Azərbaycan tarixini dəyişən 13 hadisə

20:00 / 01.01.2019
Baxılıb: 2724

Dünyanın, eləcə də hər bir ölkənin tarixini dəyişən hadisələrin müəyyən edilməsi diqqət mərkəzində olan mövzulardan birdir. Bu hadisələrə gəldikdə, onların müəyyən edilməsində vahid yanaşma müəyyən etmək çox çətindir.

Dünya, yaxud ayrı-ayrı ölkələr üzrə ümumi hadisələrlə eyni zamanda yalnız bu ölkələrin özlərinə məxsus hadisələr də olur. Həmin hadisələr məzmununa görə də müxtəlif ola bilir. Siyasi (1914-cü ildə Qavril Prinsip tərəfindən Frans Ferdinandın öldürülməsi və I Dünya müharibəsinin başlanması, 1917-ci il oktyabr çevrilişi, 1939-cu ildə Almaniyanın Polşaya hücumu), təbiət (Santorin adasında vulkan), epidemiya (XIV əsrdə “ qara ölüm ”), təsadüflər (1492-ci ildə Kolumbum Amerikanı kəşf etməsi, Titanikin məhvi) və s. hadisələri ayrılıqda və ya bir arada nəzərdən keçirilir. Buna uyğun olaraq dəyişikliklərin xarakteri, təsir müddəti və dərəcəsi də müxtəlif olur. Bəzi hadisələrin yaratdığı dəyişikliklərin nəticələri müasir dövrədək gəlib çatsa da, bəzilərininki müəyyən xronoloji çərçivə ilə məhdudlaşır. Hadisələrin zaman dinamikası da fərqli olur. Qədim və orta əsrlərdən fərqli olaraq, yeni və müasir dövrdə belə hadisələrin sayı və intensivliyi artır.

Bu qəbildən olan hadisələrin nəticəsidir ki, tarix bəzən real gedişindən çıxıb, yeni inkişaf yoluna yönəlib, müasir vəziyyət formalaşıb.

Azərbaycan tarixində də xeyli belə hadisələr baş verib. Bu hadisələrdən on üçü və onların yaratdıqları bir sıra dəyişikliklər üzərində xüsusi dayanmaq olar.

1. Manna dövlətinin süqutu. Çox siyasi mərkəzliliyin aparıcı meylə çevrilməsi

Azərbaycanda ilk siyasi mərkəzlər Urmiya gölü ətrafında formalaşmağa başlayıb. Bu baxımdan Urmiya ətrafı Azərbaycanın siyasi sivilizasiyasının beşiyi hesab oluna bilər. Burada ilk dövlət qurumları e.ə. III minillikdə meydana gəlsə də, ilk mərkəzləşmiş dövlət – Manna dövləti (e.ə.IX-VI əsrlər) olub. İlk siyasi qurumlardan fərqli olaraq, Mannanın sərhədləri qismən Arazdan şimaldakı torpaqlara da yayılmışdı. Assuriya və Urartunun Mannaya qarşı təcavüzkar siyasəti onun daha da güclənməsinə və Azərbaycanın şimalındakı torpaqlarda möhkəmlənməsinə imkan vermədi.

– Mannanın süqutundan sonra Azərbaycan torpaqları təxminən 60-70 il ərzində Midiya, 220 il ərzində Əhəməni dövlətlərinin tərkibində oldu. Bu dövrü Makedoniyalı İsgəndərin (e.ə.336-323) Şərq yürüşü başa çatdırdı.

– İsgəndərin ölümündən sonra qurama imperiyası dağıldı. Azərbaycanın cənubunda meydana gələn Atropatena dövləti (e.ə.IV-e.III əsrinin 20-ci illəri) də Azərbaycanın şimal torpaqlarının bir hissəsini sərhədlərinə ala bildi. Eyni dövrdə şimalda da siyasi proseslərin fəallaşması ilə burada da Albaniya dövləti (e.ə.IV-e.VII əsrləri) təşəkkül tapdı.

Beləliklə, Azərbaycan ərazisində iki və daha çox siyasi mərkəzin formalaşması başlandı. Azərbaycanın təbii-tarixi inkişafı dəyişdi. Vahid dövlətin yaradılması, onun vahid siyasi mərkəzdə birləşdirilməsi tarixi inkişafının tələbinə çevrildi.

2.İslamın qəbulu

İslam dininin yaranması dünya tarixinin ən önəmli hadisələrindən olub, böyük dəyişikliklərin əsasını qoydu. Azərbaycan da İslamı qəbul etdiyinə görə həm dünyada baş verən dəyişikliyin tərkib hissəsi oldu, həm də öz həyatı köklü dəyişikliyə uğradı. Azərbaycan tarixi bəzən İslama qədərki və sonrakı dövr kimi də ayrılır ki, bu da tamamilə doğrudur. İslamın əsaslarının tətbiqi ilə yaranan dəyişikliklər dünya ilə eyni səciyyə daşıyırdı. Bununla yanaşı, İslamın qəbulu ilə Azərbaycan tarixində ona məxsus dəyişikliklər də baş verdi.

– Ölkədə dini separatizm (bütpərəstlik, atəşpərəstlik, xristianlıq) zəiflədi. Azərbaycanın cənubu və şimalı vahid dinə gəldi.

– Azərbaycan geniş bir coğrafiyanı əhatə edən müsəlman dünyasına daxil oldu və bu coğrafiyanın xristian aləmi ilə hüdudlarında yerləşdiyinə görə bir tərəfdən İslamın yayılmasında, digər tərəfdən isə onun müdafiəsində əhəmiyyətli rol oynadı. Rusiya imperiyasının işğalından sonra Azərbaycanın şimalında pravoslavlığın bərpası siyasəti uğur qazana bilmədi.

– Ərəb xilafətinin parçalanmasından sonra meydana gələn ilk Azərbaycan türk-müsəlman dövlətlərindən biri olan Sacilər dövləti (879-941) yeni şəraitdə ölkəni siyasi cəhətdən birləşdirməyə nail oldu.

3.Səlcuq fəthləri

Azərbaycan torpaqları türk dünyasının tərkib hissəsi olmuşdur. Hun imperiyası (IV-VI əsrlər) və Xəzər xaqanlığı (650-969) Azərbaycan tarixində də mühüm iz qoymuşdur. Bu imperiyalar Azərbaycanın şimalında mövcud olub, burada cərəyan edən hadisələrdə iştirak etməsinə baxmayaraq, ölkədə güclü siyasi hakimiyyət yarada bilmədi. Səlcuqların və ya oğuzların XI əsrin əvvəllərindən başlayaraq siyasi hadisələrdə iştirakı ilə vəziyyət dəyişdi. Səlcuqlar hunlar və xəzərlərdən fərqli olaraq, cənubdan hərəkət etdilər. Səlcuq imperiyasının yaranması (1038-1157) və İslam dünyasında aparıcı amilə çevrilməsi ilə bölgə və dünya tarixində də ciddi dəyişikliklər meydana gəldi.

– Azərbaycan və digər türk xalqlarının əraziləri vahid türk dövləti tərkibində birləşdirildi.

– Səlcuq imperiyası dağıldığı zaman Azərbaycan ərazisində meydana gələn Atabəylər dövləti (1136-1225) ölkəni etnik və siyasi cəhətdən birləşdirməyə nail oldu.

– Monqol-tatar imperiyası və onun dağılması nəticəsində Azərbaycanda yaranan dövlətlər zamanı bəzi miqrasiyalar baş versə də, əhali fundamenti və dini vəziyyət həlledici təsirini davam etdirdi.

– Azərbaycan Qaraqoyunlu (1410-1468) və Ağqoyunlu (1468-1510) dövlətlərini yaradan tayfa birlikləri səlcuq coğrafiyasında (qaraqoyunluların mərkəzi Van, ağqoyunluların mərkəzi Diyarbəkir idi) siyasi arenaya qədəm qoydu.

– Səlcuqların Azərbaycanla eyni zamanda Anadoluda da möhkəmlənməsi, 1071-ci ildə Malazgirt döyüşündə Bizansa qalib gəlməsi, ilk xaç yürüşlərinin qarşısını alması ilə Azərbaycana qərbdən gələn təhlükəni Anadolu səlcuqları, sonralar isə burada meydana gələn türk dövlətləri, xüsusilə Osmanlı dövləti qarşıladı.

– Avropa diplomatiyası Osmanlı dövlətinə qarşı mübarizə üçün Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətləri ilə yaxınlaşmaq siyasətini hazırladı.

4. Səfəvilər dövlətinin meydana gəlməsi

Səfəvilər dövləti (1501-1736) İslamın qəbul edilməsindən sonra Azərbaycanda yaranan türk-islam dövlətlərinin varisidir. Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə nail ola bilmişdi. Onun əsas fərqlərindən biri İslamdakı mövqeyi ilə bağlı oldu. Əvvəlki dövrdə Yaxın Şərq və Mərkəzi Asiyada aparıcı dini məzhəb sünnilik idi. Səfəvilərin şiəliyi dövlət dininə çevirməsi təsadüfi olmayıb, məqsədyönlü şəkildə həyata keçirilən bir siyasət idi. Şah İsmayıl (1501-1524) bununla dövlətin və hakimiyyətinin daha da möhkəmləndirilməsinə çalışırdı. Buna baxmayaraq, şiəliyin dövlət dininə çevrilməsi ciddi dəyişikliklər ilə müşayiət olundu.

– Məzhəb dəyişikliyi dövlətçiliyin möhkəmləndirilməsindən daha dərin oldu. Səfəvi dövləti əsas rəqibi olan Osmanlı dövlətindən (1299-1923) tez dağıldı.

– Nadir şah dini islahat keçirərək, həm sünnilər, həm də şiələri yaxınlaşdıran cəfəriliyə keçməyə cəhd etdi. Bu dini islahat baş tutmadı. Səfəvi ənənəsinə uyğun olaraq şiəlik üstün mövqeyini saxladı.

– Azərbaycanda İslam dininin müasir mənzərəsinin formalaşmasına təsir göstərdi. Dini statistikaya görə, Azərbaycan müsəlmanlarının 75%-ni şiələr, qalanını isə sünnilər təşkil edir.

5. Nadir şahın qətli. Xanlıqların meydana gəlməsi

Nadir şahın hakimiyyətə gəlməsi ilə ölümü arasında çox ciddi ziddiyyət var. O, hakimiyyətə 1736-cı ildə Muğanda keçirilən kütləvi qurultay zamanı gəldiyi halda, 1747-ci ilin mayında gizli şəkildə, sui-qəsd nəticəsində öldürüldü. Nadir şah Azərbaycanı Əfşarlar imperiyası daxilində vahid inzibati ərazidə birləşdirmişdi. Hadisələrin normal gedişi ilə Azərbaycanın konsolidasiyası güclənməli, imperiyanın daxilində güclü əyalətlərdən birinə çevrilməli və müvafiq şəraitdə onun tərkibindən bütöv halda çıxmaq imkanı var idi. Nadirin qətli ilə bu perspektiv aradan qalxdı. Əfşarlar imperiyası dağıldı.

Azərbaycanda iyirmi xanlıq (Şəki, Quba, Qarabağ, Urmiya, Təbriz və s.) əmələ gəldi. Azərbaycanın bütün siyasi və etnik ərazisində xanlıqların timsalında dövlətçilik bərqərar olundu. Ölkənin bütün regionları baş verən siyasi proseslərə cəlb edildi.

– Urmiya, Quba və Qarabağ xanlıqlarının birləşdirmə siyasəti həm daxili, həm də xarici amillərin təsiri nəticəsində baş tutmadı.

– Dünya tarixində Fransa inqilabı ilə (1789-1794) başlanan yeni təlatümlər şəraitində Azərbaycan XIX əsri parçalanmış halda qarşıladı. Rusiya imperiyasının işğalçı siyasəti qarşısında birləşmək mümkün olmadı.

– Vahid dövlət yaratmaq və ölkənin daxili parçalanmadan dövlətlərarası parçalanmaya uğramasının qarşısını almaq mümkün olmadı.

6. Rusiya işğalı. Azərbaycanın bölüşdürülməsi

Rusların Azərbaycana ilk yürüşləri X əsrə təsadüf etsə də, siyasi iddiaları I Pyotr (1682-1725) ilə bağlı olub. 1723-1735-ci illərdə Azərbaycanın Xəzərsahili torpaqları Rusiya imperiyasına daxil edilmişdi. Göründüyü kimi, bu uzun çəkməmişdi. Səfəvi dövlətinin və Nadir şahın imperiyasının dağılması, II Yekaterina dövründə (1762-1796) Osmanlı imperiyasının müharibələrdə (1768-1774, 1787-1791) məğlub olması Rusiyanın regiona nüfuzunu gücləndirdi. Ağa Məhəmməd şahın qətli (1797) ilə Qacarlar dövlətinin zəifləməsi Rusiyanın mövqeyini daha da gücləndirdi. 1801-1803-cü illərdə Rusiyanın işğalları nəticəsində Gəncə xanlığı və bir sıra Azərbaycan torpaqları tutuldu. 1804-1813 və 1826-1828–cü illər rus-İran müharibələrinin sonunda bağlanan Gülüstan (1813) və Türkmənçay müqavilələri (1828) ilə Azərbaycan xanlıqları bölüşdürüldü.

– Azərbaycanın şimalı Rusiyanın, Arazdan cənubdakı torpaqlar İranın tərkibinə keçdi.

– Azərbaycanın şimalında ilk dəfə olaraq xristian dövlətin siyasi hakimiyyəti bərqərar olundu.

– Azərbaycanın şimalı və cənubu arasındakı münasibətlər dövlətlərarası münasibətlərə çevrildi.

– O zaman əsası qoyulan parçalanma bu günədək davam etməkdədir.

– Bu parçalanmaya baxmayaraq, Azərbaycanın şimalı və cənubu arasında milli-mənəvi birlik bütün dövr ərzində davam etmişdir.

7. Ermənilərin Azərbaycana köçürülməsi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Müəyyən dövrlərdə Azərbaycanda hökmranlıq etmiş imperiyalar (Sasanilər, Ərəb Xilafəti, Monqol-tatar imperiyası və s.) Azərbaycana əhali köçürmüşdür. Dini-siyasi baxışlarından asılı olmayaraq, onlar Azərbaycan həyatının tərkib hissəsinə çevrilmiş, ya qaynayıb-qarışmış, ya da öz varlığını qoruyaraq, daha da zənginləşdirmişdir. Ermənilər bu sırada tam fərqli yer tutur. Bu, köçürmənin strategiyası və erməni dini-milli xarakteri ilə bağlı olmuşdur. Rusiya əvvəlki imperiya miqrasiya siyasətinin əksinə olaraq hakim xalq və ya öz təbəəsini deyil, erməniləri kütləvi şəkildə işğal edilmiş Azərbaycan torpaqlarına köçürmüşdür. I Pyotrun erməni xalqına 1724-cü il fərmanı ilə onlar Xəzərsahili torpaqlara köçürülmüşdür. 1828-ci il Türkmənçay müqaviləsi ilə İrandan, 1829-cu il Ədirnə müqaviləsi ilə Osmanlıdan ermənilər gətirilmişdir. Bu siyasət sonralar da davam etdirilmişdir. Çar I Nikolay tərəfindən Azərbaycanın işğal edilmiş Naxçıvan və İrəvan xanlıqları ərazisində “Erməni vilayəti” yaradılmış, lakin on iki il sonra (1828-1840) ləğv edilmişdi.

– Azərbaycanda gəlmə ermənilərdən ibarət xüsusi etno-konfessional təbəqə formalaşdırılmış, onlara hər cür imtiyazlı şərait yaradılmışdır.

– Gəlmə ermənilər Rusiya imperiyasının strateji məqsədlərinə xidmət etməklə yanaşı, ərazi iddiaları ilə də çıxış etməyə başlamışdır.

– Bu iddialar azərbaycanlılara qarşı soyqırımları və etnik deportasiyalara yol açmışdır. İlk belə hadisələr Rusiya imperiyası daxilində daha geniş şəkildə 1905-1906-cı illərdə baş vermişdir. 1918-ci ilin martında yeni şəraitdə davam etdirilmişdir.

– 1918-ci ilin mayında tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan Azərbaycana qarşı dövləti düşmənçilik ideologiyası həyata keçirməyə başlamışdır. Sovet Ermənistanı və hazırkı Ermənistan Respublikası bu irsi qəbul etmişdir.

– Dağlıq Qarabağın muxtariyyətləşdirilməsi ilə (1923) Ermənistanın ərazi iddiası Azərbaycanın daxilinə də keçirilmişdir.

– Ermənistan düşmənçilik siyasəti ilə Azərbaycan tarixinə qanlı səhifələr yazmış (1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası, 1980-ci illərin sonlarının deportasiyası, Qarabağ müharibəsi, Xocalı soyqırımı və s.), onun iqtisadi, siyasi və sosial resurslarını bu konfliktə cəlb etməklə qarşıda böyük maneəyə çevrilmişdir.

8. Bakının dünya neft mərkəzlərindən birinə çevrilməsi

2017-ci ilin noyabrında Bakıda iki milyard ton neft çıxarılması qeyd edildi. Bu sadəcə bir rəqəm olmayıb, eyni zamanda özündə çox böyük mənaları ehtiva edir. Bakıda neft çıxarılması qədim zamanlardan məlum olmasına baxmayaraq, uzun müddət bu torpaqların tərkibinə daxil olduğu həm Azərbaycan, həm də istilaçı dövlətlər üçün yalnız vergi və ya gəlir mənbəyi rolunu ifa edirdi. Bakı neftinin tarixində əsas yeniliklər Rusiya imperiyasının ağalığı dövründə (1806-1917) baş verdi. Buna görə də müstəmləkə dövrünün ağır irsi Bakı neft sənayesinin sonrakı inkişafına da mənfi təsirini göstərməkdə davam etmişdi. 1806-cı ildə Bakı xanlığı işğal edildikdən sonra neftli torpaqlar imperiya xəzinəsinə keçmişdi. 1806-1872-ci illərdə neftli torpaqlar müəyyən istisnalar ilə otkupa (iltizama) verilmişdi. İlk neft quyusu da bu dövrdə – 1848-ci ildə qazılmış, neftin sənaye üsulu ilə çıxarılması başlanmışdı. 1859-cu ildə isə Bakıda ilk neftayırma zavodu işə başlamışdı. Çar hökuməti 1872-ci ildə otkup sistemini ləğv etdikdən sonra, neft sahəsini tənzimləyən qanunlar qəbul etmişdir. Beləliklə, neft sənayesi istehsalın mühüm sektoruna çevrilmişdir. Əgər Bakıda 1872-ci ildə cəmi 26 min ton neft çıxarılmışdısa, 18 il ərzində bu rəqəm müqayisə olunmaz dərəcədə artaraq, 1900-cü ildə 10 milyon tona çatmışdı. Bu imperiyada çıxarılan neftin 95, dünyada hasil edilən neftin 50%-i demək idi. O zaman neft çıxarılması ilə 167 neft şirkəti məşğul olurdu. Bakının imperiya və dünya neft mərkəzlərindən birinə çevrilməsi ilə Azərbaycanın tarixində ciddi dəyişikliklər yarandı.

– Neft sənayesi onunla bağlı olan digər sənaye sahələrinin və infrastrukturun inkişafına da təkan verdi.

– Bakı neft sənayesində aparıcı rol əvvəlcə erməni və rus, sonra isə onlar ilə birgə xarici kapitalın əlinə keçdi.

– Sahibkarlarla eyni zamanda daha təsirli rola malik olan güclü bir təbəqə – neft sənaye fəhlələri də formalaşmışdı. Etnik tərkibi və sosial oriyentasiyasına görə bu təbəqə əsas anti-milli düşərgəyə çevrilmişdi. Bakıda sovet hakimiyyətinin qurulması və Azərbaycan Cümhuriyyətinin devrilməsinin sosial bazasını da onlar təşkil edirdi.

– Bakı nefti Azərbaycanın geostrateji tarixində də ciddi dəyişikliklər yaratdı. I Dünya müharibəsi ərəfəsi və dövründə, xüsusilə müharibədən sonra neft sayəsində Azərbaycan dünyanın böyük dövlətlərinin maraq mərkəzlərindən birinə çevrildi. Sovet Rusiyası burada geostrateji maraqlarına nail oldu. SSRİ dövründə isə Bakı nefti sovet dövlətinin inhisarında idi. II Dünya müharibəsi zamanı Bakı nefti faşist Almaniyası üzərində qələbənin əsas təminatlarından biri oldu.

– SSRİ-nin dağılması və süqutu ərəfəsində Bakı neftinin milliləşdirilməsi müstəqillik uğrunda mübarizənin əsas məsələlərindən birinə çevrildi. 1994-cü il sentyabrın 20-də neft müqaviləsinin imzalanması ilə Bakı neftinin Azərbaycan xalqı və dövlətinin mənafeyinə yönəldilməsi istiqamətində uzun bir yol başa çatdı və Bakı nefti tarixində yeni dövr başladı.

– Neftin siyasət amili kimi rolunun artması, neftin qiyməti ətrafında qlobal oyunlar və s. ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılmasını irəli sürmüş, qeyri-neft sektorunun inkişafı strateji vəzifəyə çevrilmişdir.

9. Cənubi Azərbaycanın 1905-1911-ci illər İran inqilabının mərkəzi olması

1905-ci ilin dekabr hadisələri ilə başlanan inqilab 1906-cı ilin yayında yüksəlməyə doğru getdi. Konstitusiyanın qəbulu və parlamentin çağırılması əsas tələblərə çevrildi. Dekabrın 30-da Müzəffərəddin şah (1896-1907) Konstitusiyanın məclisin hüquq və səlahiyyətlərinə aid olan birinci hissəsini imzaladı və beş gündən sonra öldü. Onu hakimiyyətdə əvəz edən Məhəmmədəli şah (1907-1909) birinci məclisin Konstitusiyanın ikinci hissəsinin qəbul edilməsi barədə tələbini qəbul etməyərək, onun qovulmasına cəhd etdi. Bu, geniş əks-sədaya səbəb oldu. Təbriz inqilabın nailiyyətlərinin qorunması və genişləndirilməsi uğrunda mübarizənin mərkəzinə çevrildi. 1908-ci ildə Təbrizdə üsyan baş verdi. Mərkəzi hakimiyyət üsyanı yatırmaq məqsədilə qoşun göndərdi. Səttar xanın (1866-1914) rəhbərliyi ilə şəhərin müdafiəsi təşkil edildi. Yalnız 1909-cu ildə rus qoşunlarının müdaxiləsi nəticəsində fədailər tərksilah olundu. Tehranda iyul ayında Məhəmmədəli hakimiyyətdən salındı, yerinə on dörd yaşlı Sultan Əhməd (1909-1925) gətirildi. 1911-ci ildə Məhəmmədəlinin hakimiyyətini bərpa etmək cəhdi boşa çıxdı. Rusiya qoşunlarının müdaxiləsi ilə inqilab yatırıldı. Cənubi Azərbaycanın İran inqilabındakı rolu Azərbaycanın tarixində ciddi dəyişikliklər yarada bildi:

– Cənubi Azərbaycanda milli şüurun inkişafını sürətləndirdi.

– Azərbaycanın şimalında rəğbətlə qarşılanaraq, həmrəylik hərəkatının yaranmasına təkan verdi.

– Cənubu Azərbaycan 1920, 1941-1946, 1950 və 1978-1979-cu illər milli-azadlıq hərəkatı və inqilabları zamanı mərkəz rolunu davam etdirdi. 1945-ci ildə isə Azərbaycan Milli hökuməti (21 Azər hərəkatı) yarandı.

10. Azərbaycan Cümhuriyyətinin yaranması

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin (sonrakı rəsmi sənədlərdə Azərbaycan Cümhuriyyəti) yaradılmasının elan edilməsi ilə Azərbaycanın şimalında Rusiya imperiyasının 116 illik müstəmləkə əsarətinə (1801-1917) və post-Rusiya dövrünün Cənubi Qafqazda qısa müddət davam edən (1917, noyabr-1918, may) siyasi xaosuna son qoyuldu. Azərbaycan tarixinə Birinci respublika (1918-1920) kimi daxil olmuşdur.

Cümhuriyyətin proqram sənədi Milli Şuranın altı maddədən ibarət “Əqdnamə”si (İstiqlal Bəyannaməsi) idi. Cümhuriyyət sonrakı sənədlərində ərazisi və sərhədlərini daha dəqiq müəyyənləşdirmişdir.

– Cümhuriyyətin liderlərindən olan M.Ə.Rəsulzadənin (1884-1955) yazdığı kimi, “Azərbaycan Cümhuriyyəti aləmi-islamda təşəkkül edən ilk Cümhuriyyətdir”.

– Azərbaycan Milli Şurasının Cümhuriyyətin elan edilməsindən bir gün sonra qəbul etdiyi qərara əsasən qədim Azərbaycan şəhəri İrəvan Ermənistan Respublikasına verildi. Bu qərar qəbul edilərkən Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyması və s. məsələlər nəzərə alınmışdı. Sonrakı tarixi dövrdə Ermənistan bu razılığa əməl etmədi. İrəvan Ermənistanın mərkəzi kimi anti-Azərbaycan siyasətinin beşiyinə çevrildi.

– Qafqaz İslam Ordusunun köməyi ilə 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi və paytaxtın buraya köçürülməsi respublikanın ərazi bütövlüyünün bərpa edilməsi işində ciddi əhəmiyyətə malik oldu. Bakı şəhəri həmin vaxtdan bu günədək Azərbaycanın paytaxtıdır.

– 1918-ci il dekabrın 7-də Parlamentin fəaliyyətə başlaması siyasi sistemi möhkəmləndirmiş, dövlətin qanunvericilik fəaliyyətini genişləndirmişdir. 120 nəfərdən ibarət olan Parlament respublikadakı əsas siyasi partiya və etnik tərkibi əhatə edirdi. Qanunvericilik orqanında ondan çox fraksiya və onların üzvlərindən formalaşmış on bir komissiya var idi. Parlament işlədiyi müddətdə 145 iclas keçirmiş, 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a qədəri qanun qüvvəsi almışdır. Cümhuriyyət Parlamentində ilk dəfə qadınlara seçki hüququ verilməsi, ilk universitet açılması, mətbuat azadlığı və s. kimi mühüm qanunlar qəbul edilmişdir.

– Azərbaycanın gələcəyi naminə yeni yüksək səviyyəli mütəxəssislər hazırlamaq məqsədi ilə Avropanın qabaqcıl universitetlərində təhsil almaq üçün 100-dən çox tələbə xaricə göndərildi.

– Rusiya imperiyasının uzun müddətli müstəmləkə əsarətindən sonra müstəqil dövlət yaratmağa, onu idarə etməyə və varlığı uğrunda mübarizə edə bilən dövlət adamları və siyasətçilər yetişdirdi.

– 1918-ci il 30 oktyabr Mudros müqaviləsinə görə Azərbaycanı tərk etmiş Osmanlı dövlətini əvəz etmiş ingilislər ilk dövrdə hökumətə qarşı inamsızlıq göstərməsinə baxmayaraq, qısa müddət sonra onu legitim hakimiyyət kimi qəbul etmişdilər. İngilislər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımış, Cümhuriyyət hökumətinin orada yaratdığı Qarabağ general-qubernatorluğunu rəsmən qəbul etmişdi.

– Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin gərgin əməyi nəticəsində 1920-ci il yanvarın 5-də Cümhuriyyət de-fakto tanınmışdır.

– Cümhuriyyət qısa bir müddət ərzində beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmağa çalışmış, Osmanlı dövləti ilə yanaşı, digər böyük və yeni yaranan dövlətlərlə diplomatik münasibətlər qura bilmişdi. Xarici İşlər Nazirliyi tərəfindən Tiflis, İstanbul, İran, İrəvan, Kuban və Donda diplomatik nümayəndələr, Batumda Baş konsul, Ukraynada konsul, Petrovsk və Krımda konsul agentləri təyin edilmişdi. Bakıda Gürcüstan və Ermənistanın diplomatik nümayəndələri, İtaliya hərbi missiyası, İranın Baş konsulu, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə və İsveçin konsulları, İngiltərə, ABŞ və Ukraynanın vitse-konsulları, Litva, Polşa və Finlandiyanın konsul agentləri var idi.

– Ermənistanın Azərbaycana qarşı müharibəsi, ermənilərin separatçılıq əməlləri və erməni siyasi partiyalarının destruktiv fəaliyyəti tədricən mövqeyini möhkəmləndirən Sovet Rusiyasının təcavüzkarlıq xətti ilə birləşərək Cümhuriyyətin müstəqilliyi üçün təhlükəyə çevrilməyə başlamışdır. Təsadüfi deyil ki, Sovet Rusiyası Azərbaycan hakimiyyətinin bütün diplomatik cəhdlərinə baxmayaraq, onun müstəqilliyini tanımaqdan imtina etmişdi. Bunun əksinə olaraq qonşu Gürcüstan ilə 1920-ci il mayın 7-də müqavilə bağlanmış, Ermənistanın daşnak hökuməti ilə əməkdaşlıq qurulmuşdur. Ermənistan ilə bağlanan 1920-ci 10 avqust müqaviləsi ilə Azərbaycanın tarixi torpaqlarından olan Zəngəzur mübahisəli ərazi hesab edilmişdi. Ermənistanın sovetləşdirilməsindən sonra Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın digər torpaqlarından ayrı salınmışdır.

– Sovet Rusiyası əlverişli məqam yaranan kimi Azərbaycana qarşı diplomatik təzyiqdən silahlı müdaxiləyə keçmişdir. Parlament 1920-ci il aprelin 27-də Sovet Rusiyasının hərbi təhdidi və onun köməyi ilə Azərbaycan Kommunist Partiyasında birləşən yerli bolşeviklərin siyasi təzyiqi altında hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar qəbul etmişdir. Belə bir vəziyyətdə Cümhuriyyətin sərhədlərini keçən Sovet Rusiyasının XI Qızıl ordusu irəliləyərək Bakıya daxil olmuş, sonra isə bütün Azərbaycan ərazisini işğal etmişdi. Azərbaycanda yetmiş ildən çox davam edən sovet dövləti qurulmuşdu.

– Azərbaycanın Dövlət müstəqilliyi haqqında 1991-ci il 18 oktyabr Konstitusiya aktına görə, Azərbaycan Respublikası Cümhuriyyətin varisi elan edilmişdir (maddə 2).

11. Azərbaycanın sovetləşdirilməsi və SSRİ-nin tərkibinə daxil edilməsi

Azərbaycan SSR (1920-1991) İkinci respublika da adlandırılır. Onun tarixində 1920-1922-ci illər, yəni sovet hakimiyyətinin qurulmasından SSRİ-nin yaradılmasınadək olan dövr formal müstəqillik dövrü adlandırılır. Bu dövrün özündə də Sovet Rusiyası Azərbaycan SSR ilə qeyri-bərabər müqavilələr bağlamaqla (1920-ci il hərbi-iqtisadi müqavilələr və b.) onun suverenliyini məhdudlaşdırır. Sovet Rusiyasının yeni sovet respublikalarını vahid dövlətdə birləşdirmək adı ilə imperiya Rusiyasının ərazisini bərpa etmək uğrunda mübarizəsi ilə bu hal daha geniş şəkil alır. Sovet dövlətinin banisi Leninin təşəbbüsü ilə Sovet Sosialist Respublikaları İttifaqı – SSRİ-nin yaradılması uğrunda hərəkat başlayır.

1922-ci ilin martında Azərbaycan, Ermənistan və Gürcüstan SSR-dən ibarət Zaqafqaziya Sovet Federativ Respublikası (1922-1936) təşkil edilir. Azərbaycan SSR ZSFSR-in tərkibində 1922-ci il dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olur. SSRİ-nin 1936-cı il Konstitusiyasına əsasən ZSFSR ləğv olunur, Azərbaycan müstəqil şəkildə SSRİ-nin tərkibinə daxil olur. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsız elan edilirdi (maddə 3). Beləliklə, Azərbaycanın SSRİ dövrü başa çatmışdır. Rusiya, Ukrayna və Belarusun 1991-ci il dekabrın 8-də imzaladığı Belovejsk sazişi ilə SSRİ-nin fəaliyyətini dayandırması elan edilirdi. SSRİ-nin varlığına rəsmən 1991-ci il dekabrın 26-da son qoyulmuşdur.

Azərbaycan SSR-in SSRİ dövrünün tarixini iki cür dövrləşdirmək olar: 1)yalnız SSRİ tarixi dövrləri əsasında; 2)SSRİ-nin tarixi dövrləri nəzərə alınmaqla Azərbaycan SSR-in özünəməxsus cəhətləri əsasında. 1920-30-cu illər, 1941-1945-ci illər müharibəsi, 1945-1953-cü illər post-müharibə stalinizmi, 1953-1964-cü illər Xruşşov “mülayimləşməsi”, 1964-1985-ci illər inkişaf etmiş sosializm (sonralar daha çox durğunluq dövrü kimi adlandırılır) və 1985-1991-ci illər “yenidənqurma” SSRİ-nin əsas dövrləri kimi ayrılır. Təbii ki, SSRİ kimi mərkəzləşmiş bir dövlətdə bu dövrlər Azərbaycanın həyatına da həlledici təsir göstərirdi. Bununla belə, Azərbaycanın sovet dövrü tarixinin müasir konsepsiyasının milli-azadlıq xətti üzrə nəzərdən keçirilməsi daha doğru olardı.

Azərbaycanın sovetləşdirilməyədək və müasir müstəqillik dövrləri bir-biri ilə varislik əlaqəsində olduğu halda, sovet dövrü haqqında bunu demək mümkün deyil. Belə ki, nəinki sosial-iqtisadi sistem, insanların tarixən formalaşmış həyat tərzi, hətta mənəvi aləmi də total dəyişikliklər ilə müşayiət olunur.

– Milli dövlət quruculuğu sovet dövlət quruculuğu ilə əvəz edilir, dövlətin ərazi birliyinə ağır zərbə vurulur, Dağlıq Qarabağ muxtariyyətləşdirilir, Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycanın digər torpaqlarından ayrı salınır, ənənəvi inzibati-ərazi bölgüsünün bərpası əvəzinə rayonlaşdırma həyata keçirilir.

– SSRİ yarandıqdan sonra Azərbaycan bir sıra suveren hüquqlarını (xarici siyasət, ordu saxlamaq və s.) Mərkəzə – Moskvaya güzəştə gedir. Moskvada hazırlanmış planlar yerli xüsusiyyətlər nəzərə alınmadan inzibati-amirlik vasitəsilə həyata keçirilir.

– Azərbaycanın təbii sərvətləri, xüsusilə neft istehsalı Mərkəzin əlində cəmləşdirilir. Kənd təsərrüfatı kollektivləşdirilir, yəni kollektiv təsərrüfatlar (kolxozlar) yaradılır.

– 1930-cu illərin Stalin repressiyaları də Azərbaycanda ən amansız şəkildə həyata keçirilir. Milli ziyalı kadrları məqsədyönlü şəkildə məhv edilir. Tədricən bütün demokratik dəyərlər aradan qaldırılır, ölkədə kazarma sosializmi qurulur və s.

– Bütün bunlara baxmayaraq, mərkəzi hakimiyyət yerli təşəbbüsləri tamamilə aradan qaldıra bilmir, ölkədə milli müstəqillik ideyasını məhv etmək mümkün olmur. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ideoloji və sosial-iqtisadi zəmini meydana gəlir.

12. Azərbaycanın müstəqilliyini elan etməsi

1980-ci illərin ortalarında Qorbaçovun SSRİ-də hakimiyyətə gəlməsi ilə iqtisadi və sosial-siyasi sahələrdə dəyişikliyin aşağıdan baş verməsinin qarşısını almaq məqsədilə yuxarılardan bəzi dəyişikliklər edilməsinə başlandı. Yenidənqurma adlandırılan kursun sürətləndirmə, demokratikləşdirmə və aşkarlıq xətləri ilə möhkəmləndirilməsinə uğursuz cəhdlər edildi. SSRİ-nin dağılmasında maraqlı olan xarici qüvvələrin də yaxından iştirakı ilə ölkədə böhran daha da dərinləşdi. Bu böhran SSRİ kimi çoxmillətli dövlətdə mühüm əhəmiyyətə malik olan milli münasibətlərdə özünü kəskin şəkildə büruzə verdi. Belə bir şəraitdən istifadə edən Ermənistan 1988-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin ələ keçirilməsinə çalışdı. Mərkəzi hakimiyyət SSRİ Konstitusiyasının tələblərinə uyğun olaraq Azərbaycan SSR-in ərazi bütövlüyünü müdafiə etmək əvəzinə, Ermənistanı dəstəkləməyə başladı. Beləliklə, Azərbaycan SSR-də anti-sovet əhval-ruhiyyə geniş miqyas aldı.

Respublikanın dinamik inkişafının və ərazi bütövlüyünün yalnız müstəqillik əldə etməklə mümkünlüyü ideyası ümumxalq hərəkatına çevrildi. Qorbaçovun bilavasitə rəhbərliyi ilə Azərbaycanda istiqlaliyyət uğrunda ümumxalq hərəkatını yatırmaq və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə şərait yaratmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya silahlı qüvvələr yeritdi və dinc əhaliyə divan tutdu. Tarixə Qanlı Yanvar kimi daxil olan bu müdaxilə nəticəsində 131 nəfər öldürüldü. 20 yanvar hadisələrindən sonra müstəqillik uğrunda mübarizə daha kəskin şəkil aldı. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında respublikanın adından Sovet Sosialist Respublikası adı götürüldü, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı bərpa edildi.

SSRİ-nin siyasi böhranı da müstəqillik uğrunda mübarizəni zəruri tələbə çevirmişdi. 1991-ci il avqustun 19-da SSRİ-də dövlət çevrilişi baş verdi. Dövlət çevrilişi az bir müddət sonra uğursuzluğa düçar olsa da, SSRİ-nin dağılmasının labüdlüyü ortaya çıxdı. Azərbaycan Respublikası Ali Soveti növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul etdi. 1991-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyasının rəsmən buraxılması ilə kommunist rejimi daha da sarsıldı. Oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Azərbaycan Respublikası hüquqi cəhətdən müstəqilliyini möhkəmləndirmək üçün dekabrın 29-da Dövlət Müstəqilliyi haqqında Ümumxalq referendumu keçirdi. Referendumun nəticələrinə görə Dövlət Müstəqilliyi təsdiq edildi.

– Konstitusiya Aktının qəbul edilməsindən sonra Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınması prosesi başladı. Noyabrın 9-da Türkiyə, dekabrın 11-də Rumıniya, 13-də Pakistan və 25-də İran Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Azərbaycan 1991-ci ilin dekabrın 21-də Alma-Ata Bəyannaməsini imzalayaraq Müstəqil Dövlətlər Birliyinə daxil oldu. 1992-ci ilin martında Birləşmiş Millətlər Təşkilatına üzvlüyə qəbul olundu.

– 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək Azərbaycanın dövlət müstəqilliyi dəfələrlə ciddi sınaqlarla üzləşdi. Ermənistanın və onu dəstəkləyən xarici dövlətlərin Ermənistan vasitəsilə Azərbaycanda törətdiyi Xocalı soyqırımı, Şuşanın işğalı ilə Dağlıq Qarabağın ələ keçirilməsinin başa çatdırılması, Laçın və Kəlbəcərin tutulması ilə Dağlıq Qarabağ münaqişəsinin onun hüdudlarından kənara çıxarılması, daxildə hərbi müxalifətin güclənməsi dövlət müstəqilliyini təhlükə altına aldı. Azərbaycanın müstəqilliyinin qorunması və saxlanması ümummilli məsələyə çevrildi.

13.Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsi

1993-cü il iyunun əvvəllərində Azərbaycanda tarixin ən faciəli səhifələrindən olan vətəndaş müharibəsi təhlükəsi yarandı. Gəncədə bir qrup zabit “hərbi birlik” yaratmışdı, 709 saylı hərbi hissə isə Müdafiə Nazirliyinə tabe olmurdu. Cənub və şimal bölgələrində xalqa zidd separatçı qüvvələr fəallaşmışdılar. 1993-cü il iyunun 4-də Gəncəyə hərbi texnika yeridilməsi vəziyyəti daha da gərginləşdirdi. Hökumət qüvvələri məğlub oldu. Qiyamçı hərbi hissələr siyasi tələblərlə Bakı üzərinə yönəldi. İqtidar kömək üçün Naxçıvan Ali Məclisinin sədri, Naxçıvanda həyata keçirilən tarixi tədbirlər vasitəsilə bütün ölkədə böyük nüfuz qazanan Heydər Əliyevə (1923-2003) müraciət etdi. Heydər Əliyev iyunun 9-da Bakıya gəldi və gərgin fəaliyyətə başladı. İlk növbədə vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə yola düşdü. Bütün imkanlarından istifadə edərək silahlı qarşıdurmanın kəskinləşməsinin qarşısını aldı, ölkədə siyasi stabilliyin təmin edilməsinə nail oldu.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisənin əhəmiyyətini nəzərə alan Azərbaycan parlamenti 1997-ci il iyunun 27-də həmin günü Milli Qurtuluş günü elan etdi. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə seçicilərin böyük əksəriyyətinin səslərini toplayaraq iki dəfə prezident seçildi.

– Dövlətçiliyin əsasları möhkəmləndirildi, demokratik və hüquqi dövlət quruculuğu həyata keçirildi. 1994-cü il oktyabrın 3-4-də və 1995-ci il martın 13-17-də baş vermiş dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Dövlət çevrilişi tərəfdarları bir daha baş qaldıra bilmədi.

– Azərbaycanda yeni Konstitusiyanın hazırlanması, qəbul edilməsi, konstitusion quruluşun yaradılmasına nail olundu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Konstitusiyası qəbul edildi. Konstitusiyanın həyatiliyinin təmin olunması üçün onun təkmilləşdirilməsi davam etdirildi. 2002-ci ildə Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qərar qəbul edilmiş, avqust ayında bu məsələlər üzrə referendum keçirilmişdir.

– Yalnız qanunlar qəbul edilməsinə deyil, onların həyata keçirilməsi də təmin olunmuşdur. 1998-ci ildə respublikada ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradıldı. “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmiş və reallaşdırılmağa başlamışdır.

– Bələdiyyələr haqqında qanun qəbul edilmiş və bələdiyyə institutu fəaliyyətə başlamışdır. 1999-cu il dekabrın 12-də bələdiyyələrə ilk seçki keçirilmiş, 23 min şəxs bələdiyyə üzvü olmuşdur.

– 2002-ci il iyulun 2-də Heydər Əliyevin təqdimatı ilə Milli Məclis İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) seçmişdir.

– Heydər Əliyev iqtisadi siyasətin hazırlanıb həyata keçirilməsinə, iqtisadiyyatın dinamik inkişafının təmin edilməsinə nail ola bilmişdir. Planlı-sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçilməsinin təmin edilmişdir. Özəlləşdirmə siyasəti uğurla həyata keçirilmiş, yeni sahibkarlar təbəqəsi təşəkkül tapmış, istehsalın strukturunda özəl bölmənin payı artmışdır.

-1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə müasir neft strategiyasının əsası qoyulmuşdur.

– Heydər Əliyev Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsini daima diqqət mərkəzində saxlamışdır. Milli təhlükəsizlik orqanları möhkəmləndirilmiş, Azərbaycan xalqına qarşı yönəlmiş terror və casusluq fəaliyyətinin üstünün açılması üzrə işlər gücləndirilmişdir. Bunun nəticəsi idi ki, 1993-cü il noyabrın ortalarından Ermənistanın yeni hücumlarının qarşısı alındı. 1994-cü il yanvarın 5-də Füzuli rayonunun Horadiz qəsəbəsi ilə birgə 22 kənd düşməndən təmizləndi. Cəbrayıl və Kəlbəcər rayonunun bir sıra yaşayış məskənləri azad edildi. Aprelin 10-da Ermənistan silahlı qüvvələri güclü hücuma keçdi. Azərbaycan ordusu bunun qarşısını ləyaqətlə alıb, düşmənin planını boşa çıxardı.

– 1994-cü il mayın 8-də atəşkəs haqqında Bişkek (Qırğızıstan) protokolu imzalandı. Azərbaycan vəziyyətdən istifadə edərək nizami ordu hissələrini möhkəmləndirdi, onun professional zabit kadrları ilə möhkəmləndirilməsini, hərbi texnika ilə təchizatını yaxşılaşdırdı. Azərbaycan ordusunun beynəlxalq əlaqələri də fəallaşmağa başladı.

– Müstəqil Azərbaycan Respublikasının səmərəli xarici siyasət xətti hazırlandı və həyata keçirilməyə başlandı. Xarici siyasətin mərkəzi məsələsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyət təşkil edirdi. Heydər Əliyevin səyi nəticəsində ATƏT-in Lissabon sammitində (1996-cı il) Ermənistan istisna olmaqla, 53 dövlət onun ərazi bütövlüyünü tanıdı. Bu sammitdə Minsk qrupu yeni formatda, həmsədrlər şəklində təşkil edildi. 1999-cu ilin aprelindən başlayaraq münaqişənin həlli üçün Azərbaycan və Ermənistan prezidentlərinin dialoqları keçirilməyə başladı. Bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyü qətiyyətlə müdafiə edilmiş, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi üçün var qüvvəsi ilə çalışmışdır.

– Uğurlu diplomatik fəaliyyəti nəticəsində 1992-ci ildə ABŞ Konqresinin “Azadlığı Müdafiə Aktına 907-ci əlavə”nin fəaliyyətinin dayandırılmasına nail olunmuşdur. Azərbaycan həm Avropa, həm də Asiyanın nüfuzlu dövlətləri ilə yüksək ikitərəfli münasibətlər yaratmışdır.

– Heydər Əliyevin xarici siyasət xətti Azərbaycanın dünya birliyində nüfuzunu artırmış, beynəlxalq təşkilatlarla əlaqələrini yeni səviyyəyə yüksəltmişdir. Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasına üzvlüyə qəbul olunmuşdur.

– Bu dövrdə milli-mənəvi inkişafa da xüsusi qayğı göstərilmişdir. Heydər Əliyevin Azərbaycançılıq ideologiyası milli-mənəvi inkişafın əsas zəmini olmuşdur və s.

Hazırda Azərbaycan Respublikasında Heydər Əliyevin siyasi xətti davam etdirilir və zənginləşdirilir.

Kərim Şükürov

Tarix üzrə elmlər doktoru, professor


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər