Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı” — Professorla MÜSAHİBƏ

15:50 / 15.11.2018
Baxılıb: 3822

May ayının 29-da Moskvada yaşayan həmyerlimiz professor Ələddin Allahverdiyevin 71 yaşı tamam olur. Keçən ilin bu günlərində Bakıda keçirilən yubiley tədbiri öncəsi Karabakhmedia.az saytı üçün ondan müsahibə götürmək istəsək də, qismət bir il sonraya imiş. Ələddin müəllimlə müsahibəni və onun haqqında qısa arayışı oxuculara təqdim edirik. 

 

– Ələddin müəllim, Necəsiz? Bakıda havaların qızdığı hiss olunmaqdadır. Moskvada havalar necədir? Ümumiyyətlə məsafə etibarı ilə çox uzaqda olan Moskvadakı fəsillər ilə Bakıdakı fəsillərdə nə kimi fərqlər var? 

 

– Sağ olun, yaxşıyam. İlin bahar fəsli, onun may ayı həm Bakıda, həm də Moskvada təbiətin canlanması, havaların qızması, hər iki şəhərin yaşıla bürünməsi ilə bağlı insanların qəlbində yeni bir coşqu, oyanış yaradır. Əlbəttə Moskva Bakıya nisbətən xeyli şimalda yerləşdiyindən onun iqlimi ilin bütün fəsillərində, xüsusilə qış fəslində daha soyuq şəraitdə keçir. Şiddətli küləkli və yağışlı günləri istisina olmaqla Bakının bütün fəsilləri gözəldir. Eyni fikri, qışda güclü şaxtaları çıxmaq şərtilə, Moskva haqqında da deyə bilərəm.

 

– Səhv etmiriksə, 50 ildir Moskvada yaşayırsız. Moskvaya gedişiniz necə oldu? Bu bir arzu idi, yoxsa? 

 

- Hələ IV-V siniflərdə oxuyarkən dərsliklərimizin birində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin qülləli binasının şəklini görmüşdüm və çox xoşuma gəlmişdi. “Mən burada oxuyacam” – deyə, bunun reallaşmasını tam təsəvvür etmədən uşaqlıq arzumu bildirmişdim. Sonralar Bakıda 190 №-li məktəbdə və Bakı Dövlət Universitetinin I-III kurslarında əlaçı oxuyarkən, riyaziyyat olimpiadalarında uğurla çıxış edərkən qəlbimdə yaşayan bu arzunun real olduğunu hiss etdim və III kursdan sonra ali təhsilimi davam etdirmək üçün Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə köçürüldüm. Sonra aspiranturada saxlanıldım, dissertasiya müdafiə etdim, iş təklifindən imtina etmədim. Bu təklifə razılığıma 1973-cü ildə Ulu öndər Heydər Əliyevlə respublikamızın Moskvadakı daimi nümayəndəliyində tələbə və aspirantların görüşündə aspirant kimi mənim çıxışımdan sonra onun “çalışın qalın, yerləşin Moskvada, işləyin, respublikamızı layiqincə təmsil edin, tanıdın” sözləri xüsusi təkan verdi. İndi artıq 50 ildir ki, Moskvada yaşayıb işləyirəm. 

 

-Doğulduğunuz Göyçə mahalı, doğma Kəsəmən kəndi uşaqlıq xatirələrinizdə necə qalıb – kənd həyatı, əhalinin məşğuliyyəti?  

 

– 57 ildir onlardan ayrılmağıma baxmayaraq, anadan olduğum Göyçə mahalı, Kəsəmən kəndi yaddaşımda ən əziz, xoş, canlı bir xatirə kimi əbədi həkk olunmuşdur. Xəyalımda yaşayan Göyçə mahalı mənim üçün eyni adlı gölü ilə bərabər, Tanrının sevgi ilə yaratdığı – hər tərəfdən dağlarla əhatə olunmuş, füsunkar təbiət gözəlliyini özündə cəm etmiş ilahi bir guşədir, müqəddəs torpaqdır. Sıra dağlar əhatəsində yerləşdiyinə görə Göyçə mahalına xalq arasında bəzən “Göyçə çuxuru” da deyirlər. Xatirəmdə yaşayan Göyçə mahalı onun hər bir övladına doğma olan söz-saz sənəti ilə vəhdətdədir, ayrılmazdır. Mənim üçün eyni zamanda dünyanın ən gözəl, sakit, xoş, zəngin təbiəti, axar-baxarlı, mənzərəli məkanı anadan olduğum Kəsəmən kəndidir. Kəndimiz sıra dağlar ətəyində, hələ deyərdim, yamacında, yaşıllıqlar içərisində yerləşirdi. Nisbətən kiçik kənd olsa da, rayon kəndləri arasında ali təhsilli, savadlı mütəxəssislərinin sayının xüsusi çəkisinə görə sayılan kəndlərdəndi. Qaynar həyatı vardı. Göyçənin bütün kəndlərində olduğu kimi, camaatımız əkinçilik (taxıl, kartof, tütün, yonca), heyvandarlıq, bağçılıqla məşğul olurdu. Kolxozun böyük alma, armud, gilas, alça, gavalı bağı vardı. Həyətlərdə də eyni meyvələri olan səliqəli bağlar vardı. Həm də bizim Göyçə mahalının meyvələrinin tamının – dadının, ətrinin əvəzi yoxdu. Əfsuslar olsun ki, o ətirli meyvələrə mən bu günə qədər hələ də rast gələ bilmirəm. Kənd camaatının bir-birinə çox mehriban münasibəti vardı. Xeyir-şərdə bir-birinin yanında olar, lazım olan köməyi əsirgəməz, iş başa çatmayınca yanlarından çəkilməzdilər. Kənd camaatı arasında ali təhsil almış insanlara, xüsusilə müəllimlərimizə xüsusi hörmət, ehtiram vardı. Yay tətilini səbirsizliklə gözlərdik, Bakıda və qeyri şəhərlərdə oxuyan tələbələr bu vaxt kəndə yığışardılar. Onsuz da qaynar həyatı olan kəndimizdə daha da canlanma yaranardı. Demək olar ki, biz cavanlar hər gün səhərdən dağa qalxar, bir də axşam şər qarışanda evə dönərdik. Çox gözəldi... “Ağ suyun dərəsi”, “Qara suyun dərəsi”, “Bağırın bulağı”, “Cüt bulaqlar”, “Gözələr”, “Bəndin suyu”, Dəyirmanlar”, “Yurd yeri”, “Sarı yal”, “Ağ daş”, “Əsgər ölən”, “Suayrılan”, quzuqulaqlı, kığlı, baldırğanlı, yemlikli, cincilimli yamaclar... və daha haralar. Dağların arasında sanki xüsusi ölçülüb-biçilmiş “Yastana” deyilən futbol meydançamız vardı. Maraqlı oyunlarımız olardı. Hətta qonşu kəndin komandaları ilə də yarışardıq. Kəndimizdə (yəqin ki, bütün Göyçə kəndlərində olduğu kimi) gözəl bir adət vardı: kiminsə evinə gələn qonağa mütləq qohum-qonşu xüsusi diqqət yetirər (ağırlayar), evinə qonaq çağırardı. Biz tələbə və aspirantlar da kənddə qonaq hesab olunurduq, hər gün birimizin evində qonaq olardıq. Böyük və kiçik, heç bir məclis sazsız, sözsüz, aşıqsız keçməzdi. Əgər kənddə olmadığımız müddətdə rəhmətə gedən vardısa, mütləq kəndin mollası ilə birgə o evə başsağlığına gedərdik.

 

– Böyük türk dünyası Göyçəni sazlı-sözlü bir diyar kimi tanıyır. Göyçə mahalında şəxsən gördüyünüz məclislər, aşıqlar, şairlər haqqında xatirələriniz oxucular üçün çox maraqlı olardı.

 

– Gözəllik diyarı olan Göyçə mahalı oğuz yurdu kimi qədim tarixə, adət-ənənələrə, folklor nümunələrinə malikdir. Uşaqlıq, gənclik illərində şahidi olduğum aşıq məclisləri, onlarda cərəyan etmiş olaylar onun zəngin, özünəməxsus, təkrarolunmaz qayda-qanunları ilə, Misgin Abdal, Ağ Aşıq Allahverdi, Şair Məmmədhüseyn, Aşıq Alı, Dədə Ələsgər, Növrəs İman və bu kimi onlarla bədii saz-söz xiridarlarının Göyşə aşıq məclislərində qoyduqları irsə, ənənəyə uyğun olaraq baş tutardı. Aşıq İmran, Aşıq Müseyib, Aşıq Qara, Aşıq Hacı, Aşıq Rza kimi aşıqlar məclislərini mütləq Dədə Ələsgər, Ustad Alı və başqa usta aşıqların ustadnamələri ilə başlayar, dinləyicilərin ümumi rəyi ilə bu və ya digər dastanı, nağılı şirin Göyçə ləhcəsində söyləyərdilər. Adətən payız, qış fəsillərində qurulan aşıq məclisləri səhərə qədər davam edər, iki-üç gün çəkərdi. Bu məclislərə gələn aşıqlar böyük ustalığa, səsə, aşıq sənətinin dərinliklərinə bələd olmalıydılar. Çünki aşıq sənətini dərindən bilən Göyçə camaatı aşıqdan ixtiyari havanı çalmağı, dastanı, aşıq şeirini saz üstündə ifa etməyi tələb edə bilərdi. Aşıqların çayla “boğazlarını islatmaq” üçün etdikləri arabir fasilələrdə onların balabançıları qaravəlli və məzəli əhvalatlarla dinləyiciləri əyləndirər, şənləndirərdilər. Buna görə balabançılardan da bütün saz havalarını bilməkdən, aşığı məharətlə müşayiət etməkdən əlavə belə əhvalatlar söyləmək bacarığı tələb olunurdu.Göyçədə toy mərasiminin, onunla bağlı adətlərin xüsusi, özünəməxsus məna daşıyan gözəllikləri vardı. Qız seçmə-bəyənmə, elçilik, bəlgə, nişan, xına, nəhayət toy məclisi. Bəzən toy məclisindən qabaq, 1-2 gün oğlan evində aşıq məclisi də qurulardı. Toy mərasimi 2 hissəyə bölünərdi. Gündüz toy süfrəsi, axşam isə çalıb oynamaq. Toy süfrəsini adətən deyilən sağlıqlar arasında aşıqlar saz üstündə şənləndirərdilər. Çalıb-oynamaq yerində qadınlar bir tərəfdə, kişilər isə qənşər tərəfdə əyləşərdilər. Arada isə rəqs etmək üçün böş meydan olardı. Göyçə toyları adəti üzrə dəf-zurna müşayiəti ilə keçirilərdi. Şənlik başlamamışdan əvvəl “toyçular” (bizdə – Göyçədə belə deyərdik) kənddə sonuncu toyu olmuş gəlinin olduğu evə gədər, onu çal-çağırla toy məclisinə gətirər, bununla onu el içinə, məclislərə çıxarardılar. Toyun bir nəfər aparıcısı olardı. O meydanda fırlanar, toyun axarınca keçməsinə nəzarət edər, iştirakçılardan alınan sifarişləri növbəyə düzüb toyçulara çatdırardı. Qadınlar arasında toy yiyəsinin qohumlarından çox cəld bir qadın qız-gəlin arasında gəzərək, onları rəqs etməyə dəvət edərdi. Çox vaxt kişilər oturan tərəfdən onlara, “filankəsi rəqsə çıxarın” sifarişi gedərdi. Bir qayda olaraq, toy məclisi aparıcının əlində yaylıq tutaraq “Yallı” oynaması ilə qurtarardı. Göyçə mahalında söz qoşmayan, şeir deyə bilməyən az adam tapılardı. O dövrdə gözəl şeirləriylə mətbuatda çıxış edən güclü istedada malik olan İsmixan Məmmədov (Didərgin), sevimli müəllimlərim, tanınmış şair-publisist, jurnalist Qəşəm Aslanov, gözəl dramaturq-şair Musa Kərimov, şeirləri ilə diqqəti cəlb edən Haqverdi Ələsgərov, Oruc Qarayev, Alqayıt Xəlilov çoxlarına tanış idi. Moskvada olmağımla şeirləri ilə çox gec tanış olduğum, yaradıcılığı qəlbimə çox yaxın olan mərhum Sərraf Şiruyə Göyçə şeir məktəbinin ən sevilən, görkəmli nümayəndələrindəndir. Hikmətli, lirik, vətənpərvər şeirlər, tarixi romanlar müəllifi, “Ulu Göyçə” kimi epik poemasıyla Göyçənin əsrarəngiz panoramasını yaratmış böyük şair Eldar İsmayıl bu gün də ilhamlı qələmiylə öz oxucularını sevindirir. Çox xoşdur ki, Göyçədən uzaqda olsalar da, Səyyarə Məmmədli, Sima Azadqızı, Xatirə Həsrət Göyçə, Sahib İbrahimli, Asəf Orucoğlu, Aqşin Hacızadə, Qılman İman, Müzahim Mehvalıoğlu, Firuz Cəlilov və bir çox başqaları öz istedadlı yaradıcılıqları ilə Göyçə şeir məktəbinin yaşadığına və uğurla inkişaf etdiyinə əminlik, inam yaradırlar.

 

– Qeyd etdiyiniz kimi, Göyçədə qələm təcrübəsi olmayan az-az adam olardı. Karabakhmedia.az saytında dərc olunan Musa Kərimov və Qəşəm Aslanov haqqında xatirələrinizdə oxumuşduq ki, sizin də şeirləriniz “Bolluq uğrunda” qəzetində dərc olunmuşdur. Bəs sonralar niyə şeir yazmadınız?

 

– Düz deyirsiniz, böyük şairimiz Hüseyn Arifin diliylə desək, Göyçədə hətta bulaqlar belə qafiyələrlə, şeirlə axır. Mən də uşaqlıqdan şeir yazmağa alüdə olmuşam, hətta bir neçə şeirim “Bolluq uğrunda”dan başqa “Sovet Ermənistanı” və “Azərbaycan gəncləri” qəzetlərində də dərc olunub. Moskvada Universitetin V kursuna qədər də ara-sıra şeirlər yazmışam. IV kursdan sonrakı yay tətilində xaricə – Macarıstana getməmişdən qabaq yataqxana otağımdakı şkafda “sirli” yerdə başqa əşyalarımla birgə iki qalın ümumi şeir dəftərimi də saxladım. Təəssüflər olsun ki, qayıdanda dəftərlərimin əşyalarla bərabər yox olduğuna məyusluqla şahid oldum. Yay vaxtı yataqxanada boş qalan otaqlara abituriyentləri yerləşdirərdilər. Görünür, onlar bu “sirli” yerdə yerləşən əşyalarla birgə həmin dəftərləri də özlərinə “hədiyyə” kimi qəbul etmişdilər. Mənə çox pis təsir edən bu hadisədən sonra iki-üç nadir anları çıxmaqla şeir yazmağa marağım söndü… Amma poeziyaya, yaxşı, mükəmməl, sanballı poeziyaya sevgi hissi məndə heç vaxt sönməyib.  

 

-Siz ədəbiyyat da daxil olmaqla incəsənəti, xüsusilə musiqini çox sevirsiniz. Bu sevgi haradan, necə yaranıb?

 

– Biz milli-mənəvi dəyərlər baxımından Tanrının töhfəsinə layiq görülmüş zəngin xəzinəyə malik nadir xoşbəxt xalqlardanıq. Təkcə muğamımız və saz-söz sənətimiz xalqımızın tarixinin köklərindən bu günə qədərki yaşamını özündə birləşdirən qürurverici mənəvi qüvvədir, gücdür. Hər bir azərbaycanlının mənəvi dünyası beşikdən, ana laylasından başlayaraq xalq mahnıları, saz və muğam üstündə formalaşır, tərbiyə olunur, püxtələşir, müdrikləşir.Saz sənəti xalqımızın qərinələrdən keçib gələn tarixini, onun adət və ənənələrini, qəhrəmanlıq salnamələrini, insan qəlbinin sevinc və kədər hisslərini ilahi, rəngarəng emosional, duyğulu səslərlə ifadə edən Tanrının bizə bəxş etdiyi ən dəyərli töhfəsidir.Muğam bizim üçün milli özünüdərketmə fəlsəfəsinin kökündə bərqərar olmuş mədəni dəyər mənbəyidir. Bütöv musiqimiz bu daimayaşar mənbədən bəhrələnir, qidalanır, şaxələnir, inkişaf edir... Muğam Tanrının yaratdığı varlığın daimi dövranını əks etdirmək üçün Tanrının özünün yaratdığı ilahi səslərlə ifadə olunan, əbədiyyətdən doğub, insan qəlbindən keçib əbədiyyətə doğru gedən sehrli, müəmmalı, möcüzəli hisslər, duyğular axınıdır... Məhz muğam, ozan-aşıq musiqisi bünövrəsində inkişaf edən musiqimiz şərqin ilk opera və baletini, simfonik muğamlarını, caz-muğam sintezini və s. yaratmışdır.Həyatımın bütün məna kəsb edən dövrlərində, sevincli, kədərli anlarımda həmişə duyğularımdan, içimin emosional hisslərindən asılı olaraq köməyimə poeziya və musiqi – muğam, saz musiqisi və klassik musiqi çatıb. Moskvada, tələbəlik illərində olarkən imtahanlara klassik musiqiyə qulaq asaraq hazırlaşardım. Bir məqamı qeyd edim. Klassik musiqini, xüsusilə simfonik musiqini anlamaq, başa düşmək üçün müəyyən hazırlıq, zaman kəsiyi gərəkdir. O illərdə XX yüzilliyin əvvəllərində Berlində təhsil almış, musiqini dərindən bilən və sevən riyaziyyatçı alim akademik P.S.Aleksandrovun ikinci günlər (“Aleksandrovskiye vtorniki”) klassik alman musiqisinə (Bax, Mosart, Bethoven, Qaydn və s.) həsr olunan gecələri həyatımda xüsusi rol oynamış, klassik musiqini az-çox başa düşməyə, dinləmək mədəniyyətinə sahib olmağa kömək etmişdir. P.S.Aleksandrov Berlindən gətirdiyi çoxsaylı klassik musiqi disklərini səsləndirər, musiqinin ayrı-ayrı məqamlarını dinləyicilərə açıqlayar, onların suallarına təfərrüatı ilə cavablar verərdi. Yeri gəlmişkən qeyd edim, hələ tələbəlik illərindən topladığım fonotekamda dünya, Azərbaycan musiqi klassiklərindən tutmuş saz və xalq musiqimizə qədər 400-dən çox cürbəcür, hətta çox nadir disklər var. Ümumiyyətlə, Moskva Dövlət Universiteti mənim elmi-mədəni dünyagörüşümün formalaşmasında xüsusi rol oynamışdır. Təsəvvür edin, hər altıncı gün Universitetin teatr zalında tamaşalarına bilet almaq çox çətin olan Böyük Teatrın opera və balet truppalarının hamilik (şeflik) tamaşalarına baxmaq imkanımız vardı. Müntəzəm olaraq Universitetin Akt zalında dünyanın ən məşhur alimlərinin iştirakı ilə elmin ən müasir, mübahisəli problemlərinə həsr olunmuş elmi diskussiyalar təşkil olunardı. Elmin yeniliklərinə böyük maraq göstərən biz tələbə və aspirantlar bu nadir əhəmiyyətli elmi tədbirlərdə qabardılan fikirləri xüsusi “aclıqla” udardıq. Universitetin konsert zalında ölkənin ən məşhur, görkəmli alimləri, yazarları, kino, teatr xadimləri, bəstəkar və rəssamları ilə təşkil olunan görüşlər olduqca maraqlı keçərdi. Bu görüşlərdə hər kəs mövzu ətrafında onu maraqlandıran sualları vermək imkanına malik idi. Bir qayda olaraq bu görüşlərdə mən Azərbaycanla bağlı suallar verməyi sevərdim.

 

– Professor, keçən ilin may ayında Gəncədə və Bakıda çox gözəl yubiley tədbirlərinizi doğmalarınız və dostlarınızın əhatəsində keçirdiniz. Həmin məclislərdə xüsusi diqqət çəkən bir çox fərqli məqamlar oldu. Xüsusən sizin leksikonunuzda digər dillərdəki sözlərin olmaması, milli musiqimizin sədaları altında çox gözəl rəqsiniz tədbir iştirakçılarını valeh etdi. Bu barədə fikirləriniz də oxucular üçün maraqlı olardı.

 

– Hər bir insanın, xüsusən elm adamının bir neçə dil bilməsi yaxşıdır, bəlkə də zəruri və vacibdir, bu onun şəxsi qazancı, inkişafı, qarşıya qoyduğu məqsədin reallaşması üçün köməkdir. Öz ana dilini olduğu kimi qoruyub saxlamaq isə onun özünü olduğu kimi saf, tərtəmiz qoruması deməkdir. Əks halda, dilini unutması, qarışdırması milli mənsubiyyətini itirməsi deməkdir. Bağışlayın, bir qədər pafosla səslənsə də, mənim üçün ana dilim, dinim və milli mənsbiyyətim qanıma keçərək həyatımın varlığının mənasına çevrilmişdir. Ana dilimizdə danışarkən əcnəbi sözlər işlətməmək dilimizin çox zəngin olduğunu göstərir, sübut edir. Musiqi və rəqsə gəlincə, elə dünyanın ən gözəl musiqisi də, rəqsi də bizim xalqa məxsusdur. Ad günümdə iştirak edən bütün dostlara bir daha təşəkkür edirəm. Deyim ki, bir çox yuvarlaq ad günü məclisləri Moskvada həm qohum-tanışlarla, həm də qeyri dostlarla, həmkarlarla birgə qeyd olunub, orda da elə bizim milli musiqi və rəqslərimiz və sözsüz ki, saz havaları olub. Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında prorektor işlədiyim dövrdə keçirilən ayrı-ayrı bayram şənliklərində iştirak edən həmkarlarım həmişə məclisin kulminasiya zirvəsini – Azərbaycan oyun havalarının səslənməsini gözləyərdilər. Bu anda məclis xeyli canlanar, xüsusi bir rövnəq alardı. Mən isə qürur içində hər bir həmkarımla, xüsusilə qadın həmkarlarımızla rəqs etməkdən və onların gündən-günə bizim oyun ritmlərini öyrənmələrindən zövq alardım.Bir şeyi qeyd edim, mən qarmon, saz və xüsusilə zurnanın müşayiətilə səslənən oyun havalarımızı çox xoşlayıram. Bakıda, Gəncədə, Naxçıvanda toy məclislərində iştirak edərkən orada qara zurnanın səsini eşitməsəm, sanki toyda olmağımı hiss etmirəm. Zurnayla dəf sədaları altında səslənən oyun havası ruhu cuşə gətirir, bədəni, onun əzalarını oyadır, oynadır, rəqsin ritminə uyğun hərəkətə gətirir...

 

– Ələddin müəllim, siz uzun müddət Rusiyada yaşayan bir şəxs kimi Rusiyanın Azərbaycana olan münasibətini necə qiymətləndirərdiniz?

 

– Rusiya imperiya çəkili böyük, zəngin tarixə, mədəniyyətə malik dövlətdir. Sovet dövründə onun başqa sovet xalqlarının elmi-mədəni inkişafında xidməti danılmazdır. Bununla bərabər, Rusiyanın o dövrdə də, bu gün də tək Azərbaycana deyil, həmin xalqların yaşadığı respublikalara münasbətini “bizim himayəmiz, nəzarətimiz altında “müstəqil” həyat sürün” fikri ilə ifadə etmək olar. Sovet dönəmində mərkəzləşmiş idarə sistemində bu fikir maneəsiz alınırdısa, bu gün, müstəqil dövlətlər şəraitində bunu həyata keçirmək xeyli çətinləşib, mürəkkəbləşib. Bu gün həmin fikrə güclü müqavimət göstərən ölkələrə Rusiya cürbəcür vasitələrlə təpgi, təsir etməklə öz nüfuz dairəsində saxlamağa çalışır. 

 

– Hər halda işlədiyiniz universitetdə erməni müəllimlər də var, olmamış olmaz. Münasibətləriniz necədir? Heç məlum hadisələrlə bağlı diskusiyalarınız olurmu? Ümumiyyətlə, onların Ermənistan – Azərbaycan münasibətlərinə fikirləri necədir?

 

– Mənfur ermənilərin murdar xisləti hamımıza məlumdur, nə qədər pərdələnməyə çalışsalar belə. Bəli, bizim universitetdə də bir neçə nəfər erməni milliyyətli professor, dosent və müəllim işləyir. Onların çoxuyla həmkar kimi rəsmi qarşılıqlı münasibətimiz var. Bir nəfərlə, əslən Tiflisdən olan kafedra müdiri, professorla münasibətlərimiz nisbətən “mülayimdir”. Rəsmi münasibətlərimiz olan müəllimlərin bəziləri ayrı-ayrı tədbirlərdə görüşərkən Azərbaycan musiqisi haqqında xoş sözlər söyləsələr də, həmişə Ermənistan – Azərbaycan münasibətləri haqda söhbət düşərkən tutarlı, dəqiq, faktla verilən cavablara susaraq həmişə mövzudan qaçıblar. Hətta bir-ikisi mənim kabinetimdə olarkən başım üstə asılmış Göyçənin xəritəsini onlara göstərib, “mənim Vətənimdir, orda doğulmuşam və ordan qovulmuşuq, amma əvvəl-axır, gec-tez biz ora qayıdacağıq” sözlərimə, ürəklərində olanı büruzə vermədən hər biri başı aşağı, sükutla cavab verib. Tiflisdən olan isə həmişə mənə yaxınlıq göstərərək, “Ermənistan düz iş görmür, Qarabağı müharibəsiz qaytarmalıdılar, Göyçənin xəritəsinə isə işarə vurub, inşallah (day Boq!) sən də Vətəninə gedəsən”, – deyir. Münaqişə düşdüyü andan bu günə qədər bu mövzuyla bağlı iştirak etdiyim bütün müzakirələrdə mən qarşıma bir məqsəd, qeyri-erməni millətlərə (ermənilər onsuz da tarixi saxtalaşdırmaqda ustadırlar), ilk növbədə ruslara münaqişənin həqiqi səbəblərini, onun yaranma və inkişaf mərhələlərini, bu münaqişədə Rusiyanın tutduğu mövqeyini, Rusiya imperiyasının bütün dövrlərdə əzəli torpaqlarımızda İran, Türkiyə, Livan, Suriya və başqa ölkələrdə yaşayan ermənilərin yerləşdirilməsində, Azərbaycan türklərinin dəfələrlə Ermənistandan deportasiya olunmasında, Qarabağın ermənilərə təhvil verilməsində (əminəm, müvəqqəti olaraq) rolunu açıqlamaqla, başa salmaqla, dəlillərlə sübut etməklə onları özümüzə tərəfdaş etməyə çalışmaq olmuşdur. Bu mənada əlimdə olan materiallar, faktlar, topladığım ədəbiyyat həmişə köməyimə gəlmişdir. Ümumiyyətlə, bilirəm ki, Rusiyada yaşayan ermənilər də, nadir istisnalar olmaqla, adi vaxtlarda özlərini münaqişəmizdə neytral aparsalar da, həlledici anda özlərinəməxsus xisləti göstərməlidirlər.

 

– Bu gün hüquqşünas, filoloq, jurnalist, filosof, menecer, hətta iqtisadçı və s. humanitar sahələrdə mütəxəssis olmaq istəyən bəzi gənclərimiz riyaziyyat nəyimə lazımdır fikrinə əmindirlər. Hamı üçün, o cümlədən bütün gənclərimiz üçün, riyaziyyatçı alim kimi sizin fikriniz maraqlı olar, riyaziyyat insanlara nə verə bilər, onun insan həyatında əhəmiyyəti nədir?

 

–Riyaziyyatı öyrənmək, anlamaq, başa düşmək insanın mədəni səviyyəsinin formalaşmasında mühüm rol oynayır. Riyaziyyat bir fənn, elm kimi insanın ümumi düşüncə tərzini, təfəkkür mədəniyyətini təkmilləşdirir, onları nizama salır, məntiqi mülahizə etməyə sövq edir, onlarda dəqiqliyi və gətirilən dəlillərin, arqumentlərin hərtərəfli mükəmməlliyini tərbiyə edir. Riyaziyyat elmi və onun həyatımızın ayrı-ayrı sahələrində – başqa elmlərdə, texnikada, məişətdə tətbiqi, uğurla istifadə edilməsi həyatda böyük problemlərin həll olunmasına imkan yaratmışdır. İki misal gətirim. Dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın Kaliforniya universitetinin (Berkli) professoru mərhum Lütfi Əsgər Zadənin 6 mühüm riyazi nəzəriyyəsindən biri, qeyri-səlis məntiq nəzəriyyəsi bu gün dünyanın, xüsusilə Yaponiyanın və ABŞ-ın, məşhur müxtəlif şirkətləri tərəfindən foto və videokameraların, paltaryuyan maşınların, vakuum kimyəvi təmizləyicilərin istehsalında, qatarların, avtomobillərin, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, siyasətdə, fəlsəfədə, psixologiyada, linqvistikada, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. İkinci bir misal. Alimlər hesablamışlar ki, yalnız C.Maksvellin elektromaqnit dalğaların yayılmasını ifadə edən riyazi tənliklərinin fiziki mahiyyətinin texnikanın müxtəlif sahələrində olunmuş tətbiqlərindən alınan gəlir bəşəriyyətin tarix boyu elmə qoyduğu sərmayədən dəfələrlə böyükdür.

 

– Bu gün, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatımızda hakim kəsildiyi dövrdə gənclərimiz nadir hallarda kitabxanalara üz tutur, kitablardan az istifadə edirlər. Onlar ən çox elektron kitablara müraciət edirlər. Sizin bu fakta münasibətiniz necədir?

 

– Əlbəttə, bu fakt məni məyus etməyə bilməz. Eyni zamanda bu hal elmin, texnikanın inkişafı ilə bağlı olan qaçılmaz bir durumdur. Əgər gənclərimiz internetdən, elektron kitablardan yetərincə istifadə edirlərsə bu da çox yaxşıdır. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, internetdə həqiqətdən, elmi sübutlardan uzaq olan yanlış məlumatlara da çox tez-tez rast gəlmək olar. Buna görə, ciddi redaksiyadan, ekspertizadan keçmiş kitablar bu gün də xüsusi məna kəsb edir. Məşğul olduğum elm sahəsində axtarışlarımla bağlı olaraq həyatımın böyük, əhəmiyyətli bir hissəsi ölkənin ən zəngin Rusiya Dövlət (keçmiş V.İ.Lenin adına) və Moskva dövlət universitetinin kitabxanalarında keçmişdir. Bu gün də müntəzəm olaraq 3000-dən çox kitabı olan şəxsi kitabxanama müraciət edib lazım olan məlumatla dəyərləndikcə zövq alır, məmnunluq hiss edirəm. 

 

– Siz həyatda özlərinə layiqli mövqe tutmuş iki övlad böyütmüsünüz. Sizcə ailədə övladın tərbiyəsində hansı amillər mühüm rol oynayır? 

 

– Ailədə övladın tərbiyəsində ilk növbədə xüsusu rol oynayan amillər valideynin şəxsi nümunəsi, onun sözüylə əməli arasında olan vəhdət, insanlara olan səmimi münasibətlərdir. Düzlük, elmə, təhsilə, kitaba, böyüyə, qadına hörmət, hətta süfrə arxasında davranış və s. övladın tərbiyəsində xüsusi rol oynayır. Yerində və tərzində deyilmiş söz də bəzən gənclərin həyatında xüsusi əhəmiyyətə malik olur. Övladın fikrinə ciddi, bərabər həmsöhbət səviyyəli yanaşma, düşüncə və mülahizələrindəki yanlışlığı xeyirxahlıqla, əsəbiləşmədən, dəlillərlə başa salmaq da onun düzgün tərbiyəsində və şəxsi ləyaqətinin qorunmasnda, formalaşmasında çox vacib amillərdəndir. 

 

– Ələddin müəllim, sizin üçün xoşbəxtlik nə deməkdir?

 

– Ola bilsin sizə qəribə gələcək, uzun illər qürbətdə yaşamağım, müəyyən həyat təcrübəsi əldə etməyim bu fikri söyləməyə məndə əminlik yaradıb: mənim üçün dünyada ən böyük xoşbəxtlik müstəqil, azad Vətənində özünü daxilən azad, sərbəst hiss etmək deməkdir.

 

– Vətən məfhumu, Vətəni sevmək ifadələri sizdə hansı fikirlərlə bağlıdır? 

 

– Vətən, Torpaq kimi məfhumlarla ifadə olunan Tanrının bizə bəxş etdiyi varlıqlar ən müqəddəs dəyərlərimizdəndir. Buna görə onları qoruyub saxlamaq, gələcək nəsillərə təhvil vermək hər birimizin mənəvi borcudur. Mənim üçün Vətən dünya xəritəsində özünə yer tapmış adicə bir ölkə yox, onun daxilində yaşayan xalqın milli-mənəvi dəyərlərini: dilini, dinini, tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini, ayrı-ayrı milli xüsusiyyətlərini, rəngarəng təbiətini, onun gözəlliklərini və s. özündə birləşdirən bir varlıqdır. Vətən məfhumuna məxsus olan bu məziyyətləri bilmədən, dərindən tanımadan onu sevmək, onun əsgəri, onun könüllü əsgəri olmaq mümkün deyildir. Bu sevgi milli-mənəvi dəyərləri bilən, qəlb süzgəcindən keçirən hər bir qürbətdə yaşayan şəxsin də ürəyində daima yaşayır. Əlli il Vətəndən kənarda, qürbətdə yaşadığım dövrdə mənə ən çox təsir edən, qəlbimə toxunan kiminsə qərəzli, ya qərəzsiz, Azərbaycanım haqqında deyilmiş adi bir irad olmuşdur. Bu anlarda həmişə mənim köməyimə xalqımın milli-mənəvi dəyərlərini az-çox bilməyim gəlmiş, həmsöhbətimin fikrində yanlış olduğunu başa düşməsini sübut etməyə imkan yaratmışdır. Uzun illər qürbətdə yaşasam da, qəlbimdə Vətənə olan sevgi bir an da sönməmiş, daima beynimdə gözəl şairimiz N.Xəzrinin Moskvada oxuyarkən yazdığı bu misraları fırlanmışdır:

 

Könül ayrılmayır öz baharından,

İlham baharından, söz baharından.

Deyirəm Vətənin bircə qış günü

Yaxşıdır qürbətin yüz baharından.

 

Bir də ürəyimi daima sızladan “Od gəlini” tamaşasında səslənən, sözləri dahi C.Cabbarlıya və musiqisi görkəmli bəstəkar Ə.Bədəlbəyliyə məxsus olan “Azad bir quşdum” mahnısı olmuşdur.Təəssüflər olsun ki, bu gün Vətən, Torpaq deyib, bar-bar bağırıb aləmə səs salan urapatriotlarımız az deyil. Qarabağ uğrunda müharibə vaxtı və hətta dinc dövrdə öz övladlarını cəbhədən və əsgərlikdən yayındıran məmurlarımız, yazarlarımız, bəzi “vətənpərvər ziyalılarımız” heç də az olmayıb. Övladlarını müharibəyə yollayıb, özü də onların arxasınca əlinə avtomat götürüb həm ilhamlı sözüylə döyüşçülərimizi ruhlandıran, həm də silahıyla düşmənlə üz-üzə vuruşan el-obasının qəlbində özünə əbədi abidə qoymuş mərhum şairimiz Sərraf Şiruyə kimi, həyat yoldaşına “gözün aydın olsun, övladımız Vətən uğrunda şəhid oldu” deyən böyük ürək sahibi Xəlil Rza Ulutürk kimi sözüylə əməli bir əsil, həqiqətən Vətəni dərindən sevən Vətəndaş yazarlarımız, ziyalılarımız, məmurlarımız çox azdır.

 

– Keçdiyiniz elmi həyat yoluna nəzər salsanız, onu necə qiymətləndirə bilərsiniz?

 

– Hələ gənclik illərimdən riyaziyyata və onunla bağlı elmə olan marağım, vurğunluğum harmonik qanunla inkişaf edərək heç vaxt sönməmişdir. Aspirant və tələbəlik dövründən başlayaraq, aldığım elmi nəticələrin nüfuzlu jurnallarda, elmi toplularda çap olunması, konfranslarda, simpoziumlarda, qurultaylarda məruzələrlə çıxışlar, ixtiralarımın qeyddən keçirilməsi elmi ictimaiyyətdə gördüyüm işlərə müsbət rəy formalaşmasına imkan yaratmışdır. Bildiyiniz kimi, elmlə professional məşğul olmaq heç vaxt güclü maddi gəlir gətirməyib. Mənim üçün ilk növbədə həll olunmamış problemlərin həllindən aldığım nəticələr, onların həlli üçün istifadə olunan metodlar, elmi nəticələrin ayrı-ayrı sahələrdə (mikroelektronikada, müdafiə sənayesində, kosmik fəzanın və dünya okeanının tətbiqində, tibbi texnikada və s.) tətbiqi, məxfi olmayan ayrı-ayrı nəticələrin elmi cəmiyyət tərəfindən qiymətləndirilməsi – məqalələrimə istinad, elmi konfranslara təşkilat komitəsinin üzvü, plenar məruzəçi, ekspert kimi dəvət almaq, dissertasiyaların rəsmi opponentləri sifətində çıxış etmək, bir alim kimi mənə mənəvi zövq, stimul verməklə xüsusi məna kəsb etmişdir. Bunlar mənim üçün ən böyük dəyər, qiymətdir. Tanrıma minnətdaram ki, həyatım boyu məşğul olduğum elm sahəsində onun mənə bəxş etdiyi istedad və bacarıq potensialını yetərincə açmağa təkan vermiş, imkan yaratmışdır. – Yaşadığınız, olduğunuz, səyahət etdiyiniz hansı yer, məkan sizin üçün əzizdir? – Qəlbimdə bərqərar olub daimi sevgi ilə yaşayan uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı. Hər ikisi haqqında saatlarla söhbət etməyə, bölüşməyə xatirələrim var. Son əlli il yaşadığım, övladlarımın dünyaya gəldiyi Moskva şəhəri də mənə əzizdir. İnsanlar arasında səmimiyyətin təbiiliyini, vacibliyini başa düşmək, təbiət gözəlliklərini duymaq, adət-ənənələrə hörmət etmək, saz-söz sənətini anlamaq Göyçə ilə bağlıdır. Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi, mənim həyatımda muğam musiqisini anlamaq, sevmək, teatrla, kino ilə, təsviri incsənətlə, heykəltaraşlıqla, memarlıqla yaxından tanış olmaq, arxitekturanın gözəlliyini duymaq, xalqımızın ayrı-ayrı görkəmli sənət adamlarının yaradıcılığı ilə tanış olmaq imkanı məndə bu sahələrdə müəyyən dünyagörüşü formalaşmasında və s. Bakı böyük rol oynamışdır. Gəncliyimdə Bibi Heybətdən Qara şəhərə qədər hər maraq doğuran tarixi guşəsini qarış-qarış gəzdiyim Bakı qəlbimin əbədi sevgisidir. Həm də Bakı anamın doğma Vətəni, doğulduğu məkan kimi mənə əzizdir. Hər dəfə Bakıya gələrkən Azərbaycanın ən ləziz yeməkləri ilə yanaşı, ən çox ona məxsus olan qutabından, küftə-bozbaşından və düşbərəsindən ləzzət, zövq alıram

 

– Məzuniyyətinizi harda və ya hansı ölkədə keçirməyi xoşlayırsız?

 

– Həyatım boyu bütün tətil və məzuniyyətlərimi, harada yaşamağından, ixtiyari ölkədə istirahət etmək imkanımın olmağından asılı olmayaraq, anamın, Məsumə xanımın yanında keçirmişəm. Bakıda oxuduğum dövrdə Göyçədə, Kəsəməndə, Moskvada oxuyub işlədiyim dövrlərdə Göyçədə və Bakıda, Göyçənin deportasiyasından sonra isə Gəncədə və Bakıda. Yalnız bircə il, 1970-ci ilin yayında ölkədə xolera baş verdiyindən 3 gün “Vnukovo” aeroportunda qalıb uça bilməmişəm. Tətil və məzuniyyətlərimi Göyçədə və Bakıda, mənə doğma, yaxın olan insanların əhatəsində keçirmək mənim içimdən gələn istək, tələbat, övladlıq borcuyla bağlıdır. Hər dəfə doğma ata-anamla, qardaş-bacılarımla, qohumlarla, uşaqlıqdan qəlbimə yaxın olan iki əziz, doğma məkanda – Göyçə və Bakıda olmaq mənə mənəvi güc, qüvvət vermişdir. 1978-ci ildə atamız rəhmətə gedəndən sonra imkan düşəndə anamı görmək üçün ildə bəzən 2-3 dəfə onun ziyarətinə gedirəm. Anam Məsumə xanım Bakıda doğulub. 1 №-li Tibb Texnikumunun III kursunda oxuduğu vaxt müharibədən sonra Bakıda qulluq edən atamın sevgisinə cavab verərək onunla Göyçəyə getmişdir. O çox güclü hafizəyə malikdir. Yaşının yüzü haqlamağına baxmayaraq, insan bədəninin sümüklərinin latınca adlarını bu gün də əzbərdən bilir. Biz övladları onun yanında poeziyadan, mahnılarımızdan söhbət edərkən, yadımızdan çıxan misranı, bəndi ondan soruşarıq. Onun ən çox sevdiyi şairlər Aşıq Ələsgər, M.Ə.Sabir və S.Vurğundur. Onları əzbər bilir. Aşıq Ələsgərə isə o bir ilahi möcüzə kimi baxır. Anamla mən hər mövzuda maraqlı müsahib kimi söhbət edə bilirəm və bu mənə zövq verir. Mənim üçün anamın yanında olmaq, onun hikmətiylə nurlanmaqdan gözəl istirahət yoxdur. Allah bütün anaları qorusun! Dünyasını dəyişənlərə isə Allah rəhmət eləsin!– Sizdən xahiş etsək, XX əsr Azərbaycan tarixində xüsusi, ən böyük rol oynamış bir şəxsin adını çəkin, siz hansı adı, və nə üçün məhz onu çəkərdiniz?– XX əsr Azərbaycan tarixində böyük rol oynamış yalnız bir nəfərin adını çəkmək çox çətindir. Bu əsrdə xalqımız tarixə dövlətçiliyin, elmin və mədəniyyətin inkişafında xüsusi rol oynayan onlarca korifey şəxsiyyətlər bəxş etmişdir. Lakin xalqımızın XX əsr tarixində xüsusi, müstəsna rolu olan üç böyük şəxsiyyətin adını qeyd etmək istərdim: M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və H.Əliyev. İki siyasi, dövlət xadiminin xalqımız qarşısında misilsiz, onun yeni, müstəqillik tarixini yaratmaq kimi taleyüklü işində xidmətləri danılmazdır. Ü.Hacıbəylinin xidmətlərini isə bir qədər geniş açıqlamaq istərdim.Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış cahanşümul dahi bəstəkardır. O, XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərək musiqimizin bütün dünyada şöhrət qazanmasında əvəzsiz rol oynamışdır. Onun təkcə “Arşın mal alan” operettası dünyanın 80 dilinə tərcümə olunmuş, 76 ölkəsinin 187 teatrında tamaşaya qoyulmuşdur.İstər XX əsr musiqimizin, istər XX əsr teatrımızın tarixi, istərsə də əsrin birinci yarısında siyasi və ictimai həyatımızın mürəkkəb və ziddiyyətli yolu Üzeyir Hacıbəylinin adıyla sıx surətdə bağlıdır. Üzeyir Hacıbəyli eyni zamanda bəstəkar, müəllim-pedaqoq, gözəl alim, incə yumorlu yazıçı-dramaturq, kəskin qələmli jurnalist, publisist, yorulmaz ictimai və siyasi xadim kimi hərtərəfli fəaliyyəti olan böyük bir şəxsiyyətdir.O, ilk növbədə bir bəstəkar kimi dahi Məhəmməd Füzulinin ölməz poeması əsasında yaranmış ilk Azərbaycan operasının, bütün Şərqin də ilk operasının, dünya musiqisində yeni, muğam-opera janrının – “Leyli və Məcnun”un, dünya şöhrətli “Arşın mal alan”ın və “O olmasın bu olsun”un, bütün türk dünyasının qeyrət, qəhrəmanlıq və cəngavərlik himninə çevrilən “Koroğlu” operasının, dahi Nizaminin bənzərsiz qəzəl inciləri ilə həmahəng səslənən “Sənsiz” və “Sevgili canan” romanslarının, türkçülüyü, iki qardaş – Azərbaycan və Türk xalqlarının nisgilini, türkün şanlı bayrağını tərənnüm edən “Çirpınırdı Qara dəniz” mahnısının, hər üç, ilk müstəqil Azərbaycan Demokratik Respublikasının, sovet və müasir müstəqil Azərbaycanın Respublikasının Dövlət himnlərinin və onlarca bu kimi möhtəşəm musiqi əsərlərinin yaradıcısıdır. Üzeyir Hacıbəyli müəllim-pedaqoq kimi istedadlı bəstəkar məktəbi yaratmış, o dövrün və sonrakı nəsil Azərbaycan musiqi incəsənətinin görkəmli nümayəndələrinin hər birinin taleyində, musiqiçi kimi formalaşmasında böyük rol oynamışdır. Sevimli bəstəkarımız Fikrət Əmirov “Biz hamımız Qoqolun “Şinel”indən çıxmışıq” məşhur fikrinə rəğmən yazırdı: “Biz hamımız Üzeyir məktəbindən çıxmışıq”. Üzeyir Hacıbəylinin səhnə əsərləri – opera və musiqili komediyaları, onların əsasında çəkilən filmlər bir məktəb kimi onlarla artistin, xanəndənin, dirijorun, rejissorun istedadlarının parlamasına təkan vermiş, imkan yaratmışdır. Zənnimcə, Üzeyir Hacıbəylinin musiqimizdə ən mühüm, vacib, taleyüklü xidməti, rolu onun təkcə möhtəşəm müsiqi əsərləri yaratmasında deyil, uzaqgörən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqisimizin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyən edərkən, qərb musiqi məktəbinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərkən ilk növbədə öz milli xalq musiqimizə, muğama və aşıq musiqisinə köklənməyi əsas tutmaqdadır. Çox xoşdur ki, bu dəyərli, çox əvəzsiz tövsiyə bu günə qədər bütün bəstəkarlarımızın, musiqiçilərimizin yaradıcılığında əsas tutulur. Təsadüfi deyil ki, Fikrət Əmirovun simfonik muğamları, Vaqif Mustafazadənin caz-muğam sintezi, muğam ustası Alim Qasımovun dünya instrumental ifaçıları ilə birgə çıxışları Üzeyir bəyin bu tövsiysinə əsaslandığından Azərbaycan musiqisinin şöhrətini dünyaya yaymışdır. Hətta dahi bəstəkar Qara Qarayevin şah əsərlərindən olan, həvəskarların tam başa düşə bilmədiyi, lakin peşəkar musiqiçilərin çox yüksək qiymətləndirdikləri 3-cü simfoniyasının 2-ci hissəsində aşıq musiqisinin melodiyaları səslənir. Bunlara görə bir çox tədqiqatçıların Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisində öz milli musiqimizə, muğam, aşıq musiqisinə əsaslanaraq gördüyü işləri Mustafa Kamal Atatürkün türk milli dəyərlərinə söykənərək Türkiyənin siyasi tarixində etdiklərinə bənzətmə fikirləriylə tam razılaşıram. Atatürkün siyasətdə oynadığı rol, Türkiyənin müstəqilliyini və ərazi bütövlüyünü təmin edərək onu dünyaya tərəf çevirdi. Həmin işi Üzeyir bəy musiqimizdə gördü. Yeri gəlmişkən, məşhur Türk bəstəkarı Adnan Sayqun görkəmli dirijorumuz Niyazi ilə söhbətlərinin birində Azərbaycan musiqisinin milli dəyərlərə söykənən inkişaf mərhələlərini, istiqamətini yüksək qiymətləndirərək, təəssüf hissiylə qeyd edirdi ki, Türk simfonik musiqisi milli kökündən ayrılaraq avropalaşmağa doğru meyl almışdır.

 

– Ələddin müəllim, siz böyük bir həyat yolu keçmisiniz. Ona nəzər salıb deyə bilərsinizmi həyatınızdan, teleyinizdən razısınız?

 

– Bilirsiniz, həyatımdan, taleyimdən şikayət etməyə mənim haqqım yoxdur. Buna bir səbəb də yoxdur. Allahımın xoş nəzəri həmişə mənim üstümdə olmuş, bütün arzularımın çin olmasına yol göstərmiş, kömək etmişdir. Həyat yolumda taleyimə təsiri olan insanlar həmişə xeyirxah, alicənab xüsusiyyətə malik olublar. Bu insanlara – müəllimlərimə, valideynlərimə, səmimi, etibarlı dostlarıma, qarşılıqlı xeyirxah münasibətdə olan insanlara minnətdarlığımı bildirərək, dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara cansağlığı, uğurlar diləyirəm! Daima sevdiyim peşəmlə – elmlə məşğul olmuşam, sazdan, muğamdan, klassik musiqidən, bədii sözdən, təsviri incəsənətdən, teatrdan, təbiət gözəlliklərindən, səmimi dostlarla, ağıllı insanlarla ünsiyyətdən nəsə yeni bir şey götürmüşəm, zövq, ləzzət almışam, doymamışam. Əgər həyatımda qarşıma arzuedilməz bir olay çıxıbsa, deməli, günah özümdə olub, nəyisə özüm nə vaxtsa lazımınca etməmişəm. Eyni zamanda əlavə etmək istərdim: dəqiq bilirəm, həyatda əhəmiyyətsiz xırdalıqları nəzərə almasaq, Allahım qarşısında utanacağım bir hərəkət etməmişəm!

 

– Ələddin müəllim, müsahibə üçün çox sağ olun, minnətdarıq.

 

– Siz də sağ olun. Ümid edirəm ki, söhbətimiz pis alınmadı.

 

Araz Yaquboğlu, Ramil Cəbrayıl, Karabakhmedia.az, may, 2018. Ələddin Allahverdiyev haqqında qısa arayış: Allahverdiyev Ələddin Məmmədhüseyn oğlu 1947-ci ildə Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla başa vurmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və onun aspiranturasını bitirmiş, “Pyezoelektrik konstruksiyaların əlaqəli rəqslərdə elektrofiziki parametrlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat “FONON” İnstitutuna işə qəbul edilmiş, kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmişdir. Rusiya-ABŞ müştərək “Green Star İnternational” şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini, Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiyasının direktoru, Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru, iqtisadiyyat və menecment fakültəsinin dekanı, həmin Akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru, hal-hazırda “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəri vəzifələrində çalışır. Ələddin Allahverdiyev məxfi və tam məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox elmi əsərin müəllifidir. 30-dan çox beynəlxalq, ümumittifaq elmi konfrans, qurultay və simpoziumda 60-dan çox elmi məruzə, o cümlədən 10-a yaxın sifarişli plenar məruzə ilə çıxış etmişdir. Onun aldığı elmi nəticələr mikro- və akustotlektronikada, tibb texnikasında, dünya okeanının və kosmik fəzanın tədqiqatında, müdafiə sənayesində və s. uğurla tətbiq olunmuşdur.Professor Ələddin Allahverdiyev “Moskvanın 850 illiyi” dövlət medalı ilə, üç dəfə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarların MK-nin, ÜİLKGİ MK-nın təsis etdiyi “Əməkdə fərqlənməyə görə” döş nişanları ilə təltif olunmuşdur. “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” adına və döş nişanına layiq görülmüş, Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “ M.V.Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı ilə təltif edilmişdir. Ələddin müəllimin bir oğlu, bir qızı, dörd nəvəsi var. Oğlu, Allahverdiyev Toğrul “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə Rusiya Federasiyasi Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını və “Təşkilat menecmenti” ixtisası üzrə Rusiya Dövlət İdarəetmə Universitetini “Fərqlənmə” diplomları ilə bitirib. İqtisad elmləri namizədidir. “Eurasian Resources Group” kompaniyasında icraçı direktor vəzifəsində çalışır. Qızı, Allahverdiyeva-Rəfibəyli Aytən İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasını “Fərqlənmə” diplomu ilə bitirmişdir. Qətər dövlətinin paytaxtı Doha şəhərində plastik cərrahiyyə üzrə həkim işləyir. Professor Ələddin müəllim haqqında daha geniş məlumatı Vikipediyadakı Ələddin Allahverdiyev adlı məqalədən oxuya bilərsiniz.

 

 

 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər