Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illərfəaliyyəti haqqında

21:32 / 08.05.2023
Baxılıb: 2072

Arxiv fondlarını gözdən keçirərkən Azərbaycanda 1941-1945-ci illərdə fəaliyyət göstərmiş hərbi təxliyə hospitalları haqqında çox böyük həcmdə materiallar diqqətimi çəkmiş və ilk olaraq artıq tarixə çevrilmiş həmin müharibənin bu aspektinin bizdə nə dərəcədə tədqiq olunduğu ilə maraqlanmışdım. Paradoksal vəziyyətlə üzləşmişdim. Açıq resurslarda rast gəlinən bir-iki ötəri yanaşmanı nəzərə almasaq, bu mühüm sayıla biləcək məsələ tədqiqatçıların diqqətindən kənarda qalmışdı. Diqqətinizə təqdim olunan bu nəşr o günlərdə üzləşdiyim bu mövzuya maraqdan doğuldu.
​Deyim ki, axtarışların gedişində nə qədər arxiv materialını nəzərdən keçirmək, sənədləri incələmək lazım gəlmişdir. Təxliyə hospitallarının fəaliyyətini araşdırarkən onlarla vəfat etmiş soydaşlarımıza sıx-sıx rast gəlinirdi. Yekun olaraq bu nəşrdə 1941-1945-ci illərdə Azərbaycanda fəaliyyət göstərən təxliyə hospitalları və onlarda dünyasını dəyişmiş 598 soydaşımız haqqında məlumat ilk dəfə sistemli bir tərzdə ifadəsini tapdı. Burada sözügedən təxliyə hospitallarının fəaliyyətinə işıq salınır, 598 əsgər və zabit soydaşımıza gəldikdə, onların cəbhədəki əsgəri xidmətlərindən, igidliklərindən bəhs olunmur. Sadəcə, onlar döyüşlərdə yaralanmış, yaxud ekstremal şəraitdə ağır xəstələnmiş, infeksion xəstəliyə yoluxmuş və təxliyə hospitalına çatdırılmışlar. Lakin müalicənin faydası olmayıb... Bu hərbi-tibbi müəssisələrdə çalışmış qabiliyyətli həkimlərin fədakarlığına rəğmən, hospital çarpayısında gözlərini həyata yummuşlar.
​Azərbaycan, Ermənistan və Gürcüstandan səfərbərliyə alınmış bu soydaşlarımız haqqında digər nəşrlərdə, məsələn Xatirə Kitabında yer alan, eləcə də o zamankı hərbi komissarlıqlarda toplanmış məlumatların çox halda natamamlığını, qeyri-müəyyənliyini nəzərə aldıqda, arxiv materialları ilə işləyərkən rast gəldiyimiz bu bilgilər onların acı taleyinə dəqiqliklə aydınlıq gətirirdi. Odur ki, belə bir nəşri vacib saydıq, hesab etdik ki, bunlar indiyədək bizə məlum olmayan təfsilatlardır.
​Əsas mənbə qismində SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Dövlət Arxivində saxlanılan sənədlər – hospitallarda ölənlərin uçot kitabları, hospitallarda ölənlərin 100 №-li Yerli Təxliyə Məntəqəsi tərəfindən hazırlanmış siyahıları nəzərdən keçirilmişdir. Eləcə də bu siyahılara əlavə edilmiş digər sənədlər – hərbi hissə komandanlığının hazırladığı məruzələr, məlumatlar, arayışların elektron variantları, rayon və şəhər hərbi komissarlıqların məlumatları, Azərbaycan Respublikası Xatirə Kitabında yer almış, müharibədən qayıtmayanların qohum-əqrabalarının verdiyi məlumatlar da nəzərə alınmışdır.

​Nəşrin sonunda təxliyə hospitalları üzrə hər bir döyüşçü haqqında məlumat verən sənədin qısa bir parçası və sənədə əlavə edilmiş izahlar (rus dilində) təqdim olunur (kitabın həcmi, eyni zamanda sənədlərin bir çoxunun çətin oxunuşu ilə bağlı olaraq müvafiq sənədləri hamısını göstərə bilmirik). Məlumatların böyük əksəriyyətində hər bir əsgər və zabitin adı, atasının adı, doğum tarixi, doğulduğu yer, hərbi xidmətə çağrıldığı komissarlıq, hərbi rütbəsi, xidmət etdiyi hərbi hissə göstərilir.​
​Sənədlərə isnadla, təxliyə hospitallarında həyata gözlərini yummuş yüzlərcə döyüşçünün dəfn olunduğu yer də bəlli olurdu, halbuki rayon hərbi komissarlıqlarının bir vaxt başdansovdu hazırladıqları siyahılarda onlar çox zaman standart ifadə ilə “itkin düşmüş” sayılır. Təxliyə hospitalına gətirilmiş yaralının (və ya ağır xəstənin) uçot kartında isə hərbi qulluqçunun taleyi haqqında dəqiq informasiyaların əks olunduğunu görürük. Çox böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, keçmiş təxliyə hospitallarına aid əsgər məzarlıqları son onilliklərdə lazımınca qorunmayıb, yerdəyişmələr olub, bu da müvafiq dəqiqləşdirmələrdə çətinlik törədir.
​Əlbəttə, 1941-1945-ci illərdə alman faşizminə qarşı müqəddəs savaşda həyatını itirmiş hər bir döyüşçü milliyyətindən asılı olmayaraq Şəhiddir. Hər şəhid bir qəhrəmandır. İkinci Dünya müharibəsinin tərkib hissəsi olan 1941-1945-ci illərin müharibə cəbhələrində öz torpağını, öz ölkəsini, öz millətini XX yüzilin bu qorxunc şərindən müdafiə edirdi, bu yolda həyatını itirmişdir. Əbəs yerə deyilmir ki, bəşəriyyəti faşizm taunundan xilas edənlər tarixin yaddaşında əbədi yaşamaq hüququ qazanıblar.
​Məlum məsələdir ki, hər hansı müharibə həmişə itkilərə, o cümlədən, böyük sayda canlı itkilərə səbəb olur. Yaralı və ya xəstə əsgər öz vəzifəsini artıq tam yerinə yetirə bilmir. Onun müalicə, ön xətdən alınıb arxaya müalicəyə aparılma və həyatını xilas etmə məsələsinin təşkili hərb dövründə mühüm önəm kəsb edir. 1941-ci ildə Almaniyanın qəfil hücumunun ilk aylarında sovet qoşunlarının geriyə çəkilməsinin döyüşən ordularda hərbi-tibbi xidməti də ağır vəziyyətə saldığı bəlli məsələdir. Bir tərəfdən tibb işçiləri, dava-dərman çatışmır, digər tərəfdən isə düşmən aviasiyası tibb ocaqlarını bir-bir sıradan çıxarır, tibbi infrastruktur məqsədyönlü şəkildə məhv edilirdi. Yaralıları və xəstələri ağır şəraitdə müalicə etmək lazım gəlirdi. Belə bir fəlakətli duruma baxmayaraq, 1941-ci ildə müharibə başlananda ön və arxa cəbhədə bu işin təşkili yönündə mühüm işlər görülmüşdü.

​Bəlli olur ki, müharibənin başlanması ilə Azərbaycan SSR-in səhiyyəsi və tibb elmi də ağır sınaq qarşısında olmuşdur. Ön və arxa cəbhənin ehtiyaclarını ödəmək üçün səhiyyə orqanlarının, müəssisələrin, eləcə də ali və orta tibb məktəblərinin, elmi-tədqiqat institutlarının fəaliyyətini yenidən qurmaq lazım gəlmişdi. Sovet rəhbərliyinin müharibənin ilk günlərindən Ordunun yaralı və ya xəstə əsgər və zabitlərinin müalicəsini təşkil etmək üçün aldığı qərarlar sırasında Sov. İK(b)P Mərkəzi Komitəsinin yaralı döyüşçülərə xidmət üçün yerli yardım komitələrinin yaradılması barədə 8 oktyabr 1941-ci ildə qərarını göstərə bilərik. Bu komitələrin başlıca vəzifəsi yaralılara və xəstələrə xidmət göstərmək və xəstəxanaların işinə gündəlik nəzarət üçün səhiyyə orqanlarına geniş ictimai yardımı təşkil etmək idi.
​Bu qərara əsasən, 1942-ci ilin yanvarında Azərbaycanda K(b)P Mərkəzi Komitəsinin katibi Əziz Əliyev başda olmaqla “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək” Respublika Komitəsi yaradılmışdı.

Ümumi səfərbərlik planına əsasən, Azərbaycanda hospital şəbəkəsini ilk vaxtlar 6000 çarpayılıq, 7-8 təxliyə hospitalı həddində qurmaq planlaşdırılırdı. Lakin cəbhələrdə baş verən ağır hadisələrin gedişi Bakını və bütün Azərbaycanı hərbi sanitariya və təxliyə xidmətinin fəaliyyət bazasına çevirmişdi. Cəbhədəki, özəlliklə də Şimali Qafqaz istiqamətindəki vəziyyət dərin arxa cəbhə xəstəxanaları, yaxud səyyar səhra xəstəxanaları funksiyasını daşıyan təxliyə hospitallarının daha çox məhz Azərbaycanda yerləşdirilməsini zəruri etmişdi.
​Azərbaycanda təşkil olunmuş hospitalların fəaliyyətini araşdırarkən bəlli olur ki, hələ müharibənin ilk günlərində Bakıda beş min çarpayılıq beş hərbi hospitalın təşkili mümkün olmuşdu. Bu hospitallar: ali məktəb binalarında, məktəblərdə, mədəniyyət evlərində, mövcud tibb müəssisələrində yerləşdirildi, onların zəruri avadanlıqla təchizi şəhər tibb müəssisələrinə həvalə olunmuşdu. Hospitallarda çalışmaq üçün tibb işçiləri ilə yanaşı, mülki vətəndaşlar da cəlb olunurdu.
​Yaralıların cəbhədən Azərbaycana gətirilməsi əsasən 1941-ci ilin sentyabrın əvvəlindən başlamış və bir ay ərzində burada fəaliyyətə başlamış təxliyə hospitallarına 2810 nəfər qəbul edilmişdi. Ümumilikdə isə buradakı hərbi hospitallara 1941-ci ilin sentyabr-noyabr ayları ərzində cəbhələrdən 22,5 min yaralı və xəstə gətirilmişdi. Cəbhə xəttinin yaxınlaşması, yaralı qəbulunun intensivliyi, Şimali Qafqazdan və Rusiyanın ayrı-ayrı şəhərlərindən bir sıra təxliyə hospitallarının Azərbaycan SSR hüdudlarına köçürülməsi ilə əlaqədar yeni təxliyə hospitallarının yerləşdirilməsi, yaralıların, xəstələrin qəbulu və çeşidlənməsinin operativcəsinə həllini tələb edirdi. Bu durumu nəzərə alan Səhiyyə Komissarlığı hər yerdə yararlı və inzibati binaları, təcrübəli tibb kollektivlərini təxliyə hospitallarının sərəncamına vermişdi.
​Bəzi hallarda, Bakı Şəhər Səhiyyə İdarəsi, yerlərdə bir neçə evdar qadını cəlb etməklə, iki-üç gündə yeni bir hospitalın işini qurmağı bacarırdı, halbuki dinclik dövründə bu təşkilati məsələ, həftələr və hətta aylarla vaxt aparan bir iş idi. İctimaiyyət, əsasən də qadınlar yaralı döyüşçülər üçün əlverişli şərait və rahatlıq yaratmaq üçün əllərindən gələni əsirgəmirdilər. Məsələn, Orconokidze (indiki Suraxanı) rayonunda 3678 saylı xəstəxananın təşkili zamanı əhalidən 300 dekorativ bitki, 87 yastıq, 63 süfrə, 104 salfet, yüzlərlə pəncərə pərdəsi toplanmışdı. Bu, yerli əhalinin, Bakıda və bölgələrdə təxliyə hospitallarının təşkilindəki fəal iştirakına parlaq misaldır.
​Rəqəmlərə isnadla, Azərbaycandakı təxliyyə hospitallarına 1941-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində daxil olan 22.409 yaralı və xəstə əsgər və zabitdən 9 mindən çoxu sağalaraq hərbi hissələrə qayıtmışdılar. Amma 1941-ci ilin sonuna doğru təxliyə hospitallarına yaralı və xəstə qəbulu getdikcə artmağa başlamışdır: 1-14 dekabr 1941-ci il tarixləri arasında Bakıya yaralılarla dolu 22 hərbi sanitariya qatarı gəlmişdi. Bu vəziyyət yeni təxliyə hospitallarının təşkilini tələb edirdi.

Görünən budur ki, 1942-ci ilin yayı hospitalların işində ən çətin dövr olub. Faşist orduları Qafqazın ətəklərinə yaxınlaşır, alman komandanlığı Bakı neftinə can atırdı. Cəbhə Bakıya yaxınlaşdıqca hospitallara daxil olan yaralıların sayı da kütləvi şəkildə artmışdı. Cəbhə xəttinin yaxınlaşması və Şimali Qafqazdan və mərkəzi Rusiyanın ayrı-ayrı şəhərlərindən bir sıra təxliyə hospitallarının Azərbaycan SSR hüdudlarına daşınması ilə əlaqədar paytaxt Bakıda hospital şəbəkəsinin tutumu 1942-ci il ərzində 6000 çarpayıdan 31.400 çarpayıya, hospitalların sayı isə 5-dən 41-ə yüksəlmişdi. Bu hospitallar üz-çənə, neyro-cərrahiyyə, göz, protez, yoluxucu xəstəliklər, terapevtik və dəri-zöhrəvi olmaqla ixtisaslaşmışdılar.
​İş o yerə çatmışdı ki, indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında (məşhur mesenat Musa Nağıyevin Müsəlman Xeyriyyə Cəmiyyətinə bağışladığı İsmailiyyə binası), Azərbaycan Dövlət İqtisad Universitetinin binasında da təxliyə hospitalları yerləşirdi. Daxil olan yaralıların sayı getdikcə artdığından, Azərbaycan K(b) P MK və Azərbaycan Xalq Komissarları Soveti Bakı şəhərində mövcud olan hospitallara əlavə olaraq, 3500 çarpayılıq yeni təxliyə hospitallarının təşkili haqqında 26 dekabr 1942-ci il tarixli 603 №-li qərar qəbul etdilər. Bu qərara əsasən 9 №-li zavodun yataqxanası, Bakı şəhərindəki 1 №-li məktəb (L.Tolstoy küç.187, keçmiş Gimnaziya küç. 195), Sumqayıtda 11 №li məktəb, 3 №-li Fabrik-zavod məktəbi (Orconokidze /indiki Suraxanı/ rayonu), 2 №-li məktəb, 194 №-li məktəbin binasında yetrləşən dənizçilik texnikumunun binaları hərbi hospitallar təşkil etmək məqsədilə Xalq Səhiyyə Komissarlığının sərəncamına verilmişdi.
​Eyni zamanda, cəbhə zonasından hərbi hospitalların daha bir neçəsinin Bakı şəhərinə köçürülməsindən sonra, 1943-cü ilin ortalarına doğru hospitalların sayı 89-a çatmışdı. Bu hospitallardan 64-ü Bakı şəhərində, 25-i isə digər şəhər və rayon mərkəzlərində yerləşdirilmişdi. Onlardan doqquzu Kirovabad (indiki Gəncə), üçü Xanlar (indiki Göygöl), ikisi Naxçıvan, ikisi Stepanakertdə (indiki Xankəndi), ikisi Qazax şəhərində yerləşdirilmişdi. Bunlardan əlavə, Kürdəmir, Sabirabad, Yevlax, Lənkəran, Salyan, Şuşa, Ağdam və Əli Bayramlı rayon mərkəzlərinin hərəsində bir hospital təşkil olunmuşdu.
​Bundan başqa, Bakı şəhərində Konservatoriya binasında 1491 №-li neyro-cərrahiyyə hospitalı, Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) binasında Qafqazın ən böyük 1543 №-li hərbi təxliyə hospitalı, Azərbaycan Dövlət Universitetinin sabiq binasında, sonra isə Bayıldakı Doğum Evində və onun yaxınlığındakı Mədəniyyət Evində 1544 №-li cərrahiyyə və protez hospitalı və s. fəaliyyət göstərirdi. Şəhər və rayon mərkəzlərindəki hospitalların əksəriyyəti işini bu fəaliyyət üçün uyğunlaşdırılmış orta məktəb binalarında davam etdirirdi.
​Arxiv sənədlərindən görünür ki, Bakı şəhərində ən böyük hospital hesab edilən, 1941-ci ilin iyul ayında indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin binasında təşkil edilmiş 1543 №-li təxliyə hospitalında ilk vaxtlar 600 çarpayı qoyulmuşdu. Ardınca cəbhədən gətirilənn yaralıların hədsiz çoxaldığını nəzərə alan Xalq Səhiyyə Komissarlığı çarpayıların sayını 1200-ə çatdırmaq qərarına gəlmiş və qonşuluqdakı başqa bir binanı da hospitalın sərəncamına vermişdi. Nəticədə hospital 700-800 yaralı xəstəni yerbəyer edə bilirdi.

Bu hospitala 1941-ci ilin ikinci yarısında 4657, 1942-ci ildə 27867, 1943-cü ildə 27393, 1944-cü ildə isə 30289 nəfər yaralı daxil olmuşdu. İnstitutun geniş dəhlizlərində saysız-hesabsız çarpayılar düzülmüşdü. Bu hospitalda 4 iri şöbə və əlavə 5 köməkçi struktur bölmə yaradılmışdı. Qəbul və Seçmə şöbəsi Xırdalan boşaltma məntəqəsindən daxil olan yaralıları və digər xəstələri profilə uyğun seçir, 8 və bəzən də 15 gün müalicə etdikdən sonra onları müalicələrini davam etdirmək üçün respublikanın digər sahə hospitallarına göndərirdi. Bundan başqa, iki cərrahiyyə şöbəsi yalnız cərrahi əməliyyat işlərini icra edirdi. Hər iki şöbənin apardığı işlər daha ciddi məsuliyyət tələb edirdi. Düşmənin yaydığı zəhərləyici qazlardan infeksiya xəstəlikləri almış xəstələr sağalanadək qapalı otaqlarda müalicə olunurdular. Hospitalda ayrıca təşkil olunmuş bir şöbədə isə yüksək hərarətli yaralılar yerləşdirilmişdi. Qeyd olunanlardan əlavə, 2 cərrahiyyə əməliyyatı otağı və hər bir şöbənin müstəqil sarğı bölmələri də var idi.
​ Respublikanın təxliyə hospitallarından 1941-1945-ci illərdə ümumilikdə 441 mindən çox yaralı və xəstə keçib, onlardan 1941-ci ildə 35.364 nəfər, 1942-ci ildə 139.161 nəfər, 1943-cü ildə 135.958 nəfər, 1944-cü ildə 91.417 nəfər və 1945-ci ilin birinci yarısında 39.117 nəfər hərbi hospitallarda müalicə olunmuşdular. Bakı hospitallarında tibb işçilərinin məharəti, ağlasığmaz gərgin fiziki zəhməti sayəsində yaralıların, xəstələrin 70 %-nə qədəri sıraya qayıda bilmişdi.
​Alman orduları geriyə qovulduqca bir çox təxliyə hospitalının yenidən cəbhə zonasına yaxın bölgələrə daşımaq lazım gəlirdi. Nəticə etibarilə, 1943-cü ilin ikinci yarısında və 1944-cü ildə Bakı üzrə hərbi hospitalların sayı azalmağa başlamış və 1944-cü ilin sonuna doğru göstərici 114 000 çarpayılıq 26 hospitala enmişdi.

Bakıda 10 iyul 1945-ci il tarixinə 10.200 çarpayılıq 22 hərbi hospital fəaliyyət göstərirdi. Bu ilin iyul və avqust aylarında 8 minə yaxın hərbçi sağalaraq evə buraxılır. 1945-ci il sentyabr ayının əvvəlində Bakı hospitallarında müalicəsi davam edən cəmi bir neçə min əsgər və zabit qalmışdı...
​ Arxiv sənədlərindən təxliyə hospitallarının əksəriyyətinə yerli azərbaycanlı hərbi həkimlərin rəhbərlik etdiyi məlum olur. Onlarda hərbi dövrün qanunlarına uyğun çalışan ayrı-ayrı azərbaycanlı həkimlərin peşəkarlığı, tibbi uğurları, fədakarlıqları barədə tibbi ədəbiyyatda çox yazılıb. Məsələn, Tibb İnstitutunun professoru, görkəmli alim Fuad Əfəndiyev bu illərdə hemotoraksın irinləməyə keçməsinin qarşısını almaq üçün yeni üsul təklif etmiş, bu üsul ədəbiyyatda “Tompson - Əfəndiyev diaqnostik sınağı” adını almışdı. O, torakoplastikanın və qanın konservləşdirilməsinin yeni, təkmilləşdirilmiş metodikalarını da irəli sürmüşdü. 1941-1942-ci illərdə professor Mustafa Topçubaşovun təşəbbüsü ilə SSRİ-də ilk dəfə olaraq ixtisaslaşmış hospitallar yaradılmış, hospitallar sistemində hərbi-səhra cərrahlığının profilləşməsini tətbiq etmiş və bunun sayəsində ixtisaslaşmış təxliyə hospitalları (torakal, neyrocərrahlıq, uroloji, travmatoloji) yaradılmışdır. M.A Amosovun (Azərbaycan Tibb İnstitutu Nevrologiya kafedrası) təşəbbüsü ilə N.Semaşko Kliniki Xəstəxanasında Cərrahiyyə hospitalı bazasında ilk dəfə ixtisaslaşdırılmış Neyrocərrahiyyə hospitalı yaradılmışdı.

M.Topçubaşov 1941-ci ildə Səhiyyə Nazirliyinin Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı təyin olunub. F.Əfəndiyev torakal, M.Əbiyev uroloji hospitallara rəhbərlik edib, X.Hacıyev ordunun baş cərrahi vəzifəsini yerinə yetirib, E.Aslanzadə, Ə.Qayıbov, T.Burtikova və başqaları döyüş bölgələrində olmaqla yanaşı, Bakı təxliyə hospitallarında da fədakarlıqla çalışıblar.
​Xüsusilə qeyd etmək lazımdır ki, 1941-ci ilin sonunda Dövlət Mükafatı laureatı professor M. A. Topçubaşovun ideyası əsasında bədəndə olan yad cisimlərin lokalizasiyasını təyin etməyə imkan verən universal cihaz quraşdırıldı və müvəffəqiyyətlə neyrocərrahiyyə hospitallarında tətbiq edildi.
​M. Topçubaşovun ixtirası olan orijinal keyitmə üsulunun (injeksion efir-yağ narkozunun) - analgeziya üsulunun hərbi hospitallarda istifadəsi sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə hərbi hospitallarda geniş tətbiq edilməyə başlandı və müalicə işlərinin yüksək keyfiyyətlə, qısa müddətdə aparılmasına şərait yaratdı. Bu da öz növbəsində yaralı döyüşçülər arasında sağlamlığı bərpa olunanların sayının artmasına və Silahlı Qüvvələrin sıralarına qayıtmasına səbəb olmuşdu. Hələ 1941-ci ildə Bakıda müalicə olunan yaralı döyüşçülərin 81,8 %-i sıraya qaytarılmışdı.
​Rəqəmlərə görə, 1 yanvar - 1 avqust 1942-ci illər ərzində respublikanın təxliyə hospitallarına 58.365 yaralı, xəstə döyüşçü daxil olmuşdu. Onlardan 16.137 nəfəri müalicə olunaraq hərbi hissələrinə qayıtmış, 9.277 nəfərinə məzuniyyət verilmiş, 7.162 nəfər ehtiyata buraxılmış, 6.633 nəfər isə müalicələrini davam etdirmək üçün Orta Asiyadakı hospitallara təxliyə edilmiş, 3.583 nəfər isə əlilliyə görə ordu sıralarından tərxis olunmuşlar.
​Hərbi hospitalların sayının xeyli artması kadr qıtlığı da yaratmışdı. Bunu aradan qaldırmaq üçün kadr hazırlığı problemi gündəmə gəlmiş, bu məqsədə 1942-ci ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən 74 cərrah həkim, 3 ortoped-protezist həkim, 20 tibbi qidalanma həkimi, 8 ortoped-protezist tibb bacısı, 11 baş tibb bacısı, 10 tibbi təlimatçi hazırlanmışdı.
​Bakı təxliyə hospitallarında döyüş yaralarının müalicəsində cərrahi müdaxilədən istifadə ilə yanaşı, yaraların ikincil müalicəsi şəklində bağlı gips sarğıları, sulfidin, Vişnevski məlhəmi, fizioterapiya, fizioterapik məşqlərdən uğurla istifadə edilmişdir. Maraqlıdır ki, əczaçılıq fakültəsinin əməkdaşları müharibənin başlanmasının ilk aylarından dərman vasitələri istehsalını təşkil etmişdilər. Tibb müəssisələri əsasən bizim yerli xammaldan alınmış kimya-əczaçılıq, bakteriya preparatları, dezinfeksiya vasitələri və konservləşdirilmiş qan ilə təmin olunmağa başlamışdılar. Pediatriya kafedrasının əməkdaşları cəbhəyanı bölgələrdən təxliyə olunan uşaqlara limanlarda tibbi xidmət göstərirdi.
​1942-ci il iyulun 11-də SSRİ Səhiyyə Komissarlığının kollegiyasında səhiyyə komissarı Q.Miterev qeyd etmişdi ki, Azərbaycan müharibə dövründə səhiyyə sahəsində bu dərəcədə yüksək əzmlə çalışmış, səmərəli fəaliyyəti ilə fərqlənmiş, işin keyfiyyətini yüksəltmiş yeganə respublikadır.
​Professor Sona xanım Vəlixanova, A.D.Abbasov və S.A.Axundova kimi o zamanın tanınmış mütəxəssislərinin çalışdığı Mərkəzi Göz Xəstəxanasının kollektivi də böyük işlər görmüşdür. Hələ 1941-ci ilin noyabr ayından etibarən xəstəxana göz içində qəlpələr olan 267 görmə qabiliyyətinin bərpası ümidsiz olan yaralını xəstəxanada yerləşdirmişdi. Həkimlərin bacarığı sayəsində bütün yaralı əsgərlərin göz bəbəkləri qorunaraq qəlpələr çıxarılmış, əsgərlərin görmə qabiliyyətləri yenidən bərpa edilmişdir. Müalicə nəticəsində 60 nəfərin görmə qabiliyyəti tamamilə, 140 nəfərin isə qismən bərpa edilmişdi. Görmə qabiliyyətini tamamilə itirmiş, göz hospitalından evə yazılmış 10 yaralı əsgərin Mərkəzi Göz Xəstəxanasında müalicədən sonra görmə qabiliyyətlərinin tam bərpa edildiyi məlum hadisədir.

Bununla yanaşı, hərbi hospitalların işində tibbi təhsil ocaqlarının gücündən də istifadə edilmişdi. Məsələn, SSRİ Xalq Səhiyyə Komissarlığının göstərişlərinə əsasən, III kurs tələbələri təcrübəni respublikanın hospitallarında keçirmişlər. Bu isə onların praktik vərdişlər əldə etmələrində xeyli faydalı olub. Hospitallarda yaralıların və xəstələrin müalicəsində I-II kursların tələbələri sanitar, III-IV kursların tələbələri tibb bacısı və tibb qardaşı, V kurs tələbələri subordinator, bəziləri isə ordinator kimi işləyirdilər. 1944-cü ildə təkcə N.Semaşko adına 1 nömrəli Klinik Xəstəxananın ştatında III-IV kursların 300 nəfər tələbəsi çalışırdı.
​İkinci Dünya müharibəsi başlananda Azərbaycanın əhalisi 3,4 milyon civarında idi, 680 mindən çox oğul və qızı orduya səfərbər olunmuşdu. Onlardan bəzi rəqəmlərə görə 350 minə yaxını cəbhələrdə həlak olmuşdu. Azərbaycanın öz nefti və ərzağı ilə, istehsal etdiyi hərbi sursat və döyüş texnikası ilə qələbənin qazanılmasında müstəsna fədakarlıq göstərdiyi müharibə tematikasındakı kitablarda yazılıb. Bizim bir də hərbi təxliyə hospitalları epopeyamız var. O ağır illərdə Azərbaycanda yerləşmiş təxliyə hospitalları və digər tibb müəssisələri hərb dövrünün qanunlarına uyğun çalışmış, gətirdiyimiz misallardan da göründüyü kimi, ümumi qələbə üçün millətimizin adına layiq şanlı səhifələr yazmışlar. Başqa sözlə, Azərbaycan səhiyyəsi o dövrdə ağır sınaqdan alnıaçıq, üzüağ çıxmışdır. Müharibənin bu səhifələri də bizim üçün qürurvericidir.
​Əlbəttə, Azərbaycanda yerləşmiş təxliyə hospitallarının fəaliyyətinə ən fərqli baxış bucağından diqqət yetirilə bilər, mən bu hospitalların fəaliyyətinə ümimi şəkildə nəzər salmaq, onlarda həyata gözlərini yummuş soydaşlarımızın taleyini ictimailəşdirmək istədim. Bu nəşri tarixi yaddaşımızın canlı saxlanmasına kiçik bir töhfə kimi təqdim edirəm. Hər bir azərbaycanlı şəhid hərbçi bizim üçün dəyərdir. İkinci Dünya savaşı cəbhələrindən geri dönməyən hər bir əsgər və zabitin taleyinə aydınlıq gətirmək işi aradan bu qədər illər keçsə də, bitmiş məsələ sayıla bilməz. Bu müqəddəs işə töhfə vermək hər bir tədqiqatçının vəzifəsidir. Biz onları xatırladıqca, unutmadığımızı ifadə etdikcə, düşünürəm ki, ruhları sakitləşər, şad olar. Onların ruhu qarşısında baş əyir, ehtiramla yad edirik.

Lütfiyar Nəsibov, yazıçı-publisist, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Etiket:
Xəbərlər

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024
Bütün xəbərlər