Salatın Əsgərovanın qətlinin TƏFƏRRÜATI...

11:14 / 10.01.2019
Baxılıb: 3324

Azərbaycanın Milli Qəhrəmanı, jurnalist həmkarımız Salatın Əsgərovanın əziz xatirəsinə həsr olunur…

9 yanvar - Salatın Əsgərovanın qətlə yetirildiyi gündür.

…Salatın Əsgərovanın ölüm xəbəri ildırım sürəti ilə bütün Şuşaya, oradan da bütün ölkəyə və bütün dünyaya yayıldı.

Salatın xanımla biz əvvəllər tanış deyildik. Mən onun yalnız imzasını tanıyırdım. Şuşaya gəldiyi zaman biz onunla görüşdük, tanış olduq və mən onun xidməti işinin lazımi səviyyədə yerinə yetirilməsi ilə əlaqədar bəzi xahişlərini həyata keçirtdim.

Şuşadan Laçına gedəndən bir gün qabaq da biz görüşmüş və söhbət edə-edə bir az gəzişmiş, sonra da birlikdə Bazar başına gəlmişdik. Orada da bir az ayaq üstə söhbət etdikdən sonra vidalaşmışdıq.

...Mən ondan Laçına getməməyi xahiş etməmişdim. Lakin məsləhət də bilməmişdim. Bəzi tövsiyələr vermişdim. O, jurnalist kimi məndən təcrübəli və yaşca da (iki yaş) böyük olsa da, o yerlərə və yerli şəraitə mən ondan təbii ki, daha yaxşı bələd idim. Erməni terrorçu qrupların da heç nəyə baxmadan, qadın, uşaq, qoca, xəstə, yaralı, jurnalist, həkim… demədən, fərqinə varmadan qanına qəltan etdiklərinin şahidi olmuşdum və bilirdim ki, bu bir reallıqdır. Şuşaya kənardan gələn təpərli jurnalistlər, adətən, buna inanmaq istəmirdilər. Bizim sözümüzə də bəzən baxmırdılar. Belə faciəli taleni yaşayanlardan biri də o vaxtlar Kərkicahanda erməni yaraqlıları tərəfindən güllələnən “Mayak” radiostansiyasının müxbiri Leonid Lazareviç olmuşdu.

...Almaniyadan gələn jurnalistləri isə yalnız möcüzə hesabına salamat qurtara bilmişdik. Özüm neçə dəfə bu cür dəhşətlərdən xilas ola bilmişdim.

...Bakıdan Şuşaya ezamiyyətə gələn bəzi başqa həmkarlarımız isə onu (onları) təhlükəsiz, gözdən uzaq bir yerə aparmağı xahiş edir, Bakıya qayıdandan sonra "əsgi" qəzetlərində gopologiya janrında palaz-palaz yazılar yazırdılar. Ön cəbhəyə getməmək üçün əsas arqument kimi "mənim balalarım var" tezisini adamın gözünə soxan bu qeyrət dağarcıqlarının bir çoxu atəşkəsdən sonra veteran vəsiqəsi, mənzil, fəxri ad və s. davasına elə qızğınlıqla çıxırdılar (indi də davam edənləri var) ki, adamın matı-qutu quruyurdu. Son vaxtlar daha hər şey açıq olduğu üçün təəccüblənmək də olmur.

…Salatın Əsgərova Laçından Şuşaya yanvarın 9-u səhər vaxtı qayıdırdı. Laçından Şuşa istiqamətində yolun cəmi 5-6 kilometrliyində yerləşən, Şuşa rayonunun Qaladərəsi (sağdan) və Yeğsahoğ (coldan) kəndlərinin tuşundakı körpünün yanında erməni terrorçu qrupu onu Şuşaya gətirən “UAZ” markalı hərbi avtomobilin qarşısını kəsərək atəşə tutmuşdu. Gülləbaran nəticəsində Salatınla yanaşı, onu müşayiət edən və guya, təhlükəsizliyini təmin etməyi öz üzərinə götürmüş Laçındakı sovet ordusu hissələrinin batalyon komandiri, podpolkovnik O.Larionovu, Laçın rayon Hərbi komendantlığının qərargah rəisi, mayor İ.İvanovu və sürücü, serjant İ.Qoyeki də öldürmüşdülər. (Deyilənə görə ermənilər O.Larionovun öldürülməsi üçün 10 min manat mükafat təyin edibmişlər. Larionov 5 il həmin batalyonun komandiri olmuş və guya, 1990-cı ildə Qazax rayonunun Bağanis Ayrım kəndi istiqamətində ermənilərə qarşı müqavimət təşkil edibmiş.)

...Bir qədər "qabağa qaçaraq" qeyd edim ki, həmin ilin may ayının ikinci yarısında Salatın Əsgərovanın və rus hərbçilərin terror yolu ilə qətlə yetirilməsində şübhəli bilinən A.Mkrtıçyan, H.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan həbs olundu. 29 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokurorluğu onların hər birinin cinayət məsuliyyətinə cəlb edildikləri barədə bəyanat yaydı. Davam edən istintaq və məhkəmə nəticəsində hamısının günahı sübut olunduğuna görə canilərin dördünə də ən yüksək cəza - ölüm hökmü verilsə də, hökm yerinə yetirilmədi və bir qədər sonra müstəqil ölkəmiz onları - öz vətəndaşlarını Ermənistanana təhvil verdi.

…Biz hadisə yerinə birinci gələnlərdən idik. O zaman Salatın xanımın qətlə yetirilmiş vəziyyətdə ilk şəkillərini və eləcə də üzərində 17 güllə deşiyi aşkar görünən “UAZ”ın ilk fotolarını da mən çəkmişdim. Onun jurnalist Salatın Əsgərova olduğunu isə birinci şair dostum Akif Məftun Tofiqoğlu (hazırda Novxanıdakı “Əlvanmetal” pansionatında məskunlaşıb) aşkar etmişdi. Çünki Salatın xanımı güllələrdən qorumaq məqsədi ilə qucaqlayıb, aşağıya çəkən rus zabiti ilə birlikdə insanın inanmayacağı qədər dar olan bir yerə - iki oturacağın arasına pərçim olunmuş iki nəfərin kim olduğunu ayırd etmək mümkün deyildi. Onlardan birinin qadın olduğu bilinsə də, sifəti görünmədiyindən kimliyi bəlli deyildi. Daha doğrusu, bütün bədəni qan içində, paltarları parça-parça və üz-gözü örtülü olan qadını dərhal tanımaq, mümkün deyildi. Tanıyandan sonra keçirdiyimiz sarsıntını isə indi təsvir etmək mümkün deyil...

Akif müəllim qadının çantasını birinci açaraq, oradan vəsiqəsini götürüb, baxmış, onun “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova olduğunu bilərək, bu məlumatı və vəsiqəni həmin anlarda hadisə yerində olan Şuşa rayonunun o zamankı prokuroru Ələddin Ələsgərova vermişdi.

…Salatın xanımın meyiti Şuşa rayon Mərkəzi Xəstəxanasnın “morq”una gətirildi. Çox qısa müddət ərzində rus həbçilərin meyitləri bütün müvafiq prosedur qaydalara əməl edilməklə hazırlanıb, “QAZ – 66” markalı yük maşınına mindirilərək, bölgədə olan rus hərbi birləşmələrinin rəhbərlərinə təhvil verildi. Onlar isə həmkarlarının cənazələrini öz vətənlərinə yola saldılar.

…Çox güman ki, rus hərbçilərinin tabutları artıq öz vətənlərinə çatmışdı, dəfn olunmuşdu, amma Azərbaycan vətəndaşı (baxmayaraq ki, o vaxt hələ müstəqil dövlət deyildik), Bakida çıxan dövlət qəzetlərindən birinin müxbiri, azərbaycanlı qadın Salatın Əsgərovanın meyiti isə hələ də Şuşanın “morq”unda şişməkdə və “xarab olmaqda” davam edirdi.

… Mən işlətdiyim - “şişmək” və “xarab olmaq” sözlərinə görə, bu sözlər təhqiramiz səsləndiyinə görə oxuculardan, Salatın xanımın doğmalarından və ruhundan üzr istəyirəm. Ancaq, nə edə bilərəm ki, bu yazdıqlarım çılpaq olsa da həqiqətdir.

Salatın Əsgərovanın meyiti əvvəlcə “morq”un kiçik, yararsız, qapı – pəncərəsi sınıq və çirkli bir otağında yerə atılmışdı. Biz zorla otağa daxil olub, xanımın eybəcərləşməkdə olan meyitini qaldırıb iri stolun üzərinə qoyduq. Meyitin niyə saxlanıldığını, niyə Bakıya göndərilmədiyini soruşduqda və bunu tələb etdikdə izah edirdilər ki, tibbi ekspertiza aparılmalıdır, meyit yarılmalıdır, sonra müsəlman qaydası ilə məscidə aparılmalıdır, yuyulmalıdır… və s. və i. a. bəhanələr… Lakin bizim bütün təkid və tələblərimizə baxmayaraq, meyit 2 gün “morq”da qaldı. Yaxşı ki, qış idi və…

Toplaşıb məsələni müzakirə etdik. Qərar birmənalı və yekdil idi: Salatın Əsgərovanın cənazəsinin hazırlanması və Bakıya aparılmasının təşkil edilməsi məsuliyyətini öz üzərimizə götürdük. Şuşanın mərkəzindən şəhərin kənarında yerləşən xəstəxanayadək adamların sayı-hesabı yox idi. Əhali bizi müdafiə etdi. Salatın xanımın meyiti “morq”dan məscidə gətirildi. Bütün qayda-qanuna uyğun olaraq, vacib əməllər yerinə yetirildikdən sonra tabut vida üçün Bazar başına gətirildi.

İndi qalırdı Salatın Əsgərovanın cənazəsini Şuşadan Ağdama aparmaq. Bu o qədər də asan məsələ deyildi. Yollarda rus hərbçilərinin keşik çəkdiyi postlar olsa da, əslində Xankəndinin aşağı hissəsindəki Ağa körpüsündən Ağdamın Qarağacı qəbristanlığınadək (Xocalı istisna olmaqla) bütün yol ermənilərin nəzarətində idi. Ruslar da ki, onlarla əlbir idi. Digər tərəfdən, bizə məlum idi ki, Salatının meyitinin Şuşada ləngiməsində ermənilər də maraqlıdır. Bu məsələdə Azərbaycan hökuməti ilə Azərbaycana qarşı terror müharibəsi aparan erməni qruplaşmalarının fikri üst-üstə düşürdü.

Məsələ burasında idi ki, Azərbaycanın o zamankı rəhbərliyi Salatın Əsgərovanın meyitinin Bakıya hay-küylə gətirilməsinin əleyhinə idi. Mümkün qədər onun Şuşada ləngidilməsini istəyir, mümkün olsa, heç gətirilməməsinə, olmasa, bunun çox sakit bir şəkildə edilməsinə çalışırdı. Paytaxtda gərginlik hökm sürür, mitinq isə artıq başlamışdı.

Ermənilərin də marağında idi ki, Salatının öldürülməsi hadisəsi səs-küysüz ötüşsün. Jurnalistin rus həbçiləri ilə birlikdə yolu kəsilərək öldürülməsi erməni terrorçu qruplarını ifşa edirdi. Jurnalistin öldürülməsi ermənilərin guya “müstəqillik uğrunda, milli müqəddəratın təyin edilməsi” uğrunda apardıqları "dinc" “mübarizə”nin iç üzünü açır, əslində bunun bir separatizm və Ermənistanın ərazi iddiasından başqa bir şey olmadığını sübut edirdi. ...Və bu çirkin məqsədə çatmağın da əsas yolu, vasitəsi kimi terror, diversiya, qətl və millətlərarası münasibətlərə ağır zərbə vuraraq, vətəndaş müharibəsi törətməyi seçdiklərini göstərirdi. Azərbaycan hökuməti isə hadisəni beynəlxalq aləmə car çəkərək, cinayəti və cinayətkarları, terroru və terrorçuları, eləcə də onları himayə edənləri ittiham etmək əvəzinə, ölkə ictimaiyyətindən də gizlədirdi.

...Salatın xanımın meyitini Şuşadan Ağdama necə keçirməli?

Biz o zaman Şuşa rayon Daxili İşlər Şöbəsinin rəis müavini işləyən, polis kapitanı, cəsur insan və peşəkar polis işçisi olan Eldəniz Quliyevə müraciət etdik. (Təəssüf ki, Eldəniz Quliyev 1994-cü ildə Şuşa rayon Polis Şöbəsinin rəisi işləyən vaxt Zaqatala - Balakən bölgəsində cinayətkarlar tərəfindən qətlə yetirildi.) Eldəniz müəllim şöbənin qorxmaz əməkdaşlarından ibarət bir silahlı dəstə ilə bizi Ağdamadək müşayiət etməyə razılıq verdi. Tabutu çox cəsur və igid bir cavan oğlan olan, sonralar da Şuşanın müdafiəsində ad çıxaran və çox təəssüf ki, Şuşanın işğalından iki il sonra Bakıda avtomobil qəzasında həlak olan Gülağa Ağayevin idarə etdiyi, rayon mədəniyyət şöbəsinə məxsus “Kuban” markalı avtokluba qoyduq. Salatın Əsgərovanın tabutunun Bakıya keçirilməsinə mane olmaq barədə Bakının, Stepanakertin rəhbərliyinin, Ağa körpüsündən Ağdamın Qarağacı qəbiristanlığınadək Şuşa - Ağdam yoluna nəzarət edən rus hərbçilərinin və Şuşadakı bəzi rəhbər işçilərin fikirləri üst-üstə düşürdü. Ona görə də cənazə olan avtoklubdan Şuşa ilə Xankəndi arasındakı Ağa körpüsündən Ağdamla Əsgəran arasında yerləşən Qarağacı qəbiristanlığındakı postadək olan yolu çox çətinliklə keçə bildik. Düz üç dəfə ermənilər maşınımıza hücum etdilər və hər dəfə də Eldəniz Quliyevin rəhbərliyi ilə Şuşa polislərindən və bir neçə nəfər də bizim könüllülərdən ibarət silahlı dəstə atışa-atışa bizim maşının Ağdama sağ-salamat çatmasını təmin edə bildi. Ağdamda bizi müşayiət edən silahlı dəstə bizimlə vidalaşıb geri qayıtdı. Biz bundan sonra bir təhlükə olmayacağını düşünərək, rahatca Bakıya üz tutduq. Daha müharibə zonasından çıxmışdıq, bundan sonrakı yolumuzun üstündə erməni terrorçularının olmadığını bilirdik və əmin idik ki, silahlı müşayiətçilərə ehtiyacımız yoxdur.

Lakin çox tezliklə məlum oldu ki, yanılmışıq...

Ağdamdan xeyli aralaşmışdıq ki, qəflətən göydən bir vertolyot, yerdən isə DAM (Dövlət Avtomobil Müfəttişliyi - indiki DYP - YPX) maşını bizdən avtomobili dayandırmağı tələb etdilər. Gülağa rəhmətlik maşını kənara çəkib saxladı. Milliyyətcə, çox güman ki, erməni olmayan başqa bir silahlı dəstə bizə hücum edərək, jurnalist Salatın Əsgərovanın meyitini alıb vertolyota mindirdi. Bizim “komanda”dan heç kimi vertolyota buraxmadılar və tabutu salona qoyub uçdular.

Bundan sonra mən Bakiya getmək qərarından daşındım. Uşaqlarla vidalaşıb geriyə, Ağdama qayıtdım. Uşaqlar isə Salatın xanımın meyitini alıb aparmış vertolyotun arxasınca Bakıya üz tutdular. O zaman bizim maşını saxladan polis maşınının və vertolyotun kimə məxsusluğu və onların içində kimlərin olduğunu bilmirəm. Yadımda qalan bircə odur ki, o vaxt kimsə dedi ki, bu vertolyot Qarabağa Xalq Yardım Komitəsinin (QXYK) vertolyotudur.

...Uşaqlar Bakıya yola düşdü, mən isə o zaman DQMV və Ermənistanla həmsərhəd bölgələr üzrə xüsusi müxbiri vəzifəsində çalışdığım “Qarabağ” qəzetinin Ağdamda yerləşən redaksiyasına gəldim (o zaman qəzetin Bakıda, Ağdamda və Şuşada ofisləri var idi). Bütün baş verənlər barədə böyük bir yazı yazıb, redaksiyaya təqdim etdim. Səhv etmirəmsə, gecəni Ağdamda qalıb, səhər Şuşaya qayıtdım.

...Yoldaşlarımızın Bakı səfəri də insidentsiz ötüşməmişdi. Baş verən qalmaqal barədə yoldaşlarımız Bakıdan Şuşaya qayıdandan sonra ətraflı danışdılar.

Əhvalat belə olmuşdu: Göydən qəfil peyda olan dəmir qanadlı nəhəng “quş” Salatın Əsgərovanın cənazəsini bizdən alıb uçandan və mən də düşüb Ağdama qayıdandan sonra bizim maşını Gülağa çox böyük sürətlə sürərək Bakıda davam edən mitinqə çatdıra bilmişdi. Mitinqdə sonralar Şuşa ətrafında qəhrəmancasına həlak olan və Azərbaycan prezidentinin müvafiq fərmanı ilə Milli Qəhrəman fəxri adına layiq görülmüş Könüllülər Batalyonunun komandiri Ramiz Qənbərov da çıxış edərək Salatın Əsgərovanın qətli, meyitinin Şuşada gizlədilməsi, hansı çətinliklə Ağdama keçirilməsi və "vertolyot tərəfindən" “müsadirə” edilməsi barədə həqiqətləri söyləyərək, məmurları ifşa etmişdi. Bundan sonra mitinq iştirakçıları da xeyli hiddətlənmişdilər. Orada iştirak edənlərin dediyinə görə, Ramizin çıxışından bərk əsəbiləşən tanınmış şəxslərdən biri ona hücum edərək, yaxasından və şərfindən tutaraq, demişdi:

“ Bax, bu paltonu da, bu şərfi də sənə mən vermişəm, mənim pulumla almısan!”. Bu sözlərlə o, Şuşaya göstərdiyi yardımları Ramizin “başına qaxaraq”, töhmət eləmişdi. Ramiz isə özünəməxsus şuşalı yumoru ilə gülə-gülə demişdi ki, "Müəllim, papamın, sizin canınız üçün, bu palto kiçik qardaşım İlyasın, bu şərf isə böyük qardaşım Eyvazındır. Onlara da bunları sizin aldığınızdan mənim xəbərim yoxdur ".

...Bu həqiqətən də belə idi. O zaman başı ictimai işlərə çox bərk qarışdığından, özü haqqında düşünməyə belə macal tapmayan Ramizin də bir normal üst paltarı yox idi. Və Bakıya yola düşmək lazım olanda o, bizim gözümüzün qarşısında kiçik qardaşı rəhmətlik İlyasın ( bir neçə il bundan əvvəl o da Bakıda vəfat elədi) o zaman dəbdə olan “yoloçnu” paltosunu və böyük qardaşı Eyvazın “maxrovı” şərfini alıb geymişdi ki, soyuqda Bakıya gedib, gələ bilsin...

Salatın Əsgərova Bakıda Şəhidlər Xiyabanında dəfn edildi və Azərbaycan prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görüldü... 

Salatın Əsgərovanın adının və xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda başqa tədbirlər də hayata keçirilib. O zaman Şuşada da belə addımlar atılmışdı. Onun qətlə yetirildiyi yerin yaxınlığındakı kəndin adı dəyişdirilərək, Salatınkənd adlandırılmışdı.

Keçmiş Yeğsahoğ kəndi Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan, sovet dövründə süni şəkildə ermənilərlə məskunlaşdırılmış Qaladərəsi, Böyük Qaladərəsi, Daşaltı, On verst və Yeğsahoğ adlanan beş kənddən biridir. Bu kəndlərin hər birində tarixən azərbaycanlılar yaşamış, sonralar süni şəkildə erməniləşdirilmiş, sonuncu azərbaycanlılar isə həmin kəndlərdən, o cümlədən, Yeğsahoğdan 1988-ci ildə, növbəti münaqişə başlayanda, Azərbaycan hökumətinin gözləri qarşısında çıxarılmışdı.

Salatın Əsgərova 1991-ci il yanvar ayının 9-da həmin kəndin yaxınlığında qətlə yetiriləndən 4 ay sonra o kəndlər terrorçu-diversant qruplarından təmizlənərkən, Salatın xanımı və rus hərbçilərini qətlə yetirən, adlarını yuxarıda qeyd etdiyim canilərdən ibarət terrrorçu qrup da ifşa edilərək həbs olundu. Mən onların istintaqı zamanı prosesi bir jurnalist kimi yaxından izləmişəm. Terrorçu qrup həbs edildi və Bakıda mühakimə olundu. Onların hamısı həmin kəndin sakinləri idi...

Həmin kəndlər erməni terrorçu qruplarından azad ediləndən sonra bizim Yeğsahoğun adının dəyişdirilərək, Salatınkənd adlandırılması təşəbbüsümüzü Şuşa rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Mikayıl Gözəlov məmnuniyyətlə qarşıladı. Bu barədə rayon XDS İK-nin qərarı verildi. Tez bir zamanda Şuşa – Laçın yolundan kəndə dönən istiqaməti göstərən ayrıcda, yolun hər iki tərəfində üzərində “Salatınkənd” yazılmış iki iri plakat quraşdırıldı. Həmin plakatları bizim sifarişimizlə hazırda “Şuşa” futbol klubunun rəhbərlərindən olan rəssam Azəri Hacısamlı özü şəxsən hazırlamışdı və yazmışdı. Biz bu təşəbbüslə həm qəfil terrorçu gülləsinə tuş gəlmiş, peşə borcunu yerinə yetirərkən qətlə yetirilmiş bir jurnalistin adını əbədiləşdirmək, eyni zamanda, məhz onun adını o kəndə verməklə, harada, nə zaman, niyə və kim tərəfindən qətlə yetirildiyini diqqətdə saxlamaq istəyirdik.

Sonralar həmin kəndə böyük vətənpərvər, hörmətli Kərim Məmmədovun rəhbərliyi ilə yeni yol çəkildi, bəzi abadlıq işləri aparıldı. Qarabağın, Şuşanın müdafiəsində qəhrəmanlıq göstərmiş, heyf ki, Şuşanın işğalından sonra avtomobil qəzasında həlak olmuş Tahir Məmmədov həmin kəndin, artıq Salatınkənd adlanan kəndin sovet (XDS İK) sədri seçildi. Və böyük enerji ilə işlədi.

Amma, Şuşanın işğalı bütün bu işləri də yarımçıq qoydu...

Təəssüf ki, sonralar həmin kəndin - Salatın Əsgərovanın şərəfinə qoyulan Salatınkənd adı burada - Bakıda kağız üzərində dəyişdirilərək Sarıbaba adlandırıldı. İndi artıq Azərbaycanda nə yer, nə də kağız üzərində Salatınkənd adlı kənd var.

Mənim isə inandığım bir həqiqət var! Gün gələcək biz Şuşadan Laçına gedən yoldan ayrılıb qıvrıla-qıvrıla yaxınlıqdakı dağların qoynuna qalxan kənd yolunun başlanğıcında yenidən milli əlifbamızın iri hərflərilə “SALATINKƏND” yazacağıq.

Modern.az

Kərim Kərimli

http://karabakhmedia.az


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər