Sazbəndlik-Saza bəndlik

22:06 / 16.11.2018
Baxılıb: 2786

Ulu ozan-aşıq sənəti Dədə Qorduqdan bu günədək keşməkeşli yol keçərək, sivilizasiyaların qovşuğunda belə özünün varlığını qoruyub saxlaya bildi. Bu da, təbii ki, onun məhəbbətlə yaşadılması deməkdir. Aşıq sənətinə dərin məhəbbəti olan, onu yaşadıb sonrakı nəsillərə sevdirən ustad, klassikləşmiş ozan-aşıqlarımızın yerinin boş qalmadığı göz qabağındadır. Türk dünyasının Yunus Əmrəsindən bu günkü gənc ifaçılarımızadək hər birinin bu sənətə məhəbbəti danılmazdır. Dünyanın inkişaf etmiş dövlətlərinin geniş konsert salonlarında öz məharətləri ilə tamaşaçıları saza baş endirən sənətkarlarımız da az olmayıb. Digər musiqi alətlərindən fərqli olaraq, kustar üsulla hazırlanmış sazın havacatları müasir texniki avadanlıqlarla ərsəyə gətirilən digər simli musiqi alətlərinkindən daha ürəyəyatımlıdır. Sazın daha bir xüsusi əhəmiyyəti isə onun türkçülüyün simvoluna çevrilməsidir. Bəlkə elə bu səciyyəvi cəhətinə görə də türkün qələbəsini sazsız, qılıncsız və atsız təsəvvür etməyiblər. Xanlar, xaqanlar döyüşlərdə sazın hikmətilə qılıncın hünərini qoşalaşdıraraq düşmən üzərində qələbə çalıblar. Tariximizin, mədəniyyət və incəsənətimizin, daha dəqiq desək, Dədə Qorqudumuzun yadigarı olan sazın bütövlükdə türk dünyasında yaşadılmasının əsas səbəblərindən biri onun necə hazırlanmasıdır. Saz digər simli musiqi alətlərindən daha çox tariximizi, mədəniyyət və incəsənətimizi özündə qovuşduraraq yaşadır. Ona görə də onu, sadəcə, musiqi aləti kimi anlamaq və dəyərləndirmək olmazdı. Ümumiyyətlə, saz sənətinin, daha doğrusu, sazbəndliyin bugünkü vəziyyətinə aydınlıq gətirmək üçün tanınmış el sənətkarlarından birinin ünvanına üz tutmalı olduq. Öyrəndik ki, çox erkən yaşlarından bu sənətə könül verən Aşıq Murad Kövrək paytaxt Bakıda, « Borçalı ocağı » ədəbi mərkəzində sazbəndliklə məşğuldur. Odur ki, yolumuzu bəlkə də çoxlarının ayağı dəyməyən, lakin aşıq sənətinə ürəkdən bağlananların isə ziyarətgahına çevrilən, könüldən iraq olmasa da, gözdən uzaq, metronun « Neftçilər » stansiyasının yaxınlığında, olduqca darısqal emalatxanasından salmalı olduq. Təxminən 15-16 il öncə onunla Abşeron rayonunun Çaylı kəndindəki emalatxana - evində görüşmüşdük. O zaman birotaqlı evində də sazbəndliklə məşğul olur, « kasıb koması »nı sazın səsi ilə nurlandırırdı. Demək, ailəsində göz açıb böyüyən balalarının da laylası sazla çalınırdı…

Emalatxanada sazbəndin barmaqlarının qabarından sığal tapan, amma hələ sinələrdə məclislərə ayaq açmamış bir neçə saz və yarımçıq əl işləri, olduqca darısqal olan emalatxananın, sadəcə, palçıqla suvanmış daş divarlarından asılmış bir neçə foto-portret ilk baxışdan diqqəti özünə cəlb edir. Sazbənd şəkilləri ustadların deyimləri ilə təqdim edir: -Ustadına kəm baxanın gözlərinə qan damar. Mən onların saza məhəbbətindən öyrənmişəm bu sənəti. Ustadım Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar, Xındı Məmməd, Aşıq Gülabı… adlarını sadalamadığım neçə-neçə ustad saz-söz sərrafları və xiridarlar ozan sənətini təkcə mənə yox, çoxlarına sevdiriblər. Dövr, zaman dəyişə də, yeni-yeni musiqi alətləri icad edilsə də, sazın meydanına çıxa bilməyiblər. Bu hikməti sazbənd çox ustalıqla açdı:- Ona görə ki, bizim laylamız sazla çalınıb. Əslində, təkcə türkün deyil, bineyi-qədimdən Adəm övladının ruhunu oxşayıb bu səs. O, ən qədim və ulu musiqi alətimizdir. Molla Cuma deyib:

Aşıqlıq Adəmdən icad olubdur,

Ol Adəm-Atanın nəvəsiyəm mən.

Demək, insan yaranışından, dil açandan, söz deyən zamanlardan saz yaranıb. İlk musiqi səsi sazdan çıxıb. Mən sazla sözün eyni doğulduğunu inkar edən görmədim. Nə olsun ki, ilk ibtidai insanlar daş üzərində müxtəlif səslər çıxardılar, oxudular. Necə ki Uzaq Sibirdə monqollarda qalıb (onlar bu gün də səsləri ilə musiqi ifa edirlər) bu ilkinlik. Yaxud Qobustandakı Qaval daşdan çıxan səs möcüzə deyilmi? Sanki daş « dil açıb » oxuyur, musiqi səsləri çıxarır, ritmli hərəkətlər yaradır insan övladında. Demək, daş səslərdən sonra ilk musiqi sazdan çıxıb, yəni ağacdan. XXI əsrədək yol gəlmiş saza məhəbbətin məkanı genişləndikcə o, uzun ömürlülük pasportu qazanıb. Sazbənd qeyd etdi ki, ona sifariş verənlər təkcə respublikamızın ayrı-ayrı bölgəsindən deyil. İran (Təbriz, Tehran və əsasən Əhərdən) Türkiyə, Orta Asiya respublikalarından, Rusiyanın bir çox vilayətlərindən müraciət edənlər var. Bir çoxları, hətta telefon vasitəsilə saz sifariş edirlər. Ona görə ki, artıq bu emalatxanda hazırlanmış sazlar dünyanın bir çox guşəsində sevilə-sevilə çalınır və qərib ellərdə yaşayan soydaşlarımızı ruhən vətəninə, türkçülüyünü isə özünə qaytarır. Lakin cənublu soydaşlarımız özləri bu emalatxananın qapısını açır və istədikləri sazın sahibinə çevrilirlər. Sazı təkcə sifarişlə hazırlamadığını bildirdi sazbənd: - Ehtiyat sazlarımız həmişə olur. Qiyməti isə sazbəndi bir o qədər maraqlandırmır. Küçə-bazarlarda əlində saz gəzdirənləri qəbul edə bilmirəm. Çayxanalarda, yolkənarı kafelərdə, əyləncə yerlərində, yaxud televiziya verişlərində, əsasən də şoularda bu ulu el sənətinə bayağı yanaşanları qənim sayıram. Aşıq daim eldən yuxarı tutulub. Ona görə də sazı və aşığı eldən aşağı salmaq, kökünə, soyuna nadanlıq göstərməkdir. Belə demək mümkünsə, son 10-15 ildə, yəni müstəqilliyimizin bərpasından sonra saz sənətinə də bir qayıdış oldu. Təbii ki, bunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu. Həmin siyasətin davamı olaraq dövlət başçısı bu sənətin yaşadıcılarının əməyini yüksək qiymətləndirir, onların yubileylərinin keçirilməsi üçün sərəncamlar imzalayır, yaradıcılıq gecələri keçirilir. Azərbaycan Aşıqlar Birliyinə xalq şairi Zəlimxan Yaqubun sədr seçilməsi də sənətsevərlərin ürəyincədir. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi isi siyahısına daxil edilməsi heç də təsadüfi deyil. Dövlətimizin və onun başçısının mədəniyyət və incəsənətimizə diqqəti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın vətənpərvərlik nümunəsidir. Aşıq məktəblərinin fəaliyyət göstərməsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bu sənətin incəliklərinin öyrədilməsi, son illər gənc aşıqların respublika müsabiqələrinin keçirilməsini də bura əlavə etsək, adıçəkilən sahəyə dövlətlə yanaşı, qeyri-hökumət təşkilatlarının və geniş ictimaiyyətin də marağının artmasını söyləmək olar. Aşıq Murad ustadlığa yetənədək keçdiyi yola da, ötəri nəzər saldı:- Ustad yanında düz beş il şəyirdlik etmişəm. Bu gün inanmıram ki, hansısa ustadın həyat yoldaşı şəyirdə o illərdəki kimi qayğı, diqqət göstərsin. Artıq saz sinifləri fəaliyyətə başlayandan sanki ustad yanında şəyirdlik etməyə ehtiyac qalmır. Alqışlanası haldır ki, indiki şagirdlər müəllimlərindən daha çox mətləblər öyrənə bilərlər. Bu mənada onlara həm böyük inam var, həm də etibar. Demək, saz sənəti özünün daha sürətli inkişaf yoluna çıxıb, ona görə də dövlətimizin başçısına və ölkəmizin birinci xanımına bu sənəti yaşadanlar və sevənlər adından minnətdarlıq dolu təşəkkürümü bildirirəm. Heç də təsadüfi deyildi ki, sazbənd Muradla söhbətimzə başlayanda o, ustadı Aşıq Hüseyn Saraclının adını birinci çəkdi və ailəsinin qayğısından söz açdı. Bu, əslində, elə söhbətə ustadcasına başlamaq eyhamı idi. O, şəyirdlik etdiyi müddətdə Saraclı kəndində, beş il ustadının evində yaşadığından, saraclı camaatı onu doğmaları sayır. Həmin gün də ustadın emalatxanasında bu sənətin pərəstişkarı olan bir neçə borçalılı ilə görüşməli olduq. Süleyman Səmədoğlu sazbəndin əvvəllər aşıq kimi el məclislərində sevildiyini dilə gətirdi. Sən demə, sazbənd Murad ustad aşıq kimi də tanınırmış. Ustadın, artıq neçə illərdir ki, sazbəndlik etdiyindən, el şənliklərinə səsi deyil, sazının havacatları vasitəsi ilə xeyir-dua verilir. Saza, müdriklərə, ustad sözünə bir müddət göstərilən diqqətsizlik sazbənd Muradı da sıxıbmış. Doğulduğu Borçalı mahalındakı toy şənliklərində sazın ara-sıra görünməsini ürək ağrısı ilə qarşıladığı zamanlar da olub, sübhə kimi dastan söyləyən aşqların toylara gedəndə ayaqları altında qurbanlar kəsildiyini də görüb. Amma bu gün o çox nikbindir. Deyir ki, xalqımız öz sevimli və ulu ozan-aşıq sənətini qoruyub saxlayır. Saz Avropanı deyil, bir çox qitələri dolaşır; məqribdən-məşriqəcən səsi yayılır. Ən böyük konsert salonlarında səsləndirilir türkün səsi. Bu, həm də türkün ozan səsinin dünyanı fəth etməsi deməkdir. Aşıq Murad onu da söyləməyi unutmadı ki, bu sənətə maraq, həvəs onda ötəri olmayıb. Babası Hökmalı kişi uzun müddət, daha doğrusu, ömrünün sonuna kimi qara zurna ifaçısı və dəmkeşi tək tanınıb. Onun sazbəndliyə gəlişinə səbəb isə dədə-babadan xarratlıq peşəsi ilə çalışmaları olub. Atası ağac materialından yer şumlamaq üçün boyunduruq, xırmanda dəni taxıldan ayıran vəl, un təknəsi, həvə, dördayaq, oxlov… kimi məişət alətləri düzəltməsi ilə məşhur imiş. Öz sənəti ilə bağlı o, daha bir maraqlı məqama toxundu. Saz və bənd sözlərinin mahiyyətini açıqladı. Dedi ki, onlar qovuşanda, bütövləşəndə sazbəndlik yaranır. Sazdüzəldənlər bu sənətə o qədər bənd olur, vurulurlar ki, aşıqlıqlan çox, saz düzəltməyə meyl salırlar. Yəni, hər bir sazbənd əsl aşıq sayılırmış. Demək, sazbəndlik saza, bu sənətə bəndlikdən yaranır. Bu ecazkar, nəğməkar, bəstəkar alətə bizdə saz deyildi kimi, Orta Asiyada o, qobuz və ya qopuz adlanır. Aşıq müxtəlif dövrlərdə ayrı-ayrı ad daşıdığı kimi ( ozan, yanşaq, aşıq və s. ), saz da müəyyən prosesləri keçərək, günümüzədək yol gəlmişdir. Ona görə də adi taxta parçası ola bilməz sirli-sehrli dünyası olan sazımız. Qaraca Oğlanın bir bənd şeirini də xatırlatdı ustad:

Sazım, səndən xəbər alm,

Sənin əslin ağacdandı.

Ağac dedim, kefdən düşmə,

Xurma da var, ağacdandı…

Yəni, o, şirin Bağdad xurmasını nəzərdə tutur. Ağacdan çıxan səs insan ruhunun barmaqlarla ötürülən səsidir. Ona görə həm şirin, həm dadlı, həm də ruh oxşayandır. Bu ilahi səs maddi və mənəvi sərvətimizdir. Sazın ərsəyə gəlmə prosesinə toxunan sazbənd yeri gəlmişkən onun əsasən üç hissədən ibarət olduğunu qeyd etdi:- Qol, çanaq və beçədən ibarət olan sazın hikmətləri çoxdur, onlardan biri üç rəqəmi ilə bağlıdır. Qeyd etdik ki, o, üç hissədən ibarətdir. Ona görə bəzən ona üçtelli də deyirlər. İlk yaranışından sazın pərdələri artdığı kimi, onun simləri, yəni telləri də çoxalıb. Saz üç simlə üç pərdəyə köklənir. Çox güman ki, burada da bir hikmət gizlənir. Atalar sözlərimizi yada salaq: « Atalar üçə kimi deyib ». Yaxud bu gündən sabaha olan zaman məsafəsini götürək: səhər, günorta, axşam – üç hissədən ibarətdir. Zaman keçdikcə hikmətlər və sirli aləmlər dünyası sayılan saz da təkmilləşməyə, müasirləşməyə məruz qalıb. Onun pərdələri də çoxalıb, tellərinin sayı da. Lakin istər o, üçtelli olsun, istərsə də yeddi, doqquz və ya on bir telli, yalnız üç sim üstündə köklənir. Sazı əsasən dəmyə bitən tut ağacından (armuddan da hazırlayanlar var) düzəldirlər.Çünki bu ağac quruyanda da elastikliyi azalmır, yaxşı yonqara gəlir, Çanaq hissəsi yeddi parçadan ibarət olmalıdır, amma bu gün doqquz hissəyə də rast gəlmək mümkündür. Bunun elə bir ciddi qorxusu yoxdur, əksinə, incəlik, zəriflik verir, zövq oxşayır. Ayrı-ayrı bölgələrdə bu sənətlə məşğul olanlara gəlincə, ustad əsasən Borçalıdan olan bir neçə sazbəndi xatırlatı: Fərman Xuduoğlu, usta Rizvan, hazırda Borçalı mahalında yaşayan şəyirdi Vəfalı, Elbəyi (sədəfvurma üzrə kamil sənətkar olduğunu bildirdi) bu sıraya daxil idi. Yeri gəlmişkən, sazbəndlərimizin təkcə adlarını sadaladığımız olmadığını o, özü də etiraf etdi. Əlavə olaraq hazırda Yevlax ərazisində məskunlaşmış kəlbəcərli məcburi köçkün Süleyman və Şəfaqət Mehralı oğlu qardaşlarının, Goranboyun Qaraçinar kəndindəki İlqar Müzəffər oğlunun, nəhayət, mərhum sazbənd, aşıq Əlişin və onun oğlu, Kəlbəcər Uşaq İncəsənət məktəbinin müəllimi Asif Quliyevin adlarını çəkmək olar ki, hər birinin bu sənətin yaşamasında əvəzsiz əməkləri və hələ də qiymətini gözləyən xidmətləri vardır. Nəhayət, sazın zilli-bəmli pərdələrində, daha doğrusu, beçə hissəsində ifa etmiş klassiklərimizi yad etməklə söhbətimizə divani ilə başladığımız ki, müxəmməslə də sona vetirmək istədik: Aşıq Alıdan sonra Aşıq Əsəd Rzayevin, Dədə Şəmşirin, Əkbər Cəfərovun, İmran Həsənovun, İsbəndiyar Hacıyevin, Dəmir Gədəbəylinin… səsləri sazın bütün pərdələrində qanadlansa da, beçəyə qalxanda zirvələşir, əlçatmaz ənginliklərdə pərvazlanırdı…

Məhəmməd Sadiq Nərimanoğlu


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər