Hər insan ayrı-ayrı səhifələrdən ibarət fərqli bir ömür yaşayır. Zaman keçdikcə bu ömür yoluna yeni səhifələr əlavə olunur. O insan xoşbəxtdir ki, ömrü təsvir edən bu yazılar fərdilikdən çıxır, başqaları üçün də nümunəyə çevrilir. Təbii ki, belə ömür kitabını sıradan biriləri deyil, seçilmişlər yaradırlar. Haqqında sizə söhbət açacağımız professor Ələddin Allahverdiyev kimi.
Doğma Azərbaycanımızı ölkə hüdudlarından kənarda ləyaqətlə təmsil edən Ələddin Məmmədhüseyn oğlu Allahverdiyev 1947-ci il may ayının 29-da Göyçə mahalında, Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olmuşdur. 1964-cü ildə Bakı şəhərindəki 190 saylı orta məktəbi medalla bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsinə daxil olmuşdur. Üçüncü kursu bitirdikdən sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir.
Ələddin müəllim hələ IV-V siniflərdə oxuyarkən dərsliklərin birində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin qülləli binasının şəklini gördüyünü və çox xoşuna gəldiyini söyləyir: “Mən burada oxuyacam” – deyə, bunun reallaşmasını tam təsəvvür etmədən uşaqlıq arzumu bildirmişdim. Sonralar Bakıda 190 №-li məktəbdə və Bakı Dövlət Universitetinin I-III kurslarında əlaçı oxuyarkən, riyaziyyat olimpiadalarında uğurla çıxış edərkən qəlbimdə yaşayan bu arzunun real olduğunu hiss etdim və III kursdan sonra ali təhsilimi davam etdirmək üçün Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə köçürüldüm. Sonra aspiranturada saxlanıldım, dissertasiya müdafiə etdim, iş təklifindən imtina etmədim. Bu təklifə razılığıma 1973-cü ildə Ulu öndər Heydər Əliyevlə respublikamızın Moskvadakı daimi nümayəndəliyində tələbə və aspirantların görüşündə aspirant kimi mənim çıxışımdan sonra onun “çalışın qalın, Moskvada yerləşin, işləyin, respublikamızı layiqincə təmsil edin, tanıdın” sözləri xüsusi təkan verdi. İndi artıq 50 ildən çoxdur ki, Moskvada yaşayıb işləyirəm.”
Moskva Dövlət Universitetində təhsilini başa vurduqdan sonra təyinatla SSRİ Elektron Sənayesi Nazirliyinin bağlı Ümumittifaq Elmi-Tədqiqat “FONON” institutuna işə qəbul edilmiş, 1974-1994-cü illərdə kiçik elmi işçi, baş elmi işçi və “Riyazi modelləşdirmə” şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1994-1995-ci illərdə Rusiya-ABŞ müştərək “Green Star İnternational” şirkətində Baş Direktorun elm və istehsalat işləri üzrə müavini vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə Moskvanın Zelenoqrad şəhər Orta və Kiçik Biznes Müəssisələri Assosiasiyasının direktoru işləmişdir.
1996-cı ilin sentyabrından Moskva Dövlət Biznesi İdarəetmə Akademiyasında (MDBİA) ali və tətbiqi riyaziyyat kafedrasının müdiri və professoru vəzifələrində işə başlamış, 1997-1999-cu illərdə eyni zamanda iqtisadiyyat və menecment fakültəsinin dekanı olmuş, 2000-ci ildən etibarən həmin akademiyanın 1-ci prorektoru – tədris-metodika işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində ali və tətbiqi riyaziyyat (riyaziyyatın iqtisadiyyatda və menecmentdə tətbiqinə aid) sahələrinə həsr olunmuş 24 monoqrafiya, dərslik və dərs vəsaitləri çap etdirmişdir.
2001-ci ildə Ələddin Allahverdiyev Rusiya Federasiyasının Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. Onun elmi rəhbərliyi altında 7 nəfər (o cümlədən 3 azərbaycanlı) namizədlik dissertasiyası müdafiə etmiş, onlarla dissertasiyanın müdafiəsində rəsmi opponent olmuşdur.
Rusiya Federasiyası Ali Məktəblərinin təhsil üzrə prorektorları Şurasının, Moskva şəhəri Təhsil Departamentinin koordinasiya Şurasının, MDBİA-nın Elmi Şurasının üzvü, həmin Akademiyanın Tədris-metodika Şurasının sədri vəzifələrində olmuşdur.
2010-cu ildən “MİET” Milli Tədqiqat Universitetində professor, tədris işləri üzrə prorektor müavini, tədris prosesinin keyfiyyəti sahəsinin rəhbəri işləmişdir.
Ələddin müəllim Dünya Azərbaycanlılarının bütün qurultaylarının nümayəndəsi olmuşdur.
Ələddin Allahverdiyev 1970-ci illərdən institutun baş nəzəriyyəçisi kimi pyezo- və akustoelektronika, tibb texnikası, müdafiə sənayesi və s. sahələrdə istifadə olunan cihaz və aparatların yaradılmasına həsr edilmiş 30-dan çox elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin (ETİ və TKİ) elmi rəhbəri və ya rəhbər müavini olmuşdur. Bu illərdə 150-dən çox elmi məqaləsində alınmış çoxsaylı yeni elmi nəticələr və 7 ixtirasında həllini tapmış yeni texniki ideyalar texnikanın ayrı-ayrı sahələrində – dünya okeanının və kosmik fəzanın tədqiqatında (sualtı qayıqlarda və tədqiqat gəmilərində, süni peyklərdə və kosmik gəmilərdə) geniş miqyasda istifadəsini tapmış, elektron (xüsusilə mikro- və akustoelektronikada), müdafiə və tibb sənayesi müəssisələrində tətbiq olunmuşdur. Məsələn, onun 1980-ci və 1982-ci ildə qeydə alınmış ixtiraları dünya okeanında su altında hərəkət edən obyektlərin yerini və ayrı-ayrı xarakteristikalarını müəyyən etməyə imkan yaradıb. 1989-cu və 1990-cı ildə qeydə alınmış ixtiralar isə müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran informasiyaların kosmik obyektlərdə (süni peyklərdə və kosmik gəmilərdə) qeydə alınıb Uçuşların İdarəetmə Mərkəzinə (UİM) göndərilməsində uğurla tətbiq olunmuşdur. Bu dövrdə əldə etdiyi mühüm elmi-texniki nəticələrə görə o üç dəfə – 1975, 1977 və 1980-ci illərdə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarların MK-nin, ÜİLKGİ MK-nin təsis etdiyi nüfuzlu “Əməkdə fərqlənməyə görə - sosializm yarışının qalibi” döş nişanları ilə təltif olunmuşdur.
Ələddin Allahverdiyevin elmi cəmiyyət tərəfindən yüksək qiymətləndirilən bəzi elmi uğurları xüsusi qeyd edilməlidir. Məsələn, o, tələb olunan tezliklə rəqs edən və əvvəlcədən müəyyən olunmuş ayrı-ayrı fiziki xarakteristikalara cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasını təyin etmək məsələsini həll edən ilk alimdir. Bu tipli məsələlərin həllində Ələddin Allahverdiyev ilk dəfə riyaziyyatda məşhur olan Pontryaginin maksimum prinsipini tətbiq etmişdir. O elektroelastiqiyyət nəzəriyyəsinin iki- və üçölçülü dinamika məsələlərinin həllinə ümumiləşmiş variasiya prinsipi əsasında sərhəd və sonlu elementlər metodlarını ilk dəfə uğurla tətbiq edən alimlərdəndir. Variasiya prinsipinin tətbiqi pyezoelektrik elementlərin rabitəli rəqslərinin çoxsaylı məsələlərinin həllinə də uğur gətirmişdir. Disk formalı pyezokeramik membranlarda “kənar effekti”nin (“краевой эффект”) mövcudluğunu nəzəri cəhətdən ilk dəfə Ələddin Allahverdiyev aşkar etmişdir.
Onun «Математический анализ (для экономических специальностей)» (“Riyazi analiz” (iqtisadiyyat yönlü ixtisaslar üçün), «Теория вероятнестей и математическая статистика» (“Ehtimal nəzəriyyəsi və riyazi statistika”), «Линейная алгебра и элементы аналитической геометрии» (“Xətti cəbr və analitik həndəsənin elementləri”), «Дифференциальные уравнения» (“Differensial tənliklər”) dərslikləri Rusiya Federasiyası Ali Təhsil Nazirliyi tərəfindən iqtisad ixtisasları üçün dərslik kimi qəbul edilmişdir. Bu əsərlər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Rusiya Federasiyasının digər müvafiq ali təhsil məktəblərinin nüfuzlu alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Bu dərsliklər əsasında uzun illər Ə.Allahverdiyev MDBİA-da tələbələrə mühazirə oxumuş və təcrübi məşğələlər aparmışdır.
Professor Ə.Allahverdiyev işlədiyi hər bir sahədə, inkişafa təkan verən yeniliyə, innovasiyaya xüsusi fikir vermişdir. Məsələn, ali məktəb sahəsində professor, kafedra müdiri, dekan, prorektor vəzifələrində çalışarkən “Рейтинговая система как личностно-ориентированная технология и её роль в развитии способностей студента”, “Математика и её роль в подготовке современных менеджеров”, “Устойчивое развитие как парадигма философии образования”, “Применение математических методов в социальных науках” kimi elmi məqalələrində yüksək kvalifikasiyaya malik elmi, texniki, humanitar kadrların hazırlanmasında müasir təhsil sisteminin təkmilləşməsinə, inkişaf istiqamətlərinə aid dəyərli fikirlər irəli sürmüş və onları təhsil sistemində həyata keçməsinə nail olmuşdur.
Professor Ələddin Allahverdiyev məxfi elmi-texniki işləri də daxil olmaqla 450-dən çox monoqrafiya, ixtira, elmi məqalə, dərslik və dərs vəsaitinin müəllifidir.
Dəqiq elmlər sahəsində dünya miqyasında tanınmış Azərbaycanlı alim bildirir ki, riyaziyyatı öyrənmək, anlamaq, başa düşmək insanın mədəni səviyyəsinin formalaşmasında mühüm rol oynayır: “Riyaziyyat bir fənn, elm kimi insanın ümumi düşüncə tərzini, təfəkkür mədəniyyətini təkmilləşdirir, onları nizama salır, məntiqi mülahizə etməyə sövq edir, onlarda dəqiqliyi və gətirilən dəlillərin, arqumentlərin hərtərəfli mükəmməlliyini tərbiyə edir. Riyaziyyat elmi və onun həyatımızın ayrı-ayrı sahələrində – başqa elmlərdə, texnikada, məişətdə tətbiqi, uğurla istifadə edilməsi həyatda böyük problemlərin həll olunmasına imkan yaratmışdır. İki misal gətirim. Birincisi, dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın Kaliforniya Universitetinin (Berkli) professoru, mərhum Lütfi Əsgər Zadənin 6 mühüm riyazi nəzəriyyəsindən biri, qeyri-səlis məntiq nəzəriyyəsi bu gün dünyanın, xüsusilə Yaponiyanın və ABŞ-ın məşhur müxtəlif şirkətləri tərəfindən foto və videokameraların, paltaryuyan maşınların, vakuum kimyəvi təmizləyicilərin istehsalında, qatarların, avtomobillərin, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edilir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, siyasətdə, fəlsəfədə, psixologiyada, linqvistikada, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.
İkincisi, alimlər hesablamışlar ki, yalnız C.Maksvellin elektromaqnit dalğaların yayılmasını ifadə edən riyazi tənliklərinin fiziki mahiyyətinin texnikanın müxtəlif sahələrində olunmuş tətbiqlərindən alınan gəlir bəşəriyyətin tarix boyu elmə qoyduğu sərmayədən dəfələrlə böyükdür.”
Hələ gənclik illərindən riyaziyyata və onunla bağlı elmə olan marağı, vurğunluğu harmonik qanunla inkişaf edərək heç vaxt sönməyən Ə.Allahverdiyevin aspirant və tələbəlik dövründən başlayaraq aldığı elmi nəticələr nüfuzlu jurnallarda, elmi toplularda çap olunmuşdur: “Konfranslarda, simpoziumlarda, qurultaylarda məruzələrlə çıxışlar, ixtiralarımın qeyddən keçirilməsi elmi ictimaiyyətdə gördüyüm işlərə müsbət rəy formalaşmasına imkan yaratmışdır. Bildiyiniz kimi, elmlə professional məşğul olmaq heç vaxt güclü maddi gəlir gətirməyib. Mənim üçün ilk növbədə həll olunmamış problemlərin həllindən aldığım nəticələr, onların həlli üçün istifadə olunan metodlar, elmi nəticələrin ayrı-ayrı sahələrdə (mikroelektronikada, müdafiə sənayesində, kosmik fəzanın və dünya okeanının tətbiqində, tibbi texnikada və s.) tətbiqi, məxfi olmayan ayrı-ayrı nəticələrin elmi cəmiyyət tərəfindən qiymətləndirilməsi – məqalələrimə istinad, elmi konfranslara təşkilat komitəsinin üzvü, plenar məruzəçi, ekspert kimi dəvət almaq, dissertasiyaların rəsmi opponentləri olaraq çıxış etmək, bir alim kimi mənə mənəvi zövq, stimul vermişdir. Bunlar mənim üçün ən böyük dəyər, qiymətdir. Tanrıma minnətdaram ki, həyatım boyu məşğul olduğum elm sahəsində onun mənə bəxş etdiyi istedad və bacarıq potensialını yetərincə açmağa təkan vermiş, imkan yaratmışdır.”
Ömrünün yarım əsrdən çoxunu elmi fəaliyyətə həsr edən böyük alim 30-dan çox beynəlxalq, ümumittifaq elmi konfrans, qurultay və simpoziumda pyezoelektrik mühitlərdə dalğaların yayılmasının, pyezokeramik konstruksiyaların əlaqəli rəqslər zamanı elektrofiziki parametrlərinin tədqiqinə həsr edilmiş 60-dan çox elmi məruzə, o cümlədən 10-a yaxın sifarişli-plenar məruzə ilə çıxış etmişdir. Bu fakt professor Allahverdiyevin elmi işlərinə yuxarıda adı çəkilən elm sahələrində çalışan sovet və dünya alimlərinin verdiyi yüksək qiymətin təzahürüdür. Onun uzun illər boyu aldığı elmi nəticələri müntəzəm olaraq elmi-texniki tədbirlərdə məruzələriylə dünya və sovet elmi ictimaiyyətinin nəzərinə çatdırdığı konfrans, qurultay və simpoziumların adlarını çəksək uzun bir siyahı alınar.
Yeri gəlmişkən, «Кристаллы: рост, свойства, реальная структура, применение» (Александров, 2001, 2002, 2003), The International Jubilee Conference “Single crystal and their application in the XX century - 2004” (Aleksandrov, Russia, 2004) adlı konfranslarda professor Ə.Allahverdiyev 13 məruzəylə, o cümlədən 3 sifarişli-plenar məruzəylə çıxış etmişdir.
Hələ aspirant olarkən Bakı şəhərində keçirilən (1973-cü il) aeronavtika üzrə beynəlxalq konfransda iştirak edən Ə.Allahverdiyev onlarla konfransın təşkilat və ya proqram komitələrinin üzvü olmuşdur.
Ə.Allahverdiyevin ömür yolu təbii ki, təkcə elm və təhsil fəaliyyətiylə məhdudlaşmır. Onun ən böyük üstünlüyü Vətəndən uzaqlarda yaşamasına baxmayaraq, milli-mənəvi dəyərlərimizə sadiq qalmasıdır.
“Biz milli-mənəvi dəyərlər baxımından Tanrının töhfəsinə layiq görülmüş zəngin xəzinəyə malik nadir xoşbəxt xalqlardanıq. Təkcə muğamımız və saz-söz sənətimiz xalqımızın tarixinin köklərindən bu günə qədərki yaşamını özündə birləşdirən qürurverici mənəvi qüvvədir, gücdür. Hər bir azərbaycanlının mənəvi dünyası beşikdən, ana laylasından başlayaraq xalq mahnıları, saz və muğam üstündə formalaşır, tərbiyə olunur, püxtələşir, müdrikləşir” – deyən alim humanitar elmləri heç də dəqiq elmlərdən az bilmir. Hətta bu sahədən söhbət açanda müsahiblərini təəccübləndirir: “Saz sənəti xalqımızın qərinələrdən keçib gələn tarixini, onun adət və ənənələrini, qəhrəmanlıq salnamələrini, insan qəlbinin sevinc və kədər hisslərini ilahi, rəngarəng emosional, duyğulu səslərlə ifadə edən Tanrının bizə bəxş etdiyi ən dəyərli töhfəsidir. Muğam bizim üçün milli özünüdərketmə fəlsəfəsinin kökündə bərqərar olmuş mədəni dəyər mənbəyidir. Bütöv musiqimiz bu daimayaşar mənbədən bəhrələnir, qidalanır, şaxələnir, inkişaf edir... Muğam Tanrının yaratdığı varlığın daimi dövranını əks etdirmək üçün özünün yaratdığı ilahi səslərlə ifadə olunan, əbədiyyətdən doğub, insan qəlbindən keçib əbədiyyətə doğru gedən sehrli, müəmmalı, möcüzəli hisslər, duyğular axınıdır... Məhz muğam, ozan-aşıq musiqisi bünövrəsində inkişaf edən musiqimiz şərqin ilk opera və baletini, simfonik muğamlarını, caz-muğam sintezini və s. yaratmışdır”.
Həyatının bütün məna kəsb edən dövrlərində, sevincli, kədərli anlarında həmişə duyğularından, içinin emosional hisslərindən asılı olaraq köməyinə poeziya və musiqi – muğam, saz musiqisi və klassik musiqi çatıb. Moskvada, tələbəlik illərində imtahanlara klassik musiqiyə qulaq asaraq hazırlaşarmış. Bir məqamı professorun öz sözləriylə qeyd edək: “Klassik musiqini, xüsusilə simfonik musiqini anlamaq, başa düşmək üçün müəyyən hazırlıq, zaman kəsiyi gərəkdir. XX yüzilliyin əvvəllərində Berlində təhsil almış, musiqini dərindən bilən və sevən riyaziyyatçı alim akademik P.S.Aleksandrovun “İkinci günlər” (“Aleksandrovskiye vtorniki”) klassik alman musiqisinə (Bax, Mosart, Bethoven, Qaydn və s.) həsr olunan gecələri həyatımda xüsusi rol oynamış, klassik musiqini az-çox başa düşməyə, dinləmək mədəniyyətinə sahib olmağa kömək etmişdir. P.S.Aleksandrov Berlindən gətirdiyi çoxsaylı klassik musiqi disklərini səsləndirər, musiqinin ayrı-ayrı məqamlarını dinləyicilərə açıqlayar, onların suallarına təfərrüatı ilə cavablar verərdi. Yeri gəlmişkən qeyd edim, hələ tələbəlik illərindən topladığım fonotekamda dünya, Azərbaycan musiqi klassiklərindən tutmuş saz, muğam və xalq musiqimizə qədər 400-dən çox cürbəcür, hətta çox nadir disklər var. Ümumiyyətlə, Moskva Dövlət Universiteti mənim elmi-mədəni dünyagörüşümün formalaşmasında xüsusi rol oynamışdır.”
Bir an da olsun öz kökündən ayrılmayan professor Ə.Allahverdiyevə əlli iki il Vətəndən kənarda, qürbətdə yaşadığı dövrdə ən çox təsir edən, qəlbinə toxunan Aərbaycanla bağlı adi bir irad olmuşdur: “Bu anlarda həmişə mənim köməyimə xalqımın milli-mənəvi dəyərlərini az-çox bilməyim gəlmiş, həmsöhbətimin fikrində yanlış olduğunu başa düşməsini sübut etməyə imkan yaratmışdır. Uzun illər qürbətdə yaşasam da, qəlbimdə Vətənə olan sevgi bir an da sönməmiş, daima beynimdə gözəl şairimiz N.Xəzrinin Moskvada oxuyarkən yazdığı bu misraları fırlanmışdır:
Könül ayrılmayır öz baharından,
İlham baharından, söz baharından.
Deyirəm Vətənin bircə qış günü
Yaxşıdır qürbətin yüz baharından.
Bir də ürəyimi daim sızladan “Od gəlini” tamaşasında səslənən, sözləri dahi C.Cabbarlıya və musiqisi görkəmli bəstəkar Ə.Bədəlbəyliyə məxsus olan “Azad bir quşdum” mahnısı olmuşdur.”
Ələddin müəllimlə söhbət əsnasında o, xalqımızın XX əsr tarixinə toxunarkən xüsusi, müstəsna rolu olan üç böyük şəxsiyyətin adını qeyd etdi: M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli və H.Əliyev. İki böyük dövlət xadiminin xalqımız qarşısında misilsiz xidmətlərinin danılmaz olduğunu vurğulayaraq, Üzeyir Hacıbəyli haqqında dedi: “Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış cahanşümul dahi bəstəkardır. XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirərək musiqimizin bütün dünyada şöhrət qazanmasında, milli müsiqi, teatr, kino, ifaçılıq sənətinin formalaşmasında, ümumiyyətlə, mədəni həyatımızın intibahlı inkişafında Üzeyir bəyin xidmətləri əvəzsizdir. Onun musiqimizdə ən mühüm, vacib, taleyüklü xidməti, rolu uzaqgörən dahi bəstəkar, alim, siyasi xadim kimi musiqimizin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyən edərkən ilk növbədə öz milli xalq musiqimizə, muğama və aşıq musiqisinə köklənməyi əsas tutmasındadır.”
Yuxarıda qeyd etdiklərimiz professor Allahverdiyevin ədəbiyyatımız, musiqimiz və bütövlükdə mədəniyyətimiz haqqında fikirlərinin çox kiçik bir hissəsidir. Kitaba dərin hörmət, dəqiq və texniki elmlərə peşəkar maraq, incəsənətə – poeziyaya və musiqiyə, təsviri incəsənətə və teatra güclü həvəskar sevgisi Ələddin müəllimə 4000 nüsxədən çox nadir kitablardan ibarət fərdi kitabxana yaratmağa imkan vermişdir. Düşünürük ki, bu mövzularda nə vaxtsa ayrıca, daha ətraflı söhbət açmaq olar.
Çox sevindirici haldır ki, professor Ə.Allahverdiyevin imkanımız daxilində sadaladığımız xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. Belə ki, 7 ixtiranın, çoxsaylı elmi məqalələrin və onların texnikaya tətbiqinin, ayrı-ayrı ali məktəb ixtisasları üçün çoxsaylı dərsliklər müəllifi olan Ə.Allahverdiyev elmi və ictimai fəaliyyətinə görə “Moskvanın 850 illiyi” dövlət medalı (1997), Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı, “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı (2004), Rusiya Federasiyasının çoxsaylı fəxri fərmanları və diplomları ilə təltif edilmişdir.
Həmçinin, “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” adına və döş nişanına, elm və təhsildəki yüksək nəticələrinə görə dalbadal 4 il (2001-2004) Moskva Hökumətinin təhsil sahəsində elm və texnologiyalara dair təsis etdiyi “Moskva Qrantı” müsabiqəsinin laureatı adına və pul mükafatlarına layiq görülmüşdür.
Tibbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi diplomuyla təltif edilmişdir (həmmüəllifləriylə birgə hazırladığı pyezokeramik ötürücü süni ürəyin yaradılmasında uğurla tətbiq olunmuşdur).
Pyezoelektrik mühitlərdə dalğaların yayılmasının və pyezoelektrik konstruksiyaların və elementlərin əlaqəli rəqslərinin tədqiqində riyazi modellərin yaradılması və tətbiqində aldığı mühüm, böyük elmi-texniki əhəmiyyət kəsb edən nəticələrinə görə Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika üzrə Milli Komitəsinin görkəmli alim-mexanik, Sosialist Əməyi Qəhrəmanı, akademik, professor, fizika-riyaziyyat elmləi doktoru, dörd Lenin ordeni, bir neçə Dövlət mükafatı laureatı Xəlil Əhmədoviç Raxmatulin adına;
Kosmonavtika sahəsindəki xidmətlərinə görə Rusiya Kosmonavtika Federasiyasının Sosialist Əməyi Qəhrəmanı, general-leytenant, Lenin mükafatı laureatı, professor, texnika еlmləri doktoru, kosmik proqramlar üzrə Dövlət komisiyasının sədri Georgi Aleksandroviç Tyulin adına medallar da azərbaycanlı alimin layiq görüldüyü dəyərli elmi-texniki təltiflər sırasına daxildir.
Ələddin müəllim həm də nümunəvi ailə başçısıdır. O, 1978-ci ildə ailə qurmuşdur. Bir oğlu, bir qızı, dörd nəvəsi var.
Həyat yoldaşı Məhsəti İsmayıl qızı Kəngərli M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin və onun aspiranturasının məzunudur. Orqanik kimya sahəsi üzrə kimya elmləri namizədidir.
“Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə Rusiya Federasiyasi Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını və “təşkilat menecmenti” ixtisası üzrə Rusiya Dövlət İdarəetmə Universitetini fərqlənmə diplomları ilə bitirən oğlu Toğrul Allahverdiyev iqtisad elmləri namizədidir. “İnnovasiyalı inkişafda korporativ idarəetmə” monoqrafiyasının, 30-dan çox elmi məqalənin müəllifidir. Amsterdamda “Eurasian Resources Group” kompaniyasında icraçı direktor vəzifəsində çalışır.
Qızı Aytən Allahverdiyeva-Rəfibəyli isə İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasını fərqlənmə diplomu ilə bitirib, ordinatura təhsili alıb. Qətər dövlətinin paytaxtı Doha şəhərində plastik cərrahiyyə üzrə həkim işləyir.
Ömrünün müdriklik çağını yaşayan böyük alim yenə də əvvəlki enerji ilə çalışmaqdadır. Məhz yuxarıda adlarını çəkdiyimiz son iki medalla cəmi iki ay öncə təltif edildiyi dediklərimizin təsdiqidir. Özündən əvvəlki görkəmli alimlər kimi professor Ə.Allahverdiyev də elmdə öz izini qoymuş elm fədaisidir. İnanırıq ki, onun, azərbaycanlı adına daim şərəf gətirmiş, sözün əsl mənasında ziyalı şəxsiyyətin davamçıları da bu yolla uğurla addımlaya biləcəklər.
Arif Məmmədli,
şair-jurnalist.
Araz Yaquboğlu,
tədqiqatçı-jurnalist.
Goyce.az
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024