Heydər Əliyev Səfiyar Musayevə Təvəkgül Hüseynov haqqında demişdi ki...-Qılman İmanın reportajı

19:00 / 24.03.2019
Baxılıb: 6358

İçimdə yumağa dönmüş suallar çözələnmək istədi. Çünki onun haqqında bilmədiklərim, bildiklərimdən daha çox idi. Bu sualların hamsını yaddaşımın bir küncünə yığıb, saxladım təyin etdiyim görüş gününə. Mənimlə indiyənəcən Təvəkgül Hüseynovla bağlı xatirələri, yaddaqalan anları, bölüşən insanların demək olar, hamısı onun evinin çölündəki adamlar idi. Axı, əvvəl evin içi, sonra çölü– deyiblər

Hələ də ölümlü-itimli dünyada vaxt zamanın atını yəhərsiz-yüyənsiz minib, məhcul bir sonsuzluğa çapmaqdadı. Əlini qaşının üstünə qoyub bu sonsuzluğa baxanda uzaqlardan başqa heç nə görünmür ki, görünmür. Vaxtın-vədənin darlığında aylar illərin köçünə qoşulub elə uçur ki, heç quş da çata bilmir. O da qala insan ola…

Redaksiyanın mətbəxində çayımızı gilas mürəbbəsi ilə şirin eləyib, dünyanın, həyatın bizdən asılı olmayan qanunları, əvvəldə dediyim fikirlər haqqında Xətai Ələsgərli ilə var-gəl edirdik ki, kəndçimiz Fərhad Hüseynovun zəngi 15 dəqiqəlik bizi özünə tabe edib, söhbətin məcrasını dəyişdi: Saytın fəaliyyəti, el-oba haqqında, ordan-burdan danışandan sonra bildirdi ki, bu il martın 25-də qardaşım Təvəkgül Hüseynovun 80 yaşı tamam olur, xəbərin varmı? Xəbərimin olduğunu və onun evindən reportaj hazırlamaq istədiyimi bildirdim. Mənim bu təklifim onun ürəyindən xəbər verdiyini, tezliklə münasib bir gün təyin edib reallaşdırmağımı istədi. Fərhad müəllimlə telefonda sağollaşıb, bu istək üzərində Təvəkgül Hüseynov haqqında eşitdiklərim, bildiklərim ürəyimdə ipə-sapa düzülüb əriş-arğac oldu. İçimdə yumağa dönmüş suallar çözələnmək istədi. Çünki onun haqqında bilmədiklərim, bildiklərimdən daha çox idi. Bu sualların hamsını yaddaşımın bir küncünə yığıb, saxladım təyin etdiyim görüş gününə. Mənimlə indiyənəcən Təvəkgül Hüseynovla bağlı xatirələri, yaddaqalan anları, bölüşən insanların demək olar, hamısı onun evinin çölündəki adamlar idi. Axı, əvvəl evin içi, sonra çölü– deyiblər.

Baharın Bakıya təzə ayaq açdığı günəşli bir gündə, Xətai Ələsgərli və fotoqrafımız Mehdi ilə birlikdə Fərhad müəllimlə “28 may” metrosunun qənşərində görüşüb yollanırıq Təvəkgül Hüseynovun evinə. Binanın qarşısında ayaqüstü söhbətimizdə Fərhad müəllim bu binanın T. Hüseynovun Bakı Toxuculuq Kombinatına baş direktor təyin olunandan sonra kombinatın işçiləri üçün tiklidiyini bildirir. Sonra bələdçilik edib bizi 3-cü mərtəbəyə–Təvəkgül Hüseynovun yaşadığı mənzilə dəvət edir. Qapını üzümüzə ata ocağının od qoruyanı – Təvəkgül Hüseynovun kiçik oğlu İmadəddin açır. Gəlişimizdən xoşhal olan evin ağbirçəyi Məmləkət xanım yüksək qonaqpərvərliklə bizi süfrəyə dəvət edib, tanışlığa başlayır.

Fərhad müəllim ilk əvvəl Xətaini təqdim edir – Aşıq Ələsgərin doğmaca nəticəsidi, müğənni Talıb Talehin də əmisidi. Aşıq Ələsgərin adını eşidəndə Məmləkət xanımın bənizi bir az da nurlanır. Qılman da rəhmətlik İmanın oğlu, Həsən Xəyallının da nəvəsidir. Yəqin ki, adını eşidibsən. Bu cavan oğlan da bunların dəstəsindəndir( fotoqraf Mehdini nəzərdə tutur). Mən süfrədə əyləşən kimi fürsəti fövtə verməyib diktafonu qoşub, xatirələr dünyasına səyahət etmək üçün Məmləkət xanımı söhbətə tuturam. İlk əvvəl suallarıma çətin cavab versə də, çox keçmir ki, Məmləkət xanımla səmimi dialoq qura bilirəm. Yavaş-yavaş xatirələr boğçasının ağzını açıb, bizi o keçən günlərə qaytarır. Məclisdə kişi xeylağı olduğundan, Məmləkət xanım hiss edirəm çəkinir, həya edir, suallarımı utana-utana cavablandırır:

Atalarımız əmioğlu idi, qohumlar, ağsaqqallar məsləhət görmüşdü ki, biz ailə quraq. Mən də məktəbi təzə qutarmış 17 yaşlı qız idim. Onda o, Özbəkistanda Daşkənd Politexnik İnstitutunda oxuyurdu. 60-cı ildə nişanlandıq, 62-ci ildə İnstitutu bitirdi, 63-cü ilin yanvarında toyumuz oldu. İnstitutu bitirindən sonra təyinatını Mingəçevir Toxuculuq Kombinatına vermişdilər. 12 il Mingəçevirdə yaşadıq. İlk əvvəl çətinliklər olsa da, sonra hər şey yavaş-yavaş öz qaydasına düşdü; evimiz oldu, getdikcə vəzifəsi böyüdü, 4000 nəfərlik işçisi olan kombinata baş direktor təyin etdilər. Xoşbəxt, firəvan günlərimiz başladı. Eyni vaxtda Mingəçevir şəhər partiya komitəsinin büro üzvü, Şəhər Xalq Deputatları Sovetinin deputatı seçildi. 1975-ci ildə də Bakıya köçdük. Bu yerdə Fərhad müəllim söhbətə müdaxilə edib, Təvəkgül Hüseynovun Bakıya gəlməsi haqqında danışır: Yaxşı yadımdadı, 1975-ci ilin oktyabr ayı idi, onda mən tələbəydim, kəndçimiz Mamedlə bir yerdə kirayə qalırdıq. Təvəkgül bizim qaldığımız evə gəlib, mənim dərslərimlə, ümumi vəziyyətimlə maraqlanıb, dedi ki, bu gün Mərkəzi komitədə Həsən Seyidovla görüşəcəm. Həsən Seyidov da Mərkəzi Komitənin sənaye üzrə katibi işləyirdi. Evdən çıxanda dedi – sabah axşam vaxtın olsa mehmanxanaya gələrsən, orada olacam. Sabah axşam Mamedlə birlikdə getdik mehmanxanaya, yanındakı qonaqlara Heydər Əliyevlə olan görüşündən danışırdı, biz də qulaq asırdıq. Həsən Seyidov Təvəkgülə deyir ki, səni Heydər Əliyev çağırıb, səhər onunla görüşməlisən. Heydər Əliyev də MK Büro üzvülərini yığıb, deyir: –Hüseynov, sənin şəxsi işin qarşımdadı, V.İ.Lenin adına (indiki H.Z Tağıyev adına) Bakı Toxuculuq Kombinatı plan tapşırıqlarını vaxtı vaxtında yerinə yetirə bilmir, ona görə katiblərə tapşırmışdım ki, ora bacarıqlı, işgüzar bir kadr tapın. Onlar da sizin namizədliyinizi irəli sürdülər. Mingəçevirdəki fəaliyyətin haqqında da məlumatım var. Buradakı kombinatı da Mingəçevirdəki kimi inkişaf etdirmək lazımdı. Ona görə də səni bu vəzifəyə şəxsən mən – Heydər Əliyev təyin edirəm. Bilirəm, Bakıya gəlməyə razı deyilsən, ancaq burada səni evlə, xidməti maşınla təmin edəcəyik, nə sözün də olsa bir başa dövlət telefonuyla mənə deyəcən. Beləcə Bakıya gəldi, çox gərgin iş qrafiki ilə işləyirdi.Kombinat tezliklə planı 100 faizdən artıq verdi. Heydər Əliyev Kombinatda irəliləyişi görəndən sonra 1978-ci ildə yenidən yanına çağırıb, demişdi ki, Hüseynov, səni Yüngül Sənaye Nazirinin birinci müavini təyin edirəm. 1980-ci ildə nazir xəstə olduğundan nazir vəzifəsini də icra etdi.

 

Sonra Heydər Əliyev hakimiyyətə gələndə, 1994-cü ilin dekabrında Səfiyar Musayevə demişdi ki, Təvəkkül Hüseynovu yeni formalaşdırdığım komanda da görmək istəyirəm, o, yaxşı kadrdı. Səfiyar müəllim zəng edib Heydər Əliyevin fikirini Təvəkgülə deyəndə, o da səhhəti ilə bağlı işləyə bilməcəyini dedi.

Söhbət-söhbətə calandıqca, acılı-şirinli çox xatirələr yada düşsə də, mən yenə suallarımı Məmləkət xanıma ünvanlayıram. O isə xarakterinə uyğun şəkildə sullarımı cavablandırır. Hər sözü, xatirəni elə ehtiyatla, ahəstə danışır ki, sanki nəyisə səhv danışsa, fikirlərində o söz, o ifadə uçulub dağılacaq.

 Sakit, həlimtəbiətli ailəsinə, qohum-qardaşına bağlı, xeyirxah bir adam idi. Övladlarına, ata-anasına çox bağlıydı. İmkan düşdükcə can atırdı kəndimizə getsin, atasının-anasının qulluğunda dursun, camaatla bir yerdə olsun. Kənd həyatını, Daşkəndin təbiətini çox sevdiyindən kənddə rahatçılığımız üçün yaxşı bir ev də tikmişdi. Yayda qayınlarım Səmədgil, Fərhadgil, Orucgil kəndə gələndə ata evinə sığışmırdıq. O ev tikliəndən sonra hamımız rahat, sərbəst qala bilirdik. Heyif ki, qaldı erməniyə. Onun işinə görə kənddə çox qalmağa imkanı olmurdu. İki-üç gün qalıb qayıdırdı. Amma bizi, yayda uşaqların məktəbi bağlanan kimi aparırdı kəndə. Bir ay, imkan olanda iki ay uşaqlarla mən qalırdım, o gəlirdi. Qohumlar, qonşular hamısı tökülüb gəlirdi biznən görüşməyə, qonaq aparmağa. Biz kəndə gedəndə, getdiyimiz iki əsas yer olurdu: ”Şişin ocağı” deyirdik, ora qurban aparıb kəsirdik, bir də Seyid Bayramın ocağında. Məmləkət xanımın yaddaşını bir az da körükləmək üçün, o məclislərin necə keçdiyini, qonaq aparan insanların adını dəqiqləşdirmək istəyirəm:- Əliyev Hüseyn, Bəhmən aparırdı, onlar kirvəmiz idi. Mamed müəllim, Zeynalov Xasay, Mürsəlov Xasay, İsmayıl əmim, Abdulla əmi, Dastan əmi, Salman dayı, Məhəmmədəli, Bayram kişi, Qoşunalı müəllim, Səfxan Rüstəmov saysam o qədərdi ki. Göyçəyə gedəndə günümüz qonaqlıqlarda, məclislərdə keçirdi. Hamı da qoyun kəsirdi, öz əzizləri kimi bizi ağırlayırdılar. Gedə bilmədkilərimiz də olurdu, onlar da inciyib-küsürdülər...Ürəyi xatirələrlə dolu olan Fərhad müəllim bir məqamı xatırladır bu yerdə: Təvəkgül kəndə gələndə anam saymışdı, bir ili 23 qurban gətirmişdilər. Hətta Basarkeçərin rayon katibi, polis rəisi, prokroru hamısı gəlirdi, görüşürdü onunla, rayonun problemlərini deyirdilər. Bir dəfə rayon katibi ilə Basarkeçərdəki yolların problemlərindən danışırdılar, sonra Təvəkgül o məsələni neft sənayesində işləyən dostu Bayram müəllimin vasitəsi ilə Azərbaycanda dövlət səviyyəsində həll elədi. Azərbaycandan Basarkeçərə kömək kimi, 20 vaqon bitum göndərildi, o bitum da Basarkeçərin kəndlərinin asfaltlanmasına istifadə olundu. 

Zəngin uşaqlıq yaddaşına malik olan İmadəddin məclisdəki yurd-torpaq ətirli xatirələrin ağuşunda pərvazlana-pərvazlana hərdən söhbətə qoşulub Məmləkət xanıma, Fərhad müəllimə kömək edir, yaddan çıxanları xatırladır:

Tək Daşkənddə olmurdu ki o qonaqlıqlar. Göyçənin əksər kəndlərindən qonaq aparırdılar. Nərimanlıdan Zərbalı Qurbanov, Səfiyar Musayev qonaq aparırdı. Zərbalı Qurbanov atamın həm yaxın dostuydu, həm də kirvəmiz idi. Şişqayadan Tapdıq Cəfərov, Mikayıl Bayramov; Bala Məzrədən, Müseyib müəllim, Müzəffər kişi qonaq aparırdı. İnəkdağından, Şorcalardan, Kəsəməndən əksər kəndlərdən qonaq aparırdılar. Məclis qurulurdu, aşıqlar da oxuyurdu. Göyçədə də hər evdə bir saz varıydı. Atam kəndimizə o qədər bağlıydı ki, məndən böyük qardaşlarım Mahiri, Pərvizi Bakıda 8-ci sinifdə məktəbdən çıxardıb Daşkənddə oxumağa göndərdi. İkisi də kənddə məktəbi bitirib, Moskvada ali məktəbə qəbul oldular. Baxmayaraq ki, kənd məktəbiydi, ancaq təhsil çox güclüydü Daşkənddə.

Həmişə sənət adamlarına, aşıqlara, şairlərə böyük ehtiram göstərən Təvəkgül Hüseynovun məclislərinin aşıqsız keçmədiyini çoxlarından eşitsəm də, özünün saz çalmağını isə Məmləkət xanımdan eşidirəm:

Həmişə evimizdə saz olub. Özü də hərdən saz çalırdı evdə. Bir dəfə İmadəddin balacaydı. Aşıq İmran bizə – bu evə gəlmişdi. Sazı İmadəddinin qucağında görüb, dedi – bu uşağa saz nə gözəl yaraşır. Sonra İmadəddinə bir saz bağladıb gətirmişdi. İndi həmin saz Fərhaddadı. Bizim evdə o vaxtkı aşıqların əksəriyyəti olub. Aşıq İmrandan, Aşıq Əkbərdən, Ədalətdən, Aşıq Kamandardan, Aşıq Hacıya kimi. Biz Göyçəyə gedən kimi Aşıq Hacı bir heyvan da götürüb bizə gələrdi, camaat yığılardı, gecə səhərə qədər çalıb-oxuyardı. Alqayıt da şeir deyərdi. Aşıq Ədalətin də günü bizim kənddə keçirdi. Mamed müəllimgilnən kirvəydi, onunçun çox gəlirdi Daşkəndə. Kənddəki əksər məclislərimizdə Ədalət də iştirak edib. Bir toyu xatırladırdı o məclislər. Heyif o günlərə...

Təvəkgül Hüseynov adı gələndə ürəyi köksündə quş kimi çırpınan Fərhad müəllim, təkcə qardaş kimi yox, həm də Təvəkgül Hüseynova bir şəxsiyyət kimi olan hörmətini dilə gətirib; Göyçənin müsibətli köçə-köçündə Təvəkgül müəllimin həmin günlərdə keçirdiyi iztirabları kövrək bir xatirə kimi xatırlayır:

 1988-ci ilin noyabrın axırıydı, onda Təvəkgül Bakı Zərif Mahud Kombinatının direktoru işləyirdi. Ordan-burdan Göyçənin dağılması xəbərini eşitdikcə əsəbləşir, müəyyən dövlət adamlarına zəng edirdi ki, camaata kömək edin. Həmin vaxt mənə dedi ki, dayanma, get Mingəçevirdən də Orucu götür, gedin camaatın kənddən çıxmağına kömək edin. Məndən böyük bir qardaşım Oruc əvvəldən Mingəçevirdə yaşayırdı. Bakıdan Yevlağın Avtobazasının müdirinə zəng eləyib dedi ki, Göyçədə camaatın vəziyyəti pisdi, maşın təşkil elə, qardaşlarımı da göndərirəm yanına. Getdik Orucnan Avtobazanın müdirinin yanına, o bizə dedi – indi maşın işi çox çətindi, amma Ağdamın Avtobazasına tapşırmışam, sizə maşın verəcəklər.Ağdamdan bizə 12 maşın verdilər. Maşın karvanı düzəltdik. Ağdərə-Kəlbəcər yolu gedib gecə saat 2-də çatdıq Daşkəndə. Nərimanlıda yolu çaşdıq, ermənilər üstümüzə hücum elədilər. Birtəhər əllərindən qutarıb, qardaşımgilin həyətinə çatdıq. Kəndə işıqlar sönüb, itlər ulaşır, qaramat basıb hər yanı. Dekabrın 1, soyuq da bıçaq kimi kəsir adamı. O, haylı-haraylı kənddən əsər-əlamət qalmamışdı. İmkanı olan köçünü yığıb Bərədəyə, Kəlbəcərə aşırmışdı. Qalan da cavan uşaqlarıydı, orda-burda erməni-rus əsgərlərindən gizlənə-gizlənə quş tüfəngi ilə gecələyirdilər, kömək gözləyirdilər ki, kimsə maşın göndərəcək, gedəcəklər. Qardaşım Arif də kəndimizdə yaşayırdı. Maşının səsinə Arif əlində silahnan çölə çıxanda, qabağa yeridim ki, görsünkü bizik, silah işlətməsin. Qardaşımgilin, qohumların köçünü 2 maşına yığdıq, qalan 10 maşına kənd camaatının köçü yükləndi.Təvəkgül Mingəçevirdə gəlib atamı, qardaşımgili görəndə çox kövrəldi. Düşünürdükü necə yəni, biz birdə doğulduğumuz kəndə, o səfalı yerlərə gedə bilməyəcəyik? O da ona bir dərd oldu. Anamın qəbri də qaldı Göyçədə. Ananın balasından ayrı düşməyi yəqin belə olurmuş.

 Fotoqrafımız Mehdinin başqa yerdə çəkilişi olduğu üçün şəkilləri çəkib, məclisi tərk eləmək istəyir. Məmləkət xanım təkid edir ki, bir qismət yemək ye, sonra get. Məmləkət xanımın bu qonaqpərvərliyi verəcəyim bəzi suallardan məni yayındırır. Təvəkgül müəllimin dostları haqqında soruşuram: O dostları ki, onlar hər zaman Təvəkgül müəllimin əhatəsində görünər, xeyrinin-şərinin şərikinə çevrilərdilər:

Dostları çoxuydu, evimiz də o dostların get-gəlləri ilə isti bir ocağa dönmüşdü. Hamısı sanki bizim evin adamları idi. Nə arzuları, istəkləri olsa, canla-başla yerinə yetirərdim. Çoxu da bizə gələndə istəyərdi onlara Göyçənin ləziz yeməyi olan, “xəngəl” ya da “qovurma” bişirim. Dostlarından İbrahim Mustafayevin, Rəhim Hüseynovun, Yunis Rzayevin, Qəşəm Aslanovun, Məşdi Məmmədovun, Akif Mürşüdovun, Arif Məmmədovun, Səfiyar Musayevin, Zərbalı Qurbanovun, Bayram Bayramovun adını çəkə bilərəm.

Bayram müəllim hazırda yaşayır, qazaxlıdır. Tale elə gətirdi biz İbrahim Mustafayevlə, Akif Mürşüdovla sonra qohum olduq, onların qızları indi mənim gəlinlərimdi. Öz kəndimizdən olan Hacıyev Məhəmməd və İbrahim qardaşlarıynan, Tağıyev İsmayılnan tələbəlik illərindən dostuydular. Onlar Azərbaycana gələndə, biz Moskvaya, Özbəkistana gedəndə bizi qarşılayardılar, adımıza yüksək səviyyədə məclis qurub, nazımızı çəkərdilər.

Söhbətin şirin yerində qapının zəngi çalınır, İmadəddin qapını açır, gələnin Mahirin böyük oğlu Mətinin olduğunu bildirir. Nənəsi Məmləkət xanım nəvəsinin gəlişindən xoşhal olub, Mətinin boyununu qucaqlayıb, üz-gözündən öpür. Fərhad müəllim Təvəkgül Hüseynovun böyük nəvəsi Mətini bizlə tanış edir:

 

– Kanadada Toronto Üniversitetini bitirib, hazırda SOCAR-da böyük mühəndis vəzifəsində çalışır. Babasının, atasının adına layiq bir gəncdi. Gələcəyi parlaqdı, perspektivi indidən görünür.

Çox keçmir bu ocağın qudası, tanınmış riyaziyyatçı alim, AMEA şöbə müdiri, professor Ramiz Aslanov gəlişimizdən xəbər tutub məclisə təşrif buyurur. Özü boyda səmimiyyət işığı olan Ramiz müəllim, təvazökarcasına öz bioqrafiyası haqqında ümumi məlumat verib, Moskva həyatından, görkəmli riyaziyyatçılardan, Lev Tolstoydan özünəməxsus təhkiyə ilə maraqlı əhvalatları bölüşür.

Təvəkgül Hüseynovla, qardaşı Səməd müəllimlə 80-ci illərdə Səfxan Şamoyevin vasitəsi ilə tanış olduğunu, onun nəcib, insani keyfiyyətlərindən, bacarıqlı kadr olmasından qürurla danışır. Məclisdən ayrılmaq istəməsək də, Xətainin də, mənim də işimiz olduğundan vaxta təslim oluruq.

Soğollaşmamışdan öncə özümdə cəsarət tapıb Məmləkət xanımdan, İmadəddindən, Fərhad müəllimdən soruşdum: Təvəkgül müəllimin özü ölümünü hiss edirdi? Son sözü, vəsiyyəti nə oldu? Bu sualımdan sonra bir neçə dəqiqəlik sanki araya ölümün özü boyda ağır bir sükut çökür. Sualımdan qəhərlənən Məmləkət xanım çətin də olsa, sükutu pozub – özü hiss edirdi, amma bizə heç nə hiss elətdirmək istəmirdi – deyir. Gözləri yaşaran Fərhad müəllim – Allah heç kimə o günü, qardaş itkisini göstərməsin – deyir.–Əvvəldən xəstə olduğunu bilirdik, böyrəyində problem varıydı, nə qədər müalicə olundu Moskvada, Leninqradda xeyri olmadı. Axır vaxtlar vəziyyəti getdikcə ağırlaşırdı. Hamımız bütün günü yanında olurduq. Qardaşım Səməd də, bacılarım da rayondan tez-tez gəlib dəyib gedirdilər. O dünyasını dəyişəndə elə bildim heç kimimiz yoxdu, hamımız yetim qalmışıq.–

İmadəddin isə boğazındakı qəhəri uda-uda əlini baxışlarının arxasınca uzadıb atasının dünyasını dəyişdiyi otağı göstərib: 1995-ci ildə mayın 15-də axşam saat 17:00-da rəhmətə getdiyini bildirir...

QILMAN İMAN

Fotoqraf: MEHDİ


Etiket: təvəkgül
Xəbərlər

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023
Bütün xəbərlər