İrəvan Dövlət Azərbaycan Dram Teatrı

12:00 / 24.11.2018
Baxılıb: 4914

1920-ci ildə daşnak hökümətinin yıxılması və Abbasqulu bəy Şadlinskinin mübarizəsi nəticəsində İrəvanın yerli əhalisi doğma torpağına qayıda bildi. 1922-ci ildə Yunis Nuri truppanı toplayaraq teatrın fəaliyyətini bərpa etdi və teatra rəhbərliyi öz öhdəsinə götürdü.

Qədim Azərbaycan şəhəri İrəvanda hələ XVII əsrin ortalarında Məhəmmədqulu xan el tamaşaları təşkil etdirib, əyyanları ilə tamaşasına dururdu. Azərbaycanın digər bölgələri ilə əlaqələri sıx olan İrəvanın həyatında digər şəhərlərdə baş vermiş olayların təsiri duyulurdu. Elə XIX əsrin 73-cü ilində Bakı şəhərində Azərbaycan milli peşəkar teatrının yaranması hadisəsi də İrəvanın mədəni həyatında təsirsiz keçmədi. El oyunları, meydan teatrı ənənlərini saxlayan irəvanlılar, şəhər aydınları burada da peşəkar teatrın yaranmasına cəhd edirdilər. Bir neçə il ərzində göstərilən səylər nəticəsiz qalırdı.

Nəhayət, 1880-ci ilin 21martında Məşədi İsmayıl özünün yazdığı pyes əsasında hazırladığı « İrəvan xanı Novruz bayramında » tamaşası göstərilir. Bu tarix İrəvanda peşəkar Azərbaycan teatrının yaranması tarixi kimi dəyərləndirilir. Uğurlu addımdan ruhlanan İrəvan şəhər gimnaziyasının şagirdləri onlara dərs deyən müəllim Məşədi İsmayılın rəhbərliyi ilə1880- ci ilin sonlarında « Tamahkarlıq düşmən qazanır » pyesinə quruluş verirlər. Hər iki tamaşanın hazırlanmasında çalışan tələbələr ciddi çətinlikləri dəf edərək teatrın yaranması işində böyük fədəkarlıq göstərmişlər. Bu faktı ikinci tamaşa barədə yazan « Psaq » (1882-ci il, 10 aprel, 7-ci say) qəzeti təsdiq edir. Yazıdan məlum olur ki, « Tamahkarlıq düşmən qazanır » tamaşası 1882-ci il aprel ayının 2-də ikinci dəfə göstəriləndə Mirzə Xəlil Hacıyev gözəl ifasıilə seçilmişdir. Baş rolun ifaçısı müəllif, yəni Məşhədi İsmayıl özü olmuşdur.

Kasıbların nəfinə oynanılan tamaşanın rəğbətqazandığını qeyd edən müəllif, şagirdlərin isdedadlı ifaları nəticəsində birincindən məhz 1880-ci ildə göstəriləndən uğurlualınıb. İfaçılar barədə sözünə davam edən qəzet, Məşədi Fərəc rolunu Nəzmi, Məmmədqulunu Mirzə Xəlil Hacıyev, FətəliMirzəni Rüstəmxan Abbasquluxanov, Həsəni Məhəmməd kimi həvəskar aktyorların oynadıqlarını yazır.Maraqlı cəhət ondadır ki, İrəvanda pərvəriş tapan teatr digər Azərbaycan şəhərlərində tamaşa hazırlayan səhnəhəvəskarlarından fərqli olaraq öz işinə Mirzə Fətəli Axundzadənin komediyaları ilə deyil, yerli müəllifin pyesi ilə başlamışdır. Bu, bir daha İrəvanın mədəni həyatının inkişaf göstəricisi kimi, yerli əhali sayılan Azərbaycan türklərinin tərəqqi səviyyəsinigöstərir. İrəvanda yaranan teatr truppası vaxtaşırı tamaşalar göstərmək imkanına malik deyildi. Ancaq bununla belə bir neçətamaşanın göstərilməsi barədə faktlar əldə olunmuşdur. 1883-cü ilin 10 martında Məşədi İsmayılın quruluşunda Rzayev adlı yerli müəllifin bir pərdəli « Könülsüz nikah » əsərinin tamaşaya qoyulması haqqında o dövrün erməni mətbuatında qısa informasiya verilmişdir. Firudin bəy Köçərlinin 1885-ci ildə İrəvana işləməyə gəlməsi ilə teatr həvəskarları dəstəsinin işində ciddi dirçəliş duyuldu.

Firudin bəy şəhərin mədəni həyatına fəal qoşulmaqla bərabər, dəstənin gücləndirilməsi işinə başlamışdır. 22 yaşlı gənc Firudinbəy Köçərli xalqının maariflənməsi, elmi, mədəni tərəqqisi yolunda ciddi çalışmışdır. İrəvan seminariyasının müəllimi Firudinbəy 1886-cı ildə kollektivi bir araya gətirib Mirzə Fətəli Axundzadənin « Müsyö Jordan və dərviş Məstəli şah » pyesini tamaşaya qoyub. Bütün manelərə, əngəllərə baxmayaraq, tamaşa uğurlu alınıb və tamaşaçıların rəğbətini qazanıb. Bu barədə Firudin bəy Köçərli özü « Kəşkül » qəzetinin 20 aprel 1890–cı il sayında yazır: « 1886-cı ilin aprelin 4-də darül müəllimində elm və kamal təhsil edən müsəlman cavanları hökümət rüsxəti ilə mərhum Mirzə Fətəli Axundzadənin « Məstəli şah » ünvanlı tərtib etdiyi komediyanı oynayıb, cümlənin diqqət və hörmətini cəlb etdilər. Komediya Türk dilində oynanıldı…

Həmin tamaşadan sonra Darül müəllimin şagirdi Rzayevin yazdığı « Könülsüz nikah » adlı bir pərdəli təfriqə oynanıldı. O, dəxi cümlənin hörmətini cəlb etdi ». Həvəskarlardan ibarət teatr dəstəsi bu dövr ərzində Firudin bəy Köçərlinin rejissorluğu ilə « Lənkəran xanının vəziri » (21.3.1888), « Könülsüz nikah » (17.2.1889. Məşədi İsmayılla birgə), « Müsyo Jordan və dərviş Məstəli şah » (04.04.1890.rejissor F.Köçərli, M.İsmayıl), « Tamahkarlıq düşmən qazanır » (10.5.1892), « Hacı Qara » (20.10.1894), Vasaq Mədətovun quruluşunda özünün « Qırt-qırt » (30.11.1893), Soltan Məcid Qənizadənin « Dursunəli və ballıbadı » (7.3.1895) pyeslərini hazırlayıb teatrsevərlərə göstərmişdir. Bu tamaşalar iri salonlarda deyil, darısqal binalarda, bəzən də evlərdə göstərilmişdir deyə mətbuat bu barədə geniş yazmamışdır. Ancaq 1896-cı ildə Canpoladovlar qardaşlarının teatrında oynanılan tamaşalar barədə ətraflı yazılar dərcedilmişdir. Tədqiqatçıların tamaşaların göstərilməsi arasındakı fasilə ilə bağlı gəldikləri qənaət sözsüz ki, bu halla bağladır.

Sözsüz ki, teatra qarşı din xadimlərinin mübarizəsi də teatrın inkişafına müəyyən əngəllər törədirdi. Təbii ki, on bir 11 məscidi olan İrəvanda teatr tamaşası göstərmək əzablı və çətin iş idi. Fəqət, sənət fədailəri bütün maneləri qıraraq, İrəvanda türk milliteatrının yaranmasına nail ola bildilər. Bu şərəfli işdə onların yardımçıları İrəvan ziyalıları, zadəganları olmuşdurlar. Bu sırada İrəvan sərdarı Pənah xan Makinski, Qazıyevlər, Təkinskilər, İrəvanskilər və neçələri şəhərdə teatrın inkişafı üçün səyləçalışmışlar. Məhz bunun nəticəsində 1896-cı ilin 8 dekabrında Canpoladovlar qardaşlarının teatrında oynanılan « Müsyö Jordan və dərviş Məstəli şah » tamaşası böyük uğura səbəb olmuşdur. E.Ter-Qriqoryan « Nor dar » (« Yeni əsr ») qəzetinin 19 dekabr 1896-cı il sayındatamaşa haqqında yüksək fikir söyləmiş və ifaçılar içərisində Şəhrəbanu xanım rolunu oynayan türkgəncinin istedadlı çıxışını qeyd etmişdir. Həmin gənc istedad 50 il İrəvan teatrında çalışmış, kollektivin həm rejissoru, həmaktyoru, həm də direktoru olmuş sənət fədaisi Yunis Nuri idi. Görkəmli aktyor, rejissor Yunis Nuri XIX əsrin 90-cı illərində İrəvanın teatr həyatına fəal qoşuldu. İstedadlı gənc səhnədəki ilk debütündən sonra 1897-ci ildə Məşədi İsmayılla birgə Mirzə Fətəlinin « Lənkəran xanının vəziri » komediyasına quruluş verdikdən sonra özü müstəqil tamaşalar başladı. « Tamahkarlıq düşmən qazanır » (1899), Nəriman Nərimanovun « Dilin bəlası » (1900), « Nadanlıq » (1902. Eynalı Sultanovla birgə), Axundzadənin « Molla İbrahimxəlil kimyagər » (1901), « Hacı Qara » (1902. F.Abdulla ilə birgə) komediyalarının tamaşaları İrəvan teatrsevərləri arasında maraqlı əks-sədayaratmışdır. Görkəmli maarifçi, yazıçı Mirzə Cəlil Məmmədquluzadə 1898-1905-ci illərdə İrəvan gimnaziyasında müəllimlik etməklə bərabər, şəhərin mədəni həyatında, həmçinin teatrın inkişafında müstəsna rol oynamışdır. Bu cür səylər İrəvanın teatr truppasının işini uğurlu etmiş, fəaliyyət dairəsini genişləndirmiş, onları tanıtdırmışdır. Məhz bu şöhrətdən xəbər tutan İrəvanın görkəmli adamlarından sayılan Pənah xan Makinski Yunis Nuriyə tamaşahazırlamağı tapşırır. Pənah xanın təklifini qəbul edən Yunis Nuri Vasaq Mədətovun « Qırt-qırt » vodevilini tamaşaya qoymağa icazə aldı. Nəhayət gərgin əməkdən sonra tamaşa hazır oldu. Tamaşanın məzmunundan xəbərdar olan Pənah xan Makinskitruppanı yerli ruhanilərin qəzəbindən xilas etmək üçün tamaşanın öz sarayında və yalnız ailəsi üçün göstərilməsini təklif etdi. İlk tamaşanın uğuru bütün İrəvana yayıldı. Çoxları Pənah xandan xahiş etdilər ki, tamaşanın sarayın həyətində oynanılmasına icazə versin. Bir neçə dəfə oynanılan tamaşa irəvanlıların alqışları ilə müşayiət olunurdu. Ən yadda qalan rol cahil müəllimi oynayan Yunis Nurinin istedadlı ifası idi. Sadə irəvanlıların tamaşanı görməsi üçün Yunis Nuri böyük çətinliklə əsərin « Obşestvenni Klub »da oynanılmasına nail oldu. Uğurdan həvəslənən Yunis Nuri rus ədibi Nikolay Qoqolun « Müfəttiş » (18.9.1903), Mirzə Fətəli Axundzadənin « Müsyö Jordan və dərviş Məstəli şah » (3.2.1904), Vasaq Mədətovun « Tamahkarlıq düşmən qazanır » (17.3.1904) əsərlərinə quruluşverdi. Pənah xanın həyəti artıq darısqallıq etdiyi üçün tamaşalar Canpoladov qardaşlarının teatrında göstərilirdi. Truppada olan Kərim Əhmədovun, Mirzə Əlinin, Qənnadı Cabbarın, Cəfər Əhmədovun adları məşhurlaşmışdı. Uğurlarla bərabər, çətinliklər də var idi. Maddi, texniki çatışmazlıqlar çox idi, yerli fanatiklərin təzyiqləri teatrın inkişafınamane olurdu.

Təkcə 1904-cü ildə Yunis Nuri iki dəfə mövhümatçılar tərəfindən ağır yaralanmışdı. Teatr truppası İrəvan ziyalılarının, zadəganlarının, xüsusən Pənah xan Makinskinin yardımları ilə fəaliyyətini davam etdirirdi. Həvəskar aktyorların sırasına Hüseyn Salmanov, Məmmədağa Şahtaxtinski, Rza Şeyxzadə, Mirzə Mustafa Rəcəbov, Asəfbəy Şəfibəyov da qoşulmuşlar. 1909-cu ildə Bakıda çalışan görkəmli aktyor və rejissor Hüseyn Ərəblinskinin İrəvan qastrolu Azərbaycan teatrınınhəyatında böyük rol oynamışdır.

Şəhərdə göstərilən « Nadir şah » (Nəriman Nərimanov), « Yəhudilər » (Yevgeni Çirkov), « Zorən təbib » (Jan Batist Molyer) tamaşalarındakı baş rolları Ərəblinski oynasa da digər sürətləri yerli aktyorlar ifa etmişlər. İyirminci əsrin onuncu illərində Mirzə Fətəli Axundzadənin « Molla İbrahimxəlil kimyagər » (1910. rejissor Yunis Nuri), Əbdürəhim bəy Haqverdiyevin « Dağılan tifaq » (25.7.1910. rejissor Hüseyn Ərəblinski), « Bəxtsiz cavan » (4.2.1911. rejissor Yunis Nuri), Nəcəf bəy Vəzirovun « Müsibəti Fəxrəddin » (10.5.1911. rejissor Sidqi Ruhulla), Soltan Məcid Qənizadənin « Xor-xor » (20.9.1911. rejissor Cəlil Bağdadbəyov), Zülfüqar Hacıbəyovun « Əlli yaşında cavan » (22.11.1912. rejissor Zülfüqar Hacıbəyov) əsərlərinin tamaşaları İrəvan teatrsevərlərinin xoşuna gəlmişdir. Sonrakı illərdə Yünis Nuri teatr dəstəsində Aleksandr Ostrovskinin « Kimdir müqəssir? » (17.2.1913), Əbdürrəhim bəy Haqqverdiyevin « Ac həriflər » (5.12.1913), Mirzə Fətəli Axundzadənin « Hacı Qara » (3.2.1916), Rza Şeyxzadə M.Nasirin « Zorən izdivac » (14.4.1915), Üzeyir Hacıbəyovun « Məşədi İbad » (19.8.1916), Asif bəy Şəfibəyov M.Nasirin « Bədbəxt ailə » (9.2.1915), Məmmədağa Şahtaxtinski R.Quluzadənin « Pul, yoxsa Allah? » (25.9.1915) pyeslərinin quruluşlarvermişdilər. Yunis Nuri teatr təşkilatçısı kimi o dövrün aktual problemi olan qadın rollarını ifa edəcək aktrisanı tapmaq üçün yorulmadansəy edirdi. Nəhayət 1916-cı ildə Qəssab Əsədin qızı Tamaranı səhnəyə çıxartdı. Tamaranın « Arşın mal alan » operettasındakı Gülçöhrəsi gurultulu alqışlarla qarşılandı. 1910 – 1917-ci illərdə İrəvandakı Azərbaycan teatr truppasında Məcid Rəcəbov, Mehdi Kazımov, Asif bəy Şəfibəyov,Əliməhzun Əkbərov, Cəlal, Məmmədağa Şahtaxtinski, Mir Abbas, Rza Şeyxzadə, Səid kimi istedadlı aktyorlar çalışmışlar.

1918-ci ildə İrəvanı ələ almış hay-daşnak irticası qondarma Hayastan dövləti yaradaraq, qaniçən ordusunu yerli əhaliyəyalnız türk olduqları üçün divan tutmaq göstərişini verdi. Azərbaycan türklərini ata-baba yurdlarından – İrəvandan, Zəngibasardan, Sürməlidən, Vedidən, Zəngəzurdan zorla qovaraq misli görünməmiş vəhşiliklər törədən hay irticaçı qüvvələri Qafqazı ələ keçirərək, « dənizdən-dənizə Hayastan» qurmaq məramlarını açıq-aydın bəyan etdilər. Digər azərbacanlılar kimi,Yunis Nuri də hay vəhşiliyindən xilas olmaq üçün Cənubi Azərbaycanın Xoy şəhərinə köçdü. O, burada keçmiş truppa üzvlərini tapıb teatrın işini bərpa etdi. Teatrın Xoy şəhərində fəaliyyəti barədə dəqiq və ətraflı məlumatlar olmasa da, bir neçə tamaşanın göstərilməsi haqqında sənədlər var. 1920-ci ildə daşnak hökümətinin yıxılması və Abbasqulu bəy Şadlinskinin mübarizəsi nəticəsində İrəvanın yerli əhalisi doğma torpağına qayıda bildi. 1922-ci ildə Yunis Nuri truppanı toplayaraq teatrın fəaliyyətini bərpa etdi və teatra rəhbərliyi öz öhdəsinə götürdü.

Teatrın truppasına Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Məşdi Rzayev,Əşrəf Yusifzadə, Yusif Ziya, Cəfər Əhmədov, Həbib Məmmədzadə, Hüseyn Salmanov və başqaları üzv oldular. Ermənistanda böyük hökümət postları tutan, daxili işlər komissarının müavini, İctimai təminat komissarı, « Rəncbər », « Zəngi » qəzetlərinin redaktoru işləyən Bala Əfəndiyev və partiya rəhbərlərindən olan Əkbər Rzayev özləri ilə bərabər həyat yoldaşları Fatma Əfəndiyevanı və Firəngiz Rzayevanı teatra gətirdilər. 1923-cü ildə teatrın nizamnaməsi təsdiq edildi. Fədakar işin nəticəsində hazırlanmış tamaşalar əvvəlllər Mərkəzi azərbaycanlılar klubunda göstərilirdi. Sonra bu əsərlər Erməni Dövlət Teatrının və ya İnqilabi Teatrın səhnələrində tamaşaçılara çatdırılırdı. Teatr işinin bütün məsuliyyəti kollektivinümumi rəhbəri Yunis Nurinin üzərinə düşürdü. Sənət eşqiylə alışan fədakar insan bu işdə böyük səylə, ehtirasla çalışırdı. Onun fədakarlığı nəticəsində teatrın şöhrəti Qafqaza yayılmışdı.

1922 – 1928- ci illər ərzində Yunis Nuri « O olmasın, bu olsun » (30. 3.1922), « Bəxtsiz cavan »(08.2.1923), « Nadir şah »(9.3.1923), « Arşın mal alan »(20.2.1925), « Şeyda » (18.3.1926), « Hacı Qara » (7.21927), Yusif Ziya « Bizim kirayənişinözünü öldürdü » (25.8.1922), « Xəsislik nəticəsi » (11.12.1926), Bağır Cabbarzadə « Dəmirçi Gavə » (7.6. 1924), « Ölülər » (20.7.1924), « Pəri Cadu » (30.8.1924), Əkbər Rzayev « Tamahkar » (20.9.1926), « Əsli və Kərəm » (10.5.1927) kimi tamaşalara quruluş vermişlər. Həmçinin teatrda A.Rzayev Kazım Ziya, Q.Şeyxzadə, Cəfər Əhmədov, Mkrtıç Canan kimi gənc rejissorlar çalışırdılar.

Teatr dəstəsinin tamaşaları təkcə İrəvanda deyil Vedidə, Göyçədə, Zəngəzurda və başqa yerlərdə göstərilirdi. Teatr həvəskarlarının sənət səviyyələrini, uğurlu tamaşaları və fədəkar kollektivinin yorulmaz mübarizəsi nəzərə alınaraq 1928-ci ilin15 martında Dövlət Türk Teatrosunun yaradılması haqqında Dövlət qərarı qəbul edildi. Əsas təşkilat işi iş Yunis Nuriyə tapşırıldı. Xeyli zəhmətli hazırlıqdan sonra İrəvan Dövlət Türk Dram Teatrı Molyerin « Zorən təbib » (17.8.1928) komediyası ilə fəaliyyətə başladı. Dövlət Teatrı kimi kollektiv yeni-yeni sənət uğurları ilə çıxış edirdi. 1928 – 1934-cü illərdə Mkrtıç Canan « Aydın » (14.6.1928), « Sevil » (16.12.1929), « Almas » (27.7.1930), « Yaşar » (14.5.1930. Cəfər Cabbarlı), « Ölülər » (27.7.1932. Cəlil Məmmədquluzadə), Kazım Ziya « Zorən təbib » (13.2.1932. Molyer), Yunis Nuri « Zorən izdivac » (13.9.1933. MəmmədNasir), Rza Şeyxzadə « Bədbəxt ailə » (10.9.1932. Məmməd Nasir), Yusif Ulduz « O olmasın, bu olsun » (20.5.1933)tamaşalarına quruluş vermişlər. Truppada Əşrəf Yusifzadə, Qafar Həqqi, Məmmədbağır Qaraxanov, Cəmil Əliyev, Qəzənfər Məlikov, Asya xanım, Rəhim Allahverdiyev, Həmid İbrahimov, R.Salahov kimi aktyorlar çalışırdılar. Bundan sonrakı dövrdə teatra gənc aktyorların gəlişi yaradıcı atmosferdə köklü dəyişiliklər etdi. Teatrın belə inkişaf dövründə gənc rejissor Baxşı Qələndərli Leninqradda təhsilini başa vurub İrəvana işləməyə gəldi. Onun teatrın səhnəsində ilk uğurlu işi « 1905-ci ildə » (14.2.1935) tamaşası oldu. Məhz bu tamaşanın böyük uğurundan sonra teatra dramaturq Cəfər Cabbarlının adı verildi. Baxşı Qələndərlinin 1935-ci ilin 20 aprelində « Ölülər »ə verdiyi quruluş da maraqlı idi. Diri ölülərin fanatizmi, cəhəaləti, qeyri-insanilikləri amansızlıqla ifşa olunan tamaşada Yunis Nuri ilə İsmayıl Dağıstanlının dueti Şeyx Nəsrulla və Kefli İsgəndərin qütblərini daha da kəskinləşdirir, səhnədəki toqquşmasını təsirli edirdi. Yunis Nuri üzdə ağıllı, təmiz, saf insan, əsl mömin kimi göstərdiyi Şeyxin mənəviyyatsızlığı ustalıqla çatdırırdı. Obrazın daxili aləmini, yaşantılarını düzgün dəyərləndirən aktyor öz oynunda güclü və təsirli təzad yarada bilirdi. Rejissor Baxşı Qələndərlinin təfsiri belə maraqlı cəhətləri ilə əvvəlki quruluşlardan köklü surətdə seçilirdi. Aktyor ansamblının məharətli ifası və yüksək səviyyəli rejissor işi tamaşanın uğurlucəhətlərini artırmışdır. Baxşı Qələndərlinin digər bir sənət uğuru 1944-cü ildə « Otello »ya verdiyi quruluş idi. İrəvanda 1944-cü ildə keçirilən Ümumittifaq Şekspir festivalında bu tamaşa yüksək qiymət aldı. Rejissor məharətli tapıntıları ilə tamaşanı bədii cəhətdənbaxımlı etmişdi. Aktyorlardan Əli Zeynalovun Otellosunu, Abbasqulu Tağıyevin Yaqosunu tənqid yüksək qiymətləndirirdi.

Tanınmış aktyor Əli Şahsabahlı Tiflis Azərbaycan teatrında uzun müddətli fəaliyyəti nəticəsində yadda qalan obrazlar qalereyası yaratdıqdan sonra 1938-ci ildə İrəvan Teatrına dəvət olundu. Teatrda işlədiyi müddətdə Əsgər (« Arşın mal alan »),Qacar (« Vaqif »), Aşıq Qərib (« Aşıq Qərib »), Sərvər (« Məşədi İbad ») səhnə obrazlarını məharətlə yaratmış, həmçinin rejissor kimi fəaliyyət göstərmişdir. Teatrda ilk quruluşu Üzeyir Hacıbəyovun « Arşın mal alan »ı (20.9.1938) idi.

1939-cu ildə quruluş verdiyi « Lənkəran xanının vəziri » tamaşasında rejissor Axundzadənin ideyasını aydın və dəqiq vermişdir. Səhnəni izdihamlı saray görüntüləri ilə bəzəyən rejissor sanki bu maddi zənginlik təqdimində mənəvi kasıblığın, əxlaqi cılızlığın eybəcərliyi qabarıq göstərirdi. Bir çox hallarda Əli Şahsabahlının quruluşlarında əsaslandırılmamış, psixoloji çalarlarla müəyyənləşməmiş pafosa geniş yer verməsi onun ciddi rejissor nöqsanı idi. Belə çatışmazlıqlarla bərabər, Əli Şahsabahlının quruluşlarında mizanların ifadəliliyi, səhnə hadisələrinin kəskinliklərlə, ziqzaqlarla təqdimi rejissorun, yaradıcılığı üçün xarakterik idi. Onun rejissor işlərində Şərq poetikası, gözəllik, obrazlılıq, ziddiyyətlərin qabarıq təqdimi başlıca yer tuturdu. Həmin cəhətlər « Leyli və Məcnun », « Aşıq Qərib », « Şah İsmayıl » « Qaçaq Nəbi » tamaşalarında daha aydın təcəssüm tapıb. Dövründə və günümüzdə yaradıcılığı ziddiyyətli şəkildə qəbul edilən romantik teatr məktəbinin nümayəndəsi Əli Şahsabahlının quruluşları Baxşı Qələndərlinin, Yusif Ulduzun rejissorasından zəif və solğun olsa da, onun İrəvan teatrın da fədakarlığı, əməyi danılmaz və inkar edilməzdir.

1938 – 1948-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında Əşrəf Quliyev, İsmayıl Dağıstanlı, Qafar Həqqi, Əşrəf Yusifzadə, Məmmədsadıq Nuriyev, Kamil Qubuşov, Əyyub Haqqverdiyev, Yunis Nuri, Kazım Ziya, Əli Zeynalov, Ətayə Əliyeva, Həsən Mirzəyev, İmamverdi Bağırov, Məmmədbağır Qaraxanov, Cəmil Əliyev, Abbasqulu Tağıyev, ŞövkətƏliyeva, Əziz Süleymanov, Əli Şahsabahlı, A.Əlixanova, Zakir Şahbazov, Həsən Ağayev, Qəzənfər Məlikov, İbrahim Hüseynov, Naibə Əliyeva, Roza Hüseynova, Züleyxa Babayeva, Xədicə, Məmmədrza Qənizadə, Sara Əliyeva, Hüseyn Ərəboğlu, Asəf Əlixanov, Qanbay, Solmaz xanım, Əsgər Rəhimov, Gülzar Rəhimova, Midhəd Rəsulzadə, İsfəndiyar Hüseynov kimi sənətkarlar çalışırdılar.

Bu illərdə Yusif Ulduz « Almaz » (14.11.1934), « Aydın » (11.7.1936), « Arşın mal alan » (21.51937), « Polad qartal » (22.6.1938. Aleksandr Korneyçuk), Aleksandr Burcalov « Həlqədə » (14.2.1939. Viktor Vaqarşov), « Müfəttiş » (17.8.1939), Kazım Ziya « Cancur Səməd » (12.2.1935. Molyer) tamaşalara quruluşlar vermişdilər. 1935-ci ildə Yunis Nuri, Əli Zeynalov, Məmmədbağır Qaraxanov, Cəmil Əliyev, Əli Şahsabahlı Respublikanın əməkdar artisti, Baxşı Qələndərli isə əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşlər. 1948-ci ildə haylar azərbaycanlıları öz tarixi-etnik torpaqlarından deportasiya etdiyi vaxtda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrını dördüncü səviyyəli səyyar teatra çevirdilər. Bu azmış kimi kollektivi Basarkeçər rayonunda yerləşdirdilər. 1949-cu ilin ilk aylarında ciddi maliyyə çətinliyi və laqeyd münasibət sayəsində teatr bağlanmaq məcburiyyətində qaldı. Teatrın müəyyən aktyorları xalq teatrında fəaliyyətlərini davam etdirdilər. 1928-48-ci illərdə tamaşalara tərtibatı rəssam Rəhim Məmmədov, musiqi tərtibatını teatr orkestrinin rəhbəri Eyvaz Eyvazov verirdi. Bu dövrdə teatr Lenin meydanında zirzəmilərin birində, 1935-ci ildən sonrasa İrəvan Dövlət Musiqili KomediyaTeatrının binasında yerləşirdi. Teatrın ikinci doğuluşu, 20 illik fasilədən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Şıxəli Qurbanovun təkidi və yerli ziyalılardan Yunis Rzayevin, Qəşəm Aslanovun, İsrafil Məmmədovun, Əkbər Yerevanlının, Əziz Süleymanovun, Sabir Rizayevin təşəbbüsləri və müstəsna faliyyətləri ilə teatrın fəaliyyəti yenidən bərpa edildi.

Teatr öz pərdələrini 28 aprel 1967-ci ildə C.Cabbarlının « Sevil » dramının tamaşası ilə açdı. Nəsir Sadıqzadənin quruluşverdiyi tamaşada əsas rolları Zərnişan Fətəliyeva (Sevil), Tariyel Qasımov (Balaş), Zemfira Əliyeva (Gülüş) ifa etmişlər. Teatra görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadə baş rejissor təyin olundu. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinin son kurs tələbələri: Vidadi Əliyev, Hacı Xəlilov, Şamil Dəmirçiyev, Ədalət Ziyadxanov, Hacı İsmayılov,Ramiz Məlikov, Sara Əliyeva, Qurban Ələkbərov, Rasim Qasımov, Nəsimi Eminov, Mərziyə Məmmədbəyli İrəvan teatrınaişləməyə gəldilər. Yerli aktyorlardan Cəmil Əliyev, Abbasqulu Tağıyev, Elmira İsmayılova, Raya Qafarova, Səməd AbbasovTeatr bərpa edilən andan işləməyə başladılar. Həmçinin Naxçıvan Teatrından Tariyel Qasımov, Aydın Şahsuvarov, Zemfira Əliyeva, Gəncə Teatrından Nisə Əliyeva, Bakıdan Zərnişan Fətəliyeva, Tamilla Abdullayeva, Zemfira Sadıqova truppayadəvət edildilər. Uğurlu tamaşadan sonra kollektivlə rəhbərlik arasında yaranan narazılıq Nəsir Sadıqzadənin teatrdan getməsinə səbəb oldu. Teatra yeni baş rejissor təyin edildi. Elə həmin ilin iyunun 11-də teatrın səhnəsində Sabit Rəhmanın « Əliqulu evlənir » komediyasına quruluş verildi. Gənc kollektivin gərgin əməyi və rejissorun maraqlı yozumu nəticəsində quruluş tamaşaçı məhəbbətini qazandı.

Aktyor ansamblında Aydın Şahsuvarovun (Əliqulu), Ramiz Məlikov və Vidadi Əliyevin (Kamal), Tariyel Qasımovun (Rövşən), Zərnişan Fətəliyevanın (Yasəmən), Zemfira Sadıqovanın (Səadət) ifaları gənc rejissorun işini parlaq təcəssüm etdirə bildi. Elə 1969-cu ilin oktyabrın 29-da rejissorun Yusif Əzimzadənin « Nəsrəddin » nağıl-pyesinə verdiyi quruluş da orjinal və maraqlı tapıntılarla seçilirdi. Nəsrəddin obrazı zərif çalarlarla, incə məqamları və hazırcavablığı ilə qabarıq göstərilirdi. Vidadi Əliyevin yüksək sənətkarlıqla etdiyi ifa Nəsrəddin obrazının ifadə çalarlarının əlvanlığı ilə seçilirdi. Rejissor bu tamaşada gerçəkliklə fantastika arasında tamam yeni biçimdə üzvilik yaratmışdı. Müasirlik prinsipləri təkcərejissor təfsirində deyil, həmçinin ifalarda və tərtibatda da duyulurdu. Tamaşa təkcə gənc nəsli mənəvi ideallarla tərbiyə etməkistəyən vasitə deyil, tamaşaçının dostuna, həmyfikrinə çevrilirdi. Rejissor nağıl dünyasını bütün detalları ilə göstərir və bunu dönəmin tərbiyə etdiyi tamaşaçının görmək istədiyi bir biçimdə təqdim edirdi. Rəngarənglik təkcə tamaşanın hərəkətli həllində deyil, həmçinin obrazların xarakterlərində duyulurdu. Fərzəlibəy (Şamil Dəmirçiyev), Qazı (Abbasqulu Tağıyev), Dərviş (Zeynal Paşayev), Şah (Cəmil Əliyev) obrazlarının öz xarakterik xüsusiyyətləri, gülüş hədəfinə çevriləcək eybəcərlikləri aydın və təsirili ifadə olunurdu.

Cəhalətlə yeniliyin toqquşması və ziddiyyəti yumorlu tərzdə, qüvvətli dramatizmlə duyulurdu. Məhz bu uğurlu cəhətlərinə görə tamaşa uzun müddət teatrın repertuarında qalmış və 1980-ci ildə Vidadi Əliyev tərəfindən bərpa olunaraq yenidən gənc tamaşaçıların ixtiyarına verilmişdir. Orjinallıq rejissorun digər uğurlu işi olan « Məşədi İbad » tamaşasında da aydınlıqla duyulurdu. İlk tamaşası 2 mart 1970-ciildə göstərilən tamaşa Üzeyir Hacıbəyovun ölməz komediyasına tamam yeni yanaşma idi. Tamaşada Üzeyir bəyin satirasıdaha da qüvvətləndirilərək cazibəli əlvanlığı ilə göstərilirdi. Cəmil Əliyevin Məşədi İbadı öz əməllərinə, inancına, həyat tərzinə səmimiyyətlə inanırdı və özünü haqlı sanırdı. Ticarətində olduğu kimi, həyatını da bu cür qurmaq istəyən Məşədi, fırıldaqçıların iç üzünü görsə də, onlardan öz istəyini həyata keçirənədək istifadə etməyi üstün tutur. Bir kasıb, təcrübəsiz tələbə tərəfindən aldanmağı ilə heç cür barışa bilmir. İllər ərzində hamını aldadan Məşədi - Cəmil Əliyev indi özü aldanıb, özü də bu aldanış ona çox baha başa gəlib. Baha sözünün hər iki mənası aktyorun məharətli ifasında, hərəkətlərində, görünüşündə aydın duyulurdu. Digər aktyorların da ifalarında maraqlı məqamlar duyulurdu. Xüsusi ilə də rejissor tipajlara yeni çalarlar verərək yeniliklərlə obrazların daxili yaşantılarını çatdırırdı. Tamaşaçı millətpərəstin, qəzetçinin, intiligentin, qoçunun populistliyini, riyakarlığını görürdü.

Həsənqulu bəyin (Səməd Abbasov) süni millətpərəstliyi, Rza bəyin (Cahid Hilaloğlu) pafoslu şüarçılığını, Həsənbəyin (Vidadi Əliyev) ağıllı görsənmək, müasir olmaq istəyini, Qoçu Əsgərin (Mübariz Əlixanoğlu) « qəhrəmanlığını » tamaşaçı bütün incəlikləri ilə görə bilirdi. Məclisə rus rəfiqəsi ilə gələn Həsən bəyin ifaçısı Vidadi Əliyevin rəngarəng tapıntıları obrazımaraqlı edirdi. Gənc aktyorun istedadı, qabiliyyəti bu ifa zamanı qabarıq üzə çıxdı. Rüstəm bəy - Rəhim Rəcəbov, Sənəm – Elmira İsmayılova, Gülnaz – Tamilla Abdullayeva, Sərvər – Şamil Dəmirçiyev, Hambal – Abbasqulu Tağıyev kimi aktyorların maraqlı və yaddaqalan ifaları tamaşanı daha da baxımlı etmişdi. Elə həmin ilin 6 dekabrında rejissor İmran Qasımov və Həsən Seyidbəylinin « Sən nə üçün yaşayırsan? » pyesinə quruluş verdi. Onun orjinal təfsirində ideya və konfliktlərin gərginliyi aydın şəkildə duyulurdu. Obrazlar psixoloji çalarlarla, dərinliklə verilmişdi. Tamaşanın ahəngi, ifadəli mizanlar əsərin ideyası ilə üzvi vəhdətdə təqdim olunurdu. Tamaşa sənətkarlıq, müasirlik,novatorluq xüsusiyyətləri ilə seçilirdi.

Rejissor 1983-cü ilin dekabrının 30-da Karlo Haldoninin « İki ağanın bir nökəri » komediyasının həllində də yeni teatrpoetikasından məharətlə bəhrələnə bildi. Klassik əsərin səhnə həllində bir sərbəstlik duyulurdu. Rejissor gurultulu dekorlardan, möhtəşəm arxa pərdədən cəsarətlə imtina etməklə səhnədə sərbəst « boşluğa » nail ola bilmişdir. Mizanlar, psixoloji və fiziki plastika sanki biri-biri ilə toxunmuş halda görünürdü. Aktyor yaradıcılığında improvizələr umumilikdə rejissor konsepsiyasından irəli gələn sərbəstliklə bağlı idi. Aydın Əliyevin (Trufaldino), Elmira İsmayılovanın (Smeraldina), Vidadi Əliyevin (Florinda Artuzi), Tamilla Abdullayevanın (Beatriçe Rasponi), Əhməd Əhmədovun (Doktor Lombard), Ramiz Məşədiyevin (Silvi), Şamil Dəmirçiyevin (Pantaloni denBizonyozi) oyunlarındakı səmimiyyət, dinamik hərəkət plastikası, italiyanın Del arte teatrının elementlərindən həssasbəhrələnmə aktyor ansamblının yüksək hazırlığından, istedadından xəbər verirdi.

Teatrda işlədiyi müddətdə quruluşların müəllifi Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adı ilə təltiflənmiş rejissor « Əliqulu evlənir » (11.6.1967. Sabit Rəhman), « Sənsiz » (25.12.1968. Şıxəli Qurbanov), « Bağdasar dayı » (3.3.1969. Hakop Paronyan), « Nəsrəddin » (29.10.1969. Yusif Əzimzadə), « Məşədi İbad » (2.3.1970), « Sən nə üçün yaşayırsan? » (6.12.1978. Həsən Seyidbəyli, İmran Qasımov), « Nənəm ərə gedir » (10.5.1978. Hüseyn Muxtarov), « Şəhərinyay günləri » (20.5.1979. Anar), « Kişilərə inanmayın » (30.12.1980. Anatoli Safronov), « Arşın mal alan » (20.5.1981), « Şərqlidiş həkimi » (31.3.1982. Hakop Paronyan), « 13-cü sədr » (26.12.1982. Azad Abdullin), « İki ağanın bir nökəri » (30.12.1983), « Müsyo Jordan » və « Lənkəran xanının vəziri » (15.3.1984), « Ulduzdan düşmüş adam » (11.5.1984. Karl Vitlinger), « Hicran » (9.12.1985. Sabit Rəhman), « Tribunal » (20.2.1986. Aleksandr Makayonok), « Atayevlər ailəsi » (5.5.1987. İlyas Əfəndiyev), « Ər və arvad » (15.2.1988. Mar Bayciyev) tamaşalarına uğurlu quruluş vermişdir. « Tribunal » tamaşası1985-ci ildə Böyük Vətən Müharibəsində qələbənin 40-illiynə həsr olunmuş Zaqafqaziya Teatr festivalında müharibə mövzusunda ən yaxşı tamaşa kimi 2-ci yeri qazanmışdır. 1967-88-ci illər ərzində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsində müxtəlif rejissorlar çalışmış və yaddaqalan tamaşalar hazırlamışlar.

Nəsir Sadıqzadə « Sevil » (28.4.1967), « Elbrus evlənir » (4.5.1972. Georgi Xuqayev), « Məhəbbət yaşayır hələ » (9.2.1976. Hidayət), Zülfüqar Abbasov « Alovlar » (10.11.1967. Əziz Süleymanov), « Solğun çiçəklər » (10.11.1968), « Hacı Qəmbər » (10.12.1968), Hilal Həsənov « Arşın mal alan » (21.1.1971), « Arvadımın əri » (14.6.1971. Georgi Xuqayev), « Molla İbrahimxəlil kimyagər » (15.11.1971), « Toy kimindir? » (24.2.1972 Ağası Məşədibəyov), « Ulduz » (2.4.1973. Sabit Rəhman), « Mənim səadətim haradasan? » (1.4.1974. Georgi Xuqayev), « Toy » (24.12.1974. Sabit Rəhman), « Qaynana » (10.2.1975. Məcid Şamxalov), Vəli Babayev « İkinci səs » (25.2.1971. BəxtiyarVahabzadə), « Solğun çiçəklər » (15.3.1976. Cəfər Cabbarlı), Baxşı Qələndərli « Yaşar » (22.1.1973. Cəfər Cabbarlı), « Evlənməkdənsə ölüm yaxşıdır » (20.12.1973. Gevorq Sarkisyan), Vidadi Əliyev « Mənim qaynanam » (10.7.1973. Georgi Xuqayev), « Üç kişi bir qız, bir gecə » (2.6.1975. Timofey Saakov), Rafiq Atakişiyev « Şərəfin sandığı » (30.6.1976. MirzağaAtəş), Ağakişi Kazımov « Qızıl zənci »(10.7.1978. Şamil xurşud), « Məni qınamayın » (14.5.1981. Hidayət), « Ömür gözləyirbizi » (31.5.1982. Nahid Hacızadə), « Əks səda » (14.11.1983. Nəbi Xəzri), Niyaz Şərifov « Bağdada putyovka var » (19.3.1979. Əkrəm Əylisli), Hüseynağa Atakişiyev « İmzalar içində » (28.4.1980. Nəriman Həsənzadə), Vaqif Şərifov « Yeddi oğlan, bir qız » (7.3.1983. Rüfət Ağayev), « Aydın » (Cəfər Cabbarlı), « Əkizlərin nağılı » (Panço Pançev), « Cehizsiz qız » (Aleksandr Ostrovski), « Aləmlə üz-üzə » (Anatoli Gelman), « Vəzifə » (Əkrəm Əylisli), « Kişilər » (Altay Məmmədov), « Məhv olmuş gündəliklər » (İlyas Əfəndiyev), « Ayı », « Təklif » (Anton Çexov), « Qarağaclar altında məhəbbət » (Yucin ONil), « Axırı xeyir olsun » (Vilyam Şekspir) tamaşaları teatrın uğurlu işləri kimi qeyd etmək olar. 70-ci illərin sonundan 88-ci ilədək teatrda aktyorlardan Vidadi Əliyev, Elmira İsmayılova, Şamil Dəmirçiyev, Tamilla Abdullayeva, Marietta Kərimova, Əhməd Əhmədov, Süleyman Nəcəfov, Aydın Əliyev, Ramiz Məşədiyev, Əli Quliyev,Səmayə İsmayılova, Telli Məmmədova, Sayalı Teymurova, Vaqif Həbibov və başqaları çalışmışdırlar. 1967-ci ildə Əziz Süleymanov, 1967 – 1983-cü illərdə Hidayət Orucov, 1983 – 1988-ci illərdə Yunis Süleymanov teatrdadirektorluq etmişlər.

1978-ci ildə İrəvan teatrının Dövlət teatrı kimi fəaliyyət göstərməsinin 50 illiyi geniş miqyasla qeyd edildi. Həmin ildə Abbasqulu Tağıyev, Şamil Dəmirçiyev Respublikanın əməkdar artisti Hidayət Orucov isə əməkdar mədəniyyət işçisi fəxriadlarına layiq görüldülər. Teatrın Bakı qastrolunun yekununda, 1978-ci ilin noyabrında Vidadi Əliyev, Tamilla Abdullayeva,Marietta Kərimova Azərbaycanın əməkdar artisti, Tofiq Ağayev əməkdar incəsənət xadimi fəxri adları ilə təltif edilmişlər. 1967 – 1988-ci illər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının həyatında mühüm dönüş və dirçəlişdövrü kimi dəyərləndirilməlidir. Erməni teatrları ilə sənət rəqabətinə girə biləcək tamaşaları, istedadlı, fədəkar aktyorları və rejissorları ilə teatr, Azərbaycan səhnə sənətinin ən yeni dövrünün salnaməsinə şərəfli guşə əlavə etmiş oldu. Bu dövrdə tamaşalara səhnə tərtibatını əməkdar incəsənət xadimi Cabbar Quliyev, Naxçıvan MR əməkdar incəsənət xadimi Məmməd Qasımov, Fuad Qafarov, Mübariz Əliyev, musiqi tərtibatını Kamil Misgərov, Sabir Əliyev, Bağır Cəfərov vermişdilər. Teatr 1967-1986-cı illərdə Ərəbgir məhəlləsində yerləşən Mədəniyyət Evində, 1986 – 1988-ci illərdə MirzəFətəli Axundzadə adına şəhər məktəbinin 3-cü mərtəbəsində fəaliyyət göəstərmişdir. Hər iki bina tamaşa göstərməyə yaralı olmadığından ilk tamaşalar əsasən Hakop Paronyan adına Musiqili Komediya və K.S.Stanislavski adına Rus Dram Teatrının binalarında oynanılırdı. Teatr əsasən səyyar həyat sürürdü.

Mövsümdə 4-6 dəfə azərbaycanlıların sıx yaşadığı Zəngibasar, Basarkeçər, Çəmbərək, Vedi, Amasiya, Qafan, Mehri, Qarakilsə, Hamamlı, Calaloğlu, Karvansara, Qəmərli, Barana, Əştərək, Qurduqulu, Gorus rayonlarında, həmçinin Borçalı və Azərbaycan Respublikasının digər şəhər və rayonlarında tamaşalar göstərilirdi. İrəvan Teatrının Bakı yaşamı 1988-ci ildə azğınlaşmış hay ekstremistləri azərbaycanlılara qarşı dəhşətli soyqırım siyasəti həyata keçirməyə başladılar. Nəticədə azərbaycanlılar öz tarixi – etnik yurdlarından didərgin düşdülər. Təbii ki, teatr da bu aqibəti yaşadı. Bakı – Lənkəran qastrollarından sonra doğma yurdlarına qayıda bilməyən truppa Bakı şəhərində fəaliyyətini davam etdirməyə başladı. Kollektivi toplayaraq İrəvandan qalan yeganə mədəniyyət ocağını yaşatmaq naminə əzablı yolu keçmək kimi şərəfli vəzifəni öz üzərinə götürən əməkdar artist Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirdi. Teatrın Bakı fəaliyyəti dövründə Bədii rəhbər kimi çalışdığı 1988-2000-ci illər ərzində teatrın yaşaması və yüksəlişi üçün olduqca böyük işlər görmüş Vidadi Əliyev repertuara maraqlı, günümüzlə səsləşən əsərlərin daxil edilməsi, gənc aktyor və rejissorların kollektivə cəlb olunması istiqamətində ciddi cəhdlə çalışmışdır.

O, öncə Mar Bayciyevin « Ər və Arvad », Georgi Xuqayevin « Mənim qaynanam », Panço Pançevin « Əkizlərin nağılı », Yusif Əzimzadənin « Nəsrəddin » əsərləri əsasında qurulmuş tamaşaları bərpa etdi. Teatrın məhdud aktyor heyətini (cəmi 14 aktyor ştatı verilmişdi) və kirayədə qaldığı binanın texniki bazasının olmamasını nəzərə alaraq səyyar nümayişə yararlı, az iştirakçısı olan əsərlərə quruluş vermək məcburiyyətində qalırdı. Onu da demək lazımdır ki, bu gün də respublikanın səhnə sənəti ocaqları içərisində ən az ştatı olan kollektiv məhz İrəvan teatrıdır. Bütün bu çətinliklərə baxmayaraq Vidadi Əliyev yaradıcılıq axtarışlarını davam etdirir, çağdaş durumun mənzərəsinin bədii inikası üçün çalışırdı. Rejissor mövcud durum üçün müasir olan S.Rəşidinin « Allah onlara rəhmət eləsin » (10.6.1993) pyesinə quruluş verdi. 1990-cı ilin 20 yanvarında rus irticasından bəhs edən pyesin səhnə həllində xalqın qəhrəmanlıq mübarizəsi, azadlıq savaşı, mənəvi dəyərlərə qayıdış cəhdi fonunda obrazların taleləri bədii məziyyətlərlə işlənmişdir. Rejissor İlqarla Larisanın arzularının, milli, mənəvi keyfiyyətlərə sahib olmaq istəklərini orjinal yozumla təqdim etmişdi. Aktyor oyununun səmimi və inandırıcı olması tamaşanı uğurlu edən başlıca səbəblərdən idi. İlqar - Ramiz Əliyev, Sənəm -Elmira İsmayılova, Mərdan - Vüqar Əliyev, Ülvi - İntiqam Soltan, Larisa - Mətanət Əmirullayeva, Xəyal - Arzu Sadıqov yadda qalan ifaları ilə tamaşaya bitkinlik gətirirdilər. « Allah onlara rəhmət eləsin » tamaşası 1993-cü il dekabr 1994-cü il yanvar aylarında Cənubi Azərbaycanın Təbriz və Ərdəbil şəhərlərində müvəffəqiyyətlə göstərilmişdir. Rejissorun tarixi mövzulara olan marağı 15 dekabr 1996-cı ildə İnqilab Vəlizadənin « Abbasqulu bəy Şadlınski » pyesinə quruluş verməklə bir daha təsdiq olundu. Vaxtı ilə hay-daşnak ordusuna qarşı duran Abbasqulu bəy (Əjdər Zeynalov) və Kərbəlayi İsmayıl (Qədir Məmmədov) sovet quruluşuna fərqli münasibət eyni zamanda mərdlikləri və vətənpərvərlikləri, Feyzinin (Əli Qurbanlı) əlinə düşmüş fürsətdən istifadə edərək şərəfsizlik göstərməsi, Qəmlonun (Vüqar Əliyev) namərdliyi,Əli Tağızadənin (Əli Quliyev) müdrüklüyü, Məhinin (Dilarə Murtuzəliyeva) namusluluğu mənalı bədii keyfiyyətlərlə işlənmiş,səriştəli aktyor ifalarında təcəssüm tapmışdır. Tamaşanın bədii tərtibatında orjinallıq və ifadəlilik rəssam Rza Avşarovun uğurlu işinin bəhrəsi idi. Rejissor kimi Vidadi Əliyev həmçinin Aydın Haqqararın « Dəli Domrul » (15.5.1994), Vidadi Əliyevin « Madam Badam » (20.4.1994), Şərəf Başbəyovun « Dəmir qadın » (20.4.1997), Marsel Birkye Marinye « Oğru » (9.6.1999) əsərlərinə uğurlu quruluşlar vermişdi. 1988 - 2000-ci illər ərzində teatrın direktoru və bədii rəhbəri kimi çalışan Vidadi Əliyev teatrın yaşamasıvə qüvvətlənməsi naminə əzmlə mübarizə aparmışdır. Məhz onun vaxtında gənc aktyor və rejissorların teatra axını başlamışdır. Teatrın inkişaf göstəricisi və Bakı fəaliyyəti bilavasitə onun adı ilə bağlıdır.

Teatrın Bakı şəhərində işləməyə başladığı ilk günlərdə Vaqif Əsədov quruluşçu rejissor kimi kollektivə gəldi. Teatrda ilk işiƏkrəm Əylislinin « Vəzifə » pyesinə verdiyi quruluş oldu (15.6.1990). Əsgər Əsgərov (Nazim), Elçin Əliyev (Balaca Nazim), Elmira İsmayılova (Nazlı), Vidadi Əliyev (Ata), Telli Məmmədova(Sona), Səmayə İsmayılova (Nənə), Ramiz Məşədihəsənli (Katib) yaddaqalan aktyor oyunları ilə tamaşanın uğurunu təminetmişlər. Yaradıcılıq axtarışlarını davam etdirən Vaqif Əsədov 10.12.1992-ci ildə Zəlimxan Yaqubun « Göyçə dərdi » poemasıəsasında yazdığı « Didərginlər » pyesinə quruluş verdi. Vidadi Əliyev (İxtiyar), Elmira İsmayılova (Ağbirçək ana), Telli Məmmədova (Gəlin), İntiqam Soltan (Gənc oğlan), Əli Quliyev (Ağsaqqal), Əjdər Zeynalov (Orta yaşlı), Esmiralda Şahbazova (Qız) öz yadda qalan ifaları ilə xalqın faciəsinin uğurlu səhnə təccəssümünü yaratdılar. Vaqif Əsədov bu teatrda yaradıcılıq axtarışlarını davam etdirərək müxtəlif janrlı pyeslərə müraciət edib. O, Süleyman Rəşidinin « Mənim Ərdəbilim » (20.12.1994) komediyasını, Şahin Cəbrayılovun « Sehrli alma » (15.3.1997) nağıl-pyesini Hidayətin « Məhəbbət yaşayır hələ?! » (1.6.1998), « Durnalar qayıdanda » (1.5.2001) pyesini tamaşaya hazırlayıb. « Məhəbbət yaşayır hələ?! » tamaşası forma və aktyor ifası ilə seçilir. Zəfər-Ədhəm Əliyev, Xatirə - Dilarə Murtuzəliyeva, Əliş - Tariyel Qasımov, Mehriban - Elmira İsmayılova, Kərəməli - Süleyman Nəcəfov tamaşanın janr prinsiplərinə uyğun idi. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 1989 – 2002- ci illər Bakı dövründə rejissorlardan Vaqif İzzət « Şəppəli » (20.10.1990. İsa Muğanna), Oqtay Əliyev « Molla Nəsrədin və Əzrayıl » (28.2.1993. Şəhrabı Əliyev), Sərvər Əliyev « Tənha payız yarpağı » (13.1.1995. Akif Həsənoğlu), Oqtay Salamov « Kor döyüşü » (17.12.1997. TüncerCücenoğlu), Bəhram Osmanov « Yalan » (15.11.2000. Sabit Rəhman), « Əsgər anası » (28.12.2000. Ağarəhim Rəhimov), « İşıq tozu » (9.4.2002. İmir Məmmədli) Mahumənzər Hüseynova « Elə bil qorxa-qorxa » (22.6.2001. Kamal Abdulla), Yusif Əkbərov « Olacağa çarə yoxdur » (15.1.2002. Ramiz Abdullayev) tamaşalarına quruluş vermişlər. 1999-cu ilin 15 iyulunda teatra baş rejissor təyin edilən Elmira Məlikova Hüseyn Cavidin « Maral » faciəsinə quruluş verdi. Uğursuzluğa məruz qalan tamaşa cəmi iki dəfə göstərilərək repertuardan çıxarıldı. Bakı fəaliyyəti dövründə rəssamlardan Cabbar Quliyev, Muxtar Avşarov tamaşalara tərtibat vermişlər. Bir çox tamaşaların musiqi tərtibatı Kamil Misgərova məxsusdur.

Teatr 1989 – 1994-cü illərdə Xırdalan Mədəniyyət evində yerləşib. 1994-cü ildən isə Hüseynqulu Sarabski adına Nəsimirayon Mədəniyyət evində fəaliyyətini davam etdirib.

Elçin Əlibəyli


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər