Müharibənin yaşı bəşəriyyət qədər qədimdir. İnsanlıq var olduğundan bəri özüylə bərabər, savaşları da sürükləyir.
Texnologiya inkişaf etdikcə müharibənin forması, öldürmənin şəkilləri də dəyişir. Dini nöqteyi-nəzərdən yanaşsaq, ilk ölüm iki əzəli insan Adəm və Həvvanın övladları Habillə Qabil arasındakı rəqabətdən doğub. Qardaşının Allahın sevimli bəndəsi olduğunu qəbul etmək istəməyən Qabil Habili öldürür. Bəzi qaynaqlara görə, Qabil qardaşını daş parçası, digərlərinə görə isə bir heyvanın çənə sümüyü ilə öldürüb. Bu çənə sümüyü xristian mifologiyasında fövqəltəbii gücə malik silah kimi qələmə verilir. Ona sahib olan ölümsüz olmaqla yanaşı, qarşısıalınmaz gücə malik varlığa çevrilir. Mələklərin və iblislərin kabusuna çevriləcək qədər dəhşətli yıxıma rəvac verir.
Tarixi qaynaqlara nəzər salsaq, oxşar nəticələr qarşımıza çıxır - insanın ilk silahı daş və sümük olub. Şüur inkişaf etdikcə silahlar da inkişaf edib. Müharibələr daha qanlı, daha dağıdıcı vüsət alıb. Buna nümunə kimi, İkinci Dünya müharibəsində ABŞ tərəfindən Yaponiyaya qarşı 3 gün içində iki dəfə istifadə edilən nüvə bombasını göstərmək olar. Amma o vaxtdan çox sular axıb. Artıq müharibə anlayışı daha fərqlidir. Hətta hazırkı ballistik raketlər həmin nüvə bombalarından qat-qat dağıdıcı ola bilir.
***
İlk qlobal hərb 106 il əvvəl baş verən Birinci Dünya müharibəsidir. Elmi-Texniki Tərəqqinin başlanğıcına təsadüf edən savaş bir çox silahların təcrübə meydanı da olub. Zəhərli bombalar, təyyarələr, hətta tanklar, eləcə də digər hərbi yenilikləri bu müharibənin nəticəsi kimi qiymətləndirmək olar.
Təyyarələrdən hərbi məqsədlərlə yararlanan ilk dövlət İtaliya olub. 1911-ci ildə Osmanlı İmperiyasına qarşı bombardman və kəşfiyyat məqsədilə istifadə edilən təyyarələr həqiqi anlamda ölkələrin arsenalına İkinci Dünya müharibəsində daxil edilib. İlk vurulan təyyarə də italyanların olub. Elə həmin il Osmanlı əsgərləri düşmən təyyarəsini tüfəng atəşilə vurub salıblar.
Təyyarələrin inkişafının qızıl dövrü iki dünya müharibəsinin arasındakı dövr - 1918-1939-cu illər hesab edilir. İlk qlobal müharibənin qazandırdığı avantajlar, üzə çıxardığı çatışmazlıqlar sürətlə tərəqqi edən texnikanın hesabına minimuma endirildi. Beləcə, İkinci Dünya müharibəsində təyyarələr az qala kütləvi qırğın silahına çevrildi.
Lakin texnologiya inkişaf etdikcə müharibələr daha ölümcül və daha problematik prosesə çevrilməkdə davam edir, təyyarələrdən hər gün müasirləşmə tələb olunurdu. Müharibə elminə yeni baxış bucağı gətirmək lazımdı. Bu, pilotsuz uçuş aparatları (PUA) oldu.
PUA-lar sensor, avtopilot, nəzarət mexanizmi, müşahidə kompleksi sistemləri quraşdırılır. Bu aparatlar vasitəsilə kəşfiyyat və ya müşahidə aparmaq, pilotlu təyyarələrlə müqayisədə daha asandır. Çünki bəzi yerlərdə hava şəraiti, relyef, hərbi təhlükə baxımından illərlə təlim keçilmiş, ustalaşmış pilotları riskə atmaq o qədər də ağıllı qərar olmaya bilir. Bundan başqa, nəzarət kənardan olduğundan idarədə, verilən ani qərarlarda səhv daha az olur. Bu faktor aviazərbə zamanı da özünü göstərir.
İlk PUA 1916-cı ildə ingilis fiziki və mühəndisi Arçibald Monteqomori Lou tərəfindən yaradılıb. Lou radioizləmə sistemlərinin atası hesab olunsa da, məsuliyyətsiz davranışı, eləcə də ünsiyyət problemləri üzündən, demək olar ki, heç bir layihəni tam başa çatdırmayıb. Əksinə olsaydı, o, Eynşteyn, Tesla kimi dahi səviyyəsinə çata biləcək elm adamıydı.
PUA-ların yaradılmasının mümkünlüyünü proqnozlaşdıranlardan biri elə Nikola Tesla özü olub. O, 1898-ci ildə Madison Square Garden-də keçirilən elektrik sərgisində radiodalğa vasitəsilə idarə edilən kater modelini nümayiş etdirib. Lakin nədənsə bu layihə elə sınaq olaraq qaldı.
İlk bahalı və mürəkkəb təcrübələrdən biri, "Hewitt-Sperry" avtomatik təyyarəsiydi. ABŞ Donanması və ixtiraçı Elmer Sperri və Piter Hevit tərəfindən inkişaf etdirilən bu aparat pilotsuz bombardmançı və ya uçan torpedo kimi xarakterizə olunurdu. Radiodalğalar vasitəsilə idarə olunan cihaz bir növ kamikadze-dron rolunu oynamalıydı. Layihə sınaq mərhələsindən keçə bilmədi. Bir neçə uğursuz təcrübədən sonra yarımçıq dayandırıldı.
Birinci Dünya müharibəsindən sonra bu sahəyə yenidən diqqət artdı. Britaniya Royal Flying Corps-in hərbi qulluqçusu Reginald Denni bu sahədə ciddi irəliləyişə nail oldu. Belə ki, onun qurduğu şirkət İkinci Dünya müharibəsi illərində orduya on beş min dron tədarük etmişdi.
Müharibədən sonra bir sıra ölkələr sözügedən sahəyə ciddi məbləğlər yatıraraq parlaq nəticələr əldə etdilər. ABŞ, İsrail və nəhayət, Türkiyə bu qəbildəndir.
Azərbaycan Müdafiə Sənayesi də öz növbəsində müxtəlif təyinatlı hərbi dronların yaradılması üzərində müntəzəm iş aparır. Eyni zamanda, ordumuzun arsenalını zənginləşdirmək üçün istehsalçı ölkələrdən PUA-lar alınır. Azərbaycan Ordusunun arsenalında önəmli yerə sahib dronlardan biri də "Bayraqdar TB2"dir.
***
Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində geniş şəkildə istifadə edilən bu PUA özünü bir çox cəhətdən uğurla təsdiq edib. Artıq ermənilərin qorxulu röyasına çevrilməyi bacarıb. Müdafiə Nazirliyinin hər gün təqdim etdiyi videolarda düşmənin texnika və canlı qüvvəsinin məhvinin görüntülərinin çoxunu da hücumu həyata keçirən "Bayraqdar" qeydə alıb.
Türkiyədə istehsal edilən PUA və SPUA-lar (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) Dağlıq Qarabağdakı münaqişə şəraitində dünyanın diqqət mərkəzindədir. Türkiyədən alınan PUA-lar sayəsində Azərbaycanın daha böyük hərbi üstünlük qazandığı deyilir.
Dağlıq Qarabağdakı qarşıdurmadan əvvəl də, bir çox hərbi analitik Türkiyəni PUA sayəsində qlobal müdafiə sənayesinin liderlərindən biri hesab edirdi.
PUA-ları inkişaf etdirən Türkiyə İsraillə və ABŞ-a bağlı qalmaq istəmir və qabaqcıl texnologiyalara əsaslanan yeni cihazlar istehsal edir.
France24-ə müsahibəsində "Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?" sualına cavab verən Azərbaycan Prezidenti özünəməxsus eyhamla: "Hədəflərimizə çatmaq üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır", - deyib. Azərbaycan Prezidenti Türkiyənin "A haber" telekanalına dronların necə təsir yaratdığından da danışıb: "Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsalı PUA-lar ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib".
***
Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş təyyarəsi olan "Bayraqdar" "Baykar Makina" şirkəti tərəfindən istehal edilir.
Türkiyə "Bayraqdar TB2" dronlarının istehsalına 2014-cü ildən başlayıb. Səbəb ABŞ-ın ona müvafiq uçuş aparatlarını satmaqdan imtinası olub.
2014-cü il iyunun 14-də tam yüklə həyata keçirilmiş uçuş sınağında 27.030 funt yüksəkliyə qalxıb. 5-6 avqust tarixlərində həyata keçirilmiş uçuş testində tam yüklə 18.000 funt yüksəklikdə 4040 km qət edib. Test zamanı aparat 24 saat 34 dəqiqə ərzində uçuş həyata keçirib.
Sistem 2015-ci ildə Türkiyə Silahlı Qüvvələri arsenalına daxil edilib. Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi "Pəncə" Əməliyyatında, Suriyadakı vətəndaş müharibəsində və İkinci Liviya vətəndaş müharibəsindəki müdaxilələr dövründəki əməliyyatlarda fəal şəkildə istifadə olunub. Bu sistem Türkiyə ordusundan başqa, Azərbaycan, Qətər və Ukrayna ordularının da arsenalına daxil edilib.
Sözügedən PUA 10 saat hava qalır, 18.000 funt yüksəklikdə əməliyyat apara bilən sistem 150 km rabitə radiusuna malikdir.
PUA UMTAS raketləri, tank əleyhinə raketlər və hava bombaları daşımaq qabiliyyətinə malikdir. Dörd raketlə silahlanan "Bayraqdar TB2" 12 saatdan çox havada qala bilər. Bu, davamlı hava kəşfiyyatı aparmağa, hədəfləri müəyyənləşdirdikdən sonra zərbə endirmək üçün cəbhə xəttinə sürətlə yaxınlaşmağa imkan verir. Reaksiya müddəti aviasiya ilə müqayisədə çox yüksək olur və qısa müddətdə mövcud hədəflərə təsirli şəkildə müdaxiləni mümkün edir.
Dronun uzunluğu 6,5 m, qanad genişliyi 12 m, maksimum qalxma çəkisi 650 kq, yük tutumu 55 kq-dır.
Maksimum sürəti 222 km/saat olsa da, normal uçuş sürəti 130 km/s-dır.
24 saat avtonom idarəetməyə malik PUA maksimum 8200 m hündürlüyə qalxa bilir. "Rotax 912" daxili yanma mühərriki ilə təchiz olunub. Gövdə kompozit materiallardan hazırlanıb. Avtomatik qalxma-enmə sisteminə sahib PUA-da, iddiaya görə, köhnə hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün elektron döyüş avadanlığı var.
Yayılan məlumatlara görə, Qarabağ döyüşlərindən sonra "Bayraqdar" aparatlarına maraq göstərən ölkələrin sayı artıb. Qeyd edək ki, "Bayraqdar TB2"nin qiyməti 5 milyon dollardır.
Hücum dronu operatorun nəzarəti altında və ya müstəqil olaraq fəaliyyət göstərir. Bu aparatlar ehtiyac olduqda GPS və idarəçi olmadan belə, yerini dəyişə və yerə enə bilir. Kəşfiyyat, müşahidə və ya zərbə üçün istifadə edilir. Türkiyənin Roketsan Roket Sanayii ve Ticaret A.S. şirkəti tərəfindən istehsal olunan lazer idarəçiliyi ilə idarə olunan MAM (Mini Akıllı Mühimmat - Smart Mini Sursat) tipli bombaları daşıyır.
"Bayraqdar TB2"nin digər əsas üstünlüyü odur ki, çəkdiyi görüntüləri real vaxt rejimində idarəetmə mərkəzinə ötürə bilir. Buna görə də cihazın daşıdığı raketlər vasitəsilə hədəfləri 100 faiz dəqiqliklə vurmaq mümkün olur.
TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii A.Ş.) və "Baykar" şirkəti Türkiyənin aparıcı dron istehsalçılarıdır. PUA istehsal edənlər arasında həmçinin, Vestel və STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) şirkətləri də var.
"Baykar"ın istehsal etdiyi "Bayraqdar TB2" pilotsuz təyyarəsi ən yaxşı dronlardan biri kimi tanınır.
O, raket daşıya bilən ən kiçik SPUA-lardan biri olduğu üçün öz rəqiblərindən seçilir.
"Bayraqdar TB2" müntəzəm hava nəzarəti və kəşfiyyat vəzifələrini yerinə yetirən PUA hesab olunur. Eyni zamanda, o, hədəfə zərbə endirmək qabiliyyətinə görə SPUA kimi də istifadə oluna bilər.
***
"Bayraqdar TB2" hücum dronunun ideya müəllifi və yaradıcısı türkiyəli iş adamı, mühəndis, texniki direktor və "Baykar Makina"nın ortaq sahibi Səlcuq Bayraqdardır. Atası Özdəmir Bayraqdar aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı üzrə ixsisaslaşan "Baykar Makina" şirkətinin qurucusu və sahibidir.
S.Bayraqdar təhsil həyatına Sarıyer İbtidai məktəbində başlayıb. 1997-ci ildə isə Robert Kollecini bitirib. Elə həmin il, İstanbul Texniki Universiteti Elektron və Rabitə Mühəndisliyi Bölməsində ali təhsilinə başlayıb. Universitetdə təhsili müddətində Pensilvaniya Universiteti GRASP laboratoriyasında staj keçib. Təcrübə müddətində təqaüd verildikdən sonra 2002-2004-cü illər arasında Pensilvaniya Universitetində pilotsuz təyyarələr ixtisası üzrə magistr dərəcəsini tamamlayıb.
Massaçusets Texnologiya İnstitutunda ikinci magistr dərəcəsini pilotsuz hava vasitələrinin aqressiv manevr nəzarəti üzrə təqaüdlə bitirib. Bu dövrdə o, professor Corc Pappas və professor Erik Feronun köməkçisi kimi çalışıb. Dünyada ilk dəfə həyata keçirilən PUA forması uçuş təcrübələri, quru və hava koordinasiyalı robot qrupları, uçuşa nəzarət və rəhbər sistemlər haqqında elmi araşdırmalar aparıb.
2007-ci ildən etibarən, ailəsinə məxsus "Baykar Makina" şirkətinin texniki direktoru (CTO) kimi çalışır. Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil olan ilk pilotsuz uçuş aparatı "Bayraqdar Mini PUA"-nın yaradıcısıdır. Türkiyənin ilk hücum pilotsuz uçuş aparatı "Bayraqdar Akıncı"nın (PUA) yaradılmasında xüsusi əməyi olub. "Türkiyə Texnologiya Komandası" (T3) fondunun təsisçisidir. Vəqfin təsisində məqsəd texnologiyaya həvəsli olan müəyyən yaş qruplarındakı insanları araşdırma aparmağa təşviq etmək, texnoloji təşəbbüsləri dəstəkləmək və istehsala dəstək verməkdir. Türkiyədə kosmik sahədə görülən işləri tanıtmaq üçün "Teknofest" festivalını təşkil edib.
S.Bayraqdar öz işi haqqında belə deyir:
"Mənim fəaliyyət göstərdiyim sahə elektronik idarə ilə bağlıdır. Bu gün izləmə və məlumat toplama mexanizmlərini hazırlayan elə çox insan yoxdur. Mən pilotsuz təyyarələrin uzaqdan idarə edilə bilməsi və lazımi bölgələr üzərindən uçaraq müəyyən məlumatları toplaması üçün gərəkli olacaq robotik beyin sistemi hazırlayıram və birbaşa olaraq həmin sistem təyyarəyə yerləşdirilir".
Səlcuq Bayraqdarın mühəndis olan atası oğlunu hər şeyə maraq göstərəcək şəkildə böyüdür. Özü də pilotluq kursuna yazılır, bu marağını oğluna da təşviq edir, uçuşlara onu da aparır.
S.Bayraqdarın sözlərinə görə, bir dəfə ayağımız yerdən üzüldüsə, bu istək peyvənd kimi, qanımıza yeriyir. Xəyalının həmişə pilot olmaq, təyyarə düzəltmək olduğunu deyən məşhur mühəndis robotexnikaya marağının da uşaqlıqdan gəldiyini bildirir.
Səlcuq Bayraqdar karyerasından əlavə, şəxsi həyatında da xeyli uğurlu şəxs kimi qələmə verilə bilər. Belə ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da yaxşı münasibətlər qurub. Mühəndisin sözlərinə görə, bu əlaqələr uzun illərə, hələ Ərdoğanın İstanbulun başçısı kimi çalışdığı zamanlara gedib çıxır. Həmin əlaqələr vaxt keçdikcə o qədər güclənir ki, Səlcuq 2016-cı ildə Prezidentin qızı Süməyyə ilə ailə həyatı qurur. Bu evlilikdən onların bir qızı dünyaya gəlib.
Bir qədər bədii yanaşsaq, bu, nağıllar aləmindəki hər kəsin arzusudur. Əksər nağıllar padşah qızı ilə evlənən baş qəhrəmanın şücaətlərindən bəhs edir...
S.Bayraqdar Azərbaycana sevgisilə də diqqət çəkir. Qarabağda gedən müharibəni diqqətlə izləyən Bayraqdar Tvitter hesabında bununla bağlı PUA-ların zərbə anını da paylaşıb. Bundan başqa, o, Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətinin ardınca paylaşım edərək bu teraktı qınamışdı:
"Savaşın belə bir əxlaqı var! Tank tanka, təyyarə təyyarəyə, hərbçi hərbçiyə, tüfəng tüfəngə... Müdafiəsiz məsum dinc sakinlərə, uşaqlara, əl boyda körpəyə toxunan zalımdır, qorxaqdır, bədheybətdir..."
Səlcuq Bayraqdar "Türk PUA-larının atası" adlandırılır. Əslində, bu bənzətmədə qətiyyən mübaliğəyə yol verilməyib. Hətta böyük güclərin bəzilərinin uğursuz olduğu PUA istehsalında "özü üçün kiçik, bəşəriyyət üçün böyük addım"lar atan ixtiraçı Türkiyənin bu sahədə ilk beşliyə daxil olmasına töhfə verib.
"Bayraqdar"ların düşmənlərin başı üzərindən əskik olmasın, əzizimiz Bayraqdar!
Cavid Qədir,
525.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024