Yarımçıq qalmış sevgi və ya sovetlərin üç körpə qıza etdikləri sitəm...

14:36 / 07.11.2019
Baxılıb: 2542

"Cümhuriyyət xadimlərinin ən böyük tarixi xidməti o idi ki, onlar yurdun şimalında Rusiya işğalından sonrakı dövrdə unutdurulmuş müqəddəs "Azərbaycan” möhürünü xalqa qaytardılar. Bu qayıdış onların həyatını məhv etsə də, amallarını məhv edə bilmədi. Onlar əsrin çağırış və tələblərinə layiqincə cavab verərək, Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla, sonrakı nəsillərin yaddaşına bu tarixi şərəflə həkk etdilər”.

Hörmətli oxucum! Bu gün 20-ci yüzilliyin əvvəllərində igidliyi və böyük məhəbbət ilə dastana çevrilmiş Cavad bəyin nakam taleyindən bəhs edəcəyəm. O, Cavad bəyin ki, "Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür etmirəm” deyərək, canını qurban verdi.

Əsli-nəsli Qarabağ bəylərindən olan Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov 1878-ci ildə Qarabağın Tuğ kəndində anadan olub. Cavad bəy ibtidai təhsilini məşhur maarifçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəbi bitirmişdi. Rus, alman, fars, gürcü dillərini mükəmməl bilən Cavad bəy, xaricdə hərbi təhsilə yiyələnmişdir. O, siyasi fəaliyyətə "Hümmət”dən başlamış və 1906-cı ildə bu təşkilata üzv yazılmışdır. 1903-cü ildən Bakının neft mədənlərində işə başlayan Cavad bəy siyasi fəaliyyətinə görə, 1909-cu ildə həbs edilərək Bakıdan sürgün edilir. O, Bakıya bir də 1914-cü ildə qayıdır və yenidən neft mədənlərində işə başlayır. Cavad bəy sürgündən qayıdandan sonra "Hümmət”dən uzaqlaşır və 1917-ci ildə "Müsavat” partiyasına üzv olur. "Müsavat”ın birinci qurultayının keçirilməsində yaxından iştirak edən Cavad bəy, partiyanın ideyalarını təbliğ etmək üçün mədən fəhlələri arasında geniş təbliğat işi apararaq, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradılmasına nail olur.

Azərbaycan Milli Şurasının və hökumətinin yaranmasında Cavad bəy Məlik-Yeqanovun da rolu olmuşdur. O, Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsinə imza atmışdır. Arxiv sənədlərindən aydın olur ki, Cavad bəy Azərbaycan parlamentinin üzvü kimi həmişə münaqişəli bölgələrə ezam edilib və bacarığı sayəsində orada hadisələri macərasından çıxmağa qoymayıb. Onu 1919-cu ildə martın 10-da parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edərək daha məsul işlərə cəlb edirlər. Cavad bəy də belə ezamiyyətlərdən sonra hər dəfə Parlament qarşısında hesabat verirdi. Bu hesabatlardan aydın olurdu ki, Cavad bəy fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisidir.

C.Məlik-Yeqanov 1919-cu ildə Lənkərana qubernator təyin edilir. Gənc qubernator tez bir zamanda bölgədə sabitlik əldə edir və Lənkəranın, Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsinə nail olur. O, 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin təmsilçisi kimi "Muğanın Azərbaycan hakimiyyətini tanıması haqqında barışıq şərtləri”ni imzalayır.

Cavad bəy Lənkəranda qəlbinə və ruhuna daima rahatlıq bəxş edən sevgisini də tapır. Tanrı ona mələk simalı Məryəm xanımı bəxş edir. Məryəm xanım görkəmli pedaqoq, istedadlı publisist, xeyirxah maarifpərvər insan, Teymur bəy Bayraməlibəyovun qızı idi. H.Z.Tağıyevin qız məktəbində və "Müqəddəs Nina” məktəbində təhsil alan Məryəm, Murtuza Muxtarovun maddi dəstəyi ilə Moskva Tibb Universitetinə daxil olur. Lakin Rusiyada baş verən inqilabi hadisələr onu təhsilini yarımçıq qoymağa vadar edir (BDU-nun hüquq fakültəsini bitirir). Məryəm xanım Lənkərana qayıdır və burada ilk dəfə olaraq qızların təhsil alması üçün qız sinfi təşkil edərək müəllimliyə başlayır. Bir gün səhər məktəbə gələn Məryəm xanım görür ki, məktəbin həyətini zabitlər zəbt edərək təlim keçirlər. Təbii ki, zabitlərin məktəbin həyətində təlim keçməsini görən valideynlər qızlarını məktəbə qoymurlar. Bu isə Məryəm xanımın çətinliklə məktəbə cəlb etdiyi qızların yenidən məktəbdən uzaqlaşmasına səbəb olurdu. Odur ki, o, öz etirazını bildirmək üçün Lənkəran şəhərinin general-qubernatoru Cavad bəy Məlik-Yeqanovun qəbuluna gəlir.

Gözəl, savadlı Azərbaycan qızının bu cəsarətli hərəkəti qubernatoru sevindirir və əmr verərək zabitləri məktəbin həyətindən çıxarır. Məryəm xanımın gəlişi və bu cəsarəti Cavad bəyin ürəyində qəribə bir hiss oyadır. Bu hiss sonradan böyük məhəbbətə çevrilir və onlar ailə qururlar. Amma iblis xislətli insanlar bu cütlüyü xoşbəxt olmağa qoymurlar. Ailənin xoş günlərinin ömrü barmaqla sayılacaq qədər olur. 1920-ci ilin aprel işğalı Məryəm xanımın isti yuvasını tar-mar edir. 1920-ci ilin may ayının 11-dən 1930-cu ilin fevral ayına kimi 6 dəfə həbs edilən Cavad bəy, bir necə ay ağır işgəncələrə, təhqirlərə məruz qalaraq buraxılır. Diqqət yetirək, hökumət bu yersiz həbslər, araşdırmalar, təqiblərlə bir ailəni səksəkə içində yaşamağa vadar edirdi.

Amma Cavad bəy savadlı bir kadr kimi bir necə il sovetlərin işinə də yarıyıb. Məsələn, Respublika Xalq Əmək Komissarlığında qaçqınlar şöbəsinin rəisi, 1927-28-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi, Bakı Sənaye Texnikumunun təsərrüfat hissə rəhbəri və s. məsul vəzifələrdə işləyib. 1930-cu ilin əvvəllərində birdən yada düşür ki, Cavad bəy "Müsavat” partiyasının üzvü olub. 7 fevral 1930-cu ildə Cavad bəy XDİK-DSİ orqanlarının əməkdaşları tərəfindən saxlanılır. Düz üç gündən sonra "antisovet fəaliyyətinə görə” onun haqqında qəti həbs tədbiri seçildi. Bu, son gedişi oldu Cavad bəyin. Onu daha çox "Müsavat”ın lideri M.Ə.Rəsulzadənin ailəsi ilə əlaqə saxlamaqda və onlara qayğı göstərməkdə günahlandırırdılar. Ona görə də həbsxanada onu daha ağır cəza tədbirləri gözləyirdi. Bu haqsızlıqlara cavab olaraq, Cavad bəy həbsxanada aclıq elan etsə də, sonda bunu dayandırmağa məcbur olur.

İşi "sürətləndirən” DSİ-əməkdaşları beş ay sonra - 17 avqust 1930-cu ildə Azərbaycan SSR DSİ-nin kollegiya iclasında Cavad bəy Rza oğlu Məlik-Yeqanovu 5 il müddətinə islah düşərgəsinə göndərmək barədə hökm çıxardı. Lakin Mərkəz bu hökmlə razılaşmadı. Çünki Cavad bəyin "günahı” çox ağır idi. O, sovetlərin ən böyük düşməni olan M.Ə.Rəsulzadənin ailəsinə qayğı ilə yanaşmışdı. Odur ki, 8 yanvar 1931-ci ildə Baş Dövlət Siyasi İdarəsi Cavad bəyin işinə yenidən baxdı və onu 10 il müddətinə uzaq Şimala sürgün edir”.

Sürgün "həyat”ı nə qədər ağır və məşəqqətli olsa da, Cavad bəy dözür, ailəsinə yazdığı məktublarda bunu hiss etdirmirdi. Sədaqətli ömür yoldaşı Məryəm xanıma və üç körpə qız balasına təsəlli versə də, bilirdi ki, onları "xalq düşməni”nin ailəsi kimi çox ağır bir durum gözləyir. Belə də oldu. XDİK şöbəsinin 7-ci bölməsinin rəisi DT baş leytenantı Markaryan fürsəti əldən vermədi. Tez bir zamanda Məryəm xanım haqqında məlumatları toplayıb Azərbaycan SSR xalq daxili işlər komissarı Sumbatova məlumat verdi. Markaryanın bu məlumatından sonra Məryəm xanımın həbsi üçün 2677 saylı order hazırlandı və 15 oktyabr 1937-ci ildə gecə həbs edilərək evindən aparıldı. İstintaq materiallarından məlum olur ki, Məryəm xanıma nə qədər cəza versələr də, ona qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edib. Təəssüflər ki, yenə də yetərincə "şahid”lər tapıldı. Bu şahid ifadələri təsdiq edirdi ki, o, sovet hökumətinə "xəyanət” edən "xalq düşməni”nin arvadı idi. 12 dekabrda Azərbaycan SSR XDİK-nini "üçlüyü” Məryəm xanım Teymur qızını 5 il siyasi hüquqları alınmaqla, 10 il müddətinə azadlıqdan məhrum etdi. "Xalq düşmənləri”nin üç qız övladı qaldı başsız...

Məryəm xanımın da həbs edilərək sürgünə göndərilməsi xəbəri Cavad bəyi çox sarsıtdı. Bu sarsıdıcı xəbər ona sürgün həyatının bütün əzablarını unutdurdu. Həyat onun üçün bitdi. Başsız qalmış üç qız balası və gözəl, cavan ömür yoldaşının sürgün həyatı Cavad bəyi varından yox etdi. Nə qədər çalışsa da, dözmədi bu haqsızlıqlara. 1942-ci ildə sürgündə vəfat etdi. Bu ölümdən gec xəbər tutan Məryəm xanım sürgündə hər gecə Tanrıya əl açıb dua edirdi ki, onu kimsəsiz, sahibsiz qoyub gəldiyi üç övladına bağışlasın, canını almasın, ona səbir, dözüm versin. Çünki sürgündə rastlaşdığı "sürpriz”lər Bakıda Bayıl həbsxanasında gördüklərindən beş qat artıq idi və bu "sürpriz”lər nəticəsində sağ qalmaq yalnız Tanrının bir möcüzəsi idi. Tanrı bu möcüzəni Məryəm xanımdan əsirgəmədi. 11 illik sürgün həyatından sonra 1948-ci ildə Bakıya qayıdan Məryəm xanıma "böyük qardaş”larına sadiq qalan nökərlərimiz övladları ilə görüşməyə icazə vermədilər və onun Bakıdan çıxması üçün əmr verdilər. Ta 1956-cı il bəraətinə qədər. Bəraətdən sonra Məryəm xanım övladlarına qovuşa bildi. Hörmətli oxucum, onu da xatırladım ki, 1987-ci ilin əvvəllərində (1987-ci ilin dekabrında vəfat etdi) Məryəm xanımla görüşüb müsahibə götürmüşdüm. O zaman BDU-nun jurnalistika fakültəsində oxuyurdum. Bu görüş haqqında "Məryəm xanım Bayraməlibəyova” sərlövhəli məqaləmdə geniş məlumat vermişəm (Bax: "İşıq” jurnalı, 2013, N-4).

Vətənin, millətin azadlığı, xoşbəxtliyi yolunda ölüm-dirim savaşına qalxan oğullar amalları və əməlləri ilə böyük imperiyaya sübut etdilər ki, bu xalq azadlığı uğrunda canından, qanından keçməyə hazırdır. Odur ki, əsrlər keçsə belə, yenə də qədirbilən Azərbaycan xalqı hər an onları böyük ehtiram hissi ilə yad edəcək!(karabakhmedia.az)

Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər