayınaraq, Səfəvilərə sığınmışdı.
Xalq Qəhrəmanı Koroğlu gerçəkdirmi?
Türk dünyası Rövşən Əli Koroğlu adlı şəxsi eyni adlı dastandan tanıyır və ortaq qəhrəman kimi qəbul edir. O, həm aşıq, həm də atasının qisasını almağa çalışan, nəhayətində bir igid Cəlali hərəkatçısı kimi təsvir olunur. Sevgi, təbiət və milli ruhda bir çox aşıq şeirlərinin müəllifidir.
Tarix isə mənbələrə dayanaraq Koroğlu haqqında fərqli məlumatlar üzə çıxarır. “Tarixdə Koroğlu kimdir? Belə bir şəxs olubmu?” - sualı yaranır.
Koroğlunun həyatına aid mütləq bir bilgi tarixdə yoxdur. Lakin onun haqqında ilk məlumat səyahətçi Övliya Çələbi “Səyahətnamə” əsərində verilib. Müəllifin yazdığından aydın olur ki, əvvəl yeniçəri ocaqlarında xidmət edən, saz-söz sahibi Koroğlu sonralar Bolu Bəyinin sarayında yaşamış, Səfəvilərlə döyüşə gedərkən saz çalar, əsgərləri cuşa gətirən, döyüşə səsləyən şeirlər deyərmiş.
Lakin digər Koroğlu isə XVII əsrdə yaşamış quldurdur, karvanları basar, qarət edərmiş.
Aleksandr Xodzkonun qeydlərində Koroğlu şimali Xorasandan gələn türk ailələrindən çıxmış qəhrəmandır. Azərbaycanda yaşayır, Xoydan Ərzuruma kimi uzanan ticarət yollarına nəzarət edirdi. Alimlər isə bu əsəri yetərli mənbə saymırlar. Çünki türkmənlərdən bəhs edən “Şəcərə-i Tərakimə” və “Şəcərə-i Türk” əsərlərində Koroğludan bəhs edilmir. Erməni müəllif Ağayan Koroğlunun erməni olduğunu, Təbrizli Arakel isə 1664-cü ildə tamamladığı kitabında Koroğlunu “Karx oğlı” adlandıraraq, tam bir türk Cəlali üsyançısı olaraq göstərmişdir. Türkiyə dövlət arxivlərində XVII əsrə aid səkkiz sənəd və P.N.Boratavın Koroğlu haqqında kiçik məlumatı saxlanılır. Daha sonra Faruk Sumer bu məqalə və səkkiz sənəd əsasında tədqiqatını paylaşaraq bildirmişdi ki, Koroğlu Gərədə elinin Söyük adlı bir kənddəndir. XVII əsrdə yaşamış, gəncliyində ətrafdakı evlərə basqın edər, qız və oğlanları qaçırır, haqq aldıqdan sonra azad edirmiş.
Tarixlə qarşılaşdırılanda dastanda hər hansı döyüş, üsyan, taxtdan salmaq, hakimiyyət dəyişikliyi istəyi görmürük. İ.P. Petruşevski “XV-XVI əsrlərdə Azərbaycanda feodal münasibətlərinin tarixinə dair oçerklər”ində məlumat verir ki, Koroğlu, ehtimal ki, qədim əfsanə qəhrəmanlarından birinin adını götürüb. Dastanda adı çəkilən Bolu Bəy 1335-1336-cı illərdə Anadolu bəyi olub və türk tarixində ilk və son Bolu bəydir. Koroğlunun onunla münasibəti olubsa, demək Koroğlu XIV əsrdə yaşayıb. Eyni zamanda, 1596-cı ildə başlanan Cəlali hərəkatı zamanı Osmanlı ordusu, hətta üsyançılar belə top-tüfənglə mübarizə apararkən, dastanda bu silahlardan söz edilmir. Halbuki, Azərbaycanda Koroğlunun tüfəng haqqında məşhur məsəli var. Tüfəng XV əsrin əvvəllərində icad edilib. Bolu bəy ilə münasibətləri də nəzərə alsaq, Koroğlunun XIV əsrdə yaşadığını, qocalığının isə XV əsrin əvvəllərinə - tüfəngin icadı dövrünə təsadüf etdiyini deyə bilərik. Övliya Çələbinin qeydləri və Petruşevskinin Cəlali üsyançısı Koroğlunun daha əvvəl yaşamış qəhrəman Koroğlunun adını götürməsi barədə şərhi burada yerini tapır.
Müasir dövrdə Koroğlu dastanı üzərində araşdırmalar güclənərkən, tarixi hadisələrin araşdırılması arxa plana keçib.
Sovet dövründə Koroğlu dastanı haqqında xeyli monoqrafiyalar, araşdırmalar yazılıb. Fəhlə-kəndli hökumətinin başbilənləri Koroğlunu türk qəhrəmanı olaraq deyil, türklərə qarşı savaşan, bərabərlik istəyən, xalqın aşağı sinfinin yanında olan azərbaycanlı kimi qiymətləndirirdi.
Beləliklə, Cəlali hərəkatları bir əsr boyunca Osmanlı sarayının yuxusunu qaçırmışdı. Tarixdə tam adı, qiyməti verilməmiş hərəkatlardan biridir. Kimi onları quldur, soyğunçu, kimi isə xalqın tərəfində olan mübariz kəsim olaraq qiymətləndirir. Hərəkatın əsr boyunca davam etməsi, tam olaraq məğlub edilməməsi Osmanlı dövlətinin Avropa səfərlərinə də bağlıdır. O dövrdə Avropada onların qarşısına çıxacaq güclü dövlət olmadığından, sultanların cahan hakimliyi istəyi ölkəni unutdurub, digər əraziləri zəbt etməyə sövq edirdi. Bu da xalqda böyük narazılıqlar yaratmışdı...(lent.az)
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024