Müasir Azərbaycan ədəbiyyatı haqqında akademik nəşrlər buraxılır, orada Səfər Alışarlının adı olmur. Bu elə həmin şeydir...  - Səfər Alışarlı

19:00 / 14.12.2019
Baxılıb: 4934

Goyce.az  yazıçı Səfər Alışarlı ilə müsahibəni oxuculara təqdim edir

Səfər müəllim, neçə gündür sizin sosial şəbəkədə, başqa saytlara verdiyiniz müsahibələrinizi izləyirəm. Çalışacam təkrar suallar verməyim.  Mənə daha çox müsahibə verən insanların daxili dünyası maraqlıdır. Xüsusilə, yaradıcı insanların. Etiraz eləməsəniz, şəxsi suallar da verəcəm.

Problem yoxdur. İstədiyiniz sualı verə bilərsiz.

İstər yerli yazıçılarımız olsun, istər dünya miqyaslı yazıçılarından olsun, çoxunun yazmamışdan əvvəl qəribə vərdişləri olub. Onların diliylə desək, bu vərdişlərdən sonra həvəslə yazmağa başlayırlar. Götürək mərhum şairimiz Səməd Vurğunu. Deyilənə görə, o, yazmamışdan əvvəl mütləq kostyum geyinərmiş. Bəs sizdə necədi, sizi ilhama gətirən hansısa vərdişləriniz varmı?

Məndə bununla bağlı hər hansı bir xüsusi ritual yoxdur. Amma mənim də müəyyən vərdişlərim var ki, onlar olmayanda, mənə elə gəlir ki, yaxşı düşünə bilmirəm. Birinci növbədə mənə ətrafdan mane olmamalıdır. Yazmaq üçün minimum şərait olmalıdır.  Otaqda tək olmalısan, kənar səslər eşitməməlisən. Ən əsası, daxili tarazlığım yerində olmalıdır. Məni narahat edəcək problemlərdən müəyyən qədər kənara çəkilməliyəm. Problemlər bir kənara sıxışdırılmalıdır ki, stolumun arxasında rahat otura bilim. Bu da bəzən alınır, bəzən alınmır. Mən şair deyiləm ki, bir misranı tapandan sonra onun üzərində oturub ətrafını yaradam. Mən nasirəm və mənim borcum oturmaq, düşünmək, yazmaq, redaktə  etməkdir. Buna nə dərəcədə nail olmuşam, onu mənim deməyim bir az çətindir. Amma mənə hərdən elə gəlir ki, bu cür məhsuldar işləmək bəzən müsbət nəticə də verir.

Zaman-zaman yaradıcı insanlar tükənmək sindromu yaşayıblar. Elə bir gün olubmu Səfər Alışarlı yaza bilməyib, etiraf edib ki, vəssalam, artıq tükənmişəm. Yeri gəlmişkən, bu etirafı edən cəsarətli insanlar o qədər də çox deyil.  

Məndə o sindrom olmayıb. Əksinə, vaxtilə toplanmış, unudulmuş həyat materiallarını yaddaşda bərpa edib ədəbi mətnə çevirmək arzusu artıb. Elə zamanlar olub ki, mən bir-iki il yazı prosesindən uzaq düşmüşəm. Bunun müəyyən səbəbləri olub və sevdiyim işdən kənarda qalmışam. Vaxtilə bizim oxuduğumuz Maksim Qorki adına Ədəbiyyat İnstitutunun tələbələrini əsrin böyük tikintilərinə göndərirdilər ki, gedin həyat materialı toplayın və o insanlar, tikintilər haqqında haqqında əsər yazın. Biz oxuyan zaman bu təcrübə o qədər də tətbiq olunmurdu. Ancaq bizə deyirdilər ki, yazıçının həyatında heç nə hədər getmir. Gördüyü, yaşadığı, heyrətləndiyi hər hansı bir hadisəni yadında saxlamalı, ondan ədəbi material kimi istifadə etməyi bacarmalıdır, bu onun borcudur. Adamın yaşı artdıqca yaddaş problemi yaranır. Təbii, bunu da bərpa eləməyin müəyyən üsulları var.  Əgər gördüyün, müşahidə etdiyin, iştirakçısı olduğun hadisələrə sidq ürəkdən daxil olursansa, onlara yazıçı kimi yüksək zövq və peşəkarlıqla yanaşa bilirsənsə, mətn yaradıb onu oxucuya təqdim edə bilirsən. Bunu istedadlı adamlar eləyə bilir, istedadsız adama nə qədər ciddi, parlaq həyat materialı versən də ondan heç nə yarada bilməyəcək. Əgər sənin dünyaya baxışın, insanlara sevgin, həyata  münasibətin müəyyən məhdudiyyətlərlə çərçivələnirsə, sən yaxşı ifaçı, yaxşı mətn improvizatoru ola bilməzsən. Bədii mətnin qarşısında heç bir konyunktur ideya dayanmamalıdır, orada hər şey sənətə, estetik, mənəvi dəyərlər sisteminə xidmət etməlidir. Hər bir qələm adamı  çalışır ki, onun yazdığında müəyyən məna olsun, yazdığı mətnlə öz oxucusuna müəyyən təsir edə bilsin. Təəssüf  ki, bu iş həmişə biz istədiyimiz kimi alınmır.

Hal-hazırda yazanların çoxu məşhur olmaq üçün, onların diliylə desək, qız tutmaq üçün yazır. Eləsi var doğrudan yazmaq ürəyindən gəlir və yazır. Siz özünüz nə üçün yazdınız? Bəlkə hansısa qızın könlünü fəth eləmək istəmisiz? Desəniz məşhur olmaq fikrim olmayıb, inanmaram. Hər kəsin ürəyindən tanınmaq  istəyi keçir.

Mən həmişə düşünmüşəm ki, yazı insanların həyatında nələrisə dəyişməlidir.  İnsanların həyatına təsir eləməyi bacarmalıdır. O gücə malik olmalıdır. Biz sovet dövrü ədəbiyyatının yetirmələriyik.  O dövrün ədəbiyyatı bu baxımdan çox realist idi. Bəlkə də Azərbaycan ədəbiyyatı daha çox naturalistiydi. Tutalım misal üçün Vasili Şukşin, Çingiz Aytmyatov, Rasputin və b. varıydı. Onlar sovet nəsrinin çox görkəmli nümayəndələriydi ki, bunların nəsrini biz zamanında oxuyub bəzən havalanan kimi olurduq.  Real hadisələrin ədəbi, bədii təsviri ilə onlar bizi heyran edirdilər. Məsələn, Rusiyanın Baş Naziri varıydı, indi də böyük vəzifə sahibidir, Stepaşin. O, dedi ki, mən hansısa tədbirdə Şukşinin "Srezal" adlı hekayəsini əzbər dedim. Təsəvvür edirsənmi, Rusiyanın Baş Naziri deyir bu sözləri. Şukşin  70-80-ci illərin ən parlaq imzalarından biriydi. Onun yaradıcılığında "bir hekayə = bir xarakter" prinsipi o dövrün reallıqlarına çox ciddi təsir edirdi. Sözümün canı odur ki, biz bütövlükdə bu ədəbi ənənələr üzərində tərbiyə olunmuşuq. Yazıçının ən böyük arzularından biri odur ki, yazdıqları ilə oxucuya mənəvi təsir edə bilsin, onun düşüncə mexanizminin, estetik zövqünün formalaşmasına köməklik göstərsin. Mənim yazdığım ilk hekayələr doğulduğum, boya-başa çatdığım kənd həyatı haqqındadır, oranın reallıqları haqqında "Aşıq gördüyünü çağırar" prinsipi ilə yazılıb. Düşünürəm ki, zamanında bu heç də təsirsiz ötüşmədi. Keçən il çıxan kitabıma yazdığım ön sözdə qeyd eləmişdim ki, ədəbiyyat real həyatın bəzi sərt məqamlarına təsir etmək gücündə olanda dəyərlidir. Əks təqdirdə niyə yazırsan, niyə özünü yorursan? Dəyərlərin baş-ayaq olmadığı cəmiyyətlərdə insanlar bu həqiqətləri tez dərk edir. Elə buğunun özündə gedib, məsələn, Amerika reallığına baxsan, görərsən ki, faiz nisbətilə üç yüz milyonluq Amerikada ədəbiyyatla məşğul olan insanların sayı Azərbaycandakından çox deyil ki, azdır. Mən bunu Rusiyada da müşahidə eləmişəm. Çünki orda mənəvi dəyərlərə hörmətlə yanaşmağı bacaran tərbiyəli cəmiyyət mövcuddur, hər kəs başa düşür ki, onun ədəbiyyat yarada biləcək istedadı yoxdur, bu, seçilmiş adamların işidir. Başa düşür ki, yaxşı biznesmen ola bilər, tikintiylə məşğul olub pul qazana bilər. Bir sözlə ədəbiyyat yaratmaq gücünə, qüdrətinə malik insan deyil. Amma bizdə insanlar özünü ifadə eləməyə yer tapmır, hara gedirsə, monopoliya ilə qarşılaşır və ədəbiyyat sahəsindəki monopoliya ona ən zəif, keçiləsi mümkün olan monopoliya kimi görünür. Gəlir, başlayır Nizamini, Füzulini, Mirzə Cəlili çığnamağa ki, çəkilin o yana, mənə də yer eləyin.

Müsahibələrinizin birində oxudum ki, “Maestro” romanından sonra yazdığınız romanınız var və onu çap eləmək fikriniz yoxdur. Səbəbi nədir? "Maestro" romanından zəif əsər olduğu üçün üzə çıxartmaq istəmirsiz, ya roman üzə çıxdıqdan sonra başınızı ağrıdacaq konkret nələrsə var orada?

Bizə müəllimlərimiz öyrədirdi ki, yazının ilk variantında ürəyiniz istəyən hər şeyi yaza bilərsiniz. Sonra nə ədəbiyyat deyilsə, onu redaktə  eləməyə məcbursunuz. Həqiqətən qabiliyyətli və istedadlı adamsınızsa, bunu eləməyi bacaracaqsınız, ədəbiyyatı publisistik demaqogiyadan ayıracaqsınız. Hesab edirəm ki, "Maestro" romanında mən bu hədləri kifayət qədər gözləmişəm. O romanda ədəbiyyata aid olmayan heç nə yoxdur. Amma hələlik çap etdirmədiyim bu romanda mənə elə gəldi ki, bəzi reallıqlar haqqında fikir və müşahidələrimi ədəbi material səviyyəsində olsa da, oxumağa bizim ədəbi mühitimiz bir o qədər hazır deyil. Hal-hazırda o romanı çap etmək fikrim yoxdur. Qalıb da özü üçün. Roman zamanın ədəbi portreti və səsidir. Yəqin nə vaxtsa çap olunar.  

Hansı proseslərdən sonra çap eləmək istəyərdiniz?

Rəhmətlik Əbülfəz bəy demişkən, hər şeyin zamana ehtiyacı var.

Yaxşı, belə deyək, ədəbiyyatın özünü yaxşı aparmadığı məqam hansıdır?

Ədəbiyyatın özünü yaxşı aparmadığı məqam siyasi publisistikadır.  Bəzən ədəbiyyat onlara  gah müdaxilə eləyir, gah da istinad eləyir. Mən o prinsipin tərəfdarı deyiləm. Ədəbiyyat daha dərin qatlarda işləməlidir, publisistikaya az meyil eləməlidir. Amma mənim də gücüm çatan və çatmayan məqamlar var ki, onları həmişə eləyə bilmirəm.

Səfər müəllim, hansısa əsərinizə görə sizə müəyyən təzyiqlər olubmu?

Yox, olmayıb, amma bəzi ağrılarını çəkmişəm.

"Maestro" romanınıza görə də?

Xeyr, təhdid olmayıb. O roman haqqında bizim ədəbiyyatşünaslığın susmağı elə təxminən o deməkdir. Təsəvvür elə, müasir Azərbaycan ədəbiyyatı haqqında akademik nəşrlər buraxılır, orada Səfər Alışarlının adı olmur.  Bu elə həmin şeydir də... Ona görə bayaq dedim ki, bizim ədəbi mühit hər əsəri həzm etmək qüdrətində deyil. Bizim ədəbiyyatşünaslığımız, ədəbi mühitimiz həddindən artıq zəif və məhdud bir dairəyə çevrilib. Bəzən ciddi ədəbi tənqidçilərin elə zəif əsərlər haqqında təhlillərinə rast gəlirəm ki, heyrət eləyirəm.

Deməli, romanınız haqqında ciddi məqalə yazan tənqidçi tapılmadı.

Bu roman haqqında professor Seyfəddin Rzasoyun məqaləsi və məruzəsi varıydı. 2004-cü ildə romanın təqdimatında Seyfəddin bəy böyük bir məruzə ilə çıxış elədi. İndiyədək onun yazdığından başqa hər hansı bir məqaləyə rast gəlməmişəm. Açığı, mən bu barədə heç bir diskomfort hiss etmirəm. Sadəcə hər bir yazıçının içində müəyyən şöhrətpərəstlik hissi də var. Şöhrət yazıçıya daha yaxşı əsərlər yaratmaq üçün elementar məişət şəraitinin qurulması üçün lazımdır. Pis-yaxşı, bu şəraitimiz var, bununla belə, ədəbiyyatın çörəyini yazıçıların deyil, ədəbi işbazların yediyini görəndə susmuram.    

Romanı haqqında Səfər Alışarlı əslində kimlərin fikirlərini bilmək istəyirdi?

Heç kimin fikrini bilmək istəmirəm. Mənim buna ehtiyacım yoxdur. Sadəcə baxıram ki, bəzi titullu tənqidçilər ədəbiyyatın üçüncü-dördüncü səviyyəsinin müəllifləri haqqında ciddi-ciddi məqalələr yazırlar. Gülünc vəziyyət yaranır.

Uğurun uçuruma apardığı simalar da az olmadı. Əsərlərinizin uğurları sizə daha çox hansını gətirdi? Ziyanımı, xeyirimi?

İki kitabımdan başqa, çap olunan digər kitablarımı öz hesabıma çap elətdirmişəm. Burda hər hansı bir maddiyyatdan söhbət gedə bilməz. Mən onları satmamışam. Tirajları da əsasən özümdə saxlamışam, kitablarımı dost-tanışa hədiyyə eləmişəm. Son on ildə, şükürlər olsun ki, kitablarımın verə bilmədiyi maddiyyata ehtiyacım olmayıb. Mənim əqidəmcə, ədəbiyyat hər hansı maddi, mənəvi divident götürmək üçün deyil. Ədəbiyyat xobbidir, həvəsdir, özünüifadə formasıdır. Mən sanballı bir fikri sözlə ifadə etməyimdən aldığım zövqü indi heç nədən almıram.  

Sözlərinizdən belə çıxır ki, ədəbiyyatın maddiyyata çevrilməsinə qarşısınız?

Yox, qarşı deyiləm. Əksinə, yaxşı olardı ki, pulu öz əsərlərimizdən qazanaq. Bu, əslində, bir yazıçı üçün ideal variantdı. Sabah mən işdən çıxsam, ailəmi necə dolandıra biləcəyim sual altında qalır. Pensiyam 200 manatdır. Heç onu da vermək istəmirdilər. Sağ olsun, cənab Prezident, 2018-cilin martında o sərəncamı verdi və bizə bu məbləği pensiya olaraq verdilər. Yazıçının yaşayıb işləməsi üçün maddi imkanın olması çox vacibdir. Ona görə də cəmiyyətimiz gərək kitab oxusun ki, yazıçı qazanc əldə edə bilsin. Etiraf edək ki, oxucuya ciddi əsəri satmaq bu gün o qədər də asan məsələ deyil. Kütləvi oxucu adətən  sərgüzəştçi, macəraçı ədəbiyyatı, detektivi-filanı daha çox sevir. Bir az da səmimi etiraf etsək, demək olar ki, bizdə oxucu yox səviyyəsindədir. Ciddi ədəbiyyatı oxumaq üçün ciddi savad, intellekt və həyatın dərkinə istiqamətlənmiş məfkurə lazımdır. Yüngül şouların və serialların çoxluğundan yaranan basabasda o düşüncə formalaşa bilməz. Odur ki, ciddi ədəbiyyatın satışında ciddi tənəzzül yaşanmaqdadır.

Yazdığınız əsərlərin hansını şah əsər adlandırardınız?

Mənim kitablarıma daxil etmədiyim çoxlu hekayələrim var. Onları gənc dövrlərimdə yazmışam. Son iki ildə çap etdirdiyim kitablara daxil etdiyim hekayə və povestlər son on ilin məhsuludur. Açığını deyim ki, onlar mənim üçün önəmli və maraqlıdır. Hərdən boş vaxtım olanda, ya da yaza bilməyəndə götürüb oxuyuram. Oxuyanda qızarmıram, xəcalət çəkmirəm. Əksinə, bəzi yerləri xoşuma gəlir. Məsələn, mənim “Qırmızı qovluq” hekayəm var. O hekayə haqqında mənə bir çox dostlarım danışıb. Xüsusilə, gənc dostlarımın bəziləri deyir ki, bu hekayə onlar üçün bir yaradıcılıq örnəyidir. Yaxud romanlarımda elə yerlər var ki, mənim ürəyimcədir. Sən bayaq özündə mərhəmət hissinin çoxluğundan danışdın. Yazıçıda mərhəmət hissi güclü olanda, o bütün ağrıları öz ağrıları kimi qəbul edir və onları fiziki, mənəvi mövcudluğunda yaşayır. Bu, yanmaq hissi yaradıcılıq üçün ən böyük təkandır. Müasir yazıçının güclü mütaliəsi, dünya ədəbiyyatına, müqəddəs kitablara bələdçiliyi olmalıdır.

Sizi sosial şəbəkədə də izləyirəm. Maraqlı statuslarınız var.  Statuslarınızın birində yazmısız “Qarabağı qaytaracaqlar?”  Qarabağ başa düşənlər üçün yaralı mövzudur. İnanıram digər suallarıma səmimi cavab verdiyiniz kimi bu sualıma da səmimi cavab verəcəksiniz. Qarabağa qayıdacağımıza doğrudan inanırsınız, ya elə sözgəlişi yazılan statusuydu?

Bu çox ciddi bir məsələdir. Bütövlükdə xalqımızın ciddi coğrafi, hərbi-siyasi və mənəvi ağrısıdır. Ona görə bu haqda son dərəcə məsuliyyətlə danışmaq lazımdır. İstər hakimiyyət tərəfindən, istər xalq, istərsə də yazıçı tərəfdən. Qarabağ məsələsi bizim üçün yaradılmış xüsusi problemdir. Bunu dünya gücləri bizim üçün fikirləşib düzəldiblər və Qarabağı, onun ətrafında olan rayonları erməniyə faktiki olaraq bağışlayıblar.  Bu hadisəyə yanaşmaq baxımından bizim öz milli konsepsiyamız olmalıdır. Və nəyi necə edəcəyimiz dövlətimizin əsas məsələsi kimi o konsepsiyada öz ifadəsini tapmalıdır.  Biz buna həm regional, həm də ümumtürk birliyi konsepsiyası çərçivəsində baxmağı bacarmalıyıq. Amma məni qorxudan bir aspekt var. Bu aspekt yalnız Rusiyanın ətəyindən yapışmaq meylimizdir. Rusiya imperiya modulu ilə formalaşmış, başqa cür mövcud ola bilməyən bir dövlətdir. O istəyir ki, Azərbaycan bu imperiyanın sərhədləri daxilində sümürgə, xammal bazası olaraq qalsın. Rusiya bizi başqa cür ona görə görmək istəmir ki, bizim müstəqil dövlət olaraq hətta görünməyimiz belə ona  öz daxili siyasəti baxımından pis təsir edir. Biz demokratik dünyaya inteqrasiya olunmalıyıq. Hsab edirəm ki, bu problemin həllini bir istiqamətdə yox, bir-neçə istiqamətdə aparmağı bacarmalıyıq və Rusiya kimi imperiyapərəst əjdahadan gündə bir tük qədər də olsa, uzaqlaşmalıyıq. Çünki bu ölkənin Qafqaz siyasəti həmişə türklərin əleyhinə işləyib, azərbaycanlılara qarşı işləyib və faktiki olaraq onlar bizim doğma torpaqlarımızda Ermənistan adlı dövlət yaradıb ondan bütün türk dünyasının birliyinə qarşı zərbə yumruğu kimi bu gün də istifadə edirlər.  Bu reallıqdır, biz Qarabağ məsələsinə bu reallığın prizmasından baxmalı  və yadlara, düşmənlərə deyil, Azərbaycan xalqının milli potensialına güvənməliyik.  

Yazıçılıq çoxlarına şəxsi həyatda uğur gətirməyib. Yazıçı olmağınıza peşman deyilsiniz?

Yox, peşman deyiləm. Mənim bu ictimai-siyasi mühitdə elə şanslarım olub ki, onlardan öz mənafeyim üçün istifadə eləməyi düşünsəydim, indi həyatım maddi baxımdan çox zəngin olardı. Amma mən harada olmuşamsa, yazıçı olaraq qalmışam. Biri var, həyata insanlara rəsmi yanaşmaq, biri də var, mərhəmət, humanizm dolu bir peşənin daşıyıcısı olaraq yanaşmaq. Siz də bilirsiniz ki, Azərbaycanda rəsmi yanaşma dünyadakından bir qədər fərqli olub. Həmişə belə olub. Azərbaycan cəmiyyətinin klassik inzibatçılıq modelini rəhmətlik Mirzə Cəlil öz əsərlərində yetərincə aydın və ibrətamiz təsvir edib.

Marks deyirdi ki, kapital və poeziya bir-birinə antoqonist anlayışlardır. Kapital poeziyanı sevmir.  Kapitalın daim artmaq, genişlənmək, miqyasları əhatə etmək ehtirası var. Poeziyanın isə özünə çəkilmək, özünü lokal, fərdi formada ifadə eləmək ehtirası var.  İndi biz böyük kapital basqısının altına düşmüşük, ona görə yaradıcılıq mühitimiz paradokslar yaşayır. Bizim kapitalımız da çox amansızdır. Mədəniyyəti və mənəviyyatı qəti sevmir. Yalnız öz maraqlarını diktə etməklə məşğuldur.

Yazdıqlarınızın ilk oxucuları ailənizdir, ya dostlar, tanışlardı?

Ailəmizdə də oxuyurlar, amma bu barədə biz geniş müzakirələr aparmırıq. Yazdıqlarım yalnız mənim həyata baxışımdır, mənim fikirlərimdir. Evdə yaradıcılıq məsləhəti kimi hər hansı bir fikri çox nadir hallarda mənə bildirirlər. O yazıların müəllifi mənəm, deməli, onlara görə mənəvi məsuliyyəti də mən daşıyıram.

Maraqlıdır, sizi sosial şəbəkədə də oxuyuram, müsahibələrinizi izləyirəm, hekayələrinizi oxumuşam, hal-hazırda üz-üzə söhbət edirik, yenə də mənim üçün qapalı qutusunuz. Elə bilirəm heç bir yazıda özünüzü tam göstərməmisiniz.

Hər bir insanda müəyyən biliklər var. Özünü öymək olmasın, mən çox oxumuşam. İki institut bitirmişəm. Dünya ədəbiyyatına bələdçiliyim var. Yazdığım hansısa əsərə görə oxucumla söhbət eləyirəmsə, deməli, mən yalnız öz səviyyəmdə olan oxucuya, bir qədər də özümə istiqamətlənirəm. Kütləvi oxucu haqqında düşünməyə mənim vaxtım və həvəsim yoxdur. Mən təzədən durub "Poçt qutusu", "Usta Zeynal" yaza bilmərəm. Birinci, buna qüdrətim çatmaz, ikinci də bu missiya yerinə yetirilib artıq. Təfəkkürü olan oxucu yazdığımı anlayar. Kim bunu necə başa düşür, necə qavrayır, bu artıq mənim qayğım deyil. Mən bildiyimi yazıram. Təbii, mən bədii təfəkkürün və intellektin çox yüksək səviyyəsi deyiləm, ancaq öz bildiyim səviyyədən aşağı düşə bilmərəm. Dediyim kimi, o mərhələ keçilib qurtarıb, irəliyə, Avropaya, dünyaya baxmaq lazımdır.

Yəqin yaradıcı insanları izləyirsiz?

Bəli.

Hansının yaradıcılığı sizin yaradıcılğınıza yaxındır? Belə deyək, oxuyub, özü-özünüzə deyəsiniz ki, Səfər, sənin yerişini yeriyə bilməz, amma hardasa ayaqqabını geyinə bilər?

Qətiyyən elə düşünmürəm. O cür düşüncələr, eqoistlik mənə yaddır. Məni hədiyyə olunan kitabları, göndərilən bədii yazıların hamısını oxuyuram. Sosial şəbəkədə də qarşıma çıxdıqca izləyirəm. Şərif Ağayar, Kəramət Böyükçöl, Mübariz Örən, Ayxan Ayvaz,  Mirmehdi Ağaoğlu, rəhmətlik Mövludun bəzi yazıları vardı, bir çoxları var ki, onları oxumaq mənim  üçün maraqlıdır. Mən o qədər cahil deyiləm düşünəm ki, Azərbaycan ədəbiyyatında məndən yaxşı müəllif yoxdur.  Dünya bizdən başlamayıbsa, bizimlə də qurtarası deyil. Əksinə, bizdən sonra gələn gəncliyin bizdən də irəli gedəcəyini düşünürəm.

Sizin də vaxtınızda ədəbiyyata aidiyyəti olmayanlar yaxşı at oynadıb, bugünəcən oynatmağa davam edirlər. Onların kitabları üçün kəsilən ağaclara heyfiniz gəlirmi?

Rus şairi Nikolay Tixonov demişdi ki, Azərbaycan xalqı şair xalqdır. Bu cümlə vaxtilə bizim bəzi dairələri ruhlandırırdı. Ədəbiyyatdan həqiqətən başı çıxan insanlar isə deyirdi ki, mənim xalqıma "şair xalq" deyənin, görüm bu bəla öz xalqının başına gəlsin. Başı çıxmayanlar onda da çoxuydu, indi də çoxdu. Neyləyəsən, yazmağı qadağan etmək demokratik prinsiplərə ziddir, amma yazmağın yaxşı örnəklərini irəli çəkmək, təbliğ və təşviq etməklə qrafomanlıq epidemiyasının qarşısını almaq olar. İndiki halda çox vaxt heç nəyə yaramayan, heç bir ədəbi, estetik dəyəri olmayan, mənəvi xozanlığı təbliğ edən boz ədəbiyyat həqiqi ədəbi dəyərləri öz kütləvi tirajı və həyasızlığı ilə altına basıb görünməz edir.    

Əslində, düz deyirmiş

Əlbəttə! Xalq niyə şair olmalıdır? Xaql kolxozçu, iqtisadiyyatçı, nə bilim, şairdən başqa hər şey olmalıdır. Şeir yazmaqla bu dünyanı abadlaşdırmaq, ölkənin iqtisadiyyatını inkişaf etdirmək olmaz. 1800 adam AYB-nin üzvüdür. Şair xalq prinsipiylə yanaşmadır. Sovet dövründə AYB-nin 400 üzvü varıydı. Mənim SSRİ Yazıçılar İttifaqına üzvlük  biletimin nömrəsi on beş min, nə bilin neçənciydi. O boyda İttifaqda on beş minin arasında yaxşını-pisdən seçmək olurdu. Bu gün bizdə seçim işi faktiki başına buraxılıb və ədəbi xaosun mövcudluğu göz önündədir.

Söhbətləşdi: Şəfaqət Cavanşir


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər