1976-cı ilin yayı təzəcə girmişdi. Kənddə yaşasaq da, əkin-biçinlə məşğul olmadığımızdan və səhhətimin pis olmasından fikirləşdim ki, uşaqları da götürüb Göyçəyə gedim – həm özüm bir az dincəlim, həm də uşaqlar bir ay sərin havada olsunlar. Həmin vaxt Göyçənin və Kəlbəcərin təbiətinin ən gözəl çağıydı. Demək olar hər il yay girəndən avqustun axırına qədər günümü Göyçədə ya da Kəlbəcərdə İstisu sanatoriyasında keçirərdim. Xülasə, rəhmətlik Mehdi müəllimin maşını ilə uşaqları Göyçəyə, öz doğma ata-baba ocağımızda yaşayan mərhum böyük bacım Quşayılın yanına apardım. İstirahətimiz gözəl keçirdi, hər şey ürəyimcə idi. Ancaq mənim hərdənbir ağrımağım dost-qohumu məyus edirdi. Məyus edirdi belə ki, qonaq çağıranların evinə çox vaxt gedə bilmirdim, gedəndə də onların ürəyincə hərəkət edə bilmirdim. Göyçədəki qonaqlıqların da hər biri bir toy şənliyinə bərabər idi. Hələ yaylaqlardakı, bulaqların başındakı qonaqlıqları demirəm. Bir gündə azı 3-4 evdə qonaqlıq təşkil olunurdu. Bu hal təkcə bizim üçün belə deyildi, o ellərin adəti beləydi — Kəndə qonaq gəlibsə (kimin evinə gəlirsə gəlsin) o hamının, hər bir evin qonağıydı və hər kəs çalışırdı ki, onu evinə qonaq çağırsın, başına dost-qohumu yığsın, sazlı-sözlü məclis keçirsin. Əlqərəz, bir həftə gəlib keçdi. Mehdi müəllim qayıtdı, biz isə kəndimizdə qaldıq.
Kəndin toy şənliklərinə məni də dəvət edir, müəlliməni və uşaqları da gəlib özləri aparıb ağırlayardılar. Toy şənlikləri oyunsuz-şabaşsız keçdiyindən yalnız tostlar deyilir, sonra meydan şairə və aşığa verilirdi. Bu şənliklərdə məni çox danışdırır, şeirlər dedirtdirir və çox alqışlayırdılar. Belə xoş anlardan, günlərdən, dostlardan, qohumlardan ayrılmaq çətin idi. Hələ gözümə, könlümə yığdığım təbiət gözəlliklərini – əzəmətli dağları, dərin dərələri, zirvəsi qartallı qayaları, qaynayan bulaqları, göz işlədikcə uzanan sonsuz yaşıl çəmənləri demirəm... Ancaq mənim səhhətim o qədər də yaxşı keçmirdi. Ona görə qərara gəldim ki, uşaqları orada qoyum, özüm Bərdəyə qayıdım. Elə də etdim. İş elə gətirdi ki, həmin vaxt Bərdədən gələn tanış adamların QAZ-69 maşını ilə Qaraxaç yolu ilə İstisuya enməli, oradan da Bərdəyə gəlməli idik.
Maşın kənddən çıxdı. "Ağqaya"ya az qalmış "Abbasbəy" yaylağının sol hissəsində, dərədə suyu çox soyuq olan bulaq var (əvvəllər o bulağın başında çox oturmuşdum). Sürücüyə və uşaqlara dedim, bu bulaqdan su içib gedək. Rəhmətlik Qardaşxan Əbilov da bizimlə İstisuya gəlirdi. Mənim bu təklifimə o, bərkdən güldü. Yoldaşlar təəccübləndi ki, niyə gülürsən? Dedi : "Ay uşaqlar, Şiruyə müəllim su içən deyil, özü də bu bulağın suyundan. Hansı ki, yarım dolça suyunu ən sağlam adam beş dəfəyə ancaq içə bilər. Hiss edirəm ki, Şiruyə müəllim su içmək üçün yox, təbindəkiləri varağa yazmaq üçün vaxt qazanır. Düşün əlimizi yuyaq, biz bu sudan içə bilmərik, Şiruyə də öz işini tamamlasın." Doğrudan da elə idi – ürəyim bərk dolmuşdu. Göyçə də mənim üçün doğma vətən, Qarabağ da mənim üçün doğma vətəndir. İndi əlimi hansından üzüm, hansına verim? Necə deyərlər, qalmışdım, iki suyun arasında. Axşam toyda doğma kənd camaatının, saz-söz vurğunlarının alqışları təbimi coşdurmuşdusa, uşaqlarımla, el-obayla ayrılığım məni kövrəltmişdi. Yoldaşlar bulağa tərəf getdilər. Mən tez cibimdən dəftərçəmi çıxarıb, illərlə ürəyimdə yığılıb qalmış nisgilimi kağıza boşaltdım:
Bir əlim üzüldü ata yurdundan,
O doğma vətəndə bir əlim qaldı.
Bir elim yoluma gül-çiçək səpdi,
Yolumu gözləyən bir elim qaldı.
Açıldı boynumdan sevgimin qolu,
Baxdım camalına gözləri dolu.
Köhlən at, sərt qırmanc, bir də dağ yolu,
Ürəyimdə neçə nisgilim qaldı.
Sərraf Şiruyəyəm, necə keçinim?
Ürək paralansa xoş keçməz günüm.
Bəturə qızımtək ağ göyərçinim,
Üzeyir balamtək bülbülüm qaldı.
Elin-obanın hörməti, çıxışlarım zamanı poeziyasevərlərin, saz-söz aşiqlərinin alqışları məni ilhama gətirmiş, elə-obaya daha da möhkəm bağlamışdı. Bir anlıq o bulağın başında xatirələrimlə üz-üzə dayanmışdım. Kövrək xatirələrin ağuşunda isinə-isinə qəlbim elin-obanın yanındaydı. Qələmimi kağızdan götürmədən bir şeir də yazdım:
Ana vətən inciməsin de məndən,
Etibara xilaf çıxdı deməsin.
Qucaqladım torpağını, daşını,
Bir ötəri gəldi baxdı deməsin.
Daradım saçını, öpdüm əlini,
Dinlədim sazını, şirin dilini.
Gözümə bağladım dəstə gülünü,
Təkcə sinəsinə taxdı deməsin.
Yadımdadı, o mehriban baxışlar,
Səmimi salamlar, dərin alqışlar.
Şeirimi dinləyən dostlar, tanışlar,
Yandırdı könlümü, yaxdı deməsin.
Təmiz istəyimə yoxdur bəhanə,
Hansı səmtə çəksə gərdiş, zəmanə.
Öləndə də, öləcəyəm mərdanə,
"Şiruyəni namərd yıxdı" deməsin.
Uşaqlar gördülər ki, sakitləşmişəm, maşına əyləşdilər. Maşınımız İsti-suda dayandı. Qardaşxanı burada qoyub, yenidən yola düşdük. Zülfüqarlı İstisuyunun, "Abdullauşağı" deyilən yolunda maşınımız dayandı. Gün günortadan ötürdü. Yoldaşlar, yəni maşının sahibi Bərdə rayonunun S.Vurğun adına kolxozunun kassiri İdris və onun sürücüsü məsləhətləşdilər ki, dönək Zülfüqarlı İstisuyuna, orada turş-su var. Həm o sudan götürək, həm də orada çörək yeyək, sonra yolumuza davam edək. Elə də elədik. Bir azdan gördük ki, Kəlbəcərdən çoxlu adam dolu maşınlar və sənətkarlar çala-çala – zurnaçılar, aşıqlar həmin səmtə gedirlər. Öyrəndik ki, Kəlbəcərin keçmiş Təhsil Şöbəsinin müdiri, şair Şamil Əsgərov türmədən buraxılıb, Laçın yolu ilə gəlib Turşsuyun üstündədir. El-oba da onu qarşılamağa gedir. Bizim maşın çatanda adam az idi. Gördüm Şamil müəllimin yanında mənə İnistitutda "Analtik həndəsə"dən dərs keçən və mənim şeir pərəstişkarım olan naxçıvanlı Firudin müəllim (Firudin Şimşək) də Şamil müəllimlə birgədir. Firudin müəllimlə mehriban görüşdük. Firudin müəllim məni Şamil Əsgərova təqdim etdi. Şamil müəllim də, mən də bu görüşdən çox məmnun olduq. Bir azdan bura bütün Kəlbəcər eli töküldü. Firudin müəllim mənə dedi ki, bu gecə mənimlə Kəlbəcərdə olacan. Mənim yol yoldaşlarıma da üzrhaqlıq elədi ki, çoxdandır Şiruyəni görmürəm, istəyirəm bir dərindən söhbətləşək. Firudin müəllim bu tapşırığı verib, Şamil Əsgərovla birlikdə getdi.
Aşıqlar oxuyur, qara zurnanın, yastı balabanın səsi dağlara, dərələrə haray salırdı. Biz də yaxınlıqdakı kababxanada əyləşmişdik. Mən İdrisdən evə bir məktub göndərdim ki, mənim ləngiməyimdən ötəri narahat olmasınlar. Məktubda aşağıdakı şeiri də yazdım:
Murov, Qoşqar lalələnib,
Dəstələyib, gətirimmi?
Dəlidağın nərgizinə,
Su çiləyib, gətirimmi?
Hələ tərdi hər bir gülü,
Yasəməni, qərənfili.
Keyti süsəni, sünbülü,
Səpələyib, gətirimmi?
Erkən çıxım qayalığa,
Həna yağım bir az, qağa.
Nahar üçün kərə yağa,
Bal büləyib, gətirimmi?
Çoban çalır şən bir nəğmə,
Oxuyuram mən bir nəğmə,
Bu yerlərə min bir nəğmə,
Bəstələyib, gətirimmi?
Şiruyəyəm, sözüm qəti,
Xoşdu vətən məhəbbəti.
Ürəyimi el həsrəti
Üstələyib, gətirimmi?
Şeirin surətini İdris də götürdü. Mən Kəlbəcərdən evə gələndə gördüm ki, İdris şeiri "Bərdə pambıqçısı" qəzetində dərc elətdirib.
O gecə Kəlbəcərdə qalsam da, ancaq Firudin müəllimlə söhbətləşmək imkanım olmadı. Mənim səhhətim pis olduğundan məclis başlayan anda icazə alıb Şahingilə, Süleyman kişinin qızı Pərigilə getdim. Səhərisi Kəlbəcərin "Yenilik" qəzeti redaksiyasında Əli Qurbanla görüşdüm. Əli Qurban məni xoş qarşıladı və bu gün onunla olmağımı xahiş etdi. Həmin gün Əli müəllimə təhkim olunmuş maşınla (maşının sürücüsü var idi) Kəlbəcərin Lev Ayrımına, oradan qayıdandan sonra Zar, Zəylik kəndlərinə getdik. Göz oxşayan allı-güllü yaylaqlara, quşqonmaz zirvələrə birlikdə tamaşa etdik. Həmin vaxt Əli müəllim mənə müraciət etdi ki, Şiruyə müəllim, sən Göyçədə doğulub, boya-başa yetmisən, indi də Göyçə, Kəlbəcərlə həmişə əlaqən var, gəlib-gedirsən. Kəlbəcərin dünəniylə, bugününü necə təsəvvür
edirsən?
Mən dedim: "Əli müəllim, bu yollarla, bu cığırlarla, bu yal-aşırımlar ilə bəlkə atlı, piyada yüz dəfə o üzə, bu üzə aşmışam, hamısı da yaddaşımda unuduzlmaz, şirin xatirələrdi. O xatirələrdən bir ağız deyim, eşit":
Soruşsalar – bu yaylaqdan,
Bahar vaxtı keçmisənmi?
Söylə – sərin sularından
Ovuclayıb içmisənmi?
Soruşsalar – bu gədikdə,
Köhlən ata minmisənmi?
Söylə – köhlən yedəyində
Enişini enmisənmi?
Soruşsalar – bu bələdən
Səhər çağı aşmısanmı?
Söylə – çiskin, dumanına
Ürəyini açmısanmı?
Soruşsalar – bu dağların
Güllərindən dərmisənmi?
Söylə – süsən, sünbülündən
Yara çələng hörmüsənmi?
Soruşsalar – bu dərədə,
Hərdən ocaq çatmısanmı?
Söylə – ocaq qırağında,
Bihuş olub yatmısanmı?
Soruşsalar – çəmənlərin
Naxışını pozubsanmı?
Söylə – onun dastanını
Şiruyətək yazıbsanmı?
Dedim: – Əli müəllim, Kəlbəcər göyçəlilər üçün, Göyçə də kəlbəcərlilər üçün eyni doğmalığa malik əsrarəngiz Azərbaycan torpağıdır. Bunlar bir yalın o üzü, bu üzüdür. Tarixən bu ellər bir-birinə arxa-dayaq, mahallar olub. Ustad Alımız, Ələsgərimiz Kəlbəcər dağlarını, igidlərini nəzmə çəkib, bütün dünyaya car ediblər. Qaldı ki, Kəlbəcərin bugünkü yüksəlişinə – ürəkdən sevinir, qəlbimdə fərəh duyuram:
Hər yanı gül açıb, laləzar olub,
Atıb ürəyindən dərdi Kəlbəcər.
Babam Ələsgərin sevdiyi diyar,
Qurbanın, Şəmşirin yurdu Kəlbəcər.
Gözəllik eşqiylə yaranıb təkcə,
Zirvədə qartallar məğrurdu necə.
Bir yanı Qarabağ, bir yanı Göyçə,
Ömürə ziyadı, nurdu Kəlbəcər.
Yalçın qayaları keşikçi əsgər,
Hüsnünə baxmamaq olarmı, məgər.
Cənnət dedikləri düzdürsə əgər,
Cənnətdən səfalı yerdi Kəlbəcər.
İstisuyu bir bəzəkdi özütək,
Müqəddəsdi çörəyitək, duzutək,
Şiruyənin söhbətitək, sözütək
İncidi, gövhərdi, dürdü Kəlbəcər.
Əli müəllim bu şeirlərin surətini götürüb, Kəlbəcərin "Yenilik" qəzetində çap etdi. Mən Əli müəllimdən icazə alıb Bərdəyə gəlməli oldum. Ancaq Əli müəllimə dedim ki, Bərdədən sənə şeir dolu məktub yazacam. Əli müəllim məni yola saldı.
Bərdədə bir ay müddətinə başım dost-tanışla gəzintiyə elə qarışdı ki, bir aydan sonra yadıma düşdü ki, bəs Əli müəllimə məktub yazmamışam, əhdə xilaf çıxmışam. Fikirləşdim ki, gecdi, daha yazmayım. Əli müəllim deyəcək – "toydan sonra nağaradı?". Məni bir aydan sonra yada salıb. Bu fikirlə də Əli müəllimə məktub yazmadım.
Aradan bir neçə ay vaxt keçmişdi. Əli müəllimdən bir məktub aldım. Müzəmmətdən sonra, Əli müəllim belə yazmışdı:
Ay Şiruyə, niyə səsin gəlmədi?
Hövsələm daraldı, di dillən dana.
Məktubunun yollarına baxmaqdan,
Gözlərim saraldı, di dillən dana.
Əhd elədik, ilk baharda dinmədin,
Məni qoydun intizarda, dinmədin,
Yay addadı, payız barda, dinmədin,
Dağları qar aldı, di dillən dana.
Qardaş, əhdin damağımda daddandı,
Ayrı düşdük, qəribsədi, yaddandı.
Həsrətindən çınqı düşdü, oddandı,
Bağrımı nar aldı, di dillən dana.
O görüşlər yaddaşımda duracaq,
Xəyalımda bir xaniman quracaq.
Həvəsimdən qaladığım gur ocaq,
Səngidi, qaraldı, di dillən dana.
Qoyma məni gözü yolda, amandı,
Yol gözləmək Əli üçün yamandı.
A könlümün dağ bülbülü, zamandı,
Budaqlar bar aldı, di dillən dana.
Əli müəllimin şeirini təkrar-təkrar oxuyub özüm-özümü danlasam da, hardansa dəli bir fikir beynimə doldu ki, onsuz da mən günahkaram. Gəl, Əli müəllimə yenə cavab vermə. Əli müəllim od alıb yanır, görək daha nə cür yanacaq və bir də bir məktubla səndən əl çəkəcək, yoxsa səni yenə soraqlayacaq? Bu məqsədlə Əli müəllimə yenə cavab vermədim.
Bir aydan sonra rəhmətlik Tanrıverdi müəllim (bizim kəndçi və mənimlə bir məktəbdə riyaziyyat müəllimi işləyən) oğlu Əliyə toy edirdi. Böyük hazırlıq işləri görülmüşdü. Ustad Aşıq Hacı, şəyirdi Aşıq Nuriddin və qara zurnanın mahir sənətkarları – rəhmətlik Zamaxan, Əjdər, nağaraçı Xasay məclisin sənətkarları idi. Məclisi idarə etməkdən ötəri masabəyi iki nəfər seçilmişdi – mən və Kəlbəcərdən Əli müəllim. Əli müəllim toydan bir gün qabaq gəldi. Səmimi görüşdük. Ancaq məktub məsələsinin üstünə nə o gəldi, nə də mən yada saldım. Üç gün, üç gecə toy şənliyi davam etdi. Əli müəllimlə mən növbə ilə tost deyir, məclisin ahəstə vaxtı qabaq-qabağa şeir deyirdik. Maqnitofon kasetləri yazdıranlar üçün bu, ələkeçməz anlar idi. Üçüncü gecə artıq toy yekunlaşmaq üzrə idi, "bəytərifi"də qurtarmışdı. Demək olar ki, kənd camaatı toydan getmişdi. Elə biz də getmək üzrəydik. Bu anda həmkəndlimiz, o vaxt Azərbaycanda Yüngül Sənaye Nazirinin birinci müavini işləyən mərhum Təvəkgül Hüseynov başının dəstəsi ilə toy evinə çatdılar. İndi toy mağarında yox, böyük aynabənddə oturmalı olduq. Mənim bir az səhhətim yaxşı deyildi. Əli müəllimə dedim – mən oturacam, məclisi sən idarə elə. Əvvəl elə də oldu. Sonra məclis qızışanda Təvəkgül müəllim, bəzi yoldaşlar məni tələb edəndə Əli müəllim məni məcbur qaldırdı. Mən qalxdım və bir az da indi duyuram ki, kobudluq etdim. Aşıqlara dedim, siz əyləşib çay için. Bir saata yaxın təcnis dedim. Ancaq sonra hiss etdim ki, mən kobudluq etmişəm. Əli müəllimin yaradıcılığında təcnis demək olar ki, yoxdur. Əli müəllim düşünə bilər ki, Şiruyə qəsdən bu ağır daşı ortaya atdı. Həm də Əli müəllim ağsaqqal və qonaqdır. Mən Əli müəllimə üzrxahlıq edib, oturdum. Məclis yekunlaşdı. Səhərisi Əli müəllimi hörmətlə yola saldıq. Bir həftədən sonra Əli müəllimdən böyük bir məktub gəldi. Salamdan-kalamdan sonra yazırdı:
Dinməməklə nə divandı qurursan,
Ay təzə təcnisin xanı qıldıxsız.
Haqqım varmı deyəm əhdi unutdun,
Verdiyin ilqarın hanı, qıldıxsız?
Arzularım haray çəkir, dad salır,
Diləklərin diləyimə xod salır,
Soyuqluğun varlığıma od salır,
Hər səhər xoruzun banı qıldıxsız.
Belə çəkmə sinəm üstə dağ, ayə,
Qoşmaları ürəyimə sağ, ayə,
Təşnələnib narın-narın yağ, ayə
Qaynasın qanımın qanı qıldıxsız.
Qəm leşkəri tamam aşıb səddini,
Qoymur qəlbim bir düzəldə qəddini.
Həsrətimin sayı keçib həddini,
Olubdu ulduzun sanı qıldıxsız.
Halım yoxdur, çox soyutma havanı,
Ürək əsir, könül salır davanı.
Belə getsə qalmaz tabı, tavanı.
Üzülər Əlinin canı qıldıxsız.
Məktubu təkrar-təkrar oxuyub, düşündüm ki, daha geriyə yol yoxdur. Əli müəllimin küsmüş könlünü almalıyam. Papağımı qabağıma qoyub fikirləşdim, dedim – Şiruyə, bacarığın, qüdrətin varsa Əlinin incimiş könlünü al, günahlarıını yu. Götürdüm belə bir şeirlə üzürhaqlıq elədim:
Əli lələ, yaman yerdə tutubsan,
Daha bəsdir, xəcalətim özümə.
Götürdüm papağı, düşündüm dərin,
Xoş gəlmədi xasiyyətim özümə.
Elə düşdü məktubunun sədası,
İlqarının, peymanının nidası.
Yaxşı, yaman nə cür olsam, qadası,
Çatacaqdı öz hörmətim özümə.
Söz tapmıram, qardaş, yaman çaşmışam,
Özüm öz başıma oyun açmışam.
Özgəyə dostluqdan çox danışmışam,
Çatmayıbdı nəsihətim özümə.
Az qalıbdı gəlib keçə iki yaz,
Çıx payımı, hər nə yazsan iki yaz.
Ülfətimə "kafi" çoxdu, "iki" yaz,
Münasibdi bu qiymətim özümə.
Şiruyəyəm, nə atılım, nə düşüm,
Düz deyirsən, müşgül olub gəlişim.
Ola bilməz bəd fikirim, bəd işim,
Olsa dəysin xəyanətim özümə.
Əli müəllimin könlünü almaq üçün bir təcnislə də müraciət etdim:
Müzəmmət daşını, ay Əli qardaş,
Haqlısan, başıma ha döşə-döşə.
Mən əhdi unutdum, saydım yerimdə,
Sən dedin, gəl çıxaq ha döşə-döşə.
Qara bəxtim gah baş oldu, gah ayaq,
Yorğun düşən gah baş oldu, gah ayaq,
Ələ keçən gah baş oldu, gah ayaq,
Cəhd etdim, yetmədim ha döşə-döşə.
Şiruyəyəm, qarlı dağlar aşmadım,
Uzaq qaçdım, dosta könül açmadım.
Qonaq çağırmadım, süfrə açmadım,
Demədim sağlıqdan ha döşə-döşə.
Məktubu həmin gün yola saldım. Bir həftədən sonra cavab aldım. Əli müəllimin cavabından hiss etdim ki, könlünü ala bilmişəm. Əli müəllim cavab məktbunda yazır ki:
Dostdakı mehrə də, məhəbbətə də,
Ülfətdən verdiyi paya da qurban!
Onun yaşadığı ulu torpaqda,
Bahara da qurban, yaya da qurban!
"Yad oğlu mehmandı yağlı plova!"
Balıq tamahından düşər tilova.
Dostun süfrəsində çolpa-çilova,
Yavan çörəyə də, çaya da qurban!
Ay Əli, az demə, bəsdi qıydığı,
Adam sayıldığı, adam saydığı.
Dostların fərəhlə kəndə yaydığı,
Sevincə də qurban, haya da qurban!
Əli müəllim bir təcnis də yazıb göndərmişdi. Özünün yazdığına görə, bu təcnis onun yaradıcılıq dövründə yazdığı ilk təcnisdir.
"Yara" dedin, yaralarım açıldı,
Gərək loğman gələ, ha tikə-tikə.
Ürəyimdə bir möminə dəfn olub,
Əcəmi məqbərə ha tikə-tikə.
Təpə yüz boylansa, dağ ola bilməz,
Tənə dağı kimi dağ ola bilməz,
Tikənin dostluğu dağ ola bilməz,
Belə xatalıdı ha tikə-tikə.
Qorxaq doldursa da ata? – inanma,
İnanma, ay qardaş, ata, inanma.
Əli etibarı ata? – inanma,
Kəsib doğrasalar ha tikə-tikə.
Daha Əli müəllimin yanında xəcalətdən çıxmışdım. Götürdüm Əli müəllimin bu məktubuna belə bir cavab yazdım:
Özüm də bilmirəm, dostum, səsinə,
Hay-haray verməyim, kiriyim necə?
Tutum dağarımdan çuval yanına,
Utanmaz-utanmaz sürüyüm necə?
Yox, qardaş, qoy yeri dar eyləməyim,
Ömrümü, günümü zar eyləməyim,
Milçək ola-ola ar eyləməyim,
Nəhəng meydanına yeriyim necə?
Ha gizlətsəm, vallah hamı biləcək,
Qəh-qəh çəkib Şiruyəyə güləcək.
Biri görməsə də, biri görəcək,
Neyvənd sifətimi bürüyüm necə?
Əli müəllimin ağsaqqallığını, mənə olan məhəbbətini, o vaxt onun mərkəzi mətbuatda tanınmağını və vəzifə sahibi olmağını nəzərə alıb onu özümdən uca tutub, belə yazdım:
Əzizim, qəm-kədər qatıb başımı,
Dinib-danışmağa halım nə gəzir.
Mahir bir sərrafın ləl bazarında,
Satışa qoymağa malım nə gəzir.
Mən körpə bir tifil, sən ulu baba,
Hərdən coşmağımı çəkmə hesaba.
Əlacsızam, baxmagınan cavaba,
Qiymətli qumaşım, alım nə gəzir.
Gözüm almır mənzilinə yetməyə,
Siz gedən yolları mən də getməyə.
Tutduğun bakalı şirin etməyə,
Şərbətim nə gəzir, balım nə gəzir.
Kövrəlmişəm, gəl bir qoşa dayanaq,
Söhbət üstdə yuxudan kal oyanaq.
Xəzan vurub, solub tamam bağça, bağ,
Dəymişim nə gəzir, kalım nə gəzir.
Mən yastana, sən dağ üstdən bir də dağ,
Yaman çəkdin, çək sinəmə bir də dağ.
Şiruyəyəm, sözüm edim bir də dağ,
Sən axtaran pür kamalım nə gəzir.
Məktubu yenə tez yola saldım. Aradan bir neçə gün keçmiş Əli müəllimdən cavab məktubu gəldi. Əli müəllim belə yazmışdı:
Çək sığala qoşmaları birbəbir,
Gətir qəlbimi də sığala belə.
Cığa ki var, cıqqasıdı təcnisin,
Cığala təcnisi, cığala belə.
Çəkib zildən-zilə dinirsən yaman,
Bəmə enəndə də enirsən yaman,
Həmayir pələngtək sinirsən yaman,
Varam sənin kimi dağala belə.
Bil ki, hər nə versən, deyəcəm azdı,
Hər şeirin mənimçün bir güllü yazdı.
Şirinlə Əlinin arası sazdı,
Həmişə qonaq et qoğala belə.
Əli müəllim yuxarda yazdığı "dağala belə" ifadəsinə bir aydınlıq da yazmışdı: " Ayə, bilirsən də, "cığal", "höcət" mənasında işlətmişəm, sənə zarafat kimi. Məgər səninlə zarafat etsəm, xəncərinin qaşı düşməz ki?" Əli müəllimin bu cümləsinin üstündə aşağıdakı qoşmanı yazıb, Əli müəllimə göndərdim:
Nadan oxu dəyib, yaralanmışam,
Çağır yaram üstə, loğmanı çağır.
Xəncərimin qaşı o vaxtdan düşüb,
Çağır, bir əhli-hal insanı çağır.
Gövhəri daş ilə bir gözə salma,
"Şair dostum" deyib, gəl sözə salma,
Çox yerdə danışma, çox üzə salma,
Barı çağırırsan, pünhanı çağır.
Hanı məndə elə cığır, elə iz,
Sözlərim kəsərsiz, qafiyəm qəliz.
Düşübsə könlünə tər-təzə təcnis,
Ələsgəri çağır, Qurbanı çağır.
Şiruyəyəm, əl atırsan köməyə,
Nə var ki, əzizim, bunu bilməyə.
Bu ki zarafatdır, deyib-gülməyə,
İsmixanı çağır, Bəhmanı çağır.
Əli müəllimin şeirdə təcnis sözü işlətməyindən hiss etdim ki, məndən təcnis istəyir. Götürdüm Əli müəllimə belə bir təcnis yazdım:
Köküm zil olsa da, mənəmlik edib,
Bir kimsəni çəkməmişəm mən zilə.
Açıqdı qapısı elin üzünə,
Qailəm mən kasıb, nimdaş mənzilə.
Vətəndaşam, bu vətənə, bu dilə,
Könlüm deyir, haqdan nüsrət bir dilə.
Eyliyim, pisliyim çox gələr dilə,
El yola salanda axır mənzilə.
Kəm etibar ürəyimi ay qırdı,
Göyün zülmət pərdəsini Ay qırdı,
Şiruyə sənətdə bir nər ayqırdı,
Hər köhlən yetişməz o sərt mənzilə.
Düzdür, təcnisin son bəndində mənəmlik hiss olunur. Bu da Əli müəllimin zarafatına cavab idi. Ümumiyyətlə Əli müəllimlə mənim məktublaşmam bir-bir ayları, illəri ötürürdü. Əli müəllim bir məktubunda belə bir təcnis yazmışdı:
Elə söylə söhbət çəksin sabaha,
Danış cimdik-cimdik, de cimdik-cimdik.
Bir söhbət aç, ağız dolsun, göz doysun,
Vermə mətahını, de cimdik-cimdik.
Qismətindi sonaların anaşı,
Əm ləbindən, an qaymağı, an aşı.
Sığala çək, öpüş götür, a naşı,
Etmə ağ əndamı de, cimdik-cimdik.
İnsaflısan, insafla de, özün, ə,
Filankəsin sözü nədi, özü nə?
Kim qürrəynən "nəhəng" desə özünə,
Əli, sən ləqəb ver, de "cimdik", "cimdik".
Kiminsə işlətdiyi qafiyə, rədifdə şeir yazmaq və ya kiminsə şeirinə nəzirə yazmaq xasiyyətimdə olmasa da, Əli müəllimin bu təcnisinə cavab yazdım. Ancaq bir az məzmunu dəyişdirdim:
Tamarzıyam, insafa gəl, a zalım,
Vermə busələri de cimdik-cimdik.
Can demə yamana, qul olma yada,
Eylətmə əndamı de cimdik-cimdik.
Soraq salıb axtarsan da hayanı,
Tapammazsan belə həmdəm, həyanı.
Aqillər yanında saxla həyanı,
Danış cimdik-cimdik, de cimdik-cimdik.
Hörmətə pak adlar, əzalar gedər,
Özgələr qadanı az alar gedər.
Şiruyəyəm, istək azalar gedər,
Kəsmə məhəbbətdən de cimdik-cimdik.
Bir qoşma ilə Əli müəllimə yenə öz ehtiramımı bildirdim:
Umacaq ummaynan körpə uşaqdan,
Ustad kalamından yola sal gəlsin.
Dağların barından bir sovqat bağla,
Sən Allah, içində lala sal gəlsin.
Deməynən dən düşüb, saçlarım çaldı,
Qüdrətin, qüvvətin qranit saldı.
Fikirin qaymaqdı, nizamın baldı,
O sərmə qaymaqdan bala sal gəlsin.
Nadir bir çiçəksən sənət bağında,
Kamala yetmisən pir ocağında.
Şair cərgəmizin dur qabağında,
Sərraf Şiruyəni dala sal gəlsin.
Əli müəllimin məktubunun cavabını yola saldım. Aradan bir həftə keçmişdi. Bir gün günortaçağı evdə oturmuşdum. Qəfildən darvazanın önündə maşın dayanıb, siqnal verdi. Çıxdım ki, bizim kolxozun sədri Mamed Mamedovun maşınıdır. Sürücüsü Tofiq mənə dedi, səni gözləyən var, gəl gedək. Mən elə fikirləşdim ki, kolxoz sədrinin qonaqları yəqin məni görmək istəyib. Yaxınlıqdakı Sarcalı kəndinin qənşərində yerləşən yeməkxanaya gəldik. İçəri daxil olanda gördüm Əli Qurban və bərdəli Əli Əliyevdir (Bərdə müəllimlər evinin müdiri). Bizim kolxoz sədri Mamedovla əyləşiblər. Hər biri ilə səmimi görüşdük. Bir az söhbət edib yemək yeyəndən sonra kolxoz sədrinin maşını bizi - Əli Qurbanı, Əli Əliyevi və məni Bərdəyə gətirdi. Prokurorluğun qarşısında bizi qoyub qayıtdı. İndi yoldaşların məqsədini başa düşdüm. Cəfər Allahverdiyevlə (Cəfər Çəmənli) görüşmək, söhbətləşmək və şeirləşmək. Axı Cəfər Allahverdiyev də "Çəmənli" təxəllüsü ilə şeirlər yazırdı və hər birimiz ilə dostluğu var idi. Prokuror olsa da, Cəfər Allahverdiyev hər bir sənət adamları ilə söhbət etməyə can atır, onlara vaxt ayırırdı. Cəfər müəllim yox idi. Katibəsi dedi: – Dəqiq bilmirəm, ancaq çox güman ki, gələcək. Əli Əliyev də ona cavab verdi ki, bilirəm, dəqiq bilə bilməzsən... Elə katibə (qadınmı deyim, qızmı deyim–hər ikisinə uyğun idi) Əli müəllimin bu sözünə bənd imiş. Çox yanıqlı ah çəkib köksünü ötürdü. Əli müəllimə (Əli Əliyevə) acizyana dedi: – "Hə də, sən bilirsən, indi heç gələndə mənim yanıma da dönməyəcək". Bundan sonra Əli Qurbanla mən kənarda qaldım. Əli Əliyev qızın boş damarından tutub danışdırırdı. Qız da tez-tez əllərini göyə qaldırıb yanıqlı ah çəkirdi. Elə ah-nalə çəkirdi ki, bəlkə o ah-nalədən dağ-daş lərzəyə gəlirdi. Bu katibə qızla rəhmətlik Cəfər müəllimin məhəbbət məcaralarını sən demə Əli Əliyev bilirmiş və həmişə bura gəlib-gedirmiş. Əli Əliyevlə qızın söhbəti bu cür davam edirdi. Əli Qurbanla mən də bir-birimizə baxıb qıza yazığımız gəlirdi. Ancaq heç birimiz bir kəlmə belə dinmirdik. Qız sanki bizə, xüsusilə Əli Əliyevə yalvarırdı ki, Cəfər müəllimlə onu barışdıraq. Ancaq bunu Əli Əliyev edə bilərdi. Çünki o, bu söhbətlərin içində idi...
Belə bir arzuolunmaz insan taleyinə, qadın fəryadına tamaşa edirdik ki, bir azdan Cəfər müəllim gəldi. Bizi xoş qarşılayıb kabinetinə dəvət etdi. Kabinetdə bir-iki saat söhbət etdik. Hər birimiz bir neçə şeir dedik. Bu an telefon zəng çaldı. Böyük sənətkarımız Xan Şuşinskinin ölüm xəbərini Cəfər müəllimə dedilər. Cəfər müəllim bu xəbərdən çox sarsıldı. Xan Şuşiniski ilə Cəfər Allahverdiyevgilin yaxınlıqları varıydı. Cəfər müəllimin sürücüsü məni evə gətirdi. Əli Əliyev və Əli Qurban Cəfər müəllimlə birlikdə qaldılar. Əli Qurbanı həmin günün səhərisi yola salmışdılar.
Bir həftədən sonra Əli Qurbandan bir məktub aldım. Yazdığı şeirlər o dərdli, ah-naləli qıza həsr olunmuşdu. Əli müəllim belə yazmışdı:
Bir mələk ah çəkdi, ürəkdən gələn,
O yanıqlı ahı əridir məni!
Özgə vaxt görsəydim, ona deyərdim–
Bəxtəvərlər şahı! – əridir məni!
Gahdan xəyallandı, boynunu burdu,
Gahdan yaralanmış ahutək durdu.
Görən hansı namərd, nə zaman vurdu?
Vardımı günahı? – əridir məni!
Göylərə zilləndi, göz üsyan etdi,
Yandı bağrım üstə köz, üsyan etdi,
Dilimə hər gələn söz üsyan etdi,
Qınadı Allahı, əridir məni!
Təlaş görməmişəm o təlaş kimi,
Dərd olub qəlbimdə ağır daş kimi,
İmkanım çataydı, bir qardaş kimi,
Olaydım pənahı, əridir məni!
Əliyəm, çoxalıb başımın dəni,
Sıxlaşıb buludu, dumanı, çəni.
Amma heç bilmirəm kimin düşməni,
Kimin qibləgahı əridir məni?!..
Əli müəllimin şeirini oxuyub onu qəlbimdə qınadım. Çünki o, ağsaqqal idi, söhbətə müdaxilə edə bilərdi. Mən cavan idim, heç nə deyə bilməzdim. Elə bu məzmunda da Əli müəllimə bir təcnis və bir də bir qoşma yazdım:
Bir Əli toxundu dərdli ürəyə,
Öz-özünə oda yandı bir Əli.
Bir əliynən yol göstərdi o sənəm,
Üzülmüşdü talehindən bir əli.
Dedi, çarxın ya qüssəsi, ya dəmi,
Bəd talehin ya zurnası, ya dəmi.
"Can" desə də neyləyəndi yad əmi,
Dada çatsın bir Məhəmməd, bir Əli.
Bir ah çəkdi, dedi – çəmən, düz gəzdim,
Əyrilərdən uzaq qaçdım, düz gəzdim.
Ay Şiruyə, nə qədər ki, düz gəzdim,
Taleh yenə dedi – bitli, birəli.
Aşağıdakı qoşma ilə Əli müəllimi müzəmmət etdim:
Mən naşılıq etdim, kəlmə kəsmədim,
Sən niyə dinmədin orda, a zalım?
Götürməz bu ahı nə yer, nə də göy,
Qoydunuz ahunu darda, a zalım.
Sən ki, arif idin, əhli hal idin,
Küsməzdi sözündən, xəddi çal idin,
Mənim kimi niyə dili lal idin?
Çalxanırdın ahu-zarda, a zalım.
Şiruyəyəm, hər nə ki var, qanırıq,
Ona görə düşünürük, anırıq.
Nə müddətdir bir alova yanırıq,
Sən orda, mən də ki burda, a zalım.
Əli müəllimin cavab məktubunu yola saldım. Aradan bir aya qədər vaxt keçmişdi. Bir gün rəhmətlik Tanrıverdi müəllim məni evlərinə çağırtdırmışdı. Əli müəllim Tanrıverdi müəllimin oğlu Əlinin (hansı ki, Əli Qurbanla mən aparmışdım) toyunun gedişini poema şəklində nəzmə çəkmişdi, həmin poemanın bir üzünü Tanrıverdi müəllimə göndərmişdi ki, oxusunlar. Yazını oxudular, mən də qulaq asdım. Əli müəllim böyük zəhmət çəkmişdi. Ancaq poemanın ümumi gedişi mənim xoşuma gəlməsə də, mən özümü biruzə vermədim. Sadəcə ürəyimdə Əli müəllimi müzəmmət etdim. Axı hər hansı toy səhnəsi poema mövzusu deyil. Ancaq, yenə deyirəm – bu fikir mənim ürəyimdə qaldı. Mənim susmağımdan bəziləri Əli müəllimə xəbər göndərərlər ki, bəs Şiruyə müəllim yazıdan çox narazı qaldı. Bununla da Əli müəllimdən məktub kəsildi. Aramıza soyuqluq düşdü. İlk vaxtlar bunun səbəbini anlamasam da, sonra bu səbəb mənə çatdı. Mən Əli müəllimə məktub yazıb, hər şeyi ona yuxarıda oxuculara qeyd etdiyim kimi açıqladım. Aşağıdakı qoşmanı da yazdım:
O çiçək nəfəsli, o gül ətirli,
Mey-məzə qoşmandan göndər, ay Əli.
Müddətdi bizlərdən dönən üzünü,
Təzdən biz tərəfə döndər, ay Əli.
Bilirsən dostlardı arxam, pənahım,
Dostluğa daş atma, ey qibləgahım.
Əgər ki, yanında varsa günahım,
Qaytarıb başıma əndər, ay Əli.
Əgər inciksənsə kür ürəyimdən,
Tərpət köhlənini, sür ürəyimdən,
Sərraf Şiruyəyəm, bir ürəyimdən,
Açmışam dostlara min dər , ay Əli.
Əli müəllimə bir təcnis də yazdım:
Nə müddətdir unudubsan dostları,
Dönübsən zalıma, ayə, nə yaman.
Elin hikmətindən, qoçaqlığından,
Yazıbsan bir böyük ayə nə yaman.
Süzülür yaramdan yaman qan, ata,
Nər igid yetirməz yaman qan, ata,
Bir kəs ki, ortaya yaman qan ata,
Nə yaxşı tanıyar, ayə, nə yaman.
Bir söz deyim: məni sanma yaman a,
Dəhşət olar dost düşmənə yamana.
Şiruyəyəm, ağız vermə yamana,
Nə keç ətrafına, ayə, nə yaman.
Məktubu Əli müəllimin ünvanına - Kəlbəcərə göndərdim. On günün tamamında Əli müəllimdən cavab aldım.
Mən sənə bir dəfə dost söyləmişəm,
Qərəz axtarmaram sözündə, qardaş.
Gerçək bildiyimə yalan demərəm,
Həqiqət görmüşəm üzündə, qardaş.
Az kövrəklik eylə, az bağrımı əz,
Buluda girərsə, günəş görünməz.
Cəvahir özündə gizlənə bilməz,
Gizlənmək istəmə özündə, qardaş.
Mehri-ülfətindən yedim, doymadım,
Qoşmanda yekəlik, mənlik duymadım.
Əliyəm, şübhənə məhəl qoymadım,
Qızdım təcnisinin közündə, qardaş.
Yenə Əli müəllimlə məktublaşmamız bu cürə davam edirdi. Günlər ayları,aylar illəri əvəz edirdi. Bu sirli-sehrli dünya yenə bir sehrini göstərdi. Qəfildən gərdişin çarxı döndü. Dost deyənlərimiz düşmənə çevrildi. Nadürüst erməni qonşularımızla münaqişə başlandı. Dünənə qədər dünyada yeganə qüdrətli dövlət sayılan SSRİ-nin gerbi, bayrağı arxivlərə atıldı. Azərbaycanın paytaxtı Bakı şəhərində milləti qanına qəltan eyləyən, Pribaltikada günahsız qanlar axıdan Sovet Ordusu da dağıldı. Rusların himayədarlığı ilə ermənilər Azərbaycana qarşı dünyada görünməyən vəhşiliklər törətdi. Ermənistanda (əzəli Azərbaycan torpaqılarında) yaşayan türk-müsəlman əhalisi yurd-yuvasından qovuldu, soyqırıma məruz qaldı. Nəinki Dağlıq Qarabağ, hətta Azərbaycanın 7 rayonu işğal altında qaldı. O cümlədən Kəlbəcər rayonu da ermənilərin əlinə keçdi. Əli müəllim də Göyçə qaçqınlığından sonra Kəlbəcərdən Gəncəyə köçdü, Bursa küçəsi 74-də yaşamalı oldu. Sonralar Qarabağın, Kəlbəcərin işğalı Əli müəllimi daha çox sarsıtmışdı. Əli müəllim Kəlbəcərdən köçən vaxtlar göndərdiyim bir təcnis ona çatmamışdı. Təcnis belə idi:
Könül oxşayardı öz gəlişiylə
Yaman sərt gəlibdi, Əli, yaz, indi.
İgid şəhidlərin nakam ömrünə,
Qəm dolu bir dastan, Əli, yaz indi.
Qaldı neçə-neçə ocaqlar başsız,
Yaz, qağa, siz məndən sənətdə başsız.
Torpaq üstdə qalan bədənsiz, başsız,
Ayağı yaz indi, əli yaz indi.
Ərşə qalxır qovxa ahı, al ahı,
Dodaqdan al ünü, dildən al ahı.
Şiruyəyəm, çağır qadir Allahı,
Məhəmməd yaz indi, Əli yaz indi.
1994-cü ildə Gəncə nəşriyyatının qrifi ilə mənim ilk və böyük həcmli "Ağlama, bülbül, ağlama" kitabım çapa hazırlanırdı. Nəşriyyatın direktoru Göyçənin Məzrə kəndindən olan Fərhad İsgəndərovun kabinetində həmişə Əli müəllimlə görüşüb, səmimi söhbətlər edirdik. Sanki aramızda heç nə olmamışdı. Əslində də heç nə yox idi. Sədəcə, məndən ona yaman "qandırmışdılar". Fərhad İsgəndərov dedi: – Şiruyə müəllim, icazənizlə kitabınızın redaktoru Əli müəllim olsun. Mən məmnuniyyətlə razı oldum. Əli müəllim kitabı redaktə edirdi. Bir gün vədələşdiyimizə görə Fərhad müəllimin iş yerində görüşməli idik. Əli müəllim gəlib çıxmırdı. Fərhad müəllim də çox saz-söz azarkeşi idi. Həmişə fikri bu olardı ki, Əli müəllimlə mən şeirləşək, o da qulaq asa. Elə indi Fərhad müəllimin əlinə fürsət düşmüşdü. Mənə dedi: – Şiruyə müəllim, mən ölüm, Əli müəllimə bir şeir yaz görək, niyə ləngiyib. Fərhad müəllim istəyirdi ki, mən şeiri tənqidlə yazam. Ancaq mən Əli müəllimi ağsaqqal kimi, böyük sənət adamı kimi, bir də sadəliyinə görə çox istəyirdim. Elə Əli müəllimin hərdən buraxdığı səhvliklər də sadəliyindən, səmimiyyətindən irəli gəlirdi.
Əli müəllim Fərhad İsgəndərovun otağın qapısını açanda mən şeiri tamamlayırdım. Şeiri Əli müəllimə oxudum. Şeir belə idi:
Nə şirin sevdaya düşdü görəsən?
Ləngidi bu qədər, Əli gəlmədi.
Könül istədi ki, müzəmmət yaza,
Ancaq ki, şairin əli gəlmədi.
O gələn yollara canım sədağa,
Dözmək çətiniymiş vallah fərağa.
Bizi həsrət qoydu bala, qaymağa,
Ortaya gövhəri, ləli gəlmədi.
Yolunu gözlədi, el həsrət qaldı,
Dodaq həsrət qaldı, dil həsrət qaldı,
Soldu ləçəkləri, gül həsrət qaldı,
Könlümüzün şux bülbülü gəlmədi.
Bir anda qəm, təlaş üzdü Fərhadı,
Şiruyə çağırdı ümid, imdadı.
Sənətin ustadı, şeirin dadı,
Dastanın, nağılın dili gəlmədi.
Əli müəllim şeirə qulaq asıb xəfifcə güldü və Fərhad müəllimin təkidiylə şeirə cavab yazmalı oldu. Nəhayət ki, Əli müəllimin yazdığı cavabı alıb Fərhad müəllim oxudu. O, belə yazmışdı:
Şiruyə daşqındı, bu qınaq selin,
Müzəmmətin belə seli gələmməz.
Başın aynımasın, şirin olanda,
Sevdana şeytanın feli gələmməz.
Dövranın işləri tərsədi, lələ,
Tərsə dolanacaq getdikcə hələ.
Gəncə maşınları işləyir elə,
Günə vədə verən, ilə gələmməz.
Mən də sizdən tamam intizar oldum,
Şeirinə gecikdim, tarimar oldum,
Günahsız olsam da, günahkar oldum,
İlham atım olub dəli, gələmməz.
Piyada çatardım, gənc olaydım kaş,
Gül bu təmənnaya, güldükcə, qardaş.
Elə aralanıb, olub bağrı daş,
Gələmməz, gələmməz, bəli, gələmməz.
Vallah qınağınız haqlı qınaxdı,
Şiruyə də haqdı, Fərhad da haqdı.
Küsüb, üz döndərib, gedibdi bəxti,
Yüz il haraylasa, Əli gələmməz.
mart 1994-cü il, Gəncə.
Maraqlı poeziya duyumu olan Fərhad müəllim Əli müəllimin şeirindən o qədər də razı qalmamışdı. Bu tələni qurmaqla, Fərhad müəllim mənim bədahətən şeir yazmaq qabilyyətimi real da gözüylə görüb, təstiqləmək istəyirmiş. Həm də o belə şeirləşmələrin azarkeşi idi. Hətta Fərhad müəllim bu şeirləşmə üçün bir qonaqlıq da boyun olmuşdu. İndi Fərhad müəllimə hər şey aydın idi. Mən heç nəyə fikir vermədən Fərhad müəllimə bir şeir yazdım. Əli müəllim dedi, bu nədir? Dedim: - Əli müəllim, Fərhad müəllim bizim təbimizi yoxlamaq üçün mənə və sənə şeir yazdırdı və özü də əvvəlcədən söz verdi ki, qonaqlıq verəcəm. İndi yazmışam ki, qonaqlığı təşkil etsin. Yazdığım şeir belə idi:
Fərhad müəllim, qonaqlığı hazırla,
Cəhli salıb uduzmusan, qadası.
Şahidimiz bir Allahdı, bir Əli,
Demə düzü tərs yazmısan, qadası.
Kabab üstdən yeyəcəyik xəngəli,
Üzsüz qurud çıxarmasın əngəli.
Lazım deyil evin qaşıq-çəngəli,
Bu qaydanı çox pozmusan, qadası.
Şiruyənin al salamın, əlin sıx,
Məqsəd bəlli, məram aydın, yol açıx.
Bizdə günah yoxdu, buyur, özün çıx,
Bu quyunu sən qazmısan, qadası.
Mətləbdən bir az uzaqlaşsam da, oxucuların nəzərinə çatdırım ki, kitab çapa getdi. Fərhad müəllim mətbəənin pulunu ləngitdiyi üçün, çap da ləngidi. Pulun dəyəri düşdü. Mən əlavə pul keçirməli oldum. Bu çatışmazlıqlar yarananda, kitabın çapda ləngidiyi üçün Fərhad müəllimə belə bir şeirdə yazmışdım:
Qışın əvvəlinə vədə vermişdin,
İndi daha yay gəlibdi, eloğlu.
Novruz bayramına qaldı son sözün,
Novruz ötüb, may gəlibdi, eloğlu.
Giley, qiybət etmək deyil adətim,
Dosta uyuşandı vallah xislətim.
Anlaya bilmirəm mənim qismətim,
Niyə belə zay gəlibdi, eloğlu?
Yağlı ümidlərlə söhbət etdiyin,
Şeirinə, sözünə heyrət etdiyin,
Dur qarşıla, sən xəcalət etdiyin,
Şiruyədən pay gəlibdi, eloğlu.
Xatirələrə baş vurduqca söhbət uzansa da, qayıdıram məqsədin üstünə. Əli müəllim kitabı redaktə edərkən "Vətən sənə oğul dedi" poemasına müəyyən lüzumsuz cümlələr əlavə etmişdi ki, mən kitabın çapından sonra bunu bildim və arxivdə qalacaq kitabda da bunu göstərmişəm. Ümumiyyətlə kitabın redaktəsi çox aşağı səviyyədə olmuşdur. Bütün bu qüsurlara baxmayaraq mən Əli müəllimdən razı idim və özünə də minnətdarlığımı bildirdim. Belə xoş səmimiyyətlə də ayrıldıq. Lakin Əli müəllim "Səməd ağa dastanı"nı yazarkən yenə bizim kəndə gəlmiş, yenə özünün inandığı adamın evində oturmuş, yenə məndən ona pis "qandırmışdılar". Sadəlöv Əli müəllim də deyilən sözlərə inanmış, bu səbəbdən də ürəyində mənə qarşı haqsız qəzəb hissi yaranmışdı. Əli müəllim yazdığı "Səməd ağa dastanı"nda böyük Sultanbəyin silahdaşı, erməni generalı Selikovun başını kəsən daşkəndli Hacı Rəhimin igidliyini inkar etməyə cəhd göstərmiş və erməniyə yön görərək yazmışdı ki, Hacı Rəhim Selikovun meyidinin başını kəsib. Erməni də deyir "Von, von, bunu sən dedin, bu, sənin dilindən çıxdı, siz erməninin ölüsünün də başını kəsən millətsiniz!".
Bu tarixi səhfinə, bağışlanılmaz hərəkətinə görə Əli müəllimlə Gəncə mətbəəsinin qarşısında bir çox adamların yanında sözləşdik və ayrıldıq. Aradan bir neçə il keçəndən sonra, Əli müəllim zəng edib üzürhaqlıq etdi ki, məni bağışla, məlumatı düzgün verməyiblər. Mən məlumat verənlərə səhf edib inanmışam.
Hacı Rəhim kimi igid ölmüş meyidin başını kəsməyi, belə bir acizliyi heç vaxt özünə sığışdırmazdı...
Allah ürəyi sevgi, məhəbbət dolu Əli müəllimə rəhmət, mərdiməzarlara isə lənət eləsin!
Sərraf Şiruyə.
"Hər görüş bir xatirədir" kitabı
2007-ci il
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024