ADIM ƏLƏSGƏRDİ, GÖYÇƏ MAHALIM !

11:31 / 26.01.2021
Baxılıb: 8512

Peyğəmbərlərin sonuncusu, Məhəmməd Peyğəmbər, peyğəmbər aşıqların sonuncusu isə, hələlik, Aşıq Ələsgərdir.  Akademik Yaşar Qarayev

 

 

Göyçəni görən ağladı,

Aralı düşən ağladı...

Bir də yönüm o Vətənə

Nə vaxt düşər, ağladı...

Çox-çox yəqin ki, bu gözəl, Göyçə hayqırtılı, yurd sevgili misraları nə şərh etməyə ehtiyac var, nə də anlatmağa. Kökü- kötüyü yurduna – Vətəni Göyçəyə bağlı olan saz-söz sənətkarı Dədə Ələsgəri Göyçədən - yurdundan qoparmağa , bölünmüş, itirilmiş yurdlarımızı bir daha bölməyə, param-parça etməyə namərd birilərinin gücü çatmaz, nədən ki, “Bir şəm ki, həqdən yana, əbədən sönməz”. Haqdan yanan bir Ocaq, bir yurd iblis əlindən söndürüləmməz. Aşıq Ələsgər ümmansız dənizdir, nə qədər Ələsgər adlı dəniz var, sahili də olacaq. Və o sahil körpüyə yan alacaq Gəmini gözlər... Aşıq Ələsgərin kökünü-kötüyünü, kimliyini tədqiq etmək istəyənlər yaxşı olardı ki, öz kimliklərinə baxaydılar. Ulu Göyçənin şair oğlu Eldar İsmayıl yaradıcılığında Dədə Ələsgərin möhtəşəm tərənnümü bizlərə nələr, nələr demir: .

Ulu Göyçə, ululardan ulusan,

Çəmənlisən, çeşməlisən, sulusan.

Ələsgərin gövhəriylə dolusan,

Dünya boyu bu xəzinən var olsun,

Bar gətirsin, bəxtin sənə yar olsun!

Sazın-sözün vətəni, Dədə Qorqud məskəni, uzun illər dünyaya saz- söz Vətəni, Aşiqlər- Aşıqlar məskəni kimi tanınan qədim türk-Oğuz eli, Türkün 7 minillik əsən yelləri–sazlı, sözlüydü Göyçə, Qoca Dağdan, Sarı Nərdən əsən yellərdir Göyçə, Göy Türkün yeddi min illik tarixi məkanıdır Göyçə... Nənə- Baba məzarları, ayaq izləri, cığırlarıdır Göyçə. Yaxşısı budur ki, Göyçənin tərənnümü Dədə Ələsgərə verək. Bəli, Dədə Ələsgərin yaradıcılığı başdan-ayağa o yerlərin toponimləri, etnoqrafiyası, tarixi məkanları və məqamları ilə yoğrulub. Bu yerlər bəni- binadan Aşiqlər eli- Aşıqlar Vətəni kimi tanınmışdır. Dədəm Qorquddan üzü bu yana IX əsrdən etibarən Ozan Heydər, Sarıyaqublu, Şah İsmayıl müridi Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Dədə Ələsgər, Novrəs İman, Zodlu Abdulla, Həsən Xəyallı, Bəhmən Qarayev, Xəstə Bayraməli, Aşıq Əsəd, Aşıq Nəcəf, Aşıq Əli Mazanoğlu, Aşıq Məhərrəm, Aşıq İmran, Aşıq Hacı kökü- kötüyü Göyçəyə bağlı Aşıq Ədalət, və s. təbii, bu adları olduqca çoxaltmaq olar. Nə gizlədim, Göyçə adı çəkildikcə, Dədə Ələsgərin şeiriyyəti vərəqləndikcə, yenə Göyçədəyəm ki, Göyçədə! Bizə atılan daşların sorağı uzaqlardan gəlir, bu daşların adı Türkün adının ucalığına atılır, halal, bərəkətli torpaqlarımıza atılır, ən öncəsi isə səxavətimizə- insanlığımıza atılır. “Sən Türk olduğunu unutsan da, düşmən əsla unutmaz"- Ə. Elçibəy.

Min illərin sonrasına bəsdi- bəs,

Min illərin əvvəlindən baxan dərd.

Z. Yaqub.

Bu daş çoxdan atılmışdı, indi çatırdı! Aşıq Ələsgər yaradıcılığını bir qədər təhlilə keçsək, Göyçənin toponimləri, tarixi qaynaqları, adət- ənənələri Ustad Ələsgər yaradıcılığında olduqca sərrast həkk olunub. Əvvəla Aşıq özünü yaradıcılığında tez- tez təqdim edir, bu isə onun Vətəni- doğulub boya- başa çatdığı Göyçəsinə məhəbbətindən, əsil- kökünə olan hörmət- izzətindən irəli gəlir:

İstəsən ki, Ələsgəri görəsən,

Göyçə mahalıdı mahalım mənim!

Yaxud, Aşıq yaradıcılığından daha bir misal:

Püşti-pənahına daldalanmışam,

Adım Ələsgərdi, əslim Göyçəli!

Göründüyü kimi, Ələsgər böyük sevgisiylə Göyçəli olduğunu hər zaman dünyaya şərəflə bəyan edir, Göyçə isə öz oğlunu mükəmməl bir halda dünyaya təqdim edir. Göyçə Ələsgəri dünyaya təqdim etdi, Ələsgər isə Göyçəni! “Adım Ələsgərdi, Göyçə mahalım”- bu deyim isə çəkinmədən deyə bilərəm, Aşıq Ələsgər yaradıcılığının şah beytidir! Aşıq Ələsgər yaradıcılığında Göyçənin- bir ilahi yurdun, bir ilahi eşqin ətri gəlir. O ətir ki, adına Vətən ətri deyilir. Vətən adlı müqəddəs bir ətir! Onun qoşmalarından, yaradıcılığından dağ yamaclarından, gül- çiçək içindən, lalə- bənövşə, nərgizli, kəkotulu Vətən torpağından alınan zövqün, bəxtiyarlığın, Göyçənin- elat gözəllərinin, alagözlü qız- gəlinlərinin gözəllik ab- havası gəlir, xoşbəxtlik soraqlıdır bu zərif misralar:

Tavuz kimi xoş bəzənib durubsan,

Alagözə siyah sürmə vurubsan.

Sağ ol səni, yaxşı dövran qurubsan,

Bu dünyanın sonu puçdu, Güləndam!

Aşıq Ələsgər yaradıcılığında daha mühüm bir məqamı qeyd etmək yerinə düşər, belə ki, onun yaradıcılığında vəsf etdiyi gözəllər, təbii gözəllərə verilən dürüst qiymət, gözəlliyin tərənnümündə işlənən ifadələr şirindir, xoşdur, daha doğrusu, Göyçə ətirlidir:

Tuti dilli, sərvi boylu Salatın,

Yoxmu mərhəməti bu səltənətin!?

Göndər gəlsin Ələsgərin xələtin,

Eyləmə əməyim zay, Sarıköynək!

Ustad yaradıcılığında gözəllərə yanaşma, edilən tərif, verilən qiymət tamam ayrı dəsgahdır, ayrı bir yanaşmadır. Onun aləmində gözəl gözlər “Ala gözlər”dir. Bəli, Göyçə ab-havasına uyğun “Ala göz”- mavi- yaşıl gözlər, ağbəniz, sarışın, bir qədər çilli simalar, mütənasib bədən, bənövşə ətirli, əhdinə vəfalı, düz ilqarlıdır Ələsgər gözəlləri:

Gəl elə süzdürmə ala gözləri,

Vurma ürəyimə yara, Bəyistan!

Ala gözlər Ələsgər yaradıcılığında olduqca tez-tez hallanır, bəzən düşünürsən, bəlkə də, ala gözlü Səhnəbanuya olan sonsuz eşqi, aşiqliyi, divanəliyi onu “Ala göz”ləri ən uca mərtəbəyə qaldırmağa imkan vermişdir. Bəlkə yox, bu elə belədir ki, var:

Müddətdir gözümdən olubdu iraq,

Əridib cismimi dərdü- qəm fəraq.

Büllur buxaq, lalə yanaq, ay qabaq,

Ala gözlü Səhnəbanım gedibdi!

Azərbaycan- Göyçə gözəllərinin simvoludur onun yaradıcılığı! Dədə Ələsgər yaradıcılığının digər bir adı isə halallıqdır, səxavətdir, kəramətdir, səxavətə, kəramətə verilən qiymət- budur Ustad Ələsgərin mənəviyyatı:

Könlüm qəmgin, ürək dərdli- vərəmli,

Səni gördüm səxavətli, kərəmli.

Bir mirzə lazımdı əli qələmli,

Mən deyim vəsfini yaza, Müşgünaz!

Ulu Göyçə adlı bir müqəddəs pirdi, ocaqdı Dədə Ələsgər yaradıcılığı. Gözəllik aşiqi bir qəhrəmandır Ələsgər, namusun, qeyrətin simvoludur Ələsgər, ünvanıdır Dədə Ələsgər, başdan- ayağa xalqının- Göyçənin, Azərbaycanın ruhudur Aşıq Ələsgər yaradıcılığı! İçi, çölü, qəlbi nəcibliklə, namus-qeyrətlə döyünən bir ustaddır Ələsgər.

Yaxşı hörmət, təmiz ad ilə,

Mən dolandım bu Qafqazın elini.

Pirə ata dedim, cavana qardaş,

Ana- bacı bildim qızı-gəlini!

Budur, Göyçəli Ələsgər mədəniyyəti, Göyçəli Aşıq Ələsgər mənəviyyatı; Azərbaycan klassik Aşıq ədəbiyyatının dürr- gövhəridir Ələsgər:

Bir təmiz ad ilə ellər dolandım,

Nə çor deyən oldu, nə qələt eylə!

Budur Əlsgər Dədənin böyüklüyü, namus- ar, mərdlikdir yolu! Ana- Atalarımızın bizlərə öyrətdiyi düzgünlük və dürüstlük yolu, o yol ki, Dədə Ələsgərdən, Dədə Ələsgərə isə Ozan Heydərdən, üzü uzaqlara dönsək, Dədəm Qorquddan gəlir, türkün 7 minillik tarixindən gəlir, Göytürk xaqanlığından gəlir kökləri dərinlərə işləmiş əslimiz- nəslimiz və halallığımız. O dürüstlük, o düzgünlük, o halallıq ki, var- dövlət əsiri deyil, insana mərdliyinə görə qiymət- izzət verir Dədə Ələsgər:

İnsanda insanlıq, səxavət olsun,

Neylərəm ki, cah- cəlalı varıymış!...

Bu kimi nümunələr olduqca çoxdur və Ələsgərin mənəviyyat yüksəlişi tərənnümüdür bu şah beytlər. Əslində isə onun bütün yaradıcılığı şah beytlərdən ibarətdir:

Qüdrətdən ucalan zülm ilə enməz,

Haqdan yanan çıraq bad ilə sönməz!

Bax bunlardır xalqın ruhu, atalar sözüdür, hikmətli kəlamlar, müqəddəs məkanlar, aforizmlərdir Dədə Ələsgər! Ustad yaradıcılığı atalar sözləri, aforizmlər, zərb- məsəllər, hikmətli sözlər, el deyimləri, bir sözlə, başdan- ayağa bir Göyçə folklorudur! Məhz bu bütünlüyünə görə yaddaşlarda belə asanlıqla qalır, sevilir, hər an gözlər önündə haqqın əliylə yaradılan gözəl bir Göyçə tablosu yaranır;

Bahar fəsli, yaz ayları gələndə,

Süsənli- sünbüllü laləli dağlar!

Yaxud hər beyti, qoşması, gəraylısından nəticə yağan, məntiqə- folklora söykənən gözəlliklər insanı bir daha düşündürür, bir daha məcub edir:

Endiribən məclisimə gəlmirsən,

Yoxsa taxtın Süleymana dönübdü!?...

Bu kimi misallar Dədə Ələsgər yaradıcılığında o qədər çoxdur ki, bilmirsən hansına müraciət edəsən, hər birisi insanın yol göstəricisi ola bilir, məsələn, “İnsan üzün görməyəsən dönəndə”. Əzəli- əbədi dünyanın faniliyi və bu beytlər insanı- səni, məni İnsan kimi yaşamağa səsləyir və nə qədər vaxt var ikən yaşa deyir,- “Ey yer üzünün əşrəfi insan”;

Atəş alıb çox da yanma, Ələsgər,

Sənətindən heç usanma, Ələsgər,

Öz- özünə qubarlanma, Ələsgər,

Bu dünyanın Rüstəm- Zalı varıymış!

Bir çox hallarda isə Ustadın harayını- fəryadını eşidirsən, axı hamı kimi o da Allahu- təalanın xəlq etdiyi varlıqdır və onun bu nisgili, sədası olduqca təbiidir:

Yazıq Ələsgərdən üz döndəribsən,

Ya bəxt yatıb, ya zamana dönübdü!

Belə misallardan Ustad yaradıcılığından minlərcə misal gətirmək olar, ancaq bir məsələ də var ki, Aşığın yaradıcılığının olduqca güclü tədqiqatçıları və heyranları vardır, mən də o heyranlardan biri kimi- bir Göyçə qızı kimi öz düşündüklərimi, dərk etdiklərimi bildirmək istədim. Və yenidən bu gözəl sənətkara müraciətdən yan qaça bilmirəm:

Ötgün sözüm, kəskin baxtım olaydı,

Ağ otağım, zərrin raxtım olaydı...

Ələsgərəm, cavan vaxtım olaydı,

Qəddim əyib qəhri- qəza, Müşgünaz!

Bu beytdə işlənən “Ötgün sözüm, kəskin baxtım olaydı”- misrasına dönə- dönə baxır və öz- özümə təkrarlayıram, mənim Göyçəli dünyamın folkloru məni bir daha heyran edir, Ana Nənəm Məsmə xanımdan eşitdiym, bu folklor dünyasında böyümədikmi bizlər, xalqın yaddaşından süzülür Dədə Ələsgər məntiqi, fəlsəfəsi, bilgiləri, demə Göyçəli olmaq da bir xoşbəxtliksə, Göyçədə doğulmaq da ayrı bir xoşbəxtlikmiş. Belə doğruluqlar- gözəlliklər, həqiqətlər qarşısında nə deyəsən, yenə də

“Dərsi azlar Ələsgərdən dərs alsın”!

Bir sirr gördü, heyran qaldı Ələsgər,

Ayaq oddu, yanmır... başı yandırır.

Dünyanın nə zamanında olursa-olsun, müxənnət, xain, saxtakar hər zaman nəinki ifşa olunur, daş- qalaq olunur belə, beləsi insanlıqdan kənar atılır, müxənnətin adı elə müxənnət qalır.

Müxənnət meydanda “mənəm” deyibdi,

Bu dərd Ələsgərin qəddin əyibdi.

Kor yapalaq kəklik alıb yeyibdi,

Laçın ölüb, o tərlanlar itibdi.

 

Yaxud:

Gədadan bəy olmaz, nakəsdən igid,

Lənət müxənnətin əsli- soyuna!

Mərdin adı mərd qalır, namərdin isə qəbri də daş-qalaq olunur (Qatır Məmməd). Yeri gəldikcə bir daha şahidi olursan ki, Ustad da xəyanəti- xəyanətkarı nəinki bağışlamır, şərəfsizi, satqını görməyə belə gözü yoxdur: Bivəfanın, müxənnəsin, nakəsin, Doğru sözün, düz ilqarın görmədim, Namərdin dünyada çox çəkdim cəfasın, Namusun, qeyrətin, arın görmədim! Ustad yaradıcılığında təzadlar dünyasından yüzlərcə belə misallar göstərmək olar:

Mərdin nəki qadası var,

Namərdin canına gəlsin!

Bu Ulu Aşığın yaradıcılığından onun öz dininə, dilinə bağlılığı və bilgisi hər an bizləri bir daha düşünməyə vadar edir:

Dərsi azlar Ələsgərdən dərs alsın,

Altı min altı yüz ayə məndədir!

Aşıq Ələsgərin yaradıcılığında təvazökarlığın hər an şahidi oluruq, ağac bar gətirdikcə başını aşağı dikər- bax belə böyüklüyün simvoludur Dədəmiz Ələsgər:

Məğrurluq eyləyib, ustadam demə,

Vaxt olar, bir yerdə dara düşərsən.

Daş tülək deyilsən, çolpa balasan,

Sərgərdan qalarsan, tora düşərsən!

Ustad Dədə Ələsgər yaradıcılğında onun mübarizliyi, poetik ruhu, elmi cəhətdən dünyagörüşü, hadisələrin içərisinə nüfuz etmə bacarığı və yeri gəldikcə, Aşığın bir şəxsiyyət kimi kamilliyi, əxlaqi təmizliyi, mənən zəngin bir övliya kimi görünüşü olduqca zövqvericidir:
 
Yazıq Ələsgərəm, bir kəminə qul,

Əysik sözü hərgiz etmərəm qəbul!

Bəndeyi- xudayam, ümməti Rəsul,

Dost tutmuşam şahi- mərdan Əlini!

Aşıq Ələsgər bütöv Azərbaycan adlanan böyük bir elin yox, bütün Türk məmləkətinin ən şanlı səhifəsidir və Aşıq Ələsgər kimi ozanlar- kişilər bütün Türküstan ellərini mənən birləşdirdiyinə görə və ən azı doğulduğu məkanı- elini bizlərə- dünyaya nişan verdiyinə görə bu haqq aşığına, sənətkara, onun ruhuna rəhmətlər diləyir, dünya var olduqca yaşayacaq, təkcə bu beyti ilə dünyaya hər zaman mesaj verəcək:

Adım Ələsgərdi, Göyçə mahalım!

Kimlərdir Aşıq Ələsgər kimi ulu Ustada, Ulu Sənətkara əl uzadan, nigaran- narahat ruhunu bir daha narahat edənlər?! Bu millətin bir düşməni var, o da erməni. Tarixdə ən çirkin ad erməni kəlməsi, erməni sözüdür. Erməniliyə xidmət isə nadürüstlükdür! Göyçə kimi ulu bir elin, daha doğrusu, bütöv Azərbaycanın adına Dədə Ələsgər adı daha bir hörmət, daha bir izzətdir. Müstəqil Azərbaycan dövləti- başda Prezidentimiz İlham Əliyev cənabları, vitse- prezidentimiz Mehriban Xanım Əliyeva olmaqla, eyni zamanda Azərbaycan cəmiyyəti, onun şərəfli ziyalılar ordusu xalqımızı bölməyə çalışanlara ən layiqli cavablar vermişdir. Göyçə mahalı Ulu türkün 7 minillik tarixinin şərəfli daşıyıcısıdır və bineyi -qədimdən türk ocağı olub və orada hər bir zaman türklər məskunlaşmışlar. Azərbaycanın qeyrətli oğlu Heydər Əliyev tərəfindən 1972-ci ildə YUNESKO-da Aşıq Əlsgərin 150 illik yubileyi olduqca möhtəşəm şəkildə keçmiş SSRİ məkanında qeyd olundu. Bəlkə də, Göyçək Göyçə heç bir zaman belə əzəmətli tədbir görməmişdi. Bu yubiley Azərbaycan xalqının dəyərli oğlu Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdən xəbər verirdi. (Həmin o yubileydə orta məktəb şagirdi kimi bu sətirlərin müəllifi də iştirak etmişdir.) İnsanların, Aşıq Ələsgər şəxsiyyətinə olan istəklərinin bariz nümunəsi o idi ki, gələnlərin sayı- hesabı bilinmirdi. İstər qonaqlar, istərsə də sadə insanlar, Ulu Göyçə belə möhtəşəm məclisi uzun illər xatırlayacaqdı, bəli, nə təəssüflər ki, bu gün Ələsgərin Göyçək Göyçəsi yağılar əlində əsirdir. Nənə- baba məzarlarının, o cümlədən Dədə Ələsgərin uyuduğu məkan qarşısında günahkarıq, hələlik...Yazımı tamamlamaq üzrəydim, Dədə Ələsgərin adına onu sevən Azərbaycan xalqı, bütün dünyanın yaxşı insanları daha bir ləyaqətli işlə Göyçəsevərləri sevindirdi, Aşıq Ələsgərə qarşı olan böhtan və qərəzlərə son qoyacaq daha bir uğurlu addım, keçmiş SSRİ məkanı arxivlərindən əldə edilmiş sənəd bütün araqarışdıranlara daha tutarlı bir cavabdır. Əlbəttə, ləyaqətli insanlar doğrunun nə olduğunu gözəl bilir. Heydər Əlirzaoğlu tərəfindən sənətə və sənətkara verilən qiymət bu gün onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Təbii, Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”nin açılması çox təqdirə layiq bir hal kimi İlham Əliyev cənablarının xüsusi xidmətidir. Ancaq çox istərdim ki, həmən o “Aşıq məktəbi”- bir qədər də dəqiqləşdirilərək “Aşıq Ələsgər adına Göyçə Aşıq Məktəbi” adlandırılsın. Bununla da həm Dədə Ələsgər adına, həm də Ulu Göyçə adını bir daha qorumuş oluruq. Aşıq Ələsgər Azərbaycan xalqı üçün bir folklor dünyasıdır, böyüklü- kiçikli bir dərsdir. Qarşıda şərəfli işlər xalqımızı gözləyir, 2021-ci ildə Dədə Ələsgərin anadan olmasının 200-illiyini layiqincə qeyd etmək, inşallah, uğurlar olsun! Kim bilir, unutmayaq “Zərrədən Şəmsə hər şeyi yaradan Allahdır”, bəlkə də o zamanları Göyçədə qarşıladıq, Ulu Tanrının hikmətindən kim baş aça bilər! Şər atdansa da, daha yeriyə bilmir, Tanrı böyükdür, geci- tezi var. Qisas qiyamətə qalmır, Ağ qoçun qisası qara qoçda qalmır! P. S. 2021- ci il və Dədə Əlsgərin 200 illiyi Azərbaycanın Müzəffər Ordusu, Ali Baş Komandan və Azərbaycan xalqının birliyi sayəsində erməni işğalından torpaqlarımızın Azad edilməsi və ZƏFƏR- QALİBİYYƏT ili kimi tarixə düşdü. Məhz belə bir qələbədən sonra Dədə Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi özü də bu Övliya Aşığımızın müqəddəs ruhundan xəbər verir. Sonda deyəcəyim bir kəlmə var: “ Günün birində Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərdən üzüaşağı Göyçə mahalına enəcəyi gün uzaqda deyil, çünki “Göyçəyə gedən yollar Qarabağdan keçir”.

“Ulu Göyçəmizə qayıdış olacaqdır. O qayıdış labüddür, o qayıdış zəruridir"- İsmayıl Əliyev.
 
 
Məlahət İsmayılqızı

Şair-publisist, tədqiqatçı

AYB-nin, AJB-nin üzvü
 


Etiket:
Xəbərlər

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024
Bütün xəbərlər