Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə keçmişdən bugünə çatdırırlar.
Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai-mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş, özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər.
Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq sənətinin zirvəsini fəth etmişdir.
Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın, nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki, Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus unikal bir yaradıcılıq yolu keçmişdir.
Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür. O, özündəki bu vergini belə izah edir:
Şəhrin şöləsindən buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.
Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda “buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir - saz çalmaq, söz qoşmaq, İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. kimi xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur. Aşıq Ələsgər “Pеyğəmbərin mеracı” şeirində yazır:
Yеtişdi hücrəyə əzizü əzim,
Şahi-Mərdan dеdi: “Mеracın qədim!”
Göstərdi almanı, еtdi təbəssüm,
Buyurdu: “Hər işin sirri-qüdrətdi”.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını (buddizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb - şah məqamını göstərdiyini qeyd edir. Sənətkar “Yüküm” şeirində yenə eyni məqama işarə edir.
Biçarə Aşıq Ələsgər,
Sığın Şahi-Hеydara;
Onun damənindən tutan
Məhşərdə yanmaz nara.
Pirim mana nüsrət vеrib,
Bu gün çıxdım bazara;
Sən sərrafsan, aç xırd еlə,
Bax gör, nə maldı yüküm!
Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı” şeirində deyir:
Gün kimi aləmi tutubdu adı,
İyidlər sultanı, xanı Dəli Alı.
Pirim - Şahi-Mərdan vеrib muradı,
Artırıb şövkəti, şanı Dəli Alı.
Dərs alıbdı o, Əliyyi-əladan,
Xof еyləmir Xеybər kimi qaladan.
Gəzən zəlzələdən, yaman bəladan
Hifz еyləsin kərəmkanı, Dəli Alı!
Və yaxud:
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan vеrir.
Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslam Peyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib. Məlum olduğu kimi, Həsən Bəsri və Həllac Mənsurun bütün mənəvi aləmi Hz. Əlinin qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər o qədər işıqlı və pak idi ki, bu biliklərini ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları aça bilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.
Yazıq Ələsgərəm, bir kəminə qul,
Əysik sözü hərgiz еtmərəm qəbul.
Bəndеyi-xudayam, ümməti-Rəsul,
Dost tutmuşam Şahi-Mərdan Əlini.
Dar günümdə yеtiş dada,
Ya Şahi-Mərdan ağa!
Nitq vеr, mеydan içində
Qoyma sərgərdan, ağa!
Həm Əlisən, həm Vəlisən,
Həm səxisən, həm səxa,
Həmi dildə zikrim sənsən,
Həmi əzbərdən, ağa!
“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb-oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb.
İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən 17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə “yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi.
Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə İmam Əlinin adı keçir. “İmamlar” şeirini “Bismillahir-rəhmanir-rəhim!” - dеyib, Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir imamın adını çəkməklə davam edir və:
Mеhdinin şəninə gəlibdi ayat,
İsminə möminlər vеrir salavat.
Yovmi-ərəsətdə еtmə xəcalət,
Yandırma odlara qul Ələsgəri! -
deyərək bitirir. “Qabaqda” şeirində:
Dünyada əl çəkmə sövmü səlatdan,
Təmiz vеr, qalmasın xümsü zəkatdan.
Ələsgər, xof еtmə puli-Siratdan,
İrəhbərdi Cənab Əli qabaqda
- deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.
Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə, hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.
Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm, şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s. şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:
...Ölməyincə bu sеvdadan
Çətin dönəm, usanam;
Həqiqətdən dərs almışam,
Şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində
Еlm içində ümmanam;
Dəryaların qaydasıdı,
Ümmana baş еndirir.
Aşıq Ələsgər özündəki bu gücü - islam dininin həqiqətini, sufi təriqətinin mərifətini aşıq sənətinin - sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.
Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
...Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi -
Onlar da yazdığı, ayə, məndədi.
Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa, təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı, şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi “vergi” ilə açıqlanır.
Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil, ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu ilahiliyə qədər yüksəltmişdir.
Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında dediklərini xatırlayaq:
Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.” Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə də şamil edir.
Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin sözlərin imama aid olduğunu da ifadə etmiş olur.
Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi-Adəm.” - deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə Adəmlə birgə olmağına, cənnəti - Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir: “Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da şəfaət diləyəcəyi fikri də öz əksini tapır.
İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.” kəlamına rəst gəlirik.
Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır. “Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm? Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.”
İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, - desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil, bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur.
Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.
Əxi, biya, biya, bеqu,
Bеqu, biqof, ağa, bax, bax.
Həyyi, həqqü hakim sənsən,
Həyyə bax, bu bağa bax, bax.
Gözüm sağı, sübh ayağı
Gеyək ağı, gəzək bağı.
Hamı sеvib bu sayağı,
Qaymağa, həm yağa bax, bax.
Əziz ayə, müəmmayə,
Gərək sayə bu məvayə.
Səbəb sənsən bu qovğayə,
Böyük Ağa, sağa bax, bax.
Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına gəlir. Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı - Allahı) həqqü hakim – həqq olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof” sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax - qalx, bax. (Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir).
İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı) Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını – şəhadətə yetirildiyini vurğulayır.
Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53) 14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.” ayəsi 15-ci (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və “Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət çəkir. Deyir ki, gəlin, biz də bu səsə - məlumata, bu guşəyə kölgə salaq (qoruyaq, inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa (Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında).
Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində dеmişəm “bəli!”.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.
Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar. Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun davamçısı olmasına işarədir.
Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər (şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər. Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır. Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra edir, mərsiyələr və dualar oxuyurlar.
Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən, cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri əsaslandırır:
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq еyləyirsən, haqq dinə bax, bax!
Qalmayıb dünyada “mənəm” dеyənlər,
Həzrət Sülеymanın taxtına bax, bax!
Oxuduğun Quran hardadı, hanı?!
Hansı yola dəvət еdir insanı?!
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax!
Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn, “Kimi” şeirinə nəzər salaq:
Adı Tərlan, özü tərlan balası,
Cilvələnib tərlan tavarı kimi.
Üzün görən xəstə düşər müttəsil,
Turuncun novrəstə nubarı kimi.
...Bu gözəl Zеynəbin nışanasıdı,
Ləbləri qırxların pеymanasıdı,
Dəhanı şahlığın xəzanasıdı,
Düzülüb dəndanı mirvari kimi.
(Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)
Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı birinə ithafı olmadığını göstərir. Çünki tərlan - comərd, dağ qartalı, güclü, yüksək məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu barədə sonra) bunu təsdiq edir. Yəni şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.
Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.
Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat mümkün deyil, amma bir şeirinin - “Haraya qərəz” cığalı təcnisinin fonunda ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.
Qırxlar məclisində dedim “bəlini”,
Sərdar gördüm Şahimərdan Əlini.
...Ələsgər, daməndən üzmə əlini,
Çəksələr nizaya haraya qərəz.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər, beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin izahlarına əsaslanaraq qısaca izah edək:
Üçlər - Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli;
Beşlər - Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən;
Yeddilər - Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak)
Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı təmsil edir.
Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin, xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn, duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı – “vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.
Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.
Onun bu gəlməyi, gör, nəyə bənzər,
Nə xana, sultana, nə bəyə bənzər,
Misirdən gəlmiş bir köynəyə bənzər,
Kənanda Yaquba dərman gəlibdi.
Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur.
Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin tədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.
Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024