Kəsəmən məktəbində oxuyarkən bütün şagirdlərin, o cümlədən xüsusilə mənim ən sevimli müəllimlərimdən biri, məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Musa Kərimov idi. El arasında hamı ona “Şair Musa” deyərdi. Onun hündür boyu, olduqca canlı, iti baxışlı gözləri, düşünəndə qırışlara bürünən geniş alnı, cod, həmişə qısa vurulmuş saçları vardı. Xoşsifət, gülərüzlü, zahirən çox emosional, çılğın, daxilən olduqca xeyirxah, səmimi, saf qəlbli bir insan idi.
Musa müəllim Azərbaycan ədəbiyyatını, xüsusilə şifahi xalq ədəbiyyatını, aşıq yaradıcılığını olduqca dərindən bilirdi. Kəsəmən məktəbində də, sonralar Bakıda oxuduğum 190 saylı məktəbdə də dünya, sovet ədəbiyyatını və milli ədəbiyyatımızı gözəl bilən müəllimlər içərisində Azərbaycan şifahi xalq ədəbiyyatını və aşıq yaradıcılığını onun qədər dərindən bilən, sevən və uğurla təbliğ edən ikinci bir müəllimə rast gəlmədim. Dədə Qorquddan başlamış müasir dövrümüzə qədər saz və söz sənətimizin həyatı, yaradıcılığı Musa müəllimin gündəlik sevgisi idi və bu əsrarəngiz söz xəzinəmizi el-obasıyla, şagirdləriylə paylaşmağı özünə borc bilir, şərəf sayır, bundan məmnunluq duyurdu. Misgin Abdaldan, Abbas Tufarqanlıdan, Sarı Aşıqdan, Xəstə Qasımdan, Şair Məmmədhüseyndən, Ağ Aşıqdan, Aşıq Alıdan, Dədə Ələsgərdən, Molla Cümadan, Növrəs İmandan və bir çox başqa söz xiridarlarından saatlarla şeir deyə, bütün dastanlarımızı nağıllarımızı, rəvayətləri, lətifələri, bayatıları, laylaları, oxşamaları, holavarları, sayaçı sözlərini, atalar sözlərini, tapmacaları və s. əzbərdən söyləyə bilərdi. Təsadüfi deyil ki, o olduqca maraqla, ilhamla yazdığı “Tahir və Zöhrə” mənzum dramının mövzusunu eyni adlı xalq dastanından götürmüşdür.
Bütün bunlarla yanaşı Musa müəllim Qurana və dini ayinlərimizə olduqca ciddi yanaşır və onları dərindən bilirdi. Dinimizin müqəddəsliyini, təmizliyini və saflığını qorumağa çalışan Musa müəllim dini fanatizmə, cəhalətə qulluq edən “mollalara” qarşı amansız mübarizə aparırdı. Onun iştirak etdiyi dini mərasim və hüzr məclislərində mollalar özlərini əməlli-başlı yığışdırar, “qələt qarışdırmaqdan” çəkinərdilər.
Musa müəllimlə ilk tanışlığım mənim 3-4-cü sinifdə oxuduğum illərə təsadüf edir. Hesab edirəm ki, bir çox başqa şagirdlərlə bərabər məndə ilk dəfə ədəbiyyata, şeirə, bədii sözün sehrinə, qüdrətinə, poetik fikri duymaq, hiss etmək həvəsini, sevincini, qabiliyyətini aşılamaq Musa müəllimin şeirə, sənətə olan sonsuz məhəbbətinin, onları təsvir edilməz bir emosionallıqla şagirdlərinə və ətrafındakı insanlara çatdırmaq qabiliyyətinin, Allahın ona bəxş etdiyi fitri istedadın məhsuludur.
Onun bu məziyyətlərinin təsiri altında mən ilk dəfə hələ 4-cü sinifdə oxuyarkən şeir yazmağı “sınaqdan keçirməyə” başladım. Adətən o dərs keçərkən partalar arasında gəzişər, bəzən dayanar, fikrə gedər, bədahətən mövzu ətrafında 1-2 bənd şeir deyərdi. Bir dəfə onun dərsində mən “şeir cızma-qara” edərkən qəflətən yanımda dayandı, diqqətlə yazdıqlarıma baxdı və dedi:
– Dərsdən sonra evə getmə, gəl yanıma.
Fikirləşdim ki, yəqin dərs zamanı başqa şeylə məşğul olduğuma görə məni tənbeh etmək üçün yanına çağırır. Dərsdən sonra o məni müəllimlər odasına yox, boş bir sinfə apardı. Orada o mənimlə gülər üzlə olduqca səmimi, mehriban bir söhbət apardı. Nə vaxtdan, hansı mövzularda şeir yazmağımla maraqlandı, “Şeir dəftəri”mdə olanları diqqətlə nəzərdən keçirdi. Ayrı-ayrı iradlarını bildirdi, bəzi düzəlişlər etdi. Təxminən 1 saata qədər şeir yazmağın sirlərindən, qanunlarından müxtəlif şeir nümunələri ilə mənə səbrlə, müəllim-şagird kimi yox, bir kiçik yoldaş, dost kimi başa salaraq danışdı. Axırda mənə son məsləhətini verdi:
– Çalış həmişə bildiyin, hiss etdiyin, duyduğun mövzulardan yaz!
Bu söhbət ürəyimdə Musa müəllimə qarşı bir yaxınlıq, doğmalıq, etibar hissi yaratdı. Bundan sonra yazılarımı müntəzəm olaraq ona göstərər, ondan dəyərli məsləhətlər alardım. Bir gün növbəti şeirlərə baxarkən birinin üstündə dayandı və dedi:
– Bu əsl məktəbli şeiridi, göndər rayon qəzetinə.
Bu sözlərdən mən özümü xeyli itirdim. Çünki belə bir fikir heç ağlıma da gəlməzdi. Bunu hiss edən Musa müəllim əlavə etdi:
– Utanma, çap etsələr bu sənin mətbuatda ilk məktəbli şeirin olar.
Bir müddət sonra rayonumuzun “Bolluq uğrunda” qəzetində Ələddin Binnətov (8-ci sinfi qurtarana qədər soyadım babamın adı ilə gedirdi, sonra sənədlərdə yaş kağızında olduğu kimi atamın soyadıyla yazıldı) imzası ilə “Yaxşı oxuyaq” adlı ilk “şeirim” dərc olundu.
Dostlar, yaxşı oxuyaq,
Hər sənəti öyrənək.
Sovet pionerləri
Əlaçı olsun gərək.
Dərsimizdən "beş" alaq,
Sevək elmi can kimi.
Biz elmin cəbhəsində
Duraq qəhrəman kimi.
Babamız Lenin bizə
Gətirdi gözəl həyat.
Biz də sevək Vətəni,
Yaxşı oxuyaq hər vaxt.
Qəzetdə öz imzamla çap olunan ilk şeirimi Musa müəllim mənə göstrəndə sevincimin həddi-hüdudu yox idi. Eyni zamanda gözlərimdə və qəlbimdə bu sevincə səbəbkar olan müəllimimə qarşı səmimi minnətdarlıq hissi vardı. Onun isə, o gülərüz, nur çöhrəli, xeyirxah, həssas qəlbli insanın sifətində başqa cür, şagirdinin uğuruna öz uğurundan daha çox fərəhlənən olduqca dərin məna kəsb edən, dəyərli sevinc hissi oxunurdu. O məni qucaqlayıb təbrik etdi, bu şeiri yeni yolun başlanğıcı kimi qəbul etməyi tövsiyə etdi və uğurlar dilədi.
Beşinci sinfə keçəndə o məni onun “məktəbinin” bir “şairi” kimi Qəşəm müəllimə “təhvil” verdi. Amma Qəşəm müəllim Rayon Komsomol Komitəsinə katib keçəndən sonra 7-8 siniflərdə yenə sinfimizə ədəbiyyat müəllimi kimi qayıtdı. 8 illik məktəbi bitirib Bakıda oxuyanda da onunla olan olduqca xoş, səmimi, sonralar isə dostluğa çevrilən münasibətlərimiz onun vəfatına qədər davam edirdi.
Təbiət vurğunu olan Musa müəllim onun insanlara bəxş etdiyi gözəlliklərdən sonsuz dərəcədə zövq alardı. Onun bir dəfə dərsimizi təbiətin qoynunda keçirməyi heç vaxt yadımdan çıxmaz. Dağın ətəyində yerləşən Rzayev Nərişgilin evinin üstündən qalxaraq “Gözələr”ə qədər gəzə-gəzə o, həm bizə dərs keçir, eyni zamanda yolumuz üstə çıxan və Göyçə təbiətində mövcud olan bitkilərin, otların, çiçəklərin və s. adlarını – əvəlik, ələyəz, cincilim, yemlik, guzuqulağı, quşəppəyi, unnuca, pərpətöyün, qazayağı, danaqıran, qanqal, turpəng, dəvədabanı, süddüyan, cil ot, baldırğan, kığ, kovux, caşır, kəkotu, qantəpər, gülxətimi, solmazçiçəyi, moyçiçəyi, nərgiz, süsən və s. adları başa salırdı. “Gözələr”də isə, təbiətin o füsunkar qoynunda , güllü-çiçəkli göy çəmənin üstündə yerdən qaynayan bulağın başında Musa muəllimin zəngin ədəbi qaynaqlarımızdan, yuxarıda adlarını çəkdiyim ustadların söz incilərindən və öz yazdığı şeirlərindən nümunələr gətirərkən bizim uşaq qəlbimizə bir coşqunluq, istilik gəlir, qanad açıb şeir aləmində üzmək arzusu yaranırdı... Bu hisslər onun ən çox sevdiyi Dədə Ələsgərin və Səməd Vurğunun “Dağlar” şerlərini özünəməxsus ehtirasla ifasından sonra daha qabarıq şəkildə özünü büruzə verirdi.
Sonra isə Musa müəllimlə birgə oxuduğumuz – “Pəncərədən daş gəlir”, “Aman nənə”, “Qoy gülüm gəlsin”, “Ay qadası” və başqa xalq mahnılarının sədası altında hər birimiz ətirli gül dəstəsi tutub həmin mahnıları oxumaqda davam edərək, kəndə qayıtdıq.
Musa müəllimin bu yaddançıxmaz pedaqoji sınağı onun təbiətə vurğunluğu zəminində insanların, bu halda şagirdlərinin təbiəti, Kəsəməni, bütöv Göyçəni əhatə edən dağların, onun qoynunda bərqərar olmuş yurd yerlərinin, çəmənlərin, qaynayan bulaqların, dərələrin, qayaların, çayların gözəlliklərini duymaq, hiss etmək bacarığını, qabiliyyətini aşılamaq, poeziyanın bu gözəllikləri sözun sirli hikmətiylə ifadə etmək qüdrətini onların qəlbinə sirayət etmək məqsədi idi.
Dərs zamanı onu coşduran, ilhama gətirən, onu “məhvərindən çıxmağa” məcbur edən onun üçün maraqlı sual olardı. Bu anlarda o, fenomenal yaddaşını işə salar, öz söz xəzinəsini açar, onlarla misal və nümunələrlə suala ətraflı cavab verərdi. Bu cavablardan biz sualın mövzusundan əlavə çox şeylər öyrənərdik.
Bir dəfə dərsdə bayatılardan söhbət düşərkən mən ona bəzi şairlərin də hərdən bayatı yazmağını nə qədər əsl, ciddi poeziya ilə uzlaşdığını soruşdum. O həmin dəqiqə sualıma birmənalı cavab verdi:
– O baxır şair bayatısını necə yazıb.
Bundan sonra Musa müəllim yenə də öz unikal yaddaşını işə saldı və demək olar ki, Sarı Aşığın onlarla bayatısını böyük həyəcanla bizə oxuyaraq, onları nümunə gətirərək hər birinin mənasını açıqladı və əlavə etdi:
– Qulaq asın Sarı Aşığın bir bayatısına:
Mən aşıq, tərsinə qoy,
Tər təni tərsinə qoy.
Yaxşını qibləsinə,
Məni də tərsinə qoy.
– İndi isə mənim ən çox sevdiyim Dədə Ələsgərin “İncimərəm” qoşmasından iki misrasını eşidin:
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.
– Fikir verin, hər iki sənətkar o dünyaya gedəndən sonra da istəklisiylə bir birini görmək, onun “varlığını” hiss etmək arzusunu necə sənətkarlıqla ifadə edir! Biri qoşma diliylə, o birisi bayatı diliylə.
– İkinci misala qulaq asın. Sarı Aşıq yazır:
Mən aşığam, hasarı,
Sınıq könlüm ha sarı.
Aşıq dərddən ev tikmiş,
Qəmdən hörmüş hasarı.
– İndi də Aşıq Ələsgərin “Eyləmişəm” qoşmasının iki misrasını dinləyin:
Ah-vayınan günüm keçib dünyada,
Dərd alıb, qəm satıb, nəf eyləmişəm.
– Görürsünüz, oxşar fikirləri – özlərinin yalnız “dərd-qəmdən ibarət olan dünyasını” hər birisi özünəməxsus ustalıqla, poetik dillə necə gözəl təsvir edir.
Nəhayət, Musa müəllim üçüncü misalı, əvvəlcə Sarı Aşığın bayatısını:
Aşıq yamana gələ,
Dərdin yamana gələ.
Yaxşı yaxşıya gedə,
Yaman yamana gələ.
Sonra isə Aşıq Ələsgərin “Eyləmişəm” qoşmasından aşağıdakı misraları söyləyib:
İnsafdımı yara həmdəm xar ola!?
Tülək tərlan ovlağında sar ola!?
– sualın cavabını yekunlaşdırdı.– Mən qəsdən Sarı Aşığın bayatılarını, aşıq yaradıcılığının zirvəsi olan Dədə Ələsgərin yaradıcılığından nümunələrlə müqayisə edib, sizə göstərmək istədim ki, bayatı janrında da ustalıq göstərib xalqın sevgisini qazanmaq olar.
Yuxarıda dediyim kimi, Musa müəllim fenomenal bir yaddaşa, hafizəyə malik idi. Onun bu nadir xüsusiyyətinin həm dərs vaxtı, həm də ondan kənar vaxtlarda dəfələrlə şahidi olmuşdum. Bir dəfə axşam radioda təsadüfən “Arı” satirik jurnalının ilk buraxılışına evdə qulaq asdıq. Verilişdə həm proza, həm də satirik şeirlərlə hamımızın gündəlik həyatda gördüyümüz, hiss etdiyimiz nöqsanlar tənqid olunur, satirik gülüşlə qamçılanırdı. Jurnal bütün ailə üzvlərimizin xoşuna gəlmişdi. Səhəri məktəbdə dərs zamanı ömrü boyu haqq, ədalət tərəfdarı olan Musa müəllim həmin verilişin təsiri altında həyəcanla orada səsləndirilən şeirləri başdan ayağa tam əzbər söylədi. Mən onun bu cür yaddaşına, hafizəsinə heyran qalmışdım. Müəllimlər odasında da müəllimlərin xahişilə dəfələrlə verilişin maraqlı hissələrini onlara ləzzət verə-verə əzbərdən söyləmişdi. Belə unikal yaddaşı həyatımda, ünsiyyətdə olduğum insanlar içərisində yalnız Türk dünyasının böyük şairi unudulmaz, mərhum Zəlimxan Yaqubda görmüşəm.
Musa müəllimin olduqca xeyirxah, kövrək qəlbi var idi. Dərs zamanı şagirdlərə tələbkar olmağına baxmayaraq, adətən tənbeh etdiyi şagirdi dərsdən sonra saxlayar, ona nöqsanlarını və ya fənnə göstərdiyi məsuliyyətsizliyi səmimi surətdə başa salar, lazımi sözlərlə onun könlünü alar, onu ruhlandırardı. Həyatımda üç dəfə onun kövrək qəlbinin əyani təzahürünün, gözlərinin yaşarmasının, şahidi olmuşam.
İlk dəfə onun göz yaşlarını yaradıcılığını ən çox sevdiyi, şəxsən tanıdığı böyük xalq şairimiz Səməd Vurğunun vəfatı xəbərini radioda elan etdikləri gün gördüm. Bu xəbərdən güclü daxili qüssə, kədər hissləri, sarsıntı keçirən Musa müəllimin üzgün halı hamıya, müəllimlərə və biz şagirdlərə də sirayət etmişdi. Anam söyləyirdi, o günün səhərisi onunla parnikdə (tütün şitilləri yetişdirilən bağlı becərmə sahəsi) yoldaş olan Musa müəllimin həyat yoldaşı Səməngül xala arasında belə bir söhbət olmuşdu. Səməngül xala anama Musa müəllimin dünən onun üstünə hədsiz dərəcədə hirslənməyindən şikayət edibmiş. Anam ondan soruşub:
– Niyə, ay Səməngül, nəyin üstə, neyləmişdin ki?
– A Məsmə bacı, Musa dünən evə gələndə heç özündə deyildi. Məktəbdən gəlib içəri girən kimi elə çənətin ağzından dedi ki,
– Səməngül, Səməd Vurğun rəhmətə getdi.
Əlimdə işim vardı, ona görə düzü, onun sözlərinə heç fikir vermədim. O bir az da bərkdən dedi:
– A Səməngül, Səməd Vurğun vəfat elədi.
Mənim yenə də onun sözlərinə məhəl qomadığımı görəndə bütün hirsini tökdü üstümə:
– Ay bisavad, bilirsən kim rəhmətə gedib? Səməd Vurğun, başa düşürsən, Səməd Vurğun!
Səməngül xalanın bu hekayətinin müqabilində anam deyib:
– Ay qız, Səməd Vurğun bizim ən böyük şairimizdi. Onun vəfatıynan bağlı iki gündü bütün Azərbaycan matəm içindədi. A Səməngül, hesab elə ki, sən Musa müəllimin qəzəbindən “sağ-salamat” qurtarıbsan.
Səməd Vurğunun vəfatı həqiqətən Musa müəllimə çox güclü təsir etmişdi. O bu xəbərin qəm-kədərindən bir neçə gün özünə gələ bilmirdi.
Bakıda və Moskvada oxuyarkən adəti üzrə yay tətillərimi doğma kəndimizdə keçirərdim. Gəldiyim günün səhərisi kəndimizin mollası İsaq əmiylə kənddə son vaxtlar vəfat etmiş insanların evinə gedər, ailə üzvlərinə başsağlığı verərdim. Bir dəfə yenə də kəndə gələrkən evdə Musa müəllimin xəstələndiyini və Şişqaya xəstəxanasında müalicə aldığını xəbər verdilər. Bu xəbər mənə çox pis təsir etdi. Anama səhərki hüzr yerlərinə baş çəkməyi başqa günə keçirib, Şişqayaya, xəstəxanaya, Musa müəllimin “yanına dəymək”, ziyarət etmək istəyimi bildirdim. Anam böyük razılıq hissi ilə mənə bir xoruz kəsdirdi, səhər tezdən təndir qalayıb təzə çörək bişirdi və bir yemək boxçası düzəldib: Hamımızdan Musa müəllimə salam de, – sözləriylə məni yola saldı. Xəstəxanada onu tapanda gözlərimə inanmadım. O hündür boylu, qamətli, cüssəli, dilində həmişə hikmətli söz, şeir səslənən o vüqarlı insan xəstəxana libasında necə də arıq, sısqa görünürdü. Məni görəndə gözləmədiyindən sanki o da özünü bir qədər itirmişdi. Yaxınlaşıb bir-birimizə sarıldıq. İstər-istəməz mənim gözlərimdən yaş axmağa başladı. Mən mütəəssirlik içində onun da gözlərindən yaş axdığını hiss etdim. Bir azdan özümüzə gəlib “xəstə” üçün gətirdiyim “payı” ona verəndə heç bir vəchlə onu götürmək istəmirdi. Mən ona deyəndə ki, bu boxçanın mənə heç bir dəxli yoxdur və bunu anam ailə üzvlərimizin salamıyla bərabər ona pay qoyub, bundan sonra o yumşalıb:
– Məsumə bacının göndərdiyi payı götürməmək günah iş olar. Ona mənim minnətdarlığımı çatdır! Payı çox olsun!
Həmin gün xəstəxana həyətində onunla 3-4 saat ürəkdən səmimi söhbət etdik. O mənim Bakıda oxuduğum məktəbdəki uğurlarımla maraqlandı. Ona məktəbimizdə ayrı-ayrı məşhur şairlərimizlə keçirilən görüşlərdən, orada öz şeirlərimlə çıxışlarımdan danışdım, onun təkidiylə onları ona da oxudum. Dinlədiyi şeirləri razılıq hissiylə qarşılayıb müqabilində o da bir neçə öz şeirini söylədi. Bu görüşümüz nədənsə mənim beynimə əbədilik həkk olunub. Bu görüşün təəssüratı mənə onun nə qədər gözəl, həssas, xeyirxah və eyni zamanda kövrək qəlbə malik olduğunu əyani surətdə sübut etdi. Eynilə belə bir görüş onun V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) qiyabi oxuyarkən yay sessiyasına gələndə mənim onu tələbə yataqxanasında tapıb ziyarət etdiyim zaman baş verdi. Onda da bizim Şişqaya xəstəxanasında keçirdiyimiz hisslər, duyğular eynilə bir daha təkrar özünü büruzə verdi.
Musa müəllim daxilən olduqca azad, sərbəst, heç kəsdən asılı olmayan bir insan idi. O şəxsi sərbəstliyi, vicdan azadlığını, halal əməyi, zəhmətiylə, alın təriylə qazandığı çörəyi hər şeydən üstün tutardı. Yadımdadır, öz evini tikərkən onun özülünü, himini, təməlini Ağsuyun dərəsini ağuşuna almış iki dağın döşündəki qayaları yararaq atla gətirib tökmüşdü. Evin divarlarını isə bahar sellərinin qabağına salıb gətirdiyi sal çay daşlarından öz əlləriylə tikmişdi. Sanki o istəyirdi ki, tikdiyi ev qaya kimi əzəmətli, çay daşları kimi möhkəm olsun! Evin həyətinə öz əlləriylə meyvə ağacları, ətrafa söyüd, qovaq və s. ağaclar, aralarına isə qızılgül və itburnu kolları salmışdı.
Zənn edirəm ki, bütün bunlar beş övlad böyütmüş Musa müəllimin el arasında gəzən, atalar məsəllərində deyilən, müdrik kitablarda yazılan “Kişi gərək ev tiksin, ağac əksin və övlad böyütsün” hikmətli kəlamını həyata keçirmək istəyinin məhsuludur.
Musa müəllim bütün ömrü boyu haqqı, ədaləti, düzgünlüyü hər şeydən üstün tutar, onların həyatda bərqərar olması üçün daima çalışar, ətrafında baş verən haqsızlıqlara qarşı daxilindən alovlanan bir qəzəb hissiylə, hiddətlə mübarizə aparardı. O biz şagirdlərə ən çox sevdiyi obraz, tarixdə real yaşamış şəxsiyyətlərdən olan Bəhlul Danəndənin həyatı haqqında, onunla bağlı çoxlu hikmətli əhvalatlar danışardı. Təsadüfi deyil ki, o övladlarının birinin adını Bəhlul qoymuşdu. Açığını deyim, onun sözlərində, danışığında və hərəkətlərində də bir sirli, müəmmalı danəndəlik vardı.
Bir gün Musa müəllim haqq-ədalətlə bağlı Bəhlul Danəndənin aşağıdakı ibrətamiz bir əhvalatını danışdı:
– “Bir gün Bəhlul Danəndə küçəynən gedirmiş. Birdən görür ki, iki nəfər möhkəm dalaşır, az qalır bir-birini öldürsünlər. Bəhlul Danəndə yaxınlaşıb bunları ayırana qədər biri çıxarır xəncəri soxur o birinin qarnına və cinayətkar qaçıb gedir. Vurulmuş adamın xəncər qarnında yerdə əzab çəkdiyini görən Bəhlul Danəndə dartıb xəncəri çıxarır. Adamın əzabları bir az azalsa da, bu zaman o canını tapşırır. Səs-küyə yığılan camaat Bəhlul Danəndədən soruşur:
– Bunu kim öldürdü?
Bəhlul Danəndə baxır ki, əlində qanlı xəncər, yerdə meyid və deyir:
– Mən öldürdüm!
Bəhlul Danəndəni çəkirlər hökmdarın, yəni qardaşı Harun Ər Rəşidin divanına. Hökmdar-qardaş Bəhlul Danəndədən soruşur:
– O adamı sən öldürdün?
Bəhlul Danəndə deyir:
– Mən öldürdüm!
O zamanki qanunlara görə ölümə görə ölüm cəzası verilirdi. Şəhərin baş meydanında dar ağacı qurulur, bütün şəhər camaatı məcburən bura yığılır və cinayətkar hamının gözü qarşısında asılırdı. Bəhlul Danəndəni çəkirlər dar ağacının altına, kəndiri keçirirlər boğazına və kəndiri darta-darta sonuncu dəfə soruşurlar:
– Sən öldürdün?
Bəhlul Danəndə camaatın içində olan əsl cinayətkarın gözünün içinə baxaraq yenə də deyir:
– Mən öldürdüm!
Bu zaman əsl cinayətkarın vicdanı dözmür və irəli çıxaraq deyir:
– Bəhlul Danəndənin günahı yoxdur, onu buraxın, həmin adamı mən öldürmüşəm!
Bu sözlərdən sonra dar ağacının kəndirini Bəhlul Danəndənin boğazından çıxarırlar və özünə gəlsin deyə yerə uzadıb deyirlər:
– Axı biz bilirdik ki, sən adam öldürən deyilsən, bəs niyə deyirdin ki, “mən öldürmüşəm”?
– Bilmək istəyirdim ki, bu dünyada haqq-ədalət var, ya yox?
– Bəs nə öyrəndin, bu dünyada haqq-ədalət var, yoxsa yox?
Dar ağacının kəndiri dartılan zaman boğazı xırıldayan Bəhlul Danəndə deyir:
– Bu dünyada haqq-ədalət var, amma boğazında bir az xırıltısı da var!”
Rəvayəti danışandan sonra Musa müəllim danışdıqlarına belə bir tövsiyə ilə yekun vurdu:
– Haqq, ədalət həyatda əvvəl-axır aşkar olub, öz yerini tutmalı, qalib gəlməlidir. Amma bunun üçün var qüvvə ilə çalışmaq, onun qələbəsi üçün əlindən gələni etmək, əzmlə mübarizə aparmaq lazımdır!
Əziz dostlar, Musa Kərimov (Şair Musa) haqqında xatirə yazarkən onun ilhamlı şeirlərinə müraciət etmədən onun bir yaradıcı insan kimi hərtərəfli, həcmli obrazını vermək qeyri mümkündür.
O illərdə yaxından tanış olduğum, daima, müntəzəm olaraq yazılarını izlədiyim və yaradıcılıqlarına hörmət etdiyim Göyçə yazarları içərisidə məni qeyri-adi poetik düşüncə tərziylə, fitri istedadıyla, qaynar, ilhamlı təbiylə, möcüzəli dünyagörüşlərilə heyrətləndirən iki şair var idi, İsmixan Məmmədov (İsmixan Didərgin) və Musa Kərimov (Şair Musa). Onların bu məziyyətlərini özlərində əhva edən iki müəmmalı, sehrli söz var: Allah vergisi.
Fikir versəniz, Musa müəllimin şeirlərinin bir çoxunda o özünü “qəm, dərd içində olan bir insan” kimi qələmə verir. Nəzərinizə onun şerimizin ən gözəl formalarından biri olan təcnis formasında yazdığı üç şeirindən parçaları çatdırmaq istərdim.Gəlin, “Haray” təcnisindən iki bəndə nəzər salaq:
Yaram artıb yetişibdir a yüzə,
Səsim çatmır, xəbər verəm ay üzə,
Qorxuram ki, bu dərd məni ay üzə,
Cavankən bükələr ay ağa, haray.
Biçibsən Musaya dərddən yaxalıq,
Ət tökülüb, köynək qalıb yaxalıq.
Ya canım al, ya da qurtar ya xalıq,
Gəl salıb qovurma a yağa, haray.
və ya “Atam məni” təcnisinin “tapşırma” bəndinə baxaq:
Musayam, kəsilmir müttəsil ahım,
Al canımı, yer üzündən sil, ahım,
Bir kamil ovçuyam, əldə silahım,
Ov keçdi, dərd qoymur ay atam məni.
və nəhayət, “Ay azalıbdır” təcnisinin son iki bəndini oxuyub ləzzət alaq:
Yazıq bəxtim əzəl gündən qaradı,
Bağrım yanır, bir də çəkmə qar adı,
Tapılmır dərmanım, günüm qaradı,
Vədə tamam olub, ay azalıbdır.
Musayam, alınmır sözüm, nə yazım,
Söz qurtardı, dərdim deyim, nə yazım?
Nə qışım seçilmir, mənim nə yazım,
Ömrümün gülünü ayaz alıbdır.
Bütün həyatı boyu xalqının, el-obasının dərd-sərinə şərik olan Musa müəllim zənnimcə, bu səpkili şeirlərində də, tək özünün yox, müxtəlif dərdə, kədərə, qəm-qüssəyə düçar olmuşların ümumi obrazı adından qüdrətli şair qələminin ecazkar qüvvəsylə dəyərli poeziya nümunələri yaradıb. Hiss edirsiniz, bu təcnislərdə şairin ömrü boyu səcdə etdiyi ən sevimli ustadının, Dədə Ələsgərin şeir dühasının nəfəsi duyulur.
Musa müəllimin “Ustadnamə”si də Dədə Ələsgər, əsrarəngiz Göyçə aşıq məktəbinin ədəbi qaynaqlarından süzülüb gələn aşıq şeirinin ənənəsinə uyğun olan müdriklik nümunəsidir:
Hərcayi sözündən inci düzülməz,
Zəhər şüşəsindən şərbət süzülməz,
Həqiqət iş incəlsə də üzülməz,
Yaxşılıq bir güldür solub zay olmaz.
Onun “Olsa” rədifli şeiri də poetik hikmətlə zəngindir:
Könül, çox da havalanma,
Külli ixtiyarın olsa.
Sadə dolan, lovğalanma,
Min bir hünər varın olsa.
Hal bilən ol, mətləb qanan,
Dost yolunda oda yanan.
Cavan qalarsan hər zaman,
Bir vəfalı yarın olsa.
Qulaq asın siz Musaya,
Nəsihətim getməz zaya.
Müdəm saxla sən dünyaya,
Ellər havadarın olsa.
Musa müəllimin ən çox sevdiyi şairlərdən biri Mirzə Ələkbər Sabir idi. O Sabirin tək Azərbaycan ədəbiyyatında yox, dünya ədəbiyyatında yalnız ona məxsus yeri olduğunu həmişə təkrar edərdi. Yüz il bundan sonra da onun aktual, müasir olacağına əminliyini bildirirdi. Sabirin “Hophopnamə”sini Musa müəllim əzbər bilirdi. Dədə Ələsgər və Səməd Vurğun kimi o Sabirdən də saatlarla şeir söyləyə bilərdi. Zənnimcə haqqa, ədalətə, xalqına dərin sevgi hissləri, millətinin ayrı-ayrı nümayəndələrinin insana yaramaz fikirləri və hərəkətlərinə qarşı olan ikrah hissi onun Sabir yaradıcılığına olan məhəbbətin zəminində durur, onu sabiranə şeirlər yazmağa sövq edirdi.
Arzum budur günbəgün böyü, yaşa dol, gülüm,
On altıya çatanda bir gözəl sev, al, gülüm,
Elmi sənəti atıb vəzifədar ol, gülüm,
Mən də hünərin görüm, deyim ki, can-can, bala,
Atasına oxşayan boyuna qurban, bala.
Musa müəllimin “Bala” şeirindən gətirdiyim bu nümunə unudulmaz Sabir qələminin satirasına bənzəmirmi?
Ey bəxt, harada yatmısan?
Yuxudan oyan, mən ölüm!
Könlüm evini yıxma gəl,
Eyləmə viran, mən ölüm.
Mənə bir vəzifə yetir,
Tapım şöhrət-şan, mən ölüm.
Bu niyyətim baş tutmasa,
Üzülməzmi can, mən ölüm?
Zəhmət çəkib tər axıtsam
Onda mənə deyilmi ar?
Sənətə də meyl etmərəm,
Bir balaca zəhməti var.
Elmə tərəf yön çevirsəm
Baş yorular, rəngim solar.
Söylə vəzifə deyilmi,
Halıma uyan, mən ölüm?
Fikir verirsinizmi, sanki bu “Mən ölüm” şeirində də Sabirin satirik obrazlarından biri danışır.
Musa müəllimin “Pişiyin balasına nəsihəti” təmsilində qoyulan fikir dünən də aktual idi, bu gün də müasirdi, zənn edirəm, Sabirinkilər kimi sabah da öz hədəfinə – bəzi “qanun keşiyində duranlara”, “dövlət məmurlarına” ünvanlanıb. Bir gün pişik balasını yanına çağırıb ona öyüd-nəsihət verir: oğurluq eləmə toxnəfis ol “əldən təmiz ol”), siçanlara (“qanun pozanlara”) qarşı amansız ol və s.
Bundan bir az keçmiş ana pişik:
Qayıdıb xəlvətcə mətbəxə endi,
Tərpəndi bığları, alışdı gözü,
Tamam yaddan çıxdı bayaqkı sözü,
Əyləşib qaymaqdan doyunca yedi,
Sonra kərə yağa “bəri gəl” dedi...
Anasının sözlərinə qulaq asıb, hərəkətlərini gizlicə izləyən bala pişik də:
O gündən bala da oğurluq etdi,
Anası tutduğu yol ilə getdi.
Şeirin sonunu şair hikmətli bir nəsihətlə bitirir:
Budur öyüdünün sonu həmişə
Sözü əməlinə əks olanların,
Bəd işləri edib özünə peşə
Özgəyə ədəbdən dəm vuranların,
Tərbiyəsiz olan hər hansı bir kəs
Başqasına ədəb öyrədə bilməz.
Musa müəllim yazıb qoyduğu şeirlərində sanki bugünkü və gələcək nəslə öz həmişəyaşar obrazını qoyub getmişdir.
Tanıyanlar əhsən deyir,
Sənin gözəl adına mərd.
Neçə dəfə süfrə açsan,
Mehman düşür yadına mərd.
Dostluq dara düşən zaman,
Sən yanırsan oduna mərd.
Çağırsan şahlar şahını,
Tez yetişsin dadına mərd.
Ey məclislər yaraşığı,
Xeyirxahlıq xoşdu sənə.
Könlüm səndən ilham aldı,
Məhəbbətim coşdu sənə.
Hər mahalda bir evin var,
Dünya aləm dostdu sənə.
Hamı bilir bu niyyətin,
Keçəcək övladına mərd.
Şair Musa tərif eylər,
Ömrü boyu sana, a mərd.
Bu kamalda mərifətdə
Sən taysan loğmana, a mərd.
Quş iliyi lazım olsa,
Taparsan mehmana, a mərd.
Sənsən Hatəm yadigarı,
Mərhəba ustadına mərd.
Bu “Mərd” rədifli müxəmməsində və başqa şeirlərində Musa müəllimin ömrü boyu dəyərləndirdiyi yüksək insani keyfiyyətləri – dostluğa sədaqət, etibar, namus, qeyrət, qonaqpərvərlik, xeyirxahlıq, nəcabət, səmimiyyət, düzgünlük, mərdlik və s. xüsusiyyətləri – əminliklə onun özünə, ilhamı gələndə gözəl şeirlər yazan, şirin, məzəli yumor hissinə malik olan, qonaqpərvər bir şəxsə, kiçik qardaşı, mərhum İsa Kərimova da şamil emək olar!
Musa müəllimin cəmi 38 yaşında faciəli ölümü onun doğmaları və yaxınları kimi məni də sarsıtdı...
Həyat çox qəribədir, müəmmalıdır, sirlidir... Mənim həyatda ən çox sevdiyim müəllimlərimin, bir-birinə qarşılıqlı hörməti və məhəbbəti olan iki böyük şəxsiyyətin – Qəşəm Aslanovun və Musa Kərimovun hər ikisi cavan yaşlarında bir-birinə bənzər taleylə, avtomobil qəzasında həlak oldular.
ALLAH HƏR İKİSİNƏ RƏHMƏT ELƏSİN!
Əziz, sevimli müəllimim Musa Kərimovun işıqlı, nurlu obrazı mənim və bütün onu tanıyanların qəlbində əbədi məskən salmışdır!
Ələddin Allahverdiyev,
professor, Moskva.
Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb
01.11.20241948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI
22.10.2024Möhtərəm prezident!
Cənab Zati-aliləri!
“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA
07.10.2024Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.
27.09.2024Usta Abdullanı anarkən..
25.09.2024Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.
12.09.2024XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU
06.09.2024Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.
02.09.2024İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız
03.08.2024“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib
03.08.2024“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB
01.07.2024“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına
29.06.2024“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB
27.06.2024“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib
26.06.2024Vətən anam, Vətən eşqim, ovqatım.
Yaddan çıxmaz dəyəri var Göyçənin.
Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.
21.06.2024POEZİYA BİLİCİSİ HƏKİM
18.06.2024Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ
24.05.2024Qədir Aslan yaradıcılığının qoşa zirvəsi
15.05.2024Ikinci Dünya savaşında həlak olan Aşıq İdris
12.05.20249 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.
11.05.2024Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.
10.05.2024Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı
10.05.2024Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir
10.05.2024NARINCI YUXULAR
08.05.2024ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ
08.05.2024NƏQA MİNMƏK NƏDİR?
08.05.2024Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu
28.04.2024Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.
20.04.2024Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
16.04.2024Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi
01.04.2024ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO
26.03.2024NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!
20.03.2024Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar
19.03.202416 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.
16.03.2024Niyə məhz Qurbani?
04.03.2024Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO
26.02.2024Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR
24.02.2024Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib
24.02.2024Qərbi Azərbaycan kəndləri – Cıvıxlı
21.02.2024Pəmbək. (Göldək)
21.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU
17.02.2024Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”
16.02.2024BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN
Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
12.02.2024QOŞABULAQ
06.02.2024DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ
16.01.2024DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI
15.01.2024