Müasir poeziya üçün ümumi xarakterik xüsusiyyət bundan ibarətdir ki, şair öz əsərində söyləmək istədiyi əsas fikri, ən mühüm ideyanı şeirin son bəndində verməyə çalışır. Bununla da – əsas ideyanı oxucuya çatdırmaqla da əsərinə yekun vurur və oxucunu da bu yöndə düşünməyə vadar edir. Az-az şairlər var ki, onlar ilk bənddən, hətta ilk birinci, ikinci misradan oxucunun diqqətini cəlb edən fikir söyləyir, necə deyərlər, ilk güllə ilə hədəfi gözündən vururlar. Bu baxımdan müasir el şairlərindən olan Sücaəti əvəzsiz, tayı-bərabəri olmayan şairlərdən hesab etmək olar. “Sözündə çoxluğa yer qoymayan” (Nizami Gəncəvi) Sücaətin şeirlərini oxuyanda heyrətdə qalırsan. Birinci misradan qanadlanan ideya, dərin fəlsəfi düşüncə oxucunu sağa, sola boylanmağa imkan vermir, öz arxasınca çəkib birbaşa bədii obrazın, lirik “mən”in könül dünyasına aparır, bu dünyanın sehri, əfsunu ilə səni çəkib özünə bağlayır:
Yaman çətin imiş sənsiz yaşamaq,
Könlüm gecə-gündüz ağlar, qayıt gəl!
Həsrətindən alovlandı, əridi,
Axdı, vərəqlərə töküldü dərdim.
Zaman məni sevərmi heç,
Nə böhtanam, nə şərəm mən.
Aşıq Ələsgərin şeirlərinin bir çoxu ənənəvi qaydaya uyğun olaraq sadədən mürəkkəbə, yan tərəflərdən mərkəzə doğru yaxınlaşmaq, əsas “zərbəni” sonda vurmaq mahiyyətli əsərlərdir. Üç-beş bəndlik qoşmalarda söylənən fikir və ideyalar son bənddə cəmləşir və oxucunu məhz son bənddəki mülahizələri ilə təkbətək qoyaraq onu düşünməyə, dünyanı dərk etməyə yönəldir.
“Dəyməmiş” rədifli qoşmasında fələkdən gileylənən Dədə Ələsgər ona dəyən yaralardan bəhs edə-edə oxucuya, dinləyiciyə çatdırmaq istədiyi əsas fikri, əsas ideyanı qoşmanın son bəndinin son iki misrasına yükləyir:
Hərcayıdan, müxənnəsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş.
“Kəsildi” rədifli qoşmasında qocaman sənətkar ömrünün qocalıq çağlarında başına gələn hadisələrdən, taleyinə yazılan qəza-qədərdən, üzünə əsən badi-sərsərdən bəhs edir. “Ağzının dadı zəhrimara dönüb, öz əliylə özünə xəta dəyib, dövlət də, hörmət də, itibdi”... Bütün bu ağrı-acıları ümumiləşdirərək son misrada son akkordu Dədə Ələsgər bir filosof kimi vurur:
Daha deyib-gülmək çağı kəsildi.
“Olmaz” rədifli ustadnaməsində qocaman sənətkar cəmiyyət haqqında, insan və onun xarakterik xüsusiyyətləri haqqında danışır, namuslu, səxalı, etibarlı şəxlərlə bərabər onlara əks olan – gədalıqdan bəyliyə yetənlər haqqında da öz düşüncələrini dilə gətirir. Ümumiləşmiş fəlsəfi mühakimələrini sonda bəyan edir:
Bəylik, göylük, səylik olan məclisdə
Qaç ki, orda xeyir-bərəkət olmaz.
Aşıq Ələsgərin təcnislərində də bu tipli fəlsəfi düşüncə, dini-irfani məna yükünün adətən son bənddə verildiyinin şahidi oluruq. Biz bu fikirləri söyləyəndə heç də ilk bəndlərin forma xatirinə, əsas bənddəki fikrə köməkçi işləndiyi qənaətindən tamam uzağıq. Demək istədiyimiz odur ki, ayrı-ayrı bulaqlar, çaylar bir gölə, bir dənizə axıb töküldüyü kimi, Dədə Ələsgər şeirlərində də ayrı-ayrı fikirlər, ideyalar, ilahi, fəlsəfi düşüncələr birləşib sonda söylənən ideyanı tamamlayır.
Dərsi azalar Ələsgərdən dərs alsın,
Altı min altı yüz ayə məndədi.
Gah baş olan, gah da düşər ayağa,
Kimsə varmaz fələk ilə başa-baş.
Al xəncəri, bağrım başın, budu, yar,
El içində salma ayağa məni!
Bütün bu deyilənlərlə bərabər Aşıq Ələsgərin elə şeirləri də var ki, o şeirlərdəki əsas fikir, məna yükü məhz birinci, ikinci misralarda cəm olmuş, digər misralar, bəndlər bu əsas misralardakı mənanı tamamlamaq işinə xidmət etmişdir. Bu xüsusiyyətə az-az söz xiridarlarında təsadüf olunur ki, bunu ilk növbədə müəllifin fərdi üslubu, fərdi yaradıcılıq manerası kimi də qəbul etmək olar.
İnsan payız ölə, yazda dirilə...
Dərdim çoxdu, dindirməyin, həzərat.
Yeri, göyü, ərşi kürsü yaradan,
Adil padşahsan, ədalət eylə.
Aşıq Ələsgərin bu tipli şeirlərindən biri də “Nəqa nə mindi” rədifli təcnisidir. Üç bənddən ibarət olan bu təcnisin hər bəndi həm formaca, həm də məzmunca mükəmməldir. Bununla belə, əsərin şah bəndi birinci bənd, şah misraları isə ilk iki misradır. Klassik nəzmin tələblərinə uyğun olaraq biz ilk iki misranı şah beyt də adlandıra bilərik (baxmayaraq ki, heca vəznli şeirlər üçün beyt termini o qədər də məqbul hesab olunmur). Bu əsərin canı, ruhu, daşıdığı ideya, tərbiyəvi nəticə məhz bu iki misrada tam əhatəli şəkildə əks olunmuşdur. Bədii dəyəri yüksək olan bu təcnisin ilk iki misrasını dinləyəndə arifləri, əhli-hal sahiblərini istər-istəməz bir sual düşündürür. Dədə Ələsgər bu iki misrada nə demək, oxucuya, dinləyiciyə hansı fikri təlqin etmək istəyir?
İbtida xəlq oldu külli-kainat,
İnsan nəqa mindi, nəqa nə mindi!
İbtida, ilk mərhələ, başlanğıc məqamında külli-kainat yaradıldı. Bu barədə Qurani- Kərimdə deyilir:
“Göyləri və yeri icad edən (yoxdan var edən) odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar” (Əl-Bəqərə, 117).
Allah Təalanın yeri yaratdıqdan, onu hər cür nemətlərlə təmin etdikdən sonra onun qüdrət və cəlalını tanıyan, ona şükranlıq edən insanı yaratdı. Uca yaradanı da, yaşadığı dünyanı da, öz-özünü də tanımaq, dərk etmək üçün insana idrak verdi. Beyindən, düşüncədən gələn fikirləri, könüldən pərvazlanan hissləri, duyğuları ifadə etmək üçün ona dil verdi. Həyatda sərbəst hərəkət etmək, müstəqil qərarlar qəbul etmək üçün insana öz əməlləri daxilində muxtariyyət verdi.
Əqli dərk edən, könlü hiss edən, gözü görən, əli-ayağı işləyən insan özü üçün düzgün seçim etməlidir, Allahını tanımalı, dilini, dinini qorumalıdır. Qurani-Kərimin “İnsan” surəsində deyilir: “Biz ona doğru yol göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun” (İnsan, 3).
Deməli, Allah Təala yaratdığı bu ali varlığın-insanın təbiətində şükranlıqla bərabər, asiliyin, üsyanın, naşükürlüyün, nankorluğun da olduğunu, olacağını bilirdi. Məhz buna görə də doğru yol seçib-seçməməyi insanın öz ixtiyarına buraxırdı. Bir atalar sözündə deyildiyi kimi: “Can sənin, cəhənnəm tanrının”.
Dədə Ələsgər Qurani-Kərimdən, irfandan xəbərdar, əhli-beyt haqqında olan tarixi bilgilərdən, hədislərdən məlumatlı bir şəxs kimi öz əsərlərində bu mühüm ilahi və dini məxəzlərdən istifadə etmiş, dəyərli poetik lövhələr yaratmışdır. Belə gərəkli tarixi əhəmiyyəti olan sənət nümunələrindən biri də “Nəqa nə mindi” rədifli təcnisdir. Təcnisdə, xüsusən ilk iki misrada müəllif qayəsini aydınlaşdırmaq üçün əsərə bütünlüklə nəzər salaq.
İbtida xəlq oldu külli-kainat,
İnsan nəqa mindi, nəqa nə mindi!
Gözlərin canıma salıbdı afət,
Peykan kirpiklərin nə qana mindi!
Nə əysik din, nə artıq gül, nə dannan,
Müxənnətə zəhər olmur nədən nan?
Dərdbilməzdən, dilqanmazdan, nadannan
Nə qandım əzəldən, nə qanam indi!?
Ələsgəri çəkməginən, yar, ala,
Lazımdı ki, yar könlünü yar ala.
Sınmış dəndan, nə yar ləbin yarala,
Əmmək istəyəndə, nə qan əm indi.
Biz əvvəlki abzaslarda dini əsaslar üzərində yerin və göyün yaranması haqqında qısa məlumat verdik, Dədə Ələsgərin də nə demək istədiyinə işarə vurduq. Qocaman sənətkar külli-kainatın Allah təalanın hökmüylə yaradıldığını və ən kiçik zərrəciklərdən ən böyük cisimlərə qədər hər şeyin vahid qanunauyğunluq əsasında fəaliyyət göstərdiyini qəbul etmişdir. Təcnisin birinci misrası bu məsələyə aydınlıq gətirir. Bəs, “müəmma ustadı” ikinci misrada nə demək, nəyə eyham vurmaq istəyir?
İnsan nəqa mindi, nəqa nə mindi!
Məlumdur ki, nəqa (əslində naqə) ərəb dilində maya, dişi dəvə deməkdir. Bu sözün başqa yöndə heç bir elmi izahı yoxdur. Misradakı “insanın nəqanı minməsi” fikrinin izahı – açılımı üçün Dədə Ələsgərin dini baxış və düşüncələrinə diqqət etməliyik. “Cənab Əlini (ə) rəhbər” bilən sənətkar bir çox şeirlərində İmam Əli (ə) və eləcə də 14 məsum (ə) haqqında məhəbbətlə danışır. Fikrimizcə, bu misrada da İmam Əli (ə) ilə dolayısı ilə bağlı olan bir hədisdən bəhrələnərək dərin fəlsəfi mənalar, tərbiyəvi cəhətlər təsvir olunmuşdur.
Məşhur əhli-sünnə alimi Əhməd əl-Gumarinin yazdığına görə, Muaviyənin hakimiyyəti dövründə şamlılar yalana və saxta şahidliyə meyilli oldular. Bunu dəvə sahibi kişi ilə bağlı nəql olunan əhvalatdan görmək olar. Həmin əhvalata görə, Əli (ə) ilə Muaviyənin qoşunları Siffeyn döyüşündən qayıtdıqları vaxt bir kufəli kişi dəvəsi ilə birlikdə Dəməşqə (Şama) gəlir. Bu zaman bir şamlı kişi onun yaxasından yapışıb deyir:
– Bu mənim dişi dəvəmdir, sən onu Siffeyndə məndən almısan.
Mübahisə uzanır, məsələ Muaviyənin məclisinə çıxarılır. Şamlı kişi 50 nəfər adamı şahid gətirir. Şahidlər dəvənin şamlıya məxsus olduğunu “təsdiqləyirlər”. Müaviyə münaqişəni şamlının xeyrinə həll edir. Kufəli deyir:
– Mənim miniyim dişi yox, erkək dəvədir.
Muaviyə deyir:
– Artıq hökm verilib.
Camaat gedəndən sonra Muaviyə kufəli kişini yenidən çağırtdırır və deyir:
– Əliyə çatdır ki, mən ona qarşı dişi dəvə ilə erkək dəvəni bir-birindən ayıra bilməyən 100 min nəfər adamla döyüşürəm.
Muaviyənin ədəbə, mərdliyə, ləyaqətə yad olan daha bir neçə başqa əməlləri də tarixin səhifələrinə həkk olunmuşdur. Qəsdən cümə namazını cümə axşamı qıldırır, camaat qəbul edir. Saxta hədislər uydurtdurub yayır, heç kim dillənmir. Cənab Əliyə (ə) lənət oxutdurur, hamı susur. Bəni Üməyyəni peyğəmbərin (s) varisi və qohumu elan edir, kimsə etiraz etmir. [http: hadis. 313 NEVS.NET. Müaviyənin cinayətləri. 28.03.2016]
Muaviyənin bəd əməlləri, o cümlədən kufəlinin erkək dəvəsini yalançı şahidlərin iştirakı ilə alıb dişi dəvəsi itən şamlıya verməsi insanların Haqq yolundan nə qədər uzaq düşdüyünün əyani göstəricisidir. Bəla burasındadır ki, Muaviyə tək deyil, cəmiyyətin böyük bir hissəsi Muaviyə yolu ilə gedir. İnsanlar yalan danışmaq, üzə durmaq, saxta şahidlik etmək, haram mal yemək kimi böyük günahların daşıyıcılarıdır. Muaviyədən sonrakı zamanlarda da adına müsəlman deyib islamdan kənar olan şəxslər Haqq yola yolçuluq etmədilər. Dədə Ələsgərdən təxminən yarım əsr əvvəl Qasım bəy Zakir də insanların halallıqdan harama necə yuvarlandıqlarını bir neçə əsərində ürək ağrısı ilə təsvir etmişdir. M. F. Axundzadəyə ünvanladığı məşhur mənzum məktubunda yazırdı:
Zərgər, Drağarda aləm-aşikar,
Bir ucdan oğurlar, bir ucdan satar,
Vay odur – sahibi at başın tutar,
Yüz yerdən tökülür üstünə çomaq.
Diqqət edin, Muaviyə dövründən 11 əsr keçsə də, həmin anarxiya, həmin hərci-mərclik, həmin dinsizlik-imansızlıq qalır. Oğurlanmış atını tapan kişiyə atını geri qaytarmaq, üzr istəmək yerinə çomaqla hücum edirlər, baş-gözünü də əzib yola salırlar.
Dədə Ələsgər də görürdü ki, onun müasirləri olan hakimlər, bəylər Muaviyə, adi insanların çoxu isə müəyyən səbəblər ucbatından saxta şahidlər kimi hərəkət edirlər. Buna görə də “insan nəqa mindi” kimi nadir söz incisi yaratdı. “İnsanın nəqa minməsi” – “günah dəvəsi” minməsi, etdiyi günahlardan əl çəkib tövbə etməməsi, hər iki dünyasını cəhənnəmə döndərməsidir. İnsan günah işləri çox vaxt məcburən yox, könüllü edir və bu əməllərinə görə də “damuda yanır”. Qurani-Kərimdə deyildiyi kimi Allah təalanın göstərdiyi düz yolu görə-görə insan şükür etmir, nankorluq edir.
Misranın ikinci hissəsi – “nəqanın nə mindiyi” sual cümləsi deyil. İkinci hissə birinci hissənin mənasını qüvvətləndirir: İnsan nəqanı (günah dəvəsini) nə pis minir, səhv “mindiyi” halda yerə düşmür. Yəni bir dəfə etdiyi günahdan əl götürmür, günah etdiyini bilə-bilə bu günahlarını yenə də davam etdirir.
Misranın dilçilik elmi baxımından təhlilinə yanaşsaq, həmcins xəbərli sadə geniş cümlə olduğunu görərik. Ancaq bu günə qədər hörmətli filoloqlar-ələsgərşünaslar bu misranı mürəkkəb cümlə hesab edərək (insan nəqa mindi; nəqa nə mindi?) sonda da sual işarəsi qoymuşlar. Əslində isə bu cümlənin mübtədası insan sözüdür. İnsan sözü morfoloji baxımdan adlıq halda olan isim, nəqa sözü hər iki hissədə qeyri-müəyyən təsirlik halda işlənən isimdir. İnsan nəqa(nı) mindi. Müqayisə üçün kitab(ı) oxuyuram. Nə – omonim nitq hissəsidir. Sual əvəzliyi, inkarlıq bağlayıcısı, ədat kimi işlənə bilir. Burada “nə” qüvvətləndirici ədat kimi işlənmişdir. Cümlə (misra) ümumi məzmununa görə təəssüf, heyrət bildirən nida cümləsidir. İnsan nəqa mindi – günah götürdü, şərin, şeytanın yükünü daşıdı. Nəqa nə mindi – günah dəvəsini nə yaman mindi, nə pis suç sahibi oldu. Ədəbiyyatşünaslıq baxımından isə burada yüksək səviyyədə işlənmiş məcaz var.
Canlı danışıq dilində də “nə” sözü qüvvətləndirici ədat kimi geniş şəkildə işlənir.
Gözəl oxudun – Nə gözəl oxudun.
Yaxşı kitabdır – Nə yaxşı kitabdır.
Canlı xalq dilini yaşadan və öz yaradıcılığı ilə inkişaf etdirən, daha da zənginləşdirən Aşıq Ələsgərin dilində nə sözü həm qüvvətləndirici ədat, həm də sual əvəzliyi kimi işlənmişdir.
Şəcər ahən salır, səngi sənginə,
Yeyir dəni dəhan, nə yaxşı, yaxşı.
Bizdən salam olsun arif olana,
Haqq nə gündə xəlq eylədi dünyanı?
Yer ilə göy nə saatda quruldu?
Yer nə üstə bəndə saldı asmanı?
Verilən nümunələrdən göründüyü kimi birinci nümunədə nə sözü qüvvətləndirici ədat kimi, ikinci nümunədə isə nə sözü (nə gündə – hansı gündə, nə saatda – hansı saatda) sual əvəzliyinin yerində işlənmişdir.
P.S. Aşıq Ələsgərin “Ayə məndədi” rədifli təcnisindəki “Yox sazımın nə pərdəsi, nə simi” (əslində isə: bir sazım var, yox pərdəsi, nə simi) misrasında nə inkarlıq bağlayıcısı kimi işlənsə də, ondan sonrakı misrada (onu çalıb kim tərpədər nə simi?) nə sözü hansı sual əvəzliyinin sinonimi kimi işlənmişdir. Uzun və mənalı ömrü xalqın içində keçən, xalqın dilinin və ruhunun tərcümanı olan Dədə Ələsgərin dili canlı xalq bulağından su içən, qidalanan bir dildir. Bu gün də xalqın dilində nə sözü hansı sual əvəzliyinin sinonimi kimi geniş şəkildə işlənir.
Nə üzlə gəlmisən? – Hansı üzlə gəlmisən?
“Nəqa nə mindi” təcnisi haqqında fikirlərimizi yekunlaşdıraraq deyə bilərik ki, bu şeir böyük tərbiyəvi əhəmiyyətə malikdir. Oxucunu, dinləyicini günah işlərdən əl çəkməyə, heç olmasa, ən vacib günahlardan uzaq durmağa səsləyir. “Nəqa minən” – böyük günahlar işlədən insanların aqibətinin yaxşı olmayacağı haqqında onları xəbərdar edir. “Dünyada” rədifli qoşmasında “onda vay halına yazıq Ələsgər”, “Mənəm” rədifli qoşmasında “günahkar, günahkar, günahkar mənəm”, – deyən qocaman sənətkar dövrünün insanlarına tərbiyə, əxlaq dərsi keçirdi. “El içində pak oturub, pak duran” bir söz ustadı özünü “günahkar” adlandırmaqla dövrün, zamanın, məkanın günahkarlarını qəflət yuxusundan oyatmağa çalışır, günahlarının bağışlanması üçün tövbə etməyə, haqq yola qayıtmağa müraciət edir.
“Dədə Ələsgər” ədəbi məclisində 2021-ci ildə aparılan müzakirələr zamanı mən “Nəqa nə mindi” təcnisi haqqında öz fikirlərimi bu məqalənin qısa formasında söyləmişdim. Ancaq məclis üzvləri “üstüm unlu olmadığı üçün məni dəyirmançı hesab etmədilər”. İndi bir qədər ətraflı yazdım. Ancaq öz fikirlərimi diqtə etməkdən tam uzağam. Müzakirə, məntiqi rəy, əsaslandırılmış tənqid qəbulumdur.
“Dədə Ələsgər” ədəbi məclisində aparılan qızğın müzakirələr zamanı ədəbi məclisin üzvü hörmətli Rəşid Süleymanova yazdığım bir təcnis belə başlayırdı:
Ustad Ələsgərin sehri, əfsunu,
Yoxsa diləndirir ha lalı, nədi?
Rəşid, dəli könül gah olur aşiq,
Gah da dərviş misal hal alı, nədi?
Dünya uca Yaradanın bir kəlmə sözü ilə yarandı. İlk də sözdür, son da söz olacaqdır. Dədə Ələsgər sehrinə, əfsununa uyub müqəddəs söz məkanına üz tutmuşuq. Sözü-sözə calayaraq, sözdən söz çəkərək, sözdən mənəvi, ruhi qida alaraq gedirik. Necə gedəcəyik, nə qədər gedəciyik? Bilmirik. Yaxşısını Allah bilir.
Uca Yaradan hər birimizə yar və yardımçı olsun!
Salman Qaralar. Şair, publisist.
Akif Əli: “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər - niyə gedirsən?!”
28.11.2024Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024