MƏN QALA BİLMİRƏM, GÖYLƏR ÇAĞIRIR
Torpaqla asiman arasındayam,
Yer məni səsləyir, göylər çağırır.
Cismimi yer çəkir, ruhumu göylər,
Mən qala bilmirəm, göylər çağırır.
Yetişib mənzilim, başadır mənim,
Torpaq, səma - qibləm, qoşadır mənim,
Ömrümü üç balam yaşadır mənim,
Mən qala bilmirəm, göylər çağırır.
Şaqraq gülüşlərim, şən nəğmələrim,
Nakam sevda dolu qəm nəğmələrim,
Bir qu nəğməsiydi son nəğmələrim,
Mən qala bilmirəm, göylər çağırır.
Xoşbəxt tale payım sən - Rəna oldun.-
Şam idim, başıma pərvanə oldun,
Hər bir əzabımdan divanə oldun,
Əfv elə, gedirəm, göylər çağırır.
Rəşidə, boyunun qurbanı olum,
Rəşidəm, mehrinin heyranı olum!
Qoy uçum göylərə tərlanın olum,
Mən qala bilmirəm, göylər çağırır.
Rəşadım, bir dünya könül varımsan,
Nurumsan, möhtəşəm dağ vüqarımsan.
Mənim ciyərparam, ilk nübarımsan,
Bağışla, gedirəm, göylər çağırır.
Sən mənə Nicatsan, sən mənə arxa,
Kişiyə yaraşmaz ölümdən qorxa.
Sınma, bir də gələr su gələn arxa,
Bağışla, gül balam, göylər çağırır.
Dünya pəncərədi, ömür həvəsdi,
Hər bir cəfamıza dözdün də, bəsdi.
İmdadım, imdada yetmə əbəsdi,
Mən qala bilmirəm, göylər çağırır.
Ana, qollarını aç, ağla məni,
Sel kimi gözündə yaş, ağla məni,
Artıq yanındayam, qucaqla məni,
Ruhum qala bilmir, göylər çağırır.
Dayağım, sirdaşım olan dostlarım,
Buludtək boşalıb, dolan dostlarım,
Sizə xatirəmdi qalan, dostlarım,
Mən qala bilmirəm, göylər çağırır.
(18 Noyabr, 2002. Moskva.
Mərkəzi Klinik Xəstəxana)
YAXŞILIQ
Qaranlıq yollarda işıq yandırar,
Dumanın yolunu tutar yaxşılıq.
Soluxmuş gülləri pərvazlandırar,
Arzunu arzuya qatar yaxşılıq.
Nadanı sındırar - hünərsiz eylər,
Gödəldər dilini, kəsərsiz eylər,
Namərdə divanı xəbərsiz eylər,
Yamanın gözünə batar yaxşılıq.
Günəşdən ucadır öz baxışıyla,
Ölçülüb çəkilməz dünya varıyla.
Bir insan nəslinin cığırlarıyla
Qayıdıb özünə çatar yaxşılıq.
KÜSMƏ
Dindirsəm, qar yağar qaş qabağından,
Sən məndən deyinib küsəndə, küsmə.
Bu qədər dəyişib sozalmaz, gülüm,
Ayaz dəymiş nərgiz, süsən də, küsmə!
Baxışlar daşıyar hər dərdi, səri,
Baxışlar söyləyər nəğməni, şeiri.
Gözüm kövrək-güllü qafiyələri,
Qumral gözlərinə düzəndə, küsmə!
Köksümdə əriyər həsrət düyünü,
Əlim əllərinə dəysə o günü...
İntizarın, sənsizliyin kökünü
Sinəmdən qoparıb üzəndə, küsmə
Alışdırdın mənim sonsuz sevgimi,
Qığılcım - baxışla, yanar qov kimi.
Həsrət dodaqlarım cüt alov kimi
Titrəyib üzündə əsəndə, küsmə!
Sərdarın həyatı gül nəfəsində,
Gəl məni söndürmə bircə əsimdə.
Qaynar baxışının od kürəsində,
Qovrulan da mənəm, dözən də, küsmə!
SAZ
Elə nalə çəkib fəryad etməyin,
Siz Allah, amandı, aman, a tellər.
Kükrəyib, hönkürüb... dindirin məni,
Dağılsın fikrimdən duman, a tellər.
Elə qüdrətlidir onun hər simi,-
Min könül padşahı, min qəlb hakimi...
Gah coşub hayqıran Koroğlu kimi,
Gah da Kərəm kimi yanan, a tellər.
Kərəm qəm içində qovruldu, yandı,
Dilqəmin qüssəsi ərşə dayandı.
Ustad hər halından min dərd duyandı,-
Sizdə sızıldayır zaman, a tellər.
Möhtəşəm bir dağın gur bulağısan,
Sevən könüllərin hicran dağısan.
Ələsgər qəlbinin od saçağısan,
Alovdu köksündən qopan, a tellər.
SIX SAZI SİNƏNƏ...
Sıx sazı sinənə oxu, qardaşım,
Şeirlərin muğan düzündən betər...
Qüssənin şaxtasın, kədərin qışın
Gördüm - cəhənnəmin üzündən betər...
Qüssələr qəlbini oda yaxanda,-
Bağrım şan-şan olur sənə baxanda...
Görüb çekdiyini, vallah, bu anda
Bezirəm canından bezəndən betər...
Sim kimi titrərəm nəfəsdən bele.-
Gəzərəm, dolannam belədən-belə...
Kədər ilan təki dolanar belə,
Çalar namərdləri özündən betər..
Zaman elə əsdi yolları kəsdi..
İndi xeyir şərnən nəfəs - nəfəsdi...
Könlümdən bir duyğu yel kimi əsdi...
Yanar tonqal üstə... gözündən betər!
Həsrətli gözlərdə bir damla yaşam,-
Kürəm, Araz qalıb məndən pərişan.
Dərddən qaralmışam, dərddən yanmışam...
Közüm atəşgahın közündən betər!
Dözülməz sitəmi biz duyanmışıq,
Kədər qabağında düz dayanmışıq,
Alov yaman gəldi, ele yanmışıq...
Sən məndən betərsən, mən səndən betər!
***
Fəxrəddin Davudun (Aşıq Davud Qəribin) yazdığı
bir təcnisə cavab, sazda ifa olunub)
Öp gözündən, qoyma küsə küsdümü,
Gözlər necə qıydı məntək Sərdara
Bu cavan çağında yarın küsdümü?..
Tök saçların sinəm üstə sər, dara.
Qaldı dodaqlarda vüsal-ərdəbil,
Dolan, yarı axtar, eşit, ərdə bil!
Fərhad olsa ağrın alım ər də, bil,-
Doluşar sözündən düşər sərdara
Gəzər gözün göyü, gəzər göy nəyi?
Göylərdən geyinib gözüm köynəyi...
Yaman olub bu hicranın göynəyi,
Ağladar qəribi, gülər Sərdara.
Qərib sənəmi
Qərib dostum, yaman kövrəltdin məni,
Dağ üstdən dağladın, Qərib, sinəmi.
Bir şamam, dövrəmdə danış, din, məni
Qoyma, ölüb gedə qərib sinəmi...
Him tökməmiş divar hara, dam hara?
Zümrüddən divar yap, sonra dam ara.
Sən Allah, neştəri vurma damara,
Qoyma gözü yaşlı Qərib Sənəmi.
Qüssələnmə, bax gülənə, gör şadı!
Dərdə dəydi, iti könlüm korşadı.
Bu kədər lesyanı, bu qəm gürşadı
Mənəmi toxundu, Qərib, sənəmi?!
NƏNƏMƏ
Çağırıram səsim sənə yetişsin,
Səslə məni, sən də səslə, ay nənə!
Xumarlanım, qığıldayım qucunda,
Gözləyirəm min həvəslə, ay nənə!
Nur camalın ömrüm üçün yol açar,
Öp dilimdən, onda nəvən dil açar.
"Gəlişimdən, gülüşümdən gül açar",
Gül açanda məni gözlə, ay nənə!
Tələsirəm, qollarında gəzməyə,
Sözlərindən sevinməyə, küsməyə.
Mənim üçün qurban deyib kəsməyə,
Bir qəşəngcə quzu bəslə, ay nənə!
Ömrüm-günüm, ürəyimsən, anamsan,
Sən bizlərə pərvanəsən, yanansan.
Mən Rəşadam, sən də mənim Sonamsan!
Sənsiz nəyik, bircə sözlə, ay nənə?!
1980.
ƏFSUN
(nəğmə)
Ruhumu titrədən qənirsiz gözəl!-
Olaydın qəlbimi duyanım, Əfsun!
Dadlı duyğulardan bal röyalardan
Sənin müşk ətrinlə oyanım, Əfsun!
Sən səma elçisi, mələkmi, kimsən?
Yaz dumanı kimi çöküb gəlmisən.
Kəhkəşan nurunu çəkib gəlmisən,
Ulduzum, bəyaz buludum,
Gözlərini necə unudum
Arzular, arzumla umudum
Şəfəqinlə nurlanım, Əfsun!
Ayna qəlbin daim mənimçün olsun,
Könlüm qanadlanıb göyərçin olsun.
Nağıl yuxularım kaş ki, çin olsun,
Mələk şəfəqinlə nurlanım, Əfsun!
Bütün mələklərdən birinci kimi,
Dəryalar cövhəri nur inci kimi,
Sehrkar düzümlü dürr-inci kimi,
Şümşad biləyinə dolanım, Əfsun.
İNCİMƏ
Niyə göylər kimi dolmusan yenə?
Məndən incimisən, gülüm, incimə!
Çən duman bürüyüb gülən çöhrəni
Nədən incimisən, bilim...incimə!
Cazibəndən kənar çətin ki gəzəm,
Elə ovsunladın məni, acizəm.
Sən mənim ilahəm, pirim, möcüzəm,-
İstəsən səcdənə gəlim, incimə.
Yağdır gül dodaqdan təbəssüm mənə,-
İlğımdan sıyrılsın, tələssin mənə.
Behişt nəfəsindən meh əssin mənə,
Titrəsin telində əlim, incimə.
DÖNSÜN
Röyalı, nəğməli aləmdə sənsiz,
Əzabdı, dözmərəm, ay ilə dönsün.
Nur ümmana çıxan vüsal gəmisi,
Azmasın, geriyə, sahilə dönsün.
Ruhumsan, sevgimin qədəri hanı?-
Əngin göylərdəki ulduzlar sanı.
Nəqşi - heyrət qoysun eşqin dünyanı,
Açılsın, əfsunlu tər gülə dönsün.
Razıyam, min dəfə alışım, sönüm...
Əsmər yanağında mən telə dönüm.
Bu eşqə rişələr atanda könlüm,
Avazı qumrovlu bülbülə dönsün!
Rayihən ömrümə bahar çiçəyim,
Əlvan gül üstündə titrək ləçəyim.
Nahaqdan könlünə dəysəm, göyçəyim,
Arzum gözlərimdə niskilə dönsün.
DÖNDÜM
Tanrım, mənə ömür verdin,
Qüdrətinlə selə döndüm.
Gahdan sakit dəniz oldum,
Gah tufana, yelə döndüm...
Mən dönürəm son qalama,-
Ömür, yanma, gəl halıma.
Səni verdim üç balama,
Gün-gün, ay-ay, ilə döndüm.
Fələk, sənlə əyişmədim..
Əcəl, sənlə deyişmədim,
Mən dünyamı dəyişmədim,-
Allah, yandım külə döndüm!
Torpaq, boynuna sarılam..
Əhdinə düz ilqarınam
Səni sevən Sərdarınam,
Sinəndə bir gülə döndüm...
18 Noyabr 2002-ci il
(Moskva, SKB klinikası)
AMAN, NƏDİR BU BAXIŞLAR
Nə zamandır ürəyimə
Heç bilmirəm, daman nədir?
Sərin gəzən küsgün gülüm,
Bu aldanmış güman nədir?
Sevinc dönüb yenə gəlsin,
Bəxt imana, dinə gəlsin,
Dərdin-qəmin mənə gəlsin,
Çöhrəndəki duman nədir?
Bir heyrətli dünyadayam,
Dürr - incili dəryadayam,
Ay insafsız, röyadayam,
Ayıl, nədi, oyan, nədi?!
Qor tökülər, alov daşar,
Aman, nədir bu baxışlar?
Dedi gülünc olma, ey yar,
Son andasan, aman nədir?!
QƏŞƏNGİN NƏĞMƏSİ
(Qoşayarpaq qoşma)
Qovuşaq bir anı, gəzək dünyanı...
Gəzək bir gümanı deyə, qəşəngim.
Qoyma bu dumanı, bahar leysanı
Qumral saçlarını döyə, qəşəngim!
Qom hörüklər nizam, tel düzüm-düzüm,
Gəlmir üzüm sənə, deyim sirr-sözüm.
Yox gecəm-gündüzüm, həsrətdi gözüm,
Ola bir təbəssüm deyə, qəşəngim!
Məndən kənar gəzən, bircə biləsən,
Necə dözür görən bu dərdə dözən.
Qumrovlu qəh-qəhən qıylanmır nədən,
Niyə dönükmüsən, niyə, qəşəngim?
Çevir mənə sarı od yanaqları,
Lalə dodaqları gizlətmə barı.
İncitmə Sərdarı, qoyma yadları,
Düz əhdi-ilqarı əyə, qəşəngim!
BİR GECƏ
Taleyimə düşən paydı gecələr,
Günlərimi yaman saydı gecələr.
Görən bizə necə qıydı gecələr?-
Şirin gecə, nağıl gecə, sirr gecə.
Bir sevdaydı, dayanaraq üz-üzə,
Əl-ələydik, göz-gözəydik, diz-dizə.
Saçlarına, hər gələndə sən bizə,
Ulduzlardan səpilirdi zər gecə.
Yalvarardım, danış yenə, din yenə,
Sənin üçün darıxmışam mən yenə,
Deyərdim ki, qurban olum, sən yenə
Saçlarını sinəm üstə sər gecə.
Öyrənmişdim tellərinin ətrinə,
Nəfəsinin, əllərinin ətrinə.
Bilirsən ki, təkcə sənin xətrinə,
Sübhə qədər dayanardım hər gecə
Tez unutdun gecələri nədənsə,
Gəzdiyimiz küçələri nədənsə,
Çağırmadım, nə mən geri nədənsə,
Nə sən geri qayıtmadın bir gecə...
OCAQ
Bir qayadı, dara çəkər zülməti,
İşığıyla pardaqlayar gecəni.
Üzük kimi şölə saçar yamacda,
Nişan taxıb adaxlayar gecəni.
Layladırmı?.. dodağından çağlayar,-
Mürgü döyən kar qayalar laxlayar.
O tay - bu tay qaranlığı bağlayar,
Bir yamaca çataxlayar gecəni.
İstəyini istiləyər, gözlədər,
Arzusuna əlin dəysə gizlədər.
Günəş çıxsa işığını gizlədər,
Öz külündə soraqlayar gecəni.
Tapılıbdır ulduzlara bir bacı,
Yanağı od, hörükləri nur tacı.
Özü boyda qaraldaraq yamacı,
Gündüzlərə pay saxlayar gecəni...
ÖTƏN GÜNLƏRİM
Gəncliyimdən qopan, ömrümdən qopan,-
Axan ulduz kimi itən günlərim.
Hicran sızıltılı, vüsal nəğməli,
Ay ötən günlərim, ötən günlərim!
Siz ki, yarandınız günəşdən, nurdan
Uçub ayrıldınız bir-bir ömürdən…
Çiçək-çiçək olan, ulduza dönən,
Çilənib göylərə bitən günlərim,
Ay ötən günlərim, ötən günlərim!
Hər anı mehr idi, ünsiyyət idi,
Bir dünya eşq idi, səadət idi.
Naxışı, zinəti məhəbbət idi,
İlğıma döndünüz nədən, günlərim?
Ay ötən günlərim, ötən günlərim…
Tanrı yaratdığı bir sehr olaydı,
Bütün ayrılıqlar kaş qəhr olaydı…
Yenidən çağlayan gur nəhr olaydı
Nağıl qanadında gedən günlərim,
Ay ötən günlərim, ötən günlərim…
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024