20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

11:46 / 20.01.2021
Baxılıb: 3290

1990-cı ilin 20 Yanvar hadisələrindən 21 il ötür. Vaxt keçdikcə, o qanlı faciədən zaman kontekstində uzaqlaşdıqca, qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilmiş yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşdiyi bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqının göstərdiyi böyük qəhrəmanlıqlar haqqında dolğun və əhatəli fikir yürütmək daha asan olur. Ona görə də, 21 il sonra qanlı 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində yenidən bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox mühüm əhəmiyyəti olan bu məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini - şəhidlərimizin xatirəsini yad edirik.

 

Qanlı yanvar gecəsi...

1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilmişdi. 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi vəziyyəti daha da gərginləşdirmiş və Muxtar Vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılmasına səbəb olmuşdu. 1990-cı il yanvarın 13-15-də SSRİ Təhlükəsizlik Komitəsinin Sumqayıt ssenarisi əsasında ermənilərin öz əli ilə “erməni talanları” törətməsi vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Nəhayət, 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqını cəzalandırmaq üçün qanlı yanvar qırğınını törətdi.

1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasosnu (indiki Z.Tağıyev qəsəbəsi) aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi.

15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edilmişdi. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul etmişdi. Müəyyən edilmişdi ki, bu fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdu.

Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən, Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi.

Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.

Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçmiş. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək Sovet ordusu öz dövlətinin vətəndaşlarına qarşı qəddar cinayət törətmiş, 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Müəyyən olunmuşdu ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdı. Kütləvi insan qırğını törədildikdən sonra - yəni, 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdi. Halbuki, yanvarın 19-da gecə saatlarında başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Azərbaycan xalqına qarşı törədilmiş bu təcavüz aktı mərhələ-mərhələ həyata keçirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar törədilmişdi.

Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdi.

Beləliklə, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdı. Lakin bütün bunlar Azərbaycan xalqının gözünü qorxutmadı, əksinə, onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı.

Xalqa qarşı Sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzərneftdonanması”nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarla dənizçi həbs olunmuşdu. “Sabit Orucov” gəmisi “SOS!” siqnalı ilə bütün dünyaya faciə barədə məlumat vermişdi. Şəhərə dənizdən hücumun qarşısını almaq üçün Azərbaycan dənizçiləri həyatlarını riskə ataraq bütün gəmiləri Bakı buxtasına yığmışdılar. Yanvarın 21-də saat 20.30 radələrində iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “Atlet-21”, “Vodoley-4” gəmiləri ciddi zədələnmişdi. Qanlı Yanvardan sonra başlanmış kütləvi repressiyalara qəhrəman dənizçilər də məruz qalmışdılar.

Bir sözlə, bu qanlı Yanvar faciəsi Qorbaçovun antiislam və antitürk siyasətini üzə çıxardı. Elə ona görə də, deyə bilərik ki, törədilmiş qanlı cinayətə görə birbaşa olaraq, məsuliyyət daşıyanlardan biri də SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovdur. Amma bu günə qədər onun bu qanlı faciəyə rəvac verən qərarlarına görə, cəzalandırılması baş tutmayıb. Bu gün hər kəsi düşündürən bir məsələ var. Nə üçün Alma-Ata (1986), Tbilisi (1989), Vilnüs (1991) hadisələri 20 Yanvar faciəsi qədər qanlı və genişmiqyaslı olmamışdı? Nə üçün Tbilisi və Vilnüs hadisələri ilə əlaqədar Qorbaçov peşman olduğunu bildirdi, gürcü və Litva xalqlarından üzr istədi, amma Azərbaycanda baş vermiş hadisələrlə əlaqədar isə bunu etmədi?

Qeyd edək ki, tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri dünya və insanlıq əleyhinə qəsd (mülki əhalinin qırılması, onunla qəddar davranış, ictimai və şəxsi əmlakın talanması və s.) hazırlamaqda və həyata keçirməkdə ittiham olunmuşdular. Məhz buna görə, indiyədək dünyanın hər yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər. Nürnberq prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir. SSRİ və Azərbaycan rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulmuş Sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq prosesində pislənmiş bütün əlamətlər var. Məhz buna görə də, 20 Yanvar faciəsinin bütün müqəssirləri öz əməlləri üçün xalq qarşısında, ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Düşünürük ki, bir zaman gələcək və bu qanlı cinayətin səbəbkarları cəzalandırılacaq, Qorbaçov da əməllərinə görə, Azərbaycan xalqından üzr istəyəcək.

Təbii ki, Qorbaçov bu dəhşətli cinayətə görə, məsuliyyət daşıyan yeganə adam deyil. Məlum olduğu kimi, xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Bu bir həqiqətdir ki, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov Moskvanın bütün göstərişlərini sözsüz yerinə yetirərək, öz xalqına qarşı ağır cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuşdu. Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko, hökumətin sədri A.Mütəllibov, DTK-nın sədri V.Hüseynov bu cinayətin birbaşa iştirakçıları idilər. Eyni zamanda, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi M.Məmmədov Bakıya qoşun bölmələrinin yeridilməsinə qarşı tədbirlər görülməməsinə, vətəndaşların təhlükəsizliyinin təmin edilməməsinə görə siyasi məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan KP MK Bürosunun digər üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri mənəvi-siyasi məsuliyyət daşıyırlar. Qanlı faciədən sonra onlar nəinki etiraz etmədilər, hətta heç səslərini də çıxarmadılar. Amma Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu.

Xilaskarın Moskvada səslənən etirazı

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Öz xalqı ilə həmrəylik nümayiş etdirən Ulu öndər bu faciəyə siyasi-hüquqi qiymət verən ilk şəxs kimi tarixə düşdü. “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim”, deyən Ulu öndərimiz daha sonra qeyd etdi ki, artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir: “Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.

Daha sonra Ümummilli liderimiz bildirdi ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur: “Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin, ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə Sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır”.

Ulu öndərimiz Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını da kəskin tənqid edərək bu qərarı verənlərdən bunun səbəbini xalqa açıqlamağı tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.

Qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin bu bəyanatı təkcə baş verənlər haqqında ölkəmizdən kənarda yaşayanları məlumatlandırmırdı, bu bəyanat hər şeydən əvvəl 20 Yanvar faciəsinin əsl siyasi-hüquqi qiyməti idi. Özü həyatının ən təhlükəli dövrlərindən birini yaşamasına baxmayaraq, bu böyük insan xalqına arxa durmağı, ona yönələn ədalətsizliyə qarşı qətiyyətlə çıxmağı bacardı.

Amma təəssüflər olsun ki, nə Azərbaycanın o zamankı hakimiyyəti, nə də bu hakimiyyətə can atan həmin dövrün müxalifəti bu faciənin əsl qiymətinin verilməsi istiqamətində heç bir addım atmadı. Məsələn, törədilmiş cinayət və onun nəticələri göz qabağında olduğu halda, respublikanın həmin dövrdəki rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Nə qədər ikrah hissi oyatsa da, bu bir həqiqət idi ki, o dövrki respublika rəhbərliyi, hətta şəhidlərin-20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyə belə lüzum görməmişdi. Bu isə həmin vaxt Azərbaycanda xalqa yad bir hakimiyyətin olduğunu bir daha təsdiqləyirdi.

AXC-Müsavat hakimiyyəti də 20 Yanvar hadisələrinə siyasi qiymət vermədi!..

Yeri gəlmişkən, bu hadisələrdən sonra xalqımız daha bir gerçəkliyin də şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü yavaş-yavaş açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra, daha dəqiq desək, AXC-Müsavat hakimiyyəti zamanı nədənsə bu mövzu unudulmağa başlandı. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi.

Beləliklə, hadisələrdən uzun müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət açılmamış qaldı. Hələ Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparıldı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirlərini həyata keçirmədi, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən, mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edildi.

1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülmədi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsi davam etdirilmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı. Çünki Azərbaycanı bu faciəyə gətirib çıxarmış səriştəsiz rəhbərlər vətənpərvərlik hisslərindən məhrum olduqlarından, habelə, öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən xalqın gözünə pərdə asmaq niyyətinə düşmüşdülər.

Sonralar aparılan araşdırmalar nəticəsində məlum oldu ki, əslində, 20 Yanvar faciəsinin səbəblərinin açıqlanmamasında maraqlı olan qüvvələr var imiş. 1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar və hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən yararlanmaq istəyirmişlər.

Bir sözlə, 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı, əksinə, müxtəlif səthi qərarlar qəbul edə-edə və ya etdirə-etdirə bu günün müsibətlərini xalqımıza unutdurmağa çalışdı. Xalqın taleyi üçün məsuliyyət daşımalı olan kəslərin bu cür biganəliyinə xəyanətdən başqa bir ad vermək olmaz.

Ulu öndər 20 Yanvar faciəsi ilə bağlı əsl həqiqətlərin üzə çıxarılması istiqamətində mübarizəsini Bakıda da davam etdirdi

Onu da vurğulamaq yerinə düşər ki, 20 Yanvar faciəsinin əsl qiymətinin verilməsi istiqamətində mübarizəsini davam etdirən Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Belə ki, Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında göstərilirdi ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar hadisələrini işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz və Azərbaycan SSR-nin suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirir. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında Milli matəm günü kimi qeyd edilməyə başlandı.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini Ona qarşı az qala düşmən mövqedə duran Ali Sovetdə və digər istiqamətlərdə də davam etdirirdi. Məhz Ümummilli lider Heydər Əliyev hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymət verilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bir daha bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir: “Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.

Ulu öndər Heydər Əliyevin 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə göndərdiyi məktubunda isə vurğulanırdı ki, 20 Yanvar hadisələrində yüzlərlə adam öldürüldü və şikəst edildi: “Artıq il yarım keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, zaman keçdikcə bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri onillər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Vaxt, zaman gələcək, 20 Yanvar hadisələrini törədənlər mühakimə olunacaqlar

Bütün bunlar hamısı Heydər Əliyevin hələ Sovet hakimiyyəti dövründə tutduğu kəskin mövqe idi. Onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi vəzifəsinin qarşıya qoyulması günün tələbi idi. Çünki Azərbaycan tarixinin, azadlıq uğrunda mücadiləsinin şanlı səhifələrindən biri kimi bu, xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Ümummilli liderimiz 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər Xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.

Azərbaycan övladları yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar

Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Dövlətimizin başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı Sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: “Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə, totalitar Sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub. Yeri gəlmişkən, kompleksin açılış mərasimində iştirak edən dövlətimizin başçısı 20 Yanvar hadisələrinə də qiymət verib. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, bu qanlı faciə, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi: “O vaxtadək Sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi. Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra Onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi”.

Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

“Yeni Azərbaycan”ın analitik qrupu

Yeni Azərbaycan.- 2011.- 20 yanvar.


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər