Müqəddəs Vətənimiz Azərbaycanın bir hissəsi olan, 1919-cu ildə xaincəsinə kəsilib haylara pay verilən Qərbi Azərbaycanın dilbər guşəsi – Göyçə mahalının təbii mühiti o qədər saf idi ki, burada saf düşüncələrin, düşünən başların, dərrakəli beyinlərin, söz və iqtidar sahibi olan dahilərin yetişməsi təsadüfi sayıla bilməzdi. Əhali kütləvi şəkildə elm öyrənmək, maariflənmək, öyrətmək və alim yetişdirmək kimi mənəvi keyfiyyətləri ilə mahalda qüdrətli müdriklik mücəssəməsi yaratmışdı. Özü də əksəriyyəti ağır şərtlər, kasıblıq, zəhmət içərisində çarpışa-çarpışa. Yurdumuzun bu seqmentində düşmənlərin və dünyanın qibtə etdiyi , paxıllandığı, qəbul edə bilmədiyi çox sayda azman kişilər, kişi qeyrətli qadınlar, elm, fəzilət sahibləri yetişmişdir.
Göyçə camaatının qüdrət potensialı nadanlıq içərisində boğulan dünyanın zavallı toplumu hayların gözünə ox kimi batırdı. Ona görə də haylar və onlara havadarlıq edənlər tarixin bütün dövrlərində bizə qarşı qatı düşmənçiliklə yaşamışlar. Müsəlmanların Göyçə mühitində formalaşan idrak və zəka parlaqlığı mənfur xristian qüvvələri tərəfindən qəbullanmadı. Bu mühitin yetişdirdiyi elmi, mənəvi, fiziki, dini potensialın müsəlmanlara mənsub olmasını qıya bilmədilər. Məfkurəmizin, amalımızın, əqidəmizin, məsləkimizin və dönməzliyimizin gücündən qorxdular. Qarşılığında zaman-zaman bizə divan tutdular, öldürdülər, qovdular, yudumuzdan-yuvamızdan etdilər. Geri qayıtmaq əzəmində olduğumuz Qərbi Azərbaycanda yaşadığımız bütün dönəmlərdə heç vaxt fağır və yazıq kökünə düşmədik. Döyüşə- döyüşə bərkidik. Döydük, əzdik, qorxutduq və hayların yuxusuna haram qatan türkçülük vahiməsi yaşatdıq onlara. Təəssüf ki, axırda köməksiz, silahsız, arxasız qaldıq, o vaxtkı Azərbaycan hakimiyyəti tərəfindən kömək duran olmadı, sovet hökuməti isə haylarla xaç birliyi yaradıb bizə zülm etdilər, yurdumuzu əsir aldılar, camaatın onillər, yüzillər boyu qurub-yaratdığı mal-mülkünü qarət etdilər.
1831-ci ildə Basarkeçər rayonunda cəmi 9 hay olub, 4367 müsəlman. Təəssüf ki, sonrakı 100 il ərzində, yəni 1931-ci ilədək hayların sayı artaraq 12662 nəfərə çatmışdır, müsəlmanlar isə 17306 nəfər olmuşdur (arxiv mənbə mövcuddur). Mərhələ-mərhələ, planlı şəkildə qərbi azərbaycanlıların, o cümlədən göyçəlilərin ata-baba yurdundan təhdid və təzyiqlərlə, zülm və əsarətlə qovulub çıxarılmasına deportasiya demək olmur! “Deportasiya” məfhumu başımıza gələnlərə nisbətdə çox yumşaq məfhumdur! Deportasiya – qanunsuz ayrı dövlətin ərazisində yaşayan şəxsi və yaxud kütləni doğulduğu vətəninə geri göndərməkdir, elə deyilmi!? Bizə isə haylar və havadarları öz dost-doğma ata-baba yurdumuzda divan tutub, köməksiz insanlara uşaq, qoca, qadın demədən şiddətli işgəncələr verərək yurdumuzdan çıxartdılar, daha bunun nəyi deportasiya oldu!?
Qərbi Azərbaycan əhalisinin sıxışdırılıb yurd yerlərindən çxarılmasına kəskin şəkildə etiraz edərək tarixi faktlarla Moskvanın mərkəzi hakimiyyəti qarşısında ciddi məsələ qaldıran rəsmi şəxs məhz Zərbəli Qurbanov olmuşdur. Bilavasitə dövlət arxivindən statistik məlumatları toplayaraq bu prosesə öz etirazını bildirmişdir. Elə bununla da O, daim nəzarət və təqib altında qaldı. Onun hesabat və tələb kimi hazırladığı materialı məqaləyə əlavə edirəm.
Göyçə mahalının tarixi boyu elin yetirdiyi qüdrətli kişilər hər zaman elə-obaya dayaq olmuşdur. Bu məqaləni də həyatı boyu xalqına dayaq olan azman kişilərimizdən biri-hörməti heç vaxt qəlblərdən silinməyən böyük şəxsiyyət-Zərbəli müəllim haqda fikirlərimi hörmətli oxucuların diqqətinə çatdırmaq niyyəti ilə yazdım.
Ermənistanda yaşayan türklərin içərisindən hayların arasından milli qürur hisslərinin gücü ilə məharətlə keçərək ən yüksək vəzifəyə təyin edilmiş böyük tarixi Şəxsiyyət- Zərbalı Qurbanov olmuşdur. Səhv etmirəmsə hayların hakimiyyəti içərisində bu qədər yüksək vəzifə pilləsinə çıxa bilən ikinci bir azərbaycanlı yoxdur. Mənfur düşmənin yüksək vəzifələrə azərbaycanlıları qoymamağının bir neçə səbəbi vardı. Bunun əsasən milli ədavət münasibətlərilə bağlı olduğunu bilirsiniz. Fəqət azərbaycanlılara qarşı düşmənçilik, tülkülük, biclik hayların gen konstitusiyasında yazılıb. Onların bütün mənfur milli maneə baryerlərini öz geniş təfəkkür və idrak sahibliyi, savadı, biliyi ilə keçib ucala biləsən, həm də daim təzyiq altında sıxışdırılan öz doğma xalqının, millətinin haqqını qoruyaraq həyati təhlükələrlə üz-üzə qalma şəraitində işləyəsən, bu, xüsusi bacarıq tələb edən, qorxmazlıq, cəsarət istəyən məsələdir. Sonsuz çətinliklərin olmasına rəğmən, Zərbəli müəllim tarixi kimliyini ortaya qoydu!
O, sovet hökumətini qarşısına öz dəsti xətti ilə yazıb, hazırladığı Qərbi Azərbaycanda toponimlərin erməniləşdirlməsinə ciddi iradlarını bildirdi, eyni zamanda bütün Qərbi Azərbaycanda yaşayan müsəlman əhalinin kütləvi şəkildə azaldıldığı məsələsini qaldırdı. O vaxtlar indiki kimi deyildi. Bu məsələlər sovet ideologiyasına düşmənçilk kimi dəyərləndirlərək adama “güllələmə cəzası” verə bilərdilər. Amma Heydər Əliyev kimi dühanın dəstəyini hiss etdiyinə görə Zərbəli müəllim bunları cəsarətlə edə bilirdi.
Unudulmaz el ağsaqqalı, tanınmış ictimai-siyasi xadim Zərbəli müəllimin tərcümeyi-halına qısaca ekskursiya edək.
Qurbanov Zərbəli Qasım oğlu 1932-ci ildə Qərbi Azərbaycanın, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur.
1949-cu ildə doğma kəndindəki orta məktəbi yüksək qiymətlərlə bitirmişdir.
1952-ci ildə Naxçıvanda iki illik müəllimlik institutunu bitirmiş, institutu bitirdikdən sonra Basarkeçər rayonunun müxtəlif məktəblərində müəllim, tədris hissə müdiri və direktor işləmişdir.
1961-ci ildə Bakıda Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir.
1961-ci ildən Ermənistan KP Basarkeçər (Vardenis) Rayon Komitəsinin məsul təşkilatçısı və təlimatçısı işləmişdir.
1966-cı ildə Bakı Ali Partiya məktəbinə qəbul olmuş, oranı 1968-ci ildə bitirdikdən sonra Basarkeçər (Vardenis) rayonunun Qoşabulaq kənd kolxoz idarə heyətinin sədri işləmişdir.
1971-ci ildə Ermənistan KP Basarkeçər (Vardenis) rayon komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri işləmişdir.
1972-ci ildə Ermənistan KP Basarkeçər (Vardenis) rayon Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir.
1981-ci ildə Ermənistan KP Amasiya Rayon Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmişdir.
1985-ci ildə “Sovet Ermənistanı” Respublika qəzetinin baş redaktoru, Ermənistan Ali Sovetinin sədr müavini vəzifələrində çalışmış, Ermənistan Ali Sovetinin deputatı, Ermənistan SSR KP-nin Mərkəzi Komitəsinə üzv seçilmişdir.
Məlum Qarabağ hadisələri ilə bağlı 1989-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində məskunlaşmışdır.
1990-ci ildə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində məsul işlərdə işləmişdir.
1998-ci ildən ömrünün sonuna kimi Prezident Aparatının işlər idarəsində çalışmışdır.
2003-cü ildə dünyasını dəyişmişdir.
Zərbəli Qurbanovun yüksək zirvələrə çıxmasında, düşmən içərisində uca pillələrə çatmasında onun həyat müəllimi, həm də böyük qardaşı Şahmalı Qasım oğlu Qurbanov kimi məşhur, ləngərli kişinin çox böyük rolu olmuşdur. Doğma qardaşının bütün həyatı boyu dikə qalxan pillələrinin ağsaqqallığını dədə deyə çağırdığı hörmətli Şahmalı Qurbanov etmişdir. Bu haqda növbəti məqalələrimin birində məlumat verəcəyəm.
Zərbəli Qurbanovun yüksək vəzifələrdə işlədiyi dövrlər ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərə təsadüf etmişdir. O, bütün dönəmlərdə ümummilli liderin dəstəyini hiss etməsini dərin hörmət və ehtiramla yada salırdı. Həmin dövrlər Heydər Əliyevin SSRİ-nin ən yüksək postlarında olmağı, Siyasi Büronun üzvlərinin içərisində bütün tablolarda fotosunun birinci görünməyi hayların gözünü tökürdü. Açıq-aşkar düşmənçilklərini gizlədə bilmirdilər, amma qorxurdular. Neçə ki, Heydər Əliyevi 1987-ci ildə hakimiyyətdən uzaqlaşdırmamışdılar, işlər o qədər də pis getmirdi. Qərbi Azərbaycanlıların ümid yeri var idi. O, hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra bəd yellər əsməyə başladı. Qondarma Sumqayıt hadisələri, mərkəzi aparatdan haylara birtərəfli qaydada dəstək, Azərbaycan hökumətinin biganəliyi və Azərbaycana gətirilmiş Əbdürrəhman Vəzirovun etinasızlığı, ermənipərəst mövqeyi, Ermənistana ezam edilmiş partiya və hökumət numayəndələrinin müsəlmanların halına məsuliyyətsiz yanaşması sonradan çox ağrılı bir tarix yazdı.
Həmin dövrdə daşnakların ən böyük dəstəkçisi olan Dəmirçiyan da hakimiyyətdən getdi, amma onun yerinə gələn ondan da betər oldu. Göyçə mahalı milli düşmənçiliyə qarşı etiraz səsini ucaldaraq mitinqlərə toplaşmağa başladı. Çox sayda aksiyalar keçirildi. “Göyçə mahalına muxtariyyat” şüarı ilə böyük kütlənin mitinqləri oldu. Bu məqamda Zərbəli Qurbanovu İrəvandan Göyçəyə ezam etdilər ki, get əhalini sakitləşdir. O da gəlmişdi, “Göykörpü” deyilən yerdə bir yük maşını əylədilər, Zərbəli müəllim maşının yük yerinə qalxdı, oradan tribuna kimi istifadə edərək əhaliyə müraciət etdi. Mən də həmin mitinqdə iştirak edirdim. Ümumi sözlərini bitirdikdən sonra, ağsaqqallarla məxfi söhbət apardı, tapşırdı ki, möhkəm dayanın! Ermənilər qorxuya düşüblər ki, türklər birləşib! Boş dayansanız üstünüzə gələ bilərlər! Görək ona qədər Moskvadan və Azərbaycan hökümətindən dəstək verirlərmi bizə!? Nə Moskvadan, nə də o vaxtkı ermənipərəst Azərbaycan hökümətindən dəstək gəlmədi. Beləliklə get- gedə köməksiz qalan camaat 1988 -ci ildə tarixi yurd yerlərimizdən dəhşətlər içərisində qovuldu. Azərbaycanlıları sıxışdırmaqla bərabər rayon mərkəzində döyüb təhdid edirdilər, xəstəxanaya qoymurdular, məhsullarını bazara buraxmırdılar, mal- qarasını oğurlayırdılar. Həmin dövrlərin çətinlikləri içərisində Zərbəli müəllim gecə- gündüz dayanmadan əlindən gələni etdi amma tək idi, gücü çatmadı, yekunda Göyçə və Qərbi Azərbaycan mahalları süquta uğradı.
1972 ci ildə ümummilli liderimiz Heydər Əliyevin dəstəyi ilə Zərbəli Qurbanov Ağkilsədə Aşıq Ələsgərin 150 illik yubileyini möhtəşəm şəkildə keçirdi. Bütün hazırlıq və icra proqramlarına şəxsən rəhbərlik etdi. Bu tədbirin səs-sədası o vaxtkı bütün ittifaq respublikalarına və sosialist ölkələrinə yayıldı. Sonra Moskvanın sütunlu sarayında və bir neçə böyük şəhərlərdə ustad Dədə Ələsgərin yubileyləri silsilə xarakteri aldı.
Zərbəli müəllim Göyçə mahalının nəhəng adla tanınan şəxsiyyətlərini, məxsusən Yunis Rzayevi, Qəşəm Aslanovu çox dərin hörmətlə anardı. Onların yaşadıqları mübarək ömürlərinin kişilik və mərdliklə bəzənmiş salnaməsini ehtiramla yada salıb, dəyanət, qeyrət nümunələri kimi misal çəkirdi.
Bir gün İrəvanda Mərkəzi Komitənin Birinci Katibi və Meşə Təsərrüfat naziri Koçinyan Zərbəli müəllimə zəng edir ki;- Bakıda soyuq hava üfürən qazanaoxşar bir şey buraxırlar. Pəncərənin qabağına qoyulur, ondan bizə təşkil elə. Zərbəli müəllim götürür Yunis Rzayevi yığır ki, (o vaxt Yunis müəllim Şamaxıda birinci katib işləyirdi) bəs, Koçinyan iki dənə kondisioner istəyir. Əvvəlcə Yunis müəllim soyuq danışır. Sonra deyir ki, Koçinyan mənə də zəng etmişdi, ona söz vermədim, amma bir halda ki, sən oradasan qoy sənə borclu qalsınlar, göndərəcəyəm! Səhər tezdən həmin erməni işə gələndə görür ki, kondisioner saat 9- da qapısının qarşısına qoyulub. Bu epizodu Zərbəli müəllim çox maraqla xatırlayardı. O, bu işləri erməniləri öz xalqının lehinə iş gördürmək üçün edirdi.
…Qərbi Azərbaycanda yaşadığımız hər zaman Azərbaycandan və digər yerlərdən gələn qonaqlarımızı sonsuz ehtiram, salam- səfalarla bulaqlar başında, yaylaqlar döşündə urlu- urvatlı qarşıladıq, yola salardıq. Ali qonaqlar da çox gəlirdi Göyçəyə. Ümummilli Liderimiz Heydər Əliyevin böyük qardaşı Akademik Həsən Əliyevin Göyçəyə gəlməsini, oranı qarış- qarış gəzməsini şəxsən Zərbəli müəllimin özü təşkil etdi. Akademikin Göyçə səyahətini o vaxt ən etibarlı adamlarından biri olan hörmətli Becan Qasımova həvalə etmişdir ki, Göyçənin başdan- ayağa seyrinə çıxmasına yardım etsin və daim yanında olsun. Həsən müəllim hər yeri gəzdikdən sonra Şorcalar güneyinə baş çəkmiş, orada ata- babasından eşitdiyi tarixi xatirələrini söyləmişdir. Sonra Zərbəli müəllim Həsən Əliyevi öz şəxsi maşını ilə dərin hörmətlə Kəlbəcərə yola salmışdır.
Haylar tərəfindən müsəlmanların dini etiqadlarının saxlanmasına əngəllər törədilir, ayinlərə qarşı əks təbliğat aparılırdı. Zərbəli müəllim Qurbanov hər zaman öz xalqının milli, dini adət- ənənələrinin qorunmasını prioritet məsələ kimi ön planda saxlamışdır. Mütəmadi olaraq Bakıdan mədəniyyət və incəsənət xadimləri olan korifeyləri İrəvana dəvət edərdi, onların qastrol səfərlərinin yüksək səviyyədə təşkil olunması, iş və məişət təminatlarının layiqli şəkildə təşkil olunmasını çox vaxt öz vəsaiti hesabına qarşılayardı. Qastrola gələn, artistlər və müğənnilər oba-oba, oymaq-oymaq azərbaycanlılar yaşayan məntəqələrdə konsert proqramlarını təqdim etməklə xalqın milli- mənəvi duyğularının qorunmasına töhfə verərdilər. Bakıdan dünya şöhrətli mədəniyyət və incəsənət xadimlərinin Ermənistana gələrək qastrollarda olmaqları azərbaycanlıların milli iftixarına çevrilər, xoş ovqat yaradardı.
Düşmənlə birlikdə yaşamaq, işləmək, ünsiyyətdə olmaq daim insanı müsəlləh, mübariz və hazırlıqlı vəziyyətdə saxlayır. Onun milli kimliyinin dəyərini, təəssübünü artırır. Zərbəli Qurbanovun milli qüruru Ermənistanda yaşayan bütün millətlər içərisində onun şəxsiyyətinə hörmət gətirən əsas xarakter kimi dəyərləndirilmişdir. O, daim mərkəzi aparatda işlədiyindən haylar tərəfindən azərbaycanlılara qarşı olan təzyiq və təhdidləri əvvəlcədən görə bilirdi, eyni zamanda o cür halların qarşısında sipər kimi dayanırdı.
Məsələ burasındadır ki, bəzən müsəlman əhalinin də içərisində olan ünsürlər bir-birindən anonim yazılar yazır, şikayət edir, erməni dəyirmanına su tökməklə məşğul olurdular. Açıqcası müəyyən hallarda insanlar içərisində gözü götürməzlik edənlər də olurdu. Belə vəziyyətdə Ermənistan SSR mərkəzi orqanlarına, yaxud SSRİ mərkəzi orqanlarına bu və ya digər məzmunlu materiallar göndərməyi özlərinə peşə seçərək, ayrısına pislik etmək istəyənlər də olurdu. Müsəlmanların bir-birinə göstərdiyi bütün belə mənfi münasibətlərin hamısının qarşısında Zərbəli Qurbanov dəyanətlə dayanırdı. O, gözəl görürdü ki, müsəlman əhalinin bir- birilərinə qarşı paxıl və pis münasibəti düşmən əlinə oynamaqdır. Haylar onsuz da müsəlmanları sıxmağa, şərləməyə bəhanə axtarırdılar. Yazılan materialları da əsas tutub müsəlmanların ziyalılarını işə qoymurdular, vəzifə vermirdilər, işdən çıxarırdılar, yurd yerlərindən qovub çıxarırdılar. Zərbəli müəllim dövlət işi ilə bərabər milli mənafeyə zərər verən bütün neqativ halların qarşısını alırdı. Yoxsa müsəlman əhalini daha çox sıxışdırardılar, özü də bütün Ermənistan üzrə. Hər rayonun ağsaqqalları, söz sahibləri, rəhbərləri və kolxoz, sovxoz sədrləri ilə əlaqələrindən istifadə edib öz xalqına qarşı olunan pisliklərin qarşısına sədd çəkirdi.
Basarkeçərdə ilkin yüksək vəzifələrdə işlədiyi dönəmlərdə camaatımız onunla qürur duyurdu, yüksək vəzifədə olmağı bizim çox xeyrimizə idi çün ki, ondan çəkinirdilər, sayırdılar, hesablaşırdılar.
Amasiya Rayon Komitəsinin birinci katibi vəzifəsinə işlədiyi zaman onun həyatı ciddi təhdid altında olmağına baxmayaraq uzun müddət riskli şəraitdə işlədi. Nə var, nə var kökəltmə məntəqəsinin müdiri millətçi türk idi -Namaz kişi. Rayon prokuroru Namaz kişini həbs etmək üçün təqib və nəzarət altında saxlayırdı. Bir gün Namaz kişi gəlir Zərbəli müəllimin qəbuluna ki, Yoldaş Qurbanov, məni tutmaq istəyirlər. Zərbəli müəllim həmin adamın elə, xalqa bağlı biri olduğunu bilirdi, işin içini öyrəndikdən sonra tapşırır ki, get arxa qapıdan gir, sənədlərini təmizlə qalanı ilə işin yoxdur. Sabah prokurorun nümayəndələri gəlib baxırlar ki, hər şey “tər- təmizdir” dillənə bilmirlər. Namaz kişini də beləliklə həbs edə bilmədilər. Bundan sonra rayonun haylardan ibarət rəhbər heyəti arasında Zərbəli müəllimə qarşı komanda yaranır, lakin heç bir qələt də edə bilmirlər.
Bu tipli yüzlərlə misallar var ki, Qurbanov Zərbəli müəllimin hayların içərisində milli -mənliyi ilə öz xalqını mühafizə etməyinin, xalqına xidmət etməyinin nümunələridir.
Elə-obaya, xalqa, millətə xidmət istəyi yalnız vicdanın səsi ilə oyanır, ziyalılığın təzahürü kimi yaranır. Heç kim başqasının boynuna qoymur ki, mütləq bu işi eləməlisən. Dil içərisində dilini, din içərisində dinini, xalq içərisində xalqını, düşmən içərisində mənliyini qorumaq təəssüb işidir. Onu çəkən kişilər həmişə tarixin yaddaşında ləyaqət timsalı kimi qalıblar. Eynilə Zərbəli Qurbanov kimi.
…1988-ci ilin yayında rus- hay birlikləri bir- iki başıboş türkü öyrətmişdilər ki, gedin erməniləri öldürün. Bu başdan xarablar da buna hazır idilər. Təxribatı rusun KQB-si təşkil etmişdi. Həmin məlumatı alan Zərbəli Qurbanov gecə ilə rayona gəldi və camaatı başa saldı ki, bunu etsəniz azərbaycanlıları qıracaqlar, əllərində də əsas tutacaqlar ki, “Sumqayıt hadisələri”ni türklər burada da törətmək istəyirlər, növbəti “erməni genosidi”nin qarşısını almaq üçün biz də onları qırdıq, bu halda biz heç nə edə bilməyəcəyik. Bu təxribatlın da qarşısını məhz Zərbəli Qurbanov aldı.
Başıbəlalı türklərin daşnak saqqallıları tərəfindən amansız zülmləri 1988-ci ildə pik həddinə çatmışdı. Aşağı Qaranlıqda (Martunudə) daşnakların ən qəddar qruplarından birinin qərargahı var idi. Bir gün daşnaklar qərar qəbul edirlər ki, türkləri köçürtmək adı ilə MTS-in bazasındakı bütün maşınları çıxaraq, gedək türk kəndlərinə girək, onlara deyək ki, sizi Azərbaycana köçürmək üçün təmənnasız köməyə gəlmişik, təhlükəsiz şəraitdə sizi buradan çıxaracağıq. Əgər çıxmasanız hamınızın həyatına böyük təhlükələr var! Türklərin əşyalarını öz əlləri ilə maşınlara yüklətdirək, Azərbaycana yox, Kəvərdə (Kamoda) təyin olunmuş yerə gətirək, mal- mülklərini qarət edib, özlərini də “türkə layiq şəkildə” qətl edək. Bu qərarı qəbul edərək saqqallı daşnaklar belə bir məkrli plan qururlar.
Zərbəli Qurbanov hazırlıqlı adam idi. Hər yerdə ona məlumat çatdıran öz adamları vardı, o cümlədən bu daşnak qruplarının içərisində. Aşağı Qaranlıq (Martunu) daşnaklarının liderlərindən biri – Makedon adlı saqqallı cinayət aləminin nüfuzlu şəxslərindən olub. Zərbəli müəllim Makedonu da agent kimi saxlayırdı. Həmin bu Makedon bu plan qurulduqdan sonra Zərbəli müəllimə zəng edir ki; – “ burada belə bir plan hazırlanıb, xəbəriniz olsun!” Onun çatdırdığı bu dəhşətli planı eşidən kimi, Zərbəli müəllim dərhal zəng edir Basarkeçər rayonunun o vaxtkı böyükləri Yenqoyana və Servantesə. Ciddi şəkildə tapşırıq verir ki, rayona azərbaycanlıları köçürməyə Martunudən 100 maşın gələcək onları buraxmayın. Eyni zamanda kəndlərdəki kolxoz sədrlərinə də xəbər göndərir ki, gələn maşınlara heç nəyinizi yükləməyin, arvad uşağı da mindirməyin!
Qurbanovun tapşırığından sonra Yenqoyanla Servantes bir-biri ilə məsləhətləşirlər, Zərbəli müəllimə hörmət göstərərək həmin daşnakları rayona girməyə qoymurlar və beləliklə aşağısı 100 ailənin faciəsinin qarşısı Zərbəli Qurbanov tərəfindən alınmış oldu.
Eyni oxşar proses Vedi rayonunda da baş vermişdir. Şirazlı kəndinin dinc əhalisi erməni vəhşiliyindən namus və şərəfini qorumaq üçün qaçıb 3 ay yarım Türkiyə sərhədinə yığılmışdı. Çöl-biyabanda üryan qalmışdılar. Heç bir köməkləri də yox idi, kütləvi şəkildə qırğına məruz qalacaqdılar. Buna səbəb rayonun başdan xarab rəhbərliyinin daşnaklarla işbirliyi olmuşdur. Camaat evlərini tərk etdiyi müddətdə haylar nəyi var hamının hər şeyini, ev, mülk, mal-qara hamısını qarət və talan etmişdilər. Bu hadisələr zamanı haylar bir nəfər azərbaycanlını da başından vurub öldürmüşdü. Hələ bundan daha böyük qətliam olacaqdı, yenə də bu qətliamlı epizodun qarşısını məhz Zərbəli müəllim aldı.
…Amasiyada Conik adlı bir daşnak varmış, Nijdenin təbliğatını aparırmış və türklərə qarşı amansız olmağın “Nijde yolunu” təbliğ edirmiş. Zərbəli müəllim bu daşnakın apardığı təxribat proseslərini önləyərək İrəvanda büroda həmin məsələni qaldırıb, Coniki rayondan yox etdirdi.
Zəngibasar (Masis) rayonunda Sabir müəllim Zərbəli müəllimə zəng edir ki, ermənilər 2 min azərbaycanlını Çobankərəyə yığaraq orada məhv etmək istəyirlər. Qurbanov həmin dəqiqə qaçır Ermənistan Nazirlər Soveti sədrinin Birinci Müavini Movsesyanın yanına və tələb edir ki, bu işin baş verməsinə yol vermək olmaz. Əks halda məsuliyyət sizin üzərinizdə qalacaqdır. Həmin vaxt artıq əhalinin bir hissəsi hər nəyi var idisə qoyub, canlarını götürüb Azərbaycana qaçıblarmış. Bundan sonra Movsesyan DTK-nın sədrini, daxili işlər nazirini yanına çağıraraq onlara tapşırıq verir ki, bu məsələni həll etsinlər. Bunlar da qərara gəliblər ki, qatar İrəvana girmədən Qəmərlidə dayansın və əhali qatarla Azərbaycana göndərilsin. Beləliklə azərbaycanlıların həyatını xilas etməyə nail olan Yoldaş Qurbanov 4 avtobus da əlavə ayırır, eyni zamanda qalan camaatı qatarla Azərbaycan ərazisinə keçirə bilir. Bu qırğınları törətmək istəyən azğın haylar qondarma Sumqayıt hadisəsinin əvəzini çıxmaq istəyirdilər.
Sumqayıt haqda danışarkən qeyd etmək lazımdır ki, Sumqayıt hadisələri planlı qurulmuş iş idi. KQB-nin və hayların aranı qarışdırıb, sonrakı mərhələlərdə törədəcəkləri dəhşətləri başlamaq üçün bəhanə idi. 1988-ci il fevralı 16 da İrəvanın teatr meydanında mitinq keçirilirmiş. Həmin mitinqdə guya Sumqayıtda olan hadisələri əks etdirən şəkillər paylanırmış, həm də kinoteatrlarda xüsusi pasport yoxlaması ilə adamları içəri buraxmaq şərti ilə montaj olunmuş filmlər göstərirlərmiş ki, bu dəhşətli olayları Sumqayıtda ermənilərə qarşı türklər törədib. Bu filmin kaseti azğın düşmənin qəddarlığını bir qədər də artıra bilərdi. Azərbaycanlıların daha çox sayda itki verməsinə rəvac verərdi deyə, Zərbəli müəllim çoxlu pul verməklə o kaseti aradan çıxartdırır. Onu da oğlu Nuruya verir ki, apar Qazax rayonunda raykomun katibi Murad Aşurova ver, de ki, burada belə proseslər gedir, bunun qarşısını almağa kömək etsinlər. Murad müəllim də həmin kaseti kimə vermişdisə, heç üzə də çıxartmadılar, nə də köməklik edən oldu…
Haylar belə yalan, iftira dolu süjetləri video lentlərdə montaj edib yayımlamaqla ermənilərin azərbaycanlılara qarşı olan nifrətini gücləndirirdilər. Bizimkilər isə Qorbaçovun sovet hökumətinə inanırdılar ki, sovet hökuməti ölməyib. Qorbaçovun arvadı Raisa Qorbaçova, Aqambekyan, Qalina Strovoytova, Silva Kaputikyan və Zori Balayan başda olmaqla, Qarabağdakı bir neçə erməni daşnaklarının hazırladıqları təxribatların qarşısında çox əziyyətlər və həyati risklər içərisində yaşadı və işlədi Zərbəli müəllim. Həmin dövrdə onun qaldırdığı məsələ ancaq və ancaq azərbaycanlıların kütləvi qırğın təhlükəsinin qarşısını almaq idi. Onun təkidi ilə Moskvadan İrəvana Lukyanov və Rıjkov da olmaqla bir neçə rəsmi nümayəndələr göndərmişdilər. Onlar isə nəinki bu məsələlərin qarşısını aldılar, heç cəhd də göstərmədilər. Bu prosesin dərinliyini görən Zərbəli müəllim Bakıya Vəzirovun qəbuluna gəldi və hadisələr barədə ona məruzə etdi. Amma faydası olmadı… Vəzirov Ermənistanda yaşayan azərbaycanlı əhalisinə qarşı tamamilə laqeyd idi.
Bundan sonra Zərbəli Qurbanov Moskvadan rus milis və ordu dəstələrindən Ermənistanda azərbaycanlıların mühafizəsi üçün hərbi qüvvələr tələb etmişdir. On bir rayonda postların qurulmasını, azərbaycanlı əhalinin qorunmasını qismən də olsa təmin edə bilmişdi. Sonra ermənilər onları da ələ aldılar və əhali didərgin düşdü.
Zərbəli Qurbanov növbəti dəfə Bakıya gəlib, Vəzirovdan dədə-baba yer- yurdlarından didərgin salınmış əhaliyə dəstək istədiyi vaxt Qərbi Azərbaycan camaatının Mərəzə kəndinə gəlib, orada məskunlaşmaq istədikləri vaxtla üst-üstə düşmüşdü. Qəbulda olarkən Mərkəzi Komitədə bu söhbət gedirmiş. Vəzirov isə köməklik etmək əvəzinə, üzr istəyirəm bu ifadəyə görə; ” Ubeyte etix svoloçov i vernite obratno ix” demiş, onlara heç bir dayaq durmayacağını bəyan etmişdir. Qurbanova da hədə gəlmişdi ki, bu işlərin hamısını düzüb-qoşan sənsən.
Bundan sonra Yoldaş Qurbanov geri İrəvana qayıtmış, hələ orada yaşayan azərbaycanlılara heç yerdən bir kömək gəlməyəciyini bildirərək, başımıza özümüz bir çarə qılmalıyıq demişdir. Eyni zamanda qalan əhalinin təhlükəsiz çıxması üçün maksimum köməklik göstərmişdir. Azərbaycanın müxtəlif yerlərində sığınacaq tapmaq əzabı ilə üz-üzə qalan əhali isə hiddət içərisində ev-eşiklərini qurulu qoyub gəldikləri üçün, məhz Qarabağda məskunlaşmaq istəyirdi. Hayları Qarabağdan çıxarmaq üçün təşkilatlanmışdılar. Bu işdə Zərbəli müəllimin təlimatı əsas xətti idi. Onlar Qarabağa tərəf üz tutub, erməniləri oradan çıxarıb, özləri onların yerinə məskunlaşmaq üçün hərəkətə keçdikdə isə Telman Orucov Vəzirov tərəfindən Qarabağa ezam olunaraq bu məskunlaşmaya imkan verməmişdi. Zərbəli müəllim Telman Orucova bu işin düzgün olmadığını, sabah haylar burada da başımıza bəla olacaqlarını irad tutsa da, Telman Orucov; -bu iş mənlik deyil, yuxarıdan göstəriş belədir demişdi. Vaxtında Azərbaycanda hakimiyyətdə olanlar tərəfindən buraxılan bu tarixi səhvlərin ağrılı-acılı nəticəsini isə sonradan bütün xalq yaşamalı oldu.
Zərbəli Qurbanov İrəvanda Mərkəzi Komitənin binasında yaşayırdı. Üzbəüz qonşusu birinci katibin katibəsi imiş, bir gün gecə yarı qapını döyüb xəlvətcə Zərbəli müəllimə deyib ki, heç kim bilməsin bunu mənim sizə deməyimi uşaqları da çıxarın, özünüz də dərhal bu evdən çıxın! Əgər o bu məsələni deməsəydi, kim bilir nələr olacaqdı. Zərbəli müəllim Ermənistan Mərkəzi Komitəsində ondan gizlədilən bütün milli qarşıdurma yaratmaq planlarını, azərbaycanlıları yurdlarından çıxarmaq barədə söhbətləri o qadından ala bilirdi.
Zərbəli Qurbanov İrəvanda 1988-ci ilin dekabrından tamamilə məxfi yaşayaraq, gizlin işləmişdir. Həyatı risklər altında ola-ola. “Sovet Ermənistanı” qəzetinin buraxılmasının davam etdirlməsinin zəruri olduğunu onun qarşısında tələb kimi qoymuşdular. O, isə artıq əhali köçüb, burada bu qəzeti oxuya biləcək heç kim yoxdur demişdir, qəzetlərin küçəyə atıldığı şəkillləri göstərərək imtina etmişdir. Həmin vaxtı Ermənistan KP MK da işləyən Adil və Məhyəddin adlı iki azərbaycanlı da Zərbəli müəllimlə birlikdə İrəvanda yerlərini dəyişə-dəyişə yaşayırlarmış. Nəhayət 1989-cu ilin mart ayında Yoldaş Zərbəli Qurbanov Ermənistanın paytaxtı İrəvan şəhərini birdəfəlik gizli yolla tərk edərək Moskvaya, oradan da Bakıya gəlmişdir.
Bakıda yaşadığı müddətdə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində məsul işlərdə işləmişdir. Sonra isə ulu öndər Heydər Əliyevin ən yaxın və sədaqətli silahdaşlarından olan görkəmli dövlət adamı, ictimai-siyasi xadim Professor Səfiyar Bəylər oğlu Musayevlə çiyin-çiyinə dövlətçilik məfkurəsinə dərin sədaqət örnəkləri yaradaraq qiymətli dövlətçilik xidməti göstərmişlər.
Yekunda onu qeyd etmək istəyirəm ki, adam var təkcə öz ömrünü yaşamaqda acizdir. Bir ömrü içərisində xalqın ömrünü yaşamaq da hər kişinin nə taleyi, nə də bacardığı iş ola bilməz. Bu nöqteyi-nəzərdən el Ağsaqqalı, dövlət xadimi, ömrünü düşmən içərisində öz xalqına xərcləmiş Zərbəli Qasım oğlu Qurbanov kimi insanların xatirəsini hər zaman ehtiramla yad etmək hər kəsin borcudur. Bir də ki, tarix yazan şəxsiyyətləri tarix özü qoruyacaqdır. Axirəti abad, ruhu şad olsun!
Hacı Abbas Bağırov
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024