Vaqif Səmədoğlu ilk şeirlərini 60-cı illərin ortalarında çap etdirəndə Azərbaycan poeziyası özünün kifayət qədər canlı və bir o qədər də dramatik dövrünü yaşayırdı. Sovet siyasi və ideoloji buxovlarının boşaldığı, mənəvi iqlimin nisbətən mülayimləşdiyi müəyyən ara müddəti istər-istəməz ədəbi münasibətlərə də sirayət edirdi. Zövqlər qarşıdurması, «radikal yenilikçilərlə» «mühafizəkar ənənəçilər» konflikti gərginləşmişdi. O dövrün şeir qarşıdurmasını sadə bir düstur ilə ifadə etməyə çalışsaq, milli şüurda şeir etalonuna çevrilmiş Səməd Vurğun poetik «ideologiyası» ilə poeziyaya təklif olunan «sərbəst şeir ideologiyası», eksperiment səciyyəli axtarışlar bir-birinin üstünə gəlməkdə idi.
Əsl poeziya isə «ideoloji» qarşıdurmadan kənara çəkilib, öz sözünü deməkdə idi. Bu mənada, «bloklara qoşulmayan» Əli Kərim şeirimizə yeni bir təmiz hava axını, saf ədəbi əxlaq gətirməyə nail olmuşdu.
Həmin qızğın «ədəbi döyüşlər» (Mehdi Hüseyn) zamanında öz imzasını və bədii mövqeyini oxucuya təqdim edərək ədəbi düşüncədə çox ciddi və maraqlı sürpriz yaradan şairlərdən biri Vaqif Səmədoğlu oldu. Ən böyük müəmma və sürpriz də bu oldu ki, Səməd Vurğunun oğlu Vaqif Vəkilov ədəbiyyata «qarşı səngərdən» gəlmişdi: onun ilk şeirləri mətbuatda Rəsul Rzanın təqdimatı ilə nəşr edilmiş və Vaqif Səmədoğlu ədəbi-ictimai rəydə Rəsul Rza tendensiyasının tərəfdaşı və tərəfdarı kimi qəbul olunmuşdu...
Aradan illər keçib. Vaqif Səmədoğlu o vaxtdan bəri bir şair və dramaturq kimi həm oxucular tərəfindən yetərincə tanınıb, həm də dövlət tərəfindən rəsmən etiraf olunub: o, indi Azərbaycanın xalq şairidir (bu rəsmi ada ilk dəfə layiq görülən isə Səməd Vurğun olmuşdu). Lakin o vaxtdan bu vaxta Vaqif Səmədoğlunun poetik dünyasının özünəməxsusluğu, ədəbiyyatımıza gətirmiş olduğu poetik səviyyə hələ də bir çox məqamlarda sürpriz olaraq qalır.
Ona görə də Vaqifin şeirləri haqqında aydın təsəvvür yaratmaq üçün bir daha geriyə baxmağa ehtiyac var.
Kölgəsiz baxtımın boz səhrasında
Sərin yer gəzirəm sığınım deyə.
Belindən gəlsəm də, girə bilmirəm
Ata heykəlindən düşən kölgəyə...
1969-cu ildə yazılan bu misralarda manifest səciyyəli çox önəmli iki məqam var: birincisi, Vaqif kölgədə yaranan, kölgəyə sığınan (bu, dosdoğma ata kölgəsi olsa belə) şeirin şairi olmadığını bəyan edirdi. Deməli, Vaqifin şeirləri üzərində hər hansı başqa kölgənin axtarılması da əbəs idi və çox təəssüf ki, passiv təsəvvür şəklində olsa belə, uzun müddət belə bir «axtarış» mövcud olub. İkincisi, Vaqif şeir yazmağa başlayanda artıq milli yaddaşımızda Səməd Vurğun heykələ çevrilmişdi, onun yaradıcılığı milli yaddaşın qəbul etdiyi, öz içərisinə yerləşdirdiyi bir tarixi abidə olmuşdu. Bu, milli yaddaşın güclü cəhəti idi, zəif cəhəti idi - başqa məsələ, ancaq iyirminci əsrin digər «heykəl şairləri» - Mirzə Ələkbər Sabir və Hüseyn Cavid kimi Səməd Vurğun yaradıcılığına da məhz tarixi sərvət kimi yanaşmaq, yəqin ki, zamanın diqtəsindən gələn bir hadisə idi. İyirminci əsrin ikinci yarısında M.Ə.Sabirin, yaxud H.Cavidin müəyyənləşdirdiyi onların özlərinə məxsus poetik modeli ədəbi prosesdə reabilitasiya edərək yenidən işə salmaq, «Sabir kimi yazmaq», yaxud «Cavid kimi yazmaq» mümkün olmadığı kimi, əsrin sonlarına doğru Səməd Vurğunun «kölgəsinə girmək» də tarixin təkərini geri fırlatmaq cəhdi ola bilərdi. Səməd Vurğun xəlqiliyin etalonu kimi qiymətləndirilirdi və etiraf eləmək lazımdır ki, bəzən bu «xəlqilik», «xalq», «narod» anlayışları arxasında primitiv ədəbi möhtəkirlik dayanırdı. Bu, ədəbiyyatımız üçün zərərli bir cəhd idi. Bədii sözün zamanı və zəmanəsi ilə təzad təşkil edən bu cəhdə münasibət sonradan Vaqif Səmədoğluya dramaturq kimi böyük şöhrət gətirən bir komik qəhrəman – səmimi bir «zəmanə adamı» olan Şair Moşu Göyəzənli obrazında öz ifadəsini tapacaqdı.
Buradaca qeyd olunmalıdır ki, əldə «yenilikçilik» şüarını bayraq edib, Səməd Vurğunun heykəli ilə döyüşə girmək də medalın tərs üzü idi, eyni dərəcədə ucuz və zərərli ədəbi möhtəkirlik idi...
Vaqif Səmədoğlunun şeirləri o dövrün hər fikrə rəng yaxmağa (bu rəng də çox vaxt usta rəssam fırçası ilə deyil, kobud rəngsaz şotkası ilə yaxılırdı) üstünlük verən «sərbəst şeir» axını içində tamamilə fərqlənməkdə idi. Özü də sözün hərfi mənasındakı sərbəstliyə, şeirlərin ruhundakı azadlığa və genişliyə görə: Vaqifin şeirlərinin üzərində qərəzli tendensiyalılıq, məqsədli «yenilikçilik», ümumiyyətlə, oxucudan qərəzli və minnətli umacaq yox idi. O, böyük inadla şeirin baxış yönünü dəyişməyə çalışırdı: Vaqifin ilk şeirləri insanın öz içinə baxışı idi, insanın öz ruhunu ələk-vələk eləməsi idi. Bizdə uzun illər boyu hökm sürən ideologiyanın təsiri və təzyiqi altında (həm də şeirin təhriki ilə) insanın diqqəti uca zirvələr fəth etməyə, fatehliyin pafoslu tərənnümünə yönəldilmişdi. O vaxt poeziya kütləvi şəkildə zirvədən – pafosdan, patetikadan aşağı enir, yenə sözün hərfi mənasında «Dərələr» nəğməsi yaranır, mahnıya çevrilir, populyarlaşır, sevilirdi. Lakin şeirimizə yeni bir səmimiyyət sərinliyi gətirən «Dərələr» də oxucuya eynilə zirvələri tərənnüm edən, zirvələrə səsləyən baxış bucağından təqdim olunurdu. Vaqif Səmədoğlunun ilk şeirləri isə oxucu – şeir təmasının, oxucu – şeir ünsiyyətinin dayaq nöqtəsini dəyişdirməyə bir təşəbbüs idi. Vaqif Səmədoğlunun şeirləri ilə şeirin və oxucunun nəzərləri təbiətdəki dağdan, dərədən, bulaqdan, çaydan (bunların hamısının poeziyamızdakı ifadəsi gözəl və əvəzolunmaz olmasına rəğmən) insan içinin dağlarına, dərələrinə – dərdlərinə, ziddiyyətlərinə və ağrılarına çevrildi, Vaqif poeziyanın kədərdən yaşaran gözlərini insanın iç dünyasına yönəltdi:
İçimdə bərəlib yaşarır hər gün,
Özümün özümə baxan gözlərim...
Bu, sadəcə poetik bəyanat, yaxud konkret əhval-ruhiyyənin ifadəsi deyil, uzun zaman başa düşülməyən, bəzən görməzliyə vurulan Vaqif Səmədoğlu poeziyasının özünəməxsusluğunu müəyyənləşdirən poetik modelin bir görüntüsüdür.
Fikrmizi müqayisə ilə əsaslandırmış olsaq, Səməd Vurğun:
Qayaların baş-başadır,
Güneylərin tamaşadır,
– deyərək aşağıdan yuxarı baxıb, ucalığı, yüksəkliyi, insanın içində ucalıqdan, möhtəşəmlikdən yaranan böyüklük duyğusunu, ucalmaq hissini canlandırır. Bu, olduqca təbii hissdir. Vaqif Səmədoğlu isə zirvədə dayanıb oradan aşağı baxan, ucalıqdan aşağı baxdıqca gözləri qaralan insanın içindəki yüksəklik qorxusunu canlandırır. Bu da olduqca təbii hissdir. Birinci hal hər kəs üçün çox arzuolunandır, hər kəs bu gözəlliyi görmək və hiss etmək iqtidarındadır. İkinci hal isə arzuolunmazdır, lakin o da realdır. İkinci reallığı gözlə görmək, onun «şəklini çəkmək» olmur, onu yalnız yaşamaq, duymaq, hiss etmək, Vaqif Səmədoğlunun təbirincə, onun «şeirini çəkmək» mümkündür. Ona görə də burada sözün müstəqim və məcazi mənalarından, obrazlı, yaxud obrazsız deyilişindən çox, sözün yaratmış olduğu duyğu əhəmiyyət daşıyır.
Səməd Vurğunun yerə, göyə, dünyaya (həm də şeirə və sənətə) baxdığı nöqtənin təqdimində
Axşam açıq olur ayın qabağı,
Göylərə baş çəkir Göyəzən dağı...
Vaqif Səmədoğlunun baxdığı bucaqdan təqdim olunanda isə Göyəzən dağı bir göz dağı, tənhalıq heykəli, təkliyin və kimsəsizliyin sözsüz bir nəğməsidir.
Çiyin-çiyinə vermiş
sıra dağlara baxanda
bir dağ çiyni görməmiş
bizim Göyəzən düşür yadıma.
Gördüyüm dağlardan ən yetimi,
ən kimsəsizi.
Dayanıb yer üzündə tənhalıq heykəli kimi,
durub dünyayla
Əskipara kəndi arasında...
Yenə müqayisə üçün deyək ki, 60-cı illərdə Əli Kərim «sözsüz nəğmələrin» - «görüntülü» və «səsli» poeziyanın əvəzsiz nümunələrini yaradırdı. Ən mücərrəd məfhumlar belə (tutalım, ölüm, kədər, ayrılıq, həsrət, ağrı) onun qələmində görümlü lövhələr vasitəsilə obrazlaşır, əyaniləşir, «gözlə görülən, əllə tutulan» keyfiyyət qazanır, şairin və oxucunun canlı müsahibinə çevrilir. Vaqif Səmədoğlu isə elə həmin «mücərrəd» məfhumların, ölümün, kədərin, ayrılığın, həsrətin, ağrının... düşdüyü yerin, yaratdığı ovqatın və hissin təqdimini verir. Əli Kərimin təqdimində insan özü sanki obyektiv dünyanın rənglərinə aludə olaraq gözəlliyi yaradan rənglərin, çalarların içində itir, ahəngə qovuşur, şeirin yaratdığı harmoniya ilə bütövləşib onun içində «qeyb olur». Vaqif Səmədoğlu da oxşar duyğunu nə vaxtsa səslərin, akkordların içində yaşadığını xatırlayır: «Bir vaxt itib yox ola bilirdim bu səslərin, akkordların içində, görünməzə dönürdüm sonuncu tonikaya qədər...» Əli Kərim xoşbəxt anın portretini yaradır, bu o qədər qısa bir zamanın görüntüsüdür ki, gözünü qırpsan, önündəki mənzərə gözündən düşüb qeyb olasıdır. Üstünə yağış yağan Kürün mənzərəsində gördüklərin bir andaca yağış damcılarında bərq vuran min rəngli xəyala, heçliyə çevriləsidir. Əli Kərimin yozumunda bu xəyalın içində, anidən yaranıb, anidən də qeyb olan bu gözəllik selində insan özü bir xəyaldır... Vaqif Səmədoğlu isə «içində görünməzə döndüyü» səsi itirməkdən çəkinmir, onun yozumunda həyat, ömür özü çoxdan itkin düşmüş bir səsdir:
İndi
ya son tonikadan başlanır
günlərin musiqisi,
ya da son akkord heç vaxt səslənməyəcək
bir musiqiyə dönür ömür...
Əgər belə demək mümkündürsə, Əli Kərim öz içindən dünyaya boylanır, Vaqif isə dünyadan, dünyanın bəzən ən uca zirvəsindən, bəzən də ən dərin dərəsindən özünə, öz aləminə boylanır, dünya gərdişinin insan duyğularındakı proyeksiyalarını, buraxmış olduğu izləri axtarır və gördüyü izləri böyüdür. «Bir az bu yana otur, üzünü çevir pəncərəyə sarı, yağışdan sonra yarpaqlarında damlalar işıldayan o zeytun ağacına bax. Sənin şeirini çəkəcəyəm...» - deyən Vaqif Səmədoğlu «çəkdiyi şeirdə» rəngi axtarmaqla kifayətlənmir, rənglərə həsrət ömrün səslərini soraqlayır, ona musiqi yozumu verir:
Rənglərə həsrət bir ömrün
bomboz səhrasında
dağıdılıb dörd yana qaçmış xordan qalan
bir tənha soprano səslənər,
səslənər səhra boyu, ömür uzunu...
Şair bu zərif qadın səsinin oyatdığı izləri daha aydın, daha əyani görmək və göstərmək üçün bəzən özü ilə dünya arasındakı görmə məsafəsini də böyüdür:
Şeirlərimi yazan kimi
unutmaq istəyirəm,
elə bil kağıza yox,
nəyinsə baş daşına
həkk olunur sözlərim...
Uzaqdan,
uzaqdan baxmaq istəyirəm özümə...
Nazim Hikmət 1958-ci ildə musiqi lövhəsinin şeirdə sözlə qavranılmasını əks etdirən şedevr bir əsər yaratmışdı: «Sebastian Baxın 1 nömrəli dominor konserti». Burada musiqinin melodiyasının yaratdığı poetik anım və sözün tanış melodiya ilə ahəngdarlığı bənzərsiz bir gözəllik yaradır: Nazim Hikmətin bu şeirini oxuyarkən gözlərin qarşısında sözün vasitəsilə canlandırılan obrazları musiqinin müşayiəti ilə qavrayırsan. Həmin şeirin bədii arxitektonikasında Baxın musiqisinin sözlə, obrazla qavranılması arasında ciddi bir ortaqlıq var.
Öz tərcümeyi-halına görə musiqiyə daha yaxın olan Vaqif Səmədoğlu isə həm ona şeir yazdıran ovqatın musiqisini «bəstələyir», həm də həmin musiqinin sözlü, şəkilli obrazını canlandırmağa çalışır. Ona görə də Vaqif Səmədoğlunun yaratdığı obrazları, sözün obrazlı təqdimini vərdiş etdiyimiz ölçülərlə, adət etdiyimiz yanaşma tərzi ilə qavramaq xeyli çətindir. Əslində, Vaqif Səmədoğlunun şeirlərinin birmənalı qavranılması və yozumu mümkün deyil. Bu onun şeirlərinin təbiətindən irəli gəlir. Vaqifin şeirləri asanlıqla tutula bilməyən anım, assosiativ təsir genişliyinə görə əlamətdardır. Klassik musiqinin sözlə dərki və izahı çətin olduğu kimi, Vaqif Səmədoğlunun şeirlərinin də sözlə dərk və şərh olunması olduqca mürəkkəb və çətindir. Bizə elə gəlir ki, Vaqif Səmədoğlunun şeirləri haqqında danışarkən interpretasiyadan imtina etmək mümkün deyil. Hər hansı bədii, yaxud qeyri-bədii əsərin interpretasiyası isə, söz yox ki, həmişə subyektivdir.
Eşidirsənmi?
Amma necə eşidəsən...
İki il
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız.
Bir yandan da bu yağış...
Məntiqlə yanaşsaq, «Eşidirsənmi?» müraciətinin önündə labüd sual olmalıdır: Nəyi? Vaqif Səmədoğlu konkret olaraq sevincdən, dərddən, kədərdən söz açmır. Sorğusuna özü cavab (daha doğrusu, sual) verir: amma necə eşidəsən? İki il yeddi ayın ayrılığı insanları yadlaşdırır, ögeyləşdirir, tənhalaşdırır. Yağış obrazı isə şeirin mətninə çox həssas bir ovqat və təsvir, əyanilik yaradan metafora kimi daxil edilir. Şeirdəki ovqat sanki bütövlükdə yağışa yüklənib. İki il yeddi ayın ayrılığı və yağış. İnsanın doğma hənirə, həyana, ünsiyyətə ehtiyacını artıran yağış. Bəlkə də göz yaşını yada salan soyuq və sərt damlalar. Bu yağışda nəinki insan təkliyi, yalquzaqlığı sevən ən amansız canlı belə tənhalıqdan cana doyub özünə həyan axtarır.
Bu yağışda canavarlar da
Adam olub yorğan-döşəyə girmək istəyirlər.
Görürsənmi?
Amma necə görəsən...
Qurtarmayıb hələ də
Aramızdan keçən qatarın vaqonları.
Bir yandan da bu yağış...
Şeir misradan-misraya duyğuların alt qatına enir. Qulaqları və gözləri qapayan yalnız iki il yeddi ayın üstünə yağışlar yağan ayrılığı deyilmiş, həm də həmin müddət boyunca aradan keçən qatarın – anlaşılmazlıq, yadlıq və ögeylik karvanının göz qaraldan nəhayətsizliyi imiş. Bu karvan uzandıqca, bu yük dartıldıqca yağan yağış tənhalığın üstünə əlavə bir qorxu, bir təlaş gətirir, cansız qayanı belə üşütməyə sala biləcək hisslər oyadır.
Bu yağışda qorxudan
Səs-səsə verib bar-bar bağırır
Qobustan qayalarının öküzləri də!
Eşidirsənmi?
Burada poetik hissin daşıyıcısı Qobustan qayalarının təsvirləri yox, insan hissinin, insanın yaşadığı duyğunun mübaliğəsidir. Ayrılıqdan, tənhalıqdan, həyansızlıqdan və yağışdan insan deyirsən, hələ cansız daş da, Qobustan qayalarının üzərindəki təsvirlər də dilə gələ bilər. Ayrılığın, tənhalığın o üzündəki insan bunu eşidib-görə bilmir. Şeirin məntiqi bu nəticəni verir.
Amma necə eşidəsən...
İki il
yeddi ayın ayrılığıyla
tutulub qulaqlarımız.
Bir yandan da bu yağış...
Beləliklə, təsəvvürümüzdə ayrılığın, həsrətin, tənhalığın və qorxunun yağış damlalarının səsi ilə dillənən melodiyası canlanır. Qulaqlarımızda sanki bir blyuz səslənir. Şeirin ifadə vasitəsi olan söz öz işini yerinə yetirdikdən sonra yeni poetik funksiya qazanmış olur: onun yerində sözsüz, kədərli bir mahnının melodiyası qalır... Bu, mənim fərdi və subyektiv qənaətlərim ola bilər və əslində də belədir. Elə Vaqif Səmədoğlu poeziyasının özünəməxsus məziyyəti də məhz bundadır: bu poeziyanı həm də oxucu «yaradır», o (oxucu), ən azı, şeirin yaratdığı əhvalı hiss etməyə çalışarkən sözün təsir mühitinə düşür. Həmin təsir mühitində isə sözün özü ilə bərabər, yaratdığı havanı, melodiyanı yaşamaq zərurəti var. Bu melodiyanın duyulması son dərəcə fərdi bir hadisədir.
İlk şeirlərindən səslənən bu «daxili» melodiya sonradan yaradıcılığı boyu Vaqif Səmədoğlunun şeirlərini müşayiət etdi. İlk baxışda «qəribəlik» təsiri bağışlayan bu keyfiyyət şairin yaradıcılığının müəəyyənləşdirici amilinə çevrildi. Həmin «qəribə» şeirdən təxminən iyirmi il sonra Vaqif yenidən eşidilməyən bir mahnının şeirini yazacaqdı. Bu dəfə isə ayrılığın səsi qulaqlarına çatmayan şairin özü olacaqdı:
Yaman həzin, yanıqlı bir nəğmə kimi
Düşürsən yadıma,
Bu musiqisiz günlərin səssizliyində.
Şən mahnı,
Şux hava eşitmək arzusuyla
Tutulub qulaqlarım,
Eşitmirəm heç nə!
Bir kəs görünmür gözümə,
bəlkə də özüm dəymirəm
kimsənin gözünə.
Yeganə ümidim sən idin,
sən də belə düşürsən yadıma,
həzin, yanıqlı bir nəğmə kimi...
O da sözsüz.
Yada düşən sözsüz nəğmə, əslində, Vaqifin şeirləridir. Şeirimizin yeni dövrünün o qədər də asan qavranılmayan yaddaşıdır. Vaqif Səmədoğlu bu yaddaş içində sanki nə vaxtsa unutduğu melodiyanı xatırlamağa, «diriltməyə», ayaq üstə qoyub canlandırmağa çalışır və həmin melodiya anımlara, obrazlara, misralara çevrilərək şeir olur.
Rəngini və baxışını unutduğum
Bir göz düşmək istəyir yadıma,
Düşmür xoşbaxtlıqdan...
Mənasını və deyilişini unutduğum
Bir söz düşmək istəyir yadıma.
Düşmür xoşbaxtlıqdan...
Şair məhz bu qənaətlə də «Oxunmamış bir nəğmə yoxdur dünyada, təzədən və qəflətən yada düşənləri var», - deyir.
Vaqif Səmədoğlunun əksər şeirləri oxucu ilə yox, şairin özü ilə, öz dünyasında yaratdığı obrazlarla – Ölümlə, Ayrılıqla, Azadlıqla ... ünsiyyətdir, daxili mükalimədir. «Bir şeyə söykənməlidir axı insan kürəyi» deyən şairin şeirlərində Ölüm də, Ayrılıq da, Azadlıq da ... özü ilə baş-başa qalan insan kürəyinin söykəndiyi arxadır. Ən sonuncu söykək isə Allahdır. Vaqifin «özündən və dünyadan qaçıb» tənhalaşdığı anların şeirlərində ən çox üz tutduğu, ən çox dilə gətirdiyi Allah bizim inam və etiqad etdiyimiz varlıqdan fərqli bir OBRAZDIR. Vaqifin tapındığı, dərdləşdiyi Allah onun özünün yaratdığı bədii obrazdır. Vaqif Səmədoğlu şeirlərində bizim etiqad etdiyimiz, dinimizin bizə tanıtdığı ulu qüvvə ilə deyil, özünün yaratmış olduğu Allahla danışır.
...Göy üzü
uşaq təbəssümü kimi görünəndə gözə,
insan «Dünya gözəldir» deyəndə
üzünü tutub dənizə,
biz yox,
Allah inanır bizə.
Vaqif öz «yaratdığı» Allahla bəzən sözsüz, bəzən yad dildə, bəzən öz dilimizdə, ancaq hər dəfə şeir dilində danışır. Vaqifin təqdimindəki Allah öləri insanların pənah gətirdiyi Allahdan həm də onunla fərqlənir ki, O, bütün maddi arzuları yerinə yetirməyə borclu olan «sobes» deyil. Allah Vaqifin təsəvvüründə hər şeyə qadir olan uca Yaradıcı kimi deyil, ən sonuncu və səmimi «həmsöhbət» kimi dərk və təqdim olunur. Bu «həmsöhbət» sıx bir qələbəlik içində daim tənhalıq keçirən insan övladının Xilaskarıdır. Vaqifin şeirlərinin məntiqinə görə Xilaskarla insan arasındakı rabitə ona görə qırılıb, ona görə dumanlanıb ki, insanın duaları zədələnib, naqisləşib, Allahdan diləyi «maddi yardım ərizəsinə» çevrilib.
Vaqif Səmədoğlu keçmiş sovet məkanında ədəbiyyatda və ictimai düşüncədə narazılıq əhval-ruhiyyəsinin genişləndiyi, dissidentliyin hərəkata çevrildiyi bir zamanda yazıb-yaratmağa başlamışdı. «Dövrandan şikayət» o dövrün bütün şair, nasir, dramaturq və publisistlərinin yaradıcılığının aparıcı motivinə çevrilmişdi. Bu, o zaman idi ki, böyük bir bəşəri yalanın üstü açılmışdı, «əxlaq kodeksi» yenicə qəbul olunmuş, qəbul olunan kimi də iflasa uğramış kommunizmin qurulacağına daha heç kəs inanmırdı. Buna yəqin ki, heç Kremlin özündə də inanan qalmamışdı. İctimai əxlaqda total «ikiləşmə» yaranmışdı. Əsl həqiqəti hamı bilir, lakin hamı demirdi. Keçmiş SSRI məkanında sənət öz missiyasını yerinə yetirərək bu təzada qarşı çevrilmişdi və həmin etirazı Vaqifin və onunla bərabər yazıb-yaradanların, hətta vaxtilə var səsi ilə Lenini, Stalini, kommunizmi, bolşevizmi, kolxozun «faraş qozalarını» tərənnüm edənlərin şeirlərində də görmək çətin deyil. Həmin illərdə rus ədəbiyyatında «yaddaş mühakiməsi» genişlənməkdə idi (məsələn, A. Tvardovskinin həmin illərdə yazılan, lakin sonralar nəşr olunan «Yaddaşın mühakiməsi» poemasında olduğu kimi). Əksər hallarda özünü təmizə çıxarıb başqalarını mühakimə edən bu təmayül bizim ədəbiyyatda da var idi. Bütün bunlarla bərabər, mənə elə gəlir ki, Vaqif Səmədoğlunun poeziyasında olmayan əlavə ictimai dəyərlər axtarmaq, ondan Soljenitsın yaratmaq da perspektivli və lazımlı cəhd deyil. Buna görə də Vaqif Səmədoğlunun yaradıcılığına guya «demək istədiklərinin həqiqi mahiyyətini azdırmaq, rəsmi senzuradan, ədəbi ictimai rəydən qorunmaq üçün ən müxtəlif üsullardan və ünvanlardan istifadə etməsi» məntiqi ilə yanaşmaq, məncə, Vaqifin şeirlərinin düzgün qavranılmasına mane olur. Vaqif Səmədoğlunun şair kimi məziyyəti ondadır ki, nə istəyibsə və nəyi necə demək istəyibsə, eləcə də deyib, yazıb. O başqa məsələdir ki, Vaqifin dedikləri rəsmi ideologiya keşikçilərinin, senzuranın ürəyincə olmayıb. Vaqifin şeirlərinə qarşı irəli sürülən mühakimələrin əsas səbəbini onun «ata kölgəsini» qəbul etməməsində axtarmaq daha doğru olardı. Yəni Vaqifi çox vaxt «arxada» mühakimə edənlər bu məntiqə söykənir, onun Səməd Vurğun ənənəsinə «dönüklüyünü» əsas gətirirdilər. Digər tərəfdənsə, Vaqif Səmədoğlunun poeziyası öz təbiətinə görə, «təmiz ədəbiyyat»dır, «siyasi lirika» deyilən anlayışa sığmır. Vaqif Səmədoğlu vaxtilə Vyetnamın dərdini qələmə alarkən Azərbaycanın ağrılarını nəzərdə tutduğu kimi, Azərbaycanın dərdini qələmə aldığı şeirlərdə də Vyetnamın, nə bilim, Fələstinin bölünmüş, haqqı əlindən alınmış torpaqların üstündəki insanların ağrılarını ifadə edir... Və həmin ağrılar bölünməmiş ölkələrin vətəndaşlarının da içində baş qaldıra biləcək ağrılardır. Bu mənada, Vaqif Səmədoğlu bölünmənin, birləşmənin yox, ağrının şairidir. O, dövlətin, torpağın, bayrağın yox, insanın şairidir. Vaqif Səmədoğlu dinin, inamın, əqidənin, ideyanın, ideologiyanın deyil, yenə məhz insanın şairidir:
Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni.
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.
Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.
Vaqif Səmədoğlunun şeirlərinin aparıcı motivi insanın tənhalığıdır. (Bir vaxtlar siyasi terminologiyada çox dəbdə olan «milli tənhalıq» ifadəsini də ilk dəfə Vaqif Səmədoğlu «Azadlıq» meydanının tribunasından yüz minlərlə insan seli qarşısında işlətmişdi. Söz yox ki, Vaqif bəy yuxarıdan aşağı yüz minlərin «həmrəy», «həmfikir» qələbəliyinə baxa-baxa, həmin qələbəliyə müraciət edə-edə, ən azı o yüz minlərin içində özünün tənhalığını hiss etməmiş deyildi). Vaqif Səmədoğlu poeziyasındakı Tənhalığın zirvəsindən baxanda, adamın gözləri qaralır. Şairin poetik qənaəti insanların eyni səma və eyni dam altda yaşayıb, eyni dildə danışıb, eyni qayğılara qatlaşıb, hətta bir yastığa baş qoyub bir-birindən xəbərsiz olmasına israrlıdır. Ancaq eyni şüar söyləyən, eyni anda əl, eyni anda fit çalan yüz minlərlə insanın tənhalığını bir yerə bağlayan əbədi şeylər də yox deyil. Vaqif Səmədoğlunun şeirlərində «Nəğməsi birdən kəsilmiş xordan qalan tənha səsin» əbədiliyini hiss etmək mümkündür. Vaqifin bütün şeirləri, bütün nəğmələri həmin əbədi tənha səsin sorağıdır. Və...
Yox, bu lal yalqızlıqda,
Bu tənhalığın səhra sükutunda
Orkestr səslənməlidir bir gün,
Güllə kimi açılmalıdır mütləq...
Məti Osmanoğlu
GOYCE.AZ
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024