İrəvanda qalmayan xalın sirri: Bir mahnının tarixi-ARAŞDIRMA

19:00 / 28.04.2020
Baxılıb: 3328

Heç bir musiqi təhsili almayan, özünü həmişə musiqişünas kimi təqdim etmiş ixtisasca tarixçi Firudin Şuşunskinin (1925–1997) söylədiyinə görə, “İrəvanda xal qalmadı” mahnısının musiqisi və sözləri Xalq artisti Cabbar Qaryağdıoğluya (1861–1944) məxsusdur. Guya ustad xanəndə bu mahnını 1924-cü ildə İrəvanda keçirilən varlı bir şəxsin övladının toy mərasimində bəstələyib.
Həmin toyda C.Qaryağdıoğlunu guya tarda Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov (1880–1965) və kamançada Məşədi Qulu Əlizadə (XIX əsrin sonu, XX əsrin əvvəli) müşayiət ediblər. 

Öncə bildirək ki, mahnının yaranması ilə bağlı F.Şuşinski heç bir elmi əsası olmayan, ciddi faktlara söykənməyən, reallığı əks etdirməyən və milli mentalitetimizə uyğun gəlməyən bir uydurma təqdim edib (Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, s. 148-150). 

Guya gəlinin atası bəy tərifi zamanı xanəndədən qızını niyə tərif etmədiyini soruşur. Xanəndə Cabbar da qızı görmədiyi üçün deyir: “Gəlini məclisə gətirin, ona baxıb tərif edim”. Cabbara belə bir adətin olmadğını, gəlinin məclisə gətirilməsi ayıb sayıldığını söyləyirlər. O da gəlinin nişanələrini soruşur və qızın üzündə qoşa xal olduğunu bildirirlər. Cabbar da bədahətən bu mahnını oxuyur. 

Bütün deyilənlər cəfəngiyatdan başqa bir şey deyil. Müasir dövrdə də bütün bölgələrin toy mərasimlərində gəlinin atası özünü çox ağır aparır. Əksəri heç qol qaldırıb oynamırlar da. XX əsrin əvvəllərində bu məsələyə daha ciddi yanaşırdılar. Hansı ata toyda yad kişiyə, yəni xanəndəyə qızının gözəlliyindən danışa bilər, xanəndə də mahnı oxuyub gəlinə eşqnamə söyləyər, erotik ifadələr işlədər: “daha məndə hal qalmadı”, “ürəyimi üzən gözəl”,“bir öpərəm, bir dişlərəm” və s. Mahnının yaranmasının bu şəkildə təqdim olunması Azərbaycan kişisinin aşağılanması, təhqir edilməsidir. 

Tədqiqatçı-jurnalist Maşallah Xudubəyli (1950–2017) məsələyə belə münasibət bildirir: “İrəvanda xal qalmadı” xalq mahnısının tarixi Cabbar Qaryağdı dövründən daha qədim olması hamıya məlumdur. Bununla belə, o zamanlar başdan-başa müsəlmanlardan ibarət olan İrəvan mahalında gəlinin toy məclisinə gətirilməsi xalqımızın dünənində qeyri-mümkün hesab edilərdi” (Nəğməli, muğamlı dünyam. B.: Elm və təhsil, 2012, s. 32). 

Xalq artisti Xan Şuşinskinin (1901–1979) oğlu Aslan Cavanşirov da haqlı olaraq F.Şuşinskinin fikirlərilə razılaşmır: “Gəlinin tərifi ilə bağlı hadisə inandırıcı deyil və bu, F.Şuşinskinin təxəyyülünün məhsulu, bədii əlavələridir”. 
Doğrudur, F.Şuşinskinin yazdıqlarını 2007-ci ildə Cabbarın qızı Şəhla Kürçaylı (1930–2013) İTV-nin hazırladığı telefilmdə dilə gətirmişdir. Biz film efirə getdikdən bir neçə il sonra Şəhla xanımla tamam başqa bir məsələ barədə görüşüb söhbətləşdik. Belə ki, ondan 1905-ci il inqilabçılarından biri olmuş dayısı tanınmış memar-bənna, “Qırx pilləkan”ın müəllifi Dağlı Bağırla bağlı məlumat aldım. Sözarası Şəhla xanıma “O xal nə xaldır”la bağlı yayılan fikirlərin mentalitetimizə uyğun gəlmədiyini və mahnıya aid qədim qaynaqların olduğunu söylədim. Şəhla xanım çox səmimi şəkildə etiraf etdi ki, o vaxt uşaq olub və bəy tərifi məsəlini atasından deyil, Firudin Şuşinskidən eşitmişdir. 
Faktları araşdırdıqda bəlli olur ki, bu mahnını Cabbar Qaryağdıoğlu 1924-cü ildə deyil, ən azı 1910-cu ildən əvvəl bilirdi. Çünki 1910-cu ildə Məşədi Hilal Zeynalovun ifasında “O xal nə xaldır” mahnısı qrammofon valına yazılmışdı. Görünür, o bu mahnını Cabbar Qaryağdıoğludan öyrənibmiş. Şübhəsiz, aşıq havası “O xal nə xaldır” mahnısını xanəndə yaradıcılığına ilk dəfə Cabbar Qaryağdıoğlu gətirib. 

Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri səhifəsində bu mahnı ilə bağlı(nümunənin reyestr kodu : FM0203010002) yazılır: “Şifahi ənənədə mahnının sözləri ilə bənzərlik təşkil edən nümunələrin mövcudluğu, həmçinin “bu xal nə xaldır” misralı kərkük mahnısının olması vaxtilə xalq arasında belə bir mahnının mövcud olduğunu göstərir. “İrəvanda xal qalmadı” mahnısı da həmin mahnının Cabbar Qaryağdıoğlu tərəfindən ustalıqla interpretasiya edilməsi nəticəsində meydana gəlmişdir. Başqa sözlə, Cabbar Qaryağdıoğlu yeni bir mahnının sözlərini “yazmamış”, yeni mahnı bəstələməmiş, sadəcə məlum mahnının yadında qalan bəzi parçalarını təkrar edərək ifa etmişdir”. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi məsələyə obyektiv yanaşsa da, mahnını öz ilkin adı ilə deyil, “İrəvanda xal qalmadı” kimi qeydə almışdır. 
Mahnının poetik mətnini ilk dəfə “O xal nə xaldır” adı ilə 1938-ci ildə folklorşünas Hümmət Əlizadə (1907–1941) tərtibçisi olduğu kitabda təqdim etmişdir (Aşıqlar. İki cilddə, II c. B.: Azərnəşr, 1938, s. 357-358). Biz, həmin mətndə nəqəratın yerini göstərmişik: 

O XAL NƏ XALDIR 

İrəvanda bir quyu var, 
Şəkərdən şirin suyu var. 
Hər gözəlin bir xoyu var. 

Nəqərat: 

Ay qız, o xal nə xaldır, 
Sən ora düzdürmüsən? 
Ay naz, o xal nə xaldır, 
Sən üzə düzdürmüsən? 

İrəvanda yol işlərəm, 
Xəncəlimi gümüşlərəm. 
Bir öpərəm, bir dişlərəm. 

Nəqərat: 

İrəvanda ayaq quşu 
Gedər yazı, gələr qışı. 
Yaxşı olar yar görüşü. 

Nəqərat: 

İrəvanda Çarşı bazar, 
İçində bir gəlin gəzər. 
Dərdlərimə dərman yazar. 

Nəqərat: 

İrəvanda Zəngi çayı, 
Hüsnün mat eyləyir ayı, 
Mən yazıq yetimin payı, 

Nəqərat: 

İrəvanda olar dügü, 
Tacirlər bağlayar yükü, 
Hindistandakı qul təki, 

Nəqərat: 

İrəvanda xan qalmadı, 
Gəncədə soltan qalmadı, 
Daha məndə can qalmadı. 

Mətndən göründüyü kimi, bu mahnı Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanda yaranmışdır. Mətn aşıq şeiri üslubunda yazılmışdır, bu baxımdan mahnının ozan-aşıq yaradıcılığının məhsulu hesab edirik. Musiqişünaslıq üzrə elmlər doktoru, tanınmış ustad sənətkar Aşıq Çingiz Mehdioğlunun söylədiyinə görə, “O xal nə xaldır”ın melodiyası ən qədim aşıq mahnılarından biri olan “Gəraylı gülü” qaydasındadır və bu havaya çox uyğundur. 

Mahnı müasir ifaçılıqdan fərqli olaraq, duet şəklində deyil, kişilərə məxsus mətn və tərzlə təqdim olunur. Sayı yeddi olan bəndlərin hər biri İrəvan sözü ilə başlayır. Burada bəndlər müasir ifaçılıqda olduğu kimi iki deyil, üç misralıdır. Diqqəti çəkən bir məqam da odur ki nəqəratın həm melodiyası, həm də sözləri dəyişikliyə uğrayıb. İlkin mətndə nəqəratdakı “Ay naz, o xal nə xaldır, Sən üzə düzdürmüsən?” misralarından bəlli olur ki, İrəvanda qızlar estetik baxımından daha gözəl görünməkdən ötrü üzə xal qoyurmuşlar. Buna Azərbaycanın portretçi və ornamentalist rəssamı Mirzə Qədir İrəvaninin (1825–1875) rəsmlərində rastlaşırıq. 

Üçüncü bənddəki “İrəvanda ayaq quşu, Gedər yazı, gələr qışı” misralardan bəlli olur ki, bu mahnı daha qədim əsrlərdə yaranmışdır. Belə ki, İrəvan ərazisində hələ XVI əsrə qədər “ayaq quşu” adlı köçəri bir quş olub, yalnız qış aylarında şimaldan İrəvana gəlirmiş və şeirdə deyildiyi kimi, yazda da geri dönürmüş. Bu quş o qədər nəhəng və yırtıcı olub ki, hətta ev heyvanlarını ayaqları ilə tutub aparırmış. Qüvvətli ayaqlarına görə, həmçinin dörd ayaqlı yerdə də sürətlə hərəkət etdiyindən onu ayaq quşu adlandırmışlar. Sonralar görünür, ayaq quşunun da kökü kəsilmişdir. Deməli, “ayaq quşu” ifadəsindən mahnının təxminən XVI əsrdə, bəlkə də bir neçə əsr əvvəl yarandığı bəlli olur. 
Dördüncü bənddə qafiyə pozulur. Belə ki I misra “bazar”, II misra “gəzər”, III misra “yazar” sözləri ilə tamamlanır. Tanınmış rejissor, ssenarist, şair Füzuli Sabiroğlu “gəzər”i texniki səhv kimi dəyərləndirir və onun “azar”la əvəzlənməsini təklif edir. Fikrimizcə, həmin misradakı “gəlin” sözü də “gözəl”lə əvəzlənməli, yəni “İçində bir gözəl azar” kimi oxunmalıdır. Çünki mahnıda gəlin deyil, hər hansı bir gənc və bakirə gözəl vəsf olunur. 

Sonuncu bənd – “Şəkidə soltan qalmadı” kimi oxunmalıdır. Çünki Azərbaycanda Gəncədə deyil, Şəkidə soltanlıq olmuşdur. Tanınmış xanəndə Məşədi Hilal Zeynalov da 1910-cu ildə bu mahnını oxuyarkən məhz Şəki sözünü işlətmişdir. Xatıqladaq ki, o, bu mahnını Tiflisdə Pate qardaşlarının istehsal etdiyi qrammofon valı üçün oxumuşdur. Mahnının xronometrajı 2.30 dəqiqədir. 

Burada işlədilən “xan” və “soltan” sözləri mahnının xanlıqlar dövründə də oxunğunu təsdiqləyir. Sonralar sovet ideologiyasına uyğun gəlmədiyindən xan və soltan sözləri mətndən çıxarılmışdır. Həmin misralar “İrəvanda xal qalmadı, Daha məndə hal qalmadı” ilə əvəzlənmişdir. Şübhə etmirik ki, mahnının poetik mətninin və melodiyasının dəyişilməsində C.Qaryağdıoğlunun müstəsna rolu olub. 

Əməkdar jurnalist, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu yazır: “Mahnıdakı xan sözü İrəvan xanlığının dəhşətli şəkildə köçünə və xanlığın süqutuna bir işarədir” (Bir mahnının izi ilə, yaxud qıpçaq qızı Sarı Gəlin. “Yeni Azərbaycan” qəzeti, 2011, s. 8 yanvar, s. 6-7). Başqa ehtimala görə, İrəvanda üzündə qoşa xal olan gözəl bir qız yaşayırmış, guya onun üstündə xanlar bir-birini qırırmış. 

Xalq artisti Qədir Rüstəmov (1935–2011) bu mahnını ifa edərkən öncə “İrəvanda xal qalmadı” kimi oxumuş, sonra tanınmış rejissor və şair Hafiz Baxış (1932–1989) onunla görüşdükdə bu misrada “xal” deyil, “xan” olduğunu söyləmiş və məzmunu izah etmişdir. Ondan sonra Qədir bu mahnını ikinci dəfə lentə aldırır və “xal” əvəzinə “xan” oxuyur. 

Çağdaş dövrümüzdə “O xal nə xaldır” mahnısı adətən duet şəklində oxunur. Digər duetlərdən fərqli olaraq qız bu mahnının ancaq nəqərat hissəsini oxuyaraq oğlanın suallarına cavab verir. Müğənnilər mahnının sözlərini özləri istədikləri kimi oxuyurlar. Məsələn, “xal” sözü ilə “hal” həmqafiyədir, çox zaman “hal”ın əvəzinə “can” oxuyaraq qafiyəni pozurlar. 

Fikrimizcə, bu mahnının süjet xətti qorunub saxlanılmalıdır. Ona görə təklif edirik ki, ifa zamanı hər bənd orijinalda olduğu kimi İrəvan sözü ilə başlanılsın. Hər bənd isə “Əllərin qandır, adam öldürmüsən?!” misrası ilə tamamlansın. Bu misranı da Məşədi Hilal Zeynalov işlətmişdir. Bu misra da sovet idiologiyasına tuş gəlmişdir. Füzuli Sabiroğlu deyir ki, burada qızın əlləri xınalı olduğu üçün oğlan ona eyhamla belə müraciət edir. Deyilənləri nəzərə alaraq, müğənnilərin “O xal nə xaldır” mahnısını duet şəklində bu sözlərlə oxunmasını arzulayırıq. (azvision.az)

O XAL NƏ XALDIR 

Oğlan: İrəvanda xan qalmadı, 
O xal nə xaldır, üzə düzdürmüsən? 
De görüm, nə xaldır, qoşa düzdürmüsən? 
Şəkidə soltan qalmadı, 
O xal nə xaldır, üzə düzdürmüsən. 
Əllərin qandır, adam öldürmüsən?! 

Nəqərat: 

Qız: Xal mənim, yar mənim, ixtiyar mənim, 
Xalqa nə borcdur, üzə düzdürmüşəm?! 
Yarım deyibdir, qoşa düzdürmüşəm… 

Oğlan: İrəvanda xal qalmadı, 
O xal nə xaldır, üzə düzdürmüsən? 
De görüm, nə xaldır, qoşa düzdürmüsən? 
Daha məndə hal qalmadı, 
O xal nə xaldır, üzə düzdürmüsən? 
Əllərin qandır, adam öldürmüsən?! 

Nəqərat: 

Oğlan: İrəvanda gəzən gözəl, 
O xal nə xaldır, qoşa düzdürmüsən? 
De görüm, nə xaldır, qoşa düzdürmüsən? 
Ürəyimi üzən gözəl, 
O xal nə xaldır, üzə düzdürmüsən? 
Əllərin qandır, adam öldürmüsən?! 

Nəqərat: 

Oğlan: İrəvanda mən işlərəm, 
O xal nə xaldır, üzə düzdürmüsən? 
De görüm, nə xaldır, qoşa düzdürmüsən? 
Xəncəlimi gümüşlərəm, 
O xal nə xaldır, üzə düzdürmüsən? 
Əllərin qandır, adam öldürmüsən?! 

Abbasqulu NƏCƏFZADƏ 
sənətşünaslıq elmləri doktoru, professor



Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər