Cəngi
(Şəhid dostum Məğrur İsgəndər oğlu Şirinovun əziz xatirəsinə)
Ay ərzində cırmaqlaya-cırmaqlaya qazandığım pulu bir qarın yeməyin əvəzinə şadlıq sarayına verəcəyimi düşünürdüm ki, qarazurna elə bir “Cəngi” püskürdü, sanki kürəyimə qaynar samovar şəllədilər. Tüklərim biz-biz oldu, iliyim gizildədi, bədənimi soyuq tər basdı. Yanımdakılar da heyrətləndi, – Nə oldu sənə!? Cavab verəcək halda deyildim. Tələsik bayıra cumdum. Yəqin elə bildilər ki, qusmağa qaçıram. Eşikdəki külək üzümə çırpılan kimi məni dəli hönkürdü tutdu. Bilirəm ki, içəndə kövrək oluram, amma bu dəfəki “Cəngi” məni başqa cür silkələmişdi. Müştəri gözləyən taksilərdən birinə oturdum, gözümün yaşını gizlətməyə çalışaraq dedim ki, Yasamal qəbiristanlığına sürsün.
Sürücü girmədi qəbiristanlığa, maşını başdaşı düzəldilən sexin yanında saxladı. Pulunu verib yola saldım maşını və ətrafın qulaqbatırıcı sakitliyində havalı adamlar kimi, – Zaur, ay Zaur! – ayaqlarım bir-birinə dolaşa-dolaşa qaranlıqda dostumun məzarını tapdım.
– Bağışla qardaş, bağışla məni. Səni qoruya bilmədim, nəzarətsiz qoydum səni. Sənsiz çox darıxdırıcıdır bu dünya, bu Yasamal. Sənsiz Qubadlıya qayıtmağın ləzzəti də qalmadı, qardaş! – kənddə kolxozun yoncalığında çaqqallar necə ulaşardısa, mən də elə uladım vahiməli heykəllərin arasında. Külək səsimi batıra bilmirdi. Qəbirdə yatanların hamısını oyatmışdım. Dostumun sinədaşını qucaqlayıb zarıyırdım.
Günlər nə tez ötüb-keçirmiş, İlahi... Elə sürətlə böyüdük ki... Qüdrət dayının bağından son dəfə əzgil oğurlayanda bir boy-buxunumuza, bir də əlimizdəki əzgillərə baxıb xəcalət çəkdik, – Boyumuz-posumuz yerə girsin! – deyən gün bığ yerimiz də tərlədi. Daha 18-19 yaşımız vardı və lənətəgəlmiş ermənilərin növbəti quduzluq tutması başlanmışdı. Əli silah tutan sərhəd kəndlərini qorumağa yollanırdı. Uzun sözün gödəyi, onu da bacarmadıq. Vətəni qoruya bilmədik. Arvad kimi qaçdıq. Hər ev, hər məhəllə uğrunda qan tökməyi lazım bilmədik, bəlkə də ağlımıza gətirmədik, bəlkə də ağlımıza salan olmadı... Zaur isə bacardığını elədi. Qubadlı alınandan sonra Fizulidə vuruşdu. Məngələnata yüksəkliyində minaya düşüb bir ayağını dizdən itirdi, digərini isə güclə kəsilməkdən xilas edə bildi.
Yeyəsizlikdən, başsızlıqdan bezib həm dincimizi almaq, həm də ana-bacılarımızı İmişlinin ilanmələyən çöllərindən yığışdırıb bir quru dam altına soxmaq üçün Bakıya gəldik. Lənət olaydı ana-bacı haqqında düşündüyümüz həmin günə! Zaurgil və biz yorğan-döşək, qab-qacaqla dolu “Kamaz”ın üstündə zülm ayaqlaya-ayaqlaya on saata gəldik paytaxta. Yol polislərilə cəhl edə-edə, olub-qalan pulumuzu səpə-səpə soxulduq İnşaat Mühəndisləri Universitetinin tələbə yataqxanasına. Şişmiş baldırlarımızın ağrısından, əsəbdən vəhşi canavara dönmüşdük. Erməni bizi necə qovmuşdusa, biz də dərslərini oxuyan yazıq tələbələrin kitab-dəftərini balkondan tullayıb onqat artıq vəhşiliklə, – Rədd olun! Oxumaq vaxtıdırmı?! Canınız çıxsın, bir az da siz vuruşun! – dallarına da bir təpik vurub gecənin şər vaxtı isti otaqlarından qovduq. Zavallıların otağına dədəmizin evi kimi yiyələndik. O vaxtdan sonra düz on-on beş il qovduğumuz tələbələrin bir gün qayıdıb halal otaqlarından bizi çıxaracaqları günü səksəkə ilə gözlədik. Amma bu iyirmi ildə gələn olmadı! Bir daha gələcəklərini də gözləmirik. Gəlsələr də çıxan deyilik – bu müddət ərzində çox sırtıldıq, həm də lap çox... Öyrəşdik Yasamalın yayı qızmar, toz-torpaqlı küləklərinə, qar-çovğunlu qışına. Vətənə dönəcəyimizin şirin ümidləri də tamam öləndən sonra çoxusu qurşandı nəşəyə və alışdıq hər gün bir-biriylə boş şey üstündə boğuşanların yataqxana həyatına. Ətrafda rahat nəfəs ala biləcəyimiz bir sakit yer vardısa, o da ”Qanlı göl” idi. Günümüzün çoxunu Zaurla birlikdə “Qanlı göl”ün qırağında keçirirdik. Hərdən qoyub gəldiyimiz yerlərin qucağına xəyalların qanadında, göz yaşlarımızı silə-silə elə cumurduq, keçiçıxmaz yol-rizləri elə gəzişirdik ki, təkayaq Zaurun yerişinə çata bilmirdim.
Bir gün onu çox kefsiz gördüm. Soruşdum, – Bir şey olmayıb ki, qaqa?..
– Bayaq televizorda qarazurnada “Cəngi”ni çalırdılar. Komandirimiz Əliyar müəllim yadıma düşdü. Rəhmətlik həmişə deyirdi ki, bir “Cəngi” çalan ola, qabağımda da alınmaz düşmən qalası, qara zurnanın səsinə o qalanın divarlarını lay-lay gəmirərəm, gövşəyib udaram...
– Allah rəhmət eləsin, gör nə qədər igidlərin başını yedi bu müharibə...
– Qaqa, axırımız necə olacaq bizim? Görəsən Allah nə vaxtsa insafa gəlib bizi bu zillətdən qurtaracaqmı?.. Bilirsən nə arzulayıram? Yadındadır, axırıncı çərşənbədə kosa bəzənib ev-ev gəzib danqa bir manatlıqlar yığdığımız günlər?
– Hə... Hələ sənə arvad paltarı geydirmişdik və söz vermişdik ki, buna görə pulu böləndə sənə 50 qəpik artıq pul verəcəyik.
– Amma atdınız mənə, vermədiniz...
– Hamısını Rahid elədi. Şeytanladı ki, nağara üçün keçi dərisi gətirmişəm, qamışdan tütək düzəldəndə əlimi kəsmişəm, qapazladı sənin halal pulunu, vicdansız...
– Görəsən neyləyir indi helver Rahid?
– Nə edəcək, Bakı-Sumqayıt elektrik qatarında “Bakuş” satır.
– Kaş ayağım olaydı, sinif yoldaşlarımızı toplayıb kənd camaatımızın yaşadıqları yerləri tapaydıq və bu çərşənbə yenə kosa bəzəyib ev-ev gəzəydik...
– Səncə bizə yenə pul verərlər?
– Olsa niyə vermirlər ki, lap canlarını da verərlər. Gəlsənə cəhd edək, çərşənbəyə nə qalıb ki, həm də üzlərini görərdik. Gör neçə ildir saraylıları görmürük... O gün kəndin evbə-ev siyahısını tuturdum, nə qədər hıqqındımsa 36-cı evi tapammadım, bir də gecə yadıma düşdü Vəlinin təpədəki təzə evi.
– Eh, gözəl kəndimiz!.. Vallah, hamıya deyirəm, kəndimizin şənliklərini, gözəl adətlərini hələ heç yerdə görməmişəm. Mənə deyirlər ki, kartofunu tərifləyən alverçi kimi az təriflə kəndini! Gecə saat on birin yarısında kəndin 3-4 ailəsi külfətlikcə, nənəm demişkən, “dəstə ittifaq” yığışıb birinin evinə toplaşardıq ki, Zeynəbin, Şövkətin, İslamın konsertinə təkbaşına baxmayaq.
– Paçtalyon Çingiz kəndə girən kimi “Günün ekranı” qəzetini almağa tələsərdik. Alan kimi də ilk olaraq həftənin gecə konsertlərinə göz gəzdirərdik... – onun gülümsəməyində bir uşaq saflığı vardı.
– Evdə məşvərət keçirərdik. Konsertləri karandaşla dairəyə alıb altından qeydlər edərdik, – Zəynəbə Xudayargildə, Aşıq Ədalətə Səmərqəndgildə, Arif Babayevə isə Mirzəgildəyik...
– Sübh tezdən mal-qaranı nobata qoşanda soruşardıq, – Axşamkı konsertə kimdə baxacaqsınız?.. Mirzə dayı ilə muğamata baxmaq başqa bir ləzzət idi. Muğamın bilicisiydi, biri hətərən-pətərən oxuyanda deyərdi ki, – Bax, nainsaf, filan yerini oxumadı... – “boğazları” özü xırdalayardı...
– Heç eynimizə də almazdıq ki, birdən camaatı gecə vaxtı narahat etmiş olarıq. Hələ, bizim yanımızdaca Cəfər dayı yorğanın altında şalvarını soyunub, “gecəniz xeyirə qalsın” deyərək xorhaxor yatanda nə etika, nə bilim daha nə.., heç vecimizə də olmurdu. Kamal dayının ağ-qara “Vityaz” televizorunu xatırlayırsan?
– Onu unutmaqmı olar? Əsl şeytan əməli idi. Konsert, ya da futbol başlayan kimi özünü qoyurdu gaylığa, əsməcəsi dayanmırdı. Canımızı boğazımıza yığmışdı. Yumruq yeməkdən zavallı televizorun lakı qopuq-qopuq olmuşdu. “Raskladuşka”nın alimünium profillərindən düzəlmə antenası vardı. Evin damına düşüb-çıxmaqdan azbest şiferləri dəlik-deşik etmişdik. Yağış yağan kimi yazıqlar qazan-qablamanı düzürdülər yağış damcılarının altına.
– Onun çarpayısının ayağınaca söykənib televizorun gur səsinə qulaq asardıq. Acanda, öz evimiz kimi yemək bişirib yeyər, qazanda ev sahibinin payını saxlayar, qab-qacağı yuyar, konsert bitəndən sonra isə televizoru söndürüb, qapını örtüb evimizə dağılışardıq.
– Kənddə qıfılı olan ev görmüşdün sən?
– Qıfıl nədi! Adamı hoydu-hoyduya götürərdilər.
– Səndən bir xahiş eləsəm olar? – qəfil sifəti çöndü, yanaqları qızardı, ani fikrə daldı.
– O nə deməkdir, qaqa, əmr elə! – döyüşçü idi o. Mən isə əlimə silah almamışdım. Buna görə də onu özümdən daha üstün tuturdum, lap komandirim kimi. Silah demişkən, müharibədə öldürdüyü erməninin tapançasını qənimət kimi hələ də saxlayırdı və həmişə döşəkcəsinin altında gizlədirdi.
– Sarıtel haqqında bir şey öyrənə bilərsən? Axırıncı dəfə qulağıma çatmışdı ki, boşanmaq istəyir ərindən... – gözlərini gizlətməyindən bildim ki, hələ qızdan könlü soyumayıb, hələ də ümidlidir... İki dost bir qızı istəyirdilər, Sarıtelin üstündə möhkəm yumruq davasına da çıxmışdılar. Amma Sarıtelin könlü tamam başqasındaydı. Taleh elə gətirdi ki, ara qarışdı-məzhəb itdi və qız həmin istədiyi oğlana da qismət olmadı. Qaçqınlıq həyatı ailəni elə sıxdı ki, Sumqayıtda yaşayan yad bir adama ərə gedəsi oldu.
– Sumqayıtda yaşayan tanışlardan bir şeylər öyrənməyə çalışaram... – naəlac idim. Sarıtelin ərindən ayrılmaq istəyinin səbəbini o da yaxşı bilirdi. Qızın üstündə ayağısürüşkənlik damğası vardı.
...Yel çərşənbəsi ötmüşdü, Novruza sayılı günlər qalırdı. Uşaqların yandırıb atdığı “vzrıvpaket” fitillərin səsindən nə evdə oturmaq olurdu, nə də həyətdə rahat gəzə bilirdin. Yeriyəndə bir gözün balkonlarda qalırdı ki, bu saat fitil təpəndə partlayacaq. Taxta, köhnə mebel, maşın təkəri, ağac budaqlarından iri bir qalaq toplamışdılar “Qanlı göl”ün sahilinə. Axşamsərini korpusumuzun həyətindəki “Göbələk” kafesində oturub komendantımız şəkili Mübarizin hardansa tapdığı “məftil arağı”nı gillədirdik. Birdən Zaur qulaqlarını qarazurna səsinə şəklədi.
– Vallah, televizor səsi deyil bu!.. – əlil arabasının təkərini səsin səmtinə burdu.
– Hə, ikinci korpusda yaşayan kəlbəcərli Qoşunalı və davulçu Xanlardır. Novruzqabağı “alətlərini” sazlayırlar gölün qırağında – Mübariz bizdən yaşlı olsa da bir az şitliyi vardı.
– Arabamı onların yanına sür, qaqa. Yaxından qulaq asmaq istəyirəm – Zaurun gözlərində bir yalvarış vardı.
Mübariz:
– Əşşi, otur yeməyimizi yeyək, qaçmırlar ki, istədiyin vaxt çağıraram nə qədər istəsən səninçün çalsınlar.
Zaur:
– Siz allah, inciməyin, çoxdandır canlı qarazurna görməmişəm, mən onların çalğısına yaxından baxmasam bağrım çatlar.
– Zauru tanımırsınız? O ki, qarazurnanın səsini eşitdisə, cilov gəmirən at kimi dartınıb buruntağını qırmayınca rahat durmayacaq. Yaxşısı budur siz davam edin, mən qaqamı sürüm onların yanına – dostumun arabasını ehtiyatla pillələrdən düşürüb gölün qırağına gətirdim. Mərəkəyə yaxınlaşanda Zaurun kefi açılmışdı, arabadaca çiyinlərini atıb-tuturdu. 5-6 uşaq ortada dingildəyirdi. Gözlərinə sevinc yaşı dolmuşdu Zaurun. Biləyi ilə qızarmış yanaqlarına diyirlənən yaşı silir, əl çalır, arada çiyinlərini ata-ata rəqs edirdi. Balacaların rəqsinə elə aludə olmuşdu ki, deyərdin bu saat qalxıb şıdırığı oynayacaq. Əlləriylə dayanmadan yeri göyə tikirdi. Həmin anlarda dostumun ayağının pırtlayıb təzədən bitəcəyini gözləyirdim. “Bu yaraşıqda oğlanı, belə igidi niyə vaxtsız şikəst edirdin, Allahım?”... Sarıteldən sonra bir qıza ürəyini açmışdı. Qız da deyəsən razı idi. Zaurun nənəsi söhbəti açanda qızın anası daş atıb başını tutub, – Çolağa kim qız verər axı. Qınamayın məni... – demişdi. Bu da ağır dərd olmuşdu Zaura. Özü də bilirdi ki, içində gömdüyü bu qönçə gül heç vaxt çiçək açmayacaq, dünyadan nakam köçəcəkdi.
Qoşunalı çalğıya ara verəndə Zaur yalvardı, – Qoşunalı əmi, qurbanın olum, bir “Cəngi” çalsana...
– Baş üstə, igid! – zurnanı körüklədi. “Cəngi”nin ortalarında arabanı altından arxaya itələyib durdu. Durdu!.. Qurana and olsun ki, durdu! – Ayağa durdun, qaqa! – sevincimdən qışqırdım. Ancaq muradım gözümdə qaldı, şikəst ayağının sancaqlı balağı açılıb yerə dəyən kimi dartıb onu da ağzıüstə yerə sərdi. Uzüqoyulu, hönkürə-hönkürə yeri yumuruqlayırdı indi, torpağı gəmirirdi, amma yenə də çiyinlərilə rəqs edirdi. Köməkləşib onu arabasına oturtduq. Ağız-burnunun suyu, gözünün mütüyü bir-birinə qarışmışdı, sir-sifəti toz-torpaq içindəydi. Uşaqlar hürkmüş, qorxub qaçmışdılar. Bir bəhanəylə Qoşunalıgil də aradan çıxdılar. Neyləsinlər, ağır dərd idi, onların da öz dərdləri vardı – “Hərənin dərdi özünə dəvə boydadı”...
Dostumun boynunu qucaqlayıb onu kiritmək istəyirdim. Amma o dəli buğa kimi çapalayır, lənət yağdırır, hey bağırırdı: – Məni tək burax!..
– Yox qaqa, mən səni tək qoymaram, gəl evə gedək...
– Getmirəm! Onda get aşıqları geri çağır, ya da kəlbəcərli aşıq Nizamiyə de, sazını götürüb gəlsin...
– Yaxşı... Amma ehtiyatlı ol, mən bu saat qayıdıram – tırlığı tutdusa, əncamı onu dinləməkdir. Qoşunalıgilin dalınca cumdum. Qayıtmaq istəmədilər. Aşıq Nizamigilə qaçdım, Zaurun vəziyyətini anlatdım. Sazını götürüb, – Düş qabağa... – razılaşdı. Ayağımın altında, başımda partlayan fitillər vecimə də deyildi. Nizami bir-iki dəfə balkona boylanıb, – Sizin südünüzə!.. – deyib ləngimək istəyəndə qolundan tutub gölə tərəf dartdım...
...Fitil səslərinin içində itən bir partıltıdan tüklərim biz-biz oldu, – ”Bu səs fitil səsi deyildi!” – aşığı qoyub gölə tərəf götürüldüm. Tapançası olduğunu bilə-bilə onu təkbaşına buraxdığım üçün özümü lənətləyirdim, yalvarırdım ki, ürəyimə daman başıma gəlməsin. Amma Zaurun əlindəki tapança şəhadət barmağından sallanıb yellənirdi. Tapançanı əlindən alıb kənara tulladım. Güllə boynundan dəymişdi. Ağ göynəyi şah damarından bıldır-bıldır axan qanı özünə çəkirdi. O, gülləni beyninə sıxacaq qədər məğrur, qorxmaz biriydi. Sadəcə ölümünü nağdılayıb son dəfə sevdiyi saza qulaq asmaq üçün bu fani dünyada bir neçə dəqiqə ləngimək istəmişdi.
Nizamiyə bağırdım, – Tez həkim çağır! Qaç, tez ol!
Zaur qoymadı, zarıdı, – Getsə öləcəyəm... Qoy çalsın...
Nizami dünyagörmüş daşürəkli kişiydi. Can verən qız balasını doğma yurdunda qoyub qaçmışdı, düşmən aman verməmişdi meyidi özüylə götürsün. İyirmi ildir ki, “Allah mənə ucuz ölüm ver!” deyib dəli kimi həyatını özüylə sürüyürdü.
– Dəymə, qoy “Yasin”ini özüm oxuyum... – pıçıldayanda Zaurun da gözləri güldü, son gücünü toplayıb, – Hə.., oxu... “Sarıteli” oxu... – hıqqandı. Nizami mizrabı götürüb Zaurun Sarıtel dərdinə elə vurdu, elə vurdu ki, Allah-təala bu mənzərəni görmürdüsə, çox nainsaf biri imiş... Can almağa gələn Əzrayıl Zaurun ahından qorxub tək gəlməzdi “Qanlı göl”ün qırağına. Hə, o gün mələklərin hamısı yerdəydi. Bəlkə də Allah-təala özü də yerdəydi. Gəlmişdi ki, göz qoysun Əzrayil Zauru incitməsin deyə. Gəlmişdi aşıq Nizaminin, Zaurun Sarıtel dərdini dinləməyə...
Zaurun qolları qalxmırdı, amma yana düşmüş əlləri “oynayırdı” hələ də. Dörd gözlə qurbanını izləyən Nizaminin göz yaşları Zaurun qanından da betər şoralanırdı. Canını tapşıranadək boynunu qucaqlayıb durdum. Yataqxanaya xəbər çatmışdı və hamı bizim yanımıza axışırdı. Bir də şivən-qiyamət qoparanların ayaqları altında qalanda dostumu buraxıb kənara çəkildim. Zaurun sinəsinə əyilmiş üzündəki sevinci görürdüm, qajımış sevinci. Həmin sevimli üz bu dar macalda belə kənddə birlikdə aşıq Ədaləti izlədiyimiz həmin günləri xatırladırdı mənə. Nizaminin hayqırtısı məni ayıltdı. O, sazını dəmir turnikin dayağına çırpıb hönkürürdü, – Səni lənətə gələsən, belə dünya! Sənin tifaqın dağılsın, bizi elimizdən didərgin salan! Səni dərin yatasan, saz, qarazurna icad eliyən! Bizi yaradan, səni görüm!.. – sözünün dalını uddu, dizlərini yerə atıb başını qucaqladı. Adamlar Zaurun nəşini evlərinə aparırdılar, mənsə, Nizamini qucaqlayıb dostumu, taleyimi, dərdimizi ağlayırdım...
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024