GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM

17:35 / 05.03.2023
Baxılıb: 2176

Şeirlərin təhlilini bu yorulmaz ziyalı “məddi-məna” adlandırdı, bizlər də o cür qəbul etdik.

Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar yaradılmış “Dədə Ələsgər – 200” məclisində aparılan müzakirələrdə fəal iştirak etsəm də, iki-üç nəfəri çıxmaq şərti ilə heç kimi üzbəüz tanımırdım. Ancaq bir neçə şəxsin danışığı, Dədə Ələsgər şeirlərinin təhlili ilə bağlı fikir və mülahizələri mənə xoş gəlirdi, bu şəxslərlə mənim bir səmimi ünsiyyətim yaranmışdı, virtual şəkildə olsa da, dostluq münasibətlərimiz formalaşmışdı. Belə şəxslərdən biri də Maksim müəllim idi. O, ədəbi məclisə bir qədər gec – 30 iyul 2021-ci ildə üzv qəbul edilmişdi. Ancaq qəbul edildiyi ilk günlərdən öz fəallığı, saza, sözə həssas münasibətilə seçilməyə başladı. Yorulmurdu, ərinmirdi, dayanmadan axtarardı, arayardı, hansı sözün hansı mənada işləndiyini, şeirdə həmin sözün hansı məna ifadə etdiyini müəyyən etmək üçün lüğətlərə baxardı.

Aşıqlar bir şeiri müəyyən bir havacat üstündə oxuyandan sonra hər bəndi də çox vaxt sözlə – ifadəli oxu ilə yenidən deyər, dinləyiciyə, tamaşaçıya çatdırarlar. Bu izaha ya “tərcüman” – tərcümə, yəni izah etmək, ya da “məddi-məna etmək” deyərdilər. “Dədə Ələsgər – 200” ədəbi məclisində bu söz Maksim müəllimin sayəsində işlənməyə, geniş yayılmağa başladı. Şeirlərin təhlilini bu yorulmaz ziyalı “məddi-məna” adlandırdı, bizlər də o cür qəbul etdik. Buna görə də bir neçə məclis üzvü hər hansı bir sözün lüğəti mənasını açmaq istəyəndə “Maksim müəllim demişkən, məddi-məna edək”, – deyərdilər.

Maksim müəllim zəhmətkeş olmaqla bərabər, sadə və təvazökar idi. Deyilən nöqsanları, iradları qəbul edərdi. Söz sənəti elə xüsusiyyətlərə malikdir ki, ona müxtəlif bucaqlar altında baxanda, eyni sözün müxtəlif məna, müxtəlif məzmun çalarları aldığını yəqin edirsən. Hər oxucu da, hər təhlilçi də öz baxış bucağından baxdığı üçün sözün öz mənasını, öz rəng çalarını özü üçün görür və başqasının gördüyü ilə razılaşmaq istəmir.
Maksim müəllimdə də belə bir prinsipiallıq var idi. Özünün gəldiyi qənaətə, nəticəyə daha çox inamla yanaşırdı, öz “məddi-mənası”nı kiməsə, nəyəsə güzəştə getmək istəmirdi. Bununla belə, həqiqət onun üçün daha önəmli idi.

Bir çox hallarda mənim fikirlərimlə, rəylərimlə hesablaşırdı. Bir dəfə də ədəbi məclisdə təxminən belə dedi: “Salman müəllim ədəbi məclisdə hamıdan sonra danışır və şeirin təhlilinə aid son sözü, son qərarı o verir”.
Onu da deyim ki, mən Maksim müəllimlə vaxtaşırı şəxsidə də danışır, fikir mübadiləsi aparırdıq. Günlərin bir günündə Maksim müəllim mənə zəng etdi və məni qabaqcadan xəbərdar etdi ki, məclisdə mübahisə sevən, özünü başqalarından üstün tutan, əslində isə daha çox qüsurları olan bir şəxsə rast gəlsən, yəni sözünüz çəpləşsə, əhəmiyyət vermə. Az sonra belə bir halla, doğrudan da, rastlaşdıq. Şəxsin Maksim müəllimin, daha sonra mənim izahıma etdiyi iradlarına heç birimiz reaksiya vermədik. Çax-çax öz danışığı ilə öz başını ağrıtdı.

Mənim Maksim müəllimlə üzbəüz görüşüm, tanışlığım Dədə Ələsgərin 200 illik yubileyinin Xaçmaz şəhərində keçirildiyi vaxt – 16 oktyabr 2021-ci ildə baş tutdu.
Mən Rəşid Süleymanovun və Xətai Ələsgərlinin dəvəti ilə Göygöl rayonundan Bakıya, Bakıdan isə Rəşid Süleymanovla birlikdə Xaçmaza gəldim. Tədbirin rəsmi hissəsindən sonra Nabranda iş adamı Akif Nəbiyevə məxsus istirahət mərkəzində olduq, saza-sözə qulaq asdıq, iki bir, üç bir dəniz kənarında gəzişib həmsöhbət olduq. Həmin vaxt Maksim müəllimlə daha yaxından, daha məhrəmcəsinə söhbətlər etdik, onunla, şair Qılman İmanla şəkillər çəkdirdik. Maksim müəllimin mənim təsəvvür etdiyimdən qıvraq, cəld, çevik bir şəxs olduğunu gördüm.

2022-ci ilin əvvəllərində Maksim müəllimin xəstələndiyini eşitdim, zəng etdim, Allahdan ona şəfa dilədim. Mart ayının 5-də “Gülüstan” sarayında Aşıq Ələsgərin 200 illik yubiley tədbirində mən Rəşid Süleymanovla, Aqil Kərimovla, Araz Yaquboğluyla, Güllü Eldar Tomarlı ilə bir stolda əyləşmişdim. Maksim müəllimin bizdən iki stol aralıda əyləşdiyini gördüm, gedib onunla görüşdüm, öpüşdüm, hal-əhval tutdum. “Ağrıyıram, xəstəyəm”, – dedi. Allahdan ona şəfa, cansağlığı dilədim. Bu, bizim bu dünyada son görüşümüz imiş, sən demə.

Maksim müəllimin 9 mart 2022-ci ildə 70 illik yubileyi keçirildi, ona “Aşıq Ələsgər – 200” yubiley medalı verildi, həmin tədbirdən 13 gün sonra – 22 martda vəfat etdi. Allah rəhmət eləsin.
Burada, əziz oxucum, bir xatırlatma etməyimə zərurət duyuram. Maksim müəllim “Dədə Ələsgər” ədəbi məclisinə üzv olandan sonra, onun təklifi ilə dostu, tələbəlik yoldaşı Məhəbbət müəllim də bu məclisə üzv oldu. Hər ikisi ağsaqqal, dünya yola salmış kişilər idi. Hər ikisinin xoş danışığı, məntiqli izahları var idi. Hər ikisi bu dünyanın insan övladı üçün müvəqqəti bir dayanacaq, bir sınaq meydanı olduğunu bilirdilər. Hər iki dost qısa zaman kəsiyində bu dünyanı tərk elədilər və inanıram ki, bu dünya adlı sınaq imtahanından hər iki dost üzüağ çıxıb, o dünyanın müqəddəslər, alimlər, şairlər olan guşəsində özlərinə əbədi mənzil qazanıblar.

Maksim müəllimin ölüm xəbərini 22 mart 2022-ci ildə saat 01:10 radələrində aldım. Dünya gözlərimdə qaraldı. Göyçə dərdi, yurd həsrətli bir alim, bir şair, bir vətənpərvər, bir haqsevər insanımız da, eloğlumuz da dünyadan köçdü. Daha onun gümrah, inamlı səsi gəlməyəcək, onun telefon nömrəsindən səmimi avazı eşidilməyəcək. İmran dilli Maksim ədəbi məclisimizdən əbədi gedəcək. Yadıma Hafiz Baxışın “Bizim dost itirən vədəmiz deyil” şeiri düşdü. O rəhmətlik bu həyatda dostları itirməməyi tövsiyə edirdi. Fəqət, həyat özü dostları bir-bir əlimizdən alır, biz elə yaşa, elə vaxta çatırıq ki, dostlar bir-bir bu dünyadan gedirlər. Məhəmməd Füzuli demişkən:

Həmcinslərim tamam getmiş,
Söz mülkündən nizam getmiş.

Kağız, qələm götürdüm. Maksim müəllimin vəfatından aldığım kədərli təəssüratı “Bizim dost itirən vədəmiz çatdı” şeirində dilə gətirdim:

Elə ki, adladın otuzu, qırxı,
Dəyişməz bu köhnə bazarın nırxı.
Birbəbir aparır zamanın çarxı...
Əzrayıl hər kəsə bir kəmənd atdı,
Bizim dost itirən vədəmiz çatdı.

Aldı əlimizdən ata-ananı,
İnsanın halına ən çox yananı.
Baxışımdan qəm-qüssəmi duyanı,
Onlar ulduz kimi əridi, batdı,
Bizim dost itirən vədəmiz çatdı.

Xəyalım keçmişə dönər, boylanar,
Ürəyimdə qəm üstə qəm qalanar.
Neçə dost nömrəsi telefonda var,
Köçdü sahibləri, əbədi yatdı,
Bizim dost itirən vədəmiz çatdı.

Azalıb şənliklər, çoxalıb yaslar,
Bir-bir gedir başlar, boşalır postlar.
Yoxdu sirr verdiyim sirdaşlar, dostlar,
Xatirələr keçənləri oyatdı,
Bizim dost itirən vədəmiz çatdı.

Gözəllər var idi, göyə naz edən,
Şaha baş əyməyən, bəyə naz edən.
Həyat yollarını doğru, düz gedən
Bir gözəl ölümü yüz qəlb qanatdı,
Bizim dost itirən vədəmiz çatdı.

Talan Göyçə, Vedi, Dərələzim var,
Külli-Qarabağda itən izim var.
Orda torpaq altda çox əzizim var,
Fələk aşımıza bir zəhər qatdı,
Bizim dost itirən vədəmiz çatdı.

Fələk bir-bir qurur dostlara tilsim,
Sızladı könlümün sazında yüz sim.
Hanı imran dilli – dilavər Maksim?
Bu nə dilxor əhval, nə təlx ovqatdı,
Bizim dost itirən vədəmiz çatdı.

Hafiz Baxış uyarmışdı insanı,
O vaxtdan tutmuşdu bu söz Salmanı.
Mən günahkar billəm dövrü, zamanı,
Fələk bizi ucuz alıb da, satdı,
Bizim dost itirən vədəmiz çatdı.
22.03.2022
01:15-30.

Maksim müəllim rəhmətə gedəndən üç ay sonra – 2022-ci ilin iyun ayının son bazar günündə onun şeirləri “Dədə Ələsgər” məclisində paylaşıldı, müzakirə olundu, əziz xatirəsi məclis üzvləri tərəfindən hörmətlə yad edildi.

Maksim Şamil və ya Maksim müəllim adı ilə tanınan Şamil Hümbət oğlu Cabbarov 9 mart 1952-ci ildə Göyçə mahalında, Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuş, orta məktəbi öz kəndlərində bitirmişdir. ADPU (APİ)-nun riyaziyyat fakültəsini bitirərək 1979-1988-ci illərdə doğma kəndində riyaziyyat müəllimi və direktor müavini işləmişdir. Maksim müəllim hələ kənddə olduğu müddətdə kifayət qədər mütaliə eləməyi sevirmiş. Araz Yaquboğlunun dediyinə görə, o kənd kitabxanasında olan bütün kitabları oxuyubmuş.

1988-ci ildən sonra Bakı şəhərindəki orta məktəblərdən bir neçəsində, daha sonra isə Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət “Riyaziyyat nəyi sevir” (Bakı, “Elm və təhsil”, 2012) kitabı riyaziyyatsevərlərə ən layiqli töhfədir. Bundan başqa, riyaziyyata aid üç metodik vəsaitin, dərsliyin işıq üzü görməsində ya tək, ya da digər müəlliflərlə birgə zəhmət çəkmişdir.
Maksim müəllimin iki oğul, bir qız övladı, nəvələri var.

Saz, söz, sənət beşiyi olan Göyçə mahalında dünyaya göz açan bir çox insanlar kimi Maksim müəllimin də köksündə bir şair ürəyi döyünürdü. Onu duyğulandıran, təsirləndirən hadisəyə, əhvalata, təbiətə, insana bədii sözlə cavab verməyə çalışırdı. Nabranda təbiətin xəzan dövrünü, ləpələrin qumlu sahilləri qucaqlamasını böyük zövqlə müşahidə edirdi.
“Dədə Ələsgər” ədəbi məclisinin üzvlərindən olan Güllü xanım Tomarlı öz gözəl səsi, avazı ilə Aşıq Ələsgərin şeirlərini səsləndirirdi. Güllü xanımın aydın, gözəl, məlahətli diksiyası hamının xoşuna gəlirdi, ancaq bunu Maksim müəllim xüsusi vurğulayar, onun özünün xarakteri, gözəlliyi ilə səsinin də uzlaşdığını söyləyərdi. O, Güllü xanıma bir neçə şeir də həsr etmişdi.
Maksim müəllim öz şeirlərini son vaxtlar “Sarıqaya” təxəllüsü ilə təqdim edərdi. Son dərəcə nəzakətli olan Maksim müəllim bir gün mənə zəng etdi və bildirdi ki, icazə versən, sənin “Nə təhərsən?” şeirinə bir cavab-nəzirə yazaram. Mən, əlbəttə ki, razılığımı bildirdim və az sonra həm mənim, həm də özünün şeirini paylaşdı.

Maksim müəllim öz sağlığında şeirlərinin bir hissəsini “Tufandan tez yeli çatar” adlı kitabda toplayaraq 2013-cü ildə çap etdirmişdir. Bu kitabda Maksim Şamilin həyata baxışının, düşüncələrinin ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Kitabda onun əqidəsindən, sənətindən irəli gələn tərbiyəvi, didaktik ruhlu şeirlərlə, ustadnamələrlə bərabər, yumoristik və satirik üslubda yazdığı şeirlərə də yer verilmişdir. Bu şeirlər onu oxuyanlar tərəfindən maraqla qarşılanmışdır.

Maksim müəllimin könül dünyasının əks-sədası olan şeirlər yalnız bu kitabda olan nümunələrlə məhdudlaşmırdı. Onun əlyazma şəklində olan bir çox şeirləri yazı masasının üstündə, kitab rəflərində qalırdı. Nə yaxşı ki, Maksim müəllimin ailə üzvləri xatirəsini əziz tutduqları bu ağsaqqal ziyalının könül çırpıntılarını bir yerə toplamaq, kitab şəklinə salmaq və gələcək nəsillərə ərməğan etmək qərarına gəliblər. Bu kitaba ön söz yazmaq təklifini mənə bildirində mən də bu təklifi məmnuniyyətlə qəbul etdim, dostluğumuzun vəfasının bir timsalı kimi bu işi canla-başla yerinə yetirməyə çalışdım.

Alqışlar olsun bu fikrin, bu ideyanın sahiblərinə! Çünki hər bir yazı, hər bir kitab bir abidədir. Həm də bizdən sonra da yaşayan və bizi də mənən yaşadan bir abidə.
Maksim Sarıqayanın yeni çap olunmuş “Göyçə həsrətli bir ömür” kitabında olan şeirlər mövzu, məzmun, forma baxımından müxtəlif və rəngarəngdir. Bu şeirlərdə müasir həyatımızın hər bir sahəsinə, istər mənfi, istərsə də müsbət tərəflərinə, ictimai-siyasi proseslərə, tarixi hadisələrə, milli-mənəvi dəyərlərə, cəmiyyətimizdəki nöqsan və qüsurlara aid məsələlərə toxunulur, hər bir hadisəyə müəllif baxışı, vətəndaş ziyalı mövqeyi öz əksini tapır.

Maksim Sarıqaya istər klassik, istərsə də müasir poeziyamızı oxumuş, öyrənmiş, onlardan lazımi qədər bəhrələnmişdir. Bir sıra şairlərin də ya özlərinə şeirlər həsr etmiş, ya da müəyyən qələm sahiblərinin bəyəndiyi şeirlərinə nəzirələr yazmışdır. Müasir poeziyanın nəhəng simalarından olan Məmməd Araza “Var” adlı şeir, aşıq poeziyasının klassiklərindən olan Seyid Miskin Abdala “Tapar” adlı şeir həsr etmişdir.
Mikayıl Azaflının “Şübhələnmişəm”, Aşıq Şəmşirin “Pis üzüm”, Sərraf Şiruyənin “Bu dağlardadır”, Məcnun Göyçəlinin “Nə Göyçəli” şeirlərinə nəzirələr yazmışdır. Şair Bəhmən Vətənoğluna, şair Alqayıta, şairələr Güllü Eldar Tomarlıya, Südabə İrəvanlıya, Xuraman Camalqızına, Məleykə Göyçəliyə və digərlərinə şeirlər həsr etmişdir.
Bu da onu göstərir ki, Maksim Sarıqaya müasir ədəbi prosesə laqeyd qalmamış, sevib bəyəndiyi şairlərə, onların əsərlərinə münasibət bildirməyi özünə borc bilmişdir.

Uşaqlıq, gənclik illərini, həyatının ən gözəl anlarını Göyçə kimi gözəl, göyçək bir mahalda yaşayan Maksim Sarıqaya qaçqınlıqdan sonrakı həyatında nə qədər xoş gün-güzəran görsə də, doğma yurdunu heç zaman unutmamış, öz şeirlərində Göyçə həsrətini zaman-zaman dilə gətirmişdir. “A Göyçə” şeirindəki yurd, el-oba nisgili “Göyçəyə bax” şeirində bir qədər də dərinləşir, kamilləşir və mükəmməl bir əsər təsiri bağışlayır.
Cəmiyyətdə ictimai haqsızlıq, bərabərliyin, sosial uyğunluğun pozulması, bəzi işbazların xalqın və dövlətin sərvəti hesabına birdən-birə varlanması şairi düşüncələrə qərq edir. Aclıqdan toxluğa çıxan nadanları şair məşhur iş adamları ilə müqayisə edir və öz sözünü qətiyyətlə deyir:

Üç yüz il Ford çalışıb
bizimki tək qazanmadı.
İngilisin prinsi də
bizimkitək qazlanmadı.

Müxəmməs şəklində yazılmış “Şərura” şeirində Maksim Sarıqayanın yumoristik, satirik şeir üslubunun ən yaxşı təzahürünü görmək olar. Müəllif əvvəlcə ciddi üslubda Şərurun düşmən tapdağında olmadığını, xalqımızın Göyçə, Dərələyəz, İrəvan kimi könül yaralarının olduğunu yada salır:

Düşmənin gözü çıxsın
Baxanda əlvan Şərura.
Həsrət çəkir Dərələz,
Göyçə, İrəvan Şərura.

Müəllif daha sonra həm dialekt xüsusiyyətlərinə, həm də siyasi sistemin yaratdığı dəyişikliyə yumoristik bir tərzdə yanaşır:

Qoz ağacı özü qalıb,
Üstündə qoz “cəviz” olub.
Sovxoz kəndi “Oğuz” olub,
Olursan heyran, Şərura.

Bu gün də xalqımız keçmişdən qalan bəzi adətləri yaxşı-yaman olmasından asılı olmayaraq yaşadırlar. Bu adətlərdən biri də toy, nişan edən ev sahibinin qonşuluqda, bəzən isə bütün kənddə yas mərasimi olan evlərə gedib ölü sahibinə başsağlığı verməsi və xeyir iş üçün icazə alması ilə bağlıdır. Bu müsəlman dininin qədim adətinə Maksim müəllim satirik bir tərzdə münasibət bildirir:

Qapı-qapı hər mərhuma
Təzdən rəhmət dilədilər.
Sanki gəlib Şeyx Nəsrullah,
Molla Rizvan Şərura.

Göyçə kimi bir cənnət məkanda ömrünün yarısını keçirən M.Sarıqayanın diqqətindən yayın carhacırında Şərura xanəndənin “cənnət” deməsi də yayınmır. Ümumiyyətlə, Maksim müəllim işdə, ictimai yerlərdə gördüyü hadisəyə, əhvalata biganə qala bilmir, ona münasibət bildirirmiş. Bu tipli şeirlərini oxuduqca yəqin edirsən ki, müəllif həyatın içində olan ən xırda reallıqları belə görə, onu qələmə ala bilir. Buna görə də müəllifin “Gör” rədifli şeirində söylədiyi:

Səbirlə vərəqlə, dünyam burdadı,
Sirrim sadəlikdir, hər məqamı gör,

– düşüncəsini aydın görür və qəbul edirik. Şairin könül dünyası ilə bu şeirlər vasitəsilə yaxından tanış oluruq. “Odur şair” adlı şeirində də Maksim müəllim şair haqqında, şairin necə olması haqqında öz fikirlərini söyləyir. O həm də dönə-dönə kişi, kişilik, ərlik, comərdlik haqda öz şeirləri ilə sanki gənc nəslə bir əxlaq, tərbiyə dərsi keçir:

Arvad kölgəsinə girən kişinin
nə ötkün bir sözü, nə dili olar.
... Yeddi oğlu olsa, yeddi də qızı
şöhrətli nə nəsli, nə dölü olar.

Ümumiyyətlə götürdükdə, Maksim şeirlərində didaktika, nəsihətçilik, öyüd, məsləhət geniş yer tutur. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan bir şairin əsərlərində tərbiyəvi sözlərə, hikmətli deyim və ifadələrə tez-tez rast gəlməyimiz təbii bir hal kimi qəbul edilməlidir:

Oğul bilə: – zaman yıxır dikbaşı,
Necə deşir bir əyri dimdik daşı?
Düz dolana çiynindəki dik başı,
Ələ keçib qoltuqda sıxılmaya.

Maksim Sarıqaya “Dostuyam” rədifli qoşmasında özünü qarşıdakı şəxslə qarşılaşdırır, özünün üstün məziyyətlərini sadalayır. Bəs bu üstünlük nədən ibarətdir? Hər şeydən əvvəl şair gözütoxluğu, nəfsinin azlığı ilə öyünüb. Bu keyfiyyətləri ilə hər bir insan, həqiqətən, öyünə bilər.

Maksim müəllimin şeirlərinin dili də xalq dilindən qidalanan, sadə, canlı və oynaq bir dildir. Onun şeirlərində bu gün ədəbi dilimizdə az işlənən və ya heç işlənməyən söz və ifadələrə, arxaik sözlərə, dialekt sözlərinə də rast gəlmək mümkündür: hənək, cəviz, kürkana, hin, yamşaq, təzdən, həvə, kifsən(mək), əltəmən...
Onun şeirləri janr etibarı ilə də müxtəlifdir. Gəraylı, qoşma, təcnis, müxəmməs kimi aşıq şeir janrları ilə bərabər, beşlik, qəzəl kimi janrlardan da istifadə edərək şeirlər yazmışdır. “Əsarət”, “Yaratdıq” kimi şeirlərində köhnə, bu gün üçün yarıtmaz bir sistemin də müsbət cəhətlərinin olduğunu qeyd edir. Bununla belə, “Kimim var?” kimi şeirlərində Qurana, Allaha bağlı olduğunu da dilə gətirir.
“Mənim yazıqlığa öz baxışım var” misrası ilə başlanan “Yazıq” rədifli şeirində Maksim Sarıqaya yazır:

Ölçüsüz, biçisiz açılan dilin
Sahibi yazıqdır, həqiqət, bilin.
Biqeyrət mahalın, biqeyrət elin
Biqeyrət tayfanın mərdinə yazıq.

Ay Maksim, Xuda ki, ola tərəfdar,
Yetim də, yesir də qərardat tapar.
Torpağın üstündə min bir həyat var,
Torpağın altına gedənə yazıq.

Son olaraq onu da qeyd edək ki, Maksim Sarıqaya “torpağın altına getsə” də, ruhən sağdır. “Mən Daşkənddənəm”, “Göyçənin” kimi şeirlərin müəllifi sağlığında “Mən Göyçəyə getməliyəm?” adlı şeir də yazmış, ruhunun əbədi məskəninin harada olduğuna bir işarə vurmuşdur. Ümid edirik ki, Vətən oğulları Göyçəyə dönəndə Maksim Sarıqayaların da ruhu şad olacaqdır.

Salman Qaralar (Balakişiyev)
Şair, publisist.


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər