Göyçə dedim, yaralarım göynədi...

18:33 / 03.05.2019
Baxılıb: 5266

Nə müddətdi dədə dağlar elə bil min ilin ağsaçlı, ağsaqqallı pirani qocasıdır. Əlini dizində çataxlayıb gidi dünyanın olub-olmuşlarını xəyalında belədən-beləyə dolandırır. Bu çənli-çiskinli xəyalların bir parası qərinələr boyunun aranlı-yaylaqlı qayğılarına bağlanır, bir parası da elini-ulusunu itirib yad-yağı əlində qalmış qardaş dağların nisgilindən-xiffətindən ilğım-ilğım ötüb keçir. 

O qarlı-qubarlı nisgili çiyni ağ yapıncılı Şahdağ, Qoşqar, Kəpəz, Savalan, Dəlidağ çəkir. Qardaş Ağbaba dağlarının, Murğuz yaylaqlarının Göyçə quzeylərinin, Zəngəzur dolaylarının eldən ayrı zillətə düşməyi, durnagözlü bulaqların qəmli-qəmli gümüldəməsi, Kəpəzin, Savalanın sinəsini göyüm-göyüm göynətməsin, neyləsin?!

Qulağına saz səsi, aşıq çal-çağırı gəlməyən Xoşbulaq yaylağı, oğuz ərənlərinin hay-harayına tamarzı qalan ağ yapıncılı Zəngəzur dağları, karvanı karvan dağından aşırıb çiynində sıra-sıra binələr yuvalandıran Ağbaba gədikləri üstünə yağmış qalın qarın altından çətin ki, bir də qalxıb oyanmaq istər. Kimsəsiz, arxasız qalmış Göyçə dağlarının qəmli-qubarlı başına burum-burum qar ələndikcə cəmi Oğuz dağları nisgilə bürünər...Səsi-ünü, yanğılı harayı bir yana çatmayan dədə dağların qarda-qubarda qərq olmaqdan qeyri bir gümanı varmı ki?!.

Neyləsin, neyləsin el-ulusunu itirmiş ana yurdlar?... Nədən təsəlli tapsın, hardan umud umsun?!

Yağı-yaman əlində qalan candan əziz yaylaqlarımızın səsini-ününü bizlərə yetirməyə gümanı çatan təkcə kökü o dağlara bağlı dəli çaylarımızdır. Göyçə, Zəngəzur ətəklərindəki bulaqların gözündən baş alıb gələn dəli çaylar xiffətdən dörd bir yanı mamır bağlamış daşlara, qayalara çırpıla-çırpıla özünü Azərbaycana yetirib bir az toxtayar. Toxtayar ki, baş alıb gəldiyi qayğıları yolların qaranəfəsliyi getsin. Sonra enli, rahat yatağında arxayın-arxayın axa-axa Göyçə, Zəngəzur dağlarının ətəyində güzgüsünü çən bürümüş ayna bulaqların həsrətini, göynərtisini söz-söz, bayatı-bayatı ləpələndirər.

Başı bəlgəli dağlar, 
Dibi kölgəli dağlar.
Gözüm yollarda qalıb
Haçan el gəldi, dağlar?!.

Bu göynərtili haray, nisgilli çağırış Kəpəzin, Şahdağın, Savalanın, Heydərbabanın könlünü tel-tel eləyər. Hər daş, hər qaya qəzəbindən bir ox olub yerindən qopmaq, qopub da qarı düşmən bağrına sancılmaq istər. O qarı düşmənin ki, Göyçədə, Ağbabada, Zəngəzurda qardaş dağları sinəsi dağlı qoyub.

Dədə dağların qalxıb şığımaq istəyən, bahadır ərənlər nisbətində çiyin-çiyinə dayanan sal qayalarının hənirini, nəfəsini duyduqca telli saz da qarabağır olub, köynəyinə sığmaz. "Misri", "Cəngi", "Qəhrəman" üstünə köklənib Göyçənin, Ağbabanın, Zəngəzurun harayına hay verər. Bir dəliqanlı da qınından qılınc sıyıran Koroğlu damarlı bir ustad sözüylə yağı əlində qalmış dədə dağlara təsəlli verər: 
Haqqımızda çox fərmanlar verilir, 
Fərman padşahındı, dağlar bizimdir!

Dağlar! Dədəm Qorqudun, babam Xətainin ruhu dağlar! Ətəyindəki Göyçə gölün bənöyüş sularına baxıb xəlvət-xəlvət, yaşın-yaşın omaxşınan oğuz yurdları...

Ozanlar ozanı ustad Aşıq Alı neçə qərinə əvvəl nə vaxtsa ulusunun yağı əliylə yurd-yuvadan perikəcəyindən duyuqmu düşmüşdü görəsən?!.

Yaylaq, bizim yaylaqlara bənzərsən...

Dağını, yaylağını itirənlərin xiffəti, nisgilimi, yoxsa göynərtili təskinliyimi yuvalanıb bu sözlərdə?
Gümür-gümür gümüldənən doğma bulaqların yanğısı sönmək bilməyəndə o bulaqlara bənzəyən çeşmələrə, irmaqlara üz tutub.
Bulaq, bizim dağlara bənzərsən... Təsəllisini yurd-yuva itirənlər cızıldayan, sızıldayan yaralarına səpməsinlər, neyləsinlər?! O bulaqlar o yaylaqlarda, o yaylaqlar uzaqlarda qaldı...

Göyçəni xəyallarımızda əzizləyirik, Ağbabanı saz bağrında soraqlayırıq. Gennən-genə üzünü görüb köks ötürə-ötürə seyr elədiyimiz Zəngəzurun güney qanadındakı Mehri yaylağıdır. Mehri yaylağı... Qara Keşiş törəmələrinin indi dəyişib "Meğri" elədikləri bu ulu yurd Şah Abbasın qızı gözəllər gözəli Mehri xanımın yaylağı olub. Ərə gedəndə atası istəkli qızının çox sevdiyi bu yaylağı da ona cehiz verib. Ta o vaxtdan bəri Mehri yaylağı İrandan-Turandan belə hər yanda məşhur olub. 
Nə ola, dağdan ağır şah oğlu Şah Abbas çəkib beş batmanlıq qəzəb qılıncını, candan əziz balasını yaylaq yurdundan Qara Keşiş törəmələrini qanına qəltan eləyib ilim-ilim itirə...

Qara Keşiş dedim, ulu olmuş Göyüşoğlu xəyalımı çəkib apardı. Göyçəsindən ayrı düşmüş Göyüşoğlu Gəncəbasardakı təzə yurdunda mütəkkəyə söykənib kəkotulu çay içə-içə, tavar sazını dilləndirir. Yaxınların sözüdür, "Yanıq Kərəm" i çaldığı yerdə xəyalında nə dolandırsa barmaqlarını yavaşıdıb təzəcə boy-buxuna dolmuş ortancıl nəvəsini yanına çağırır: 
- Gəl otur dizimin dibində, gözümün işığı. Cavan-comrul çağlarımda rəhmətlik aşıq Mirzə xəlvəti mənə eləmişdi o xətrixoş ixtilatı, özü də bax həmən bu "Əsli-Kərəm" haqq-hesabına bağlıdır. Yaxşı diqqət elə, malım-mülküm, ulu tapşırmasıdır bu ixtilat; Gərək yüz il, min il bundan sonrakı uruğumuza-ulusumuza da yetişsin.

Göyüşoğlu belə deyib bir az fikrə gedən kimi oldu. Sonra əyri qəlyanına tənbəki doldurub çaxmaq-qov çıxartdı. Elə ki iki-üç qullabı qayğılı-qayğılı sinəsinə çəkdi, arxayınca başladı söhbətinin davamına: 
- Hə, sazınnan-sözünnən möhkəm armaq olduğumu görüb bir gün aşıq Mirzə ikilikdə qalanda dedi:
- Sən bilən bu xan Kərəm o Qara Keşişin qızı Əslini niyə ala bilmir? 
Cavan uşağıydım. O dərinlikdə ağlım hardaydı? Elə ağızucu dilləndim ki:
- Ay Mirzə dayı, qismətində yoxuymuş. 
Mirzə kişi əlini çiynimə qoyub gülümsündü:
- Yox, a xalası göyçək, elə döyül. Bu sözlər, bu söhbətlər boşuna düzülüb, qoşulmayıb. Ustadlar hər qoşmanı, hər dastanı köklü-köməcli bir mətləbin başına bağlayıblar. 

Əsli-Kərəm haqq-hesabı da həmən ağır yüklü mətləblərdən biridir. İndi eşit nədi o mətləb. Hə, zənd eləyib baxsan, görərsən ki, xan Kərəmin Əsliyə qovuşmağına ustadlar özləri razı olmayıblar. Yoxsa, qəribi bir saatda dünyanın o başından istəklisi Şahsənəmə çatdıran qoç Koroğluya qocalıqda cavanlıq qüdrəti qaytaran saz-söz qüdrətinin əlində nəmənəydi Kərəmi Əsliyə yetirmək! Əslinin düymələrini Qara Keşişdən qabaq tilsimə salan elə telli sazın özü idi.

Çünki əzəlindən el narazıydı bu qovuşuğa! Kərəmə od vurub yandıran da elin qəzəbi idi. El istəmir ki, onun sümüyü Qara Keşişin soyuna-sümüyünə calansın. Onunçün də Kərəmi yandırıb külə döndərir. Bəs nə bilmişdin? Yandırır ki, südümüzü-sümüyümüzü yad-yabancıların süd-sümüyünə qatmaq istəyənlər eşidib ibrət götürsün, dərs alsın....

...Hə, ruhu şad olsun aşıq Mirzənin. Saz-söz yığnağında hər zaman eyhamınan bu ağır yüklü mətləbi el-ulusa da yetirərdi. 
İndi, oğul-bala, mən də sənə deyib borcumdan çıxdım. Göyüşoğlunun ilməsinin çözələdiyi bu köklü-köməcli ixtilatın öyüd-örnəyi çox incədi, incədən də incə! Ulu ustadların nurlu sözləri güzəranın hər üzündə damarımızdan axan aydan arı türk qanının saflığını qorumağa çağırır. O nurlu sözləri söyləyənlərin ruhuna min rəhmət!
...Qeyrəti qılıncından kəsərli, qəzəbi xəncərindən iti olan oğuz ərənləri zaman-zaman Qara Keşiş törəmələrinin dərsini beşqat artığıynan verib. Eyb eləməz, oğuz elindən qopan ər oğullar təzədən bədöy atlar belində dəli şimşəyə dönər. Ulularımızın üz qoyduğu müqəddəs Ağbaba, Zəngəzur, Göyçə, Dərələyəz, Dilican torpaqlarında bir də qəzəb qılıncının qəbzəsi qana boyanar. Bax onda Dədə Xətainin dinclik bilməyən müqəddəs sərkərdə ruhu beş yüz il bundan əvvəlki tək nərəylə hayqırar: 

Düşmən qanı tək qızardı hər su!

O xoşqədəm günün danüzündə zümrüd Göyçə ormanlarından, zirvəsində qartal yuvalandıran Ağbaba dağlarından, allı-güllü Dərələyəz vadisindən, sevdalı bulaqları damarlı-damarlı gümüldənən Gümrü boyundan, barlı-bəhərli Calaloğlu bağlarından telli sazın çal-çağırı dikələr. Dədə Xətainin, Şah Abbasın, Ağa Məhəmməd Qacarın, Nadir Şah Əfşarın basılmaz-yenilməz ruhu yaşayırsa, ulularımızın uyuduğu müqəddəs Azərbaycan torpaqları saz səsinə, bədöy at kişnərtisinə, oğuz ərənlərinin ildırım qanadlı nərəsinə həsrət qalmamalıdır:

Göyçə dedim yaralarım göynədi, 
Axşamlara qarışdırdım səhəri.
Qaçqın nənə, səsindəki ney nədi? 
Buludlandı gözlərimin qəhəri...

Sinəmizdə od qalayıb yağılar,
Çətin bizim qubarımız dağılar.
Murov deyən, Murğuz deyən ağılar
Viran yurdun miras qalmış bəhəri.

İnsafdımı Göyçə gölü ah uda,
Ovçusundan ayrı düşə ahu da.
Pərişandı Ələsgərin ruhu da
Gəlib yetdi məzarının xəbəri.

Qoca qartal, qardaş idin mərdə sən,
Eldən ayrı, düşdün yaman dərdə sən.
O telli saz, kəşt eyləyib bir də sən
O dağlardan almalısan nəməri!

Şan-şan olub yaylaqların bağırı,
Sal qayalar pələng kimi bağırır, 
Qarlı dağlar haray çəkib çağırır:
- Hazır eylə, hazır eylə yəhəri!

Oğuz oğlu, damarımız vurursa,
Dədəm Qorqud qurğumuzu qurursa, 
Qoç dəlilər, Koroğlular durursa, 
Qabaqdadı hələ Göyçə səfəri!!!

Məhərrəm Qasımlı

 


Etiket:
Xəbərlər

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024
Bütün xəbərlər