İnsanın xislətindən, həyatı necə görməsindən, duymasından asılı olaraq ömrümüz iki əks qütbə – müsbət və mənfiyə bölünüb. Bunu daha dərindən anlayan isə söz və fikir adamlarıdır. Söz adamları Tanrıya daha yaxın olduqlarından ulu yaradan dünyanı sahmana salmağı onlara tapşırıb. Onlar gözəlliyi görüb qiymətləndirməli, ilahi sözə çevirib bəşərin bütün övladlarını gözəllik yaratmağa, qorumağa çağırmalı, eybəcərlikləri qamçılamalıdırlar ki, artıb çoxalmasın.
V.Q.Belinskiyə görə, şair olmaq üçün müasir həyatın məsələlərini dərindən duymaq, onlara güclü ürək yanğısı ilə yanaşmağı bacarmaq lazımdır. Qarşımızdakı bu kitaba – “Göyçə həsrətli bir ömür”ə həyatın hər üzünü görmüş, el-obasını itirmiş, ömrünün ən məhsuldar dövrünü qaçqın, didərgin damğası ilə yaşamış, Göyçənin adı bir an belə dilindən düşməyən, həsrətindən ürəyi köz-köz olan, bu yanğı ilə də dünyasını dəyişən müdrik el ağsaqqalı şair Maksim Sarıqayanın poetik yaşantıları – könül duyğuları toplanmışdır.
İki yüz ildən çoxdur ki, iki yadın imzasıyla Azərbaycan paralanıb, yaralanıb. Gülüstanı, Türkmənçayı, Xan Arazı günahkar bilmişik. Hələ bu azmış kimi ikiyə bölünmüş Vətənin içindən də mənfur düşmənimizə pay vermişik. O paylardan biri Göyçədən – qədim Oğuz yurdundan bir qərinə əvvəl o yerlərin köklü-köməcli sahibləri də min bir işgəncələrə məruz qalıb didərgin oldular. Həssas qəlbli Maksim Sarıqaya buna necə dözə bilərdi ki?
Nə yamanmış Vətən dərdi, Vətən üçün şəhid gərək,
Kişilərdən qaçqın olmaz, vuruşağın biz təkbətək!
Düşmənləri birləşərək, halaylayıb təslim edək!
Nə tarixi, nə keçmişi, nə torpağı yarı bölək!..
Maksim müəllimin və digər yurd, el-oba həsrətlilərinin dərdini dağlara yükləsək, dağlar da daşıya bilməz. “Qələm də var, vərəq də var... el hanı?” sualına cavab tapmaq çoxdan müşkülə dönüb. Şairin məşhur el aşığı və ağsaqqalı Dədə Şəmşirin “Pis üzüm” şeirinə yazdığı nəzirə dünyagörmüş insanın həm zəmanədən, həm də özünün özündən şikayətidir. Şeirin hər bəndində böyük Bəxtiyar Vahabzadənin təbirincə desək, “bir şeydən razıyam ki, özümdən narazıyam” fikrinin təsdiqini tapmaq mümkündür. Maksim Sarıqayanın nəzirəsindəki üzücü mətləblər – “qohumluq da, qonşuluq da sozaldı, gədə çıxıb bəydən əvvəl söz aldı, doğmaların doğmalığı qalmadı, dostun sirri saxlamağı qalmadı, namərd mərdi dustaq etdi gözaltı” misraları klassik ədəbi nümunəyə bənzəsə də, bu günümüzün gerçəklikləridir. Böyük Məmməd Araz demişkən, biz niyə bu günə düşdük, ay dədə?!.
Uzunqulaq köhlən yorur cıdırda,
Qəhrəmanlar can verirlər çadırda.
Gəlsə belə Süleyman da, Xızır da,
Ta düzəlməz bu təzminat, bu düzüm!
Qocalıqda nələr gördü pis üzüm!
Maksim Sarıqaya “nəfsi iradəsinə bağlıların, gözü tale yollarını” yoranların, söz dəryasında qəvvas kimi sərbəst üzənlərin, “sadələrin ucaldığı zirvələrin, alimlərin mənəvi aləmlərinin”, ilahi haqq-ədalət dünyasının dostudur. “Mənliyinin açarını özgələrdə” axtaranların, “vüqarını yerə atıb əzdirənlərin” barışmaz düşmənidir. Ona görə də əmin idi ki:
Məni elin beşi atsa, doxsan beşi tutacaq,
Bir kəlməmlə neçə qisas, neçə qanlar susacaq,
İt pişiklə, at ilanla, qurd quzuyla yatacaq!
Mən qəlblərin mərhəməti, məlhəminin dostuyam!
Mən xaliqin – yaradanın kərəminin dostuyam!
İnsan təbiətin övladıdır, onun beşiyində, qucağında böyüyür, püxtələşir, daxili dünyası saflaşır, gözəlləşir. Təbiətə biganələr isə bu ülvi mənəvi kriteriyalardan pay götürə bilmir. Amerika filosofu Emerson deyir ki, təbiəti heç vaxt pinti görməzsən, o, həmişə səliqəli və gözəldir. Təbiətin şüurlu varlığı insan da əslində belə olmalıdır. Təəssüf ki, həmişə belələrinə rast gəlmirik. Bu da təbiidir. Hamı elə olsaydı, yaxşıların dəyəri bilinməzdi. Maksim müəllimin səmimiliyi duyğularından aydın görünür. O, süniliyi, saxtalığı sevmir:
Mən dağlarda boy atmışam,
Bilmirəm ki, hiylə nədi!
Buz bulaqdan su içmişəm,
Zəylə təmizlənən nədi?
Hər bir əsl söz adamının yaradıcılığının dərin qatlarına baş vuranda onun mənəvi-əxlaqi keyfiyyətləri üzə çıxır. Maksim Sarıqayanın da hər şeirində, hər bəndində, misrasında mənəvi dəyərlər oxucunu özünə cəlb edir. Sözü anlayana söz həm loğmandı, həm də dərman. Şair sözüylə naqis təbiətli insanları müalicə etməyə çalışır. “Günü gündən ucuzlaşan” insanlıq olan yerdə, əlbəttə, bu o qədər də asan deyil. Ancaq Maksim müəllim kimi insanlıq aşiqləri yorulmur, bezmir. Bilir ki, qəlbinin çırpıntıları söz dəryasında bir damla olsa da, yenə hansısa əyriliyi düzəldə bilər, hansısa tamah xəstələrinə şəfa verər:
Sürüdən bir pələng bir ov ovladı,
Yedi, doydu, yatdı, daha ov nədi?!
Hər bir canlı qismətinə qanedi,
“Ov” artdıqca azğınlaşan insandı!
Şairin poetik düşüncələrində Azərbaycan şeirinin 200-300 illik ənənələri yaşayır. Çoxları fikirləşir ki, indi öyüd, nəsihət dövrü deyil (bunu dilə gətirənlər də çoxdur). Ancaq unudurlar ki, bu günümüzdə mənəvi aləmi bütöv nəsil yetişdirmək çox vacib məsələdir. Vətənimizin dörd tərəfində bizi gözü götürməyənlər, gücümüzə, tərəqqimizə qısqanclıqla yanaşanlar, bütöv Azərbaycan arzumuza və sevgimizə darılanlar öz içimizdə də çoxalıb. Gərək mənəvi dünyamızda elə bir etibarlı silah olsun ki, düşmənimizin bağrını yaraq, gözlərinə mil çəkək, özümüzünküləri doğru yola çəkək. Belə silah ağıllı, mənəviyyatlı, Vətən və millət sevgili gənc nəsildir.
Kişilər "dədələr" deyib gediblər,
Mərdi ayaq üstə saxlamasınlar!
Dostu darda, gendə yoxlamaq olar,
Düşməni nəbadə yoxlamasınlar!
Atansansa, yaxşı tuşla həvəni,
Bir mərd gərək digər mərdə güvəni!
Çəkəndə bazara qoca dəvəni,
Qatır quyruğuna bağlamasınlar!
Maksim Sarıqayanın ağrısı canından çıxmayan bir həsrəti var – Göyçə. Yetkinliyi, gəncliyi Göyçədə qalıb. “Göyçəsiz bircə yuxu görməyən, onu gördüm, onda gördüm, nə gördüm” nisgili ilə qovrulan şair üçün o yerlər müqəddəs beşikdir. Gecələr səhərəcən yatmayıb balasının keşiyini çəkən ananın laylası ömrünün son anınacan onun qulağından getmədi. Həmişə təəssüfləndi ki, “bu ömür heç, deyərəm ki, yaşadım, mən Göyçəyə olsam qurban, o zaman”. Şairlərdən birinin fikridir: “Dünyada yalnız üç mahnı mövcuddur: birincisi – ana laylası, ikincisi – ana mahnısı, üçüncüsü – bütün qalan nəğmələr.” Göyçə də Maksim müəllimin anasıdır – laylası, mahnısı, isti nəfəsi heç vaxt unudulmayan anası. Göyçə onun “qiblə səmti, cənnət qapısı, eşq məbədi, ruh məbədi”di idi. Şairin gözəllik ölçüsü də, cənnəti də oradır, “havası da, suyu da, otu da behişt qoxur.” Deyir ki, “tərbiyə verilə gərək laylaynan.” Və ömrünün sonunadək özünə qəti söz vermişdi: “Mən Göyçəyə getməliyəm!”
Düşmənlərim girsə qəsdə,
Sürünərək üzüm üstə,
Ələsgərin qəbri üstə,
Gül-çiçəklər əkməliyəm,
Mən Göyçəyə getməliyəm!
Maksim ondan alır nəfəs,
Onsuz ona məkan qəfəs.
Qalx, dardadı!..
Dur bir tələs...
Çataq hayına qaçaraq!!!
Sən, gəl, gedək Göyçəyə bax!
Şair özünə qarşı çox tələbkardır: – “biz şair deyilik, şeir yazırıq.” Onun insanlıq meyarları mərdlik, ərənlikdi. Maksim müəllimə görə, kişi ancaq qorxmalıdır, – “qisasından gəc fələyin, nemətindən zəhmətsiz əməyin, hikmətindən hər kəsilən duz-çörəyin.”
El-obandan kənar gəzmə, çəkilsin adın kişitək!
Keçmişinə dön yaxşı bax, sayılsın zatın kişitək!
Niyyətinə hakim ol ki, nəfsinə qul olmayasan,
Səxavətin olsun bir az, döyülsün qapın kişitək!
Onun dost seçimi də, dostluğa güvəni də maksimumdur:
Mən kişiynən dost oluram,
O dostluqdan məst oluram.
Söz tarixin bir anıdı, etnoqrafik etüddü, arxeoloji tapıntıdı, adət-ənənələr xəzinəsidi, milli ruh və kimliyin sübutudur, Vətənin bir guşəsinin xəritəsidi. Maksim Sarıqayanın “Sadə bir xəyal”, “Daşkənddənəm” və belə məzmunlu bir çox şeirləri mənə Şəhriyarın “Heydərbabaya salam” poemasının kiçik variantı kimi göründü. Bu şeirlərdəki yer adları bizim qan və gen yaddaşımıza əbədi həkk olunmalıdır ki, “mənimdir” azarına tutulan, hər varlığımıza tamah salan nankor düşmənlərimiz və qonşularımız o yerlərə gözünün ucuyla belə baxmasınlar, baxsalar, gözlərindən olsunlar. Artıq düşmənə mərhəmət göstərməkdən imtinanın vaxtıdır. Belə şeirlər hər şairin ömürlüyüdür (tərcümeyi-halı). “Sadə bir xəyal”, “Sarı bulaq”, “O bizim kənddi”, “Daşkənddənəm” (Maksim Sarıqayanın doğulduğu kənd) şeirlərindəki bəzi coğrafi adlar bizim kimliyimizin göstərcisidir: Göyçə, İstisu, Taxta, Qara xaç, Sarı yer, Qızıl dağ, Ağ qaya, Köhnə yurd, Gözə, Abbasbəy, Mil təpə, Tərsə, Dik pilləkən, Hacı Qurban, Şişin döşü, Sona bulağı, Kəvəkli, Yatax, Ağ yol, Sarı bulaq, Aşıq Nəcəfin komu, Xam güney, Çubuxlu və digərləri sırf ana dilimizdə səslənən, qrammatik qaydalara uyğun yer adlarıdır. Bu coğrafi adlar imkan vermir ki, düşmən bu yerlərə iddia etsin.
Şair sərhəddə dayanıb Göyçəni görən Azərbaycan əsgərlərinin məğrur gözləri ilə o yerlərə həsrətlə və diqqətlə baxır:
Sən ey fələk, ey təbiət,
Yaxşı bax, kəndim görünür.
“Çobangildən Mədətgilə”
Viranə yurdum görünür.
“Sarı dərə” – biçənəkli,
“Şəhər dərə” – gül-çiçəkli,
“Xam dərə” – əkənəkli,
Hər ləkim, kərdim görünür.
Bir daş üstə neçə ünvan qalarmış,
Bir yaylaqda neçə bulaq olarmış...
“Qoçaq bulaq”, “Sona bulaq”, “Əli bulaq”,
“Göy döş” kimi hardan alım otaraq?
Ki, sürülər sinəsinə yayıla,
Ot biçilə, mən kökünü iyləyəm!
Mən Göyçənin ətri, iyi Daşkənddənəm!
Maksim Sarıqaya şeirlərində qədim-qayım, sazlı, sözlü, Aşıq Alı, Aşıq Ələsgər, Miskin Abdal, Növrəs İman, Aşıq Nəcəf, Aşıq Hacı və digər el aşıqlarının yetişdiyi bir elin – Qərbi Azərbaycanın cənnət guşəsi Göyçənin hər daşını, qayasını, dağını, dərəsini, düzünü, bulağını, çayını öz doğması kimi nəvazişlə sığallayıb, dizlərini ana torpağa dayayıb gülün, çiçəyin ətrini sinəsinə çəkib, bulaqların büllur gözlərindən öpüb. Ana təbiətin ilahi gözəllikləri ömrünün son anlarına kimi onu Göyçəyə səsləyib. Heyif ki, bu çağırışa getmək ömrünün ahıl çağlarında ona qismət olmadı, əsir yurdlarımızın da gözü doğmalarını gözləməkdən saraldı. Ulu Göyçə öz oğluna son mənzil də verə bilmədi. İnanıram ki, şairin ruhu hər an Göyçədədir. Axı şairlər sözləri kimidirlər – əbədi yaşayırlar, “gözəlliklərlə yaşayırlar”, elə nigaran ruhları da.
Anamı da Göyçə deyə çağırram,
Babamı da Göyçə deyə çağırram,
Balamı da Göyçə deyə çağırram,
Gələn nəslim, köküm, zatım Göyçədi!
Dədə Ələsgər yurdunun yetirməsi Maksim müəllim aşıq yaradıcılığının müxtəlif qollarına çəkinmədən, cəsarətlə, həm də çox ustalıqla müraciət etmişdir. Onu təcnisləri, cığalı təcnisləri, qıfılbəndləri, müxəmməsləri, dodaqdəyməz təcnisləri klassik ədəbiyyat nümunələrindən geri qalmır, aşıq şeirinin ənənələrini yaşadır.
Bəndə kim, qəsdimə, xəyala dala,
Yürü gəlsin cərgələnib dal-dala.
Aşıq deyər, daldala,
Mərdlər durar daldala.
Oğul, dərdi anadan,
Nə atadan daldala!
Çiynimdən yapışıb dartsınlar dala,
Salmasın nəzərdən O, dala məni.
Beş misralı, 15-16 hecalı, özünəməxsus forması, məzmunu, qafiyə quruluşu ilə seçilən müxəmməs janrına şairin müraciəti əslində poetik cəsarətdir. 400-500 il əvvəl nəhəng şairlərin, aşıqların yaratdığı bu şeir janrında yeni və yaddaqalan fikir söyləmək üçün istedad mütləqdir.
Məhəbbətdir – insanlığa yol, sayəsi məqbul,
Budur saflaşdıran insanlığı, ayəsi məqbul,
Budur, çöhrənə ay, ruhuna gün, qayəsi məqbul,
Budur, Maksimin laylası, həm dayəsi, məqbul,
Avazı xoş məlahət, lətafət odur, insan!
Maksim Sarıqayanın iki cinasını xüsusi vurğulamağıma səbəb səkkiz misranın məna yükünü, ana dilimizin zənginliyini və şirinliyini nəzərə çarpdırmaqdır:
Aşıq deyər, yaladı,
Bu yol birbaş yaladı.
Toxgöz yemədi doydu,
Acgöz doydu, yaladı.
Aşıq deyər, kürünə,
Balıq nədi, kürü nə?
Mərd oğullar doğula,
Namərdlərsə kürünə!
Klassik aşıq şeirinin bir qolu qıfılbənd tapmacanı xatırlatsa da, iki deyişən aşığın dünya-görüşündən, biliyindən, hazırcavablığından xəbər verir. Gərək şeirin forma və qafiyəsini dəyişmədən birincinin suallarına ikinci tərəf dəqiq və gecikmədən çavab versin. Bunun üçün təkcə istedad yox, həm də mükəmməl intellekt lazımdır. Bunu da Maksim müəllimin qıfılbəndlərində tapmaq mümkündür.
On canı var, bir-birindən ayrıdı,
Hər bir canda öz canını yaradı,
Hamısından törənənlər “baladı”,
Bir balası harda olsa öncədi.
Sıfırdan doqquza rəqəm ayrıdı,
Hər biri təzədən ədəd yaradır.
Hər bir ədəd törənəndi, “baladır”,
O sıfırdır, hər birindən öncədi.
Ana dilimizin zənginliyinə dərindən bələd olmaq deyəndə şairin “Onu say” şeirindəki sonuncu bənddə işlətdiyi “hörmə” sözünün məna çalarları yadıma düşdü – qadınların əldə ipdən, sapdan millə toxuduqları bəzəkli formalar, divar hörmək və tərif. Cinaslardan yerli-yerində, uğurlu istifadə onun təcnislərini yaddaqalan, şeirlərinin milli ruhunu ölməz edir.
Maksiməm, anamdan qalıb o hörmə,
Uçacaq, palçıqsız, gəl, divar hörmə!
Dedim ki, ay qardaş, məni çox “hörmə”,
Kim öyrətsə, bu tərifi ona say!
Başqa bir nümunə:
Xatırladır, ox ildırım, kaman dar,
Kamançaçı sahibidir, kaman dar.
Söz cəbhədir, dildi ona kamandar,
Kamanında tarım çəkil, yay ol, get.
“Siyasəti də şiş kimi ikiuclu, haqlı suçlu, kasıb borclu, harda müsəlman var cəhənnəm, xristianlıq dar bir mənəm-mənəm” dünyada Vətən dərdini öz dərdindən üstün tutanlar “mərd namərdin önündə sınanda qorxub haqq sözünü deməyənlərin, yaxşılığı bilməyənlərin qarşısında “ölürlər”. Ancaq yenə də haqq sözünü deyirlər, nə olsun ki, “desəm öldürərlər”, axı “deməsəm ölləm”, ölsəm də susmayacağam. Maksim Sarıqaya da haqqı hayqıranlardandır.
Vətən deyib, caynaqlayıb didənin,
Didməyəndə canın, nəfsin, gödənin.
Vətənin uğrunda oğul verənin,
Göz yaşını silməyəndə ölürəm.
Birinə deyəndə qaçqın, didərgin,
Vətəndən Vətənə olubdu sürgün,
Belə həyat, belə keçən ömür-gün,
Çürüyəndə, əriyəndə ölürəm.
Ağsaqqal şair yaşının müdrik çağında da bu gidi dünyanın gəlişindən, gedişindən, tərsinə gərdişindən, məzlumlara zülm eləmək vərdişindən cana gəlsə də, Vətənin hər qarış torpağı üçün əlindən gələni etməyə hazır idi. “Körpələri incidə, qocaları döyə, qadınları öldürə, cəsədlər üstündən tanklar sürdürə bilməsə də, pis yüyürsə də, əsgərə top sürüməyi, tanklar, təyyarələr sürməyi” bacarardı. Təki qisas qiyamətə qalmasın! Nə olsun ki:
Arxalı köpəkdi, yoxdu qorxusu, –
Amerikası, Fransası, Urusu.
Bə hardadı bu Türklərin ulusu,
Qazağım, Türkmənim, Türk filankəsim?
Xocalı tarixə yazılan dərsim!
Maksim Sarıqaya əsl Vətən oğulları axtarır – “ocaq sevən, el sevən, başı uca, qoltuqda sürünməyən, papaqtək başdan başa keçməyən, hər barmağa üzüktək taxılmayan”, sınaqlardan üzüağ çıxan. Şairin axtardığı oğullar birinci Qarabağ və 44 günlük ikinci Qarabağ müharibəsində şücaətini, rəşadətini, “dəmir yumruğ”unun gücünü yüz-yüz illər böyük və ulu Türkün ayağının altını qazıyan, arxadan zərbə vuran xain, hiyləgər, insanlıq xislətindən məhrum düşmənə göstərdi.
“Dəmir yumruq” zəfərinə hələ çox dastanlar qoşulacaq, poemalar, şeirlər, romanlar yazılacaq. Odlar diyarının oğullarının hünərini, hərb dərslərini hamı döyüş meydanında gördü, özündənrazı güclərə görk elədi Azərbaycan ordusu. Maksim Sarıqayanın təbirincə desək, ikinci Qarabağ savaşı “abrımızı üzümüzə, namusumuzu özümüzə”, Xarıbülbülə, Cıdır düzünə, İsa bulağına, İstisuya “verdiyimiz vədləri sözümüzə, qalib adını ordumuza qaytardı.”
Maksim müəllimə görə, şeir sevgidi, Vətənin dar günündə əlimizdəki qılıncdı, Qarabağ gözümüzün nurudur.
Sevincimiz qəlbimizdən küsmüşdü,
Belimizə bir ağırlıq düşmüşdü,
Elə bil ki, qaranlıqlar çökmüşdü,
İşığımız gözümüzə qayıtdı.
Mənfur düşmənimizin dizinin təpərini, biləyinin gücünü qırandan, ürəyindəki şirin xəyallarını boğandan sonra Azadlıq meydanında keçirdiyimiz Zəfər paradı son yüzilliklərdə ən qürurverici günlərimizdən birincisi kimi şanlı tariximizin səhifələrinə qızılı hərflərlə yazıldı. Xalqın, “bir millət, iki dövlət”in birliyi bizə zəfər yaşatdı:
İki Türk Komandan qoşa dayandı,
Önlərində ümmanlar dağalandı.
Şəhidlərin ruhları şad oyandı,
Qəhrəmanlar dolu cərgələr keçdi,
Hər əsgər Vətənə təzdən and içdi.
Otuz ilin qayğısının paradı,
Otuz ilin ağrısının paradı,
Ürəklərin yanğısının paradı
Şəhidlərin ruhlarına duadır,
Qazilərin yarasına davadır!
Maksim Sarıqaya riyaziyyatçı olduğunu üç rəqəmin – 8, 11 və 20-nin birliyində elə bir poetik “əməliyyat”la götür-qoy eləyib tarixə yazır ki, bu rəqəmlərin ülfətinə heyran qalırıq:
Deyim var, – səkkiz – güc-hakimiyyətdir,
Deyim var, – sevgidir və məhəbbətdir,
Qovuşmaq simvolu, əbədiyyətdir.
Bizi qovuşdurdu haqqa, deyilmi?
Səkkiz – on bir – iyirmi!
Hər millətin müqəddəs mənəvi varlıqları var ki, onun and, güvən, qürur yeridir. Azərbaycan bayrağı, himni, gerbi, Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, gücümüzün rəmzləridir. Son illərdə Azərbaycan bayrağını vəsf edən çox şeirlər qələmə alınmışdır. Unutmamalıyıq ki, Azərbaycan bayrağına yazılan bütün əsərlər şəhidlərimizin büründüyü üçrəngli bayrağımız kimi ucada dayanmağa layiq olmalı, and yerimizə çevrilməlidir. Maksim Sarıqaya şeirlərində sadaladığım bütün mənəvi dəyərləri tez-tez vurğulayır, şairin xəyalı üçrəngli bayrağımız dalğalanan ən uca zirvələrdə şəhidlərimizin ruhu, qazilərimizin Vətən eşqi ilə qoşa dayanır, fərəhindən ürəyi köksünə sığmır.
Dünyanın dayağı, solmaz yarpaqlı,
Ərşdəki ağacdır, səkkiz budaqlı,
Tək səkkiz guşəli bizik bayraqlı,
Bu hikməti Türk olmayan bilərmi?..
“Şahinlər” Xəzərdə dövrə vuraraq,
Düz Günəşə, Aya sarı uçaraq,
Səmaya yazdılar üçrəngli bayraq,
“Ura!”, “Ura!” dedi bir Türk dünyası,
Əks-səda verdi haqqın sədası.
Maksim Sarıqaya ilə bu sətirlərin müəllifi arasında xeyli vaxt idi ki, böyük-kiçik, ata-bala münasibəti yaranmışdı. O, həmişə mənim gördüyüm işləri – şəhidlərin anım mərasimlərini, kitab təqdimatlarını, sədri olduğum Mirvarid Dilbazı Poeziya Məclisi İctimai Birliyinin fəaliyyətini təqdir etmiş, alqışlamış, mənə mənəvi dəstək olmuşdur. Həmişə təsəlli verərdi ki, “gərək göz yaşları tökməyək elə, belini qırdığımız yadın acığına”, həmişə üzümüzdə təbəssüm olsun. O, mənə həmişə “fədakar balam”, “sən Günəşsən, sən atəşsən, iradəsən, mərdanəsən” deyərdi. Müraciət edəndə zarafatla adımı, təxəllüsümü “Güllü Tumarlı” çağırardı. Mənim fədakarlığıma ünvanladığı şeirində üzrxahlıq edirdi ki:
Bağışla, əzizim, şəhid anılan
Gələ bilməmişəm yığıncağına.
Gərək ora Azərbaycan gələydi,
Özünün oğlunun od-ocağına.
Maksim müəllim də Göyçənin azman aşığı Dədə Ələsgər kimi özünün “Güllü” qoşmasını yazmışdı. Şeirində mənə “xanımlar nazlısı, nazlılar xası, baxışı bir tilsim, o, Xarıbülbüldü, ətri Qarabağ” kimi şairanə epitetlər işlətmişdi, ləhcəmi qaymağa bənzətmişdi.
Başında kəlağay – sultan deməkdi,
Belində qızıldı, – altun deməkdi,
Başında kələğay – Xatun deməkdi,
Gözəllər içində Buddadı Güllü.
Hər söz adamının qəlbinin lirik çırpınıları onun onun həyat yolunun ayrı-ayrı anlarıdır. Maksim müəllim də sözlə bir şair obrazı yaradır – “ictimai həkim, sosial hakim, məqsədə carçı, sərrast atıcı” kimi dosta mərhəmətli, söz oxuyla düşmənini düz gözünün qarasından vuran döyüşçü obrazı. O da Azərbaycan kimi ikiyə bölünmüş ömür yaşadı – Göyçəli və Göyçəsiz. Ancaq ömrünün son anına qədər məğrur yaşadı...
Qismət asan yolda deyil,
Hər xoşbəxtlik pulda deyil,
Zor, güc təkcə qolda deyil,
Söz də iti bir yaraqdı!
Sözünün kəsəri heç vaxt ovxardan düşmədi, ustad! Gün o gün olsun ruhunun işığıyla Göyçədə görüşək. Göyçə həsrətli bir ömür o zaman rahatlıq tapacaq...
Güllü Eldar Tomarlı,
Mirvarid Dilbazi Poeziya Məclisi İB sədri, Dədə Ələsgər Ocağı İB humanitar məsələlər üzrə sər müşaviri,
Şair, publisist
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024