Azərbaycanlı jurnalist Şuşadan yazdı...

11:50 / 25.11.2019
Baxılıb: 3170

Vertolyotla Xankəndinə gələndən, burada “erməni diplomatlarının” sərsəmləməsindən canımızı qurtarandan sonra Şuşaya gedirdik. Xankəndi ilə Şuşanı birləşdirən “Ağa körpüsü”nü keçəndə - “Yeddi dolama”ya çatanda hələ uşaq vaxtlarında olduğu kimi yenə ürəyim qalxdı, əlimi ağzıma sıxıb “ceep”in sürücüsünün çiynindən vurub saxlamasına işarə etdim. O da saxladı, yanımdakı iki nəfər düşmədi, qarşıda oturan bələdçi, qolunda iri hərflərlə ingiliscə ATƏT(OSCE) yazılan sarışın belarusiyalı yanıma gəldi, heç nə soruşmadan dumandan görünməz olan uca təpələrə sarı boylandı, tapançasını göstərirmiş kimi hərəkət edib uzaqlaşdı.

Buralara balaca olanda böyürtkən yığmağa gələrdik, cır və tozlu olardı deyə, evə aparmazdıq, elə yolda yeyib Ağdam-Şuşa avtobus ilə şəhərə qayıdardıq. İllərdir həsrət qaldığım havasını ciyərimə çəkdim-nəfəsim tutuldu, aramsız öskürək başladı. Maşındakılar artıq narahat olmağa başlamışdılar: bələdçi sürücüyə ratsiyanı gətirməyi tapşırdı. Rusca “bir az ləngiyirik, bir nəfərin halı pisləşib” xəbərini verdi və mənə sarı boylandı. Hava sanki dumanlı yox çirkli idi, bu dolamlar, kollar, ağaclar məni yadda saxlaya bilməzdilər, ona görə yad adam kimi baxırdılar, hətta bəlkə ağzımdan gələn təmiz sudan çimçənirdilər də. (Artıq ikinci sutka idi ki, qarşımıza qoyulan düşmən çörəyinə əl belə uzatmamışdıq, ancaq Bakıdan götürdüyümüz suyu içirdik hələ ki...)

Bu yadlıqdan gözüm yaşardı, üzümü dəsmalımla tutub silirmiş kimi maşına yaxınlaşdım, özümü ələ aldım. Yaxşı olduğumu göstərmək üçün lap köhnə kişilər kimi burada illərdir unudulan, şuşalıların adətən, uzaq yola çıxanda dedikləri “Allah, Məhəmməd, Ya Əli!” sözlərini təkrarladım. Sürücü və bələdçi “Ya Allah” eşidən kimi çönüb təəccüblə üzümə baxdılar, yanımdakı iki nəfər-azərbaycanlı jurnalistlər səhərdən ilk dəfə gülümsədilər, ikisi də “hər şey qaydasındadır” dedilər.

 
Daha ətrafa baxmırdım, gözlərimi yaş torpağa bulaşmış çəkmələrimə dikdim, ayaqlarım mənə çox qəribə görünürdü. Elə bil mənim deyildi, əlimlə ovuşdurub, “məni düşmən qarşısında biabır etmə” deyib sığallamasaydım, uzağa qaçacaqdılar. “Şuşa perevalını” belə keçdik...

Hə, bu da erməni tankı. Doğma bir adamı görürmüş kimi “Albertin vurduğu tank!” deyib sürücüyə saxlamağı xahiş etdim. Bələdçi “burada dayanmaq planda yoxdur” deyib əli ilə irəlini göstərdi. “Şuşanın işğalı günü burada xeyli əsgərimiz şəhid olmuşdu, çoxu hələ də itkindir” deyib yanımdakılara pıçıldadım. “Avtobaza”nın yanında sovet dövründən qalma “Pyannıy voditel pristupnik” şüarının üstünə indi ermənicə nəsə yazmışdılar. Qarşısında iki-üç nəfər dayanmışdı, yəqin ATƏT-in maşını olduğu üçün bizə sarı boylandılar. Əyinləri-başları tör-töküntülü, üzləri tüklü və çəlimsiz ermənilər siqaretlərini sümürüb darvazadan içəri girdilər. Nə biləydilər ki...

Şuşaya üst yoldan girdik, telefonlarımızı Bakıda qoyub çıxmışdıq, bel çantamızda fotoaparatdan başqa bir şey də yox idi. “Saat neçədir, əcəba” fikirləşib illərdir qoluma vurmadığım saata baxdım. Atamın saatına... Evdən çıxanda onu taxmışdım. Səfərdən 1 həftə əvvəl Bakıdakı saatsaz donquldana-dolquldana sazlamış, 20 manatımı almış, “bunu neynirsən, modası da keçib gəl sənə...” deyəndə “yadigardı” deyib sözünü ağzında qoyduğumu xatırladım.

...11-ə işləmişdi. Saatlarımız Bakı vaxtilə işləyirdi. İlk dəfə ağlıma gəldi ki, burda saat eyni zamanı göstərirmi? Bələdçidən dəqiqləşdirdim, saatlar Bakı vaxtilə işləyirdi. İdrisin “Tısbağa pavilyonu” dururdu, qarşısında iki-üç maşın dayanmışdı. Yəqin xaşa gəlmişdilər. Şuşada xaşın noyabrda ayrı ləzzəti olur axı. Qəbiristanlıq tərəfə boylandım, bələdçi də bu dəfə ingiliscə “no-no” dedi. Mirzə Həsən qəbiristanlığı...

Doğmalarımızın uyuduğu məzarlıq. Yuxarı tərəfdən də görünür, bir də oradan boylandım. Dumandan heç nə görünmürdü.

Şəhərə girdik - “Qaşqayın dükanı”, “Novruzun xəngəlxanası” tərəfdən...Ermənilər yolun sağında indi hotel tikiblər, xariciləri burda qarşılayırlar. Biz də xarici imişik...Taleyə bax!

Hə, burda bizi beş-altı nəfər gözləyirdi. İngilis dilində ATƏT nümayəndəsi ilə danışdılar, nəsə kağız-kuğuza baxdılar, maşının üstündə “təhvil-təslim” sənədlərinə qol çəkdilər. “Novruzun xəngəlxanası” tərəfdən onun səsi gəldi: ”Ə, bajıoğlu görünmürsən”, dedi sanki. “Novruz dayı, yeməyə nə var”, soruşanda ancaq bir menyunu təkrarlayırdı: “Sous, qreçka, gözləsən xəngəl...” Xəngəl indi Şuşa havasında nə gedər, nə gedər... Şuşalılar hətta ən pis günlərində də zarafatlarından qalmazdılar, amma gülmək vaxtı keçmişdi...

7 ay idi siqareti tərgitmişdim, iki gün idi artıq ikinci paçkanı çəkib qurtarırdım. Yeni siqaret paçkasını açmaq bəhanəsiylə maşından düşdüm, bütün nəzərlər üzərimə dikildi. “On?” sualına, “da, tolko on mestnıy” dediklərini aydın eşitdim. Şuşanın soyuğu iliyimə işləyirdi, niyə belə üşüdüm ki? Belimi şax saxlamağa çalışdım, iki gündə arıqlamışdım sanki, yəqin ondan üşüyürdüm. Gəlməyimə ilk dəfə bərk peşman oldum, bu mənim şəhərim, bura mənim vətənim, bura doğmalarımın məzarı olan yer, amma başımın üzərində bir ATƏT, iki-üç rus, dörd erməni...Necə qırılmayasan?

O binadakı üçüncü mərtəbədən baxan qız kimdir? Yoxsa...Orta məktəbdə ürəkdən-ürəyə “üçan” vaxtlarımızda indi durduğum yerdən bir sinif qızını burada çox gözətləmişdim...A...? Balkondakı qız əl edir. Kimə? Yəqin acıq verir bizə...

Gözlərimə bu dəfə qaranlıq çökdü, siqareti hirslə ayağımın altına atıb əzdim, sanki hirsimi bu kötükdən çıxırdım.

Bir mikroavtobus gəldi, Ermənistan nömrəsini yəqin qəsdən sökmüşdülər. Bir maşından düşüb o biri qara şüşəli maşına oturanda yalnız indi bizi salamlamaq yadlarına düşdü. Aralarında cəmi bir erməni qız vardı, beş dəqiqənin içində təqdimat oldu, bizim kimliyimizi soruşmadılar. Erməni qız bərbad rus ləhcəsi ilə “sizin bələdçiniz mən olacam, şuşalıyam” dedi. Həmkarımızın “gəlin Azərbaycan dilində danışaq” təklifinə erməni qız gülümsədi, “ya tolkom ne znayu” dedi.

Hə, Şuşa... Yazıq Şuşam! Avtovağzalı keçib, “Bazarbaşına” gəldik, erməni qızın nə dediyini artıq eşitmirdim, arada hırıldayırdı, əliylə küçələri göstərib danışırdı. Nə danışırdın axı ay yalançı erməni? Mən buraları gəzib dolananda, sumkamı sürütləyib qış-yaz dərsə gedəndə, “Güllü bulvardan” gül oğurlayanda, “Qarabağ” “qəstini”nin liftində aşağı-yuxarı gəzəndə, qızıl balıqları yemləyəndə, yay aylarında küçələrində saatlarla velosiped sürəndə, yıxılıb qolumu qıranda, Daşaltı çayında çiməndə, gəlin maşınlarının qabağını kəsəndə, gəlmə qızların arxasınca gəzəndə, gəlmə oğlanlarla dalaşanda sən hardaydın axı? Kimin qızısan? Dədən kim? Nəslin kim? Burda nə ölümünüz var?

Qara maşın Yuxarı Gövhərağa məscidinin yanında saxladı. Yeni təmir etdiriblər. Ayaqlarım yenə sözümə baxmadı. Bu tin bizim məhəllənin tini hesab oluna bilərdi. Burada hər kəs durmazdı. Öz adamları vardı məscidin qarşısının.

Maşından düşən kimi əlimi tez heç dəyişməyən məscidin qarşısındakı nəhəng daş işıq dirəklərinə qoydum. Heç kim gözümün qaraldığını, ürəyimin az qala partladığını hiss etməsin deyə söykəndim o daşa...”Buradan evimizə 200 metrlik məsafə olar” deyə yanımdakı həmkarıma dedim. O da bir mənə baxdı, bir yola... Yazığı gəldi elə bil. Əlini çiynimə qoyub, “sakit olaq, sonra deməsinlər ki...”

Yolda xeyli erməni vardı, bizə elə baxırdılar ki...Şuşa bazarına sarı çevrildim. Tək-tük adam girib-çıxırdı.

Evimizə sarı yenə boylandım. Bura kimi gəlib evimizə getməyim? Erməni qıza yaxınlaşdım, “bir az aşağıya-Bəzirov küçəsi 10-na gedə bilərik”, deyə, soruşdum. Cavabı yenə rusca verdi: “Marşrut təsdiqlənib, ondan kənara çıxa bilmərik”.

“Mən burda böyümüşəm, bura mənim vətənimdir, bura...” deyəndə artıq gözlərimdən yaş süzülürdü. Sonucu dəfə anamı itirəndə belə ağlamışdım. Özümü güzgüdəki kimi görürəm o cür ağlayanda. Qəzəb məni boğurdu: “Sizin hamınızın...”

(Davamı olmayacaq)

Nazim Sabiroğlu, Musavat.com


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər