Belarusun “Şərəf”li azərbaycanlısı 

20:40 / 22.05.2020
Baxılıb: 6780

"Həyatda bir prinsipim var: öhdəçiliyini üzərimə götürdüyüm işləri layiqincə yerinə yetirim. Hər zaman başımı aşağı salıb işimi görürəm, daim öz üzərimdə çalışıram. Heç zaman hansısa ad, mükafat, şöhrət ardınca qaçmamışam. Mövlanə deyir ki, "Nə qədər bilirsən bil, söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir”. Buna görə həmişə gənclərə də deyirəm ki, işə can yandırmaq lazımdır, bu istək insanın daxilindən gəlməlidir. Belə olduqda uğur onsuz da gəlib səni tapacaq...”

Bir uğur hekayəsi danışacağıq...

Hər sətri əzmlə, istəklə, tükənməz mətanətlə yazılıb...

Zirvəyə ucalan dolanbac yolların hər anında əməyin, zəhmətin, güclü iradənin izləri həkk olub...

Bu uğur öz gücünü, qüvvətini qədim bir elin dəyanətindən alıb. Qoca bir diyarın başıqarlı dağlarından çağlayan şəlalələrdən, coşub-daşan çaylarından, meh vuranda ətri aləmə yayılan dəniz ləpəli çəmənliklərindən süzülüb gəlir...

Bu uğur başlanğıcını həsrətimizin, nisgilimizin, qubarımızın ünvanı olan ulu Göyçədən götürüb...

Elə buna görədir ki, didərginlərimizin o yurdlara qovuşması, dağıdılıb viranəyə çevrilən yurdlarımızı əlləriylə tikib qurmaq hekayəmizin qəhrəmanının arzularının şah taxtında özünə yer edib: "İlk yaratdığım şirkətin adı "Göyçə 88” idi. Bu rəqəm Göyçədən deportasiya olunduğumuz ildir. Bu tarixi yalnız Göyçəyə yenidən dönəcəyimiz gün yadımdan çıxara bilərəm. Baxmayaraq ki, ömrümün çox hissəsini Bakıda yaşamışam, çevrəmin əksəriyyəti buradadır, amma heç zaman doğulduğum o yeri, o kəndi unuda bilmirəm. Bu gün heç yuxularımda da görə bilməyəcəyim uğurlara imza atmışam, dünyanın harasına desən getmək imkanım var, amma dəhşətlisi odur ki, öz doğma kəndimə getmək mənim üçün əlçatmazdır, bunun qarşısında acizəm...”

Söhbətimiz elə belə, qeyri-ixtiyari ilk andan vətən həsrətinə köklənmişdi. Nədən söz açsaq da, hansı sualı ünvanlasaq da elə hey dönüb dolaşıb Göyçənin, Qarabağın üzərinə gəlirdi...

Divarda sıralanmış diplomların, fərmanların, rəsmlərin, təqvimin, qeyd dəftərçələrinin, qələmlərin üzərindən, bir sözlə, hər yerdən "Ulu Göyçə”, "Şəfəq 88” adı boylanırdı...

Hər an, hər saniyə, hər dəqiqə ruhumuzda, qəlbimizdə, könlümüzdə olduqlarını bildirmək üçün...

Bu yaxınlarda Belarus və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafındakı mühüm şəxsi töhfələrinə görə Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən "Şərəf” ordeninə layiq görülən azərbaycanlı iş adamı, "Ulu Göyçə” tikinti və investisiya şirkətinin direktoru, Azərbaycan Sambo Federasiyasının birinci vitse-prezidenti Vasif İsmayılov uğur formulunu bizimlə bölüşür...

Uşaqlıq arzusu polis olmaq idi, amma...

Vasif Sultan oğlu İsmayılov 1972-ci ildə indiki Ermənistanın Göyçə mahalının Şəfəq kəndində dünyaya göz açıb. 1980-88-ci illərdə Bakıda Şəfiqə Əfəndizadə adına 13 nömrəli orta məktəbdə, son sinfi isə 1989-cu ildə İsmayıllı rayon Qoşakənd kənd orta məktəbində oxuyub. Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda İdarəçilik Akademiyasında elmi iş üzərində çalışır...

- 8 yaşım olanda valideynlərim Bakıya köçdülər və Yasamal rayonunda məskunlaşdılar. 16 yaşıma, 1988-ci ilə qədər hər il yay tətilində Şəfəq kəndinə, nənəmin yanına gedirdim. 3-cü sinifdən Bakıda Şəfiqə Əfəndizadə adına 13 nömrəli orta məktəbdə, 10-cu sinfi isə İsmayıllı rayonunda oxudum. Orta məktəbdə bütün fənləri yaxşı oxusam da, əsas meyilim riyaziyyata, fizikaya, digər texniki fənlərə idi. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandım, onu da deyim ki, sovet dövrünün ən sonuncu əsgərləri biz idik. Uşaqlıqdan polis olmağı arzuladığım üçün elə tələbə olduğum müddətdə polis nəfəri kimi işə düzəldim. Amma bəzən görürsən ki, arzuların səni doğru ünvana gətirməyib. Bir müddət polisdə işləyəndən sonra gördüm ki, bu sahədə özümü tapa bilmirəm. Buna görə də işdən ayrıldım...

Biznes sahəsində atılan ilk addımlar

Biznes sahəsinə keçidi planlaşdıran Vasif İsmayılov bu istiqamətdə ilk addımlarını atmağa başlayır. İllər keçdikcə tikinti sektorunda özünəməxsus yer tutur və şirkətlərinin sayını artırır...

- 1994-1995-ci illər idi, adı "Göyçə 88” olan kiçik bir şirkət açdım. Həmin dövrdə böyüklər, yaxınlar bu işi bacarmayacağımı düşünürdülər və deyirdilər ki, bunun üçün çox gəncsən, cəmi 22-23 yaşım vardı. O zamanlar Azərbaycandan xam dərini yığıb Türkiyəyə ixracı ilə məşğul olmağa başladım. 1996-cı ildən tikinti sektoruna keçdim, Türkmənistandan və İrandan Azərbaycana sement gətirməyə başladım. Elə o dövrlərdə də təsisçisi və direktoru olduğum "Ulu Göyçə” şirkətini yaratdım. İndiyə qədər hardasa ümumilikdə ölkəmizdə və xaricdə 20-dən artıq inzibati yaşayış və biznes binaları tikmişik və dövlətə təhvil vermişik. Çox qürurvericidir ki, bu zaman dövlət və vətəndaş qarşısında olan bütün öhdəçiliklərimizi yerinə yetirmişik.

Dönüş nöqtəsi

Azərbaycanlı iş adamının Belarusla yolunun kəsişməsi isə tam təsadüf nəticəsində olur. Qazandığı etibar, güvən onun bu ölkədə qalıb işləməyinə rəvac verir. Ölkəsini layiqli təmsil etmək kimi şərəfli bir işi öhdəsinə götürür...

- 2005-ci ildə tikdiyimiz binalara lift almaq üçün Belarusun Maqilov vilayətindəki "Lift Maş” zavoduna getdim. Zavodun məsul şəxslərindən biri ilə görüşsəm də sövdələşə bilmədik. Sonra zavodun baş direktoru ilə görüşdüm və həmin şəxslə söhbətim həyatımın dönüş nöqtəsi oldu. O, məni çox səmimi qarşıladı, dinlədi və beləliklə, ilk müqaviləmizi bağladıq. Üzərindən üç il keçəndən sonra, 2007-ci ildə Belarus Prezidentinin Azərbaycana gəlişi dövründə bizə dedilər ki, həmin ölkədən aldığımız liftlərdən də sərgiyə qoymaq lazımdır. Sərgi zamanı hər iki ölkənin Prezidenti gəlib bu liftlərə də baxdı. Bu hadisələrdən bir müddət sonra "Lift Maş” zavodunun baş direktoru Maqilov vilayətinin qubernatoru təyin edildi. Əvvəldən də əlaqələrimiz olduğu üçün zəng vurub onu təbrik etdim. O isə dedi ki, "belə təbrik olmur, gərək gəlib burada məni təbrik edəsən...”

Və elə bu söhbət də mənim Belarusa gedib işləməyimə səbəb oldu. Görüşümüz zamanı o, təklif etdi ki, Belarusda qalıb işləyim. Bir müddət bu ölkənin daxili bazarında araşdırma etdikdən sonra tikinti sahəsinin iş üçün məqbul olduğunu gördüm. Beləliklə, orada ilk işimizi başladıq. Artıq onun üzərindən 12 il keçir. Belarusdakı şirkətimin adı "Şəfəq 88”dir. Düşünürəm ki, bu illər ərzində özümüzü orada sübut edib xeyli uğurlara imza atdıq. Hazırda da Belarus bazarında tikinti üzrə əsas podratçı və sifarişçiyik.

Belarus bu gün Prezident A.Lukaşenkonun rəhbərliyi altında davamlı inkişaf edir, əhalinin rifahı yüksəlir. Bu ölkədə genişmiqyaslı quruculuq işləri aparılır. Bir məqama da toxunum ki, Belarus Azərbaycanın strateji tərəfdaşıdır. İki dövlət arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlıq məhz prezidentlər İlham Əliyevlə Aleksandr Lukaşenko arasındakı uzun illərdir davam edən səmimi dostluğa əsaslanır. Hər iki liderin qarşılıqlı etimada köklənən bu münasibətləri ölkələri partnyor etməklə yanaşı, xalqları da bir-birinə yaxınlaşdırır.

Belarusda Prezident İlham Əliyevə, Azərbaycana, azərbaycanlılara böyük hörmət var. Təsadüfi deyil ki, diasporamızın təmsilçisi, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamı kimi bu illər ərzində çoxsaylı fəxri fərmanlara, diplomlara layiq görüldüm. 2018-ci ildə Maqilov vilayətində "İlin adamı” oldum ki, Belarusun müstəqilliyi tarixində bu adı alan ilk əcnəbiyəm. 2019-cu ildə "İş adamı” müsabiqəsinin "Belarus bazarında xarici markanın yüksək standartının dəstəklənməsinə görə” nominasiyasında laureat oldum. Bu yaxınlarda isə Aleksandr Lukaşenko tərəfindən bu ölkənin ali mükafatına - "Şərəf” ordeninə layiq görüldüm.

Fəaliyyətim hər zaman Azərbaycanda da yüksək dəyərləndirilib. 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən fərxri fərman aldım. 2017-ci ildə Azərbaycanda inşaat işçiləri günündə "Tərəqqi” medalı ilə təltif olundum. Bütün bunlar əməyimə verilən dəyərdir və çox qürurvericidir.

İş adamlarımızın qazandığı uğurlar İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və dəstəyin nəticəsidir

Belarusda Azərbaycan Ticarət Evinin təsisçisi olan Vasif İsmayılov söyləyir ki, qazandığı bütün uğurlarının başlıca səbəbi cənab Prezident İlham Əliyevin xarici iqtisadi əlaqələrdə qurduğu geniş, çoxşaxəli siyasətin nəticəsidir. Xarici ölkələrdə Azərbaycan ticarət nümayəndəliklərinin, evlərinin açılması ölkə istehsalçılarının həmin bazarda gedib öz məhsullarını təqdim etmələrinə geniş imkanlar yaradır. Müsahibimiz deyir:

- Daxili bazarın araşdırılması iş adamı üçün aylarla zaman aparır. Amma ticarət evləri bunu rahatlıqla təmin edir, istehsalçının məhsulu haqqında bazar araşdırması edir və nəticələrə əsasən məsləhət verir. Bu gün Belarus dükanlarında "Made in Azerbaijan” brendi altında müxtəlif məhsullar satılır. Bunu görmək çox sevindiricidir.

Cənab Prezident hər zaman iş adamlarına dəstək verir. Ötən il Prezident İlham Əliyev Belarusa səfərə gəldikdə 2017-ci ildə açılışı olan Azərbaycan Ticarət Evinə də baş çəkdi. Bu da qayğının bariz nümunələrindən biridir ki, dövlət başçısı işlərinin çoxluğuna baxmayaraq vaxt ayıraraq öz iş adamlarının fəaliyyət göstərdiyi məkana gəlir, problemləri ilə maraqlanır, hər zaman onların yanında, dəstəkçisi olduğunun mesajını verir.

Biz iş adamlarının üzərinə düşən isə gördüyümüz işlərlə, əməllərimizlə, ölkəmizi layiqli təmsil etməklə cənab Prezidentin etimadını doğrultmaqdır. Vətənimizin imici, adı üçün çalışmalıyıq.

Minskdə Azərbaycan məhəlləsi və ən böyük arzu...

Vasif İsmayılov Minskdə Mayakovski və Aranskaya küçələrinin kəsişməsində inşa edilən biznes mərkəzinin investorlarından biri kimi tanınır. O eyni zamanda, Azərbaycan Ticarət Evinin yerləşdiyi "Abşeron” çoxfunksiyalı kompleksin inşasında da iştirak edib. 2013-cü ildə onun şirkəti Belarusun Azərbaycandakı səfirliyinin yeni binasını inşa edib və binanın açılışında hər iki ölkənin dövlət başçıları iştirak edib.

İş adamının qarşıdakı planları arasında isə Minsk şəhərində "Azərbaycan məhəlləsi” adlı kompleks tikmək var və hazırda bu layihə üzərində işləyir.

- Bu şəhərdə rus, çin və bir neçə başqa xalqın adını daşıyan məhəllələr var. İstəyirəm həm Azərbaycan, həm də Belarus arxitekturasını özündə ehtiva edən "Azərbaycan məhəlləsi” də tikək.

Ən böyük arzum isə işğal olunan torpaqlarımızın azad olunması və orada quruculuq, tikinti işləri aparmaqdır...

Nə qədər ki, "Ulu Göyçə” yaşayır...

O, ömrünü qurub-yaratmağa həsr edib. Tikdiyi binaların hər birini isə öz övladı sayır. Onların qarşısından keçəndə fəxr hissi duyur ki, bu dünyada nə isə bir iş görüb, iz qoyub. İllərdən sonra lap özü olmasa belə gələcək nəsillər bu binaları onun adı ilə xatırlayacaqlar: "Tikdiyin binalara övladındır demək ancaq onun keyfiyyəti, işin layiqincə yerinə yetirilməsi ilə, üzərinə götürdüyün öhdəçiliyi necə həyata keçirməyinlə ölçülür. Tutaq ki, milyonun var, amma səndən 1 otaqlı ev alanın cəmi 20 min manatı var. Sən ondan pulu alanda artıq üzərinə öhdəlik götürürsən və o öhdəçiliyi layiqincə yerinə yetirməlisən. Düşünürəm ki, iş adamı hər zaman kiminsə qarşısında öhdəçilik hissi ilə yaşamalıdır”.

Tikdiyi binaların dayanıqlığı barədə suallara isə hər zaman bir cavab verir: "Nə qədər ki, "Ulu Göyçə” şirkəti fəaliyyətdədir, yaşayır, o binalar da dağ kimi ayaqda duracaq”.

Aldığı bütün mükafatları, dəyəri isə tək Vasif İsmayılova, onun şirkətlərinə yox, bütün azərbaycanlılara, ölkəmizin iş adamlarına verilən qiymət kimi dəyərləndirir və məsuliyyətinin də böyük olduğunu dərk edir...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər