Bu təxəlllüs ola bilsin ki, oxuculara bir az müəmmalı gəlsin. Ancaq onu deyim ki, Alqayıt ilk əvvəllər, daha doğrusu, tələbəlik illərində şeirlərini “Məftun” təxəllüs ilə yazırdı. Hələ bir şeiri də yadımdadır:
Alqayıt Məftunam, nə sultan, nə xan,
Bircə vəfasızdı könlümü yıxan.
Alqayıtla bir kəndliyik. Atalarımız yaxın dost olub. Alqayıt mənim və kiçik qardaşım Sabitin kirvəsidir. (Alqayıt məndən üç yaş böyükdür).
Alqayıt orta məktəbi qurtarandan sonra müxtəlif sənətlərə yiyələnmişdi. Hətta sürücülük kursunu da bitirmişdi. Bir il Gəncə Pedoqoji İnstitutuna sənəd verib, qəbul ola bilməmişdi. Sonra kolxozda mexanizator işləməklə bərabər, həm də aşıq kimi eldə, obada sənətkarlıq edirdi.
1962-ci ildə mən V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun (indiki Nəsrəddin Tusi adına) I kursunu qurtarıb Göyçəyə, doğma kəndimiz Daşkəndə getmişdim. Nəzirim var idi, rəhmətlik Seyid Maralın ocağına (Seyid Maral rəhmətlik Seyid Bayramın qızı, Alqayıtın anasıdır). Maral ananın ocağına getdim, nəzirimi verib, əllərindən öpdüm. Maral ana, saçlarından bir neçəsini qoparıb, çarşabından qopardığı parça qırığına bağlayıb mənə verdi ki, həmişə üstündə saxla və məni buraxmadılar. Kirvə kimi əzizlədilər, şərəfimə ziyafət süfrəsi açdılar. Həmin gecə dağlar qoynunda yerləşən Daşkənd kəndində Göyçənin başı üstündə sayrışan ulduzlar bizdən xəbərsiz həyat yolumuza nur çiləyirdi. Alqayıtın şövqlə sazda çalıb oxuması, mənim həyat-sevgi dolu şeirlərim bizi nurlu bir gələcəyə səsləyirdi. Sanki Göyçə səmasında arzuların qanadında uçurduq. Məclis qutarandan sonra Alqayıtla ali məktəb haqqında da söhbətlər etdik. Alqayıtı məcbur etdim ki, bir az yaxşı hazırlaş, sənədlərini düzəlt, apar ver, Allahın köməkliyi ilə qəbul olacaqsan. Elə də oldu. Alqayıt V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun filologiya fakültəsinə qəbul oldu. Mən II kurs riyaziyyat fakültəsində, o isə I kurs ədəbiyyat fakültəsində oxuyurdu. O vaxt yataqxana məsələsi çətin idi, yer olmadığından Alqayıt bir neçə ay mənimlə qaldı. Sonra yataqxanadan ona da yer düzəltdik. Hər iş yerinə düşmüşdü. Ancaq maddi cəhətdən çətinlik çəkirdik. Nə onun arxada elə gümanlı yeri var idi, nə də mənim. Üstəlik də Alqayıt arxada arvad-uşaq qoyub gəlmişdi, 18 manat təqaüdlə dolanmalıydı. Bu çətinlik bir neçə dəfə Alqayıtı məcbur etmişdi ki, təhsili yarımçıq qoyub kəndə qayıtsın. Həmin anlarda mən onu buraxmadım. Bu fikirlərdən onu yayındırdım. 1963-cü ilin dekabr ayında mən əsgərliyə getdim. Alqayıtın məktubları uzaq Pribaltikada mənə təsəlli oldu. Hər məktubda şeir yazır, məndən də cavab yazmağımı tələb edirdi. İki il hərbi xidmətdən sonra yenə təhsil almağa qayıtdım. İndi Alqayıt məndən bir kurs qabaqda idi. Günlərimiz, anlarımız bir keçərdi. Maddi cəhətdən də bir az yaxşı idik. İş yerimiz var idi, dostlarımız çoxalmışdı. Bəzi müəllimlərlə yaxınlıq edirdik. Qiyabiçilər gələndə işimiz lap yaxşı olurdu. Tanış müəllimlərə xahiş edib qiymət yazdırar, pulunu cibimizə qoyardıq. İnstitutun "Gənc müəllim" qəzetində şeirlərimiz dərc olunar, qonarrar alardıq. Beləcə acılı, şirinli tələbəlik illəri sona çatdı. 1967-ci ildə Alqayıt, 1968-ci ildə mən təhsili başa vurduq. Alqayıt Göyçə mahalında, doğulduğumuz Daşkənd kəndində, mən isə Bərdə rayonunun Yeni-Daşkənd kəndində müəllim işləyirdik. Ancaq mən əhdə vəfa etməmişdim. Qərarımız bu idi ki, hər ikimiz bir məktəbdə, yəni Göyçədə doğma Daşkənd kənd orta məktəbində müəllim işləyək.
Müəllim kimi təzə işə başlamışdım. Alqayıtdan bir məktub aldım, yazmışdı ki:
Ey şahin-şonqarım, vəfalı dostum,
Sən əhdi-ilqarı nə tez unutdun?
Alqayıta şeir dolu məktub yazdım. Üzürxahlıq dilədim, bildirdim ki, sən təhsil illərindən bilirsən ki, mənim böyrəyim xəstədir. Həkimlər o soyuq havanı mənə məsləhət bilmədilər.
Məktəb təzə bağlanmışdı. Yenə Alqayıtdan şeir dolu məktub aldım. Alqayıt müəllim aşağıdakı şeiri yazmışdı:
Ay Şiruyə, məndən sənə əmanət,
Bu dünyada dövlətsiz ol, varsız ol.
Qədirbilməz qamətini əyməmiş,
Bağban olsan bağçasız ol, barsız ol.
Ha tulladım talehimin püşkünü,
Qara çıxdı, heç görmədim xoş günü.
Bir yada sal Leyli-Məcnun eşqini,
Könül vermə gözəllərə, yarsız ol.
Alqayıtdan qumar istə, xal öyrən,
Nə desələr sakit dayan, lal öyrən,
Yaltaqlığın zurnasını çal öyrən,
Qaval götür, dümbəkdən vur, arsız ol.
Dünyanın gedişatını çox götür-qoy etdikdən sonra Alqayıta belə bir cavab yazdım:
İstəyirsən sayılasan, Alqayıt,
Çalış eldə dövlətli ol, varlı ol.
Quru addan, vəzifədən nə çıxar,
Bağban olsan bağçalı ol, barlı ol.
Sən kimsən ki, püşk atırsan iqbala?
Bilmirsənmi yazı, qismət var, bala!
Heç kim yarsız yetişməyib vüsala,
Sev ürəkdən bir vəfalı, yarlı ol.
Şiruyəyəm, qumarım var, xalım var,
Yaxşı-yaman nə cür desən halım var,
Arsızlara uyuşmayan yolum var,
Qafil olma, qeyrətli ol, arlı ol.
Bir müddət məktub əlaqələrimiz kəsildi. Yazın gəlişinə bir ay qalmışdı.
Eşitdim ki, Alqayıt Mingəçevirə gəlib. Mingəçevirdə “Mingəçevir işıqları” qəzetində işləyir. Bu vaxtlar biz tərəfdə də, onlar tərəfdə də bədbəxt hadisə baş verdi: Əvvəl Alqayıtın oğlu Famil, bir az sonra mənim böyük qardaşım Nəbi rəhmətə getdi. Mən bir şeir yazıb Əjdər və Zamaxanla Mingəçevirə - Alqayıtgilə yasa getdik. Şeir belə idi:
Sənin qanadını qırıbsa fələk,
Məni kor eyləyib, gözümü töküb.
Biganə bilməynən o dərdə məni,
Sitəmlər yandırıb, közümü töküb.
Dostlar niyə sormur halımı mənim,
Fələk tərsə salıb yolumu mənim,
Bəd iqbal bağlayıb qolumu mənim
Qəmli varaqlara sözümü töküb.
Sərraf Şiruyədən incimə, quzum,
Günəşdən uzağam, əriməz buzum.
Sadəliyim, təmiz qəlbim, saf arzum,
Nankora çörəymi, duzumu töküb.
Bu uğursuz səfərin faciəsindən sonra Alqayıt Mingəçevirdə qalmadı, yenə Göyçəyə, doğma Daşkənd kəndinə qayıtdı. 1975-ci ilin yayında Göyçədən mənə belə bir şeir yazıb göndərmişdi:
Gəl çıxaq seyrinə ulu dağların,
Vətən qürrələnsin, el bizə baxsın.
Şehli çəmənlikdə yuyunaq bir az,
Buludlar kükrəsin, sel bizə baxsın.
Qarlı dağlar uca tutsun başını,
Axıtmasın gözlərinin yaşını.
Yonaq eşqimizin təməl daşını,
Külünglər işləsin, bel bizə baxsın.
Axşamüstü bir “gizlən-qaç” oynayaq,
“Dirə-döymə”, “çilik-ağac” oynayaq,
Axşamadək ac-yalavac oynayaq,
Çiçəklər hürküşsün, gül bizə baxsın.
İsmixanı yuxusundan qaldıraq,
Haqverdini xəyallara daldıraq.
Ədalətə bir “Dilqəmi” çaldıraq,
Pərdələr ah çəksin, tel bizə baxsın.
Kəlbəcərdən qonaq gətir Bəhmanı,
Soruşmayım - Əli, İdris bəs hanı?
Yada salaq Ələsgəri, İmanı,
Təqvimlər titrəsin, il bizə baxsın.
Şairlərlə bəhsimizi eşidib,
Yaxşımızı, pisimizi eşidib,
Dəlidağdan səsimizi eşidib,
Muğan həsrət çəksin, Mil bizə baxsın.
Bu həyatı düşünənlər, duyanlar,
Alqayıtı nə danlayıb, nə danlar.
Səni, məni istəməyən nadanlar,
Gəl, mənim əzizim, gəl bizə baxsın!
Bu şeirdən sonra mən də Alqayıta belə bir şeir yazdım, məktubla göndərdim:
Bir vətənin iki gözü,
Biri mənəm, biri də sən.
Bir zirvənin iki üzü,
Biri mənəm, biri də sən.
Ellər ayırmasın bizi,
Bir ocağın iki közü.
Bir ürəyin iki sözü,
Biri mənəm, biri də sən.
Uca tutaq gərək adı,
Düz tanıyaq dostu, yadı.
Bir ananın cüt övladı,
Biri mənəm, biri də sən.
Şiruyəyəm, köklər ulu,
Ürəyimiz sözlə dolu.
Bir vətənin iki qolu,
Biri mənəm, biri də sən.
O ili yay günlərindən biriydi. Rəhmətlik Tovuz bibimin oğlu Abdulla müəllim dəvətnamə göndərmişdi. Məni oğlu Səbəddinin böyük toy şənliyinə dəvət edirdi. Dəvətnamənin gəlişi ürəyimdən oldu. Könlüm Göyçəni, ana dağları, doğma elimizi, obamızı istəyirdi; bir də Alqayıtla görüşüb, ötən çağları xatırlamağı. Bərdədən maşınla yola elə çıxdım ki, toy axşamı Göyçəyə, kəndimizə çatdım. Əvvəlcə beşiyim yırğalanan ata evimizə getdim (indi orada rəhmətlik böyük bacım Quşayıl olurdu). Bacımla görüşən anda toy evindən arxamca maşın gəldi. Gəlişimdən toy evi xəbər tutmuşdu.
Yenə həmişəki kimi toyda məni çox xoş qarşıladılar. Hər çıxışımı alqışladılar. Şeir həvəskarları eşitmədikləri şeirlərimi dedirdir, həm də yaddaşlarına yazırdılar.Toyun səhərisi Alqayıtla görüşdüm. Göyçəyə gəlişim əksər kəndlərdə xoş qarşılandı. Aşağı Şorcada Aşıq İslamgildə, Cildə şair Zəki İslamgildə, demək olar ki, əksər kəndin yaylaqlarında, bulaqların başında məclislər qurduq. Göyçənin təbiətinin qeyri-adi füsunkarlığını, elin-obanın məhəbbətini, dostların qayğısını gördükcə könlümdən varağa həssas duyğularım töküldü:
Çağırın görüşə dostu, qohumu,
Göyçə torpağında qonağam bu gün.
Minmək istəyirəm qarğı atıma,
Elə bil bir körpə uşağam bu gün.
Aşıq Ələsgərdən, İmandan desin,
Bu gözəl dövrandan, zamandan desin,
Vüsala yetirən gümandan desin,
Bir kökdə bir barlı budağam bu gün.
Doymaram ətrindən bu xoş səfərin,
Ərki var üstümdə hər bir nəfərin.
Vətən hünərimə deyib "afərin",
Sanıram hamıdan qoçağam bu gün.
Yetdi Şiruyənin dadına inam,
Saldı qollarını boynuma anam.
Bu vüsal eşqiylə gərəkdir yanam,
Vətəndə çatılan ocağam bu gün.
Özümlə bərabər Alqayıta bir sürpriz də aparmışdım. Tələbə vaxtı dəlicəsinə sevdiyi bir qızın (Xalidənin) şəklini Alqayıta verdim. Alqayıt təhsili bitirib gələndən sonra o qız hələ Bakıda idi. Şəkli də o vaxt mənə bağışlamışdı. Bilirdi ki, mən Alqayıtla dost və qohumam. Yəqin etmişdir ki, mən hökmən şəkli Alqayıta verəcəm. Elə fikirləşdiyi kimi də oldu. Alqayıt şəkli alıb bir az təsirləndi və belə bir şeir yazdı (indi o qız rəhmətə gedib, Allah rəhmət eləsin!):
Keçən gündən bir nişanə göstərdin,
Xatirələr çözələndi, qardaşım.
Nakam eşqin həsrətindən yenə də,
Ürəyimə köz ələndi, qardaşım.
İlham aldıq hər baxışın odundan,
O günləri kim çıxarar yadından?
Giley etdim neçəsinin adından,
Dedin:– qorxma, düzələndi, qardaşım.
Alqayıdam, dərdim, qəmim bir ətək,
Bəlkə qismət belə imiş, neyləyək.
Balasından ayrı düşən ahutək,
Könlüm yenə özələndi, qardaşım.
Bundan sonra Alqayıt Göyçədən köçüb Xanlara (Göygölə) gəldi. Xanlara köçəndən sonra tez-tez onların, ya da bizim evdə görüşər, ötüb-keçənləri xatırlayardıq. Həmin vaxtlar Alqayıtla aşağıdakı nəzirələşmələrimiz yarandı:
Şiruyə
Nə müddətdir, gözlərimin yaşını,
Əbədi eynimdən silən gəzirəm.
Töküb ətəyindən yaman daşını,
Yaxşının qədrini bilən gəzirəm.
Alqayıt
Şikəstə bir qulam, diyarbadiyar,
Yaralı könlümü alan gəzirəm.
Hicran kəməndini, qəm zəncirini,
Götürüb boynuma salan gəzirəm.
Şiruyə
Yapışıb yaxamdan hər bəla, qada,
Alıbdı canımı, veribdi bada.
Bu, ömrə vəfasız qoca dünyada,
Əbədi qəh çəkib, gülən gəzirəm.
Alqayıt
Mən ayrı düşəli qəm sirdaşımdan,
Ağrılar, fikirlər getmir başımdan.
Qəm-kədər əhliyəm cavan yaşımdan,
Özümtək ürəyi nalan gəzirəm.
Şiruyə
Qurumur didəmdən gözümün nəmi,
İtibdir, tapmıram sevincli dəmi.
Çəkə bilmədiyim qüssəni, qəmi,
Nizam tərəziylə bölən gəzirəm.
Alqayıt
Bir yanım Arazdı, bir yanımsa Kür,
Araza baxıram, gözüm yaş tökür.
Hər yetən əl atıb kərpicin sökür,
Könlümün sarayın talan gəzirəm.
Şiruyə
Hazıram dostluğa, sınamaq üçün,
Bağlıdı qollarım, qınamaq üçün,
Dostun kəməndini bulamaq üçün,
Salıb öz boynuma, cahan gəzirəm.
Alqayıt
Bilmirəm bu zülüm bizəmi gəlib,
Qəm-qüssə çəkməkdən ömür gödəlib.
Dostun həsrətini öz qəmi bilib,
Gözləri yollarda qalan gəzirəm.
Şiruyə
Şiruyəyəm, istəyimdən aralı,
Gör nə günə saldı məni yar alı…
Qəlbim oldu tənə sözdən yaralı,
Özüm öz qanıma bülən gəzirəm.
Alqayıt
Alqayıdam, dolanıram ahəstə,
Hər mənəm deyənlə girmərəm qəsdə.
Bu hicran sazını məzarım üstə,
Gecə də, gündüz də çalan gəzirəm.
Alqayıtla bu gün də səmimi dostluğumuz davam edir. Hərdən bir Bakıda, rayonda görüşüb, dərdləşirik.
SƏRRAF ŞİRUYƏ
“Hər görüş bir xatirədir” kitabı.
2007-ci il
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024