NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

18:46 / 20.03.2024
Baxılıb: 2212

Bismillahir-Rəhmanir-Rəhim!

Şərq ölkələrində üç cür bayram qeyd olunur: dini, məzhəbi və milli bayramlar. Mənsub olduğumuz müsəlman dinində 2 bayram mövcuddur. Qurban bayramı və Fitr bayramı. Qurban bayramı hicri qəməri təqvimi ilə Zilhiccə ayının 10-da, Qurban bayramı Şəvval ayının 1-də qeyd olunur. Məzhəbi bayramlar isə hər bir məzhəbin özünə məxsus olaraq qeyd olunur. Cəfəri məzhəbi üçün əsas bayramlar bunlardır: “Məbəs bayramı”, “Mübahilə”, “Qədir-Xum”, “14 məsumun mövlud günləri” və s.

Milli bayramlardan birincisi Novruz bayramıdır. Bu bayram müsəlman ölkələrinin əksəriyyətində keçirilir. Hicri-qəməri təqvimi ilə Fərvərdin ayının 1-i, miladi tarixlə mart ayının 20-21-i yaz gecə-gündüz bərabərliyi günündə il təhvil olur və həmin gün Novruz adlanır. Novruz bayramı çərşənbələr də daxil olmaqla bir ay davam edir. Çərşənbələr ab-su, atəş-od, xak-torpaq, bad-yel ardıcıllığı ilə qeyd olunur.

Bizim bu kitabın yazılmasında əsas məqsəd Milli bayramımız olan “Novruz” və onun atributları barədə əziz oxucuları məlumatlandırmaqdır.

Bildiyimiz kimi, bir ildə 4 fəsil var: Yaz, Yay, Payız, Qış. Fəsillərin tacı olan yazın gəlişi Novruz bayramı ilə başlayır. “Novrüz” fars sözü olub, “nou - yeni”, “ruz gün” deməkdir. Xalq arasında bu bayram “Bahar bayramı”, “Novruz bayramı” adı ilə məşhurdur. Bildiyimiz kimi Qış fəsli üç bölümdən ibarətdir: Böyük çillə 40 gün, kiçik çillə 20 gün, boz ay 30 gün çəkir. Çillələrlə bağlı xalq arasında maraqlı əhvalatlar danışılır. Onlardan ikisini qeyd edirik: Böyük çillə qırx gün ömr edib gedər, yolda Kiçik çillə ilə qarşılaşar, kiçik çillə ondan nə etdiyini soruşar, deyər ki, qazanlar üstünə gəlmişəm, qarıları sağlam görmüşəm. Kiçik çillə deyər ki, eh, sən neyləmisən ki, mən gedib qazanları ağzı üstə çevirəcəyəm, qarıları təndirdən basıb küflədən çıxardacağam. Boz çillə də çıxıb deyər ki, sənin acığına mən də gedib əkinləri cücərdəcəyəm.

II variant

Böyük çillə kiçik çillə ilə rastlaşir. Kiçik çillə “getdin, nə qayırdın” deyə soruşur, böyük çillə deyir: “Təndirləri yandırdım, kürsüləri qurdurdum, küplərin, xaralların ağzını açdırdım. Kiçik çillə deyər ki, mən gedib küpləri, xaralları boşaldacağam, üzüqoylu qoyub gələcəyəm. Böyük çillə deyər ki, bacarmazsan, çünki ömrün azdır, qabağın yazdır.

Novruz bayramından öncə gələn dörd çərşənbə boz ayda olur. Belə ki, kiçik çillə qurtardıqdan dərhal sonra ilk çərşənbə olan su çərşənbəsi başlayır. Sonra od, torpaq, yel çərşənbələri qeyd olunur. Çox təəssüflər olsun ki, bu dörd çərşənbədən üçüncü və dördüncü çərşənbələrin yerləri dəyişik qeyd olunur. Amma biz klassik və aşıq ədəbiyyatında da görürük ki, çərşənbələri haqq aşiqləri və klassiklər bu arıcıllıqla qeyd edirlər. Ozan-aşıq sənətinin dərin bilicisi, könüllər sultanı, Azərbaycan Səfəvilər Dövlətinin banisi, Əhli-beyt (ə) aşiqi Ş.İ.Xətai və Haqq aşiqi Aşıq Qurbani də bu çərşənbələrin təsnifatını bu ardıcıllıqla vermişlər:

Aşiqisən gəl bəri kim, cani-canan məndədir,

Zahida, sən xandasan kim, nuri-iman məndədir.

Məndədir yer ilə göyün hikməti, həm qüdrəti,

Abu, atəş, xaku, badü cümlə ərkan məndədir.

 

Ay ağalar, dərdim yaman artıbdı,

Çərxi-fələk eldən daşım atıbdı.

Səkkiz şeydi, bu dünyanı tutubdu,

Abü atəş, xakü baddı, dördü nə?

Professor Kamil Vəliyev “Elimizdən, obamızdan” adlı kitabında yazır: “Yaz yetirdi özünü elimizə, obamıza. Bulaqlardan süd axar, ürəklər oyun-oyun oynar. Gömgöy xalıya bürünən yer-yurd dil açıb danışmaq istər, aşığa dönüb qubarlı ürəyin boşaltmaq dilər, ozana dönüb gələnlərdən, gedənlərdən, keçən yazdan ürəyində qalanlardan söz açmağa tələsər. Qara gözlü gözəllərin, ər igidlərin ad-sanın göylərə qaldırmaq dilər.

Şərid-şərid olub yollara düzülər gözəllər əllərində göycə-göycə səməni aparar, yeri-yurdu yaşıla bürümək istər.

Sıra-sıra qızlar gedər...

Sıra-sıra nazlar gedər...

Sevinənlər gedər, sevinclər gedər...

 

Səməni,

Al məni.

Hər yazda

Sən yada

Sal məni.

 

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

 

Səməni sazana gəlmişəm,

Uzana-uzana gəlmişəm.

Səməninin səslədiyi göylük dirilikdir. Dizinin tabı gedən dağlar çiçəksiz, göysüz, göyərtisiz darıxar, heç bilməz neyləsin. Şırıl-şırıl suları daşmayan çaylar içli-içli burular, köpüklü-köpüklü axan ağca suları dörd gözlə gözlər. Dədə Abbasın sözləri yada düşər:

Duman, gəl get bu dağlardan,

Bahar gəldi, qar ələnməz.

Dədə Ələsgərin sözləri qanad alıb uçar. Qoç Koroğlunun ərlik-ərdəmlik dünyasından bir səs gələr:

Yaz olsun, ərisin dağların qarı,

Gözümə görünsün qardaşım dağlar.

Misri qılınc oynar al qan içində,

Düşər səndə qatı savaşım, dağlar”.

Novruz bayramının tarixçəsi haqqında daha dolğun məlumat verən ilahiyyatçı alimlərimizdən biri Natiq Rəhimovun “Təbiətin bayramı” adlanan məqaləsi də diqqəti çəkir. Novruz bayramını təbiət bayramı kimi təqdim edən müəllif bir sıra alimlərin dəyərli əsərlərinə müraciət edərək yazır: “Əbu Reyhan Biruni “Əl-Asarül-baqiyə” və “Ət-Təfhim” kitablarında, Ömər Xəyyam “Novruznamə” risaləsində bu bayramdan ətraflı bəhs etmişlər. Klassik İslam alimləri Şeyx Tusi (”Müxtəsərül-Misbah“), İbn İdris (“Əs-Sərair”), Şeyx Bəhai (“Camei-Abbasi”), Əllamə Məclisi (“Zadül-məad” və “Biharül-ənvar”), Ayətullah Yəzdi (“Əl-Ürvətül-vüsqa”), Şeyx Abbas Qummi (“Məfatihül-cinan”) və başqaları öz əsərlərində təqvim günlərinə məxsus şəriət əməllərindən bəhs edərkən, Novruzun ibadət və mərasimlərinə də geniş yer ayırmışlar. Dünya xalqlarına çoxdan məlumdur ki, Novruz (fars dilində “yeni gün” deməkdir) konkret astronomik hadisə ilə bağlı gündür. Bu gün şimal yarımkürəsində astronomik yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Astronomiya dili ilə desək, Günəş şərq zodiak sistemindəki Hut (balıq) bürcündən çıxıb, Həməl (qoç) bürcünə daxil olur.

Bəzi din və etiqad məktəbləri Novruzun cahanşümul mahiyyətini təsdiqləmiş, onu dini bayram səviyyəsində qəbul etmişlər. Novruz tarix etibarilə atəşpərəstlik (zərdüştilik) dinindən daha qədim olsa da, bu dinin daxilində özünün ən parlaq inkişaf dövrünü yaşamışdır. Zərdüştilər Novruzu öz əqidələrinə uyğunlaşdırmış, bir növ onu özününküləşdirmişlər. Məhz buna görə də həm keçmişdə, həm də indi bir çoxlarının zehnində Novruz atəşpərəstlərin bayramı kimi təsəvvür edilir. (Halbuki, bu fikir həqiqətə uyğun deyil və məqalənin növbəti bölümlərində bu barədə məlumat veriləcək). İslam mənbələrində göstərilmişdir ki, Novruz elə nadir milli bayramlar sırasına aiddir ki, İslam dini nəinki onu rədd etməmiş, əksinə, ona yeni ruh və təravət bağışlamışdır. Əlbəttə, Novruzun mənşəyini İslamla bağlamaq düzgün deyil. Novruz heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır. Dünyanın bir çox xalqları bu günü baharın gəlişi, təbiətin oyanışı kimi qeyd etmişlər. Maraqlıdır ki, ruslar xristianlığı qəbul etməzdən əvvəl yaz gecə-gündüz bərabərliyi günündən (yəni Novruzdan) bir həftə əvvəl və bir həftə sonra Maslenitsa bayramını keçirirdilər. Xristian kilsəsi sonralar bu bayramın vaxtını bir qədər irəliyə - Böyük Orucun (Velikiy Post) başlanğıcından əvvələ çəkdi. Yaz gecə-gündüz bərabərliyi bayramı hətta Yaponiyada da dövlət səviyyəsində qeyd olunur. İslamın ilk dövrlərində yaşamış müqəddəslər Novruz gününü xoş sözlərlə yad etmişlər. Rəvayət edirlər ki, Həzrəti-Əli ibn Əbu Talibin (ə) xilafət illərində Ona Novruz hədiyyəsi gətirdilər (bu hədiyyənin farslara məxsus paludə (ərəbləşdirilmiş variantı faluzəc) adlı xörək olduğunu yazırlar). Əli (ə) bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söylədilər. İmam hədiyyəni qəbul edib buyurdu: “Hər gününüzü Novruz edin”. Bu hədisin fərqli variantlarını Şeyx Səduq “Mən la yəhzürühül-fəqih“ (III, 300), Beyhəqi “Əs-Sünənül-kübra” (IX, 392), Səmani “Əl-Ənsab” (INI, 37) kitablarında qeyd etmişlər. Bəzi məlumatlara görə, Həzrəti-Əliyə (ə) hədiyyə gətirən adam əslən fars mənşəli olan Hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban imiş...”.

Əgər mövzu Novruz bayramıdırsa, şimallı-cənublu Azərbaycanın əzizi, mərhum şairimiz Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasındakı Novruz bayramına və axır çərşənbə olan yel çərşənbəsinin tərifinə həsr olunmuş məşhur bir parçanı - o şirin bayram tərifini qeyd etməmək günah olardı:

Heydərbaba ildırımlar çaxanda,

Sellər-sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun şövkətizə, elizə,

Mənim də bir adım gəlsin dilizə.

 

Heydərbaba kəhliklərin uçanda,

Kol dibindən dovşan qalxıb qaçanda,

Baxçaların çiçəklənib açanda,

Bizdən də bir mümkün olsa yad elə,

Açılmayan ürəkləri şad elə.

 

Bayram yeli çardaxları yıxanda,

Novruzgülü, qarçiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad eyləyən sağ olsun,

Dərdlərimiz qoy dikkəlsin dağ olsun.

 

Bayram idi gecə quşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu.

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

 

Şal istədim mən də, evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaşdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

 

Heydərbaba, Mirzəmmədin bağçası,

Bağçaların turşaşirin alçası,

Gəlinlərin düzməçəsi, taxçası,

Hey düzülür gözlərimin rəfində,

Xeymə vurar xatirələr səfində

 

Bayram olub qızıl palçıq əzərlər,

Naxış vurub otaqları bəzərlər,

Taxçaları, düzmələri düzərlər,

Qız-gəlinin fındıgçası, hənası,

Həvəslənər anası, qaynanası.

 

Bakıçının sözü-sovu, kağızı,

İnəklərin bulaması, ağızı,

Çərşənbənin girdəganı, mövizi,

Qızlar deyər: “Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə”.

 

Yumurtanı göyçək güllü boyardıq,

Çaqqışdırıb sınanları soyardıq,

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgulu dərərdi.

 

Novruzəli xərməndə vol sürərdi,

Gahdan yenib küləşləri kürərdi.

Dağdan da bir çoban iti hürərdi,

Onda gördün ulaq ayaq saxladı,

Dağa baxıb qulaqların şaxladı.

“Novruz” əsrlər boyu dünyanın bütün bayramlarından fərqli olmuşdur. “Novruz” ictimai bir qərar və qəbul etdirilmiş siyasi bir münasibət olmadığına görə həmişəyaşardır. Bu bayram ümumbəşəri bir şənlik, yer ilə göyün şadlıq günüdür. Hissləri coşduran, çiçəklənmələrin həyəcanıdır. Novruz bayramı adət-ənənəsi xalqların gözəl adətlərindəndir. Yaz fəsli ilk mövsüm, novruz isə ilk gündür. Məşhur alimlərdən biri yazır: “Novruz haqqında yeni bir söz söyləmək çox çətindir. Novruz milli bayramdır”.

Hacı Həsən Hüseyni

Qarabağ müharibəsi əlili, ruhani, tədqiqatçı-publisist


Etiket:
Xəbərlər

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024
Bütün xəbərlər