Yaradanın axtarışı
İnsan təbiətin nizamında sehrli bir əl olduğunu görən andan başlayır yaradılışın mahiyyətini düşünməyə və çıxır gözəgörünməz Yaradanın axtarışına. Axtaran kəs düşünən, deməli, müdrikliyə doğru istiqamət götürməyə həvəsli insandır. Onlardan mətəyə çatanları da var, yarıyolda bezib geri dönənləri də. Bilir ki, bu misilsiz, şahanə yaradılışın mütləq bir yaradanı var, o hər kimdirsə, hər nədirsə öyülməyə dəyər və ondan başqa qüdrət sahibi yoxdur! Yaradan isə dayanmadan onu səsləyir, – “Gəl, mənə tərəf gəl. Mən buradayam, axtardığın mənəm, bütün sualların cavabı məndədir”... – gülün ləçəkləri, çeşid-çeşid meyvələr, tükənməz çaylar, bulaqlar, cücərən toxumlar, dəfn edilən meyit və məzar daşlarına qonan quşlar, balıqlar, dağlar, buludlar hər titrəyişində bu səsi pıçıldayır...
Təbiət elmləri bizə mövcud olanı öyrədir, təsvir və izah edir. Olmalı olanlara dair suallardan isə qaçır. Yaradanı nisbi məqsəd kimi qoyur qarşımıza və deyir ki, o digər məqsədlərə nail olmaq üçün uydurulmuş vasitədir. Amma elm bizim bu sualımıza cavab verməlidir, – “Məqsədlərin və vasitələrin ardıcıllığında biz nə üçün müəyyən son məqsədi görmürük? Yanlış hesablamadığımızdan əminikmi? Təbiətin yaratma qabiliyyəti hara qədərdir, axı təbiət özünü tam bərpa etməyə qadir deyil. Zərrələrdən tutmuş qalaktikalaradək hökm sürən nizamın hikməti təbiətin özünü də aşıb keçir axı”...
Fəlsəfə köməyə qoşulur. Yaxşıdır ki, burada hər şey sualla dərk edilir. Sual və cavabların qoyuluşunda güclü arqumentlər olmalıdır ki, hasil olan nəticə də dərk olunan olsun. Ən çox sual isə Yaradanın kimliyinə dirənəndə yaranır. Qəbul edirik ki, təbiətdə mütləq şəkildə hər şey insan təfəkkürü vasitəsilə dərk oluna biləndir. Burada heç nə mistik və dərkolunmaz deyil. Amma filosofların bir çoxu tanrı və ruhları dərkolunmazların siyahısına daxil edir. Digər tərəfdən isə tam açmır insan nədən tanrıya ehtiyac duysun və ya onu yaratsın? Mifoloji təfəkkürdən imtina edib məntiqi təfəkkürlə fikirləşməyin fəlsəfə ipi burada qırılır.
Sosiologiya köməkçi sualla qoşulur söhbətə: Bəşər övladı nə dərəcədə azaddır, yoxsa biz azad kölələrikmi? Yaradan Allahdırsa və onun quluyuqsa, o da bizi tiran kimi istəyinə uyğun idarə etmirmi? Yaradanın qanununda təsbit olunanlar harmonikdirmi və azad cəmiyyətdə meydana çıxan problemləri açıq, rasional müzakirə yolu ilə həll etməyə qadirdirmi?
Din çalışır bu suallara cavab versin. Amma burda incə bir məqam ondadır ki, çoxluq elmi müzakirələrdə iştirak etməkdənsə, özünün başqaları tərəfindən idarə olunmasını daha üstün tutur. Sanki anadangəlmə şəxsi hüquqlarımız var və onu icma daxilindən kimsə təmin etmək qüdrətində deyil. Belə olan halda cəmiyyətin tirana ehtiyac duyması təbiidir. Hətta inkvizisiya və linçlər, edamlardan da imtina edilmir, hökm fitva şəklini alır. Qorxu insanı idarə edəndə səsimiz qısalır. Bəs ürf-adət və şəriət qaydalarına şərtsiz boyun əyməliyikmi? İçimizdəki bir şey suallar yağdırmaqdan doymur, aldığı cavablara isə ancaq başını bulayır. Özümüzə “azadıq” dediyimizin onqatı qədər qul, kölə olduğumuzu anlayanda elm, – Daha sənə verməyə heç nəyim qalmadı – deyərək dəftər-kitabını yığışdırıb müzakirədən çəkilir... Əfsuslar olsun ki, nə fəlsəfənin, nə də sosiologiyanın hazır qərarlar siyahısında asan tapılan qəti cavablar yetərsizdir. Yaradan məsələsi də açıqdır. Din isə sirrini bilmədiyimiz Yaradanın qüdrətini açmaqda çox vaxt yetərli məntiqi əsaslara söykənmədiyindən dediklərində bəlağətlidir.
Məntiq elminin şərtlərindən isə qaçmaq mümkünsüzdür. Din də məntiqə tabedir, digər bütün elmlər də. Çünki haqlı olmağın bircə əsası var: Hər şey kimi yaradanın varlığının da elmi əsası olmalıdır! Elə bir elmi əsas ki, ümumi əhəmiyyətə malik və kim tərəfindən söylənməsindən asılı olmayaraq fərdlərin açıq tənqidinə duruş gətirən olsun, öyrənilməsi mümkün olsun. Belə əsaslar mövcud olanla mövcud olmalı olan dəyəri ayırmaq gücündə olmalıdır. Bu sarıdan məntiq bütün elmlərin başıdır və barışdırıcı həlqədir.
Yerin küyü
Filosof və sosioloqların təsdiq etdikləri və bizə qoyub getdiklərindən çıxış edərək bu nəticəyə gəlmişik ki:
– Yaradan tanrı ya var, ya da yoxdur. Əgər Tanrı yoxdursa, bu qədər şey ən böyük yalanmış və illüziyadır.
– Azadlıq hamı üçün ümumi qanuna uyğun gələn birgə həyat, köləlik isə hüquqsuzluq şəraitində mövcud olan və tiranın istəyindən asılı həyatdır. Bu nöqteyi-nəzərdən bəşər övladı Tanrının aciz quludur ya da azad kölələridir.
– Hər şeyi qabaqcadan bilən və görən tək varlıq Tanrıdırsa bəşəriyyətə bu qədər peyğəmbər göndərməkdənsə əvvəldən insanı İNSAN kimi yaratmaq mümkün deyildimi?
Bu suallar sonsuzdur, çoxunun da cavabı məchuldur. Suallar artıqca insan çapalayır, axtarışlar daha da qızışır, qalır fəlsəfə ilə din arasındakı uçurumun ortasında sərgərdan. Burda insan zəkası və şüur erkək at kimi başlayır bir-biriylə qarpışmağa. Bu tip suallar inam və şübhəni zəkayla şüurun davasına gətirib çıxarır. Yerdə cavab tapmayanda istər-istəməz yerdən Göyə dartınırıq, din və təbiətdən yuxarıda dayananın ətəyini axtarırıq yapışmağa.
Yaxşı ki, fəlsəfi fikir tarixi və dinimizin kitabı yazılıdır, nəticədə keçmişə qayıtmaq, ilkin fikri və ya mənbəni müzakirə etmək asandır. Səmavi kitabların ən səhihi Qurandır – bunu hamı qəbul edir. İzafa, ərəbcədir və əsl mahiyyətini dərk etmək üçün ərəbcədə mükəmməl bilməlisən. Yoxsa tərcümələrə möhtacsan. Tərcümənin də çoxlu aspektləri var – bədiilik, dil enerjisinin və ideya dolğunluğunun ötürülməsi və ilaxır. Və hər kəs son nicat bildiyi tanrıya doğru bir yol tapmağa çalışır. Şeytan kürəyindən nə qədər tutub saxlasa da ayaqların qabağa dartır. Bir tərəfdə “Nəvöyti inəx-təsələ minəl cinabəti disalat” (“Qüsl” duası), işıq gələn irəlidə isə nənəmin həmin doğma nənnisi:
Allahın gözəl adı,
dilimdən getməz dadı.
Hərə bir “Allah” desə,
görməz cəhənnəm dağı...
Uşaq vaxtı nənəmin təqaüdünə şirnikib böyük surələri 50 rubla, qısaları isə 10-25 rubla əzbərləmişdim. Nənəm surəni söyləyər, tələffüzləri vurğulayar, mənsə, o yorulanadək dinləyib ürəyimdə təkrar edərdim. Hafizəm güclüydü və düzü, xoşum gəlirdi yaddaşımı bu anlaşılmaz “heroqliflərlə” doldurmaqdan. Ağızdan-qulağa əzbərlədiklərimin heç birinin mənasını bilmirdim, bilmək marağım da yox idi. Amma həmişə qafiyəli “Qurdağzı” duasının, – “Vəşşəmsü vəzihaha, vəlqəmürü inəcəllaha”... – mənasını öyrənmək istəmişəm. Yaşa dolub çoxları kimi Allaha sığınmaq, onun səsini eşitməyə ehtiyac duyanda Quranın azərbaycan dilində, türkcə və ya rusca tərcümələrinə, elmihal və açıqlamalarına, təfsirlərə göz gəzdirməkdən başqa yolum olmayıb. Nə Əlixan Musayevin, nə Nəriman Qasımzadənin, nə də Ziya Bünyadovun ərəbcədən etdiyi çevirmələr əlimi, zəkamı Mənbənin verə biləcəyi doğmalığa, məhrəmliyə, nura, enerjiyə çatdıra bilməyib. Bu kitablar məni Allahla qorxudub, amma Allahı mənə sevdirə bilməyib. Bəlkə də yüz iyirmi dörd min peyğəmbər, on iki imam, xəlifələr, məzhəblər, sünnələr, şəriət qaydaları, molla pəpişlər, cindar və falçılar qoymayıb, qan yaddaşıımdakı atəşpərəstlik, xürrəmilik, hürufilik qalıqları imkan verməyib. Sözsüz ki, ən əsası, sinəmin darlığını məndən yaxşı bilən İblis İşıqdan gələn nurun qabağını kəsib, rəngini-ruhunu bozardıb, haqqın səsini qısıb... Ömür isə sürətlə keçir, əhlət daşı yaxınlaşır və mən Allaha allahsız qovuşmaq istəmirəm... Bütün hallarda əyri-üyrü ərəb dili sədd çəkib əsl həqiqəti öyrənmək istəyimin qabağına, bulağın gözündən su içmək həvəsimə. Nəticədə ikibaşlı izahlar və fərqli yozumlar, uzun-uzadı haram-günah siyahıları, hədə-qorxu və qadağalar soyudub məni bu kitablardan. Bu mətnlər rabitəsiz, mənasız, təkrarla dolu nağıl təsiri bağışlayıb mənə, Allahın qoxusunu ala, surətini sezə, qüdrətini duya bilməmişəm bu kitablarda. Molla, keşiş oxşamalarına isə gözüm toxdur, şişirtmələrinə heç vaxt güvənməmişəm. Bir Əhməd Didat və ya Mixael Laytmanın quruca sözünü bunların qomuna dəyişmərəm. İlahi qanunu pozmağı çox vaxt onlardan öyrənmişik, – “Adətən qanunu yazanlar pozur”. Hərəsinin ağzından bir avaz gəlir. Əksəriyyəti də Qurandan deyil, öz nəfslərindən qoyduqları, öz səviyyələrində anladıqlarıdır. İnanın ki, İncili, Nitsşeni, İşapanişadları, fəlsəfəni oxuyarkən bu qədər dolaşıqlığa düşmür adam. Ən çox da yekun tezisləri çıxarmaq çətindir bunca izahatların içindən. Bilirəm ki, Yaradan var, amma onların dedikləri kimi qəzəbli deyil. Mənə isə başımı dizinin üstünə qoyub, ya da gözlərinin içinə baxa-baxa ən məhrəm sirrimi danışa biləcəyim Dostla baş-başa qalmaq lazımdır. Yoxsa mən nə bilim “Qoumən litunzurə əbahum fəhum”la nə deyir molla Valeh! Ya da, “Həzrət Əli atı Düldülün üstündə oturub Zülfüqarı kafirin başına endirəndə qılınc adamı ortadan bölüb iki metr də yerə girirmiş” şişirtməsiylə mənə Əlini sevdirəcəyinimi düşünür bu adam...
Təfsirçi hər zaman öz dövrünün “müasiridir” və Baron Münhauzen kimi öz saçlarından yapışıb özünü palçıqdan çıxara bilməz. Həm də Quranı şərh edən hadisəni vəsf edəndə bəribaşdan öz nöqteyi-nəzəri, oturuşmuş mövqeyi, düşünülmüş məqsədi olur. Buna görə də təfsir və izahları oxuyanda onu yazanın fikirlərinə neytral qalmaq və ya tezislərini həqiqət kimi qəbul etmək düzgün deyil. Təfsirçini “hər şeyi bilən müəllim” və ya “intellektual nəzarətçi” taxtından fikrimcə, bilmərrə yıxmaq lazımdır.
İnsanları gop və yüngül rəvayətlərlə torda saxlamaq istəyənləri isə yaxına buraxmaq olmaz, – “Tanrı qiyamət günü Tanrının endirdiyini ucuza satanları dindirməyəcək, bağışlamayacaq onları (Oxu kitabı: 2:174)”... Ümumiyyətlə, üçüncü qatdan götürəndə İslam tarixinin gələcəyimiz üçün “verdikləri”ni tam əhəmiyyətsiz sayıram. Üstəgəl, israrla “Quran yalnız ərəbcə təqdim olunmalıdır!” deyənlərin məntiqi. Başa düşmürlər ki, hər şey ömürdən gedir, ərəbcəni öyrənmək iki ilimi alacaqsa, bu müddətdə ana dilimdə Quranı yüz dəfə oxuyardım, azdırsa, lap min dəfə oxuyardım. Yəqin ki, sonunda qabımda bir iman çəyirdəyi cücərərdi, amma ərəbcə anlamayacağamsa, yüz min dəfə oxumağın, yalançı əzbərçiliyin nə mənası var? Digər yandan, qanı qanımdan olmayan, bizə tam tərs mədəniyyət və ənənələrin daşıyıcısı olan ərəblərin dilini öyrənmək zülmünə niyə tablaşmalıyam?.. Axı Allahın özü də deyir, “Köçəri ərəblər daha çox danandırlar, riyacıldırlar.., eləsi var cərimə sayır xərclədiklərini (9.97/98)”. Bəs nə etməli? Allahı hansı dildə səsləyək?..
Göyün səsi
Ərəb dilini bilməsəm də, Mövlananın haqq sevgisi məni o İlahdan soyuda bilmirdi, – “Allah sevgisi əbədidir, səni tərk etməz, səndən üz çevirməz. Sən Ondan vaz keçsən belə, O yenə sənin qayıtmağını gözlər. Bu elə bir sevgidir ki, qəlbən edəcəyin kiçicik bir dua Onu şad edər. Səni daim qoruyacaq sevginin özüdür O”... Kim istəməz belə vəfalı, sadiq Dostu!.. İnsan təkcə görməklə, toxunmaqla, eşitməklə hiss etmir hər şeyi. Altşüurumuzun siqnalları da bizi idarə edir və bunu danmaq qeyri-mümkündür. “Bizdən içrə biri var”sa, bizdən üstdə birinin də olduğunu yəqin ki, hər kəs duyur, təsdiq edir. Neçə ki yaradılışın formulunu və məqsədini tapmamışıq gözümüzü Göydən çəkəmmirik...
Bütün hallarda Tanrının bəndə hüquqlarını açıq şəkildə öyrədən tapşırıq kitabı Quran dəyişməz şəkildə əlimizdədir. Və Quran Tanrının bizimlə danışdığı tək səhih dildir. Təbiət özü isə bu dili asan anlamağımız üçün möhkəmləndirici əyani vəsaitlər, plakatlar, şəkillərdir. Hər yerdə, hər şeydə Tanrının qüdrətini görə-görə Yaradanın bizi çağıran səsinə qulaq qapamaq gönüqalınlıqdır. Allah cümlə-bəşəri, hər şeyi yaradandır, demək, ərəb deyil və təkcə ərəbin deyil! Yazıb-oxumağı bilməyən Məhəmmədə “Oxu, Allahın adıyla oxu!” deməklə oxudan, yazdıran Allah üçün çətin deyil hər millətlə, hər qövmlə onun dilində danışmaq! Allah azərbaycan dilini də bilir, çiçəyin, kəpənəyin də! Kompüter əsrində yaşayan bizlər əlimizdəki Quranı o vaxtkı ərəblərdən daha gözəl anlamalıyıq, deyilmi?
Dünya gör-götür dünyasıdır – bilirsən ki, işi bilən, işin içində olan alimdən başqası səni yenə yanlış ünvana sapdıracaq. Odur ki, ərkimə sığınıb bir ara Nəriman Qasımoğluna uzun-uzadı suallar yağdırdım. Dedi ki, əlində işi var, bitirəndən sonra mütləq cavablandıracaq. “Oxu” kitabı üzərində işləyirdi. Və bir gün “Oxu”nun çap olunduğu xəbərini eşidib kitabı qaçaraq əldə etdim. Allah müəllifin zəhmətini savaba yazsın, şahanə iş görüb, böyük əziyyət çəkib. Kitabda ilan-qurbağa ərəbcədə bircə hərf tapammazsan. Üz qabığının ənənəvi bəzəkləri, haşiyə və şəbəkəli çərçivələri də yoxdur. Ən əsası isə ayənin çoxmənalı ola biləcəyinə işarə edən izah və qeydlər yoxdur! Ağappaq kitabdır. Nə öpməli, nə də alnına qoyub şifonerin üstündə saxlamalı kitabdır. Hətta od vursan benzin kimi alışıb yanar, adam nə qurbağaya dönər, nə də ağzı əyilər! Allah və İblis, savab və günah, haram və halal, pis və yaxşı, xeyir və şərdən toxunmuş, günbəgün böyüyən fikir kələfinin düyünlərini açıb uşaqlıq yaddaşımızdakı sevimli Allah Babaya qovuşduran bir kitabdır! Beynimi indiyədək doldurduğum ərəb mədəniyyəti, onların ailə-məişət ənənəsi, tarixləri haqda oxuduqlarımdan təmizləyib Tanrı kəlamıyla üzbəsurət qaldım...
Çeynənmiş lətifədir, – biz tərəfin camaatına qoşublar: Guya Sovet hökuməti təzə qurulan vaxtlar bizimkilər vergi vermirmişlər, – “Özüm əkmişəm, özüm becərmişəm, niyə zəhmətimi şura hökumətiylə bölüşməliyəm ki!?”. Kimi göndərirlərsə vergini niyə yığırlar məsələsini başa salammır, əliboş qayıdır. Axırda vergidə işləyən özümüzünkülərdən biri deyir ki, – Məni göndərin, həll edərəm... Göndərirlər. Adam gəlir ucqar kəndə, görür ki, ahıl bir kişi odun yarır. Salamsız-kalamsız kişini salır təpiyinin altına, – “Nə yemisən? Turşulu şilə”. Kişinin canı ağzından çıxhaçıxda bircə bunu soruşur ki, – Ay bala, niyə öldürürsən məni, axı nə günahın sahibiyəm!?.. Vergi məmuru qayıdıb deyir ki, şura hökümətinə vergi vermək lazımdır! Zavallı qoca ağız-burnunun qanını silə-silə deyir ki, – A başına dönüm, gələn elə deyir ki, vergi vermək lazımdır. Bizi belə adam balası kimi başa salan olmamışdı axı... Və deyilənə görə o hadisədən sonra sovet hökumətinə vergi verməyə başlamışıq. Deməyim odur ki, “Oxu”nu gözümə təpəndən sonra o qocanın sözü yadıma düşdü, – “Bizi belə adam balası kimi başa salan olmuşdu ki, biz də bilək Allahın bizdən nə istədiyini?!”... Təkcə Allah xofu, cəhənnəm hədəsi boynundan basıb səcdəyə gətirəcəksə səni, Allah kəssin belə imanı, belə ixlası, belə etiqadı!..
Bir sözlə, Tanrı artıq həm də bizimdir, özümüzünküdür və doğmadır! Mənimlə doğma dilimdə danışmağı bacaran Tanrını görməkdən uşaq kimi elə sevindim ki...
Ölümün sükutu yox, dirilən ruhun pıçıltısıdır o səs...
Bəs nə deyirmiş, nə istəyirmiş indiyədək bizimlə ərəbcə danışan Allah?.. “Oxu”nu ayəbə-ayə oxuduqca qarşımda çox bəsit sirlərin qapısı bir-bir açılır. Qabımda qalanların təbiətdə, özü də hər addımda təsdiqini görürəm. Hər şey öz cildini yaxşıya dəyişir Tanrıyla “söhbətdən” sonra. Əvvəlcə anlayırsan ki, yaşamaq həvəsiylə ölümə doğru tələsən canlılarıq hamımız. Sonra əmin oluruq ki, bu dünyanın məxluqları deyilik. Gəzdirdiyimiz bu bədən bizdən bu dünyada qalan tək nişanədir, o da çürüyüb torpağı artıracaq, qurdlara yem, bitkilərə gübrə olacaq. Bəs hər şey bununla bitdimi, möhtəşəm yaradılışın məğzi bu cür mənasız sonluqla bitə bilərmi? “Hə” deməyə adamın dili gəlmir, “yox” deməyə isə şüur sənlə yenə dirəşir. Bu heynidə dibində oturduğun qoca çinarın “paraşütlü” toxumu üzünə toxunur, onu üzündən yelləyirsən. “Paraşütün” ucundakı toxum dənəciyinə diqqətlə baxırsan, sonra başını qaldırıb başının üstündəki min yaşlı qoca çinara, – “Bu boyda çinar bu xırdalıqda toxumdanmı dikəlib?” – gözünü döyüb ətrafda torpağa qarışıb çürüyən toxumlara zilləyirsən. Şeytan öz vəsvəsəsini işə salıb səni ətrafdakı möhtəşəmliyə kor qoymaq istəyəndə Tanrının əlini kürəyində hiss edirsən, – “Di vuruşun şeytanın dostlarıyla. Çox zəifdi şeytanın hiyləsi (4:76)”. Hər şeyin bir illüziya olduğunu beyninə yeritmək istəyən yamaq elmlərdən, iblisin fitnəsindən əlini üzürsən. Hətta bəziləri o xırdalıqda toxumu dəlib ilk rüşeymini dirçəldib, – “Ölüb torpağa qarışmaq, çürümək və sonra yenidən dirilmək. Bu olsa gərək...”. Sual dalınca sual gəlir, – “Toxum torpağa qarışıb qabığını çürütməsə cücərə bilərmi?”. Yox! Demək torpaqdan yaradılmağımızın məğzində bu durur – nədən yaranmısansa yenidən ona qarışacaqsan. “Heç nə itmir, yalnız şəklini dəyişir” – enerjinin saxlanma qanunu ki dərkedilən və sübuta yatımlıdır! Bəs onda bədənimiz içində daşıdığı toxumun, çəyirdəyin məti, qılafı olmasın?! Nədir o çəyirdəyin içindəki ləpə? Ruhmu? “Anın Tanrının sizə verdiyi neməti, sizinlə bağladığı anlaşmanı.”Eşitdik, boyun əydik” demişdiniz (5:7)”. Mizıldanmağın yeri yoxdur, O sinələrdəki pıçıltını da eşidir! Bədənimizi nifrətlə, zülmlə bəsləsək zülmkar olarıq, zülm etməkdən zövq alarıq. Demək, ilk kirlənən və zərər görən ruhumuz olar. Deməyin ki, belə “qəlbiqara” adamı heç vaxt görməmisiniz! Bəs Allah keşişə söymür ki, o da eyni şeyi deyir və bunu elm təsdiq edir, – Meyvə öz şirəsindəki maddələrlə içindəki çəyirdəyi qidalandıran kimi bədən də ətrafdan aldıqlarıyla yetişir və ruhunu onla yemləyir. Ruhun nazını, qayğısını çəkmək nədən bu qədər vacibdir sualına kitabdan süzülən cavab budur – Allaha cismimiz yox, ruhumuz lazımdır! Çünki ruh Tanrının bədənimizdə gizlədiyi dəyərli əmanətidir. Ruh əbədidir, əbədi dünyaların sakinidir və Allahın “şəxsi əmlakıdır”. Sadəcə, əmanət olaraq bizə etibar edib bəlli bir müddətə. Və kitab-kitab tapşırıb ki, ruhumuzu təmiz saxlayaq, əmanəti sahibinə üzüağ qaytaraq deyə bədənimizin və nəfsimizin qeydinə qalaq, onları pislikdən qoruyaq. Hə, Allah məhz bunu anladır bizə!
Bu bədənlə pis və yaxşı əməllər etməkdə tam azadıq. Bir əməl icra olunan andaca bizdən qabağa uçur və Allah qatında zərrəsinə qədər etibarlı şəkildə qorunur. Ölərək bədənimizdən xilas oluruq və ruhumuzu azad edirik. Ruhumuz Onun dərgahındakı həmin əməllərimizə qovuşur. Tanrı təkrar-təkrar xatırladır, məzardan o yana yalnız topladığımız əməllər keçir. İki məkandan birinin qapısını üzümüzə açacaq tək nəsnə həmin Əməllərimizdir! Bəli, heç bir peyğəmbər, imam və bəni-insan bizə şəfaətçi olmayacaq, olmaq ixtiyarında və gücündə deyil! – “De, “Ey insanlar, Haqq gəlmiş sizə Rəbbinizdən. Hər kəs öz canı üçün əlləşir. Mən sizə vəkil deyiləm” (10.108). Dolayısı ilə hər kəs öz ayağından asılacaq, ana övladına, oğul atasına əl tuta bilməyəcəyi gün başımıza kül ələnəcək! Bax sonra Allah bunu anladır bizə!
Əməlin pisi də, yaxşısı da heç vaxt itmir, yaxşı pisə, pisi yaxşıya dönmür! Amma Tanrının ədalətinə diqqət edəcəyik, – “Kim yaxşılıq, gözəllik gətirirsə, onundur on qat artığı. Kim yamanlıq gətirərsə, əvəz alar yalnız bunun misli ilə (6.160)” və “...yaxşılıqlar, gözəlliklər pislikləri aparır (11.114)... Molla pəpişlərə ehtiyac varmı bu ayələrin izahında? Yoxsa yenəmi dədə-babalarımızın yoluyla gedib Yolumuzu azaq, pir deyibən yapışaq Məhəmmədin, Ömərin, Həsənin, Vəhhabın, Hənəfinin, Mir-Möhsün Ağanın, Xomeneyinin, Seyid Lazım Ağanın, Hacı Fətəlinin pak ətəyindən cənnətə düşmək ümidilə? Axı Tanrı adam dilində, bir az da hirslə açıq-aydın izah edir, – “Nəyi endirmişəmsə, onun arxasınca gedin, ona əməl edin. Dikbaşlar isə cavab verir ki, “Yox, əsla, atalarımız nəyi necə etmişlərsə, biz də onu edəcək, eynən edəcəyik” ( 2:170). Xudavəndi-aləm bizim əvəzimizdən həmin ayədəcə onların cavabını da verir: “Ataları düzgün yolda deyildisə, ağıl işlətmirdilərsə, bəs onda necə?!”... Çox sadə dildə hamımıza tövsiyyə olunur Kitabda ki, yaxşı insanlar cərgəsinə qoşulaq. Bundan sonrakının cənnəti, cəhənnəmi var. Böyük Müjdə, ibadət məhz bundan ibarətdir!
Pis adam, yaxşı adam
“Oxu”nu vərəqlədikcə sifətlərin özü ələnib ortaya çıxır. Tanrının sevdiyi yaxşı insanın sifətləri bunlardır: gözütox olmaq, qismətə boyun əymək, dünyanın şirinliyinə aldanmamaq; daim xeyirxahlıq etməyə can atmaq; hədyan danışmamaq, dilinə sahiblik etmək, xoşnud olmaq; şübhədən uzaq durmaq, zülm və ya zərər verə biləcək şeylərə yaxınlaşmamaq; müdrik və xeyirxah insanlarla birgə olmaq; sadə yaşamaq, təvazükar olmaq; israfçı və sadəlövh olmayacaq həddə əliaçıq, ürəyiaçıq olmaq; yaradılışın elmini öyrənmək, bütün canlılara, yaradılışa qarşı rəhmli olmaq; güman yeri, cəmiyyətə gərəkli olmağa çalışmaq; bir gün öləcəyini unutmamaq və buna uyğun ömür sürmək. Pis insanın sifətləri isə bunlardır: hərislik – mal-mülk toplamaqdan gözü doymamaq; ifrat həzz və şəhvət hissini cilovlaya bilməmək; söyüşlə danışmaq və davranışılarında kobudluq etmək; qeybət – öz gözündə tiri görməmək; inam və ümidini tez-tez itirmək; alçaq və rəzil insanlarla oturub-durmaq; təkübbür, eqoistlik; ağırxasiyyətli olmaq, adamayovuşmazlıq; xəsislik, əlindəki artığı bölüşə bilməmək; rəhmsiz, qəddar olmaq, ədalət və vicdan hissini itirmək; hər şeydən xoflanmaq, qorxaqlıq; arsızlıq; həsəd və paxıllıq.
Hə, hətta, inanan, ya da danan olsan belə iki yolun var – yaxşı, ya da pis insan olmaq! Yaxşılar cənnətlə, pislər cəhənnəmlə müjdələnir Kitabda. Allah bircə şeyi açıq-aydın deyir bizə – cəhənnəmə düşmək istəmirsənsə, azca əziyyətə qatlaşıb yaxşı əməllər et. Yox, ürəyin cəhənnəm istəyirsə qapıları hər zaman üzünə taybatay açıqdır! Burda nə sünni, şiə olmaq, nə vəhhabi, nə seyid, molla, axund, övliya, əhli-beyt, zahid, dərviş, sofu, çöpçü, imam, falçı, peyğəmbər olmağın bir zərrə rolu və üstünlüyü yoxdur. Yalnız bir şey var – İnsan olmaq. İnsanlığın ilk nişanəsi xeyirxahlıq və paylaşmaqdır. Quran xeyirxahlığı dənə bənzədir: “Onlar dənə bənzər – hər birində yüz dən olan yeddi sünbül bitirər (2:261)”.
Allah hər şeydə özünü bəlli bir dildə və sifətdə bizə göstərir – gülün naxışında zövqünü, qoxusunda cənnətin havasını, dənizlərin dalğalarında səbrini, səmanın ənginliyində sonsuz qüdrət sahibi olduğunu, ildırımda qəzəbini və ilaxır. Xitablarında da eynən gah əsəbidir, gah mülayim, gah da qılıqlı. Ən şərəfli Tanrı qulu özümüzə şəfaətçi bildiyimiz Məhəmməddirsə, yeri gələndə onu da az qala hədələyir, – “Əgər sənə gəlmiş elmdən sonra onların istəklərinə uyacaq olsan, Tanrıdan sənə nə bir yar olar, nə bir qoruyan (13.37)”. Demək, Onun qatında hamımız eyniyik və öz göbəyimizi özümüz kəsmək zorundayıq...
Quran nəsihətləri
İnsanın Tanrıyla çox işi olmamalıdır. Tanrının da, baxanda, insanla elə çox işi yoxdur. Qisas qiyamətədəkdir. Amma tək qiyamət üçün yaşamağın özü də zəka darlığındandır, darıxdırıcı olardı. O baxımdan vicdanla yaşamaq cənnətə düşmək həvəsindən daha gözəldir. Bütün hallarda insanın öz kölgəsini ötüb keçməsi mümkün olmadığı kimi, bunun üstündə baş sındırmaq da boşuna vaxt itkisidir – insan ömrü çox qısadır. Yaşam boyu xeyirlə şərin daimi cənginin şahidi oluruq. Hərdən şər qalib gələndə bədxahın qələbəsindən daha çox dərs götürürük, xeyir əməl sahibləriylə daha çox haqq-hesab çəkirik, mənfi adət və təcrübələrimizə daha tənqidi yanaşırıq. Çünki çoxluq olaraq uduzan haqqın tərəfindəyik. Beləliklə, gözümüzün qabağında uduzan və qalib xalqlar yaranır, məhv olur. Sərkərdələrin, tiranların qurduqları heykəllər sonda toza çevrilir. Şöhrət də kölgə kimi itir bir gün. Hər şey özündə ölümün toxumunu gəzdirir. Yaşayan tək şey fikirdir, mənadır. Ən böyük fikir necə yaşamaq, ən böyük məna doğru yaşamaqdadır. Bir tək həqiqət hər zaman parlayır. Nə qədər üstünü örtsən də bir gün bir dəlik tapır və hər yanı aydınladır. Həqiqəti öldürmək olmur, çünki ölməzdir o. Xəlvətcə insanların ürəyinə sirayət edir, körpəyə ananın südüylə keçir. Yaşamaq o vaxt mənalı olur ki, həqiqətə qovuşursan, heç nəyi möcüzə və ya təsadüf saymadan, heç nəyə heyrətlənmədən yaşamağı bacarırısan...
Yaxşı insan pisdən yaxşıdır, doğru yalandan yaxşıdır, ədalət zülmdən yaxşıdır. Tanrının sevdikləri cərgəsində olmaq istəyən bir şeyi bilməlidir: İlahiyə gedən yol təbiətin ümumi harmoniyasını anlamaqdan, ona uyğunlaşmaqdan keçir, amma sonra onu üstələyir. İlahiyə qovuşub ilahiləşməyin yoludur bu. Necə yaşadığımızı özümüz seçirik, yaxşı yaşamağımızı isə O istəyir. “Oxu!” deyərək təkcə öz rəsuluna xitab etməyib Tanrı, həm də cəmi bəndələrinə deyib bunu. “Tanrı sözünü, buyruqlarını dəyişənlərin boynundadır günah (2:181)” – savadsız xalqa dinin yalnız müəyyən tərəfləri və qəliz təfsirlərini göstərənlər üçündür bu ayə. Bunlar o qədər məkrlidirlər ki, tarixən başıpozuq xalqın əliylə öz cəfakeş, ağıllı liderini “uf” demədən linç etdiriblər. “Haqq hər şeyin ölçüsüdür!” bağıraraq özünü əzə-əzə Haqqı edam edən kütləyə dodaqaltı qımışaraq tamaşa ediblər. “Oxu”nu bitirdikdən sonra tam mənasıyla hiss etdim ki, Allaha kor-koranə inanmaq insanı vəsvəsəyə salır, qorxaq edir. Vəsvəsəli insan psixi xəstədir, ipinin üstünə odun yığılmaz. Ağlına bir şey batdısa, “bismillah” deyib doğma qardaşının da başını kəsər – necə ki, kəsib və kəsməkdədir!..
Quran ilahi mətn olmaqla bərabər şaxəli qatları olan dərin, həm də paralel zaman müstəvilərinə köçürülə bilən mətndir. Adam öz dövrünü Lut, Nuh, Ad, Firon, Səmud tayfalarının, İbrahim qövmünün, Mədyən əhalisinin dövrü ilə müqayisə edir. Mətndən süzülüb gələn səs var burda: “Döyüş, qan tök, torpaqlar işğal elə, amma bir gün məğlub ediləcəyini unutma! Sən ölkəni şərəfləndirəcək və onun çöküşünə şahid olacaqsan. Zəfər günəşin doğuşudur – günəş kimi parlayacaqsan millətin gözündə, amma bir gün bu xalqın qürubu olacaqsan”. Vay o günə ki, həyat kitaba, gerçəklik öncə nəql edilənə bənzəsin.
Mən də sevmirəm “qul”, “kölə” sözlərini. Bəlkə bu ifadələri də yanlış yozmuşuq indiyədək. Bir gün bunlar da “dost” ifadəsiylə əvəzlənər yəqin ki. Amma Böyük Oyunun “peşkaları”yıqsa, demək, quluq və Tanrının sevdiyi Qullar! Deyək ki, Allah bizimlə oyun oynayır. Olsun! Bizlərin icad elədiyimiz hansı oyundan zəif oyundur bu? Hansısa ədalətsizlik varmı oyunda? Heç birimiz bu oyunu poza biləcək, əsl hikmətini anlaya biləcək qüdrətin sahibi deyilik. Güclü olan haqlıdır, haqq olacaq gücdədir! Bəs əgər Haqqın özüdürsə o Güc?!.. “Görməsəm, toxunmasam inanmaram!” deyənlər kaş ki, bu gözəllikdə bir rəsmin rəssamını, dünya adlı evimizin bənnasını, tükənməyən işığın, suyun, havanın mənbəyini axtarmaq həvəsinə düşəydilər. Təbiətin ümumi harmoniyasında Yaradılışın sirri açıqca pıçıldayır, – “Odur O – “Ol” deyib Ol-duran!”. Bizə qalan bu harmoniyada öz layiqli yerimizi tapmaq, böyüklük iddiasında olmamaq, Bütövün zərrəsi olduğumuza boyun əymək, heyvan və ya insan olmaq şansımızı dəyərləndirməkdir. Pisləri Allah da sevmir, yerdəki bəndə çoxluğu da. Bundan böyük və Ağ Yalanı başqası söyləyə bilərmi? Ya da yaxşı insan olmağın nəyi pisdir? Yaxşı olmaq o qədərmi çətindir bizim üçün? Axı yaxşı olsaq dünyanı xilas edərik!..
Nütfədən insan, yumurtadan quş dirildən o qüvvənin adı nədirsə, Yeri, Göyü, yerlə göy arasında, onların altında və üstündə görülən, bilinən, görünməyən, bilinməyən hər şeyin sahibidir. Odur zərrələri bir nizamla döndürən, duzlu suyu şirin sulara qarışmağa qoymayan ucalar ucası! Odur hər şeyi dörd ünsürdən fərqli nisbətdə yaradıb hərəsinə bir xassə və şəkil verən. Odur verdiyimiz, verəcəyimiz suallardan bezməyən, bizi axıradək səbrlə dinləyən, bizi sevməkdən yorulmayan, bağışlamağı bacaran və bundan xoşlanan tək İlah! Odur öldürən və sonra təkrar dirildən, təkrar diriltmək üçün öldürən!
Tək həqiqət
Allahın sözünü insanlara çatdırmaq böyük mənada peyğəmbər işidir. Quranı ana dilimizin tam və qəti anlaşılan tərzində bizə çatdırmaq da böyük şücaətdir, ciyər lazımdır buna. Quranı və xəyalımızda hərəmizin bir cür yaratdığı tanrını Göylərdən endirib bəndəylə üzbəsurət qoymaq hər oğulun işi deyil. Riskli işdir, amma bunu kimsə etməlidir. Və elə yüksək təfəkkür adamı etməlidir ki, adına dəli deməsinlər, lağa qoymasınlar, daş-qalaq etməsinlər onu. Bu işdən agah, ağlı çatan, haqqı olan biri etməlidir bunu, həm də çox ehtiyatla... Nəriman Qasımoğlu bu ağır yükün altına çiyin dayamağa özündə təpər tapıbsa, qurd ürəyi yeyib. O, Quranı oxu vəsaitinə çevirməklə öpüb gözümüzün üstünə qoymaq, şifonerin gözündə saxlamaq zillətindən xilas edib. Allah ondan razı olsun, əməyini savaba yazsın və əziyyətini mərhəmətiylə mükafatlandırsın. Şəxsən indiyədək oxuduğum ilahi kitablardan belə impuls almamışdım. Mərhəmətli Allahı, onun səbr və səxavətini duydum, ilk dəfə ondan qorxmadım. Anladım ki, cəhənnəmə düşmək üçün ömrünü-gününü murdarlığa, rəzilliyə, alçaqlığa həsr etməlisən. Şükr olsun Allahın mərhəmətinə ki, o qədər nadan və alçaq bəndələrdən deyilmişəm. Hələ “Oxu”nu bitirdiyim gecə ürəyimdən keçirmişdim bu sualı, – Tanrım, bəlkə sənə kömək lazımdır, nəsə edə bilərəmmi? Cavabı içimdəki ruh pıçıldamışdı, – “Həqiqət və Haqq bircə Odur! Onunla heç kəs tənha deyil!” – onda bildim ki, ruhum Onu cismimdən çox istəyirmiş...
Rəşid Bərgüşadlı
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024