Və birdən yol qurtardı. Çılpaq daş yamacları və yaşıl palıd ağaclarının arası ilə vadiyə enən, sonra isə günəşın altında yayılmış tənha buğda zəmilərinin yanından keçən ən adi yol. Bu yol buğda sahəsinin kənarındakı kiçik ağ evə qalxır və elə buradaca heç olmamış kimi yoxa çıxırdı. Sanki onun işi elə bu idi və daha ona ehtiyac qalmırdı. Lakin bütün bunlar elə də əhəmiyyətli deyildi. Çünki benzin də elə bu yerdə son damcısına kimi tükənmişdi. Dryu əyləci basdı, köhnə avtomobilini dayandırdı, səssizcə öz iri və kobud fermer əllərinə baxmağa başladı. Molli oturduğu küncdən çevrilmədən soruşdu:
- Səhv yola dönmüşük, düzdür?
Dryu başı ilə təsdiqlədi.
Mollinin dodaqları eynilə üzü kimi rəngsiz idi. Amma dodaqları tərdən yaş olmuş dərisinə baxanda quruluğu ilə seçilirdi. Səsi isə sakit və ifadəsiz idi.
- Dryu, -o dedi, - Dryu, indi biz nə edək?
Dryu isə öz əllərinə baxırdı. Əbədi əsən, heç vaxt bərəkətli, məhsuldar torpaqdan doymayan külək fermanı bu əllərin altından üfürüb aparmışdı. Arxada tozlu və pərqu yorğan-döşəklərdə, balışlarda yatmış uşaqlar oyandılar və oturacağın arxasından göründülər.
- Biz niyə dayanmışıq, ata. İndi yemək yeyəcəyik, hə? Ata, biz dəhşət acmışıq. Bizə yemək olar, indi?
Dryu gözlərini bağladı. O daha əllərinə baxmaq istəmirdi. Molli onun biləyinə toxunub, ehtiyatla soruşdu:
- Dryu, bəlkə burada bizə yeməyə nəsə verərlər?
Kişi qızarmışdı və dodaqlarının küncündə yığılmış ağız suyu o qışqırdıqca köpüklənib maşının şüşəsinə sıçrayacaqdı.
- Mənim ailəmdən heç kim, heç kim bu vaxta kimi dilənçilik etməyib, etməyəcək də.
Molli onun biləyini bu dəfə bir az daha bərkdən sıxdı və nəhayət dönüb onun gözlərinə baxdı. O gördü ki, Syuzi və kiçik Dryu ona necə baxırlar. Tədricən onun boyun və kürək əzələləri yumşaldı, üzü yazıq ifadə aldı. Dryu maşından düşüb evə tərəf hərəkət etməyə başladı. Onun addımları o qədər inamsız idi ki, kənardan baxan onun xəstə və ya kor olduğunu düşünərdi.
Evin qapısı açıq idi. Ancaq Dryu qapını 3 dəfə döydü. İçəridə sakitcilik idi. Təkcə yüngül əsən meh pəncərədəki ağ pərdəni astadan yellədirdi. Dryu evə girməzdən əvvəl anladı ki, bu evə ölüm qonaq gəlib. O bunu evdəki səssizlikdən anlaya bilmişdi.
Dryu qısa dəhlizdən səliqəli kiçik qonaq otağına keçdi. Ağlında heç nə yox idi. Bütün fikirləri onu tərk etmişdi. O şüursuz heyvan kimi düşünmədən mətbəxə doğru hərəkət edirdi. Sonra o açıq qapıdan baxıb içəridə meyid gördü. O təmiz, ağ yorğan-döşəkdə uzanmış qoca kişinin meyidi idi. Yəqin ki, o təzəlikcə vəfat etmişdi, çünki üzündə çox sakit ifadə var idi. Çox güman o qoca öləcəyini bilirdi və ona görə də tabutda dəfn üçün təmiz köhnə qara kostyum, təzə ağ köynək geyinmişdi. Çarpayının yanında divara söykənmiş dəryaz var idi. Qoca əlində solmamış, yetişmış ağır sünbül saplağı sıxmışdı.
Dryu sakit addımlarla yataq otağına daxil oldu. Başından tozlu, əzik şlyapasını çıxarıb çarpayının kənarında dayandı və baxışlarını qocaya dikdi. Qocanın başının yanında, balışın üstündə yazılmış vərəq var idi. Sanki vərəq onun üçün belə qoyulmuşdu ki, kimsə nə zamansa onu oxusun. Bəlkə du bu dəfnlə bağlı vəsiyyət və ya qohumları xəbərdar etmək üçün bir xahiş idi. Dryu qaşqabağını tökərək, quru, solğun dodaqlarını tərpədərək kağızı oxumağa başladı.
“Ona- mənim ölüm yatağımın başında duran kəsə. Ağlı başında olaraq və talehin qismətilə tənha ölən mən - Con Ber bu fermanı hamıdan birinci mənim meyidimi tapan adama vəsiyyət edirəm. Onun adı və mənsubiyyəti mənim üçün əhəmiyyətli deyil. Bundan sonra bu buğda və ferma, dəryaz və zəmiyə aid nə varsa onun olacaq. Qoy o bütün bunları könül xoşluğu ilə qəbul eləsin, lakin unutmasın ki, o Con Berdən sadəcə hədiyyə alır, müqəddəratı isə öz əlindədir. Bu yazını öz imzam və möhürüm ilə təsdiq edirəm. Con Ber; 3 aprel 1938-ci il. “Kurie eleison” (Tanrı özü əhv eləsin).
Dryu çöl qapısına qayıtdı.
- Molli, -o dedi,- gəl. Uşaqlar siz isə maşında qalın.
Molli içəri girdi. Dryu onu yataq otağına apardı. O vəsiyyətə, sonra pəncərədən isti küləyin yırğaladağı buğda sahəsinə baxdı. Dodaqlarını dişləyib ərinə sıxıldı.
- Bu həqiqətdən daha çox hiyləyə oxşayır.
- Yox, sadəcə həyat nəhayət ki, bizə gülümsəyib,- Dryu dilləndi. – Daha bizim də yeməyimiz, işimiz, başımız üstündə damımız olacaq.
Dryu dəryaza toxundu. O aypara kimi parıldayırdı. Dəryazın ülgücündə bu yazılar həkk olunmuşdu. “Kim ki, mənə sahib olur, o dünyaya sahib olur”. Bu sözlər Dryuya heç nə demədi.
-Dryu? -Molli qocanın sıxılmış barmaqlarına baxırdı. – Niyə o bu saplağı möhkəm sıxıb?
Tappıltı gərgin sükutu pozdu. Uşaqlar qarşıdakı eyvana dırmaşdılar. Molli diksindi.
Onlar evdə yaşamağa başladılar. Qocanı təpədə dəfn edib dua oxudular, qayıdıb evi süpürdülər, maşından yükləri boşaltdılar. Mətbəxdən çoxlu ərzaq tapıb yedilər. 3 gün heç bir iş görmədilər, yalnız otaqları qaydaya saldılar. Onlara miras qalan torpağı gəzib, rahat yorğan-döşəklərdə nazlanaraq yatdılar. Hər şey elə gözlənilməz baş vermişdi ki,onlar hələ də heyrətdən qaşlarını qaldırıb gəzirdilər. Yəmək bol idi,hətta Dryu üçün axşamlar çəkməyə bahalı siqarlar da tapılmışdı.
Evin arxasında bir öküz və üç inək qalan pəyə, qollu budaqlı ağacların altında isə quyu və bulaq var idi. Zirzəmidə çoxlu mal əti qabırğaları, bekon, donuz əti, qoyun əti ehtiyatı toplanmışdı. Bu qədər ət 3 belə ailəyə 2-3 il bəs edərdi. Onlar orda nehrə yağı, iri dəmir bidonlarda süd və qutularda pendir də tapdılar.
Dördüncü səhər Dryu Erikson çarpayıda uzanıb dəryaza baxanda anladı ki, işləməyin vaxtı çatıb. Sahədəki dən yetişmişdi və tənbəlliyin daşını atmağın zamanı idi.
3 gün idi ki, o əllərini sallayıb bekar oturmuşdu. O qalxdı, açıq pəncərədən sübh mehinin təravətini qoxudu, dəryazı götürüb evdən çıxdı. Dəryazı əlində rahatlayıb sünbülü biçməyə başladı.
Sahə böyük idi. Tək öhdəsindən gələ bilməzdi, hərçənd ki,qoca bu işi tək bacarırdı. İşi bitirib çiynində dəryaz Dryu evə qayıtdı. Lakin onun başında anlaşılmaz sual dolaşırdı. Belə qəribə buğda sahəsinə ömründə ilk dəfə idi rast gəlirdi. Buğdalar sahənin ayrı-ayrı yerlərində, gah orda, gah burda yetişirdi. Sünbül belə yetişə bilməzdi. Amma o Molliyə bu haqda danışmadı. Heç onu da demədi ki buğdanı biçəndən heç bir saat keçmir ki, o çürüməyə başlayır. Bu da belə olmalı deyildi. Ancaq o çox narahat olmurdu, hər halda onlar ac qalmayacaqdılar.
Səhəri gün məlum oldu ki, çürümüş buğda dənləri kiçik yaşıl köklər ataraq cücərir. Dryu Erikson çənəsini qaşıyaraq düşünürdü. O anlamırdı bu nə işdir, niyə belə olur və bu yaxşıdır yoxsa pis? O bu haqda heç bir qəti fikrə gələ bilmirdi. Gün ərzində iki dəfə uzaq təpəyə gedib qocanın qəbrinə baş çəkmişdi. Həm qocanın orda olmağından arxayın
olmaq istəyirdi ,həm də bu sahələr haqqında bir ipucu tapmaq ümidi ilə ora qalxırdı. Təpədən onlara qalmış bütün torpaq sahələri aydın görünürdü.
İki akra buğda sahəsi üç mil məsafədə dağlara tərəf uzanırdı və tamamilə çuxurlardan ibarət idi. Yaşıl cücərtisi tədricən qızılı buğdaya çevrilən bu sahə nəhəng ala-bəzək yorğana bənzəyirdi. Daşın və torpağın altında yatan qoca isə Eriksona daha heç nə izah edə bilməzdi. Günorta günəşinin közərtdiyi bu yerin sakitliyini yalnız sahil küləyi pozurdu. Suallarına cavab tapmayan Dryu aşağı- öz sahəsinə və dəryazına tərəf addımlayırdı. O hiss edirdi ki, ona əzab verən bu tapmacaların altında çox vacib cavablar gizlənir.
Yetişmiş sünbüllər onu gözləyirdi və Dryu onlara yaxınlaşdı. O dodağının altında mızıldanırdı:
- Mən on il də bu sahədə işləsəm, heç vaxt eyni yerdə yetişmiş buğdanı iki dəfə biçmək alınmayacaq. Lənət şeytana, bura çox böyükdür. Bu necə belə böyüyür? Nə qədər biçmək olar? Axı heç vaxt bir gün ərzində belə yetişə bilməz. Axşam yaşıldır səhər isə sapsarı yetişmiş. Heç nəyə yaramayan buğdanı biçmək axmaqlıqdır.
Dryu hər şeyi necə var elə qoyub bir müddət bu faydasız işlə məşğul olmamağa qərar verdi. Dryu səhərlər yerindən qalxmağa tələsmir, evdəki səssizliyi dinləyərək öz rahat yorğan-döşəyində uzanırdı.
Tələsmədən geyinib, tələsmədən səhər yeməyi yedi. Bilmirdi bu gün o nə işlə məşğul olacaq. “-Bəlkə inəkləri sağım?”- deyə düşünüb eyvana çıxdı. Sonra yenidən içəri girib arvadından nə etməli olduğunu soruşdu.
- İnəkləri sağ, - Molli cavab verdi.
- Yaxşı,- o dedi və həyətə düşdü. Nəhayət pəyəyə çatdı, inəkləri sağdı və südü zirzəmiyə apardı. Əlləri adət etdiyi işi görür , lakin başı bu sualı düşünürdü “görəsən sahə necədir, dəryaz necədir?”.
O eşmə popiroslarını bükərək uzun müddət evin artırmasında oturdu. Sonra uşaq üçün kağızdan oyuncaq qayıq düzəltdi. Daha sonra bir qayıq da düzəldib zirzəmiyə getdi və süddən nehrə yağı hazırladı.
Hələ tam qalxmamış günəşin istisi onun səhərdən ağrayan başını getdikcə daha bərk yandırırdı. Buğda zəmisi və dəryaz üçün olan narahatlığı daha da artırdı. Elə buna görə günorta yeməyini də yemədi. O fikir vermədi ki,əlləri necə qeyri-ixtiyari sıxılıb. Sanki oturan yerdə dəryazdan yapışmışdı. Ovucları qaşınırdı. O qalxıb əllərini şalvarına silib yenidən oturdu və papiros bükməyə başladı. Başa düşürdü ki, məşğul olmağa bir iş tapmasa hirsindən dəli olacaq. Dryu tütünü və kağızı bir kənara tullayıb hirslə yerindən qalxdı və anlaşılmaz söyüş söydü. Hiss edirdi ki, nəsə çatışmır və bu hiss getdikcə güclənirdi.
O sünbüllərin arasında dolaşan küləyin pıçıltısını eşidirdi.
Evin içində, həyətdə boş-boş veyillənib özünə bir iş tapmayan Eriksonun səbri tükənmişdi. O sahəyə su çəkmək haqqında düşünsə də onun fikirləri yetişmiş, biçilməyini gözləyən qızılı buğdaya qayıdırdı. O yataq otağına keçdi, divara söykənmiş dəryazı əllərinə götürdü. Dəryazın sərinliyini və ağırlığını hiss edərək fikir verirdi ki, ovuclarının qaşınması, başının ağrısı keçir və qəlbinə bir dinclik çökür. Erikson hiss edirdi ki, onda yeni bir instinkt əmələ gəlir. Onun şüurun sərhədlərindən kənar bir instinkt. Axı hər gün sahəyə gedib, buğda biçmək heç bir məntiqə sığa bilməzdi. Bəs niyə bu lazımdır, bax onu isə anlamırdı. Lazımdırsa, deməli lazımdır. O gülərək ağır dəryazın qulpunu qabar bağlamış ovuclarında möhkəm sıxdı və sahəyə tərəf yola düşüb işə başladı. Lənət şeytana, sahə kimi sahədir, amma nəsə o deyil.
Günlər tez və hiss olunmadan uçurdu. İş Dryu Erikson üçün adətə çevrilmişdi. Bu onun üçün hava və su kimi vacib idi. Amma tutqun suallar təxtəl şüurunun hansısa bir küncündə həmişə yenidən baş qaldırırdı.
Necəsə bir səhər ata səhər yeməyi yeyərkən uşaqlar yataq otağındakı dəryazla oynamağa getdilər. Onların səsini eşidən Erikson dik atılıb cəld yataq otağına keçdi və dəryazı uşaqların əllərindən aldı. O elə təşvişə düşmüşdü ki, heç onları danlamadı da. Sadəcə o gündən sonra dəryazı qıfılda saxlayırdı.
Dryu daha işdən boyun qaçırmır və hər gün sahəyə gedirdi. O mübtəla olmuş kimi hər gün buğda biçirdi.
Dəryazın həmləsi...Sonra yenə bir həmlə...Daha biri, ard-arda həmlələr. Hər hərəkətlə dəryazın ülgücü sünbülləri fışıltıya kəsirdi. Sıra-sıra. Sünbüllər Eriksonun ayağı altında xışıldayırdı. Həmlə...
Qoca və onun sünbülü sıxan ölü barmaqları...
Həmlə.
Bəhərsiz torpaq və onun qızılı buğdası.
Həmlə.
Yaşılın və sarının inanılmaz növbələşməsi.
Həmlə.
Sahə onun gözlərində fırlanıb, tutqun və qeyri-real görkəmə düşdü. Erikson dəryazı əlindən yerə salıb, qarnından zərbə almış kimi sarı burulğanın ortasında bükülmüşdü.
- Mən kimisə öldürdüm, - dərindən nəfəs alaraq, dəryazın yanında diz çökdü.
- Neçəsini öldürdüm?
Dünya tikələrə bölünərək tam səssizliklə karusel kimi Dryunun ətrafında fırlanırdı. Yalnız onun qulaqları getdikcə daha bərk cingildəyirdi.
Molli kartof soyurdu. Erikson dəryazı arxasınca sürüyərək evə girdi. Onun gözləri yaşarmışdı.
- Şeyləri yığ,- Erikson ayağının altına baxaraq mırıldadı.
- Niyə?
- Biz gedirik, - boğuq səslə Dryu cavab verdi.
- Necə yəni gedirik? – qulaqlarına inanmadan Molli təkrar soruşdu.
- Xatırlayırsan o qoca...Bilirsən o burda nə ilə məşğul olurdu? Bütün bu buğda, bu dəryaz- nə vaxt ki onunla biçirsən, özgə həyatlarını biçirsən. Sünbülləri kəsirsən, amma insanlar məhv olurlar. Dəryazı hər dəfə vuranda..
Molli qalxdı əlindəki kartof və bıçağı kənara qoydu.
- Biz nə qədər yol gəlmişik, uzun müddət aclıq çəkmişik, sən hər gün o sahədə əldən düşənəcən işləyirsən...
- Orda, o sahədə səslər, qəmgin səslər məndən onları öldürməməyimi xahiş etdilər. Onları öldürməməyi...
- Dryu...
O sanki eşitmədən sözünə davam edirdi.
- Buğda dəli kimi böyüyür. Sənlə bu barədə danışmaq istəmirdim. Amma burda nəsə qəribəlik var.
Molli gözlərini ərinin boş, şəffaf gözlərindən ayırmadan baxırdı.
- Elə bilirsən başıma hava gəlib? Mən özüm də buna inanmırdım. İlahi, mən bir az əvvəl öz anamı öldürdüm.
- Qurtar,- Molli onun sözünü kəsməyə çalışdı.
- Mən sünbülü kəsirdim ,birdən anladım ki onu öldürürəm.
- Dryu,-Molli qorxu içində və hirslə qışqırdı,- sus daha.
- Ah Molli, Molli,- O nəfəs aldı və dəryaz onun zəifləmiş barmaqlarından cingiltiylə yerə düşdü.
Molli onu yerdən qaldırdı və tələsik bir küncə tulladı.
- On ildi biz səninlə birgə yaşayırıq, on il. Bu on il ərzində biz doyunca yemək yeməmişdik. Nəhayət biz də başqa adamlar kimi yaşamağa başlamışıq. İndi sən bunu bizə çox görürsən?
O İncili gətirdi. Kitabı vərəqlədikcə səhifələrin xışıltısı küləkdə sünbüllərin xışıltısını xatırladırdı.
- Otur və dinlə,- o dedi və ucadan oxumağa başladı. Molli oxuduqca ərinin üz ifadəsinin necə dəyişdiyini gizlincə müşahidə edirdi.
O gündən hər axşam ona İncili oxuyurdu. Bir həftə sonra Dryu ona məktub gəlib gəlmədiyini öyrənmək üçün şəhərə poçta getdi. Qayıdanda heç özündə deyildi. O zərfi arvadına uzadaraq ifadəsiz səslə dedi:
- Anam öldü...Çərşənbə axşamı, günorta... Ürəkdən.
Sonra əlavə etdi:
- Uşaqları çağır. Yol üçün yemək yığ. Biz Kaliforniyaya gedirik.
- Dryu... – Molli əlində kağızı əzirdi.
- Özün düşün, bu torpaqda heç nə cücərə bilməz. Amma bax sünbüllər necə tez böyüyür. Axşam biçirəm, səhər yenə o boyda olurlar. O çərşənbə axşamı,biçirdim, birdən qısa qışqırıq eşitdim. Səs anamın səsi kimi idi. Və budur...məktub...
- Biz heç yerə getməyəcəyik.
- Molli...
- Biz qalıb burada yaşayacayıq. Burda başımızın üstündə damımız, hər gün yeməyə bir tikə çörəyimiz var. Nəhayət mən də adam kimi yaşamaq istəyirəm. Daha sənə uşaqları ac qoymağa icazə verməyəcəyəm. Eşidirsən məni? Mən buna imkan vermərəm.
Parlaq günəşin şüaları pəncərədən Mollinin sakit və qətiyyətli üzünü işıqlandırırdı. Mətbəx kranından yavaş-yavaş süzülən damcıların səsi evdəki sakitliyi pozurdu. Dryu dərindən nəfəs alana kimi bir neçə damcı da düşdü. O gözünü qaldırmadan başını tərpətdi: -Yaxşı, qalırıq.
Tərəddüdlə dəryaza toxundu. Parıltılı ülgücün üzərində yazılmış “Mənə sahib olan, dünyaya sahib olur” sözlərini oxudu və təkrarladı:
- Qalırıq.
Səhər Erikson qocanın qəbrinə getdi və yolda cadarlanmış torpaqdan buğdanın cücərdiyini görəndə qocanın barmaqları arasında sıxdığı sünbülü xatırladı. Erikson cavab almadan qoca ilə danışırdı:
- Sən bütün həyatın boyu bu zəmidə işlədin, əziyyət çəkdin və nəhayət o sünbülə rast gəldin. Başa düşdün ki, o sünbül sənin canındır. Onu biçdin evə gedib geyindin və yatağına uzandın. Ürəyin dayandı. Hər şey belə olub, düzdür? Sən bu zəmiləri mənə verdin. Vaxtı çatanda mən də onları kiməsə verəcəyəm.
Səsində qorxu hiss olundu.
- Bu nə qədər davam edəcək? Bütün Yer üzündə yalnız bir insan - əlində bu dəryazı tutan –bilir ki, bu zəmilər nə üçündür.
Qəflətən Erikson özünü çox qoca hiss etdi.Qarşısında uzanan bu qurumuş vadidən qədimlik və içindən çıxan qəribə bir qüdrət hiss olunurdu. Bu sahə hindular burda məskunlaşdığı vaxtlardan mövcud idi. Eyni külək heminki sünbülləri əsdirirdi. Bəs hindulara qədər? Yəqin onda da bir qədim tüklü insan bu sünbülləri biçirdi. Erikson sahəyə endi. Əlindəki dəryazın necə qüdrətli olması fikri onun şüuruna yerimişdi. O dayanmadan biçirdi. Düşünəndə ki, o buranın yeganə sahibidir, az qala nəfəsi dayanırdı. Yalnız o, başqa heç kim. Bu düşüncə ona güc verir, həm də dəhşətə gətirirdi.
“Mənə sahib olan, dünyaya sahib olur”.
Erikson işinə fəlsəfi yanaşmağa çalışırdı. Bunu ailəni doyurmaq imkanı saymaq olardı. Neçə aclıqla keçən illərdən sonra onlar da axı ləyaqətli, sakit həyata layiq idilər.
O hər sünbülü torpaqdan dəqiqliklə və səliqə ilə biçirdi. Diqqətli olsa o, Molli və uşaqlar əbədi yaşayacaqlar. Nəhayət o Mollinin, Syuzi və kiçik Dryunun həyat sünbülləri bitən yerə çatdı. Möcüzə sayəsində dəryazı dayandıra bildi. Sünbüllər düz onun gözü qarşısında bitmişdi. Az qala onları kəsəcəkdi. Dryunun ayaqları əsdi. Budur onlar, Molli,kiçik Dryu və Syuzi. O sünbüllərin qarşısında diz çöküb onlara toxundu. Əgər o heçnə anlamadan onları kəssəydi, necə olardı?
Dryu ayağa qalxıb dəryazı götürdü, xeyli uzağa çəkilib uzun müddət gözlərini zəmidən ayırmadı.
Həmişəki vaxtdan tez evə qayıdan Erikson kandardan içəri keçən kimi Mollinin yanağından öpdü. Molli heç nə anlamadı.
Naharda Molli soruşdu:
- Nə əcəb bugün belə tez qayıtmısan? Buğdalar necədir? Yenə biçən kimi cücərirlər?
Erikson başını tərpətdi və boşqabına daha iri tikə ət qoydu. Molli sözünə davam edirdi:
- Sən gərək hökümətdən kənd təsərrüfatı ilə məşğul olan adamlara yazardın. Onlar gəlib baxardılar.
- Yox, olmaz.
- Mən elə-belə təklif etdim.
Dryu qaşqabağını salladı.
- İndi ki, biz burda qalası olduq, deməli burda həmişəlik qalacayıq. Mən də özgə kiminsə bizim işlərimizə burun soxmağına icazə verməyəcəyəm. Heç kəs məndən başqa bilmir ki, harda biçmək olar, harda olmaz.
- Nə demək idi bu?
- Heç nə fikir vermə mənə, -əti çeynəməyə davam edərək, - Söz gəlişi dedim. Boş şeydir.
Sonra çəngəli tulladı.
- Bir Allah bilir ki, o hökümətdən gələn axmaqların ağlına nə gələcək. Heç düşünmədən bütün zəmini biçib qoyacaqlar yerə.
Molli başını tərpətdi.
Erikson boşqabı itələdi və bu dəfə hər sözü daha aydın daha ciddi cəhdlə tələffüz edərək dedi:
- Mən heç bir məmura yazmayacağam və heç kimi də bu sahəyə buraxmayacağam, aydındır?
O çıxdı və qapını möhkəm çırpdı.
Erikson ailəsinin həyat sünbülləri bitən yerlərdən yan keçir, səhv və təsadüflərdən qorxmadan işləyə biləcəyi yerləri seçirdi.
Bu işdən daha zövq almırdı.Axşama tərəf Missuridə yaşayan üç sevimli dostunu da o dünyaya göndərdi. Co Spanqler, Bil Març, Olya Conson. Onların adlarını kəsdiyi sünbüllərin üstündən oxudu və bundan sonra daha işləyə bilmədi. Dəryazı zirzəmiyə atıb qapını qıfılladı və açarı tulladı. Bəsdir ölüm dəryazı ilə işlədi. Kifayətdir. Ömürlük tövbə etdi.
Həmin axşam Dryu eyvanda siqar çəkib öz uşaqlarına gülməli əhvalatlar danışırdı. Amma onlar şənlənmirdilər. Ümumiyyətlə çox yorğun görünür və heç əvvəlki uşaqlara bənzəmirdilər. Molli baş ağrısından şikayətlənib yatmağa getdi. Molli də özünə bənzəmirdi. O həmişə gec yatırdı.
Zəmilər biçilmək üçün alışıb yanırdı. Dryu onlar tərəfə baxmadan sakitcə siqar çəkirdi.
Görəsən Dryu bir də sahəyə biçinə çıxmasa dünyada nələr olacaq. Bəs buğda kimi ölümü yetişmiş adamlar nə edəcəklər? Yaşayarıq görərik.
Dryu yağ lampasını üfürüb yatağına uzandı.Molli yavaşca xoruldayırdı. Dryu yuxuya gedə bilmirdi. Külək sahədə səs salırdı. Onun əlləri isə dəryaz üçün sızıldayırdı.
Gecənin bir aləmi Dryu əlində dəryaz sahəyə tərəf addımlayırdı. Dryu zirzəmini necə açdığını, dəryazı nə vaxt götürdüyünü xatırlamadan yuxulu vəziyyətdə sahəyə doğru gedirdi. Sünbüllər arasında köhnə, yorğun olanları çox idi. Onlar sakit və aysız gecədə yatmaq istərdilər. Dəryaz Dryunu dayanmağa qoymur, getməyə məcbur edirdi. O özündə güc toplayıb dayandı, dəryazı yerə atıb diz üstə çökdü.
- Daha öldürmək istəmirəm,- o dedi. Mən əgər biçməyə davam etsəm, Molli və uşaqları da öldürəcəyəm. Məndən bunu istəməyin.
Ulduzlar da hərəkət etmir sadəcə uzaqdan parlayırdılar.
Arxadan boğuq taqqıltı səsi eşidildi. Təpənin üzərindən səmaya qığılcım qalxırdı. Uzaqdan bu qırmızı əlləri olan, dili ulduzlara uzanan canlı bədheybətə bənzəyirdi.
Ev...
Dryu yavaş-yavaş yerdən qalxdı və gözlərini yanğına zillədi. Uğultulu, qəzəbli alov kiçik ağ evciyi və Virciniya palıdlarını bürümüşdü. Dryu yıxılıb qalxaraq evə tərəf qaçırdı. O evə çatanda artıq hər şey alışmışdı. Dam, qapı, kandar...Alov uğuldayır, kükrəyir və fınxırırdı.
İçəridən səs gəlmirdi. Heç kim nə qaçmır, nə də qışqırmırdı.
Dryu çığırdı:
- Molli, Syuzi, Dryu?
Cavab gəlmədi. O evə elə yaxınlaşmışdı ki, alov qaşlarını ütürdü, daha bir addım atsaydı dərisi yanmış kağız kimi istidən bükülərdi.
- Molli, Syuzi?
Dam uçdu. Alov dam ilə birlikdə yerə düşüb öz hökmranlığını davam etdirirdi. Dryu azı on dəfə evin ətrafında dövrə vurub içəri girməyə cəhd etdi. Heç nə alınmırdı. O kül və közün üstündə dayanıb gözləyirdi. Alov səngiyənda artıq dan yeri sökülürdü. Yanmış bünövrələrdən cəhənnəm istisi duyulurdu. Amma Dryu içəri girdi. Onun boynundakı tər damcılarında qığılcımlar oynayırdı. O özgə evinə girmiş yad adam kimi dayanıb baxırdı. Budur – mətbəx. Kömürə dönmüş masa və stullar, şkaflar... Budur – dəhliz...Budur – qonaq otağı. Yataq otağı. Budur - Molli. O yanıb qaralmış çarpayıda uzanmışdı. O heç nə olmamış kimi yatırdı. Onun dörd yanında qığılcımlar görünürdü. Üzü sakit, gözləri qapalı idi. Yanağında kiçik taxta parçası közərirdi.
Dryu gözlərinə inana bilmirdi. Ətrafda hər şey yanıb közə dönürdü, lakin onun arvadının dərisi necə var elə qalmışdı. Sinəsi qalxıb enirdi.
- Molli?
Sağdır. Sadəcə yatır. Axı bir az əvvəl burda hər yeri alov bürümüşdü, divarlar, tavan alovdan çökür, hər yan cəhənnəm alovu ilə alışırdı. Dryu közə dönmüş taxtaların üzərinə ayaq basanda dabanları tüstülədi, ancaq o buna fikir vermədi. Ayaqları topuğa qədər yansa belə o buna əhəmiyyət verməzdi.
- Molli!
O tərpənmir və danışmırdı. Ölü deyildi amma sağ da deyildi. Sadəcə od və közün içində sakit uzanmışdı. Alov onu yandırmırdı. Dryu Mollinin yanağına toxundu. O soyuq idi.
Od alovun içində - lakin soyuq. Azacıq gülümsəyən dodaqları nəfəsini alıb verərkən yavaşca tərpənirdi.
- Molli necəsən?
Syuzi və qardaşı da burada idilər. Dryu tüstünün içindən yanmış gips parçalarının arasında yatan uşaqlarını gördü.
O hər üçünü buğda sahəsinin kənarına çıxarıb, ayıltmağa çalışdı. Alınmadı.
- Molli, Molli oyan.. Uşaqlar, uşaqlar ayılın.
Onlar nəfəs alır, lakin hərəkət etmirdilər. Yatırdılar.
- Uşaqlar oyanın, sizin ananız...
Öldü? Yox ölmədi. Amma...
O uşaqları tərpətməyə başladı. Onlar isə oyanmır sanki öz yuxularına tamaşa edirdilər. Dryu nəsə anlamışdı.
Onların həyatı dünən bitməliydi. 30 may 1938-ci ildə. Lakin onlar ölmədilər. Çünki Dryu onların həyat sünbüllərini biçməkdən imtina etmişdi. Onlar yanğında həlak olmalı idi. Məhz belə təyin edilmişdi. Lakin o sünbüllərə toxunmadı. Ona görə də onlar sağdırlar. Ancaq onlar daha burda heç nə edə bilməzdilər. Molli və uşaqları yarı yolda – sağ və ölülər dünyasında ilişib qalıblar. Sadəcə gözləyirlər. Bütün dünyada minlərlə belə bədbəxt hadisə qurbanları,ölümcül xəstələr, intihar edənlər Molli və onun uşaqları kimi yatır və nəyisə gözləyirlər. Nə yaşayır nə də rahat ölə bilirlər. Bu da ona görədir ki, kimsə yetişmiş buğdanı biçməyə qorxub və dəryazı kənara atıb onu bir daha əlinə götürməməyə qərar verib.
Dryu uşaqlarına baxdı. Anladı ki, hər gün dayanmadan işləmək, işləmək, biçmək lazımdır.
- Yaxşı, - o dedi. Mən onlara göstərəcəyəm. Bütün sünbülləri biçəcəyəm. Hamı qoy cəhənnəm olsun.
Dryu ailəsi ilə vidalaşmadı. O getdikcə qəzəblənir, başında dəli düşüncələr fırlanırdı. Nəhayət dəryazı tapıb qaçaraq sünbül zəmisinə girib dayanmadan biçməyə başladı. O içindəki qəzəbi sünbüllərdən çıxmağa çalışır və dəli kimi qışqırırdı:
- Molli, - o çığırdı və dəryazı var gücü ilə sünbüllərə tuşladı.
- Syuzi, - o yenə səsləndi. – Dryu, - yenidən dəryazı hirslə yellətdi.
Qısa çığırtı eşidildi. Sanki üç nəfər birdən çığırdı. Dryu arxaya boylanmadı.
O hıçqıraraq ağlayır, qollarındakı hər əzələ ilə taleyindən əvəz çıxmağa çalışırdı. Ora-bura, ora-bura. Dəryaz dayanmırdı. Vıj-vıj, vıj-vıj. Havalanmış adamın dəli gülüşləri və söyüşləri ilə bərabər səmaya qalxan günəşin şüaları dəryazın ülgücünü parıldadırdı.
Və Hitler Avstriyaya soxuldu...
Və Hitler Çexoslovakiyaya soxuldu...
Ülgüc kəsir, məhv edirdi...
Polşa süqut etdi...
Yaşıl və qızılı buğda dənləri sağa sola uçuşurdu.
Bombalar Londonu, Moskvanı, Tokionu yandırırdı...
Dəryazın ülgücü qalxır, enir, insan qəzəbi ilə dağıdır və məhv edirdi.
Kaliforniya şossesindən bir neçə mil aralıda, kəndarası, heç bir yerə aparmayan bu çala-çuxur yolda köhnə bir maşın dayanaraq, gecə gündüz bilmədən, buğda zəmilərində dəlicəsinə, qəzəblə sünbül biçən fermerdən yolu soruşmaq istəyirdi. O gözləyir və heç bir cavab ala bilmirdi...
Dryu Erikson isə gözlərində qəzəb qığılcımları zəmiləri biçə-biçə uzaqlaşır, uzaqlaşır, uzaqlaşırdı.
Tərcümə etdi: İslam Qasım
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024