Sənin Ələsgərin də mənimdir, mənim Ələsgərim də sənindir, amma bu ayrı Ələsgərdir- hamımızındır. İmkan olsa hissə-hissə oxu, axıracan oxu, mız qoymağa tələsmə, zamanı gözlə, qısmət olsa biz də görə bilsək bu işin sahibi 33 ildən sonra çıxacaq ortaya.
Azərbaycan ədəbiyyat cameəsi içərisindən çıxmış sözün sözünü deyən, sözün cövhərini emal edən, mənanın gizli qatlarına varan, sözdən cinas düzəldən, sözün ağalığını təqdim edən, sözün əlhəzrətliyini təsdiq edən, söz , söz birləşmələri, cümlələr, misralar, beytlər və bunlarla müvafiq əsərlər yaradan sözü sərrastcasına, sərrafcasına məhək daşına sürtüb öz əyarında göstərən yaradıcılr olmuşlar. Bunlardan biri də qüdrətli övliya ozanımız Dədə Ələsgərdir. O, yerdə yaşayıb -yaradan “göy adamı”dır. Fiziki baxımdan mövcud deyil. Ruhani- mənəvi baxımdan həmişə diridir. Onu diri saxlayan məhz “göy adamı” olmağıdır. Göy adamlarının səltənəti Mövlanənin təbirincə desək “gözləri yumulduqdan sonra üzə çıxır.”
Aşıq Ələsgər “Dədə” titulunu özü-özünə verməyib, təxəllüs kimi də götürməyib. Onun dədəliyi həm qırxlar məclisinin verdiyi titul, həm də xalqın dədələşdirdiyi dədəlikdir. Dədə Qorquddan sonra gələn türk tarixinin ən uca dədəlik zirvəsini fəth edən Dədə Ələsgərdir. Həzrətin(ə.s) müridi, “on iki şəyirdi”nin (adları pünhandır, sənət şəyirdləri isə bilinir) mürşidi olan həqiqət adamı- övliyadır.
Dədə Ələsgər yaradıcılığına nəzər saldıqda ilk sırada möhtəşəm şairlik, qüdrətli aşıqlıq, əzəmətli ozanlıq, ağsaqqallıq yollarının birləşdiyi övliyalıq-DƏDƏLİK zirvəsi günəş kimi aləmlər üzərinə parlayır. Onun yaradıcılığı materiyada mövcud olan gözümüzün gördüyü, ağlımızın kəsdiyi nəsnələrdən başqa insan təfəkkürünün üstündə olan, zəkasına sığışa bilməyən, var olub gözlə görünməyən çox predmetlərin qayəsini, mahiyyətini və mənasını təfsir edir. Bəzən əsərlərinə “aşıq”, “qul”, “dərviş”, “dəli” ”abdal”, ”binəva”, “xəstə” təxəllüslərilə möhür vurmuşdur. Bu məfhumların hər biri seyri -suluk yolunda ayrı-ayrı fərqli rütbələrdir.
-Aşiq-dünya eşqi vasitədir (Səhnəbanu), ilahi eşq məqsəd. Allah eşqilə yanan.
-Qul- Allah tam təslim olan. İradəsini Allah qarşısında yox edən.
-Dərviş- dünyaya “əlvida” deyən.
-Dəli- Allah eşqi ilə yaşayan sonsuz sevgi sahibi.
-Abdal-Dünyadan və nəfsindən uzaq, irfani sirr daşıyan qul.
-Binəva-Allah qarşısında qürurunu itirmiş eşq və mərhəmət yolçusu.
-Xəstə-Nəfsi zəif hidayət yolu açıq olan, ilahi reseptə möhtac.
Dədə Ələsgər poeziyası göstərdiyimiz məqamların mahiyyətinə uyğun batini mənalarla zəngindir. Ələsgər poeziyasının möhtəşəmliyinin əsas meyarı onun batini məna “yük”ü ilə xarakterizə oluna bilər. Zahiri mənalar asan duyulan, gözümüzün görüb, ağlımızın kəsdiyi təsvirlər üzərində qurulmuşdur. Bədii təsvir və ifadə vasitələri ilə tərtib olunmuş sadə poeziya nümunələri kimi görsənir. Fəqət Dədə Ələsgəri dədələşdirən sənətkarlıq həmin təsvir və ifadə vasitələrinin bətnində yer alan gizli irfani bilgilər üzərində dayanır. İrfanı duyğuların hopduğu Dədə Ələsgər yaradıcılığının dini tellərlə bağlılığı nəzər -nöqtəsində Zöhrə ulduzu kimi görünür. Bu işartının özü də kamil baxış bucağında aysberqə çevrilir. Misal olaraq “Sayılam məni “ rədifli təcnisini irfani və təsəvvüfi baxışlarda təhlil edək.
Başına döndüyüm, ay telli sənəm,
Qovma dərgahından sayılam məni.
Bu dərd ilə ölləm, mən dirilmərəm,
Çalıb zülfün kimi say ilan məni...
Zahiri baxışda Dədə Ələsgərin bir gözələ yalvarması, təvəqqe etməsi görünür ki; - Sayılam, (illik xərci illik qazancından çox olan kəs) məni qovma qapından. Saçlarının gözəlliyinə məftunam, əgər mənim olmasan mən öləcəm, dirilməyəcəm. Hətta dərdinin səbəbini də həmin gözəlin saçlarının onu ilan kimi çalması olduğunu göstərir. Təsəvüfi mənasını təhlil etsək öncə diqqətimizi “telli sənəm “ ifadəsi çəkəcək. “Telli sənəm” dedikdə Həqiqət Gözəlinə aşiq ruhunun ilahi cazibəsi nəzərdə tutulur. Buradakı cazibənin əsasını camalUllahın qəlbi oyadan nuru yaradır. Aşiq əvvəlcə zahiri gözəlliyin (hüsnü- suri) -maddi gözəldən mənəvi gözələ ucalmanın start xəttinə gəlir. Sonra isə batini (hüsnü mənavi) gözəlliyə bəsirəti açılır. Batini gözəllikdə Allah camalının təcəllisi qəlb gözü önündən itmir. Təsəvvüf terminlogiyasında “telli” zülmətə tel kimi işıq verən təcəlli, “sənəm” ruhani məhbubə obrazı kimi təfsir olunur. Yəni dolayı yolla “telli sənəm “dedikdə hər hansı qadın yox, sufinin könlünü nurlandıran həqiqət işığı başa düşülür. Xülasə, “ Başına döndüyüm a telli sənəm” dedikdə, “nur saçan ilahi gözəlliyə” xitab olunur. “Başına döndyüm” isə fani olmaq (fənai-fillah) mənasındadır. Deyilənləri ümumiləşdirsək irfan və sufi “dili”ndə Dədə Ələsgərin birinci misrasının mənası- “Ey nurani gözəllik sahibi, mən sənin camalında özümü, kimliyimi yox etdim.” Deməli, bu obraz sırf dünyəvi gözəl deyil- ilahi eşqin təcəlli formasıdır.
İkinci misrada yer alan “dərgah” sözü ərəb dilindən transfer olunmuş sözdür. Mənası “dər”(qapı, astana) və “gah” (yer, bəlli məkan) sözlərindən gəlir. Burada isə “dərgah” sözünün batini mənası rəmz kimi göstərilmişdir. Təsəvvüf ədəbiyyatlarında qəlb Allahın təcəlli etdiyi “dərgah” kimi qəbul edilir. Ariflərin “qəlbi dərgah eyləmək” ifadəsi də qəlbi təmizləməyə çağırış məqsədi daşıyır. “Dərgah” təsəvvüf lüğətlərində çoxmənalı sözdür. Həm zahiri, həm batini ehyama malikdir. Dədə Ələsgər yaradıcılığına batini baxışda bu söz “Haqq qapısı ”, “hüzur yeri ” kimi verilmişdir. Həqiqət yolunun yolçuları mürşidin mənəvi hüzurunu dərgah kimi qəbul edirlər. Onlar “dərgahdan qovulmaq” deyərkən- müridin elm və mərifət məclisindən məhrum olmasını nəzərdə tuturlar. Allah rəhmətinə qovuşub, nicat tapmağın yeganə yolu müridin üz tutduğu “dərgah”ıdır.
”Bu dərd ilə ölləm, mən dirilmərəm” misrasının zahiri mənasında insanın bir dərddən ölüb, bioloji varlıq kimi həyatını sonlandırmasından, fiziki cəhətdən yox olmasından gedir. Batinə yönəlik mənalarda isə “dərd” ilahi eşqin yanğısından alovlanmağa işarədir, “dərd” adi dünyəvi işlər üçün qəm- kədər deyil. Ələsgər yaradıcılığında “dərd” - eşq yanğısı, qəlbin Rəbbi üçün darıxmasıdır. Necə ki, bir yerdə deyib; - ”On bir aydır mənim üzüm gülmədi”. Burada “mərifət” məqamına çatmış salikin mənəvi halı təsvir olunur. Ariflərin təbirincə “dərdsiz adam ilahi yola girə bilməz.” Bu mənada Dədə Ələsgərin dediyi “bu dərd” – ilahi eşqə çatmaq üçün insanın iç dünyasının təlatümü, mənəvi sıxıntsı, pərişanlığı, nəfsinin tərbiyəsidir. “Bu dərd ilə ölləm mən dirilmərəm” deyən Aşıq Ələsgər nəfsani arzuları söndürməyi, təkəbbürün-eqonun sındırılmasını, mənlik pərdəsi içərisdində “mənəm- mənəmliyin” aradan qalxmasını nəzərdə tutur. Yəni, “bu dərdilə ölləm”- bu ilahi eşq yanğısı ilə nəfsim ölər ( “Şeytanı öldürə, nəfsin yandıra”).
“Dirilmərəm” dedikdə Dədə zahiri mənada xəstə olub axırda ölməyi, ariflər üçün isə kamil diriliyə çatmağa nail olmağı nəzərdə tutur. Ariflər insanın öz “mən”i ilə yaşamasını “nəfsani dirilik”, Allahla yaşamasını isə “bəqayi-billah” halı kimi dəyərləndirirlər. Dədə Ələsgər misrasındakı “dirilmərəm” ifadəsinin irfani mənası “nəfsani dirilik halına qayıtmaram”, “mənəmliklə yenidən yaşamaram” deməkdir. Yəni, sənin eşqinin alovu ilə nəfsimi yandıraram. “Qaf dağı”, “Simurq quşu” əfsanəsində olduğu kimi, yanıb kül olduqdan sonra öz külümdən yenidən yaranaram.
Üçüncü misranın təfsirinin intəhası budur ki, ilahi iradədən güc alıb nəfsimi öldürərəm, amma öz köhnə halıma qayıtmaram, artıq bundan sonra ölmüş nəfsimdən mənəvi doğuluşum başlayar. “Ölləm”(şivə) sözü Dədə Ələsgər dilinin batin ənənəsində belə şərh olunur ki, ölüm təsəvvüf məktəbi üçün fənadır, buna fənai-nəfs deyirlər. Dirilmək isə bəqadır- həmişəlik Allahla qalmaq. Saliklərin nəzinə görə insan öldükdən sonra da ruhən Allahla qalır. Dədə Ələsgərin bu misrasının irfani izahı;- “Bu eşqin dərdi məni nəfsimdən öldürdü, bir daha dünya mənliyilə heç vaxt dirilməyəcəm.”
“Çalıb zülfün kimi say ilan məni” ilk baxışda bu misrada poetik yük metafora tətbiqində canlanır. Müəllif dilbəri zülfünün(saçlarının) zəhərilə onu öldürəcək ilana bənzədir. Duyğu və təsvirin eyni qəlibdə olduğu güclü poetik tutumlu bu misranın içərisindən mənəvi yolçuluq yazısi olan bir zərf açılır. Bu yolçuluğun məntəqələri təkiyə, zaviə, sufi ocaqlarıdır. Onların terminologiyasında zülf -zikr edilən təsbeh kimi qavranılır. Həmin təsbehin zikri o qədər eşqlidir ki, yuxu yatmaq yada düşməz, eşq səni ağuşuna alıb aparar. Dünyadan kənara çıxırsan, ilan vuran yatar, eşq əhli yatmaz. Zikrin mənəvi -ilahi gözəlliyinin “şoxundan ciyəri yanar.”
Aşıq Ələsgər “hər elmdən halıyam”, “hər yanı görə”, “tamam sözü müəmmalı gərəkdir” deməklə malik olduğu helmi və elmi spektri göstərir.
Hər elm- cəmi elmlər toplusu.
Hər yan- konturlarını Allah kürsüsünün cızdığı yerin və göyün bütün istiqamətləri.
Tamam sözü müəmmalı- Quranın mütəşabih ayələrinin mahiyyətinə yönələn.
İndiyədək zahiri- dünyəvi əlamətlərlə, bəsit mənalarla təhlil olunmuş Dədə Ələsgər poeziyasının gücü ədəbi-bədii-dini-irfani-təsəvvüfi-fəlsəfi təhlillərin birgə aparılması zaman müfəssəlləşdiyi üçün bəzi məqamlara aydınlıq gətirmək istədik. Bu bəndin təhlilindən aşkar oldu ki, Ustadın yaradıcılığına hansı aspektdən təhlil materialı kimi baxılsa, bütün müstəvilərdə aktual və dərin mənalı görünəcək. Həmin mənaların bir neçəsini göstərək.
Zahiri- dünyəvi mənalar
Dini- irfani mənalar
Sufi -təsəvvüfi mənalar
Fəlsəfi-didaktik mənalar
Batini istiqamətlər və s.
Qeyd etmək lazımdır ki, Dədə Ələsgər yaradıcılığında sadalanan məna istiqamətləri Füzuli, Firdovsi, Hafiz, Nəsimi yaradıcılığı ilə ortaq xəttə söykənir.
Füzuli, Firdovsi, Hafiz Nəsimi,
Onlar da yazdığı ayə məndədir.
Hamsının yaradıcılıq mövzularının rişəsi eyni mənbədəndir. Sonsuz misallar göstərmək olar, amma bu istiqamət müqayisəli təhlili müəyyənləşdirən ayrı mövzunun mahiyyətinə bağlanır. Bəzi təhlilçilər desələr ki, Abbas Göyçəgöl Aşıq Ələsgər yaradıcılığını yalnız irfani və dini əsaslara bağlamağa çalışır, bilin ki, bu fikir kor və yanlış düşüncənin məhsuludur! Dədə Ələsgər yaradıcılığı “hər yanı görən”, “hər elmə halı olan” unikallığa xasdır, fitri istedad məhsuludur, cahanşumuldur, fövqəlşüurdur, monumentallığı yalnız öz polimentallığı ilə ölçülə bilər! Səciyyəvi, fərdi, fərqli yaradıcılıq özəlliyi ilə xarakterizə edilir. Bir sözlə məna aktuallığını və gerçəkliyini itirməyən bir neçə elmi müstəvidə təhlil oluna bilir və aktullığını da bütün müstəvilərdə qoruyub saxlayır. Fikrimizcə Dədə Ələsgər yaradıcılığının təhlili bütün istqamətlərdə- “hər yanda” aparılsa daha geniş diapozonda tanıya biləcəyimiz poeziya aləminə, müəllif istedadına bələd ola bilərik.
Yeri gəlmişkən bəlkə də heç Dədə Ələsgər Füzuli, Firdovsi, Hafiz, Nəsimi yazdığını nə oxumayıb, nə əzbərləməyib. Ola bilər ki, “qırxlar məclisi”ndə deyilsin, eşidilsin və müəyyən qədər yadda saxlanılsın. Amma bu cür qüdrətli söz ustadlarının yaradıcılığını eyni və dəqiq xətt üzərində təsvir edə bilmək sakrallığa və ruhaniyyətə bağlı bir işdir. Dədə Ələsgər yaradıcılılğını dini-irfani-təsəvvüfü baxımdan araşdırdıqca bu məsələni yəqin etmək olur.
Tarixən Rəbbin seçdiyi və kəramət sahibi etdiyi dədədlər, övliyalar, müəyyən dərəcə sahibləri olmuşdur. Füzuli, Firdovsi, Hafiz, Nəsimi kimi ulu söz-sənət adamlarının yaşadıqları həyat zaman və məkan baxımından fərqlidir, həm də bilavasitə təmas imkanları olmayıb. Əcaba, bəs bunların elmi- lədundan aldıqları bilikləri bir-birinə səhih şəkildə ötürmə vasitəsi və səbəbi nədir?
-Bioloji qanunauyğunluqlara görə irsiyyət əlamətləri nəsildən- nəsilə gen daşıyıcıları ilə ötrürlür. Hər genin də özünəməxsus kodu var. Bu kod itmir və minillər boyu nəsildən nəsilə ötrülür. Kodlar vasitəsilə daşınan əlamətlər biofiziki sistemlər üzərində araşdırılıb və təsdiqini tapıb. Fəqət Füzulinin, Nəsiminin, Firdovsinin, Hafizin, Dədə Ələsgərin təvəllüdlərinə və həyat məziyyətlərinə, elmlərinə, dünya görüşlərinə fikir versək görərik ki, onlar eyni xəttin davamçılarıdırlar, eyni dərsdən təlimləniblər, sinələrinə eyni ”eşqin şirin çeşməsi”ni toplayıblar. Maraqlıdır, deyilmi? Deməli, bioloji-cismani kodlar genlər üzərinə yazılıb dəyişmədiyi kimi, ruhani kodlar da ola bilər ki, ruhun daşıyıcılarına təsbit olsun, dəyişməz qalsın. Bir insan dünyadan köçdükdə həmin kutsal ruh başqa bir cana üfürülüb yenidən zühr edə bilər və bu mövludla elmi lədundan götürülmüş eyni informasiyanın daşıyıcısı olar. Qırxlar məclisininn 17 qadın, 23 kişi üzvü kimi. Bir- birinlə təmasda olmadan hamısı eyni sirrlərin daşıyıcısı olublar, xəbərləşmədən eyni zamanda və məkanda ünsiyət qura biliblər. Onların sirrini yalnız mərhəmləri biliblər. Bu mərhəmlik şəriət risalələrindəkindən fərqlidir.
“Nəqa nə mindi” rədifli təcnisi haqda xeyli təhlillər aparılaraq məqbul hesab edilən, edilməyən fikirlər söylənmişdir. İndi isə “ayaqqabılarımızı çıxaraq”, ehtiyatla Dədə Ələsgər aləminə“Nəqa nə mindi” qapısından varid olaq. Necə ki, Həzrəti Musaya Yaradan tərəfdən əmr gəlmişdi ki;- müqəddəs Tuva adasındasan nəleynlərini çıxar!
İbtida xəlq oldu külli-kainat,
İnsan nəqa mindi, nəqa nə mindi?
Gözlərin canıma salıbdı afat,
Pеykan kirpiklərin nə qana mindi?
Birinci misrada bütün kainatın ilkin xəlq olunmasının “ol” deyənin əmrindən sonra baş verməsi qeyd edilmişdir . Bu məna özü zahiridir, dəqiqdir, düzgündür və rahat başa düşüləndir. Quranımızda eyni fikri ehtiva edən ayələrimiz də mövcuddur. Bu aspekt öz yerində aktuallığını hər zaman qoruyur.
“İbtida xəlq oldu külli-kainat”- misrası Dədə Ələsgərin ustadı Dədə Alıda da var. İndi məsələ budur ki, külli- kainat deyəndə dədələr nəyi nəzərdə tutur, yalnız materiyanımı? -Xeyr. Külli- kainatın ibtidası maddə ilə deyil, İlahi nurun təcəllisi ilə gerçəkləşib. Yəni hər şey bir mənbədən, bir Vahiddən, bir Həqiqətdən doğulub. Varlıq aləminin hamısı ilahi təcəllanın ayrı-ayrı şəkilləridir. Vəhdəti- vücud, vəhdəti- mövcud nəzəriyyəsinin əsaslandığı nurdan yaranmış olan başlanğıcın vəhdəti. Yerlərdə, göylərdə və bunların arasında olanlar, bir kürsi içərisində çəmləşib on səkkiz min aləmi təşkil edənlərin cəmi. Yerlər, göylər və cümlə məxluq (“Cümlə məxluq yemədilər doydular”). Fiziki cisimlərdən başqa mənəvi aləm, insanlar, heyvanlar, bitkilər, ənsar(anasır) aləmi, aləmül- ərvah, mələkut, aləmi-ləhut,aləmi- cəbərut ,cənnət,( hüri-qılmanlar, cinlər, fərşilər, pərilər və “sirr görüb, aşkar sirr qalınan”lar), cəhənnəm. Bir cümlədə aləmləri birləşdirməyin mahiyyəti əsərin süjet xəttini təşkil edir. Məna təfsiri baxımından təhlilçilər arsında təzadlı fikirlər formalaşdıran ikinci misranın mahiyyəti birinci misranın qayəsinə bağlanır. İkinci misrada ustad insanı külli kainatın bir predmeti kimi ayrıca təfsir edir. Əvvəla insan kosmosu fəth etdikcə sonsuz göylərdə sonsuz dəlillər tapdığı kimi, elə insanın özü də bir “kosmos”dur. Kosmosdan baxdıqda insan özü də bir sonsuz sirrdir, sonsuz göylər kimi idrak olunur. Necə ki, Nəsimi buyururdu;
Gah çıxıram göy üzünə, seyr edirəm aləmi,
Gah enirəm yer üzünə, seyr edir aləm məni.
Ariflər insan varlığını sonsuz qalaktika qədər böyük ölçüyə malik olan ilahi nurun bir parçası kimi qəbul edirlər. İkinci misrada Aşıq Ələsgər qeyd edir ki, “ İnsan nəqa mindi, nəqa nə mindi?”. Lüğəti tərcümədə də, tədqiqatçıların təhlillərində də “nəqa” sözü dəvə kimi izah edilən doğru yanaşmadır. Bu doğrluğun içərisində Dədə Ələsgərin söz cələsinə düşürük, söz oyunu burada başlayır. “Tamam sözü müəmmalı gərəkdir” deyimindəki müəmma ruzigarı bu misrada sürətlənir. Dədə Ələsgərin yaşayıb, yaratdığı Göyçə mühitində “nəqa” kəliməsi demək olar ki, işlənmirdi. Dəvə, maya bilinən bu məfhum niyə bəs Dədə Ələsgər dilində çönüb “nəqa” oldu?! Belə poetik bir ustalıq fəndini Dədə Ələsgərdən məharətli işlədən ikinci bir söz ustadına rast gəlinmir. Ələsgər Dədə “Nəqa”nı buraya qoymaqla bir suala min cavab verir. Dəvə də, maya da, nəqa da iki hecalı sözdür niyə məhz “nəqa” dedi ? Seçim yalnız Ələsgər dilinin möhtəşəm tərzinə müvafiqdir. Bu yerdə;
“Bəli”, - deyib yol-ərkana gəlmişəm,
Nəqş olub sinəmdə eşqin kitabı.
Çeşmi-nübüvvətə aşiq olmuşam,
Bir suala verrəm yüz min cavabı.
“Yüz min cavab vermək” üçün söz göndərmələri, məğz keçidləri, mənalar arası körpülər salınmalıdır. Bu “inşaat” işi yalnız “nəqa” ilə mümkün olur. “Dəvə”, “maya” desəydi bu iş alınmırdı. Bu manevrlə Ələsgər Dədədmiz bizi salır ümmana, üzə bilsən “üz ha üz”.
Bəlağətdə “nəqa minmək”- dəvəyə minmək kimi başa düşülür. Təsəvvüf terminologiyasında isə “nəqa minmək” rəmzi-irfani məna kəsb edir. Könül və nəfsin cilovlanmış halı ilə mənəvi səfər miniyi deməkdir. Gördüyümüz dəvəyə minməkdən tamamilə fərqlidir. Bu söz klassik sufi poeziyasında, o cümlədən Nəsimi, Füzuli və Hafizdə də çox işlənib. Aşıq irfanında Dədə Ələsgər də işlədib. Sufi-dərviş cərəyanında “minmək” hər zaman özünü islah etmək, nəfs üzərində hakimiyyət qurub, ondan üstün olmaq mənasındadır. İnsan özünə məxsus olanı minə bilər. Dəvəni və digər minik cinslərini Quran fəlsəfəsinə görə Allah c.c insan üçün ram etmişdir ki, faydalansınlar. Nəfsi ram edib, minərək seyri-suluk yoluna süvar olmaq təqvaya, ixlasa, tofiqə bağlı olan yolçulqdur, insanın öz öhdəsindədir, öz seçim yoludur”(Həl əta surəsi üçüncü ayə”). Bir sözlə, “Nəqa minməklə” salik öz nəfsini ram edərək, mənəviyyat səfərinə çıxır.
Bəzi təhlilçilər nəqa minməyi günah dəvəsinə minmək kimi izah edirlər, bir iddəsi müəyyən hədislərlə (İbrahim ə.s.?) əlaqələndirirlər ki, məntiqlə bu izahlarda da uyğunluq əks oluna bilir. Yekunda qeyd edək ki, “nəqa minmək” nəfsin gücünü irfani yol üçün vasitəyə çevirməkdir. Nəfsin yeddi növünü göstərmişlər. Digər təfsirçilərin qeyd etdiyi günah dəvəsinə minmək nəfsi əmmarəni tutur, Dədə Ələsgərin dediyi isə qalan altı növə uyğundur.
1.Əmmarə -pisliyə sürükləyən
2.Ləvvamə -vicdanı oyanan
3.Mülhəmə -ilhamlanan
4. Mutmainə -sakitlik tapan
5.Raziyə - razı olan
6.Mərziyə -Allahın razı qaldığı
7.Kamil- kamal zirvəsi.
Kitablarda “nəqa nə mindi?” sual işarəsi ilə verilib, insan nəqanı mindi, bəs nəqa nəyi mindi? Burada söhbət dəvənin nəyisə minməyindən yox, təsəvvüf alimlərinin göstərdiyi kimi “nəqanəm”dən- indi “nəfsimi cilovlamışam, artıq mən onu idarə edirəm”dən gedir. İrfani izahda isə Dədə Əlsəgər “nəqanəm” deməklə belə bir mənzərə yaradır. Mən mənəvi səfərə çıxmışam, nəfsimi cilovlamışam, artıq nəfs mənim miniyimdir, Həqiqət yoluna düşüncəm və qəlbimlə gedirəm və ora çatmışam, “həqiqətdə iki gözəl sevmişəm.” Bu məna mənəviyyat yolçusunun iç aləmində nəfs üzərində qələbəsini, özünə hakimiyyəti, mənəvi yetkinliyi təmin etməsi anlamına gəlir. Deməli, “nəqa nə mindi” ilə söz fırtınasının burulğanına düşürük. Sözlərimiz əssahdır, amma “nəqa nə mindi?”nin digər mənaları da var, daha çox sualların cavabı kimi işlənə bilər. Aşağıdakı digər mənalarda da Dədə Ələsgərin söz xəzinəsinin inciləri zahir olur və ayrı-ayrılıqda fəlsəfi mahiyyət saxlanılır. Bizi müşgülə salan əsas amil Dədə Ələsgər yaradıcılığının ağız ədəbiyyatı olmasıdır. Öz əli ilə yazılmış olsaydı, konkret bir nöqtədə dayana bilməyimiz asan olardı. Fəqət təsəvvüf terminlərində aşağıdaki sözlərin hamısı var, hansını Dədə Ələsgər şeirinə yapışdırıb təhlil etsək məntiqli olacaq. Yazı tərzi ilə ifadə tərzi fərqli olduğundan bu sözlərin hansını konkret işlədib dəqiq bilinmir, müəmmalı qalır.
nəqa nə mindi- nəqa neçə mindi
nəqanəm indi- indi nəfsimi mən minmişəm
nəqamindi - nəfsinə uyan, nəfsin miniyi kimi davranan insan.
nəqanəmin -dəvəyə minən
nəqanə mindi- dəvənin üstündə olan, nəfsin daşıyıcısı halında
nəqam indi- peyğəmbərlərin heyrət məqamı
nəqanə min di- Di dəvəyə min
nəqamindi -ruhani kamillik mərhələsinə çatan(kişi)
nəqamin-simvolik ilahi nura asılmış qəlb
nəqanəmin-intiqamını unutmayan
nəqamin -dünya dili dürüst adam.
Göründüyü kimi bu iki sözdə səslər eyni, mənalar fərqli olmasına rəğmən təşbeh də, təşdid də, təcnis də, təhkim də vardır. Bu tərz hər şairin girə bildiyi kol deyil, ədəbiyyatda nadir rast gəlinən Dədə Ələsgər yaradıcılığının səciyyəvi əlamətlərindən biridir. Göstərilən iki fərqli məfhumda ciddi nitqi yaxınlıq var, habelə eyni səs ardıcıllığından təşkil olunmasına baxmayaraq, müxtəlif mənalar ehtiva edir. Eyni cür səslənir müxtəlif cür gerçək yozula bilir və bu ehyamdır. Ehyamla bərabər məcazın və müəmmanın da bir misra içərisində yer alması barizləşir. Hələ üstəgəl “Adiyat” surəsindəki “nəqa”nı buraya əlavə etsək təfsir ayrı yola düzəlir, fəlsəfi dəyər də pozulmur.
"Məcazi-danışa, məcazi gülə Tamam sözü müəmmalı gərəkdir."
deyimi Dədə Ələsgərin söz körpüsünün inşaat üslubudur. Maraqlıdır ki, şeirin süjet xəttini göstərilən mənaların hansına bağlayıb təfsir etsək özünü doğruldan gerçək fəlsəfi nəticələr alınacaq.
Üçüncü misrada “Gözlərin salıbdı canıma afat” deyilərkən zahirən elə anlaşılır ki, Aşıq Ələsgər məhəbbətinə tuş gəlmiş bir xanımın gözlərinin gözəlliyi şairi o qədər məftun edib ki, o gözlərə vurulub və bu vurğunluqdan yaranan sevgi, məhəbbət şairin canını rahat buraxmır, onun sağlamlığında müşgül yaradır, necə deyərlər, Dədəmizi mərizə çevirib. Bu təsviri istədiyimiz qədər bəzəyə də bilərik, xətalı yanaşma deyil. İş burasındadır ki, yalnız bu cür yanaşma əsas götürülsə qeyri- məqbuldur, dünyəvi yanaşmadır, bəsit baxışdır. Dədə Ələsgər yaradıcılığının ruhunu tam ifadə etmir. Kişi min elmi bir əsərinə sığışdırdığı halda, biz onu bir elm xətti üzərində təhlil etsək, israrla da ayri məna yoxdur desək, yaxud da dini irfani, təsəvvüfi məqamlardan təcrid etsək, bu yanlış olar və Ustadın ruhunu da bizdən incik salar. O səbəbə görə də “Gözlərin salıbdı canıma afat” misrasının təsəvvüf və irfan terminologiyası çərçivəsində şərhinə baxaq.
“Ağıldan kəm, huşdan çaşqın, dildən küt,
Naqabil, kəlməsi bisəmər mənəm.”...
Bu boyda elmlə Dədə Ələsgər özünə belə yanaşırdısa, görəsən mən niyə bu başla özümdən razı olmalıyam!? Heç özümə bu sualı verməmişdim, amma çalışıb cavabını tapacam!
“Gözlərin salıbdır canıma afat” misrasında “Bu bir müəmmadır, ariflər qanar”ı unutmamalıyıq.
Qeyd etdiyimiz kimi bu misra zahirdə eşqin cazibəsini bildirir. Batini mənasında isə ilahi gözəlliyin (Cəmal sifətinin) aşiqin könlünə təsiri canlanır. Təsəvvüfdə “göz” çox vaxt Haqqın təcəllisi, “afat” isə eşqin dağıdıcı–yaradıcı odu mənasında işlənir. “Gözlərin” - Cəmal təcəllisi, “göz” -gözəlliyin rəmzidir. Yəni, incə məqama fikir verək, tək “göz” bir cürə, “gözlər” isə tamam başqa cür başa düşülür. Burada Dədə Ələsgərin qeyd etdiyi göz məşuqun gözü (zahiri eşq) kimi də qavranılsa düzdür, Haqqın gözəllik təcəllisi (batini eşq) kimi qavranılsa da düzdür.
Məşuqun gözündəki nur, baxışdakı cazibə könülü oyadır, nəfsi yandırır (şeytanı öldürə nəfsin yandıra), aşığı özündən keçirir. Bu göz bizim bildiyimiz anatomik orqan deyil, mənanın göründüyü bir pəncərədir. “Salıbdı canıma” söz birləşməsi təsəvvüfdə İlahi eşqin qəlbə düşməsi kimi başa düşülür. Aşıq Ələsgərin könlünə İlahidən gələn iç nurunun düşməsindən batini halın əmələ gəlməsi deyilir. Yəni aşıq bu sözlərilə ruhani bir hal yaşadığını, onun iç dünyasının dəyişdiyini deyir.
“Afat” sözünün zahiri mənası “bəla, zərər” olsa da, təsəvvüfdə Dədə Ələsgər elə mənəvi hala düşdüyünü izah edir ki, İlahi eşqin odu ilə həm yanır, həm də təmizlənir. Aşıq maddi mənalarda “ölür”, lakin ruhani həyatda dirilir. “Afat” burada Haqqın cəzbəsi, eşqin şiddəti, fənaya aparan od kimi göstərilir. Sufilərdə belə bir deyim var: -Eşqin afatı insanı nəfsdən azad edir. Bu misrada “afat” -gözəlliyin təsiri ilə müəllifin daxildə yaşadığı ilahi eşq yanğısıdır.
Dədə Ələsgərin “Gözlərin salıbdı canıma afat “ misranın ümumi irfani mənası belə çıxır: “Sənin gözündə təcəlli edən gözəllik qəlbimə elə bir ilahi od salıb ki, mən artıq əvvəlki halımda deyiləm, eşqin mənə həm bəla oldu, həm də nicat.” Bu misra təsəvvüf alimləri tərəfindən eşqin fənaya aparan qüdrəti, irfanda isə ilahi gözəlliyin təsiri ilə ruhun təmizlənməsi kimi şərh olunur.
Dördüncü “Peykan kirpiklərin nə qana mindi” misrasındaki ifadələr yuxarıda göstərdiklərimizin davamı olaraq zahirdə gözəlliyin təsviridir, batində isə eşqin ox kimi batmasını, Haqq cəzbəsinin şiddətli olmasını mənalandırılır. “Peykan” –oxun, nizənin ucu deməkdir, təsəvvüfi baxışlarda könüldə yara açan təcəlli mənasındadır. Klassik təsəvvüf poeziyasında haqq eşqinin insana təsiri nəticəsində alınan ilahi gözəlliyin zərbəsi kimi təsvir olunur ki, bu da Allahın Cəmal sifətinin təcəllası anlamını ehtiva edir. İlahi gözəllik sadəcə sevilmir, yaralayır, “nəfs divarını deşib keçən ox”a çevrilir.
Əziz oxucular, burada bir haşıyə çıxım. İnsan ömrünü “insani eşqi”, ”liahi eşqi” və s. kimi əşəqələrlə yaşayır. Eşq artdıqca ağırlaşır, sındırır, yaralayır, bir afət törədir. İnsanın insana olan eşq ehtirası hər hansı ünsiyyətdə azala, zəifləyə, sönə bilir çün ki, o əlçatandır. Amma ilahi eşq yolu sonu bilinməyən yoldur və əlçatan deyil, get-gedə ehtirası şiddətlənir. Bu zaman mütləq şiddət yaranır, insan bu şiddət içərisində Allah qarşısında sınmaqla daha böyük məqama çatır. Yəni, insani eşqin bədəli ünsiyyətdə, İlahi- sınmayan eşqin bədəli isə yüksək dərəcələrdədir ki, bunun ləzzəti, feyzi dil ilə ifadə oluna bilməz. Bu hal Dədə Ələsgərin seyri- suluk yolunda düşdüyü halların eynisidir. Hal məsələsi isə ayrı böyük bir bəhsdir, ona toxunmağa gərək yoxdur.
“Kirpiklərin”-nazlı zülflərin ilahi cazibəsi Dədə Ələsgəri kəməndə salan mənəvi vasitədir. Qapının üzərindən bəzən qoruyucu pərdə asırıq. Kirpiklər dəburada həmin pərdə kimi nəzərdə tutulur, sufilər onu gözəllik qapısının pərdəsi kimi qeyd edirlər. Gözəllik burada da Haqqın ən incə təcəllası kimi təfsirləndirlir. Fəqət kirpiyin ox olması kimi deyilməsində də bir məqam vardır. Oxu qalxanla qaytarmaq olur, bu zaman sağlıq qoruna bilir. Buradakı “ox”un (eşq oxu) dəyməsindən aşıq qoruna bilmir, müqavimət göstərə bilmir. İlahi eşq aşıqı o qədər güclə özünə tərəf çəkir ki, hədəfdən yayınmq mümkün deyil, mütləq “yaralanmaq” var.
“Nə qana mindi” -zahiri mənada gözəlin kirpikləri o qədər iti, o qədər ox kimidir ki, “yaralayır” qəlbin qapısını ilahi eşqə bir az da “geniş açır”, “qan çıxarır”. Cərrah əməliiyat zamanı yaranı genişləndirməsi kimi. “Qan” təsəvvüf terminlərində “nəfsin ölümü”, “qəlbin dirilməsi”dir. Eşq oxunun vurması ilə könülün fəth edilməsinə yönəlir.
İrfani mənada isə, kirpik ox olub aşığın qəlbinə batıb, “könül aləmində “yara açıb”, nəticədə əvvəlki mənəvi statusdan çıxarıb. Bu, təsəvvüfdə fənaya aparan zərbə, ilahi eşqin ilk vurmasıdır. Belə insanlara el arasında dəli kimi də baxıblar çox vaxt.
Mənəvi statusu dəyişən bu amilə sufilər “təqrir zərbəsi” deyirlər. Oyandıran ilk mənəvi “budilnik” sarsıntısı. Misranın irfani mənası belə şərh etmək olar. “Sənin kirpiklərinin ox kimi təcəllisi mənəvi halımı dağıtdı. Nəfsimi öldürdü, könlümü oyandırdı. Sənin eşqinin vurduğu bu yara mənə ölüm deyil, dirilik verdi.” Dədə Ələsgər öz mənəvi halını bizə bu cür çatdırır. Hələ bu harasıdır!? Allahın Cəmal təcəllisinin (gözlərin) cazibəsinin Dədə Ələsgərin qəlbinə afat kimi od saldığını, bu odun içərisində kamana qoyulan kirpik oxları isə qəlbi yaralayıb onu fənaya doğru apardığını irfani yolla izhar edir ki, bu eşq onu bəlaya salıb. Bu bəla bizim bildiyimiz bəla deyil, eşqin qurtuluş bəlasıdır.
Əziz oxucum, başlıqda 33+ işarəsi qoyulub. İlk baxışda ayrı məna başa düşdüyünü etiraz edə bilməzsən. Amma Dədə Əlsgər mənası kəsrətdə izah oluna bilməz, onu yalnız ariflər hər üzündən analaya bilər. Çalışdım ki, ixtisasım olmasa da mütaliələrim nəticəsində aldığım biliklərin Dədə Ələsgər yaradıcılığının ululuğunu öz beyni içərisindəcə təsəvvür edənlərə şablon mənalarla bir şey çatdıra bilim.
Aşıq Ələsgər yaradıcılığı inkişaf etmiş təfəkkür və idrak içərisində bir neçə yöndən gözəl görünür. Gözəllərin özü kimi. Amma dağda, çiçəkdə, gözəllərin lalə yanaqlarında, bal dodaqlarında, əmilən məmələrində görünənlər də düzdür, o da gözəldir. Bunlar yerdə olanlardır.
Dədə Ələsgər həm də sonsuz göylərdə lahut aləmində, aləmlər işərisində yer alıb. Mən də onu yerdən çox göydə tapıram. Yer kürəsi həvai nəfslə dolu olduğu üçün, yerım dar olduğuna görə göydə axtarıb tapıram və daha gözəldir. Dədə Əlsgəri həddi buluğa çatdıqdan sonra bir neçə yöndən başa düşmək olur. Həddi buluq deyəndə sən 12-15 yaş arasını nəzərdə tutursan, yəni, özünü qanmağa, tanımağa başladığı dövrü. Mən də elə oxumuşam bioloji cəhətdən də elədir- həkiməm. Amma nə demək olar ki, mən həddi-buluq yaşını 65 yaşdan sonra nəzərdə tuturam. Çünki, insanın nəyi varsa o yaşdan sonra daha yaxşı dərk edir. Özünü daha yaxşı tanıyır. Ələsgər Dədəni tanımağa tələsmək lazım deyıl.
Abbas Göyçəgöl
Tibb üzrə fəlsəfə doktoru
"Dədə Ələsgər ocağı" İctimai Birliyinin nəzdində "Dədə Ələsgər irsinin tədqiqi və təbliği mərkəzi"nin,
"Qələbə Tibb Mərkəzi" MMC-nin direktoru.
AAB -nin üzvü.
Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026Ayrı salınmış xalqın yaralarına əlac edən həkim
28.12.2025“Vedibasar mahalı” filminin təqdimatı keçirilib
27.12.2025Yusif Nəğməkar yaradıcılığında Ələsgər reallığı
27.12.2025XATİRƏLƏRDƏ YAŞAYAN ƏLİ MÜƏLLİM
27.12.2025Bu gün Qarabağın Fatehi Prezident İlham Əliyevin doğum günüdür
24.12.2025Azərbaycanlı alimin beynəlxalq konfransda çıxışı maraqla qaşılanıb
22.12.2025“SƏN MƏNİM CANIMIN İXTİYARISAN”
22.12.2025Professor İbadulla Ağayevin 75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib
17.12.2025Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
17.12.2025Qərbi Azərbaycanın Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kənd tam orta məktəbinin 100 illiyi qeyd olunub.
16.12.2025Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri 12 dekabr müstəqil Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda məzarını ziyarət ediblər.
12.12.2025“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı olub
10.12.2025Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"
10.12.2025Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda ənənəvi III beynəlxalq konfrans keçirilib.
05.12.2025Qubada QHT-lər arasında koordinasiya və birgə fəaliyyət razılaşdırıldı
05.12.2025TƏŞƏKKÜRNAMƏ
05.12.2025Laçınım, Laçınım, gözəl Laçınım!..
02.12.2025Rüstəm Dastanoğlu – 65
02.12.2025Deputat: Xalisa kəndi və bütün Qərbi Azərbaycan 37 ildir azərbaycanlılarsız qalıb.
İkisindən iki... Mənim Dədəm 33+
29.11.2025Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir - Qalib Qasımov.
19.11.2025İNSAN QALMAQ SƏNƏTİ Abbas Göyçəgölün şeirlərinə baxış
13.11.2025“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB.
30.10.2025Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"
14.10.2025"Qaraqoyunlular Dəniz xandan törəyənlərdir" - Qərbi Azərbaycan Xronikası
23.09.2025“Pəmbək mahalı İkinci Dünya Savaşında” kitabının təqdimat mərasimi keçirilib.
22.07.2025Leyla Əliyevanın doğum günüdür
RƏSULLU ŞƏHİDLƏRİ
03.07.2025İslam Ələsgərli – 100
23.06.2025Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub
20.06.2025Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi
18.06.2025BİR SÖZÜN SEMANTİKASI VƏ YA “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”
11.06.2025QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.
11.06.2025Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib
04.06.2025“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib
02.06.2025Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"
26.05.2025Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
22.05.2025Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH
10.05.2025ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib
08.05.2025İkinci Dünya savaşında Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında
07.05.2025Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.
06.05.2025Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...
26.04.2025Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.
24.04.2025Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!
01.04.2025Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi
31.03.2025Kəlbəcərdə "Novruz" adətləri
19.03.2025Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub
18.03.202517 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.
17.03.2025