ƏLLİ YAŞIN İŞIĞINDA

10:58 / 09.08.2023
Baxılıb: 850

Araz Yaquboğlu ilə “Dədə Ələsgər – 200” vatsap qrupunda tanış oldum və Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş “Gülüstan” sarayında keçirilən tədbirdə üzbəüz görüşdük, bir masa ətrafında əyləşdik. Görünüşü, danışığı, duruşu-oturuşu ilə mənə çox xoş təsir bağışladı. Sanki bu sadə, səmimi insanı uzun illərdir ki, tanıyırdım. Dağ adamlarına məxsus arıq, ancaq sağlam və uca boyu, boyuna uyğun mütənasib bədən quruluşu, tutamlı əlləri ilk baxışdan diqqətimi çəkdi. Açıq, geniş alnı, bədəninin ümumi simmetriyasını tamamlayan iri, qırışsız, mülayim çöhrəsi, hiyləgərlikdən kənar, uzaqlara dikilən xəyallı gözləri bu şəxsin zahiri görünüşünü, portret cizgilərini tamamlayırdı. Sifətinə baxan kimi, səsini eşidən kimi insanın daxilən də saf, sadə olduğunu, bu saflıqla, sadəliklə bərabər, həm də dolğun, zəngin olduğunu yəqin etdim. Belə insanlar yaşayır, işləyir, yaradırlar, ancaq nəyinsə aludəsi, kiminsə buyruqçusu olmurlar, təbiətən təmənnasız olurlar. Keyti dağı, Çalmalı dağı kimi əzəmətli, bir sifətli, bir görünüşlü insanlarla ünsiyyət, münasibət heç vaxt ziyan gətirməz. Dostluqları da mərdanə olar, düşmənlikləri də.

Araz bəylə aramızda ilk andan yaranan isti münasibətlər davam etməyə başladı. Mənim Aşıq Ələsgər haqqında yazdığım bir yazını “goyce.az” saytında çap elətdirdi. Müəyyən məsələləri dəqiqləşdirmək, müəyyən məlumatları öyrənmək üçün ona nə vaxt müraciət etdimsə, “yox” demədi, işinin azlığına, çoxluğuna baxmadan müraciətimə canıyananlıqla cavab verdi.

“Dədə Ələsgər Ədəbi Məclisi”nin üzvü Maksim Sarıqayanın vəfatının bir illiyi ərəfəsində onun şeirlərini toplayıb “Göyçə həsrətli bir ömür” (“Elm və təhsil”, 2023) adı altında nəşr etdirdilər. Kitaba “Gec tapıb, tez itirdiyim dostum” adlı bir ön söz yazdım. Etiraf edim ki, kənddə yaşadığımdan, əlimdə müasir yazı avadanlıqları olmadığından Araz müəllim mənimlə bərabər, bəlkə də məndən ikiqat artıq əziyyət çəkdi. Göyçə ədəbi mühiti ilə bağlı müəyyən kitabların, o cümlədən Şair Məmmədhüseynin, şair Sərraf Şiruyənin kitablarının mənə göndərməsini Araz bəydən verilən ən dəyərli hədiyyə hesab edirəm.

Araz Yaquboğlunu bir qədər də yaxından tanımaq marağı mənə onun əsərləri ilə daha dərindən tanış olmağa vadar etdi. Öyrəndim ki, Araz Yaqub oğlu Hacıyev 1973-cü il avqust ayının 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş, ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. İxtisasca dəqiq elm sahəsinin mütəxəssisi olsa da, təbiət, xarakter, ruh etibarilə humanitar sahəyə daha çox həvəs göstərmiş, şeirlər, publisistik məqalələr yazmış, saz-söz sənətinə aid tədqiqatlar aparmışdır. Ona qədər kitabın müəllifi, “Qızıl qələm” media mükafatçısıdır. Deməli, istər-istəməz belə bir qənaət hasil olur ki, Araz bəyin ədəbi aləmə meyl və marağı onun canından, qanından, mənsub olduğu ailənin genindən irəli gəlir. O, Bərdə rayonunda doğulub boya-başa çatsa da, əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Gözünü həyata açandan, ağlı kəsən bir gündən Göyçə ilə bağlı söz-söhbətləri, əfsanələri, rəvayətləri, dastan və hekayətləri dinləyib. Göyçə həsrətli bayatılarla yuxudan oyanıb, Göyçə qoxulu laylalarla yuxuya gedib. Öz fikri, öz əqidəsi formalaşanda, öz düşüncələrini araya-ərsəyə gətirəndə görüb ki, onun ürəyi də, beyni də, dili də Göyçədən danışır, Göyçə deyib, Göyçə eşidir. Beləcə əlinə qələm alır, gördüklərini, eşitdiklərini, tələsmədən, aramla kağıza köçürür.

Araz bəyin əmisi şair Sərraf Şiruyənin yazdığı bir qoşmasını bir zamanlar məlahətli səsi, gözəl ifa tərzi olan Məhəbbət Kazımov oxuyur, oxuduqca mənalı sözlər xoş avaz qarışıq ürəklərə sərin su səpirdi:

Ayırmaz elimdən kin-küdrət məni,

Mən el balasıyam, elə bağlıyam.

İncitməz hər giley, hər qeybət məni,

Qırılmaz kəmərə, belə bağlıyam.

Bu şeir Araz üçün yazılmayıb, ancaq bu şeir sanki Arazın boyuna biçilib. Arazın doğma dədə-baba yurdu Daşkəndə, ulu Göyçə mahalına “qırılmaz kəmərlə” bağlı olduğu şübhəsizdir. O, öz şeirləri, publisistikası, araşdırmaları ilə həqiqətən “elə bağlı bir el balası”, el oğlu olduğunu sübut etmişdir.

2023-cü ili Araz Yaquboğlu üçün uğurlu illərdən biri hesab etmək olar. Onun bu il nəşr olunmuş “Daşkənddən Yeni Daşkəndə” adlı sanballı tədqiqat əsəri uzun illərin gərgin zəhmətinin uğurlu bəhrəsi hesab edilməlidir. Göyçə mahalının ən qədim kəndlərindən biri olan Daşkənd kəndindən 1953-cü ildə əhalinin deportasiya olunması, onların Bərdə rayonu ərazisində boş bir sahədə min bir əzab-əziyyətlə məskunlaşması, hər şeyi sıfırdan başlayaraq yeni abad bir kənd yaratmaları, o kəndə də Göyçədəki kəndlərinin adını vermələri – bir sözlə, yeni bir həyata qəhrəmancasına başlamaları bu kitabda öz əksini tapmışdır. Bir kəndin insanlarının iqtisadi, maddi həyat məsələlərindən tutmuş onların nəsil, kök şəcərəsinə, mənəvi həyat tərzinə – folkloruna, söz-sənət dünyasına qədər hər şeyi əhatə edən bir kitab ərsəyə gətirmək əslində böyük bir elmi kollektivin görə biləcəyi işlər olmalıydı. Ancaq bu qədər ağır, məsuliyyətli bir işin öhdəsindən Araz Yaquboğlu təkcə gələ bilmişdir. “Halal olsun”, “eşq olsun!” – deyə bilərik.

2023-cü il avqust ayının 1-də Göygöl rayon Poçt şöbəsinin işçisi iş otağıma bir balaca bağlama gətirdi. Bağlamanı açdım, içindəki kitabı görəndə gözüm-könlüm açıldı. Vəfalı dost, sədaqətli qardaş hesab etdiyim Araz Yaquboğlu özünün yenicə çapdan çıxmış kitabının bir nüsxəsini mənə göndərmişdi: “Sazın-sözün sorağında”. Kitabı vərəqlədim, bütünlüklə oxuyub haqqında bir məqalə yazmaq qərarına gəldim. Göygöl Rayon Mərkəzi Kitabxanasında keçirilən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” tədbirinə getdim. Axşamüstü bir təsadüf nəticəsində öyrəndim ki, bu gün Araz bəyin doğum günüdür, həm də nə az, nə çox, düz əlli yaşının tamam olduğu gündür. Sevindim, zəng edib təbrik etdim, eyni zamanda düşündüm: Həyatda təsadüfi hesab etdiyimiz şeylər çox olur. Bəlkə, həyatda təsadüfi heç nə yoxdur. Hər bir təsadüfi hesab etdiyimiz işin, hadisənin kökündə, məğzində bir zərurət var: Araz Yaquboğlunun ad günü ilə əlifba günümüzün, Azərbaycan dili günümüzün üst-üstə düşdüyü kimi, eyni günə təsadüf etdiyi kimi. Öz imkan və qabiliyyəti daxilində ana dilinin keşiyində dayanan, onun “sazının-sözünün sorağında” olan bir şəxsin ad günü ilə “Azərbaycan dili günü”nün üst-üstə düşməsində bir təsadüfiliklə bərabər bir zərurət də var.

Onu da qeyd etməliyik ki, Araz Yaquboğlunun “Sazın-sözün sorağında” kitabında müəllifin müxtəlif vaxtlarda yazdığı elmi, publisistik, xatirə yazıları cəmlənmişdir. Bu yazıların, məqalələrin böyük bir qismi Göyçə aşıq mühitinin nümayəndələrinə, bir qismi isə el şairlərinə həsr olunmuşdur. Kitabın üçüncü bölməsi isə “Xatirələr işığında” adlanır. Hər üç bölmədə çap olunan məqalələr sadə, aydın, axıcı bir dildə yazılmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın maraqla qarşılanacağına inanırıq.

Daşkənd kəndi sınaqlı ocaqlar, ağır seyidlər yurdudur. Seyid Bayram ocağına etiqad, inam bəsləyən insanların sayı minlərlədir. Daşkənd kəndi Aşıq Hacı kimi dastanlarımızı yaşadan, gələcək nəsillərə ötürən ustad sənətkarlar yurdudur. Daşkənd kəndi Şair Məmmədhüseyn, Həsən Xəyallı, Sərraf Şiruyə, Aqil İman kimi söz adamlarının Vətənidir. Bu insanların haqqında yazmaqla, onların xatirəsini yaşatmaqla Araz Yaquboğlu özünə də, öz ömrünə də bir əbədiyaşarlıq haqqı qazandırıb.

P.S. Mənim 50 yaşım tamam olanda “Əlli yaşın kölgəsində” adlı bir lirik poema yazmışdım. İndi Araz bəyin 50 yaşına həsr etdiyim bu yazını həmin adla təqdim etmək istədim. Ancaq sonra gördüm ki, xeyr, Araz bəy 50 yaşın kölgəsində dincəlmir, 50 yaşın işığında yazır, yaradır. Daha bir 50 də yaşamasını arzu edirəm.

 

ARAZA ÇATAR

Ey el üçün ölən kəfən, gorsuzlar,

Bizim ürək, sizin kəfən, gor sızlar.

Yamanca çoxalıb arsız, gorsuzlar,

Namus aza çatar, ar aza çatar.

 

Bilən də var: nədir əzəl, son – axır,

Kimin damarından halal qan axır.

Çox şair, aşıqlar haqqına, axır,

Araz keçmişləri arasa, çatar.

 

Salman, Ağan qılınc çəkdi bir əlli,

Qoy səni tutmasın Tanrı birəlli.

Əllisi üstünə gəlsin bir əlli,

Nə xoş arzum varsa, Araza çatar.

02.08.2023

 

ARAZA BAXAR

Bir-birindən gözəl o üz, bu üzü,

Tanrı verib Kürə, Araza baxar.

Qanı bir, canı bir həsrət qardaşlar,

O üzdən, bu üzdən Araza baxar.

 

Qüssə-qəm içində keçdi ömür, yaş,

Ürəyim od oldu, ayaqlarım yaş.

Mənim gözlərimdən axar qanlı yaş,

Bulanar, lillənər, Araz ab axar.

 

Olsa da evində pul, gəvə, xalı,

Nadan ürəklərə salıbdı xalı.

Çox adam namusdan, şərəfdən xali,

Qeyrət aza baxar, ar aza baxar.

 

Salman düz əməli, düz ünü seçmək,

Yurdun dağ-dərəsin, düzünü seçmək.

Sazı-sözü bilib, düzünü seçmək,

Daşkəndli Hacıyev Araza baxar.

02.08.2023

 

Salman Qaralar (Balakişiyev),

Şair, publisist

 

 

 

 

 

 

 

 

 


Etiket:
Xəbərlər

“NUR ÇEŞMƏSİ” ADLI KİTABA RƏY

04.10.2023

BABACAN

03.10.2023

Xankəndidə torpaq satan dəli qadın

23.09.2023

ŞAİR SALMAN QARALAR

22.09.2023

Qərbi Azərbaycan İcmasından

21.09.2023

BASARKEÇƏRDƏN NEVADAYA QƏDƏR

14.09.2023

RƏŞADƏTLİ RƏŞADƏT

13.09.2023

HƏSRƏTİN POETİK QEYDLƏRİ

13.09.2023

ƏLLİ YAŞIN İŞIĞINDA

09.08.2023

ZOD 

06.08.2023

DAİM AXTARIŞDA OLAN NƏCİB, YARADICI İNSAN    

27.07.2023

SONA İSMAYILOVA : FILOLOGIYA ELMLƏRI DOKTORU NƏZAKƏT MƏMMƏDLININ 23 ILLIK ƏZIYYƏTI BƏHRƏ VERDI

04.07.2023

NƏRİMANLI  (HÜSEYNQULUAĞALI)

20.06.2023

QƏRİB MƏZAR

13.06.2023

SARIYAQUB

06.06.2023

TOXLUCA

01.06.2023

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.

28.05.2023

GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ

25.05.2023

Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu

24.05.2023

Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

22.05.2023

QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)

15.05.2023

Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.

15.05.2023

SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
 SUFİ ŞEYXİ
 MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)

13.05.2023

KƏSƏMƏN
(Solaq)  

08.05.2023

Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında

08.05.2023

Naxçıvandan qurtuluşa gedən yol

06.05.2023

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

28.04.2023

GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)

24.04.2023

Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar

11.04.2023

31 Mart - unutmayacağımız tarix

31.03.2023

Basarkeçər rayonu Dərə kəndi.

30.03.2023

Göyçə Mahalı Daşkənd kəndi

13.03.2023

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

12.03.2023

İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR

10.03.2023

GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

05.03.2023

Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"

04.03.2023

Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm

04.03.2023

Aşıq Ələsgər yaradıcılığında irfan məqamları

02.03.2023

Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.

01.03.2023

Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ

20.02.2023

Göyçə mahalı, Qaraiman kəndi

19.02.2023

Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi

19.02.2023

Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.

 

12.02.2023

Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR

06.02.2023

Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında

04.02.2023

 İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır. 

19.01.2023

Klassik şeirimizin xalq ruhunun Heyranı...

13.01.2023

Qərbi Azərbaycan İcması müraciət yayıb

12.01.2023

"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov

27.12.2022

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub

24.12.2022
Bütün xəbərlər