Lələk kimi havada süzən xırda məxluqlar əvvəl min idi, sonra milyon oldular. Onu dövrəyə alanda hər şey kül rəngi aldı. Üzünə hava dəyəndə udqunmaq istədi, nəfəsi çatmadı.
Ürəyi darıxmaq istədi, baxdı ki, ürəyi döyünmür. Əl atdı ki, “lələklər”i aralasın, əlləri lələyi yardı, amma qıl da tərpənmədi. Bircə onu bildi ki, yellənir. “Harasa aparırlar məni” – yelçəkən havasızlıqda yırğalanırdı. Lələklər onu iri tağlı girişin ağzında yerə buraxanda ayağı dizədək külə girdi. Dəstə-dəstə dövrə vuran parabüzənlər dayanmadan kül səpirdi onun başına. Müvazinətini zorla saxlayıb göydə günəşi axtardı. Qara-qırmızıydı göyün buludları. Qübbəsinin hündürlüyü on beş metr ancaq olardı... Tək deyildi burada. Bir qədər aralıda bədəni mis rəngi almış adamlar dayanmadan iri kül təpəsinin başına fırlanırdı. O qədər çox idilər ki, iynə atsaydın yerə düşməzdi. Səs-səmir deyilən şey duyulmurdu. Qələbəliyə doğru ilk ürkək addımını atdı. Yüz səkkiz nəfər dalbadal keçdi onun içindən. Donub yerində qaldı. Yüz səkkizi nədən bildiyini özü də anlamadı, amma əmin idi ki, məhz yüz səkkiz nəfər idi onu yaran. Özünü tunel girişi kimi hiss elədi. İndi onun da ağ bədəni mis rəngi almışdı. Gözünü qıyaraq adamların bədənini yara-yara yeganə fərqli rəngdə sayrışan işığa və tək səsə sarı dümdüz irəlilədi. İnsan selinin arasından bu səs aydın eşidilirdi və tərəfdən gəlirdi, – “Ərafın ən dadlı içkisi buradadır, tələsin!”... Kafenin reklam işığıymış və qapının ağzında müştəri səsləyən cavan bir zənci imiş. Zəncinin gözləri küldən qan çanağına dönmüşdü. “Bura haradır?” – özünü zorladı ki, söz soruşsun, amma çifayda, səsi çıxmadı. Geri dönmək istəyəndə, – “Ərafdasan, ölülər şəhərində”... Dərisi səyriyəndə üst-başından kül kəssəkləri töküldü, – “Mən nə vaxt tərlədim!?” – vahimədəydi. Ehmalca əlini kafenin qapısına atdı. “İçkilər, içkilər!” – öz işindəydi mis rənginə bürünmüş qara zənci. Qapını aralayıb içəri keçdi. Tüstüdən göz-gözü görmürdü. Yanmış mixək və nanə qoxusu içərini bürümüşdü. Əsl gecə klubuydu bura, amma salonda siqaret çəkən yox idi. Ətrafa göz gəzdirəndə divarın alt dəliklərindən içəri vurulan tüstü diqqətini çəkdi. Tüstü ağır idi və xirtdəyədək qat-qat sürünürdü. Bir qadın-bir kişi əl-ələ tutub tüstünün ağuşunda rəqs edirdilər. Cütlüklər rəqsdən yorulanda vəcdə gəlir və birdən məst olub yerə sərilirdilər.
Susuzluqdan dili ağzında yanırdı. Piştaxtaya yaxınlaşdı. Amma nə cibi vardı, nə də pulu. Çıxışa doğru geri dönəndə, – “Oğlan, mən səni içkiyə qonaq edərəm”... – qadın səsinə döndü. Nə arxasında, nə də salonda ona sarı baxan, diqqətçəkən biri yox idi. Hamı səssiz ağ-qara filmdəki kimi lal-kar əylənirdi. “Bəlkə heç məni demir”... – tərəddüd içində piştaxtaya qayıtdı. İçki paylayan cavan oğlan dolu bardağı onun qabağına itələdi. “Kimdir mənə içki ismarlayan?” – bardaqdan içkinin tüstüsü aşıb daşırdı. Bir qurtum alıb ətrafa göz gəzdirdi. Milçək uçsaydı vızıltısı eşidilərdi, – “Milçək də yoxdur”... Hamı şənlənirdi, amma gur tüstünün fısıltısı belə duyulmurdu, – “Lənət şeytana, bu nədir, belə də nağıl olarmı? Dəlidirmi bunlar? Yoxsa mən dəli olmuşam, ya yuxu görürəm?” – gözlərini ovsa da diqqətini cəlb edən ağıllı kimsə, xoşagələn nəsə tapa bilmədi. Səssizliyin kül rəngindən dəhşətə gəldi. Yanmış mixəyin dadını verən içki adamın yanğısını artırırdı. Udlaqdan keçən kimi içki mədəni doldurur, azca keçməmiş göbəkdən bayıra fısqırırdı. Bu zaman qurşağı izaholunmaz xoş həzz bürüyürdü.
Ətrafdakıları seyr etdikcə rəqs edənlərə qoşulmaq həvəsi gəlirdi.
– Çəkinmə, əylən... – həmin qadının məhrəm səsiydi, onun fikrini oxumuşdu. Durdu. Ehmalca yeridi tüstüyə sarı, – “Bəlkə də şənlənənlərin arasındadır?”. Yeridikcə tüklərinin dibindən bədəninə sorulan tüstü onun içində burulğan, tufan kimi cövlan edir, olan-qalan gücünü göbəyinə qısnayır, burada qatılaşır və dəli şənlik gətirirdi. İndi anladı ki, tüstüdə özlərinə sitəm edənlər adi rəqs etmirlər, sevişirmişlər. Əl-ələ tutmuş çılpaq cütlüklər arada göbəklərini bir-birinə dayayır və bu yolla qatılaşmış tüstünü bir-birilərinə boşaldırdılar. Tüstüylə dolu bir qadını yanında əsməcə tutdu, əllərini buraxıb bayıldı və tüstünü yarıb ayaqlar altına sərildi. Başqaları onu tapdalayanda qadının bədəni lopa-lopa dağıldı, külü tüstüyə qarışdı. Tənha qalmış kişi isə əlini-qolunu sallayaraq salonu tərk etdi. “Yəqin ki, eşikdə dayanmadan dövrə vuran səfil sürüyə qoşulacaq” – salonu tərk edən qəddi əyilmiş kişinin arxasınca xeyli baxdı. Ortalıqda kişisini külə çevirib yalqız qalan qadınlar da vardı. İstədi onların əlindən tutub rəqsə dəvət etsin, amma əli boşa çıxdı. Göbəyindən tüstü axan tənha qızlar yorğun-arğın eşiyə çıxırdılar. İçinə başqasının tüstüsü dolmuş qəmli qızları təbi çəkməyəndə harasındasa nakam sevişənlərə rəhm duymaq istədi, bacarmadı...
İçkini başına çəkib ortadakı boş mizin arxasına keçdi. Gözü məchul qadını axtarırdı, – “Hardasan axı?”... Qarşıdan gələnlərin əksəriyyəti onun içindən ötüb keçirdi. İçki onu dəyişirdi – həyəcan basmalıydı əlsində onu, ancaq, həyəcanlanmaq üçün də nəsə çatmırdı. Qarson onun qabağına yeni içki qoydu. Bu məkanda kütləsi olan, həcm dolduran tək şey bir bu tüstü, bir də naməlum içkiydi və ikisi də deyəsən eyni şey idi. İçkinin tüstüsü çəkilənədək gözlədi, dibində azca maye qaldı bardağın. Mayenin səthində səs dalğalandı, – Özünü ələ al və mənə diqqətlə qulaq as... – yenə o idi. Dördgözlə mayenin səthinə zillədi gözlərini. Səs, sanki mağarada su damcısının əks-sədası fonunda gəlirdi. Səsin arxasında səsin kölgəsi – sözlər vardı, – “çıp, çıp-çıp, çıp-çırık-çıp, çıp-çırık-çıp-çaq...”. “Bu necə ola bilər axı, danışan içki?”... – xoflanmırdı indi, sadəcə uyğunlaşmaq istəyirdi bu qeyri-adiliyə. – Eşit... Sən və mən külə dönməkdən xilas olmalıyıq. Əgər uğur böcəyi doğura bilsək, biz qovuşmuş olacağıq – qoşa səs dalğasının içindən özünə lazım olanı asanlıqla tuturdu indi. Ətrafa göz gəzdirdi, hər kəs rəqsdəydi, danışmaq hayında olan qadın yox idi salonda. “Bəlkə heç bu salonda deyil..?” – ürəyində bardağa fikrini üflədi. O səs:
– Yox, buradayam... Sən məni tanıyırsan, ancaq tanıdığını hələ xatırlamayacaqsan... Biz rəqs etməliyik. Bu, həyatımızın son rəqsi olacaq, həm də yeni həyatın başlanğıcı. Bu, çürüyən toxumun cücərməsi kimi bir şeydir. Bizdə qalan son gücü uğur böcəyinə ötürməyi bacarsaq, o bizə həyat toxumu cücərdəcək.
– Sən kimsən? Hardasan, niyə gözə görünmürsən?
– Burdayam, – piştaxtanın arxasındakı yaşlı kişilərin arasından donqar bir qarı əlində içki onun stoluna yaxınlaşdı, stul çəkib oturdu.
– Siz?! – devikdi, – Sizin rəqs etməyə halınız varmı? – gülə bilsəydi, azca gülmək yaman yerinə düşərdi.
– Ölməkmi istəyirsən, yoxsa yaşamaq? – qarı içkidən səbrlə bir qurtum aldı.
– Ölməmişəmmi? Bundan o yanası da varmı?
– Ölməmisən, can üstəsən hələ, ölümlərdən ölüm seçmək haqqın durur. Bizdə olan son enerjini yeni cana bəxş etməliyik. Həyat toxumunu əkməliyik. Bunu etməyə məcburuq, qayda belədir.
– Nə üçün? Bu nə rəqsdir – dəli kimi?.. Sevmədiyim, həm də yaşlı biriylə necə “rəqs” edim? – onunla sevişmək istəmədiyini bardağa oxudu.
– Dünyaya gələndə kimdənsə soruşmuşdunmu niyə gəldiyini? Öləndə kimdənsə soruşmuşdunmu niyə öldüyünü? Bura gələndə özün istəmişdinmi gəlməyi? Yoxsa başqa seçimin var geri dönməyə? – hirslənmirdi, o, aram-aram “uşaq başı aldadırdı”. – Mən sevdiyinəm, ancaq gördüyün sevgilin deyiləm. Burda hər kəs öz qədəriylə rəqs etməyə məcburdur. Mənim də taleyimə yazılan sənsən...
– Bilmirəm... Ölülər sevişərmi heç?..
– Ölüm yoxdur. Yaranan ölməz. Ölünün bir daha ölmək qorxusu olmaz... – qarı onun biləyindən tutanda axır ki, yad təması canında hiss etdi. – Cansız zərrəydik, canda ruha qovuşduq, şüur qazandıq. İndi həmin şüurlu zərrələrik. Uğurumuz rast salsa, qopduğumuz bütövə qayıtmalıyıq. Son dəfə səni qucaqlayıb ağlayan doğma sevgilinəm sənin...
– Heç nə anlamıram... Bəs niyə bu qədər qocasan, axı mən bura gələndə sən dirilərin dünyasındaydın... – özündəki donmuş son zərrənin buzu əridi elə bil.
– Orda gördüyün mənim özüməm, burdakı isə əksim. Sehrli güzgü düşün – baxırsan güzgüyə və o səni yaşlı göstərir. Ola bilsin ki, başqa dünyada sən məndən beş-betər kifir və daha yaşlısan. Odur ki, məni könlün istəyən şəkildə canlandırmağa çalış.
– İnana bilmirəm. Burda sevişməkdən başqa məşğuliyyət yoxdurmu? – qarının xətrinə dəymək istəmirdi daha.
– Heç bir məşğuliyyət yoxdur. Hər dünya kimi, Əraf da sınaq dünyasıdır, fanidir və çox qısadır... Burda zaman, yalnız sevişdiyin müddətdən ibarətdir və hər şey də bu qısa ömür üçündür. Nə qədər tez sevişsən və nəsib olsa, uğur böcəyi doğura bilsən, növbəti həyata tez keçərsən. Deyilənə görə növbəti həyatda daha uzun ömür var – uzun və ehtiraslı huri-qılman həyatı...
– Demək, dedikləri cəhənnəm əzabı yaşlı bir qarıyla sevişməkmiş. Cənnətdən yan keçmişik...
– Burda qadınlar seçir sevişəcəyi kişini. Bu həm də son möhlət, qismətə qovuşmaq şansıdır.
– Sevişməsək nə olacaq?
– İkimiz də kül olub bizdəki son zərrəsini məhv edəcək və birdəfəlik Əraf külünə qarışacağıq. Bütövləşmək qanununu poza bilməzsən. Əraf həyatının anlamı cəmi bircə dəfə sevişməkdir.
– Mənə zaman ver, azca fikirləşməliyəm – Ərafa təzə düşmüşdü deyə qanun-qaydadan xəbərsizdi. Qarının dediklərinin doğruluğuna inana bilmirdi, – “Bəlkə buranın da öz Allahı, müqəddəs kitabı, peyğəmbəri var?”... – Ərafı arayıb-öyrənməyə ümid edirdi.
– Ərafda məsləhət ala biləcəyin, toxuna biləcəyin tək insan mənəm – səsinin arxa fonunda nəsə inandırıcı ümid titrəyirdi. Bardağın dibindəki içkini boşaltdı. Qarson elə bil himə bənd idi, növbəti dolu bardağı gətirib qarşısına qoydu. Qismətinə olan acığını qarsonun üstünə tökmək üçün bu dəfə içkini birnəfəsə içdi. Qarsona boş bardaq görmək elə bil yasaq edilmişdi Ərafda...
İçdikcə özündən çıxırdı. Dizdən göbəyədək yığılmış maye tüstü ona idarəolunmaz, qarşısıalınmaz ehtiras gətirirdi. Qarı da dayanmadan onunla bərabər içirdi. Qarı onun əlini ovcunda sığalladıqca təmasını, istisini canında hiss edirdi. Qarşı tərəfin gözlərində vəhşi ehtirası görəndə dizləri titrəməyə, baldırları oynamağa başladı. Göbəyi qızdı, istisi sinəsinə vuranda qarı da gözlərini yumdu...
Ayaqları onları rəqsə dartırdı. Əl-ələ tutub tüstünün ən gur yerinə çəkildilər. Bu rəqs Ərafın tüstüsündən, içkisindən qaynaqlanan instinkt idi – hər kəs bu oyunu qeyri-ixtiyari oynamalı, qismətini sınamalıydı. Onlar əl-ələ tutub fırlandıqca fırlanır, qızışdıqca tərləyirdilər. Gözlərini yumub başlarını geri çevirir, mənbəyini hardansa götürən tüstünü bədənlərinə sorurdular. İçlərində təzyiq artanda isə tüstünü təkrar-təkrar göbəkdən göbəyə boşaldırdılar. Hər boşaldığında huşu özünə qayıdırdı oğlanın...
* * *
Üçüncü il idi ki birlikdəydilər. Son vaxtlar qız ondan əməlli-başlı soyudurdu özünü. Hər vəchlə görüşməkdən qaçır, görüşəndə də ayağının birinin başqa yerdə olduğunu, ondan soyuduğunu daha çox büruzə verirdi. O gün birlikdə gecələməyi və hər şeyi danışıb yoluna qoymağı razılaşmışdılar. “Lap son görüşümüz olsun, ancaq son qərarımızı ağıllı başla birlikdə verək” – demişdi oğlan. Qız, “Mən başqasını sevirəm” deməsə də, onun ikiyə bölündüyünü aydınca duyurdu. “Bizi bir-birimizə bağlayan tək şey çılğın, vəhşi ehtiras imiş” – sevişməyə qısa ara verəndə hər ikisi bununla razılaşmışdı. Sevə-sevə sevdiyindən ayrılmağa məcbur idilər. Son həzz, son imkan olaraq birlikdəydilər indi. Gecənin bitməsini, ayrılıq sabahının gəlməsini heç istəmədən, yorulmadan sevişirdilər. Ehtiras tərinin yanmış mixək qoxusu göbəklərində tufan qoparırdı.
– Səndən sonra kimisə sevəcəyimi ağlıma sığışdıra bilmirəm – oğlan az qala yalvarıb onu fikrindən döndərmək istəyirdi sabaha yaxın. Ancaq qızın fikri qətiydi, – Sevgili olaraq mükəmməl idik, amma mən ailə qurmalıyam. Xasiyyətlərimiz bizi birlikdə çox yaşatmaz – bunu daha çox bəhanəyə oxşatsa da qızın ürəkdən gələn istəyi kimi qəbul etdi. Hələ də ayrılığın səbəbini bilmirdi və bilmək üçün canı-dildən səy göstərmirdi. Bəlkə də əbədi olaraq sevgili qalacaqlarına, indiki kimi tez-tez görüşəcəklərinə ümid edirdi. Axı sevgilisi onu dəyərsiz biri kimi atmaq istəməmişdi, istəmişdi ki, bu gecəlik bir-birindən doysun, gözü arxada qalmasın, illərlə birlikdə keçirdikləri dava-dalaşlı, sevgi, qısqanclıq dolu günlərin əvəzini ödəsin. “Bunun özü sevdiyinə dəyər vermək deyilmi?” – oğlan hər şeyi zamanın öhdəsinə buraxmağı üstün tuturdu...
Açıq pəncərədən dolan sərin bahar mehi erkən açmış novruzgülünün qoxusuyla onların sifətini, tərli, çılpaq kürəklərini oxşayanda səssiz-səmirsiz yataqdan qalxdılar, yaxalanıb geyindilər. Qız əlini qapının tutacağına atanda oğlan onun belini arxadan qucaqladı. Saçını qoxladı, – Əgər fikrini dəyişsən, bil ki, mən səni həmişə və hər halınla qəbul etməyə hazıram – zarıyırdı bunu deyəndə. Qızı döndərib heysiz gözlərində istədiyi cavabı görməyəndə onun dodaqlarını öpdü. Qız onu astaca özündən araladı, qapını açıb tez-tələsik pilləkənləri düşdü. – “Bu gedişin dönüşü olmazsa, bu həqiqi ayrılıqdırsa, bəs onda necə olar?” – dünyası başına yıxılırdı. Qızın addım səsləri pilləkən qəfəsində itəndə son ümidini yoxlamaq üçün onun arxasınca qaçdı...
* * *
...Nə vaxtdan rəqs etdiklərini, bir-birinə nə qədər boşaldıqlarını ayırd edə bilmirdi. Sifətləri istidən pörtürdü, şeh bağlamış dəriləri tüstünü bədənlərindən çıxmağa qoymurdu. Göbəkləri gömgöy göyərmişdi. Hər ikisi birləşmiş qablar kimi maye tüstüylə xirtdəyədək dolmuşdu. Çılpaq bədənlərilə bir-birinə var gücüylə sarılıb dayandılar, göbək-göbəyə birləşib geriyə qanrıldılar. Bu, bədənlərin birgə və son orqazmı idi. Qadının göbəyindəki göyərti sinəsinədək yerimiş, döşlərinə toplanıb gilələrini qapqara qaraltmışdı. Daş kimi qabarmış yelini deşilirdi az qala. Qadının halı birdən dəyişdi, dəli kimi saçını yellədi, əllərini oğlanın çiynindən götürüb əvvəlcə göbəyini qucaqladı, sonra qarnını sinəsinə doğru sığalladı, gücəndi və kökündən yapışıb gücü çatdıqca məmələrini gilələrinin ucuna tərəf sığıdı. Bir döşünün ucundan güc-bəla ilə nəsə çıxırdı. Qarı ağrıdan dişlərini bir-birinə sıxıb gücənir, içindəki mayenin səviyyəsi aşağı düşdükcə bir əliylə oğlanın belindən yapışıb özünə daha bərk sıxırdı. Məmənin giləsindən qara başı, qoşa bığcıqları tərpənən uğur böcəyinin xallı qanadlarını görəndə oğlanın içi üşüdü. Göbəklər aralananda içlərindən axan qaynar tüstü onun baldırlarını islatdı. Böcək məmədən tamam çıxandan sonra qarının şişmiş giləsində bir neçə dairə cızdı. Mat-məəttəl böcək doğan yaşlı qarıya baxırdı, – “İndi nə olacaq?” – təzəcə övladı olan ata kimi zora düşmüş qadının pırtlaşıq saçını nəvazişlə sığalladı. Parabüzən bir-iki dəfə qanad çaldı. Sonra aramla uçub qapıdan çıxdı. Əl-ələ tutub salondan çıxdılar, gözlərini böcəkdən ayırmadan onun dalınca düşdülər. Ayaqlarının altından qalxan külə, yarıb keçdikləri əraflılara fikir vermirdilər. Böcək iki tərəfi hündür yarğan olan dar dərəyə girəndə aydın səmanı gördülər. Ayaqları yağış gölməçəsinə oxşayan suda islandıqda addımlarının qısaldığını hiss edirdilər. Qaçdıqca kiçilirdilər, nə qədər yeyin yüyürsələr də böcəyə çata bilmirdilər. Böcək uzaqda qara nöqtəyə çevrilib gözdən itəndə dayandılar. Baxdılar ki, bapbalaca zərrə olublar. Qarı həminki qarı deyildi. Qarı, bütün gecəni sevişib bayaq ayrıldığı, onun dəlicəsinə sevdiyi əziz sevgilisi olmuşdu.
– Bu sənsən?! – xatırladığına təəccüb qalmamaq olardımı?
– Mənəm, əzizim, mənəm – oğlanın əllərindən yapışdı.
– Söz ver ki, heç vaxt ayrılmayacağıq – sevgilisinin belini qucaqladı.
Geri qayıdan uğur böcəyi o qədər nəhəng olmuşdu ki, onların yanında yerə qonanda toz-duman göz-başlarını doldurmasın deyə biləklərilə üzlərini örtdülər. Qırmızı sərt qanadlarını qaldıranda sevincək bir-birlərinə baxıb böcəyə sarı cumdular. Uğur böcəyi yerində ağır-ağır ləngər vurub qanad çaldı, Ərafın külüylə ayaqlarındakı torbaları doldurdu və havalandı. Ərafın üstündə bir neçə dövrə vuran uğur böcəyi qəfildən naməlum səmtə şığıdı, özünü başqa dünyaya aparan hava cərəyanına saldı...
* * *
Qız asfaltın qırağında durub işıqforun yaşıl işığını gözləyirdi. Sevgilisinə yetişib susdu, sanki, heç deyəcək sözü yox idi. Qız onun üzünə gülümsündü, – Çiyninə uğur böcəyi qonub, – şəhadət barmağını ehmalca böcəyə uzatdı. Səhər günəşinin işığında al qırmızı parabüzən bərq vururdu. Böcək şəhadət barmağının ətrafında bir xeyli fırlandı, uca çatanda qanadlandı. Qız, – Uç, uğur böcəyim, uç. Apar məni sevgilimin yanına. Uç, uç, uğur böcəyim, ona sevdiyimi söylə... – barmağını havaya qaldırdı. Parabüzən işıqforun qırmızı işığına qondu və lampanın özü boyda böyüyüb işığı göyərtdi. Qız tələsik yolu keçdi. Sevgilisi ondan əl çəkmək istəmirdi. Yarıyolda qəfil çıxan bir maşın oğlanı təkərləri altına aldı...
Xıncımlanmış meyitin qanı asfaltda lehmələnir, qız isə onun başını qucağına alıb hey hönkürürdü, – Bağışla, bağışla, əzizim, günahkaram. Mən də səni sevirəm, mən də ayrılmaq istəmirəm səndən. Mənəm günahkar, qatil... – üst-başını batıran qanı vecə almırdı qız.
...Oğlanın donu açılmış hafizəsi özünə qayıdırdı. Əvvəlcə meyitin üzü ona tanış gəldi, bu adamı hardasa çox görmüşdü. Amma sevgilisini tanıyanda onun gözlərində ölənin özü olduğunu anladı və olub-qalan huşunun son zərrəsi sürətlə məhv oldu. Bu dünyada anladığı son şey oldu özünü tanımağı... Parabüzən onları qanadlarından düşürdü. Ayaqlarındakı Əraf külünü və qursaq tuluğuna doldurduğu maye tüstünü meyitin üstünə səpib gözdən itdi. Ərafın külü meyitə toxunan kimi ruhu silkinib çıxdı və onlara baxa-baxa səmanın dərinliklərində qeyb oldu.
– Ölmək buymuş demək... Əgər ölülərin ruhu dünyaya dönürsə, ilk ziyarət etməli olduğu müqəddəs yer öz keçmiş bədənləriymiş... Bəs hanı işıq gələn tunel, mələklər, cəhənnəmin qır tiyanları? Can öldü, ruh uçdu, bəs biz nəyik onda?
Bir andaca yeriyə-yeriyə qanad çalan balaca ağ lələklər onların ikisini də dövrəyə aldı. Hər şey ağappaq oldu.
– Yellənirik, demək, yenə harasa aparırlar bizi... – oğlan sevgilisinə qımışdı.
– Nə olursa olsun, qarşına ən gözəl huri çıxsa da belə, məndən ayrılmayacağına söz ver... – qız başını onun çiyninə qoydu.
Əl atıb lələkləri araladı. Uzaq zirvədə çağlayan hündür şəlalə göz oxşayırdı. Ətraf gül-çiçək içindəydi. Qarşıda onların balaca uğur böcəkləri aramla uçurdu.
– Növbəti dünyaya gedirik. Heç vaxt ayrılmayacağımız dünyaya... – fərəhlə sevgilisinə sarıldı...
Rəşid Bərgüşadlı
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024