Siz heç aşıq şeirində inqilabdan, konstitusiyadan, qadın hüquqlarından bəhs olunduğunu eşitdinizmi?
Elə isə başladıq.
Bu gün Azərbaycan Cümhuriyyətinin rus ordusu tərəfindən işğal edilməsinin 94 ili tamam olur. Hansı ki, bu işğal sonucunda Cümhuriyyəti quranların bəziləri öldürüldü, imkan tapanlar mühacirətə getdi, bəziləri yeni hökumətlə razılaşdı. Azərbaycanda Sovet hökuməti quruldu, yeni hökumətin liderləri qarşıdakı illər ərzində bütün vasitələrlə təbliğ olunmağa, hətta sakrallaşdırılmağa başladıldı.
Əgər bir yanda Ruhulla Axundov tərəfindən Marks və Leninin əsərləri ilk dəfə Azərbaycan dilinə çevrilib ciddi təbliğat gedirdisə, digər tərəfdən xalqın içində olan aşıqların ifalarında leninizm təbliğ olunur, keçmiş hökumətlər tənqid olunurdu.

…Bu yaxınlarda isə bu mövzu ilə bağlı bukinistdən bir kitab aldım. “Lenin və Stalinə yazılan aşıq şeirləri”. 1937-ci ildə nəşr olunan bu toplunun bir il sonra təkmilləşmiş variantı da çap olunur. Toplunu hazırlayan isə daha öncə Azərbaycan folklorunun toplanmasında xüsusi xidmətləri olmuş ədəbiyyatçı Hümmət Əlizadədir.
Bu kitab imperiyanın zorakı təbliğat mexanizminin bir parçası idi, bu qəbildən həmçinin “Din və mövhumat əleyhinə el şeirləri” adlı kitab da nəşr olunmuşdu.
Yazımızda təqdim edəcəyimiz həmin şeirlər əsla Azərbaycan aşıq sənətini qınamaq deyil, sadəcə tariximizdəki acınacaqlı bir dönəmin aşıq şeirini nə hala gətirdiyini göstərməkdir. Bu barədə Azad Yaşar maraqlı bir fikir işlətmişdi:
“Sovet vaxtı bizim aşıqlar Stalin kitelinə oxşar paltarlar geyinib xarici qonaqların, Moskvadan gələn qonaqların qarşısına çıxıb sırf ideoloji şeirlər oxuyurdular. Bunlar yaltaq şeirlər idi. Aşıq ədəbiyyatını məhv eləyən əsas məqamlardan biri bu yaltaq şeirlərdir”.
Deməli, əsasən, Göyçə, Tovuz, Qazax aşıqlarının yaradıcılıq nümunələrindən ibarət olan kitabda Müsavat hökuməti tənqid olunur, yeni hökumət tərənnüm edilir.
Kitabın ön sözündə verilən bir hissəyə diqqət edək:
“Azərbaycanda sosialist revolyusiyasından sonra aşıqlar öz mahnılarında çarizmin yıxılmasından, zülmün və istismarın aradan qaldırılmasından danışır, hər cür xalq düşmənlərini, alçaq trotskistləri, nasional-uqlonistləri, müsavatçıları, menşevikləri, daşnaqları ifşa edir, xalqların dostluğunu, sosializm quruluşunun müvəffəqiyyətlərini, kolxozlarımızın, sovet xalqının nəşəli və varlı həyatını tərənnüm edirlər”.
Beləliklə, aldı sazı görək nə dedilər.

Müsavat “ifşa”ları
Qazaxdan Aşıq Əli “Lenin” şeirində Müsavatı xoş sözlərlə yad edir:
Müsavat, menşevik, daşnaq
Axıdıldı selə, Lenin!
Soruşdu məzlumların
Halın gülə-gülə Lenin!
Göyçənin Ağbulaq kəndindən olan Şair Kazım isə müsavatçıların ölkədən mühacirət etməsinə ironiya ilə yanaşır:
Müsavatın halın deyim:
Çox yana-yana getdilər.
Ayaq alıb üz tutdular
Çöl, biyabana getdilər.
Yaponiyaya, İtaliyaya,
Firəngistana getdilər.
Mən ki yanında deyildim,
Bəlkə, İrana getdilər.
Hamısını qərq elədi
Dərya, ümmana, yoldaşlar!
Şeyda Əziz adlı aşıq isə “Stalin” şeirində Stalinin müsavatçıları əzməsindən bəhs edir:
Qoç kimi meydanda mərdana durdun,
Daşnaq, müsavata zərbələr vurdun.
Çalışdın, axırda xoş həyat qurdun,
Məhv elədin kəc düşmanı, Stalin!
Bahar etdin zimistanı, Stalin!
Göyçəli Aşıq Məmməd də öz növbəsində Müsavat və eyni zamanda daşnaq və menşeviklərin dönəmini zillət kimi qeyd edir:
Ay yoldaşlar, qulaq asın,
Sizə hekayət danışım:
İstibdaddan, Nikolaydan,
Acı şikayət danışım;
Müsavatdan, menşevikdən,
Daşnaqdan zillət danışım;
Gözümüzlə odlar götürdük,
Batmışdı millət danışım;
İndi azadə yaşarıq
Hökmü ədalət danışım.
Kəlbəcərin Çərli kəndindən olan Aşıq Məmməd isə müsavatçıları, keçmiş xanları xain hesab edir:
Getdi kulak, kontur, müsavat tamam,
Məhv oldu xainlər, gəldi xoş əyyam,
Verildi xalqlara bu gözəl məqam,
Stalinçi nocavanlar yaşasın!
Nərimanlı kəndindən olan Aşıq Bəhmən isə tarixə müraciət edir, şeirində I Dünya müharibəsindən, Nikolayın taxtından danışır, eyni zamanda isə müsavatçıları tənqid edir:
Min doqquz yüz on dörddə
Oldu cahan müharibəsi,
On beşdə, on altıda
Çəkildi qovğanın bəhsi.
Min doqquz yüz on yeddidə
Ucaldı Sovetin səsi;
Nikolay taxtdan salındı,
Kəsildi bəy, xan nəfəsi;
Müsavat, daşnak, menşevik
Hər cürə düşmanı gördük.
İyirminci ilə gəldik
Azərbaycan Sovetləşdi.
Bəy, xan, ağalar məhv oldu,
Müsavat, daşnaklar qaçdı;
Xarabalar, vətənimiz
Yenidən abadlaşdı.
Ölkəni abad eyləyən
Beşillik planı gördük.

Leninin tərifi
Təbii ki, aşıq şeirində əsas məsələ keçmişin tənqidindən daha çox yeniliyin təbliğ olunması idi. Yenilik isə Leninlə başlayırdı. Ona görə də aşıqlarımız Leninin körpəliyindən tutmuş, inqilabçılığına qədər olan dönəmə şeir qoşublar.
Məsələn, İrəvandan Muxtar Babaoğlunun “Lenin” şeirinə diqqət edək:
Anan səni təvəllüdə varanda,
Gün kimi aləmə doğan sən oldun!
Qız-gəlinlər xoş laylanı çalanda,
Xumarlanıb şirin yatan sən oldun!
Arvadlara öz haqqını öyrədən,
İşçilərə, kəndlilərə bildirən.
Rəhbər olub yollarını göstərən,
Doğru yolu doğru tutan sən oldun!
Düşmənlər əlindən çəkdilər haşa,
Məzlum millətləri sən saldın başa,
Ay həzərat, əhsən belə yoldaşa!
Axır məqsədinə çatan sən oldun!
Lenin haqqında kifayət qədər şeirlər var, amma Qazaxdan Aşıq Əlinin bir şeiri onun fəaliyyətini tam əhatə etdiyi üçün onu paylaşmaqla kifayətlənirik:
…Mat qalıram mahaldakı
Qurhaqura, hayhahaya;
Gəmilər dəryada üzür,
Motorlar salınır çaya;
Elektrik lampa yanır,
Şöləsi bənzəyir aya;
Ayroplanlar qanad açıb
Uçurlar ərşi səmaya.
Tor qurub tərlanların
Düşmənlərə, sara, Lenin!
Bakıda, Moskvada
Fabrika, zavod qurulur;
Yerlərin bağrın dəlib
Əcəb tunellər vurulur;
Görəndə elə büsatı
Düşmənin bağrı yarılır;
Köhnə zamanda bulanmış
Çaylar, bulaqlar durulur;
Durnalar, yaşılbaşlar
Qonur göldən-gölə, Lenin!

Stalin dühası
Şübhəsiz, aşıqlarımızın əsas fəaliyyəti Stalinlə bağlıdır. Zamanla geyimlərini, bığlarını da Stalinə oxşadan aşıqlarımız onun hünərini vəsf etməkdən doymayıblar.
Məsələn, Göyçənin Ağkilsə kəndindən olan Aşıq Nəcəf iddia edir ki, Stalin qadınlara hüquq bəxş edib:
Lenin bayrağını göyə qaldıran,
Məzlumları cəlladlardan saldıran,
Arvadlara hüququnu aldıran,
Eyləyən dərdinə çara sən oldun!
Dilicanın Göyərçinli kəndindən Hüseyin Sani isə şeirində Stalin konstitusiyasından bəhs edir:
Yaratdın Konstitusiya,
Millətləri yad eylədin.
Bu zəhmətkeş xalqımızın
Ürəyini şad eylədin.
Zülmkara zərbə çaldın,
Dağıtdın, bərbad eylədin.
Qovdurdun ölkəmizdən,
Onlarla inad eylədin.
Düşməninə ağır zərbə
Çaldın üst-üstə yazıram.
Göyçəli Aşıq Talıb isə Almaniya və Yaponiyanın Stalin qarşısında qorxudan titrədiyini deyir:
Düşmənlərdən qisasını alıbsan,
Qəvvas kimi dəryalara dalıbsan.
Siyasətdə min qorxuya salıbsan
Germaniyanı, Yaponiyanı, Stalin!
Beləliklə, aşıqlarımızın necə sovet propaqandasına alət edildiklərinin qısaca şahidi oldunuz. Necə ki, bu aşıq şeirlərini toplayan müəllif açıq şəkildə yazırdı:
“Azərbaycan aşıq poeziyası son zamanlarda tamamilə yeniləşmiş, siyasi bir poeziyaya çevrilmişdir. Aşıq bir şair, artist olmaqla bərabər eyni zamanda bir siyasi agitator, propaqandandist və sovet patriotudur. O, sovet vətənini sevir və sevdirir. Aşıqların səsində xalq düşmənlərinə qarşı tükənməz bir nifrət və qəzəb vardır”.
Dilqəm Əhməd
Almaniyada çalışan azərbaycanlı həkim-cərrah və alim
23.11.2026Tanımadığımız tanınmışlar - iki qardaş
23.11.2026Göyçədən gələn köklər, gələcəyə açılan uğur yolları
21.11.2026Bilsə, bircə atam bilir...
21.11.2026Bala Məzrə kənd məktəbinin tarixinə işıq salan nəşr təqdim olunub
19.11.2026Köklərinə bağlı, peşəsinə sadiq: Həkim Məryəm Məmmədovanın uğur yolu
18.11.2026Rauf Kasimov: İfaçılıq məktəbi, mühacirət və pedaqoji irsin vəhdəti
17.11.2026Firdus Kərimov: Zoddan “Buran” kosmik layihəsinə uzanan əmək yolu
16.11.2026Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi
16.11.2026Mübariz Həsən oğlu Qocayev – zəhmət və uğurlarla dolu həyat yolu
14.11.2026TUNZALƏ BAYRAMOVA: TƏCİLİ CƏRRAHİYYƏDƏ PEŞƏKAR İNKİŞAF VƏ ELMİ FƏALİYYƏT
13.11.2026Ramiz Vəliyev: onkoloji cərrahiyyədə elmi bilik, peşəkarlıq və cərrahi təcrübə
12.11.2026 11.11.2026Azərbaycan əsilli alim Rusiyanın nüfuzlu onkoloji mərkəzində: Tibb elmləri doktoru Aslan Vəliyev
11.11.2026Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
08.11.2026Prezidentdən Mürvət Həsənli ilə bağlı SƏRƏNCAM
30.10.2026“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib
16.10.2026Araz Yaquboğlunun Qərbi Azərbaycan İcmasında keçirilən “Sındırılmış saz, yandırılmış aşıq” adlı kitabın təqdimatındakı çıxışı
16.10.2026“Sındırılmış saz, yandırılmış aşıq”
10.10.2026Basarkeçər kökənli 347 gənc ali məktəblərə qəbul olunub
05.10.2026Elmin və şəxsiyyətin akademiki
24.09.2026Qalib Qasımov: Qafqaz Albaniyasının memarlıq yaddaşı və tarixi gerçəkliklər - ŞƏRH
19.09.2026Adın özü bir düşüncədir
19.09.2026Şəhid Daşkəndli Aşıq Nəcəfin 160 illik yubileyinə hazırlıq məsələləri müzakirə olunub
19.09.2026Mədəni irs siyasi mübahisələrin deyil, tarixi yaddaşın bir hissəsidir
17.09.2026Göyərən qəbir
09.09.2026Tanınmış şair Qılman İmanın "Keçmişdəki gələcək" adlı yeni şeirlər kitabı nəşr edilib.
10.08.2026DAŞKƏNDLİ AŞIQ NƏCƏF HANSI İLDƏ DOĞULUB?
10.08.2026“Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
14.07.2026AŞIQ NƏCƏF DAŞKƏNDLİ (1867–1919)
14.07.2026AŞIQ ALIDAN QALAN SƏRVƏT
14.07.2026Qərbi Azərbaycan qadınları: yaddaşın görünməyən daşıyıcıları
14.07.2026Mən Lənkəranı əvvəl şəhər kimi yox, insan kimi tanıdım; sonra o insanlarda bir şəhər gördüm.
25.06.2026Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
25.06.2026Qərbi Azərbaycan sədası Göygöldə
23.06.2026Dədə Ələsgərin “Bəli deyib, yol-ərkana gəlmişəm” qoşmasının ideya-məzmun xüsusiyyətləri
06.06.2026ZENİTDƏKİ ZENİTÇİ
(oçerk)
Zeynalov Amin Asif oğlu uğurlarına daha iki uğur əlavə edib
06.06.2026Sözlə çəkilən şəkil
06.06.2026“Qayıdış hüququ” mövzusunda dəyirmi masa və eyniadlı kitabın təqdimatı olub - FOTOLAR
03.06.2026"Baxdı, baxdı, qayıtdı ki, səninlə Bakıda danışacağıq." - Heydər Əliyevin fotoqrafı
10.05.2026Daşkənd sakini Ağababa Qəmbərəli oğlu İsgəndərovun anadan olmasının 100 illik yubileyində Araz Yaquboğlunun çıxışının tam MƏTNİ
04.05.2026İkinci Dünya müharibəsi veteranı, uzunömürlü Ağababa İsgəndərovun anadan olmasının 100 illik yubileyi keçirildi
04.05.2026İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ
04.05.2026Aşıq Ələsgərin “Köynəyinə” qoşmasının bədii təhlili
11.04.2026Xalq şairi Zəlimxan Yaqubu düşünərkən...
20.01.2026Qanlı Yanvar qırğını
20.01.2026XII əsrdə Göyçədən yüksələn dua
16.01.2026Milli Kitabxanaya oxu zalı lazım deyil?
09.01.2026Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar
09.01.2026