Peşman
(hekayə)
Düz otuz səkkiz il bundan əvvəl ata olmaq sevincini yaşamışdım. Bəlkə o zamanlar gənc olduğumdan atalıq hissinin nə olduğunu, məsuliyyətini belə dərk etmirdim. Valideynlərim, dostlarım məni oğul atası olmağım münasibəti ilə təbrik edəndə, orta məktəbi bitirərkən qırmızı diplomu əlimə aldığım və daha sonra ali məktəbə qəbul olduğum həmin günlərdə olduğu kimi böyük sevinc hissi keçirtmişdim. Hisslərin sözlərlə ifadə oluna bilmədiyi həmin an “xoşbəxtlik nədir?” sualının cavabı gözlərimdəki parıltı, dodaqlarımdakı təbəssüm idi. Sevdiyim və uğruna çox cəfalara dözdüyüm həyat yoldaşımın sevgisinin hədiyyəsi kimi dəyərləndirmişdim Allahın lütfünü.
İllər necə də tez keçir! Dünən idi sanki... Otuz səkkiz il əvvəl həyəcanla qucağıma alıb, balaca əlindən öpdüyüm körpəm böyümüşdü. Bir zaman dizlərimə sığınan, hər gün işdən gələndə “Mənə nə almısan?” deyərək qarşıma qaçan Faiq indi özü ata idi. Mühəndis işləyirdi: nəvəmin dili ilə desək, bütün şəhəri işıqlandırırdı.
Nəvəm demişkən, bu gün balaca Faiqimi-nəvəm Ruslanı da görə biləcəkdim. Hər həftə olmasa da, ayda bir neçə dəfə nəvəmi görə, bağrıma basa bilirdim. Anası uşağın atası ilə, nənə-babası ilə görüşlərinə etiraz etməsə də, Faiqin işləri çox olduğundan onu bizə gətirməyə vaxtı olmurdu. Qınamıram, necə də olsa, iş adamıdır, axı.
Keçən ay aldığım təqaüdü xərcləməyə, daha doğrusu, özümə yeni eynək almağa qıymayıb həm oğluma, həm də nəvəmə hədiyyə almışdım. Faiqə nə alacağıma uzun-uzadı qərar verə bilməmişdim. Bir neçə gün əvvəl işdən qayıdıb əl-üzünü yumaq üçün hamam otağına keçməzdən öncə qolundan açıb masanın üzərinə qoyarkən saatın şüşəsinin qırıldığı diqqətimi çəkdi. Uşaq vaxtı həmişə saatımı oğurlayıb qoluna taxan oğluma bundan gözəl nə hədiyyə edə bilərdim ki! Yalnız illər keçdikcə insan zamanın, hətta ötüb keçən hər dəqiqənin belə nə qədər qiymətli və dəyərli olduğunu anlayır...
Faiq ad gününü əvvəlcə dostları ilə qeyd etmək istəsə də, sonradan nəvəmin “Bazar günüdür” deyərək bizimlə görüşmək üçün israr etdiyini görüb dostlarını evə dəvətməkdən başqa çarəsi qalmamışdı. Dostları deyəndə ki, onun elə də çox dostu yox idi. Öz həmyaşıdları olan Ramin və Əhmədlə illərin dostu idilər. Bir yerdə çox oturub-durduqlarındandır, ya da sırf təsadüf, bilmirəm, hər üçü demək olar ki, eyni xasiyyətdə idi, eyni də dünyagörüşünə sahib idilər.
Faiqin telefonda dostlarını evə dəvət edəcəyindən xəbərdar olan kimi yoldaşım Tamara vaxt itirmədən bir neçə salat hazırlayıb, kartofla göbələk də qızartdı. Süfrəni bəzəyib nəvəsinin və qonaqların yolunu gözlərkən özünü də unutmadı, saçlarını qaydaya salıb tələsik dırnaqlarına boya çəkdi. Tamara cavanlıqdan belədir: özünə qulluq etməyi, baxımlı olmağı sevir. “Hər bir xanım hər yaşda gözəl və baxımlı olmalıdır”-sözləri dilindən düşmür.
Hələ həyət qapısından səsi eşidilən nəvəm tələsik içəri daxil olub boynuma sarıldı. Doyunca üzündən-gözündən öpməyə imkan verməyib, atasının Ramin əmisi ilə onu evdən götürdüyündən, bir az da şəhərdə necə əyləndiklərindən şövqlə danışmağa başladı. Uşaq ki uşaq! Əyləncə mərkəzlərində keçirdiyi gün deyil, atası ilə bərabər olduğu hər dəqiqə onun üçün önəmli idi. Necə də sevinirdi! Hər görüşümüzdə dəfələrlə qulağıma “Baba, nolar, elə et ki, anam atamla barışsın. Biz hamımız bir yerdə, bir ailə olaraq yaşayaq!”-deyə pıçıldayıb üzümə baxar, yalvarış dolu baxışlarıyla məndən kömək umardı. Ona baxdıqca üzülər, dərindən köks ötürərdim.
Faiqlə dəfələrlə bu mövzuda söhbət açmaq istəsəm də, həmişə söhbətimiz yarımçıq qalardı. Hər dəfə tələsdiyini, işlərinin çox olduğunu deyərək söhbətdən yayınardı. Bəlkə də, bu şəkildə qərarlarına, şəxsi həyatına müdaxilə etməməyimə eyham vurardı. Bilmirəm... Amma hiss edirdim ki, keçmişdə buraxdığı səhvlərə görə özü də çox peşmandır. Bəlkə də, səhvlərini etiraf etməyə qüruru yol vermirdi... Hərdən isə mənə elə gəlirdi ki, səhvlərindən nəticə çıxarıb və ailəsi ilə barışmaq qərarına gəlib. Amma nədənsə bir zamanlar seçib-sevdiyi qızla aralarındakı soyuq münasibətlərə son verilmirdi.
Ehh... İndiki gənclərin fikirlərindən baş açmaq olmur ki! Gah ciddi qərar qəbul edir, gah da asanlıqla hər şeydən vaz keçirlər.
Yeganə oğlumun sevgisinə və seçiminə hörmətlə yanaşmışdım. El adətiylə elçi gedib, nişan-toy etmişdim oğluma. O vaxtlar Bakı Dövlət Universitetində Nəzəri Fizika kafedrasının müdiri vəzifəsində işləyirdim. AMEA-nın müxbir üzvi, Universitetin ən hörmətli müəllimlərindən biri idim. Professor Rafiq Kərimov adı bu gün də əfsanədir müəllim və tələbələrin dilində. Kvant mexanikasına dair yazı və məqalələrim maraqla oxunar, kitablarım dərc olunardı. Bax, bu rəfdəki kitablar var ha, onların böyük hissəsi mənim müəllifi olduğum əsərlərdir. Bəziləri bu gün də dərs vəsaiti kimi istifadə olunur.
Nəvəm nənəsinin başını qatır, Faiq isə dostu Raminlə bir kənarda oturub astadan söhbət edirdilər. Üzlərinin ifadəsindən aralarındakı söhbətin ciddi olduğu hiss olunurdu. Bu aralar Faiqin iş həyatında sıxıntıları olduğundan xəbərim var idi. Öz işləri, şəxsi həyatı barədə mənimlə danışmasa da, amma anasından heç nə gizlədə bilmirdi. Gizlətmirdi... Uşaqlıqdan anasına bağlı idi Faiq.
Tamara deyəsən sıxılırdı, tez-tez yeməklərin soyuduğunu söyləyib, Faiqdən Əhmədi xəbər alırdı. Əhməd isə gecikirdi.
Ramin telefonu kənara qoyub:
─Gəlirlər, yoldadırlar, –dedi.
Faiqdən fərqli olaraq, Ramin hündürboy, iricüssəli bir gənc idi. İdman Akademiyasını bitirmişdi. İndi də məşqçi işləyirdi. Otuz beş yaşı tamam olmasına baxmayaraq, hələ də subay idi. Evlənməmişdi. Faiq maddi vəziyyətinin yaxşı olmadığını, ögey anasının da ona gün ağlamaq istəmədiyini desə də, gəncin “subaylıq-sultanlıqdır” sevdası başında olduğunu hiss etməmək mümkün deyildi.
Əhmədə gəlincə isə, dostların arasında ən yaraşıqlısı, deyəsən, elə ən şanslısı da o idi. İş həyatı uğurlu olduğu kimi, geniş dünyagörüşü və savadı, kübar ədaları ilə qızların, qadınların hər zaman diqqətini çəkməyi bacarardı. İfadəli baxışları, mənalı təbəssümü ilə bu günədək neçə-neçə qızın, qadının qəlbini fəth edə bilsə də, sındırıb arxada gözüyaşlı buraxdığı gözəllərin arasından əsl sevgisini isə hələ də tapa bilməmişdi.
Ramin “Gəlirlər, yoldadırlar” deyəndə Faiq Əhmədi nişanlısı ilə bərabər evə dəvət etdiyini söylədi. Əhmədin nişanlanması xəbərinə, düzü, bir qədər təəccübləndim. Bəzi insanlar hər gün yeni bir paltar geyinməyi xoşladığı kimi, Əhməd də hər yeni həftəyə, yeni aya yeni bir eşq macərası ilə başlardı. Bir sözlə, ürəkləri fəth etmək üçün gəncliyindən, gözəlliyindən, cazibəsindən bacardığı qədər istifadə edərdi. Amma bu cəhətinə baxmayaraq, onun gözəl xasiyyəti var idi.
Nəhayət ki!
Həyət qapısının cırıltısı eşidilən kimi, Ruslan sevincək özünü çölə atdı. Əhmədin qarşısına qaçıb, böyük kişilər kimi əl verib görüşdü. Əyilib üzündən öpmək istəyən nişanlısına isə ötəri nəzər salıb geri çəkildi, öpməyə icazə vermədi. Əhmədin sevgisini sanki ondan oğurlamağa çalışan qızı uşaq qısqanclığı ilə süzür, açıq-aşkar diqqəti özünə çəkməyə çalışırdı. İlk gündən qıza qarşı qərəzli mövqe tutmuşdu nəvəm. Görünür, Əhməd üçün nişanlısı ilə balaca dostu arasındakı münasibətləri yoluna qoymaq elə də asan olmayacaqdı.
Ruslan Əhmədi özünün ən yaxın dostu bilirdi. Xətrini çox istəyirdi. Hətta atasını dilə tuta bilməyəndə, həmişə Əhmədin qılığına girir, öz istəyinə nail olurdu. Düzünü desəm, Ruslanın ərköyünlük və şıltaqlıqlarının səbəbkarı elə Əhmədin özü idi.
Əhməd hər kəslə salamlaşıb görüşdükdən sonra:
─Bağışlayın, bir az gecikdik. Nişanlım Aylin! –deyərək qızı bizə təqdim etdi.
Aylinin dodaqlarından qopan kəlmələri eşitməsəm də, xəfif təbəssümündən və gülümsəyən gözlərindən süzülən ehtiram dolu salamını qəbul etdim. Faiq və Raminin davranışlarından onların əvvəldən tanış olduqlarını hiss etdim. Baxışları və təbəssümü ilə ürəyindəki sözləri dilə gətirməyi bacaran Tamara əvvəlcə Əhmədə, sonra qıza yaxınlaşdı. Həmişə olduğu kimi bu dəfə də üzünü qarşısındakı insanın yanağına toxundurub havanı öpdü.
Öz ömür-gün yoldaşını kim tanımaz ki! Xasiyyətinə yaxşı bələd olduğum həyat yoldaşımın baxışlarından Aylinə qarşı münasibətini duydum. Düzü, ilk baxışdan mən də, sadə, baxımsız, o qədər də cazibədar olmayan Aylini hər zaman digər gənclərdən öz boy-buxunu, yaraşıq və cazibəsi ilə fərqlənən Əhmədə yaraşdırmadım. Nə bilim... Məhəbbətin gözü kordur, deyirlər. Əhmədin zövqünə bələd olduğumu düşünsəm də, deyəsən yanılmışdım, axı.
Aylin! Hə, o Əhmədin gözəllik idealından çox uzaq idi. Əynindəki ağ köynəyi və qara şalvarı onu az qala məktəbliyə oxşadırdı. Azərbaycan qızlarına məxsus zərif və incə üz cizgiləri, hərəkət etdikcə dalğalanan uzun qara saçları, hər dəfə nişanlısına nəzər salanda işıldayan parlaq qara gözləri, həyadan qızaran yanaqları, çəhrayı dodaqlarındakı xəfif təbəssümü belə, onu gözəllik ilahəsi adlandırmaq olmazdı. Nəzərəçarpmayan, sadə görünüşünü baxışlarındakı sadəlövh ifadə tamamlayırdı. Qəribə də olsa, sonradan hər dəfə Aylinin gözlərinə baxanda dərinliklərində fərqli bir ruh hiss edirdim. Bəlkə də onun özəlliyi də elə bu idi. Təmiz ilahi sevgisi, məsum baxışları idi onun Əhmədin gözündə fərqləndirən. Bəlkə də... Bəlkə də yanılıram...
Deyib-gülən, şən və zarafatcıl Əhməddən fərqli olaraq, Aylin çox sakit və susqun idi. Gələndən bəri də demək olar ki, heç kəslə bir kəlmə belə danışmamışdı. Arada bir başını qaldırıb otağa, süfrə arxasında müzakirələr aparan dostlara və mənə nəzər salır, Ruslanın şıltaq davranışlarını təbəssümlə izlədikdən sonra yenidən nəzərlərini döşəməyə zilləyirdi. Darıxdığı, sıxıldığı dərhal hiss olunurdu. İlk baxışdan yeni mühitə, yeni insanlara uyğunlaşmağı bacarmayan bir insan təsirini bağışlayrdı. Çox güman ki, balaca qəlbinin öz böyük dünyası var idi. Və bizim evin abü-havası onun dünyasından çox uzaq və fərqli idi. Əlindəki salfetın kənarlarını qatlamaqla vaxtını öldürməyə çalışırdı. Ruslan da Əhmədin yanında özünə yer etdikdən sonra, demək olar ki, tamamilə kənarda qaldı. Süfrə arxasında iştahla yeyib-içən dostlardan və yoldaşımdan fərqli olaraq, bayaqdan bəri dilinə də heç nə vurmamışdı.
Televizorun səsini alıb pultu bir kənara qoydum. Ayağa qalxıb masaya yaxınlaşdım, üzümü Əhmədə tutub:
─Əhməd, nişanlına qulluq et,–dedim.
Yalnız indi, mənim səsimi eşidəndə hər kəs sanki Aylinin varlığını xatırladı. Bir anlıq diqqət mərkəzində olmaqdan sıxılan qız isə baxışlara tab gətirə bilməyib nəzərlərini hər kəsdən yayındırdı. Sıxıldığı, bir az da utandığı lalətək qızaran yanaqlarından hiss olunurdu. Gözlərindəki ifadəyə gəldikdə isə, darıxmaqdan daha çox bir boşluq və tənhalığı, bəlkə də qəm-qüssəni əks etdirirdi. Nədənsə, əmin idim ki, onun bizə gəlməyinə də Əhməd israr etmişdi.
Başı dostlarına və Ruslana qarışan Əhməd tez səhvini düzəltdi, gülümsəyib nişanlısına meyvə şirəsi süzdü, boşqabına bir neçə qaşıq paytaxt salatı qoydu.
Bəlkə də bizlərdən utanıb çəkindiyindən, əlini süfrəyə uzatmaq istəmirdi.
─Utanma, qızım, öz evin bil, –deyib yenə də qayıdıb öz kresloma əyləşdim. Evdə qonaqlar olduğundan, televizorun səsini də çox artıra bilmirdim.
Nəzərlərim isə Aylində idi. Gözlərini açıb yumdu. Əlini süfrəyə uzadarkən mənə baxıb gülümsəməyindən bunu məni qırmamaq üçün etdiyini anladım. Hörmət və ehtiramına cavab olaraq mən də gülümsədim.
Əhməd isə iradımdan nəticə çıxartmışdı. Böyük məmnuniyyətlə nişanlısına qulluq edirdi. Ona göbələk və kartof qızartması çəkmək istəyəndə qız nişanlısının əlini saxladı, qulağına nə isə pıçıldadı. Əhməd başını tərpədərək buludu masanın üzərinə qoydu.
Tamara tez dilləndi:
─Noldu, Əhməd? Nişanlın hazırladığım yeməkləri bəyənmədi?
Aylin bu sözlərdən diksinib əvvəlcə yoldaşıma, sonra mənə bir anlıq nəzər saldı, başını aşağı əydi. Pərt olmuşdu. Həmin an Aylinlə bərabər yalnız Əhməd deyil, elə mən özüm də pərt oldum.
─ Yox, o nə sözdür, Tamara xanım! Çox dadlıdır, əlinizə sağlıq.
Qızın cavabı Tamaranı razı salmadı, üzünü Əhmədə tutub başını buladı:
─Fikir verirəm, demək olar ki dilinə heç nə vurmayıb.
Pərtliyi aradan qaldırmağa çalışan Əhməd öz şirin dilini işə saldı:
─Siz onu üzrlü bilin! Əslində, Aylin elə də çox yeyən deyil. Amma salat xoşlayandır, imtina etmədi. Salat isə çox dadlı idi. Düz deyil, Aylin? –Aylinin cavabını gözləməyib, sözünə davam etdi, –Bilirsiz, Tamara xanım, sözün düzü, nişanlım göbələk xoşlamır.
Əhməd həmişə olduğu kimi indi də öz sözləri və təbəssümü ilə Tamaranın könlünü almağı bacardı. Üzü güldü. Qarşısındakı qızı süzüb:
─Sən ye! Ye, bir dəfə dadına bax hələ! Çox xoşuna gələcək! –dedi və mənə tərəf çevrilib, –Rafiq mənim hazırladığım bütün yeməkləri xoşlayır və həmişə də deyir ki, hələ indiyə kimi heç kəs onun üçün mənim kimi dadlı göbələk qovurmayıb.
Aylinin nəzərləri mənə yönəldi, gülümsəyərək:
─Rafiq dayı, gəlin, siz də bizimlə oturun da!–deyib əliylə boş stula dəvət etdi.
Qızın səsindəki səmimiyyət və qayğı həmin an məni çox duyğulandırdı. Aylinin təklifinə cavab vermək istəyirdim ki, həmişəki kimi Tamara məni qabaqladı:
─O yeyib... Sizdən əvvəl mən ona yemək də, çay da vermişəm!
Aylin gözlərimin içinə baxıb susdu. Onun susqunluğundakı sözlər, baxışlarından süzülən kəlmələr qarşısında özümü itirdim bir anlıq. Həmin an mənə elə gəldi ki, bu gənc qız qəlbimin dərinliklərinə boylanmağı bacardı. Fikrimdən, qəlbimdən keçənləri, hətta heç kəslə bölüşə bilmədiyim hisslərdən belə bircə baxışıyla agah oldu sanki. Gözlərimin içinə, daha doğrusu, qəlbimin dərinliklərinə yönəltdiyi nəzərlərinə tab gətirməyib başımı çevirsəm də, onun baxışlarını öz üzərimdə hiss etməkdə idim. Nə gizlədim, baxışları altında sıxıldığımı, əzildiyimi hiss etdikcə uzaqlaşmaq istəyirdim. Qəfil öskürək məni vəziyyətdən çıxartdı. Mətbəxə keçdim. Bacardıqca daha çox orada ləngimək, hətta öz otağıma çəkilmək fikrinə düşdüm. Soyuq və şaxtalı yanvar günü olmasaydı, parka gəzməyə gedər, ya da təqaüdçü qonşumla bir az nərd oynardım. Amma yox e... İndilərdə “Xəbərlər” başlayacaqdı. Otağa qayıdıb, kresloya-öz yerimə keçdim.
Nəvəmin məktəb macəralarını dinləsəm də, gözaltından yenə də Aylini izləyirdim. Qoçaq qıza bənzəyirdi. Tamara danışa-danışa bir neçə bulaşıq boşqabı götürənə qədər, bütün masanın üstünü yığışdırıb səliqəyə saldı. Pəncərənin qırağına qoyulan şirniyyatları və özləri ilə gətirdiyi tortu süfrəyə qoyub yenidən mətbəxə keçdi. Mətbəxin yolunu əzbərləmişdi.
Əhməd:
─Aylin, bir çay hazırla, tortu da kəsək, –deyəndə artıq dəmə qoyduğunu söylədi.
Gülümsədim. Əhmədin gözlərindəki məmnunluq da nəzərimdən qaçmadı. Həmin an ilk baxışdan xoşlamadığım bu qızın Əhmədin qəlbinə necə yol tapa bilməsi barədə düşündüm: sadəliyi, səmimiliyi, bir də fədakarlığı onu Əhmədin gözlərində hər kəsdən fərqli etmişdi. Bir anlıq Faiqin Ruslanın anası ilə münasibətlərini xatırladım. Oğlum nə qədər diqqətsiz və evdən kənar əyləncələrə meyl etməsi ilə nikahının pozulmasında günahkar idisə, yoldaşı da bir o qədər şöhrətpərəstliyi, lovğalığı ilə münasibətlərin gərginləşməsinə təkan vermişdi. İndi Aylinə baxdıqca, ürəyimdə Əhməd kimi daha bir oğlum olmasını istəyir, kaş ki gözəl və cazibədar gəlinim də bu qıztək sadə və mehriban olaydı, deyə düşünürdüm.
Həmişəki kimi bu dəfə də təşəbbüskarlığı Əhməd öz üzərinə götürdü. Tortun üzərindəki şamı yandırıb Faiqə ürəyində arzu tutmasını deyən kimi, Ruslan atasından cəld tərpənib şamı üfürdü.
─Ruslan! Neynədin? –Əhməd narazı halda başını yellədi, –Bu gün atanın ad günüdür! Sənin ad günün deyil, axı! Şamı atan üfürüb arzu tutmalı idi...
Ruslan hər şıltaqlığına göz yuman dostunun iradına dodaqlarını büzdü, atasına qısılıb incik səslə:
─Mən atamın yerinə arzu tutdum... –dedi.
Ruslanın hərəkətini sıradan bir nadinclik kimi qəbul edən Əhməd:
─Yaxşı, gəl belə edək, Ruslan, indi şamı yandırırıq, amma bu dəfə atan arzu tutacaq, –dedi.
Əhmədin təklifi Ruslanın ürəyindən olmadı. Narazı halda başını yelləyib, əlini tutub saxladı, alışqanı yandırmağa qoymadı. Səsi titrəyə-titrəyə:
─İstəyirəm ki, atam yenə də bizimlə bərabər yaşasın! Hamımız bir evdə yaşayaq...
Qeyri-ixtiyari Əhməd əlini aşağı saldı. Fərqinə belə varmadan alışqanı cibinə qoydu. Balaca dostunun könlünü qırmağa qıymadı. Ərköyün dostunun hisslərini, arzusunu hörmət və anlayışla qarşılamaq uşağa böyüklərin səhvlərini izah etməkdən, “niyə” və “nədən” suallarına cavab verməkdən daha asan idi.
Uşağın sözləri hər kəsi duyğulandırsa da, amma ən çox Faiqin qəlbinə təsir etmişdi. Oğlunu özünə sıxıb saçlarını tumarlayıb öpdü.
Şən əhval-ruhiyyə bir anın içində sükutla əvəzlənmişdi.
Sükutu Aylinə müraciət etməklə Əhməd pozdu:
─Aylin, çay dəm alıbsa, zəhmət olmasa...
Evin xanımı olduğunu xatırlayan Tamara, deyəsən, qıza əziyyət verməmək üçün təşəbbüsü öz üzərinə götürdü. Aylinin əlindən sinini alıb çayları payladı. İlk fincanı səbirsiz nəvəmin qarşısına qoyduğu zaman Aylin geri çəkildi, əvvəlki kimi səssizcə süfrə arxasında əyləşdi. Evin xanımının təşəbbüskarlığından sonra daha heç nəyə cəsarət etməyən qızın nəzərləri sinidəki sonuncu, çox güman ki, mənim üçün tökdüyü həmin fincanda ilişib qalmışdı.
Ruslanın davranışları, sözləri hamımızın əhvalını alt-üst etmişdi. Elə Tamaranın da. Yazıq qadın üzgün halı ilə çayımı sinidə unutmuşdu... Son illər o da mənim kimi unutqan olmuşdu...
*******
Soyuq olmasına baxmayaraq, hava çox təmiz idi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alarkən, həmçinin Xarkovda hərbi xidmət keçərkən də soyuq torpaqların havasına öyrəşmişdim. Ona görə də Bakının küləkli, şaxtalı havası məni qorxutmurdu. Havadan asılı olmayaraq, səhər və axşam gəzintisi mənim kimi təqaüddə olan yaşlı insanlar üçün əslində çox faydalıdır.
Həyət qapısından içəri girəndə qarajın yanılı işığı diqqətimi çəkdi. İçəri boylandım. Ruslan fürsətdən istifadə edib dostlara velosipedini təmir etdirirdi. Yəqin ki, yoldaşım da indi içəridə Aylinlə söhbət edir, maraqla ondan Əhmədlə necə və harada tanış olduqlarını soruşurdu. Özlüyümdə, ən yaxşısı birbaşa öz otağıma keçməyi düşündüm. Həm xanımların söhbətinə mane olmaz, həm də bir az uzanıb dincələrdim.
Ayaq saxladım. Qulağıma gələn səs gerçək idi? Həyəcanla qonaq otağına tərəf addımladım. Bəli, gerçək idi... İllər sonra ilk dəfə evimizdə piano səsləri eşidilirdi. Qızım ailə qurub həyat yoldaşı ilə Leninqrada köçdükdən sonra eləcə divarın dibinə qısılıb qalan, yeddi-səkkiz ildən çox istifadə olunmayan bu piano da mənim kimi tənha qalmışdı. Bir neçə dəfə yoldaşımın fikrindən pianonu kiməsə bağışlamaq, ya da satmaq fikri keçsə də, etiraz etmişdim: bir gün, bəlkə də ömrümün son günlərində olsa belə, yenə də qızımın ifasını dinləməyi xəyal etmişdim... Faiqdən fərqli olaraq, qızım məni çox istəyirdi, hətta anasından da çox.
Qapı arasında dayanıb Aylinin ifasını dinlədim. Dinlədikcə də kövrəlir, duyğulanırdım. Xatirələrimi canlandırmışdı bu ifa. Gözümün qarşısında gənclik vaxtlarım, qızımın şıltaqlıqları gəlib dururdu. Bir anlıq qızım üçün o qədər darıxdım ki! Aylinə necə yaxınlaşdığımı belə hiss etmədim.
Səsimin titrədiyini hiss etdim:
─Çox sağ ol, qızım!
Otaqda heç kəsin olmadığını zənn edən Aylin diksindi. Özünü itirdi:
─Üzrlü bilin, icazəsiz...
─Yox, yox! Bilsən ki nə qədər sevindirdin məni!, –deyib fərqinə varmadan qızın əlindən tutdum, –Qızım, xahiş edirəm, yenə nəsə çal!
Səsimdəki yalvarışı hiss edən gənc qız məni qırmadı. Aylinin pianonun ağ-qara dilləri üzərində gəzən incə barmaqları qəlbimin sarı siminə toxunmuşdu. Gözəl ifası ruhumun dərinliklərinə enir, məni də öz dünyasına çəkib aparırdı. Aylində qızımı görür, qızımı hiss edirdim. Onu qucaqlamaq, bağrıma basmaq istəyimi güclə boğdum.
İfasını bitirib əlini saxladı. Üzümə baxıb gülümsədi.
─Mənim qızım da...–susdum. Sözümə fasilə verib, fikrimi tamamlamağa çalışdım, –İndi ailəsi ilə Leninqradda yaşayır. İldə yalnız bir dəfə Bakıya gələ bilirlər. Yeni ildə gələcəklərini gözləyirdim, amma gələ bilmədilər. Yoldaşına işdən məzuniyyət vermədilər. Heç olmasa, Faiqin ad gününə gələr, düşündüm, ...
Aylin susaraq məni dinləyirdi. Danışdıqca gözlərimin içinə baxır, qocanın sözünü kəsməyə qıymırdı. Sözsüz, kəlməsiz, lal sükutumla belə, qarşımdakı bu qız məni anlaya bilirdi. Hisslərimi, duyğularımı daha ondan gizləyə bilmir, hətta gizlətmək belə istəmirdim daha.
─Qızım on bir il musiqi təhsili alıb, indi də fortepianodan musiqi dərsləri verir. Görürəm, sənin də musiqi təhsilin var...
Aylin gülümsədi:
─Necə deyim... Cəmi üç il musiqi təhsili aldım, sonra getmədim.
─Hə...Təəssüf...
Aylinlə söhbət etməkdən, fikirlərini, insanlara, dünyaya baxışını dinləməkdən, düzü, zövq alırdım. Bu qədər sadə, lakin bu qədər dərin. İlk təəssüratımda yanılmışdım. Savadlı bir qız imiş! Mənim həvəslə danışdığım elmi mövzulara maraqla göstərməsə də, kvant nəzəriyyəsindən, kvant mexanikasından anlayışı olmasa belə, tarix və ədəbiyyatdan maraqlı faktlar danışaraq məni təəccübləndirə bildi. Bəzən hətta professorun özünün belə bilmədiyi nələrsə olurmuş!
Ailədə hamımız rusdilli olduğumuzdan bu gün ilk dəfə öz evimdə öz doğma dilimdə danışırdım. Necə də xoş bir hiss idi! Təəssüf ki, velosiped təmirini bitirən dostların gəlişi Aylinlə söhbətimizə son qoydu.
Əhməd əllərini bir-birinə sürtüb qızınmağa çalışırdı:
─Aylin, zəhmət olmasa, bir çay qoy. Üşüdük.
Əlində sini otağa daxil olan Aylin ilk fincanı kreslomun yanındakı jurnal stolunun üstünə qoydu. Gülümsəyən gözləri ilə təqdim etdiyi bu bir fincan çayla evin bir küncünə sıxılmış piano kimi hər kəs tərəfindən unudulan yaşlı professora öz hörmət və ehtiramını bildirmək istəyirdi.
******
Pəncərədən yollara zillənən gözlərim yenə kimisə axtarır, özünə həmsöhbət gəzirdi. Tənha evdə keçən günlərimi divardakı, ya da pianonun üstündəki saatın tıqqıltısı tamamlayırdı. Tamara həmişə olduğu kimi rəfiqələri ilə telefonda danışar, evdə darıxanda isə alış-verişə gedərdi. Faiqi də səhər işə gedəndə, bir də gecə işdən qayıdanda görürdüm. Nə yaxşı ki, televizor vardı. Arada onunla dərdləşir, mənə cavab verməsə də, hisslərimi bölüşürdüm.
Pianoya yaxınlaşdım. Qızımın saçlarını sığallayırmış kimi dillərini tumarladım. Xoşbəxtliyim, gəncliyim pianonun dilləri kimi qaranlığa qapanmışdı.
Tıq-tıq...
Faiqə ad gününə aldığım həmin saatın səsidir. Görüşdüyü xanım məndən qabağa düşüb ona gözəl bir qol saatı hədiyyə etmişdi. Oğlum hədiyyəmə çox sevinsə də, unutduğundan, bəlkə də xanıma qarşı diqqətsizlik etmək istəmədiyindən pianonun üstündə qoyub çıxmışdı evdən.
Saatı qulağıma yaxınlaşdırdım. Yatmamışdı, hələ də işləyirdi. Zamanı qovan əqrəblər, əslində, gəncliyimizi, xoşbəxtliyimizi əlimizdən alıb aparırdı. Nə qədər dayandırmaq, bəzən geri dönmək, yaxud yenidən başlamaq istəsək də, barmaqlarımızın arasından süzülən suya bənzəyirdi zaman.
Pianonun üstündəki dəvətnaməni əlimə aldım. Görünür, axşam Faiq qoyub. Açdım. Əhmədin toy dəvətnaməsi idi. Subaylıq həyatı ilə vidalaşan Əhməd bəlkə dostlarına da nümunə olardı. Onlar da subaylığın daşını atar, ev-eşiyə yığışardılar bəlkə. Gülümsədim. Ürəyimdən “Allah xoşbəxt etsin!” kəlmələrini keçirtdim.
Faiqin səsini eşidib dəhlizə çıxdım. Həmişə olduğu kimi əynini dəyişib yenə də harasa tələsirdi. Əlimdəki dəvətnaməni göstərərək:
─Əhmədin toyu da amma yaman yubandıye... –dedim. –Yaddaşım yaman korlanıb. Huşum gedir day. Mühazirlərimi konspektsiz oxuyardım. İndi isə adları belə unuduram... Eh, qocalıq! Əhmədin nişanlısını deyirəm e, sən demə adı Nigar imiş. Yadımda başqa ad qalıb nəsə... Ad gününə gətirmişdi. Çox yaxşı, səmimi qızdır. Əsl azərbaycanlı qızıdır! Sözünün, hərəkətinin yerini bilən, böyüklərə hörmət edən... Çox diqqətli və anlayışlı qızdır. Allah xoşbəxt etsin!
Faiq ayaq saxlayıb təəccüblə üzümə baxdı:
─Kimdən danışırsan?
─Nişanlısını deyirəm də: Sənin ad günündə bizə gətirdiyi qız
─Aylin? –Faiq başını yellədi, –Əhməd ondan gör nə vaxtdır ayrılıb!
Faiqin sözlərinə üzüldüm. Doğrudur, Əhmədin həyatından çox qız, qadın gəlib keçmişdi. Amma həmin gün mən, nəhayət, onun öz sevgisini, xoşbəxtliyini tapdığına inanmışdım.
─Niyə ayrıldılar?-sualıma
Faiqin cavabı gözlənilməz oldu:
─Özün görmədin? O qız Əhmədə yaraşan qız idi ki, papa? Nigar başqa məsələ! Nigarla Aylinin arasında yerlə-göy qədər fərq var e! Sığorta şirkətində şöbə müdiri işləyir, bir neçə dil bilir. Üstəlik də çöx gözəl və zövqlü xanımdır. Gəlməz ki, bir yanına kimisə salıb aparanda özünə yaraşan biri olsun, utanmayasan!
Nitqim qurudu. Nə deyəcəyimi bilmədim.
Əlbəttə, ürəyə hökm etmək olmaz. Xoşbəxtliyə gedən yol sevgidən keçir, deyirlər... Bəzən isə... Bəzən isə əsl sevgi axtarışında olarkən gerçək hisslərimizi, xoşbəxtliyimizi öz səhvimiz üzündən qurban veririk... Və bunu özümüz də anlamırıq...
Əhmədi qınamağa haqqım çatırdımı? Ehtirasının qurbanı olub, slavyan gözəlinin mavi gözlərinin cazibəsindən kor olub, işvələrinə uyub cavanlıq səhvimə qurban etmədimmi öz qaragözlü, mələk üzlü nişanlımın sevgisini... Evin küncünə qısılan piano kimi atılmış, diqqət və qayğıya hər zaman möhtac bu qoca, əslində özünü nişanlısı xəyanətini ona bağışlamayıb həyatından birdəfəlik getdiyi gün özü özünü tənhalığa məhkum etmişdi.
Köksümü ötürdüm. Deyə biləcəyim tək söz bu idi:
─Düzdür! Heç Əhmədə yaraşan qız deyildi!
26-29 yanvar 2018
BAKI
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024