Göyçənin sehirli daşı – ARAŞDIRMA

11:03 / 23.03.2019
Baxılıb: 5342

Üstünə nur yağsın, ay dəli Qoşqar!

Yayın ortasında yağdırırsan qar.

Aşıq Ələsgər

Dədə Ələsgərin “Dağlar” şeirindən götürülmüş bu iki misranın nə məna verdiyini bəlkə də çoxları anlamır. Ancaq qeyri-adi bir təbiət hadisəsinin obrazlı ifadəsi kimi görünən bu iki sətirin arxasında əslində, bütöv bir millətin etnik kökünə, mifoloji düşüncə tərzinə və tarixi taleyinə söykənən dərin bir mətləb dayanır. Ən qədim zamanlardan - ilk insandan bu günə qədər yağış göydən enən bərəkət kimi qəbul olunub, müqəddəslik qazanıb. Özünü təbiətin ayrılmaz hissəsi olduğunu dərk edən əcdadlarımız ana bildikləri təbiətdən umduqlarını ona müxtəlif rituallar və dualar vasitəsilə çatdırıblar. Quraqlıq təbii fəlakətlərin ən qorxuncu və dəhşətlisi sayıldığından, demək olar ki, dünyanın hər bir nöqtəsində yaşayan insanlar bu faciədən qurtulmaq üçün müxtəlif ayinlərdən və mərasimlərdən istifadə ediblər. Bu mərasim və ayinlərdə təbiətə hökm edən qüvvələrə və ya onlara yaxın olduğu güman edilən qüvvələr adına dualar oxunur, müxtəlif təqlidlər çıxarılır. Yağış yağdırma mərasimləri Türk xalqları arasında ən çox yayılan mərasimlərdəndir və hər bir xalqın, tayfanın öz inanc sisteminə uyğunlaşmış şəkildə icra edilir. Ancaq bu mərasimlərin mahiyyətinə baxıldıqda bir-birindən çox uzaq məsafədə və ayrılıqda yaşayan türk xalqlarının dünyagörüşündəki ortaq izlər aydın görünür. Bütün bunlar, zaman və məkandan asılı olmayaraq insanın öz genetik kodlarının diqtəsilə öz soykökünün malik olduğu mifoloji düşüncənin daşıyıcısı olduğunu sübut edir. Bir zamanlar Göyçə mahalında yağış yağdırmaq üçün icra olunan mərasim öz qədimliyi və başqa bölgələrdəki ayin və mərasimlərdən fərqlənməsi ilə diqqəti cəlb edir. Bu mərasimin çox qədimlərdə Göyçənin başqa kəndlərində də icra olunduğu söylənsə də, son dövrlərə qədər yalnız Basarkeçər rayonunun (indiki Vardenis) Kiçik Məzrə kəndində qalmışdı. Mərasimdə qədim türk inancına söykənən sehrli daş vasitəsilə yağış yağdırma üsuluna söykənilir. Burada bir neçə vacib məqam vardır ki, onları bütövlükdə dərk etmək üçün mərasimin icra prosesinə əvvəldən axıra qədər diqqət yetirmək lazımdır. Azərbaycanın qərb rayonlarında - Daşkəsən, Kəlbəcər, Gəncəbasar, Gədəbəy ərazisində olduğu kimi, Göyçə mahalında yaşamış yerli türklər tərəfindən də Qoşqar dağı müqəddəs dağ hesab edilir.

Ağsaqqallar, ağbirçəklər həmişə bu dağa baxıb salavat çevirər, gəlinlər, qızlar üzü Qoşqara tərəf dayananda yaşmaqlanardılar. Bu, insanların şüurunda özünə yer eləmiş islamaqədərki dağ kultunun əlamətləri ilə bağlıdır. Əski türklərdə dağlar, Tanrının məkanı kimi qəbul edildiyindən həmişə müqəddəs yer hesab olunub. Eyni zamanda dağ, türklərdə həm də Vətən mənasında qəbul edilib. Bütün bunlar “Kitabi Dədə Qorqud”da Qazılıq dağı ilə bağlı inancları xatırladır. İslamiyyətdən sonra da dağ kultu ilə bağlı inanclar insanların şüurundan, həyatından və məişətindən silinməyib? islami qaydalara uyğun olaraq, yalnız şəklini dəyişibdir. Burada onu da qeyd eləmək yerinə düşərdi ki, Göyçə mahalında yaşamış türklərin inanc sistemində islamın təsiri ilə transformasiya olunmuş alban-xristian, qıpçaq-xristian mədəniyyətinin izlərinə də rast gəlinir ki, bununla bağlı gələcəkdə geniş söhbət açarıq. Göyçəlilər Qoşqar dağını müqəddəs hesab etdiklərindən, oradan götürülmüş xüsusi daşın sehrli gücünə inanırdılar. Sehrli daşı Qoşqardan gətirmək hər adama etibar edilmirdi. Kənd ağsaqqalları bir yerə toplaşaraq, bu missiyanı yerinə yetirmək üçün öz aralarından ən təmiz, dürüst və əməli-saleh insanı seçirdilər. Bu adam eyni zamanda ailədə ata-ananın ilki olmalıydı. Bundan əlavə, həmin adam üçün kəndin gəncləri arasından diribaş və qüvvətli bir nəfər köməkçi (bəkçi) seçilirdi. Bu adamların Qoşqara yola salınması zamanı ağsaqqallar namaz qılıb, dualar oxuyaraq onları yola salırdılar. Ən maraqlı məqamlardan biri də bundan ibarətdir ki, daşı götürmək üçün seçilmiş adam geri qayıdana qədər nə yeyib-içməli, nə də bir kəlmə də olsun danışmamalıdır. Bütün bunlar onun yanında göndərilmiş “bəkçi”yə aid deyildi və eyni zamanda o, daşa toxuna bilməzdi. Bununla bağlı Göyçədə yol gedən iki nəfərdən biri söhbət etməyəndə, o birisi “Qoşqara daş gətirməyə gedirik?”- ifadəsini işlədirdi. Daş, Qoşqar dağının dəniz səviyyəsindən 3361 m. yüksəklikdə yerləşən zirvəsindən götürülürdü. Söylənilənlərə görə həmin daş dağın zirvəsindəki digər daşlardan görünüşcə fərqlənir. Daşın rəngi qara, forması isə girdə olur. Xüsusi dua oxuyub daşı götürdükdən sonra axşam gün batana qədər onu kəndə çatdırmaq tələb olunurdu. Qaydaya görə yağış daşını gətirməyə gedənlər bütün yolu piyada gedib gəlməli olduqlarından, kənddən Qoşqara qədər olan məsafə nəzərə alınaraq yola çıxma vaxtı elə seçilirdi ki, göndərilən adamlar axşam dağa çatır, səhər tezdən gün çıxdıqdan sonra daşı götürür və günortaya kəndə çatırdılar. Daşın gəlişi xüsusi mərasimlə bayram edilərdi. Kənd əhalisi qara zurnanın və nağaranın müşayiəti ilə gələnləri qarşılamağa çıxar, bu münasibətlə mütləq qurban kəsilərdi. Bundan sonra daşı kəndin kənarındakı “Qarabulaq” adlanan bulağın başına gətirərdilər. Burada da xüsusi dualar oxunduqdan sonra daş bulağın gözündə basdırılardı. Bir də xatırladım ki, yağış daşına onu Qoşqardan götürmüş şəxsdən başqa kimsə əl vura bilməzdi. Ağsaqqalların söylədiyinə görə bundan sonra Qoşqar dağının zirvəsində əmələ gələn kiçik bulud topası getdikcə böyüyərək bütün Göyçə çuxurunun üzərini örtər və güclü yağış yağardı. Yağışı dayandırmaq üçün isə dua oxuyub bulağın gözündən daşı çıxarmaq kifayət edirmiş. Bütün bu prosesləri bir nəfər- daşı Qoşqardan gətirmiş adam icra edirdi. Bundan sonra daş, həmin adamın evində əldən-ayaqdan uzaq, eyni zamanda təmiz bir yerdə qorunurdu və ondan dəfələrlə istifadə olunurdu. Əgər sonralar mərasimin icrası zamanı yağış yağmazdısa daş hansı səbəbdənsə öz gücünü itirmiş hesab edilərdi və Qoşqardan yeni daş gətirilərdı.Bu mərasim sonuncu dəfə ötən əsrin 70-ci illərində Kiçik Məzrədə kənd ağsaqqallarından Əbdüləzim Hüseynov tərəfindən icra edilib. Çox təəssüflər olsun ki, bu mərasimin icrasının şahidləri olan və onun bütün təfərrüatlarını xırdalıqlarına qədər bilən insanlar artıq dünyada yoxdur.

Bu mərasim zamanı hansı duaların oxunması, daha hansı ayinlərin icra olunmasının sirləri həmin insanlarla bərabər əbədiyyətə qovuşub. Mən sadəcə həmkəndlilərimin öz böyüklərindən eşitdikləri xatirələri fraqmentlər şəklində toplayaraq bu mərasim haqqında tam təsəvvür əldə etməyə çalışdım. Çünki, bu mərasimin ən böyük özəlliyi ondan ibarətdir ki, onun icrası çox qədim bir Türk inancına söykənir. Qədim əfsanələrdə və yazılı Çin, Ərəb, Avropa və Türk mənbələrində Türk xaqanlarının sehrli bir daşa sahib olmasından söhbət açılır. Həmin mənbələrdə bu daş Yay, Yat, Yada, Cada kimi göstərilir. Həmin daş vasitəsilə yağış yağdıranlar isə Yayçı, Yatçı, Yadaçı və Cadaçı adlandırılırlar. Maraqlıdır ki, kənd ağsaqqallarından biri Qoşqardan daş gətirən adamın qədimlərdə “Yedəçi” adlandırıldığını söyləmişdi. Mən bu sözün hansı məna verdiyini və nəyə söykəndiyini öyrənə bilmədiyimdən onu diqqətdən kənarda qoymuşdum. Sən demə bu sözün kökü ilə aramızda nə az, nə çox düz 2 min ilə yaxın bir zaman məsafəsi varıymış.Qədim Türk dastanları “Ər Gökçə”, “Manas” dastanlarında Yada daşından danışılır. Yazılı Çin mənbələrində 449-cu ildə Hunlarla Cucilər arasında baş vermiş bir müharibədə Hun Xaqanının sehli daşın köməyi ilə güclü leysan yağışı yağdırmasından söz açılır.

“Əvvəlcə Qüzey Hunların hökmdarı Uca Xanın tayfasında elə kahinlər vardı ki, onlar Cucilər hücum etdiyi zaman güclü yağış yağdırdılar, fırtına qopardılar. Nəticədə Cucilərin onda üçü sellərdə boğuldu, soyuqdan qırıldı” (Yeri gəlmişkən eynilə bu hadisənin bənzəri Sergey Bodrovun 2007-ci ildə Çingizxan haqqında çəkdiyi “Monqol” filmində də yer alıb).

İslam qaynaqlarında da türklərin əlindəki qüdrətli daşdan - yağış daşı mənasını verən “Həccər-ül Mətar” və ya “Səng-i Cada” adlandırılan daşdan söhbət açılır.İslam tarixçilərindən İbn-əl Fakihin qeydlərində Xəlifə Məmunun bu sehirli daşla bağlı araşdırma aparmaq üçün Nuh bin Əsədə göstəriş verməsindən söz açılır. Nuh bin Əsəd Türklərin içərisində bununla bağlı araşdırma apardıqdan sonra Xəlifəyə bu məlumatın doğru olduğunu, ancaq onların bunu necə etdiklərini araşdıra bilmədiyini xəbər verir. İbn-əl Fakih öz tarixi qeydlərində Xorasan Əmiri İsmayıl bin Əhmədin Əbül Abbasa söylədiyi fikirlərə də yer ayırıb: “İyrimi min nəfərlik ordu ilə, təpədən dırnağa qədər silahlanmış 60 min türk döyüşçüsünə qarşı döyüşə çıxdım. Bunlardan bir hissəsi bizim tərəfimizə keçdi və bizə dedilər ki, Türklər başımıza iri dolu yağdıracaqlar. Biz onların dediklərinə inanmadıq. Düşündük ki, bunların qəlbindən hələ də küfr çıxmayıb. Sabah oldu. Başımızın üstünü qorxunc buludlar aldı. Dəhşətli dolu yağdı”.

Daha sonra İbn-əl Fakih yazır ki, İsmayıl bin Əhməd iki rükət namaz qılaraq dolunu Türk ordusunun üzərinə qaytarıb. Ancaq bir çox tarixçilər bu faktın doğruluğunu şübhə altına alaraq güman edirlər ki, İbn-əl Fakih bunu o zaman Allahın ordusu hesab edilən Ərəb ordusunun nüfuzuna xələl gəlməməsi və islamın gücünü göstərmək üçün yazıb. Məhəmməd bin Hüseyn, `Əl-Tusi` adlı əsərində yazır: `Türklərdə müxtəlif rənglərə və formalara malik Yada daşları olur. Bu daşlar Hıtay ve Tavgaç (Tabqaç) dağlarından götürülür. Onların köməyi ilə yağış və dolu yağdırırlar. Türklər, bu sənəti bilənləri “Yadaçı” adlandırırlar. Bu işlərin elə ustaları var ki, kəndin bir tərəfinə yağış, qar yağdıranda, o biri tərəfdə günəş olur. Türklər bu daşı yanlarında gəzdirirlər və onun köməyi ilə düşmənlərinə qalib gəlirlər`.Şaban Şifainin IV Mehmetə yazdığı “Risale-i Şifaiyye Fi Beycini Enva-i Ahcar” əsərində Yada daşının görünüşü ilə bağlı məlumat verilir: “Yada daşları... müxtəlif rənglərdə olur. Əksəriyyəti üzərində qırmızı çilləri olan qaraya çalan torpaq rəngindədir. Ağ rəngdə və üstündə qırmızı nöqtələri olanlara da rast gəlinir. Ən böyüyü quş yumurtası boyda olur”.

Məşhur səyyah Marko Polo öz səyahətnaməsində Kəşmirdə yaşayan Türklərin Yada daşı vasitəsilə yağış yağdırmasından söz açır. Ərəb səyyahı İbn Haldunun, Mahmud Kaşğarlının, Əlişir Nəvainin əsərlərində də Yada daşı ilə bağlı qeydlərə rast gəlinir. Kökü qədimlərə dayanan bütün əfsanələrdə və yazılı mənbələrdə Yada daşının Türklərə Tanrı tərəfindən verilmiş fövqəladə bir güc olduğu bildirilir. Türklərin bir çox xalqları və tayfaları öz hakimiyyətləri altında birləşdirərək qüdrətli dövlətlər yaratmasında bu daşın böyük rol oynamasından söhbət açılır. Ancaq tarixin bəzi dönəmlərində bu daş Türklərin əlindən çıxanda onların dövlətləri parçalanıb, xalqları aclıq və səfalətə düçar olublar. Qədim Türk abidəsi “Kutlu Dağ” dastanında da məhz bundan söhbət açılır. Çox ibrətverici bir məqamdı elə deyilmi? Biz zaman-zaman Yada daşını da , onunla bağlı yaddaşımızdakıları da itirdik. Bəlkə elə buna görədir ki, gücümüzü, qüdrətimizi itirdik, Dağlarımızı itirdik, Vətənimizi itirdik.

(Bu yazıda Abdülkadir İnanın “Şamanizm” əsərindən istifadə olunub.)

Füzuli Sabiroğlu


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər