Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər.
Bu işdə ermənilərə daha çox «canıyananlıq edənlər» əvvəlcə Roma papası, sonralar isə Çar Rusiyası olmuşdur. Bu da təbii idi, çünki Roma papası üçün xristianlığı Şərqə doğru genişləndirmək, I Pyotrun Cənub dənizlərinə doğru işğalçılıq planlarını həyata keçirən Rusiya üçün isə Qara dəniz və onun boğazlarını və Xəzər ətraflarını tutmaq başlıca məqsəd idi. Bu işdə onlar həmişə xristian erməni kartından məharətlə istifadə etməyə çalışmışlar. XVIII-XIX əsrlərdə Yaxın Şərq, ilk növbədə isə İran və Osmanlı İmperiyası əraziləri İngiltərə və Çar Rusiyası kimi müstəmləkəçi dövlətlərin başlıca hədəf nöqtəsi və mübarizə meydanına çevrilir. Bu yerlərə müdaxilə üçün ermənilərə kömək onların əlində başlıca bəhanələrdən biri idi.
XVIII əsrdə Zaqafqaziyanı ələ keçirmək üçün geniş hərbi fəaliyyətə başlayan Rus çarizmi artıq XIX əsrin birinci yarısında öz istəklərinə tamamilə nail ola bildi. 1812-ci ildə başlanmış Rusiya-İran müharibəsi 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində bağlanmış sülh müqaviləsi ilə başa çatır. Bu müqaviləyə görə Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki xanlıqları Rusiya imperiyası tərkibinə qatıldı. Beləliklə, vahid Azərbaycan iki yerə parçalandı. Lakin İrəvan və Naxçıvan xanlıqları hələlik İranın hakimiyyəti altında qalır.
İran isə heç cür bu məğlubiyyətlə razılaşmaq istəmir. Rusiyada öz növbəsində bütün Qafqaza sahib olmaq istəyirdi. Ona görə də 1826-cı il iyulun 16-da 60 minlik İran qoşunu Azərbaycanın Rusiya tərəfindən tutulmuş Şimal torpaqlarına soxulur. Lakin İran orduları elə bir əsaslı müvəffəqiyyət əldə edə bilmir. Əks hücuma keçən Qafqazdakı Rus ordusu İran qoşunlarını ağır məğlubiyyətə uğradır, İrəvan və Naxçıvan xanlıqlarının ərazisini də işğal edərək artıq 1827-ci ilin axırlarında Azərbaycanın cənub torpaqlarına soxularaq Təbriz, Urmiya və Ərdəbili də işğal edirlər. Vəziyyətin ağırlığını hiss edən İran 1828-ci il fevralın 10-da Təbrizdən bir qədər cənubda yerləşən Türkmənçay kəndində Rusiya ilə ağır şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur oldu. Müqaviləyə görə çar Rusiyasının qoşunları Azərbaycanın cənub torpaqlarından çıxarılır. Yenicə işğal olunmuş İrəvan və Naxçıvan xanlıqları isə Rusiyanın tərkibinə qatılırdı. Bu müqavilədə məğlub olmuş İran üçün bir sıra təhqiramiz maddələr də var idi ki, onlardan biri də İranın Rusiyaya 20 milyon manat təzminat verməsi, təzminat ödənilib qurtarana qədər isə zəbt olunmuş bir sıra Azərbaycan əyalətləri girov kimi Rusiyanın himayəsində qalmalı idi.
Burada faktiki məlumatlardan istifadə edərək rus istilasına qədər və rus istilasından sonra keçmiş Azərbaycan xanlıqları olan İrəvan və Naxçıvanda erməni mənşəli əhalinin demoqrafik vəziyyətində baş vermiş dəyişiklikləri göstərməyə çalışacağıq. Faktları saxtalaşdırmaq və təhrif etməkdə dünyada analoqları olmayan erməni tarixçilərinin yazdıqları və dediklərinin, yəni az qala bütün Qafqazı öz adlarına çıxmalarının tarixi əsası varmı? Həqiqətən də bu ərazilər əzəli erməni torpaqlarıdırmı? Buna faktlar daha dəqiq cavab verir.
Yeri gəlmişkən qeyd edək ki, Rus ordusunun Qafqaza və İrana hücumunda erməni millətindən olan generallar və zabitlər fəal iştirak edirdilər. Onlar A.P.Yermolev və İ.F.Paskeviç kimi qəti şovinist rus hakimlərinin qılığına girərək onların etimadını qazanır, bundan isə ermənilərin xeyrinə çox məharətlə istifadə edirdilər. Erməni millətindən olan general və zabitlər V.Madatov, Q.Lazarev, İ.Korqanov, V.Bebudov, A.Arqutinski və başqaları bu işdə xüsusilə iyrənc rol oynamışdılar.
Onların arasında Rus ordusunun Qafqazdakı baş komandanı general feldmarşal qraf İ.Paskeviç-İrəvanskinin sevimlisi polkovnik Q.Lazarevi xüsusilə qeyd etmək lazımdır. O, 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı ermənilərin İrandan Zaqafqaziyaya köçürülməsində xüsusi canfəşanlıq göstərmişdi. Şəxsən İ.Paskeviçin təşəbbüsü ilə 1827-ci ilin mayında ermənilər arasında Rusiyanın siyasi təsirini gücləndirmək bəhanəsi ilə özünün sədaqətli xidmətləri ilə Rusiya «hökumətinin etibarını qazanmış və bununla bərabər erməni xalqı arasında böyük nüfuz sahibi olan» polkovnik Q.Lazarev S.Peterburqdan Qafqaza çağrılır. 1831-ci ildə buraxılmış S.Qlinkonun «Azərbaycan ermənilərinin Rusiya ərazisinə köçürülməsinin təsviri» kitabında (yeri gəlmişkən qeyd edək ki, Q.Lazarevin rolu və fəaliyyətinin olduqca şişirdildiyi bu kitab Moskvada Şərq dilləri institutunun Lazarevlərə məxsus mətbəəsində çap olunmuşdu – A.P.) göstərilir ki, qısa müddətdə Q.Lazarev İ.Paskeviçin və hökumətin etimadını doğruldur. 1827-ci ilin oktyabrında qalib ordunun komandanı kimi Təbrizə daxil olan İ.Paskeviç qısa müddətdə Təbriz və onun ətrafındakı əyalətlərdə erməni millətindən olan əhalinin Rusiya tərəfinə cəlb olunmasında Q.Lazarevin fəal rolunu nəzərə alaraq onun yorulmaq bilməyən və Rusiya üçün xeyirli fəaliyyət dairəsini daha da genişləndirmək məqsədilə onu Təbrizin komendantı təyin edir. Q.Lazarevin Təbrizin komendantı təyin olunması haqqında xəbər yayılan kimi Azərbaycan vilayətinin bütün xanlıqlarından ermənilər Təbrizə axışmağa başlayırlar. Onlar Q.Lazarevdən xahiş edirlər Rusiya İmperatoruna çatdırsın ki, ermənilər «O, əlahəzrətin səltənətində yaşamağa və ölməyə şad olardılar!» Xoy erməniləri isə bildirirlər ki, «Biz İranın çörəyini yeməkdənsə Rusiyanın ot-ələfini yeməyə hazırıq!».
Türkmənçay müqaviləsinin on dördüncü maddəsinə müvafiq olaraq xristianlar adı altında Cənubi Azərbaycan ərazisində yaşayan ermənilərin Zaqafqaziyaya köçürülməsi işinə rəhbərlik üçün xüsusi komitə yaradılır.
Ona rəhbərlik işi isə Q.Lazarevə tapşırılır. İ.Paskeviçin 1828-ci il fevralın 26-da polkovnik Q.Lazarevin adına göndərdiyi ermənilərin Cənubi Azərbaycandan Rusiyanın yeni tutduğu ərazilərə köçürmək üçün 19 maddədən ibarət təlimatında göstərilirdi ki, rus ordusu Təbrizi tutan kimi onun yanına gələn ermənilər Rusiya vilayətlərinə köçməyə icazə istəmişlər. Lakin Azərbaycanın həmişəlik Rusiyanın hakimiyyəti altında qalacağına ümid edən ermənilər köçməyə tələsmirdilər.
Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra isə Rus orduları tezliklə Arazdan cənubda tutduqları torpaqları tərk etməlidirlər.
Yalnız İran müqavilədə göstərilən təzminatı tam şəkildə ödəyə bilmədiyi üçün Urmiya, Xoy və Maku əyalətləri müvəqqəti təzminat ödənilənə qədər girov kimi Rusiyanın əlində qalacaq. İ.Paskeviç Q.Lazarevə göstəriş verirdi ki, vaxtdan istifadə edərək həmin ərazilərdəki ermənilər arasında Rusiyaya köçmək barədə geniş təbliğat işi aparsınlar. Bu təlimatda o, erməniləri İrəvan, Naxçıvan və Qarabağa göçürməyi tövsiyyə edirdi.
Bununla əlaqədar həmin il martın 30-da Q.Lazarev ermənilərə rus və erməni dillərində xüsusi müraciət də qəbul edir. Həmin müraciətdə ermənilərin İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında istədikləri yerə köçmələrinə icazə verildiyi və onlar üçün gəldikləri yerdə hər cür şərait yaradılacağı, köçərkən isə onlara hərtərəfli köməkliklər göstəriləcəyini elan edir.
1929-cu il dekabrın 24-də İ.Paskeviçə ətraflı hesabat təqdim edən Q.Lazarev üç ay yarım ərzində 8000-dən yuxarı erməni ailəsinin (40 min nəfərin) Arazı keçərək Rusiyanın yeni tutduğu torpaqlarda İrəvan, Naxçıvan və Qarabağda məskunlaşdırıldığını bildirir.
Rusiya-İran müharibəsini qələbə ilə başa çatdıran və öz istədiklərinə nail olan Rus çarizmi özünün təcavüzkarlıq planlarını indi də Türkiyəyə qarşı yönəldir. Türkiyə ilə müharibə aparan rus ordularına yenə də İ.Paskeviç komandanlıq edirdi. Türkiyə ilə müharibədə də ruslar ermənilərdən məharətlə istifadə edirlər. Ermənilər Türkiyə torpaqlarına soxulan rus ordusuna yollar göstərir, onları ərzaqla, qoşqu vasitələri ilə təmin edirdilər. Şərqi Anadoluda İ.Paskeviçin orduları ermənilərin təhriki ilə dinc müsəlman əhalisinə qarşı eşidilməmiş amansızlıqlar törətmişdir. Məsələn, Axıskanı tutmağın qeyri mümkün olduğunu görən İ.Paskeviç hər tərəfdən ona od vurdurur. Dörd min nəfərdən çox mülki əhali yandıqdan sonra Axıskaya girən rus qoşunu yaşından asılı olmayaraq bütün müsəlman əhalisini qılıncdan keçirir və Axıska nahiyəsinin idarəsini V.Behbudov adlı bir erməniyə tapşırır. İrəli hərəkət edərək Ərdahan, Bayazid və Ərzurumu tutan İ.Paskeviç Ərzurumu idarə üçün ermənilərdən ibarət bir bələdiyyə idarəsi də yaradır. Əlinə fürsət düşmüş ermənilər türk ordularının bir daha Ərzuruma qayıtmayacağına ümid edərək buradakı türklərə qarşı eşidilməmiş vəhşiliklər törədirlər. 1829-cu ildə Ədirnədə Rusiya ilə Türkiyə arasında sülh müqaviləsi imzalanır. Bu müqaviləyə görə ruslar Ərzurumu boşaltmalı olurlar. Bu erməniləri matəmə qərq edir. Türklərə qarşı törətdikləri cinayətdən qorxaraq 14 mindən yuxarı erməni ailəsi (84600 nəfər) Türkiyə torpaqlarını tərk edən rus ordusunun köməyi ilə təcili olaraq Rusiya ərazisinə köçürlər.
Rusiyanın hakimiyyəti altına keçdikdən sonra ətrafında toplanmış ermənilərin arzusunu yerinə yetirən İ.Paskeviçin təşəbbüsü ilə keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Erməni vilayəti yaradılması haqqında Rusiya İmperatoru I Nikolay fərman verir. 1829-cu ilin aprelindən 1832-ci ilin mayına qədər Erməni vilayətinin kameral siyahıya alınması işi aparılır. İ.Paskeviçin göstərişi ilə bu iş mülki müşavir İ.Şopenə həvalə olunur. O, topladığı materiallar əsasında özünün «Rusiya imperiyasına birləşdirilən dövrdə Erməni vilayətinin vəziyyəti» adlı iri həcmli əsərini yazaraq 1852-ci ildə S.Peterburqda İmperiya Elmlər Akademiyasının mətbəəsində çap etdirir. Həmin əsər Akademiyanın Demidov mükafatına da layiq görülmüşdür. Bu kitab sırf erməni mənbələrinin təsiri altında yazılmış bir əsər idi. Onun «Qədim Ermənistana bir nəzər» adlı bölməsində müəllif qədim Ermənistanın tarixi coğrafiyası və dili haqqında verdiyi məlumatlar barədə bildirirdi ki, onun qədim Ermənistan haqda verdiyi məlumatlar sırf erməni mənbələrinə əsaslanır. O, etiraf edirdi ki, yaxşı başa düşürdüm və başa düşürəm ki, bu cür əsərləri daha dəqiq məlumatlar əsasında yazmaq və təkmilləşdirmək üçün erməni, gürcü, ərəb, fars, yunan salnamə və ədəbiyyatlarına dərindən baş vurmaq, tədqiqatlar aparmaq lazımdır. Bunun üçün isə insan gərək bütün həyatını həmin işə həsr etsin. Buna isə mənim imkanım olmamışdır. O, yer adlarını olduğu kimi verməyə çalışdığını göstərir. O yazırdı: «Mən çalışmışam ki, xüsusilə adlarda dəqiqliyi olduğu kimi saxlayım. Qızılbaş ləhcəsində tatar (azərbaycan – A.P.) sözlərini mən dərə (uşelğe), təpə (xolm), qala (ukreplenie), kimi saxlamışam. Mən burada siçan (mışğ), ilan (zmeə), oğlu (sın), balıq (rıba), çəltik (şeluxa) və s. saxlamışam…» Habelə burada o, yer adlarını – Gümüşlü, Dəlik daş, Altun dağ, Ala göz, Dəvəli, İlan dağ, Kömür dağ və s. olduğu kimi saxlamışdı.
İ.Şopen yazırdı ki, ermənilər sübüt etməyə çalışırlar ki, Böyük və kiçik Ermənistanda, Kilikiya, Komagen (?) və Messopotaniyada ermənilərin sayı 27.874 min nəfər olub. O, yazırdı ki, bu açıq-aşkar şişirtmədi. Əgər bu ərazidə hər dairədə yüz kənd, hər kənddə 50 ailə olsaydı və hər ailənin 5 üzvü olsaydı bü cəmi 6.450 min edərdi. O, qeyd edirdi ki, başqa hesabla Eçmiadzin patriarxlığında guya 1.500 min ailə, Sis patriaxlığında isə 20 min ailə – cəmi isə 1520 ailədə 7.600 min nəfər erməni var.
İ.Şopen qeyd edird ki, bu rəqəmlər də olduqca şişirdilib. O, yazırdı ki, hazırda bütün dünyada yaşayan ermənilərin sayı çətin ki, 2 milyon nəfərdən çox olar. (Maraqlıdır ki, kim isə kitabda həmin «2» rəqəmini karandaşla düzəldərək «4» etmişdir» - A.P.).
İ.Şopen elə həmin səhifədə qeyd edirdi ki, hazırda Rusiyaya mənsub olan Qədim Ermənistanın əhalisi 440 min nəfərdi ki, onlarında yarıdan çoxu müsəlmanlardı. Göstərilən adların əksəriyyəti isə Azərbaycan adlarıdır. İ.Şopenin bu torpaqları qədim erməni torpaqları kimi qələmə vermək üçün bütün ciddi cəhdlərinə baxmayaraq onun topladığı materiallar, verdiyi məlumatlar rus istilasına qədər bu ərazilərin Azərbaycan torpaqları olduğunu bir daha sübut edir.
İ.Şopenin bu əsərində göstərilirdi ki, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmış Erməni vilayəti İrəvan, Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünürdü. Bu ərazilərdə Rusiyaya birləşdirilən zaman üç şəhər (İrəvan, Naxçıvan və Ordubad) və 1111 kənd mövcud olmuşdur ki, onlardan da həmin dövrdə yalnız 752-si əhali ilə məskunlaşdırılmışdır. Məskunlaşdırılmış kəndlərdən 521-i İrəvan əyalətində, 179-u Naxçıvan əyalətində, 52-si isə Ordubad dairəsində idi. Viran qalmış 359 kənddən 310-u İrəvan əyalətində, 43-ü Naxçıvan əyalətində, 6-sı isə Ordubad dairəsində idi. Dağılmış kəndlərin bu kitabda siyahısı da verilmişdir. Demək olar ki, onların hamısı azərbaycanlı adları idi. Onların əksəriyyəti Rusiya ilə İran arasında gedən müharibə zamanı hərbi əməliyyatlar nəticəsində dağıdılmış, əhalisi isə İrana, Türkiyəyə köçmüş və ya döyüş xəttindən aralı kəndlərə qaçmışlar. Bunu kitab müəllifinin özü də etiraf edirdi ki, yəqin siyahıya almadan sonrakı keçən müddətdə həmin kəndlərin çoxu artıq bərpa olunmuşdur.
Bu kitabda İ.Şopen Erməni vilayətinin erməni əhalisini iki qismə – köçürülməyə qədər orada yaşayanlar və ruslar tərəfindən buraya köçürülənlərə bölürdü. O, qeyd edirdi ki, bütün Erməni vilayətində köçürülməyə qədər cəmi 4428 erməni ailəsi (25.151 nəfər) olmuşdur ki, onlardan da 3.498 ailə (20.073 nəfər) İrəvan əyalətində, 530 ailə (2.690 nəfər), Naxçıvan əyalətində, 400 ailə (2.388 nəfər) isə Ordubad dairəsində yaşamışdır.
1828-1829-cu illərdə İrandan Erməni vilayətinə 6.946 erməni ailəsi (35.560 nəfər), 1830-cu ilə qədər isə Türkiyədən 3.682 erməni ailə (21.666 nəfər), cəmi isə İran və Türkiyədən 3 il ərzində 10.628 erməni ailəsi (57.226 nəfər) Rusların yaratdığı Erməni vilayətinə köçürülmüşdür. Nəticədə artıq 1830-cu ildə bu vilayətdə erməni ailələrinin sayı 15.059-a (82.377 nəfər) çatır.
İ.Şopenin məlumatına görə 1928-ci ilə qədər İrəvan və Naxçıvan xanlıqlarının ərazilərindəki şəhərlərdə 4.280 ailə olmuşdur ki, onlardan da 2.400 ailə İrəvanda, 1100 ailə Naxçıvanda, 780 ailə isə Ordubadda idi. 25 Bu xanlıqların ərazisində olan kəndli ailələrinin sayı isə cəmi 15.850 idi. Onlardan da 11.000 kəndli ailəsi İrəvan xanlığı ərazisində, 4.850 kəndli ailəsi isə Naxçıvan xanlığı və Ordubad ərazisində olmuşdur. İ.Şopen sübut etməyə çalışırdı ki, guya müharibə nəticəsində çoxlu müsəlmanın məhv olması və xaricə qaçmasına baxmayaraq bu ərazilərdəki köklü əhalinin sayı əhəmiyyətli dərəcədə azalmamışdır. Yalnız köçəri müsəlman tayfalardan ibarət olan ailələrin sayı Rusiya İmperiyasına məxsus olan ərazidə kəskin surətdə azalaraq istilaya qədərki 2.984 ailədən müharibədən sonra yalnız 847 ailə qalmışdır. Yəni 2.137 ailə Rusiya tərəfindən tutulan torpaqları tərk etmişlər. Onun hesablamalarına görə Rusiyaya birləşdirilənə qədər bu ərazidə cəmi 23.730 ailə olmuşdur ki, onlardan da 17 mini İrəvan xanlığı ərazisində, 4.600-ü Naxçıvan xanlığı ərazisində, 2.130-u isə Ordubad dairəsində olmuşdur. Ümumi əhalinin sayı isə hər ailədə 5 nəfər hesabı ilə 118.650 nəfər olmalı idi.
Əlbəttə burada bizim üçün daha çox maraq doğuran fakt 1829-1832-ci illərə aid kameral siyahıya alma zamanı bu ərazidə olmuş yerli əhali və buraya köçürülən ermənilərin sayı məsələsidir. Burada verilən rəqəmlər erməni uydurmalarını ifşa edən və tarixi həqiqətləri bir daha aşkarlayan və Rusiya mənbələrinə əsaslanan danılmaz faktlardır. Bu rəqəmlər əyani şəkildə sübut edir ki, bu torpaqların həqiqi sahibləri kimlərdi. Ruslar tərəfindən bu torpaqlara köçürülən ermənilər, yoxsa əsrlərlə bu torpaqlarda yaşayan azərbaycan türkləri.
Yuxarıda qeyd etdiyimiz kimi Rusiya inzibati idarə orqanları keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaratdıqları Erməni vilayətini iki əyalətə – İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölmüşdülər. Müstəqil inzibati qurum kimi götürülən üç şəhərdən (İrəvan, Naxçıvan və Ordubad) başqa bu əyalətlərdəki bütün kəndlər mahallara bölünürdü. İrəvan əyaləti 15 mahala, Naxçıvan əyaləti və Ordubad dairəsi isə hərəsi 5 mahala ayrılırdı.
1829-cu ildə siyahıya alma zamanı İrəvan şəhərində 1.807 azərbaycanlı ailəsi (7.331 nəfər), 944 erməni ailəsi (4.132 nəfər) olmuşdur ki, onlardan da 567 ailə (2.369 nəfər) yerli ermənilər, 377 ailə (1.763 nəfər) isə İran və Türkiyədən köçürülən ermənilər idi.
Bu gün bir nəfər də olsun azərbaycanlı qalmayan keçmiş İrəvan xanlığının ərazisində yaradılmış İrəvan əyalətindəki əhalinin 1829-1832-ci illərdə kameral siyahıya alınması məlumatına əsasən yerli əhali arasında azərbaycanlı ailələrinin sayı 9.196 (49.875 nəfər), erməni ailələrinin sayı isə 3.498(20.073 nəfər) olmuşdur.6 (Yenə orada). 1828-1829-cu illərdə isə bu əraziyə İrandan 4.559 ailə (23.563) nəfər, Türkiyədən isə 3.674 ailə (21.639 nəfər) köçürülmüşdür. Təkcə bu iki il ərzində İran və Türkiyədən yalnız İrəvan xanlığının ərazisində yaradılmış İrəvan əyalətinə 8.233 erməni ailəsi (45.202 nəfər) köçürülmüşdür.
İrəvan əyalətinə daxil olan mahallar və onların kəndlərindəki əhalinin məskunlaşmasını əks etdirən siyahıda əsas diqqəti cəlb edən cəhətlərdən biri də odur ki, bu əyalətə daxil olan mahalların əksəriyyətində bu ərazilər Rusiya imperiyası tərəfindən zəbt edilənə qədər burada erməni əhalisi olmamış, bu yerlərə ermənilər yalnız 1828-1830-cu illərdə İran və Türkiyədən gətirilmişlər. Faktlara müraciət edək. Şərur mahalının 50 kəndində və Saatlı mahalının 9 kəndində bir nəfər də olsun erməni olmamışdır. Parçanis – Dərəkənd mahalının 54 kəndindən yalnız birində – Əkərək kəndində bir erməni ailəsi, Seyidli və Axsaxlı mahalının 20 kəndindən yalnız Göytül kəndində 6 erməni ailəsi, Dərçiçək mahalının 37 kəndindən yalnız 4-də 92 erməni ailəsi, Göyçə mahalının 59 kəndindən yalnız ikisində 15 erməni ailəsi yaşamışdı.
Ermənilərin nisbətən çoxluq təşkil etdikləri 4 mahalda – Qırxbulaq, Karpi-bazar, Sərdarabad və Sürməlikdə isə əhalinin yarısı və ya yarıdan çoxu yenə də azərbaycanlılar olmuşdur. Burada verilən məlumata görə Abaran mahalındakı 39 kənd tamamilə xaraba qalmış, yalnız İran və Türkiyədən köçürülmüş ermənilərlə məskunlaşdırılmışdır.36 Görünür ki, Rusiya ilə İran arasında hərbi əməliyyatlar meydanına çevrilən bu ərazilərdəki kəndlərin əhalisi o yerlərdən qaçıb dağılmış, kəndlər isə boş qalmışdır. Maraqlıdır ki, bu yerlərdə ermənilər məskunlaşdırıldıqdan sonra da bu kəndlərin çoxunun adı yenə də azərbaycanlı adları olaraq qalırdı. Məsələn, Molla Qasım, Hacı Bağır, Sarı bulaq, Gülabad, Damcılı, Camışlı, Quruboğaz və s.
Ümumiyyətlə isə bu dövrdə Erməni vilayətində 31.201 ailə (164.450 nəfər) var idi ki, onlardan da 16.078 azərbaycanlı ailəsi (81.749 nəfər) və 15.059 erməni ailəsi (82.377 nəfər) idi ki, yuxarıda göstərilirdiyi kimi onların da yalnız 4.428 ailə (25.154 nəfər) Rusiyanın bu əraziləri istilasına qədər orada məskunlaşmış ermənilər idi.37
Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasətinin əsas məqsədləri ilə bağlı məsələlər rus tədqiqatçısı N.Şavrovun «Zaqafqaziyada Rus işinin yeni təhlükəsi» (S.Peterburq, 1911) kitabında özünün geniş əksini tapmışdır. O, yazırdı: «Biz Zaqafqaziyada müstəmləkəçilik fəaliyyətimizi oraya rusları köçürməklə deyil başqa dildən olanları köçürməklə başladıq… 1826-1828-ci illərdə iki il davam etmiş müharibə qurtardıqdan sonra 1828-ci ildən 1830-cu ilə kimi Zaqafqaziyaya İrandan 40 mindən yuxarı, Türkiyədən isə 84.600 nəfər erməni köçürdük və onları Yelizavetpol və İrəvan quberniyalarının erməni əhalisinin çox cüzi olduğu ən yaxşı dövlət torpaqlarında yerləşdirdik».38 N.Şavrov qeyd edirdi ki, bu ərazilərdə erməniləri yerləşdirmək üçün 200 min desyatindən çox hökumət torpaqları ayrılmış, habelə əlavə olaraq müsəlmanlardan 2 milyon manatlıqdan yuxarı xüsusi mülkədar torpaqları da pulla alınaraq ermənilərə paylanmışdır. 200 min desyatin hökumət torpaqları isə əslində keçmiş İrəvan, Qarabağ və Naxçıvan xanlarına və onların ailələrinə məxsus olmuş və çar hakimiyyət orqanları tərəfindən müsadirə edilmiş ən yaxşı torpaqlar idi. Daha doğrusu xanlar və onların ailələrinin ən səfalı yaylaqları və yurd yerləri idi. Ona görədir ki, sonralar İrəvan mahalının, Qarabağın, Göyçənin ən səfalı yaylalarındakı yaşayış yerlərinin əksəriyyəti ermənilərə məxsus idi. Rus istilası nəticəsində buraya köçürülərək məskunlaşdırılmış bu gəlmələr, bu gün özlərini həmin torpaqların həqiqi sahibləri hesab edirlər.
Bu ermənilərin Zaqafqaziyaya ilk axını idi. Bu axın sonralar bir əsrə yaxın müddətdə ardıcıl olaraq davam etmişdir. N.Şavrovun verdiyi məlumatda deyilirdi ki, XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin bir milyonundan çoxu yerli əhali olmayıb Rusiya hakimiyyət orqanları tərəfindən buraya köçürülənlər idi.
Rusiya imperiyasında buraxılmış statistik məlumatlar, xüsusilə yarım əsrdən yuxarı bir müddət ərzində nəşr olunan «Kavkazski kalendar» məlumat kitablarında, 1897-ci ildə Rusiya imperiyasında əhalinin birinci ümumrusiya siyahıya alınmasının nəticələrinə dair nəşrlərdə – Ermənistan Respublikasının indiki ərazisində azərbaycanlıların Rusiyanın köçürmə siyasətindən sonra da əhalinin əsas hissəsini təşkil etdiyini göstərir.
Beləki, 1886-cı ildə Yelizavetpol quberniyası Zəngəzur qəzasındakı 326 kənddən 149-u azərbaycanlı (45,7 faiz), 91-i kürd (27,9 faiz) və yalnız 81-i erməni (24,8 faiz) kəndi idi. 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox idi. İrəvan quberniyasında 1891-ci ildə 661,6 min nəfər əhalidən 270,4 min nəfəri (41 faiz) azərbaycanlılar idi. 1893-cü ildə bu rəqəm 276 minə, 1897-ci ildə isə 313 minə çatmışdır. 1897-ci ildə Zəngəzur qəzasında əhalinin sayı 142 min nəfər olmuşdur ki, onlardan da 71,2 min nəfəri (50,1 faiz) azərbaycanlılar, 63,6 min nəfəri (46,8 faiz) isə ermənilər idi.
İndi Ermənistanın paytaxtı olan İrəvan şəhəri və İrəvan qəzasında da o dövrdəki əhalinin etnik tərkibi xüsusilə diqqəti cəlb edir. Beləki, 1896-cı ildə İrəvan şəhərindəki 14,7 min nəfər əhalidən 7,2 min nəfəri (49 faiz) azərbaycanlılar, 7,1 min nəfəri (48 faiz) isə ermənilər idi. İrəvan qəzasındakı 99 min nəfər əhalidən 52,8 min nəfəri (53,5 faiz) azərbaycanlılar, 36,4 min nəfəri (46,4 faiz) ermənilər idi.
1916-cı ilin yanvarın 1-nə olan məlumata görə isə həmin regionun azərbaycanlı və erməni əhalisinin miqdarı arasındakı nisbət birinci dünya müharibəsində Qafqaz cəbhəsinin bu ərazidən keçməsinin təsiri ilə müəyyən qədər dəyişmişdir. Buna baxmayaraq yenə də bu ərazidə azərbaycanlılar əhalinin əsas hissəsini təşkil edirdi. Azərbaycanlılar İrəvan qəzasında 74,2 min nəfər (48 faiz), Zəngəzur qəzasında 119,5 min nəfər (53,3 faiz), Sürməlik qəzasında 45,9 min nəfər (31,2 faiz), Eçmiadzin qəzasında 41,3 min nəfər (24,6 faiz) və Yeni Bayazid qəzasında isə 50,7 min nəfər (29,2 faiz) olmuşdur.
Beləliklə yuxarıda göstərilən statistik məlumatlar əyani şəkildə sübut edir ki, hələ XIX əsrin axırları və XX əsrin əvvəllərində də indiki Ermənistan Respublikasının ərazisində yüz minlərlə azərbaycanlılar hələ öz doğma yurdlarında yaşayır və əhalinin əksəriyyətini təşkil edirdilər.
Bu ərazidəki azərbaycanlı əhalinin say tərkibinin azalmasında köklü dəyişikliklər 1918-1920-ci illərdən bədnam daşnak partiyasının yaratdığı Ararat Respublikası zamanından başlanmışdır. Həmin illərdə bu ərazilərdəki yüzlərlə azərbaycanlı kəndləri dağıdılıb viran qoyulmuş, azərbaycanlı əhali isə kütləvi surətdə məhv edilmiş və ya qovulmuşdur.
1920-ci ildə Ermənistanda Sovet hakimiyyətinin qələbəsindən sonra isə kommunist və bolşevik donuna girmiş erməni daşnaklarının əl-qolu daha da açılır. Nəticədə Sovet hakimiyyətinin 70 ili ərzində bu yerlərdə yaşayan azərbaycanlıların həmin ərazilərdən qovulması işi açıq və gizli şəkildə davam etdirilir və nəhayət M.Qorbaçovun bədnam «yenidənqurma» siyasətindən məharətlə istifadə edən ermənilər 1988-1989-cu illərdə bu ərazilərdəki son azərbaycanlını da öz ata-baba yurdundan zorla qovaraq keçmiş Oğuz torpaqları hesabına xalis ermənilərdən ibarət Ermənistan Respublikası yaratmışlar. Bu «müvəffəqiyyətdən» rühlanan ermənilər Azərbaycana qarşı öz işğalçılıq siyasətlərini davam etdirərək altı ildən yuxarı Azərbaycana qarşı apardıqları müharibə nəticəsində onun ərazisinin beşdə-bir hissəsindən çoxunu işğal edə bilmişlər. Nəticədə Azərbaycan türklərinin torpaqlarına köçürülərək burada özlərinə məskən salmış ermənilər bu ərazilərin «Nuhun nəvələri olan hayklara mənsub olduğu» haqqındakı sərsəm xülyalarını bütün dünyaya həqiqət kimi qələmə verməyə çalışaraq bu yerlərdə möhkəmlənərək «Böyük Ermənistan» yaratmaq xülyasını həqiqətə çevirmək istəyirlər. Bütün tarix boyu döyülməsinə baxmayaraq hələ də özləri üçün bir nəticə çıxarmayan ermənilərin başqalarının havadarlığı ilə əldə etdikləri müvəqqəti müvəffəqiyyətlərinə baxmayaraq axır nəticədə yenə də arzularının gözlərində qalacağına heç bir şübhəmiz yoxdur. Təcavüzkara qarşı tarixin hökmü həmişə amansız olmuşdur, yenə də belə olacağına əminik.(karabakhmedia.az)
ATAXAN PAŞAYEV
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024