II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı

09:46 / 08.01.2021
Baxılıb: 5392

Goyce.az saytı Kulis.az-a istinadən yazıçı Səfər Alışarlının “Dəli Alı” oçerkini təqdim edir.

Dəli Alı XIX əsrin sonları, XX əsrin əvvəllərində rus imperiya zülmünə qarşı mübarizə aparmaq üçün silahlanıb dağlara çəkilmiş çoxsaylı qaçaqlarımızdan biridir. Qaçaqlığı milli mübarizəyə meyl etdiyindən 70 illik sovet rejimi dövründə onun adı hər yerdə yasaq edilib. Yalnız son dövrlər qaçağın həyat və fəaliyyəti haqqında məqalələr yazılıb. Çox maraqlıdır ki, Alı haqqında ən məşhur dastanlardan birinin və birincisinin müəllifi Azərbaycan poeziyası və aşıq sənətinin parlaq ulduzu Aşıq Ələsgərdir (1821-1926).

Dəli Alı 1857-ci ildə Şəmkirin Keçili kəndində doğulub, 1917-ci ildə hökumət tərəfindən ələ alınmış bir xain tərəfindən qətlə yetirilib. Torpaqlarımızda bugünkü erməni, rus işğalçı niyyətlərinin kəskinləşməsi fonunda oxuyub araşdırdığım ilkin mənbələrə istinadən qaçağın həyat və mübarizəsində 3 əsas məqamı xüsusilə qeyd etməyi vacib sayıram.

1. Qaçağın Aşıq Ələsgərlə görüşü.

2. 1905-ci ildə qaçağın öz silahlı dəstəsi ilə Gəncə əhalisini erməni-rus qətliamından xilas etməsi.

3. Romanovlar sülaləsinin 300 illik yubiley təntənələrində iştirak etmək üçün Rusiya çarı II Nikolayın dəvəti ilə Peterburqa getməsi.

Qaçağın Aşıq Ələsgərlə görüşü dastan janrının qanunlarına uyğun təsvir olunub. Görüş, eləcə də sonrakı təfsilatlar ustad aşıq tərəfindən bədahətən nəzmə çəkilib. Aşıq Ələsgər yaşının ahıl çağında Dəli Alı haqda həqiqətən bir şərəf dastanı yazıb. Bu dastanın özünü və tarixçəsini Göyçə, Gəncəbasar aşıqları da uzun müddət yada salmayıb. Son dövrlərdə dastan cilalanıb və müasir bir bədii filmin ssenarisi kimi hazır vəziyyətə gətirilib.

Dərs alıbdı o, Əliyyi-əladan
Xof еyləmir Xеybər kimi qaladan.
Gəzən zəlzələdən, yaman bəladan
Hifz еyləsin kərəmkanı, Dəli Alı!

Məclisində duran canlar sağ olsun!
Həmişə məclisdə bu damaq olsun!
Sərdar bağışlasın, üzün ağ olsun!
Sən sürəsən bu dövranı, Dəli Alı!

Dastanın müasir söyləyənləri birinci məqamla bağlı diqqətə çatdırırlar ki, bacısı oğlu Zeynalabdini evləndirmək və bu toyun, indiki dillə desək, bədii hissəsini Aşıq Ələsgərə həvalə etmək qərarına gələndə “artıq 25 il idi Dəli Alı qaçaqlıq edirdi”. Əgər qaçaq 18 yaşında dağlara çəkilmişdisə, bu təsadüf edir təxminən 1900-cü illərin əvvəlinə. Peterburqdan Dəli Alının şəklini çəkməyə gəlmiş adamların da həmin toyda iştirak etdiyini Aşıq Ələsgər toydan qayıtdıqdan sonra vurğulayır. Şəkilçəkmə hadisəsinin məhz 1913-cü ildə baş verdiyi mənbələrdə birmənalı bildirilir.

Qeyd olunur ki, Aşıq Ağkilsə kəndində toya yazılı dəvəti alanda Aşıq Ələsgərin əlində iki vazkeçilməz işi vardı ki, onlara görə o, qaçağın bacısı oğlunun toyuna gedib-getməmək haqqında xeyli düşünüb-daşınmalı olmuşdu. Bu işlərdən biri o idi ki, Göyçə dağlarında ot biçini vaxtı idi və mal-qarasına qış yemi tədarükü ilə məşğul olan aşıq üstəlik də bundan sonra başlanacaq taxıl biçininin qayğıları ilə yüklənmişdi. Aşıq Ələsgəri bu yaşda bütün Azərbaycan tanıyırdı, onun şeirlərini aşıqlar öz havacatları ilə sədd-sərhəd bilmədən İrana, Turana daşıyıb aparırdı. Ancaq deyildiyi kimi, bu böyük el sənətkarının qayğıları və güzəranı həmkəndlilərinkindən heç nəyi ilə fərqlənmirdi. Füzuliyə Sultan 9 ağça verərək əbədi tənqidə məruz qalırdısa, aşığa heç onu da verən yox idi. Əksinə, çar hökuməti, ardınca da bolşeviklər müxtəlif vergilər adı altında Azərbaycan xalqının nəinki arpa-buğdasını, mal-heyvanını, hətta otunu, samanını da talan edib aparırdı. Canavarı ayaqları yaşadan kimi aşığı da gəzdiyi ellər və dəyərli sənəti birtəhər yaşadırdı.

Dastançılar deyir ki, aşığı tələsdirən ikinci məsələ oğlu Bəşirin toyunu etməkdi. Bildiyimiz kimi, Aşıq Ələsgər ikinci arvadı ilə 40 yaşında evlənmişdi. Bu baxımdan oğlu Bəşir də, görünür, həm dünyaya gəlməyi, həm də evlənməyilə bir qədər gecikmişdi.

Xoşbulaq yaylağına gedən yolda silahlı qaçaqların dəstəsi ilə qarşılaşan Aşıq Ələsgərin Dəli Alı ilə dialoqu öz gərgin psixoloji dinamikası ilə çox maraqlıdır. Eynilə toydan geri qayıdarkən Aşıq və şagirdləri Nəcəflə Əsədin digər qaçaq Məşədi Yolçu ilə qarşılaşması da dastan janrının dialoq, saz və söz incilərindən sayıla bilər.

Aşıq Ələsgər qaçağın Xoşbulaqdakı mal-mülkünü, ilxılarını, heyvan sürülərini, toy tədarükündə yaylaqdan arana bazarlığa göndərilən ulaqlarını, eləcə də toyda kəsilən qoçun-erkəyin saysızlığını diqqətə çatdırır.

“Gördülər ki, alaçıqdan xеyli aralı çoxlu at var, amma hamısı hörüklüdür... Aşıq Ələsgər Zеynalabdından soruşdu:

- Oğul, o hörükdəkilər nə atdı?
- Ələsgər əmi, Alı dayımındı. Atları yorulduqca gəlib dəyişdirirlər.

Aşıq Ələsgər gördü ki, dağın döşündə üç sürü qoyun otlayır. Ondan aşağıda dərədə bir naxır camış var. Bu tərəfdə bir naxır mal otlayır. Gözünü o tərəf-bu tərəfə gəzdirdi, Dəli Alıgilin alaçıqlarından başqa, nə bir oba gördü, nə bir alaçıq.

Zеynalabdından soruşdu:
- Oğul, bu mal-hеyvan hansı kəndindir?
- Ələsgər əmi, burada nə qədər mal-hеyvan varsa, hamısı Alı dayımındır”.

Toyun 15 gününü Aşıq Ələsgər şagirdləri ilə birlikdə çalıb-oxuyur, sonra onların zəhməthaqqını artıqlaması ilə ödəyib yola salırlar. Amma toy davam edir, çünki xəbər ağızdan-ağıza yayıldıqca bir-birindən hörmətli-izzətli qonaqlar Xoşbulaq yaylağına gəlib Dəli Alı ilə şad günün bir tikə çörəyini kəsməyi özlərinə borc bilirlər. Amma toyda ağayana səxavətlə baş tutan qonaqlığın maraqlı bir məqamı haqda Aşıq Ələsgər geri, Göyçəyə dönəndən sonra başına toplaşmış kənd camaatına danışır. Dəli Alını camaata saz havasında gördüyü kimi tanıdan Aşıq Ələsgər birdən belə deyir, hətta rus sözlərini də şeirə yeridir:

Dəli Alı əl bеlində,
Çiynində süzən yеridi.
İsmayıl Mələk əl-mövt tək
Candan can üzən yеridi;
Dеdi: “Brat, bajalüstə,
Gəlməsin oğlana, – dеyin!”

Çar II Nikolayın qızı böyük knyaginya Olqa rus imperiyasına qatılmış torpaqlardakı qəhrəman, cəsur döyüşçülərlə, rus ordusuna illər boyu müqavimət göstərən ayrı-ayrı xalqların qəhrəman oğulları ilə şəxsən tanış olmaq istəyirdi. Ənənə 1859-cu ildə əsir götürülərək Peterburqa aparılmış və imperiya paytaxtında böyük təntənə ilə qarşılanmış Şeyx Şamildən üzü bu yana davam etməkdə idi. Əslində, bu, yerli xalqları sonadək ram etməyə yönəlik imperiya siyasətinin bir hissəsi idi. Çox güman ki, çar ailəsində bu işi Olqa xanımın incə çiyinlərinə onun şəxsi marağına görə yükləmişdilər.

1910-1916-cı illəri çarın vəliəhd oğlunun hemofiliya xəstəliyinə görə sarayda xüsusi münasibət illəri saymaq olar. Bu vaxtlar çarın arvadı Aleksandra Fyodorovna və dörd qızı – Olqa, Tatyana, Mariya və Anastasiya, eləcə də 1904-cü il təvəllüdlü vəliəhd Aleksey sarayın favoriti, ciddi psixi təsirə və fiziki gücə malik Qriqori Rasputinin məlum təsiri altında idi. Həmin illər bu, sarayın divarları arasında Rasputinin iştirakı ilə baş verənlər bütün Rusiya elitasını hiddətləndirir və özlüyündə ölkədə meydan sulayan bolşeviklərin qələbəsi üçün münbit zəmin yaradırdı.

Lenin 1917-ci ildə yazırdı: “... inqilab Rasputinin başçılıq etdiyi çar quldur üsul-idarəsinin çürüklüyünü, alçaqlığını, rəzilliyini və əxlaqsızlığını... göstərdi”.

1913-cü ilin əvvəlində Olqa Nikolayevna Peterburqdan knyaz Qolitsini fotoqrafla (bəlkə də rəssamla!) xüsusi olaraq Xoşbulaq dağlarına yollamışdı ki, ona Dəli Alının şəklini çəkib gətirsinlər. Bax, beləcə, nə az, nə çox! Qaçaq Dəli Alının şəklini padşahın qızı istəmişdi. Niyyəti onu rus imperiyasının düşmənindən dostuna çevirməkdi.

Dəli Alı da, necə deyərlər, ucaboy, enlikürək, yaraşıqlı bir kişi idi. Zamanında rus generallarının böyrüncə Qafqazın ən ucqar nöqtələrinə qədər getmiş, döyüşlərdə, sülh anlaşmalarının imzalanmasında iştirak etmiş rus rəssamları imperiyaya ən ciddi müqavimət göstərən Qafqaz kişilərinin rəsmlərini çəkib onları vizual olaraq çar sarayına və Rusiya ictimaiyyətinə tanıdırdılar. Georgiyevski anlaşmasından, Şimali Qafqazın fəthindən, ardınca Gülüstan, Türkmənçay müqavilələrinin imzalanmasından, Şeyx Şamil hərəkatından, Qacarlar sülaləsindən qalan tarixi tabloların çoxu bu gün də rus təsviri sənətinin inciləri sırasına daxildir. Bu rəssam adları içində Sverçkov, Qaqarin, Rubo, Şarleman, Vereşaqin, Maşkov, Zalesski və başqaları var. Bununla belə, rus rəssamlarının Qafqazda realizm janrında ilhamla yaratdıqları düşmən portretlərinin hamısında çatışmayan bir mühüm və ümumi keyfiyyət var: ruslar ona şəxsiyyətin bəzəyi olan “blaqorodstvo” deyirlər. Bizim dildə “alicənablıq”, “ağayanalıq” demək olar. Bunu rus rəssamları Qafqazlı düşmənlərinin obrazlarında qəsdən verməyiblər. Ayvazovski kimi türk düşməni isə realizm qanunlarını də əyərək obyektivliyi minusa endirirdi.

Ciddi axtaran olsa, bəlkə Dəli Alının da, üstəlik Aşıq Ələsgərin də portretlərini Peterburq arxivlərindən tapa bilər. Deyilənə görə, yaylaqda Alı ilə görüşən, şəkilçəkənlərlə gəlmiş yekəpər knyaz Qolitsin qaçaqla görüşən kimi, əlini-əlindən üzməmiş dərhal ona güləşməyi təklif edib.

“Mən tüfənglə güləşirəm”, - Alı bu gözlənilməz təklifə cavab verib.

Gəncəbasar mahalının xidmətli tədqiqatçılarından olan Əhməd İsayev yazırdı ki, 1906-cı ildə gəncəli millət vəkili İsmayılxan Ziyadxanov Peterburqda, birinci Dövlət Dumasının tribunasından bu sözləri söyləyib: “Peterburqa gələr-gəlməz əlimə keçən "Novaya vremya" qəzetinin xüsusi əlavəsində neçə il qaçaq həyatı yaşamış gəncəli bir tatarın (türkün) şəklini gördüm. Şəklin altında belə bir yazı vardı: "Qaçaqlığı haqqında dastanlar söylənilən Dəli Alı - Qafqaziyyə şeytanı". İ.Ziyadxanov qaçağı müdafiə edərək yerlərdə millətlərə qarşı imperiya zülmünün ərşə dirənməsini kəskin tənqid edib.

Aşığın şeirdə adını çəkdiyi “İsmayıl Mələk əl-mövt” Dəli Alının qardaşı, həm də üzdən zəhmli adam olub. Görünür, yaxınlığında peyda olması şəkilçəkəni necəsə çaşdırdığından o deyib: “Brat, bajalüstə*, gəlməsin oğlana, – dеyin!” İndi bunu Aşıq Ələsgər şəxsənmi eşidib, ya ona nəql ediblər, dəqiq demək bir qədər çətindir. Ələsgər toydan qayıtdıqdan sonra ağkilsəlilərin toplantısında bu haqda belə deyir, daha doğrusu, suala cavab verir:

“- Oğul, padşah tərəfindən adam göndərmişdilər ki, Dəli Alının şəklini çəksinlər. İsmayıl o tərəfdən bəri çıxanda, həmin adamlardan biri bərk qorxdu; xahiş еlədi ki, o oğlana dеyin, yaxın gəlməsin.
- Gələn adamlar Dəli Alının şəklini çəkdilərmi?
- Dəli Alının da şəklini çəkdilər, bizim də şəklimizi çəkdilər”.

Əlbəttə, əgər peterburqlu qonaqlar Dəli Alının bacısı oğlu Zeynalabdinin toyunda iştirak ediblərsə, orada onlar, istər rəssam, istər fotoqraf olsun, təkcə Dəli Alının portreti ilə kifayətlənə bilməzdilər. Aşıqları isə şənliyin aparıcı milli fiqurları kimi mütləq çəkməliydilər. Yəqin ki, çəkiblər, bu gün sadəcə arxiv axtarışlarına ehtiyac var.

Sual doğa bilər: Rusiya imperatorunun, onun qızının və bütövlükdə Peterburq sarayının Gəncəbasar dağlarında qaçaqlıq edən Dəli Alı nəyinə lazım idi ki, ona belə diqqət göstərirdilər, hətta onun qanlı keçmişini əfv edirdilər?

Deyilir ki, Dəli Alı çox mərd adam olub, azərbaycanlı camaatın nə varlısına, nə də kasıbına dəyib-dolaşıb. O, əsasən xalqı əzən, onu çapıb talayan müstəmləkəçi rejimlə, onun məmurları və hərbi qüvvələri ilə vuruşub. Dəli Alının Azərbaycanın qərbində həm böyük nüfuzu, həm də baş verən hər bir hadisəyə tüfəngi ilə təsir etmək imkanı vardı. Xalq onu sevir və düşmənlərdən qoruyurdu.

Bu baxımdan qayıdaq 1906-cı ilə. O ilə ki, birinci Dövlət Dumasına Yelizavetpol quberniyasından deputat seçilmiş İsmayıl bəy Ziyadxanov “Novoye vremya” qəzetində Dəli Alının “Qafqaz iblisi” adlandırıldığını oxuyub qeyzlənmişdi və rus mətbuatının türklərə bu münasibətini Duma tribunasından kəskin tənqid etmişdi.

1905-1906-cı illər Rusiya imperiyası üçün inqilab illəridir. Bu inqilabın proletariat şəhəri Bakıda, milli məfkurə şəhəri Gəncdə, ümumiyyətlə, bütün Azərbaycanda verdiyi əks-səda çox dəhşətlidir. Paytaxt Peterburqda ara qarışan kimi rus xəfiyyəsi türk xalqlarının milli mübarizə dalğasını kolonial imperiya rejimindən yayındırmaq üçün Qafqazda ermənilərdən istifadə etməyə başladı. Gəncənin yetirməsi olan, həmin illərdə aktiv siyasi fəaliyyətilə seçilən Nağı bəy Şeyxzamanlı xatirələrində 1905-ci il hadisələrinə toxunaraq yazırdı: “Çar hökuməti bu şəkildə Azərbaycanda da istəyinə nail olmuşdu. Yəni, 1905-ci il inqilabını yatırmaq üçün azərbaycanlıları ölüm-dirim mübarizəsi ilə üz-üzə qoymuşdu”.

Eyni ssenarini biz 1988-ci ildə SSRİ-nin dağılması ərəfəsində də müşahidə etdik. Rusiya xəfiyyəsi rus ordusu vasitəsilə bu gün də Dağlıq Qarabağda həmin kartı oynatmaqla yüz minlərlə erməni və azərbaycanlı ailəsinin göz yaşlarını axıdır. Ancaq bu qanlı təxribatlar onların son cəhdidir, heç şübhəsiz, qəhrəman Azərbaycan Ordusu tezliklə işğalçıları torpaqlarımızdan tamamilə təmizləyəcək.

İstər 1905-ci ilin yayında, istərsə də sonrakı qanlı olaylarda əvvəlcədən silahlandırılmış erməni çətələrinə və yerli rus hakimiyyətinin əsgərlərinə qarşı mübarizədə çomaq və yaba ilə meydana çıxan Gəncə əhalisi Dəli Alının silahlı dəstəsinin köməyinə arxalanıb.

Vəziyyətin son dərəcə kəskinləşdiyi 1905-ci ildə Alının qaçaq dəstəsi Gəncə və onun ətraflarında məskunlaşan hökumət orduları ilə açıq toqquşmadan çəkinmədən dağlardan enərək təntənəli şəkildə Gəncəyə daxil olur və bununla böyük ümumxalq rəğbəti və məhəbbəti qazanır.

Nağı bəy Şeyxzamanlının xatirələrində bu hadisə belə təsvir edilirdi: “O gün axşama doğru məşhur qaçaq Dəli Alı kəndlərdən toplanmış 2000 silahlı cavan ilə şəhərə girdi. Məşhur adamlar bir yerə toplaşıb müsəlmanları gözləyən təhlükəni aradan qaldırmaq üçün müəyyən tədbirlər görməyə başladılar. Qərara aldılar ki, qaranlıq düşəndə dağlıq tərəfdən ermənilərə hücum etsinlər. Nəhayət, şəhərdən toplanmış min nəfər cavan da Dəli Alının dəstəsi ilə birləşərək axşam saat 7-də erməni məhəlləsinə hücuma keçdilər. Gəncədə xalq qüvvələri Ələkbər bəy Rəfibəyli tərəfindən idarə olunurdu”.

Düşmən qarşısına əsas silahlı qüvvə olaraq məhz Alının dəstəsi çıxır. Bu meydan qəhrəman Gəncənin 1804-cü ilin yanvarında işğalçı Sisianov ordularına qarşı yüz il əvvəl yaşadığı Cavad xan cihadının davamı idi. Vəziyyətin ermənilərin xeyrinə olmadığını görən rus hökuməti Gəncə general-qubernatoru Bauerin şəxsində iki tərəf arasında danışıqlara başlanması xahişi ilə Ələkbər bəy Rəfibəyliyə müraciət edir. Bu köməyə görə Dəli Alıya minnətdarlıq rəmzi kimi Gəncə ictimaiyyəti adından hazırlanmış qızıl xəncər hədiyyə edilib. Xəncərin üstündə iki misra ilə belə yazılmışdı: “Alı mərdi-mərdana, Budur girdi meydana!”

Heç şübhəsiz, Alının bu qəhrəmanlığının əks-sədası Peterburq sarayında müzakirə mövzusu olmuşdu və onun şəxsiyyətinə marağı daha da gücləndirmişdi.

Beləliklə, Alının şəkli çəkilərək çar sarayına aparılıb və o, Çar II Nikolayın adından Romanovlar sülaləsinin hakimiyyətə gəlməsinin 300 illik yubiley şənliklərində iştirak etmək üçün Peterburqa dəvət edilib. Yubiley şənliklərinin bütün Rusiyada 1913-cü il boyu davam etdiyi qeyd olunur. Onların bəzilərində, xüsusən Volqaboyu şəhərlərdə paroxodla səyahətə çıxmış çar öz ailəsi ilə iştirak edib. Ancaq əsas tədbirin 1913-cü ilin may ayında Peterburqda keçirilməsi dəqiq fakt kimi şübhə doğurmur.

Volqaboyu şəhərlərdə Romanovların 300 illik yubiley şənlikləri qeyd olunur: Çarın arxasındakı
general Hüseyn xan Naxçıvanskidir.

Bu tədbirə Alı əliboş getməyib, xeyli meyvə-tərəvəz, çərəz və digər Gəncəbasar matahlarından ibarət böyük pay-püşlə yola çıxıb. Orada Alının başqa görüşləri haqda məlumat yoxdur, amma knyaz Qolitsin onu çara şəxsən təqdim edib. Çar qaçağa hədiyyələr bağışlayıb və ona deyib: “Bundan sonra rus əsgərini öldürmə”. Bu məqam çox diqqətəlayiqdir. Çünki çardan sonrakı dövrlərdə də Rusiyanın müstəmləkə türk arealına münasibəti həmin, dəyişməz mənəvi əsaslar üzərində bərqərar olub: biz sənə çoxlu hədiyyələr veririk, yüksək səviyyədə qəbul edirik, çünki sən şəxsən bizim dostumuzsan, ancaq sənin xalqın bizim dostumuz deyil, ona görə biz onun azadlıq ehtiraslarının ram edilməsində sənə güvənirik.

Bu çətin siyasi tənlikdən baş çıxarıb yaşamaq, həm də mübarizə aparmaq üçün şəxsin böyük ağıla və dünyagörüşünə sahib olması vacibdir. Dəli Alı universitet bitirməmişdi, tam savadsız idi, adını da yaza bilmirdi. Onun uşaqlığı məktəbdə yox, zəngin adamların qoyununu otarmaqda keçmişdi. Sonrakı bütün həyatını at belində, erməni və rus işğalçıları ilə döyüşə-döyüşə, özünün və xalqının haqqını qorumağa çalışmışdı. Getdiyi və gördüyü ən uzaq yer Kərbəla ziyarətgahı idi. Ona görə də Peterburq səfərindən sonra Alının vəziyyətini təsəvvür etmək çətin deyil. Səfərdən sonra Alı ya tüfəngi yerə qoyub Koroğlu kimi Çənlibeli və dəlilərini tərk etməli idi, ya da çarın ona üzbəsurət dediyi sözü ayaqlayıb keçərək əvvəlki mübarizəsini davam etdirməli idi. Bunların hər ikisi türk kişisi üçün ad və namus məsələsi idi.

Çarla görüşündən sonra da yerli xəfiyyə Alını təqib etməkdən çəkinmədi. Xəfiyyə rəislərinin ciddi cəhdlərinə baxmayaraq, türk-müsəlman əhalidən heç kim, heç bir mükafat naminə Alıya qarşı hər hansı bir təxribata razı olmurdu. Xalq onu təhlükəli anlarda təqibçi rus kazaklarından gizlədir, düşməni azdırmaqla qaçağa və onun dəstəsinə yardım edirdi. İsmayıl Adıgözəlov adlı bir hökumət qulluqçusunun Alını izləyib ələ verməyə razılaşdığı deyilir. Kəndlərin birində gecələmiş Alının səhər tezdən başının üstünü alan İsmayıl Adıgözəlov at belindən ona səslənir:

- Ayə, a dəli, sənə axşamdan xəbər yollamışdım. Niyə burdasan? İndi nə deyirsən? Səni verim bu rusların əlinə?
- Bir də sənnən görüşmərik, xudahafiz! - Alı cavab verir və cibindən çıxardığı qızıl pul dolu kisəni kazaklara atıb atını çapır. Heç kim ona arxadan atəş açmır.

Adı dillərdə dastan olan Dəli Alı 1917-ci ildə Kürəkçay yaxınlığında, Hazırəhmədli kəndində arxadan vurulur. Bir neçə gündən sonra Gəncə xəstəxanasına aparılır və orada vəfat edir və İmamzadə məzarlığında dəfn olunur.
Başqa bir mənbədə açıqlanır ki, Dəli Alını öz nökəri qətlə yetirib. Eynilə Şuşada Ağa Məhəmməd şah Qacarın nökərləri onu öldürdüyü kimi. Azərbaycanda nökərin və nökərçiliyin forması kimi mahiyyəti də rus Qafqaza gələndən sonra xeyli dəyişib: Nökər nədir, bekar nədir, aç qapını, ört qapını!
 

Səfər Alışarlı
 
 
 
 

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər