17:27 / 06.01.2018
Baxılıb: 1244
Üç qardaşın: dədəm Dastanın, əmilərim Abdulla və Qəhrəmanın əziz xatirəsinə ... Bu bina lap Nuh əyyamından qalma idi. Allah bilir, suvağı tökülmüş, bomboz bozarmış daşdan qalın divarları olan bina Kiyevin ən qədim rayonlarından birində nə vaxt, niyə, kim tərəfindən tikilmişdi? Və bu binanın qalın divarlarını vaxtilə kimlərin nəfəsi isitmişdi?Bütün bunlardan onun xəbəri yox idi və bu haqda heç vaxt fikirləşməmişdi. Bina idi də. Həftədə bir dəfə, o biri dərslərə geyindikləri paltarlarını dəyişib, öz varlıqları ilə adamın içinə işıq salan qızlardan ayrılıb, bu binaya gəlirdilər, dərsləri qurtaranda da dağılışıb gedirdilər.Fikirləşmək üçün, bir şeyi çözələmək üçün asudə beyin, bütöv iç, bir də asudə beyinlə bütöv için arasında əlaqə lazım idi. O da onun qismətinə düşməmişdi, düşmüşdüsə də, ömür yolunda o asudəliyə, bütövlüyə, onların arasındakı əlaqə xəttinə qurd düşmüşdü və qurd Allah-Təalanın beyinə qoyduğu asudəliyi, içdə qurduğu bütövlüyu, onların arasında calaşdırdığı xətti dağıdıb yox eləmişdi.... Sonralar Nuh əyyamından qalma bu binanın içində hərbi hazırlıq dərsi keçmək üçün, arakəsmələrlə balaca-balaca, kameralara oxşar siniflər düzəltmişdilər. Və bu kameralara oxşar bapbalaca siniflərin hərəsinin payına bir bapbalaca ayna düşmüşdü. Aynaların sahəsini də şüşədən çox ikiqat çərçivənin saysız-hesabsız ağacları tuturdu. Siniflər qaranlıq olduğundan bütün günü işıq yanırdı. Bu balaca siniflərə iyirmi beş-otuz oğlan doluşurdu. Sinfin havası ağır və bürkülü olurdu. Mühazirə oxuyan zabitin dediklərindən bir-iki cümlə yazmamış yuxu, əlində siyirməqılınc başının üstünü kəsdirirdi. Lap belə ömrün boyu yataydın və səni təzəcə yuxudan oyadıb, gətirib həmin sinifdə oturdaydılar, xeyri yox idi: yuxu ağır daş kimi kirpiklərindən açılıb, gözlərini yumurdu. Bir də, nə gizlədəydi, hərbi dərs onun üçün tamam maraqsız idi. Zabitlərin oxuduqları mühazirələrə qulaq asa bilmirdi. Bu elə bapbalaca vaxtından, deyəsən onun qanına hopmuşdu. Nədənsə, uşaq çağlarında da, yaşıdlarına qoşulub heç vaxt “tüfəng-tüfəng” oynamazdı. Hava bürkülü, ağır ola, danışılan söhbət də sənin üçün tamam maraqsız, həm də tərpənmədən bir yerdə oturasan. Belə bir vəziyyətdə dəmir iradə lazım idi ki, yaxanı yuxunun əlindən qurtara biləsən. O iradə də ki, neyniyəydi, onda yox idi. Çəkilirdi arxa partaya, dirsəklənib alnını alırdı əlinin içinə, başını dəftərin üstünə əyirdi, o biri əlində də qələm, guya mühazirəni yazırdı. Zabit mühazirəni yazmamağından duyuq düşəndə Vadim (dostuydular, həmişə bir yerdə otururdular) yavaşca ona toxunurdu, o da əlini alnından götürmədən ayılıb ağ vərəqi o biri üzünə çevirirdi, guya bu səhifəni indicə doldurdu, indi də təzə səhifəyə keçdi. Başlayırdı bir-iki sətir zabitin dediklərindən qaralamağa.Yoldaş podpolkovnik yenə mühazirə oxuyurdu; lövhədə formullar yazırdı, pozurdu, divardan asılmış sxemlərdə əlindəki çubuqla nə isə göstərirdi. O isə nə zabitin dediklərini eşidirdi, nə də onun yazdıqlarını, göstərdiklərini görürdü. Fikri-zikri hardasa bütünlüklə dünən axşam baxdığı “Amadey” filminin yanında idi. Film onu tutub başqa dünyaya aparmışdı. Nədənsə, insanın ayıq başla bu cür şeylər yaratmasına inana bilmirdi. Beyni bərk məşğul olduğundan yuxu “yazıq” da hürküb ondan uzaqlarda fırlanırdı, ona yaxın düşə bilmirdi. Qələmi də yalandan dəftərin üstündə o tərəf bu tərəfə gəzdirirdi ki, mühazirəni yazmamağından yoldaş podpolkovnik duyuq düşməsin. Yavaş-yavaş anlayırdı ki, filmdə bəzi şeyləri başa düşməyib. Filmə bir də baxmaq könlündən keçdi. Sol tərəfə əyildi, Vadimdən soruşmaq istədi ki, “Amadey” filmi daha hansı kinoteatrda gedir? Yoldaş podpolkovnik əyildiyini gördü. Heç nə demədən tərs-tərs ona baxdı və o, fikrindən daşındı, yalandan əyilib partanın altına baxdı, guya Vadimə söz demək üçün yox, partanın altına baxmaq üçün əyildi.Bıy?! Xeyir ola, bu kimindi: Vadimin? Yox! Ola bilmiz? Vadimin tökülüb itən, dovşan dərisindən olan papağını tezdən bir yerdə asılqana vermişdilər.Qabaqda, böyürlərində oturanları gözaltı nəzərdən keçirdi, heç birinin ola bilməzdi, bir də onların olsaydı, papaqları öz partalarının altında olardı.Onlardan əvvəl bu sinifdə dərs keçən vzvodun uşaqlarından kiminsə, yəqin yadından çıxıb qalmışdı. Papağı yavaşca partanın dərinliyinə itələdi ki, görən olmasın.Bunların qiyməti neçəyə olur? - Bu saat kim satırdı bu papaqdan?.. Hə, yadına düşdü. Saşa, qırmızı diplomlu alverçi Saşa.Saşa doğrudan da, onların institutunu qırmızı diplomla bitirmişdi, Elmi Tədqiqat İnstitutunda elmi işçi işləyirdi. Əlbəttə, onun alver üzrə qırmızı yox, heç göy diplomu da yox idi, amma kişi alverin sirlərini elmin sirlərindən heç də pis bilmirdi. Niyə də bilməyəydi ? Elmlə məşğul olmasına ayda 110 manat verirdilərsə, alverlə o pulu iki-üç günə çıxardırdı. Gərək ki, həmin Saşa bu papaqlardan birini 250-dən.- Student Aslanov!- Ya! - deyə tez yerindən sıçrayıb “farağat” vəziyyətində durdu.- Pocemu lekçiyu ne pişite? (Qələmi dəftərin üstündə gəzdirmək yadından çıxmışdı).- Tovariş podpolkovnik çernila konçilas, - deyə mızıldana-mızıldana podpolkovnikin gözlərinin içinə yalan danışdı və tez də başını aşağı saldı ki, podpolkovnik yalan danışdığını gözlərindən, sir-sifətindən oxuya bilməsin. Podpolkovnik heç nə demədi, əlinə bulaşmış təbaşir tozunu lövhənin kənarından asılmış dəsmala sildi, qol cibindən qələmini çıxardıb ona verdi. - Na, pişi! İ ne spi, Aslanov! - dedi.-Yes! - deyib oturdu və təzə səhifədən podpolkovnikin dediklərini yazmağa başladı.“TZM -prednaznaçena dlya razqruzki pereqruzki raket.” Daha bir neçə cümlə yazdı, dayandı. Zabitə qulaq asa bilmirdi. Fikri papağın yanında idi.Saşa bu papağı 250-300-ə verirdi. Artığı lazım deyil, götürək, elə iki yüz manat. Bu pul Vadimlə qış tətili üçün Lvova istirahətimizə bəs eləyər.Bay, haram olsun sənin kimi oğula. Nə qədər alçaq adamam, ə, mən, heç gör deyirəmmi ki, papağı çıxarıb göstərim ki, bu kimin papağıdı? Yadından çıxıb burda - partanın altında qalıb. Tutaq ki, mənim papağım yaddan çıxıb bir yerdə qalaydı, qaça-qaça qayıdıb gələydim ki, papaq yerində yoxdu, nə edərdim?.. Söyüb batırmazdımmı, o papağı götürəni, o alçağa qarşı məndə hansı hisslər yaranardı? Götürmək nədi, qoy, iyirmi dəqiqədən sonra zəng vurulsun, yiyəsini tapıb papağı verəcəm özünə.Papaq məsələsini həll edəndən sonra qələmi dəftərin üstündə gəzdirə-gəzdirə, yenə Formanın filmi haqqında fikirləşməyə başladı. Film haqqında fikirləşə-fikirləşə onu da hiss edirdi ki, bu film hamıdan gizli, ürəyinin dərinliyində saxladığı rejissorluq həvəsini üzə çıxarıb. Hətta artıq “çəkdiyi” kadrların bəziləri gözlərinin qabağından keçirdi. Kino texnikasından xəbərsiz-ətərsiz, əməlli-başlı film çəkirdi.... Ətrafda nə qədər canlı var idisə, hamısı bir günlük ömürlərini üstlərindən keçirib, üz tutmuşdular gecədən hardan çıxmışdılarsa, ora tərəf: mal-qoyun qarınlarını doydurub, təpənin döşü ilə örüşdən qayıdırdı, qazlar, ördəklər qağıldaşa-qağıldaşa çaydan çıxıb, yanlarını basa-basa yiyələrinin qapısına tərəf gedirdilər, yerdə bör-böcək, qarışqalar, göydə quşlar tək-tək gözə dəyirdilər; hamısı yuvalarına çəkilməkdə idilər.Oğlanla anası da Çınqılın dibindəki tütün şitillərini suvarıb əllərində bel, Ağdaşın altı deyilən təpənin ətəyi ilə tezdən çıxdıqları evlərinə qayıdırdılar.Oğlana elə gəlirdi ki, təkcə bütün gün ərzində hiss olunmadan gəlib kənddən xeyli aralı sıralanmış dağların üstünə çıxmış günəş dağların arxasında onu gözləyən qan rəngli gölün ağuşuna girməyə tələsmir: dağların üstündən asılıb, öz yuvalarına çəkilməkdə olan canlılara həsrətlə tamaşa eləyirdi, çünki günəş də bütün canlılar kimi, tezdən hansı yuvadan çıxmışdısa, o tərəfə dönmək istəyirdi, onu qoynuna çəkən qanlı gölün qanına bələnmək istəmirdi.... Anası beli çiynində aparırdı, oğlan isə, belin sapından yapışıb arxasınca sürüyürdü. Anası bir az irəlidə, oğlan isə, onun böyrü ilə gedirdi. Heç biri dinib danışmırdı. Onların ətəyi ilə getdikləri təpənin kölgəsi uzanıb, özündən beş-altı dəfə uzun olmuşdu; təpədən xeyli aralıda axan çayı keçmişdi, üz tutmuşdu çayın o biri üzündə cərgə ilə düzülmüş evlərin həyətinə sarı. Evlərin aynabəndinin, pəncərələrinin şüşələrində işıqlar oynaşırdı. Kölgə can atırdı ki, o işıqları söndürsün və hər yeri öz kölgəsi altına alsın.... Oğlan indi də gözlərini günəşdən, dağdan-dərədən yığışdırıb, anasının yol çəkən, hərdən səyriyən gözlərinə, illərin sifətində açdığı cizgilərə zilləmişdi. Anasına tamaşa eləyə-eləyə birdən öz-özünə kəşf etdi ki, insanların özləri kimi, danışıqları, oturub-durmaqları kimi, susmaqları da cürbəcür olurmuş: adam var susanda darıxırsan, ona ürəyində acıyırsan, istəyirsən ki, bir şey danışsın, desin, gülsün. Dinib-danışmayanda fikirləşirsən ki, bu nə qədər əfəl, bivec, heç nəyə yarımayan adamdı. Bir başqası susanda özün bilmirsən neyniyəsən, bilmirsən, böyürlərindən sallanan əllərini hara dürtəsən, ayaqlarını necə qoyasan, nə haqda, necə danışasan? Birində özündən zəhlən gedir, o birində susandan.Anasının susması isə bunların heç birinə oxşamırdı. O, anasının böyrüncə gedə-gedə nə darıxmırdı ki, anası niyə dinib-danışmır, nə də əli, ayağı, özlərinə yer axtarmırdılar. Yol çəkən, səyriyən gözlər, illərin sifətində açdığı cizgilər, oğlanın içini “burub” işə salmışdı. Oğlanın içi, beyni qurulu saat kimi işləyirdi. Təbiət öz dilsiz varlığı ilə adamı necə danışdırırdısa, anası da indi öz susmağı ilə oğlunu həmin dildə danışdırırdı. Oğlan fikirləşirdi ki, Allah bilir, anamın indi səyriyən gözlərinin qabağında, dayaz çayın içi ilə ayaqyalın ağzı yuxarı, ağzı aşağı, suyu sıçrada-sıçrada arıq, çəlimsiz qız uşağımı qaçır( anasının danışığından oğlanın beynində anasının uşaqlığı belə qalmışdı və elə bil suyun içi ilə qaçan o qız uşağını nə vaxtsa, onun özü də görmüşdü), çoxdan dünyalarını dəyişmiş ata-anasınımı xatırlayır, uşaqlarına toymu çaldırır?Anası danışsaydı, oğlanın fikirləşdiyi şeylərdən biri haqqında danışa bilərdi, susmağı ilə isə oğluna yüz şeyi danışdırırdı.Birdən anası addımlarının ahəngini pozmadan, sifətində dəyişiklik etmədən, gözlərini yoldan yığışdırmadan, oğluna tərəf baxmadan, beynindəki fikrin davamı kimi, dilləndi ki, bu təpəni şahid çəkib bir şey tapşırıram, harda olsan, yadından çıxmasın: Xeyransa xalan öləndən sonra, həmişə ona Quran oxutdur. Xeyransa sonsuzdu, dünyadan izsiz gedəcək.Hələ dünyasını dəyişməmiş Xeyransa xalası haqqında deyilən bu sözlər, oğlanın içini göyür-göyür göynətdi və bu göynərtini canından çıxartmaq üçün o, nədənsə başını göyə qaldırıb it kimi ulamaq istədi. Başını yuxarı qaldırdı, amma ulaya bilmədi. İçinin göynərtisi vurub bəbəyini yandıra-yandıra gözlərini yaşla doldurdu, ayağının altını görmədi, səndirlədi, gözlərini yumub açdı. Gözünün içinə yayılmış yaş yığılıb yanağına süzüldü.Sonrakı sözləri elə bil qeybdən eşidirdi.... Allah-Təalanın işindən də baş açmaq olmur. O bədbəxt görən, neyniyəcəkdi başdan-ayağa əclaflarla dolu olan bu boyda dünyaya, heç olmasa, özü kimi bir mayıf uşaq gətirməklə? Dünyanın gedişimi dəyişəcəkdi?.. Xeyransanın özünü belə yaradajaydısa, neynirdi yaradıf? Bizə göz dağımı eləmək istəyirdi?... Anası bayaqdan, anadangəlmə topal olan, qıvrıla-qıvrıla, min bir əziyyətlə yeriyən, dünyaya qız gəlib, qız qarıyan, özündən böyük bacısı Xeyransa haqqında fikirləşirmiş. Yol çəkən, səyriyən gözlərinin qabağında nə balaca qız uşağı qaçırmış, nə də oğluna-qızına toy çaldırırmış.... Oğlana birdən gün kimi o da aydın oldu ki, öz susmağı ilə adama yüz şey danışdıran, darıxmağa qoymayan gözlərin, sifətin yiyəsi ancaq belə şeylər haqqında fikirləşə bilər.... Kölgə artıq uzanıb şüşələrdə oynaşan işıqları söndürmüşdü, onların varlıqlarından əsər-əlamət qoymamışdı. Və göz işlədikcə hər tərəfi Kölgə öz kölgəsi altına almışdı: günəş kəndin kənarında sıralanmış dağların arxasındakı qan gölünə düşürdü.... Kölgəsi hər yanı basmış təpənin ətəyi ilə, oğlan anasıyla tütün suvarmaqdan qayıdırdı. Nə oğlan danışırdı, nə anası. Anası beli çiynində aparırdı. Yol çəkən gözləri də yuvasından dikəlib daha tez-tez səyriyirdi, elə bil onu harasa, heç kimin görmədiyi, bilmədiyi, təkcə o bir cüt gözə bəyan olan sehirli bir aləmə tərəf çəkib aparırdı. Anası yüngül addımlarla, nəfəsini belə dərmədən onu sehirli aləmə tərəf çəkib aparan bu bir cüt gözün dalınca gedirdi...Oğlan isə belin sapından yapışıb dalınca sürüyürdü. Və elə bil oğlan beli sürümürdü, bel onu arxadan itələyə-itələyə anasının ardınca aparırdı...Zəng vuruldu. “Stop” - deyə filmin çəkilişini saxladı, öz-özünə gülümsədi. Fikirləşdi ki, görəsən bu yanğını ürəksiz, hissiz dəmir-dümürlə də lentə köçürüb dilləndirmək olarmı? Çiyinlərini çəkdi. İstədi ayağa dursun, dəhlizə çıxsın. Papaq yadına düşdü, əlini partanın altına salıb, papağın yumşaq tükləri üstündə gəzdirib, fikrini dəyişdi: “Yaxşısı budur, özümü elə göstərim ki, guya heç partanın altında qalmış papaqdan xəbərim olmayıb, yəqin ki, papağın sahibi qapının arxasında zəngin vurulmasını gözləyir, bu saat gəlib papağını götürəcək”.Dəhlizə çıxdı. Dəhlizdə də ki, Allah göstərməsin, siqaretdən o qədər çəkib üfürürdülər ki, nə göz-gözü görürdü, nə də nəfəs almaq mümkünüydü. Köhnə rektorun vaxtında, korpuslarda siqaret çəkmək olmazdı. Çəkənləri müəyyən yollarla cəzalandırırdılar: töhmət verirdilər, təqaüdünü kəsirdilər, bir adam iki-üç dəfə tutulsa institutdan qovurdular. Bu yaxınlarda institutlarına təzə rektor təyin etmişdilər. Təzə rektorun özü qabaqkı rektordan fərqli olaraq siqaret çəkdiyindən əmr-zad yaddan çıxmışdı, vur çatlasınıydı.Beş dəqiqə bu üfunətdə nəfəs aldıqdan sonra (özü siqaret çəkən olsaydı nə var idi ki) yenə bürkülü sinfə doluşdular, hərə öz yerində oturdu. Yerində oturan kimi, əlini partanın altına uzatdı. Əli papağın yumşaq, sərin tükünə toxunanda, ürəyində sevinc mehi dolaşdı və bəzi şeyləri təzədən haqq-hesaba vurmağa başladı.Yeganə kostyumunu, Allah bilir, neçə il idi geyinirdi. Hərdən kostyum haqqında fikirləşəndə, ona elə gəlirdi ki, elə dünyaya bu boyda, bu buxunda və bu boy-buxuna biçilmiş bu kostyumda gəlib. Di gəl, belə baxanda kostyum elə bərbad da deyildi. Amma orasında idi ki, kostyumu neçə illər ərzində belə saxlamışdı: hər yerə geyinməzdi, geyinəndə oturuşuna-duruşuna fikir verərdi, içəri girən kimi də soyunub çiyinliyə keçirərdi, şkafdan asardı. Ancaq illər də kostyumun üstündən izsiz ötməmişdi, yuyulmaqdan, ütülənməkdən əvvəlki rəngindən əsər-əlamət qalmamışdı. Bir də şalvar lap süzülmüşdü. Qaldırıb günə tutanda, bu üzdən o biri üzü görünürdü. Kostyum az qalırdı dilə gəlsin ki, bəsdi məni əyninə keçirib düzü-dünyanı dolaşdığın, mənim kostyumluq ömrüm çoxdan bitib, burax, gedim ində də “əsgilik” ömrümü yaşayım; küncün-bucağın tozunu alım, döşəməni silim, sonra da qıvrılıb bir yerdə rahat mürgü vurum.Neçə dəfə istəmişdi, evə məktub yazsın ki, “mənə pul göndərin”, üzü gəlməmişdi. Məktubları yarımçıq cırıb atmışdı. Bir tərəfdən də yekəxana Vadimə söz verməyi ki, qış tətilində bir yerdə Lvova gedək, xizək sürməyə. Bütün bunlara na qədər pul lazım idi. Evdəki yazıqlarda pul hardan idi. Özündən başqa hələ evdə iki qardaşı, altı bacısı var idi.O fikirləşirdi:... Anamın, tütünə gedən bacılarımın zülmlə qazandıqları bu böyüklükdə ailənin qənd-çayına ancaq çatmırmı? Bilmirəm, aydan-aya mənə pulu hardan göndərirlər? Tütündən onsuz da bir şey çıxmırdı, əzab-əziyyəti də ki, Allah göstərməsin, deyiləsi deyildi. Bütün ilboyu dırnaqla gor eşən kimi, bacılarımla anam gör eşirdilər, tütün becərirdilər, pərvanə şamın başına fırlanan kimi, hər şitilin başına fır-fır fırlanıb onları böyüdürdülər; yığırdılar, qurudurdular, tay basırdılar. Tayları neçə dəfə qışın şaxtasında rayondakı tütün qəbuletmə məntəqəsinə aparırdılar. İşləməkdən sual işarəsi kimi əyrim-üyrüm bacılarımın, bir dəri, bir sümük olan xəstə anamın bir ilə yaxın üstündə əsə-əsə becərib, bağladıqları tayları məntəqədəki qıpqırmızı, sir-sifətindən yağ daman, “əjdaha yarım” kişilər bir dəqiqənin içində dağım-dağım eləyirdilər. Hər tayın çəkisindən 5-10 kilo kəsə-kəsə, üçüncü, dördüncü sortla birtəhər qəbul eləyirdilər (adamı elə kökə salırdılar ki, hələ onların canına, arvad-uşaqlarının canına dua da eləyirdin). Bir iki yüz-üç yüz gün əmək günü çıxırdı, ona da, bir, ya iki manatla kolxoz pul bölürdü, o pul da ki, il ərzində heç kolxozdan aldıqları avansları ödəmirdi.Yazıqlar yenə zülmlə, birtəhər mal-qoyun saxlayırlar, düşdükcə satırlar, pulundan mənə göndərirlər ki, oğlumuz qoy korluq çəkməsin, oxusun. Papağı götürsəm, yenə evdəkiləri az-maz qabağa salaram.... Bir tərəfdən də belə papağın yiyəsi, elə o “əjdaha yarımlardan” olar, yəqin ki, ya alverçidir, ya da atasımı, anasımı “levi” yollarla pul qazananlardandır. Tələbə ola-ola belə bahalı papaqda gəzirsə, onlardan olar. Papağı belədirsə, hər halda papağına da uyğun paltosu, dublyonkası, ayaqqabısı, sapojkisi, pal-paltarı, isveç, ya yapon saatı olmalıdır. Necə deyərlər, belə adamların malını götürmək savabdı.... Axı, bir tərəfdən də, bəlkə papağın yiyəsi bu papağı boğazından kəsib, qəpik-qəpik yığmaqla alıb? Elə bu cür papağa vərdiş etmədiyindən, indi yeganə “qiymətli” şeyini yadından çıxarıb partanın altında qoyub gedib. Gör nə qədər huşsuzdu, tənəffüs vaxtı da yadına düşməyib ki, axı mən səhər-səhər dərsə gələndə başımda papaq var idi, indi hanı o papaq?..... Əl çək, qağa, bu filosofluqdan əl çək! Götürürsən, ya yox?.. Yaxşı, Vadimə papaq haqqında bir şey deyim?!Vadimə desəm, gərək şərik olaq. Qardaş malı kimi: yüzü onun, yüzü də mənim. Yüz manatı, deməli, itirirəm. Bəlkə?.. Yox! Deyirlər artıq tamah baş yarar.Atalar sözü ilə danışmağına gülümsədi və sifətinə təbəssüm yayılmasını Vadim o saat sezdi, başı ilə soruşdu ki, “nə olub?”Əli ilə bildirdi ki: Heç!... Bir də artıq tamah öz yerində, tək götürsəm, sinifdən necə çıxardaram? Xəbər tutarlar, özüm cəhənnəm, millətin adı batıb gedər (qrupda o, millətinin yeganə nümayəndəsi idi). Yenə iki nəfər olanda tutulsan ikilikdə fikirləşib bir şey demək olar, bir də axı, Vadimin belə şeylərdə səriştəsi var, deməli, hökmən Vadimlə məsləhətləşmək lazımdır.Dəftərin ağ vərəqinə yoldaş podpolkovnikin qələmi ilə “Vadim, kimsə papağını yaddan çıxarıb partanın altına qoyub, əla şeydi” - yazdı və Vadimi dümsüklədi, işarə etdi ki, vərəqi oxusun. Vadim yazını oxuyan kimi sifətində bir dəyişiklik olmadan əlini partanın altına saldı, papağa əl gəzdirdi və baş barmağını dikəldib mala qiymət qoydu: “Əladı!” Sonra qaş-gözlə soruşdu ki, “götürək?”O, dəftərə yazdığı “xəbəri” yaxşı-yaxşı qaralaya-qaralaya başı ilə razılığını bildirdi.Deyəsən, onların him-cimlə danışmaqlarını podpolkovnik hiss eləmişdi, ona görə Vadim əli ilə işarə elədi ki, “sonra”. Və o da başladı yalandan qələmi dəftərin üstündə gəzdirməyə.Lvovda istirahət edəndə vaxtın olmadığındanmı, günlərin şən keçdiyindənmi, ağlına belə gəlməmişdi ki, axı, xərclədikləri bu pullar haram pullardı?Allah onlar üçün xoş günlər yetirmişdi. Deyirdilər, gülürdülər, rəqs edirdilər, qəşəng qızlarla tanış olurdular, axşamlar onlara qonaq gedirdilər… gündüzlər xizəklə dağa qalxırdılar. Nə isə, çox şeylər yaddan çıxmışdı, pulların necə qazanılması da onlarla birlikdə. Pul idi, bir də onlar, lazım olduqca, bala-bala xərcləyirdilər.... İstirahətlərini başa vurub, Lvov-Kiyev qatarında Kiyevə qayıdırdılar. Kupedə ikinci yarusda yataqda uzanıb gözlərini dirəmişdi alatoranlıq tavana. Heç cür yuxuya gedə bilmirdi. Hey özünü söyürdu ki, niyə mənə verilən bu qısa ömrü insan kimi yaşaya bilmirəm? Niyə özüm öz əlimdə oyuncağa çevrilmişəm? Axı niyə mən bədbəxt özüm-özümlə bacara bilmirəm? Niyə?Özünü söyürdü, yanıb yaxılırdı, partlayırdı, amma ürəyinin lap dərinliyində, ucundan-qulağından onu da hiss eləyirdi ki, bu hisslər keçicidir, sabah yuxudan duranda bu hisslər çəkilib gedəcək, yenə həmin adam olacaq və beləcə ömrünün axırına çıxacaq. Bu duyğu canından keçəndə lap dəli olurdu, hirslə ağzı üstə fırlanırdı, rahatlana bilməyib, bir də arxası üstə çevrilirdi.... Yenə yuxusuna heç kimə uyuşmuyan, sakit, hirsləndirəndə özündən gedən həmin o oğlan uşağı gəlib girmişdi.Dədəsi ilə qoyun növbəsinə getmişdi, günortanın isti vaxtıydı, qoyunlar da baş-başa verib təpənin döşündə yatışırdılar. Dədəsi də yatırdı, başının altına çörək qabını qoymuşdu, arxası üstə uzanmışdı, qıçlarını dizdən yığmışdı (dədəsi gecələr də belə yatırdı). Kepkasını gözünün üstünə endirmişdi, nəfəsi də həmişəki kimi dərindən burnuyla alırdı, “puff” eliyib ağzından eşiyə buraxırdı. Oğlan isə oturub təpənin sinəsində açılmış saysız-hesabsız siçan deşiklərinə, həmin deşikləri bir-biri ilə birləşdirən qatmaqarışıq, lakin aydın seçilən izlərə tamaşa eləyirdi. Hərdən deşiklərin birindən siçan çıxırdı, həmin izlərlə, çox sürətlə bir deşikdən o birinə qaçırdı, yox olurdu. Bir azdan başqa deşikdən həmin siçanmı, ya başqa birisimi çıxırdı, həmin cığırlarla o deşiyin yanına qaçırdı, bu deşiyin yanına qaçırdı, axırda da, deşiklərin birinə girib yoxa çıxırdı. Oğlanı bu tamaşadan dədəsinin “taxıla gedən qoyunları qaytar” deməsi ayırdı. Şallağın sapını dayaq eləyib durdu, taxıla tərəf gedən 15-20 qoyunun dalınca yüyürdü.Oğlan qoyun növbəsinə gəlməsi ilə fəxr eləyirdi, deməli, kişiləşmişdi, o da nəyəsə yarayırdı. Yoxsa, dədəsi həmişə qoyun otarmağa ondan böyük bacılarından birini aparırdı, onlar da axşam qayıdanda özlərin lap böyüklər kimi aparırdılar; əllərindəki şey-şüyləri ora-bura tullayırdılar, üst paltarlarını çıxarıb döşəmənin üstünəmi, taxtın bir küncünəmi atırdılar, əllərini-üzlərini yuyurdular, “off!” eliyib taxtın üstünə çıxırdılar. Anası tələsik onlara çay gətirirdi, onların adına kəsilmiş toyuq ətindən çəkib qablara qoyurdu. Bacıları da lap böyüklər kimi başlayırdılar özlərini yorğun-arğın göstərə-göstərə, çaydan içməyə, toyuq ətindən yeməyə.Oğlan isə bütün günü evdə-eşikdə olduğundan bacılarına paxıllığı tuturdu, istəyirdi ki, o da bacıları kimi qoyun otarmaqdan gəlsin, anası da ona gülümsəyə-gülümsəyə, tələsə-tələsə çay gətirsin, yemək gətirsin. O da dədəsi kimi çayı içib, stəkanı irəli itələsin; yəni birini də. Qabı qabağına çəkib iştahla toyuq ətindən canına döşəsin. Dədəsinə hey deyirdi ki, məni də özünlə apar, dədəsi də söz verirdi ki, yaxşı, apararam: şey-şüyünü, şallağını, çomağını hazırla, sabah gedərik. O da axşamdan həvəslə hər şeyini hazırlayıb bir tərəfə yığardı, sevincdən gözünə yuxu getməzdi. Gecənin bir vədəsi yuxu onu aparardı və bir də ayılardı ki, dədəsi qızlarından da birini götürüb gedib, onu isə qaldırmayıb. Başlayardı ağlamağa, sızlamağa, cumardı anasının üstünə ki, niyə məni qaldırmayıbsınız? Çox şüvəndən sonra, anası onu sakitləşdirib deyərdi ki, “elə şirin-şirin yatırdın ki, qıyıf qaldırmadıx, heşdad olmaz, gələn sıra gedərsən”.Səbirsizliklə bir aydan sonra gələn növbəni gözləyərdi.O gün gəlib çatmışdı. Dədəsi onu birinci dəfə gətirmişdi və indi dədəsinin bütün dediklərinə canla-başla əməl edirdi ki, dədəsi həmişə onu özüylə gətirsin.Dünyanın həmin o xoşbəxt balaca oğlan uşağı, içi sevinc işığı ilə dolu, əlində şallağını yelləyə-yelləyə sürüdən ayrılmış qoyunların dalınca qaçırdı.O isə hələ gələcək yaşantılardan xəbərsiz olan o xoşbəxt oğlan uşağının arxasınca baxırdı və hönkürə-hönkürə ağlayırdı.... Birdən hövlnak yuxudan ayıldı, sir-sifəti göz yaşına bələnmişdi. Vadimin aşağıda şirin-şirin yatdığını görən kimi, harada olduğunu dərk elədi və tez paltarını geyinməyə başladı. Bilmirdi gecənin bu vədəsində hansı dayanacaq olacaq, hara getmək istəyir? Bir onu bilirdi ki, hələ ki, Vadim yuxudan oyanmamış, bu dar kupeni, qatarı tərk etsin, içində öldürdüyü o uşağın ruhu ilə tək-tənha qalsın.... Bir də bu gecənin gec vədəsində ona gün kimi aydın idi ki, o uşaq paklığının yanında Lvovda keçirdiyi günlər, çəkdiyi keflər, ümumiyyətlə, hər şey, hər şey yalan idi, yalan. Və hissləri heç kimlə bölüşmək mümkün deyildi. Ona görə ayağının altında torpaq, başının üstündə sayrışan ulduzlar, canında o oğlan uşağının ruhu, bu qış gecəsinin sakitliyində tək-tənha qalmaq istəyirdi, tək-tənha!