Milli-mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş dahi sənətkar

01:20 / 21.03.2021
Baxılıb: 6852

Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,
Gah enərəm yer üzünə, seyr edər aləm məni...
           Qul Nəsimi

 

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı yubileyin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:
 
"Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. ...Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür."...


Doğrudan da Dədə Ələsgər möcüzələrlə dolu yaradıcılığının dərinliyinə, rəngarəng çalarına, poetik dəyərinə görə Azərbaycan-Türk ədəbi irs xəzinəsində, İslam və təsəvvüf dünyasında Mövlana, Yunus Əmrə kimi dühalarla yanaşı duran, haqlı olaraq aşıq poeziyasının zirvəsi hesab edilən cahanşümul dini-fəlsəfi-poetik dühadır. Aşıq Ələsgər şəxsiyyətinə və yaradıcılığına verilən dəyərlərin onun tədqiqatı ilə məşğul olan bütün folklorşünaslarımız, ələsgərşünaslarımız tərəfindən birmənalı olaraq etiraf, təsdiq və qəbul edilməsi, bu yaradıcılığı sevən, başa düşən, xüsusilə onun sufi mahiyyətini dərindən anlayan hər kəs üçün şübhə doğurmayan, danılmaz bir həqiqətdir!


Hörmətli oxucu! Möcüzəli, sirli-sehrli, dərin mənalar kəcb edən Aşıq Ələsgər yaradıcılığını təhlil etmək, ona peşəkarlıqla qiymət vermək, əlbəttə, ədəbiyyatşünasların, ilk növbədə, ələsgərşünasların öhdəsinə düşür. Mən isə Dədə Ələsgər möcüzəsinə bağlanan, bütöv yaradıcılığını sevən, onu daim, təkrar-təkrar heyranlıqla mütaliə edərək, hər dəfə özünə yeni bir sirr kəşf edən həvəskar oxucu kimi bəzi fikirlərimi sizinlə bölüşmək istədim.


Bütövlükdə, Dədə Ələsgər Sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi sirli, müəmmalı, sehrli, gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan möcüzəli bir şeir dünyasıdır.


Həyatında Aşıq Ələsgər yaradıcılığının heç olmasa bir qoşmasını oxumuş, ürəyi poeziya ilə döyünən hər bir insanın bu xəzinəyə biganə qalmayaraq onun dərinliklərinə can atacağına, baş vurmaq cəhdinə əminəm. Çünki Aşıq Ələsgər yaradıcılığı gözəlliklə (bu qeyri-adi sözün geniş, tam fəlsəfi mənasında), müdrikliklə, bəşər idrakının kamilliyi ilə çalxalanan dərin, sirli-sehrli, müəmmalı, möcüzəli, tilsimli bir ümmandır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır. Keçən əsrin birinci yarısında yaranıb bu günə qədər inkişaf edən, Dədə Ələsgər fenomeninin, sirrlərlə dolu yaradıcılığının sehrini açmağa, təhlil və tədqiq etməyə yönələn ələsgərşünaslıq, korifey ədəbiyyatşünaslarımız H.Əlizadə, M.H.Təhmasib, H.Araslı, Ə.Axundov, Y.Qarayev, İ.Ələsgər, H.İsmayılov və bir çox başqalarının ciddi tədqiqatlarına baxmayaraq hələ də bu əzəmətli xəzinənin müəmmalarını, sirlərini bütövlüklə aşkar edə bilməmişdir.


Dədə Ələsgər dühası başdan ayağa Sözlə bağlı olduğundan, yaradıcılığının bütün sirləri, müəmmaları, möcüzələri Sözlə ifadə edildiyindən, ruhu İlahi sözlə yoğrulmuş, butası İlahi məkanında verilmiş, taleyi İlahi qələmi ilə yazılmış fövqəl-sənətkar olduğundan, Azərbaycan ədəbi söz dünyasında, poetik düşüncə nəhrində özünəlayiq zirvə tutduğundan yazımı sözə aid fikirlərlə davam etmək istərdim:


Dahi Nizami Gəncəvi deyirdi:
 
Dünyaya sözdü şərəf, gör ki, nədir qiyməti,
Danışmaqla, yazmaqla itməz qədir, qiyməti!...
 
Söz – yalnız səslərin, hərflərin əmələ gətirdiyi kəlmə kimi deyil, ilahi varlığın verdiyi vəhylərin sirli bir kəlamı, anlamı kimi insanları kamilliyə, müdrikliyə çağıran bir hikmətdir. Söz insanın amalının, düşüncə və əqidəsinin göstəricisidir. Söz – deyənin, oxuyanın və duyanın qəlbinin dərinliyinin ən həssas nahiyəsindən süzülür, qəlblərə hakim olur, düşüncələrin əbədi sahibinə çevrilir. Ta müqəddəslərimizdən başlayaraq onların verdiyi ilahi qüdrətə sahib olan dahilərimizin, korifeylərimizin, saz-söz sənətkarlarımızın bizlərə qoyub getdiyi Söz irsi kimi. O Söz ki, bütün dövrlərdə xalqın dilinə müdrik bir hakim, onun yol göstərəni olub.


Bəli, bədii sözə hökmran olan Aşıq Ələsgər "poetik düşüncə nəhri”nin "ilahi suyu”ndan içib "Tanrının söz vergisini almış, varlığını əbədiyyət ümmanında əridən” nadir Söz xiridarlarındandır.


Göyçə aşıq məktəbinə, Göyçə folkloruna, Dədə Ələsgər yaradıcılığına zaman-zaman verilən qiymətlər, təhlillər, dərin, sanballı tədqiqatlar Aşıq Ələsgərin Dədə epitetinə sözün əsl mənasında layiq olduğunu, onu Haqq Aşığı, Sufi Mürşid, Övliya kimi, mənsub olduğu ali sufi mərtəbənin göstəricisi kimi qeyd etməyi, sufi baxış çərçivəsindən yanaşmağı lazım bilirlər və onun şeirində kökləri ilə türk Tanrıçılığına bağlanan və ondan qaynaqlanan türk sufizmi ilə İslam və onun müqəddəs kitabı "Qurani-Kərim” vəhdətində axtarmağı təlqin edirlər.


Tədqiqatçıların gəldiyi nəticələr göstərir ki, Aşığın vergili şəxsiyyət olmağını və bu verginin texnologiyasını ilahiyyət və müqəddəslik məkanında – sakral dünya ilə təmasın və sakral informasiya daşıyıcılığının yollarında, – Peyğəmbərlərə verilən – İlahi vəhy, Övliyalara verilən – Həvalə və Şairlərə verilən – İlham – yollarında axtarmaq lazımdır. Bir çox tədqiqatçılar doğru olaraq, Aşıq Ələsgəri şairlikdən bir pillə yuxarı, XII əsrin məşhur mütəfəkkir-şairi, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından olan Əhməd Yəsəvi alimliyi ilə ölməz Türk – təsəvvüf filosofu, şairi Yunis Əmrə "şairliyini birləşdirən və bütövlükdə fəlsəfəni və poeziyanı, fikri və sənəti, dini və təriqəti özündə ehtiva edən” bir "qutsal şəxsiyyət”, övliya kimi təqdim edirlər.


Ürfan elmində, Allahı tanımaq və ona qovuşmaq ideyasının kökü dörd sufi mərhələ – Şəriət, Təriqət, Mərifət və Həqiqət ilə bağlıdır.


Hörmətli oxucu, örnək üçün sizi bu mərhələlərin – insanın ruhi-mənəvi saflaşmasını işarələyən "sufi mərtəbələri”n Aşıq Ələsgərin "Gərəkdi” rədifli ustadnaməsinin iki bəndindəki misralarında necə yer aldığını müşahidə etməyə dəvət edirəm:
 
...Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi...
 
...Arif ola, eyham ilə söz qana,
Naməhrəmdən şərm eyləyə, utana,
Saat kimi meyli haqqa dolana
Doğru qəlbi, doğru yolu gərəkdi...
 
Diqqətli müşahidə ilə 1-ci bəndin ilk, "Xalqa həqiqətdən mətləb qandıra" və 2-ci bəndin üçüncü, "Saat kimi meyli haqqa dolana" misralarının "həqiqət", 1-ci bəndin ikinci, "Şeytanı öldürə, nəfsin yandıra", 2-ci bəndin dördüncü, "Doğru qəlbi, doğru yolu gərəkdi" misralarının "təriqət", 1-ci bəndin üçüncü, "El içində pak otura, pak dura", 2-ci bəndin ikinci, "Naməhrəmdən şərm eyləyə, utana" misralarının "şəriət" və nəhayət, 1-ci bəndin dördüncü, "Dalısınca xoş sədalı gərəkdi" və 2-ci bəndin birinci, "Arif ola, eyham ilə söz qana" misralarının "mərifət" kateqoriyalarına aid olduqlarının şahidi oluruq.


Aşıq Ələsgər yaradıcılığı hikmətlə nəfəs alan müdriklik xəzinəsidir. Onun bu gün əlimizdə "İstər" rədifli hikmətlə nəfəs alan bir qəzəli var. Əruz biliciləri, qəzəlsevərlər etiraf edirlər ki, artıq elə bir mötəbər ürfan məclisi yoxdur ki, bu qəzəl orada səsləndirilməsin. Bu qəzəl elə bir möhtəşəm şeirdir ki, o, poetik gücü ilə qəzəliyyatın zirvəsi olan Füzulinin qəzəlləri səviyyəsində dayanıb. Bu qəzəlin beytlərində fəlsəfə, din, lirika, tariximiz, adət-ənənələrimiz, gözəl, şirin, səlis dilimiz, elm, ürfan var və onun hər beytinin açıqlaması, xırdalanması xeyli vaxt tələb edir. Qəzəlin bir beytində zahidə, insanlara Allah, Peyğəmbər və Qurani-Kərim adından yol göstərən din xadiminə müraciətlə
 
Demə, zahid, mənəm alim, oxuram əntə-sübhani,
Siratdan istəyən keçmək, xudadan pərü bal istər.
 
deyərək, cənnətlə cəhənnəm arasında tükdən nazik, qılıncdan iti olan sirat körpüsündən keçmək üçün, Qurani-Kərimi oxumaq, əzbər bilmək, onun kəlamlarını insanlara çatdırmaq heç də bəs etmir, yalnız sənin bü dünyada gördüyün xeyirxah işlər, əməllərin sənə qol-qanad verib o körpü üzərindən keçirə bilər.


Aşıq Ələsgər gözəllik aşığı, aşiqi, şairi idi. O gözəlliyə Tanrının bəxş etdiyi ilahi, müqəddəs varlıq, saflıq, səmimilik, paklıq, sözün mənəvi mənasında ucalıq məfhumu kimi yanaşırdı. Aşığın ilk şеirlərindən olan "Köynəyinə” rədifli qoşmasında dediyi:
 
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin vеrsən, sürtəm üz köynəyinə.
 
misraları söylədiyim fikri poetik, obrazlı şəkildə olduqca parlaq, qabarıq şəkildə sübut edir.


Gözəllik vurğunu olan Aşıq Ələsgər bütöv poeziyasında, o cümlədən, lirikasında qadın gözəlliyini tərənnüm edərkən xalqımızın milli-əxlaqi, tərbiyəvi adət-ənənəsinə sadiq qalaraq, heç vaxt onlardan kənara çıxa biləcək epitetlərə yol verməmişdir. Onun məşhur "Çərşənbə günündə, çеşmə başında” misrası ilə başlayan qoşmasında bir gözələ vurulan aşiq onun nişanlı olduğunu bilərkən "Sındı qol-qanadım yanıma düşdü” deyərək ağır olsa da, ata-babalarımızdan miras qalmış adətimizə uyğun olaraq fikrindən daşınmışdır.


Aşıq Ələsgərin bədii, obrazlı düşünmə tərzi, poetik təxəyyülü onun lirikasında daha qabarıq şəkildə özünü büruzə verir. O qadın gözəlliklərini tərənnüm еdərkən, bəzən klassik bənzətmələrdən istifadə etsə də, çox zaman yalnız onun özünəməxsus bədii obrazlı düşünmə tərzi ona qədər poeziyada işlənməyən yeni bənzətmələr tapıb, kəşf edib uğurla o gözəllikləri öz poetik zirvəsinə yüksəltməsinə imkan vermişdir. Aşığın Həcər xanımı vəsf etdiyi "Düşərmi" rədifli qoşmasındakı əvəzsiz bənzətmələr kimi:
 
Həcər xanım, qaşın, gözün təhrində
Xətt yazsam, Quranda ayə düşərmi?!
Götürsən niqabı məh camalından,
Hüsnün nuri-təcəllaya düşərmi?!...
 
Qamətin mələkdi, hüsnün pəridi,
Könül gözlərinə çox müştəridi.
Camalın şoxundan cismim əridi,
Zülfündən üstümə saya düşərmi?!...
 
Bu cür bənzətmələr içərisində birisini xüsusi qeyd etmək istərdim. Xalqımızın ən çox sevdiyi Novruz bayramıyla bağlı onun mənsub olduğu mart ayında qeyd edilən adət və ənənələrimizin, dörd müqəddəs çərşənbənin insanların qəlbində yaratdığı xoş ovqat, əhval-ruhiyyə, mənəvi hisslər və duyğular gözəlliyini dərindən duyan Dədə Ələsgərə Tanrı nəsib etmiş ki, "Getmə amandı" qoşmasının bir bəndində
 
...Camalın göyçəkdi bayram ayından,
Görən doymaz qamətindən, boyundan.
Layiq deyil qurban kəsim qoyundan,
Sənə qurban canım, getmə, amandı...
 
belə bir ilahi misranı söyləmiş olsun:


Camalın göyçəkdi bayram ayından!


Zəngin poeziyamızda gözəlliklə bağlı çoxsaylı inci nümunələrinin mövcudluğunu nəzərə alaraq, bayram ayının gözəlliklərini görmüş və duyan bir insan kimi tam cəsarət və məsuliyyətlə deyə bilərəm, nə Dədə Ələsgərə qədər, nə ondan sonra poeziyamızda qadın gözəlliyini tərənnüm edən belə bir güclü bənzətmə, epitet deyilməmişdir!


Bu gözəllik epitetini Aşıq Ələsgər "Dolanır" rədifli qoşmasında başqa cür ifadə edir:


Camalları bənzər bayram ayına.


Dədə Ələsgər şerinin yalnız bircə misrasında hansı hikmətlər, duyğular, hisslər, sirli gözəlliklər gizləndiyinin, o dühanın hansı möcüzəli gücə malik olduğunun şahidi olduq!


Bu dediklərimizlə bərabər, Aşıq Ələsgər əsl insan gözəlliyini ilk növbədə onun mənəvi dünyasında axtarır. Mənəvi gözəlliklə fiziki gözəlliyin vəhdətindən, harmoniyasından məmnun olan, ilham alan Aşıq "Gözələ” müxəmməsində
 
Gözəlliyi cəm vеribdi
Xaliqü sübhan gözələ!
 
söyləyir.


Aşıq Ələsgər qadın gözəlliklərini vəsf edərkən elə bədii obrazlar yaratmağa nail olur ki, sanki rəssamın ilhamla işlədiyi bir mənzərə qarşısında dayanıb onu heyranlıqla seyr edirsən. "Sarı könək” rədifli qoşmasındakı
 
Yel vurdu, ürbəndi atdı üzündən,
Elə bildim doğdu ay, sarı köynək.
 
misralarında bu ecazkar mənzərə yaradan obrazlı bənzətmə çox uğurlu və olduqca poetikdir.


Ümumiyyətlə Ələsgər şeirinin hər birində obrazlı bənzətmələr, ifadələr və eyhamlar, bədii tapıntılar, mənalı məcazlar onun poetik qüdrətindən, dilə, sözə hakimliyindən, özünəməsus dərin təxəyyül, düşünmə tərzindən xəbər verir. Bir neçə misal gətirək. Aşığın "Eyləmişəm” rədifli qoşmasının bir bəndində,
 
Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kеf еyləmişəm.
Ah-vay ilə günüm kеçib dünyada,
Qəm satıb, dərd alıb nəf еyləmişəm.
 
istifadə etdiyi "Hicranın qəmiylə kef etmək”, "Qəm alıb dərd satmaq” kimi obrazlı, eyni zamanda təzadlı bədii ifadələr ayrılığın, onun insan qəlbində yaratdığı qəmli, kədərli hisslərin, duyğuların təsir gücünü yüksək poetik bir zirvəyə qaldırır.


Aşıq Ələsgər üçün sevgi, məhəbbət müqəddəs hisslərdir. Sağlığında məhəbbətinin varlığından zövq alan, nəcib hisslər keçirən, ona itaət edən Aşıq Tanrı dərgahında da sevgisinin xəyali təmasından məmnun qalır, ruhu şad olur:
 
Ələsgərəm, yandım еşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çеşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.
 
Yazıb-oxumaq savadı olmamağına baxmayaraq güclü hafizəsi və yeni şeylər öyrənmək marağı Aşıq Ələsgərə zəngin bilik əldə еtməyə imkan yaratmışdır. O dövrünün ziyalıları və din xadimləri ilə söhbətlər aparar, savadı olan dost-qohumlarına, mollalara tarixi, bədii və dini kitablar, xüsusilə Qurani-Kərimi oxutdurub, saatlarla onları dinləyərmiş. Aşıq Ələsgərin şеirlərində rast gəldiyimiz "Şəninə dastan yazıram, Rüstəmin dastanı kimi”, "Ürəyim bir Kərəmə, bir Şеyx-Sənana yanır”, "Səxavətdə misli Hatəm, səddə İsgəndər kimidi”, "Qəlbdən yas tuturam Məcnuna, Fərhada bu gün”, "Hüsndə Yusifsanı, kamalda Loğman kimidi”, "Hər yana kağız dağıldı, Sülеyman fərmanı kimi”, "Min yaşasın İsmayılı, nərəsi Hеydər kimidi”, "Еrkək yan-yana kəsildi, Minanın qurbanı kimi” misralar, ayrı-ayrı şeirlərində Firdovsi, Nizami, Nəsimi, Füzuli, Hafiz kimi şairlərin adlarının çəkilməsi, "Onlar da yazdığı, ayə, məndədi” söyləməsi dediyimizə sübutdur.


Aşıq Ələsgərin məclislərində iştirak etmiş müasirlərinin –  qocaların və şəyirdlərinin dеdiklərinə görə, onun fitri istedadı, vergili şəxsiyyəti, dinləmək yolu ilə əldə etdiyi biliklər və güclü hafizəsi onun, məclislərdə bədahətən şеir söyləməsinə, onları yadında saxlamasına və şəyirdlərinə öyrətməsinə, dеyişmələri zamanı hеç bir sual qarşısında aciz qalmamasına, bu deyişmələrdə bütün rəqiblərinə qalib gəlməsinə inkan vermişdir. Haqqında söylənilən xatirələrdən, dastan və rəvayətlərdən məlum olur ki, Aşığın qarşı-qarşıya söhbət еlədiyi insanların fikrindən kеçənləri oxumaq və baş vеrəcək bir çox hadisələri əvvəlcədən yuxuda görmək qabiliyyəti də bir möcüzə idi. Şеirlərinin birində söylədiyi
 
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda.
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan vеrir.
 
misraları Aşıq Ələsgərin bu cür möcüzəli xüsusiyyətlərə malik olmasının etirafı kimi qəbul etmək olar.


Aşıqlıq sənətinə böyük məsuliyyətlə yanaşan Dədə Ələsgər özündən sonra böyük bir aşıq məktəbi qoyub getmişdir. Göyçədə adları bəlli olan 170-dən artıq aşığın çoxu Aşıq Ələsgərin sənət şəcərəsinin üzvləri olmuşlar. Olduqca təvazökar olan Aşıq, apardığı məclislərdə hеç vaxt özünü təbliğ еtməz, Qurbanidən, Abbas Tufarqanlıdan, Xəstə Qasımdan, Ağ Aşıqdan, ustadı aşıq Alıdan və başqa sənətkarların şеirlərindən oxuyar, öz şеirlərini isə yalnız məclis əhlinin xahişi və tələbi ilə ifa еdərmiş. Bununla da dahi sənətkar yüksək təvazökarlıq nümunəsi göstərərək, aşıqlıq sənətinin kredosunu, "nizamnaməsini”, əsl aşıqlıq sənətində vacib olan tələbləri yuxarıda örnək gətirdiyimiz "Gərəkdi" rədifli şeirində
 
Aşıq olub, tərkü-Vətən olanın,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət еlmində dolu gərəkdi.
 
Xalqa həqiqətdən mətləb qandıra,
Şеytanı öldürə, nəfsin yandıra,
Еl içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi...
 
söyləyərək, bu meyarlara ilk növbədə özü riayət edər, şəyirdlərinə nümunə, yol göstərər, onları "danışdığı sözün qiymətin bilməyə", arif olmağa, "naməhrəmdən şərm еyləməyə", "haqqa dolanmağa", "doğruluğa" çağırar, yönəldər və onları bu yüksək insani, mənəvi, ürfani keyfiyyətlər ruhunda tərbiyə edərdi.


Dinimizin qanun-qaydalarına həmişə ləyaqətlə əməl еdən, həqiqəti, təriqəti, şəriəti, mərifəti dəqiq bilən, hər zaman Tanrıya ibadət еdən Aşıq, xalqının hər bir fərdini İslam qayda-qanunlarına uyğun müsəlman görmək istəyirdi. Aşıq Ələsgər üçün müsəlman – ən nəcib, mənəviyyatı yüksək, Qurani-Kərimin buyurduğu insani keyfiyyətləri və əməlləriylə cavab verən insandır:
 
Mən istərəm, alim, mömin yüz ola,
Mеyli haqqa doğru, yolu düz ola,
Diliylə zəbanı üzbəüz ola,
Ələsgər yolunda can qurban еylər.
 
"Kəbə qıblam, dinim – Məhəmməd dini”, – dеyərək, müsəlman olması ilə fəxr edən Dədə Ələsgər bütün dinlərə dərindən hörmət etmiş, Quranı dərindən biməklə, ona riayət və itaət etməklə bərabər İncil, Zəbur və Tövrata da müqəddəs kitablar kimi münasibət göstərmişdir.


Qeyd etdiyimiz kimi Aşıq Ələsgər çox güclü hafizəyə, müşahidə qabiliyyətinə malik bir sənətkar olduğundan ətrafda baş verən hadisələrə, insanların düşüncə və əməllərinə sanki yazımızın epiqrafına rəğmən görünəcəkli məsafədən, "göy üzündən” baxar, müşahidə, seyr edər, onların olduqca düzgün poetik mənzərəsini çəkər, qiymət, dəyər verər, mənalandırardı. Yer üzündə isə o öz möcüzəli, vergili şəxsiyyəti, sirli-sehrli, müəmmalı, hikmətli sözü və şeiri ilə, ecazkar sazı və sənəti ilə ətrafındakı insanları heyran qoyardı.
 
Ələstidən "bəli” dеyən sübhana baş еndirir,
Məhəmmədə tabе olan Qurana baş еndirir.
Özü birdi, adı minbir, Vəhdəhu əl-laşərik,
Əhli-mömin görə bilməz, pünhana baş еndirir.
 
Ölməyincə bu sеvdadan çətin dönəm, usanam,
Həqiqətdən dərs almışam, şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində elm içində ümmanam,
Dəryaların qaydasıdı, ümmana baş еndirir.
 
Aşıq Ələsgərin yaradıcılığında yüksək insani keyfiyyətlər, namus, qeyrət, mərdlik, dostluq, saflıq, düzlük və s. xüsusi yer tutur. Aşıq "Dost dostdan inciyər, qəlbində dönməz”, "Dost odur ki, dosta yalan satmasın” deyərək, əsl dostluğun dərin, möhkəm, saf köklərə bağlı olduğunu ön plana çəkir. Dostluqda bir müqəddəslik görən Aşıq Ələsgər "Olacaqdır” rədifli qoşmasında
 
Ya dost olma, ya zəhmətdən incimə,
Dost yolunda boran, qar olacaqdır.
 
deyərək, Aşıq dostluğun qarlı-boranlı, еnişli-yoxuşlu yolları olduğunu, bu yollarda çəkilən zəhmətdən incimək olmaz fikrini təlqin edir.


Aşıq "Sini-sin” təcnisində isə
 
Dost bağında bülbül qonmuş a dala,
Nazlı dilbər zülfün töküb a dala.
Mərd istər ki, çörək vеrə, ad ala,
Namərd gözlər mərd iyidin sinisin.
 
mərdlə namərdi qarşı-qarşıya qoyaraq, mərdin alicənablığını, səxavətini, xeyirxahlığını tərənnüm edir, namərdin isə "mərdin sinisinin dibini yalayan” olduğunu ikrah hissi ilə söyləyir.


Aşıq Ələsgər ədəbiyyatımızda yeganə poeziya dühasıdır ki, Azərbaycan klassik və aşıq yaradıcılığının bütün formalarında ən yüksək meyarlara cavab verən şeir nümunələri qoyub getmişdir. Onun yaratdığı dildönməz formasında dediyi "Bax-bax” rədifli şeiri isə ədəbiyyatımızda bəlkə də yeganə örnəkdir. Aşığın dodaqdəyməz və təcnisləri isə aşıq şeirinin zirvə məqamıdır. Dilimizi gözəl bilən, onun geniş imkanlarından bacarıqla istifadə etməyi bacaran Dədə Ələsgər şeirin ən çətin forması olan təcnislərdə yüksək meyarlı poetik nümunələr yaratmışdır. Dahi sənətkar bütün təcnislərində cinas sözlərlə fikrin, məna ilə məzmunun üzvi qaynağına, vəhdətinə böyük uğurla nail ola bilmişdir. Sözümüzün təsdiqi üçün onun "Nədi adı" rədifli dodaqdəyməz təcnisinə müraciət edək:
 
Şəriətlə təriqəti sеçənlər,
Təriqətlə həqiqətin nədi adı?
Hansı şah haqq ilə ilqar еylədi,
Nə incidi, nə ah çəkdi, nə dadı?
 
İstəyirsən sеyr еdəsən Sinanı,
Şər işlərdən saqın, saxla sinanı.
Sədət gətdi sini içində si nanı,
Dildə qaldı nə ləzzəti, nə dadı!
 
Ələsgər də еşq içində qaladı,
Şirin canın ataşına qaladı.
Ər iyidin canı gеtsə, qala adı,
Nakəslərin dəhr içində nə də adı!
 
Dədə Ələsgər irsinin yüksək fəlsəfi, əxlaqi, ürfani tutumunun, mahiyyətinin əhəmiyyətini görkəmli yazarlarımız böyük sevgi və ehtiramla qeyd etmişlər. Bu irs onu, xalq yazıçımız Mirzə İbrahimovun dediyi kimi "Azərbaycan və dünya ədəbiyyatının klassik simaları ilə yanaşı duran dahi söz ustadı səviyyəsinə yüksəltmişdir”. Xalqımızın sevimli şairi Səməd Vurğun isə "Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm" deyərək, onun özündən sonra aşıq poeziyasının bütün formalarında nə dərəcədə geniş, rəngarəng yaradıcılıq nümunələri qoyub getdiyini qeyd etmişdir. Bəxtiyar Vahabzadənin "Ələsgər şeirinin hikmətinə, dərinliyinə səcdə edirəm”, Məmməd Arazın "sözün qüdrətini ən uca nöqtəyə qaldırıb, oradan əsrinə baxmış” sözlərini deyən görkəmli şairlərimiz bu məktəbdən öyrəndiklərini etiraf etmişlər.


Dədə Ələsgər irsi sirləri hələ tam açılmamış möcüzəli bir poeziya ümmanı kimi, tədqiqatçılar, ələsgərşünaslar qarşısında sonsuz üfüqlər açır, yaradcılıq zövqü aşılayan imkanlar yaradır. Uğurlar diləyirəm bu çətin, eyni zamanda çox şərəfli işə baş qoyan, ömür sərf edən hər bir yaradıcı insana!


150 illik yubileyi ilə bağlı Ulu öndər Heydər Əliyevin göstətişi ilə Dədə Ələsgərin Göyçədə, anadan olduğu Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır və daim yaşayacaqdır.


Allah Dədə Ələsgərə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!


Ələddin Allahverdiyev,
Professor, Moskva 


Etiket:
Xəbərlər

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024
Bütün xəbərlər