Kəlbəcərdə "Novruz"  adətləri

13:55 / 19.03.2025
Baxılıb: 370

Xülasə.

Kəlbəcər ermənilər tərəfindən işğal olunana qədər (02 aprel 1993- cü il ) Azərbaycan folklorunun xalq tərəfindən canlı şəkildə yaşadıldığı rayonlardan biri idi. Axırçərşənbə və Novruz bayramı bu rayonda həm ümumtürk adət- ənənələrinə uyğun, həm də müəyyən özəlliklərə məxsus qaydada icra edilir, çox yüksək səviyyədə keçirilirdi.

“Kəlbəcərdə  Novruz adətləri” adlı məqalədə bayrama hazırlıq işlərindən, bayramın keçirilmə özəlliklərindən bəhs  olunur. Evlərin, həyət - bacaların təmizlənməsi, bayram əriştəsinin kəsilməsi, səməni qoyulması, yumurtaların boyanması, tonqal qalanması, at yarışları kimi el adətləri, şənliklərin keçirilmə üsulları xatırlanır.

Bu məqalədə İlaxır çərşənbəyə  aid yüz illər ərzində Kəlbəcərdə  formalaşan ayinlərin icra qaydası, bayram şənliklərinin ellikcə  təşkil edilmə və keçirilmə  formaları haqqında da danışılır.

Kəlbəcərin işğaldan azad olunmasından sonra  orada aparılan quruculuq işləri nəticəsində məskunlaşacaq əhali üçün də bu məqalənin faydalı olacağına , milli adət - ənənələrin yaşadılması üçün inam hissini artıracağına ümid edirik.

Açar sözlər: İlaxırı, Axırçərşənbə, Novruz bayramı, əriştə, tonqal, yumurta, səməni, bayramlaşma, oyunlar, tale falı, axar su, at yarışı, küsülülərin barışması.

               

                                                  Giriş

İllər keçdikcə, yaş üstünə yaş gəldikcə insan uşaqlıq illərinə, doğulub boy atdığı yerlərə xəyalən daha çox qayıdır, uzaqlarda qalmış hər xatirə baldan şirin görünür. Gözlərimi dünyaya açdığım, havasını, suyunu, ciyərlərimə çəkə-çəkə böyüdüyüm Daşbulaq (Kilsəli) kəndi Kəlbəcər rayonundan 5-6 km uzaqlıqda yerləşirdi. Solunda Allıkənd, sağında Aşağı, Yuxarı Ayrım binəsi adlanan kəndlərlə qonşuluqda yerləşən Daşbulağın ən əziz , ən sevimli bayrami Novruz bayramı idi. Bu bayramın keçirilməsi, xüsusiyyətləri haqqında yaddaşımızda qalan xatirələri çözələməyə çalışaq.

Bir anlıq xəyalən orta əsrlərdən səyahətə başlayaraq keçən əsrin ortalarına qədər olan zaman kəsiyini gözdən keçirək. Barlı-bəhrəli payız fəslindən sonra gecələri uzun, gündüzləri qısa qış fəslinin ağırlığını,

çətinliyini nəzərə alan babalarımız ilin bu fəslinə "qara qış" adını vermişdilər. Nakam şairimiz Mikayıl Müşviq bir şeirində:

Qara qış üstümə tökər qarını,

Nərgiz gözlərini məndən ayırsan,-

yazırdısa, aşıq poeziyasının zirvələrindən biri olan Aşıq Ələsgər:

İnsan payız ölə, yazda dirilə,

Zimistanda boran, qarı çəkməyə-

deyərək insanların bu fəsildən çəkdikləri ağrı-acıları, məşəqqətləri dilə gətirirdi.

O zamanlar indiki kimi asfalt yol, radio, televiziya, telefon, elektrik və s. olmadığından insanlar uzun və üzücü görünən 90 günlük qış fəslini 3 hissəyə bölmüşdülər:

Böyük Çillə- 40 gün

Kiçik Çillə-  20 gün

Boz ay-  30 gün

Kiçik Çillənin təxminən 10 günü tamam olanda "Xıdır Nəbi" bayramı keçirilər, bir növ xalqa ümid verilərdi ki, qorxmayın, artıq qışın ömrü qurtarmaqda, yaz gəlməkdədir.

Xıdır Nəbi, Xıdır Ellaz,

Bitdi çiçək, oldu yaz.

Əslində isə o zamanlar indiki kimi təbiətin tarazlığı pozulmadığı, ekoloji problemlər olmadığı üçün hələ havalar soyuq keçir, qar, yağış çox yağırdı. "Xıdırın payını verməyənlər" üçün geniş auditoriya üçün yazılması, deyilməsi məqbul sayılmayan zarafatyana ifadələr də işlədirdilər.

Babalarımız Boz ayı da 4 çərşənbəyə bölmüş, hər çərşənbəyə də canlı aləmin bünövrəsini, özülünü təşkil edən dörd ünsürə- ab (su), atəş (od) , xak (torpaq), bada (hava) uyğun olan adlar vermişdilər. Boz ayın dörd çərşənbəsini yola sala-sala insanlar qış fəslinə vida deyib, yaza üz tuturdular.

Mərd (mart) çıxdı, dərd çıxdı.

Yazda mərək, yarı gərək, yazla yayın arasında bir xorum otun gərək.

Qurunun qurtarıb yaşın çıxmadığı vaxtdır-

kimi atalar sözü və məsəllərlə, canlı ifadələrlə xalq öz hikmət və düşüncələrini nəsildən-nəslə yadigar qoymuşdur.

Kəlbəcər rayonunda bu dörd çərşənbədən yalnız birində- sonuncuda tonqal qalanar və yüksək səviyyəli bayram kimi qeyd olunardı.  İkinci və üçüncü çərşənbələr arasında Axırçərşənbəyə hazırlıq işləri görülərdi. Belə ki, havadan asılı olaraq həyət-bacada, bağ-bağçada təmizlik işləri görülərdi, qurumuş budaqlar kəsilər, xəzəllər dırmıq, yaba ilə toplanıb yandırılar, günəşli günlərin birində ev əşyaları- yorğan, döşək, yastıq, palaz çölə çıxarılaraq günə verilər, təmizlənər, çırpılar, yenidən öz yerinə yığılardı.

Kiçik Çillə ilə Novruz bayramı arasında olan 1 ay ona görə "Boz ay" adlanırdı ki, bu ayda havalar tez-tez tutulub açılar, gah bozarardı, gah qızarardı.

Boz ayın yağışlı, qarlı günləri, əsl qış fəslini, günəşli günləri isə yaz fəslini xatırladırdı. Günortadan sonra çaya, bulağa su içmək üçün tövlədən buraxılan mallar da çayın, bulağın yaxası boyu göy ot axtarar, tövləyə dönmək istəməzdilər. Sanki heyvanlar da yazın gəlişini hiss edirdilər.

Çökək yerlərdə, çay kənarlarında göyərən gicitkən, qirxbığım kimi yeməli otları yeməyə uşaqlara da icazə verməzdilər ki, bu otlar zəhərlidir, gərək göy guruldayıb yağış yağsın, otların zəhəri getsin, sonra yemək olar. Göy gurultusu hadisəsi bir qayda olaraq 23-30 mart tarixlərində baş verirdi.

Bayram ərəfəsində 10-15 yaşında olan 5-6 oğlan uşağı “Qodu-qodu” gəzdirməyə çıxardı. Bir nəfərin çiynində quzu dərisindən düzəldilmiş heybə və ya dağarcıq, bir nəfərin isə əlində qırmızı boyanmış çömçə olardı. Onlar qapı-qapı gəzər, yazın gəlişini, günəşin çıxmasını arzulayar, çömçəyə qoyulan payı götürüb heybəyə və ya dağarcığa qoyaraq əl çalıb oynayardılar:

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu qapıdan keçəndə

Qırmızı günü gördünmü?

Qodu-qudu sözünün od sözü ilə tarixi kök bağlılığı olsa da, bu gün bu sözlər ilkin mənalarını ya tamamilə itirmiş, ya da bu mənalardan tamamilə uzaqlaşmışdır.

Od yandırılır, “qışın quyruğu” dağlanır, donmuş, ölgünləşmiş təbiət yenidən oyanır, dirçəlir. “ Qırmızı günü çağırmaq” yazın gəlişini, təbiətin yenidən doğuluşunu, dirilməsini görməkdir, alqışlamaqdır. Yazın gəlişi həyatın yenidən yaradılışı kimi qəbul edildiyindən od-qod-qodu-qudu-quda-qadın sözlərinin ilk mənalarının da bu yöndə izahı qəbuledilən, başadüşülən olmaldır.

Görünür ki, daha qədim dövrlərdə odu Allah, yaradan hesab etmək və ona sitayiş etmək ənənələri uzun zaman ərzində yaddaşlardan silinməmiş, bu və ya digər formada günümüzə qədər gəlib çatmışdır. Bu gün də Axır çərşənbədə tonqal qalamaq, and içəndə “bu isti zindan haqqı”, “bu od haqqı, bu ocaq haqqı” kimi ifadələr işlətmək bu qədim etiqadın zəif olsa da, hələ də yaşadığını sübut edir. Bu gün də yanar ocağa, sönməmiş közə su tökmək günah sayılır. “ Sarı gəlin” xalq mahnısı da əslində günəşi simvolizə edən bir musiqi əsəri kimi ən qədim dövrlərin düşüncə tərzini özündə ehtiva edir.

Boz aydan yaddaşımda qalan ən gözəl anlardan biri bayram əriştəsinin kəsilməsi ilə bağlıdır. Əriştə kəsmək üçün günəşli, az buludlu günlərdən biri seçilər, ailədəki bütün qadınlar, bəzən qonşu və qohum ailələrdən olan qadınlar da bu işi birgə həyata keçirərdilər. Dəyirmanda üyüdülmüş ən yaxşı undan xəmir yoğrular, xəmir acıdıqdan sonra əriştə kəsilərdi. Kəsilmiş əriştəni həyətdəki, bağçadakı təmiz bir yerdə açılmış süfrələrin, işlənməmiş klyonka örtüklərin üzərinə sərərdilər. Sərilmiş əriştələr günəş şüalarının, əsən xəfif mehin təsiri altında təpiyərdi. Biz oğlan uşaqlarının da vəzifəsi həmin süfrələri sərçələrdən, toyuq-cücədən qorumaq idi. Daha sonra süfrələrin dörd küncündən götürüb sac qalanan çardağa gətirər, vam odda azacıq qovurardılar. Əriştənin qovrulmuş qırıntılarını uşaqlara verərdilər. Nə qədər ləzzətli olduğunu sözlə demək çətindir. Nədənsə, buğda qovurqasından əriştə qovurqası bizə daha xoş gəlirdi. Qovrulmuş əriştədən südlü umac bişirilməsi də bizə ən gözəl nemət təsiri bağışlayardı.

Axırçərşənbə və Novruz bayramının ən ləziz yeməyi olan aşın hazırlanması üçün əriştə belə kəsilib hazır məhsul olurdu.

Axırçərşənbə və Novruz bayramının ən ləziz yeməyi olan aşın hazırlanması üçün əriştə belə kəsilib hazır məhsul olurdu. Doğrudur, bayramda qoyun, toyuq və ya hinduşka əti də olurdu, digər çərəzlər və meyvələr də. Payız vaxtı almadan, armuddan kəsilərək qurudulan, saplara düzülərək çardağın və ya seyvanın divarından asılan qaxlar islağa qoyular, aşın üstünə "qara" kimi tökülərdi.Qozun, fındığın bu bayramda xüsusi yeri olardı. Az qala, səməni, boyalı yumurta kimi qoz, fındıq da bu bayramın əsas atributlarından biri kimi qəbul edilirdi. Ancaq Novruz bayramının əsas atributu qədimlərdən bu günə qədər məhz əriştədən hazırlanmış aş hesab olunardı.

Paxlava və şəkərbura kimi şirniyyatlar sonralar dəbə minsə də, "küllü kömbə"nin dəyəri daha yüksək idi. Bayram ərəfəsində və ya bayram günlərində bir-birinə qonaq gedən ailələr, xüsusən kirvələr özləri ilə " küllü kömbə" aparmağı vacib sayardılar. Xəmirinə süd, yumurta daxil edilən bu şirniyyatın əsas keyfiyyətini xırda-xırda doğranmış qoç quyruğu təşkil edirdi. Payız, bəzən qış aylarında kəsilən qoçun, toğlunun quyruğunu çuvalda-unun içində saxlayar, kömbə hazırlamaq üçün həmin quyruqdan istifadə edərdilər. Ocaqda vələs odunun közündə bişən kömbənin dadı əla olardı.

Xalq arasında olan inama görə, İlaxırında açılan süfrədə 7 löyün-növ yemək olmalı idi. Yəqin ki, bu sayı yalnız bişmiş yeməkləri ilə yox, digər ərzaqlarla, şirniyyatlarla, meyvələrlə tamamlayardılar və belə götürəndə, say 7-dən də çox olardı. Hər bir evdə kimin nəyi var idisə, qızırqalanmadan, tərəddüd etmədən bayram süfrəsinə daşıyırdı. Ancaq mənə elə gəlir ki, insanlar cismani cəhətdən daha çox mənəvi baxımdan doyurdular, arıtlanırdılar, təmizlənirdilər, saflaşırdılar. İl ərzində hər hansı səbəbdən baş vermiş küsülülük hallarını aradan qaldırırdılar. Küsülü şəxslər də, ailələr də bayram ərəfəsində bir-biri ilə barışar, bir-birinin evinə “ayaqaçdı” edərdilər.

 

                          İlaxırı və ya Axırçərşənbə haqqında

Axırçərşənbə bir qayda olaraq Boz aydan başlanan dörd çərşənbənin sonuncusu-dördüncüsü hesab olunur və bu çərşənbəyə "Axırçərşənbə" ilə yanaşı, "İlaxırı" da deyilirdi. Yəni yaşanan bir il, bir ilin 4 fəsli-yaz, yay, payız (güz) və qış başa çatır, yeni il başlayırdı. Burada onu da qeyd etməyi lazım bilirəm ki, ilin fəsillərinin adları xalis türk sözləri olsa da, nədənsə, "güz" sözünü fars mənşəli "payız" sözü üstələmiş və "güz" sözü arxaikləşmişdir. Ancaq bizim kəndimizdə "güz" sözü ilə bağlı, bu sözdən yaranmış bir neçə söz öz işləkliyini saxlamışdı: yayın son, payızın ilk aylarında yağan yağışdan sonra göyərib boy atan ota "güzdək", payızlıq taxıla-"güzdük taxıl", payız vaxtı qoyunları qatmaq üçün istifadə olunan xalxala "küz", quzu yununa və payızda qoyunlardan, qoçlardan qırxılan yuna "güzəm", düyə vaxtı buğaya gəlməyən mala "gəzyazma" deyərdilər.

İlaxırı Novruz Bayramından bir qayda olaraq 1-5 gün qabağa düşərdi. Kəndin qocaları tərəfindən İlaxırı haqqında müqəddəs sayılacaq dərəcədə möcüzə dolu əfsanə və rəvayətlər danışılırdı. Guya Novruz bayramı günü yox, məhz İlaxırı axşamı gecənin bir vaxtı köhnə il təhvil olur, yeni il gəlir. Ancaq bu vaxtın dəqiqliyini, hansı an baş verdiyini heç kim bilmir. Həmin təhvil anında axar sular bir anlıq dayanıb yenidən axır, ağaclar bir dəfə başlarını yerə əyib yenidən qaldırır, kövşək vurmayan heyvanlar bir anlıq kövşəyirdilər. Bəlkə, buna görə də, atın bədəninin bir tərəfini halal, bir tərəfini haram hesab edər, at əti yeyilməsə də, südü içilməsə də, ata xüsusi diqqət yetirər, "atın yal-muradı haqqı" deyib and içər, 2 yaşı tamam olan dayçaların yal-quyruğunu həmin gecə qırxardılar. Bundan sonra atın yal-quyruğunu qırxmazdılar. Növbəti novruzdan sonra artıq bu dayı yedəyə, minməyə öyrədərdilər. Başını, üzünü, bığını tərtəmiz qırxan adamlara zarafatla "axırçərşənbə daylağı" deyərdilər. Bu gecə cinlərin də tövlədəki atları minməsi haqqında söhbətlər danışar və buna qarşı tədbir görərdilər.

Kəndimizdə ən sevilən, xüsusi bəslənilən heyvan, şübhəsiz ki, at idi. Bayram ərəfəsində tövlədə saxlanılan atların yal-quyruğuna düyün düşməsini cinlərin gecələr atları minib-çapması ilə əlaqələndirirdilər.                                                       

Xalq arasında geniş yayılan inama görə, İlaxırı gecəsində il təhvil olan vaxt kim nə dilək diləyərsə, onun diləyi hökmən hasil olardı. Bununla bağlı danışılan əfsanələrdən biri belə idi: Kasıb həyat tərzi keçirən bir qadın çərşənbə axşamı dayanmadan "dirəyim qızıl olsun" , deyərək Tanrıdan dilək diləyir. Yorulmadan gecənin bir çağına qədər bu sözləri söyləyən qadın il təzələnən zaman çaşır və "dirəyim qızıl olsun" cümləsinin əvəzinə "ərim qızıl olsun" cümləsini işlədir. Bircə anın içində ərinin- canlı insanın qızıla çevrildiyini görən qadın heyrət içində qalır, şaşırır, nə edəcəyini bilmir. Bir müddət sonra özünə gələn qadın ərinin cansız bədənini yük yerində-farmaşda ,gizlədir, üstünə yorğan- döşək yığır və bu sirri heç kimə açmır.

Aradan bir neçə ay keçir. Ailəyə qazancın ancaq kişilər tərəfindən gətirildiyi bir zəmanədə qadın uşaqlarının korluq çəkdiyini görür və çıxış yolu tapa bilmir. Naəlac qalan qadın xəlvətcə yük yerini açır, kilimin, gəvənin arasından ərinin qızıla dönmüş bədənindən sol əlinin çeçelə barmağını qoparır, bu qızıl barmağı xirdalayıb pula çevirir və uşaqlarını aclıq təhlükəsindən qoruyur.

Növbəti İlaxırı gecəsi qadın yenidən ardıcıl olaraq "ərim adam olsun" deyərək Tanrıdan dilək diləyir. Qadının dediyi arzu yenə də köhnə ilin qurtarıb yeni ilin girdiyi dəqiqəylə, saniyəylə üst-üstə düşür, duası, yalvarışı Tanrı tərəfindən qəbul olunur. Əri asqıraraq bir illik yuxudan oyanır və yük yerindən qalxır. Qadın ərinin bir il əvvəlki adam olduğunu görür. Ərinin yalnız sol əlinin çeçelə barmağı yerində deyildi. Qadın əhvalatı ərinə danışır, bir daha belə diləklər diləməkdən ömürlük əl çəkir.

Bu əfsanədə "ailə üzvləri bir yerdə olan kasıb ailə yükü qızıldan olan başsız ailədən daha xoşbəxtdir" ideyası gənc nəsli doğru yola yönəldir. Eyni zamanda, insanları gərək olmayan niyyətlərdən kənar durmağa səsləyir.

Çərşənbə sözünün mənasını çahar şənbə kimi izah etmək geniş yayılsa da, daha qədim türk düşüncəsi baxımından bu sözün Çarşamba kimi izahını da nəzərdən qaçırmaq olmaz. Şam sözünün mənalarından biri ağac, biri işıq ləvazimatı hesab olunarsa, bu sözün qədim türklərdə işıq sözü ilə bağlı olduğu qənaəti özünü doğruldur və mərhum alimimiz Bəşir Əhmədovun etimalogiyasını qəbul etməli oluruq.

Çır sözü isə şam ağacının və piyli maddə ilə yanan işıq avadanlığının çırtıltı ilə yanmağını bildirə bilərdi.

Qeyd etdiyimiz kimi Kəlbəcərdə Novruz bayramında yalnız bircə dəfə- İlaxırında tonqal qalanardı. Hər bir qapıda tonqal qalamaq üçün mal-qoyuna verilən otun tullantı çör-çöplərindən- gircinlərdən, quru ağac budaqlarından istifadə edərdilər. Bundan başqa hər bir kəndin ən hündür təpəsində də cavan oğlanlar tonqal qalayardılar. Kəndimizin Allıkəndə tərəf aşırımın üstündə "Duzdağ"da və Kəlbəcər şəhərinə, Aşağı Ayrım binəsinə tərəf "Şişin boynu" adlanan dağın üstündə tonqal yandırılardı. Tonqalın üstünə ətrafdakı yamaclardan kəsilib gətirilən ardıc kollarının qoyulması həm tonqalın çartıltı (çırtıltı) ilə yanmasına, həm də ətrafa xoş qoxu yayılmasına səbəb olardı.

Ensiz, uzun bir stadionu xatırladan Kəlbəcər şəhərinin özündə, qarşı tərəfdəki Aşağı Milli, Yuxarı Milli, Şaplar kəndlərində, həmin kəndlərin hündür təpələrində, Qoçdaş, Dəlidağın ətəklərində Dal Qılınclı kəndlərinin hündür yerlərində alovlanan tonqallar açıq-aydın görünərdi. Bu görüntülər mənə "Dədə Qorqud" dastanlarını, qədim türk ordugahlarında qalanan qələbə tonqallarını xatırladırdı.

Evlərin həyətlərində şər qarışan vaxtı qalanan tonqalların ətrafına ailə üzvləri bütünlüklə toplaşardılar, il ərzində olmuş, ola biləcək şər işlərin, azar-bezarın odda yanmasını arzu edərdilər. Qoca, xəstə adamları, təzə gəlinləri çıxmaq şərtilə hamı bayram tonqalının üstündən 3 dəfə, uşaq

və gənclər isə 5-7 dəfə tullanar, "ağırlıqlarının-uğurluqlarının" odda yanmasını arzu edərdilər. Balaca uşaqları, hətta bələkdəki körpələri belə ailə üzvlərindən biri qucağına alaraq və aşağıdakı sözləri uşağın dilindən söyləyərək tonqalın üstündən tullanardı:

Atıl-batıl çərşənbə,

Baxtım açıl çərşənbə.

Baş ağrım, diş ağrım,

Çöl ağrım, iç ağrım

Hamısı tökülüb odda yansın. 

(Bu uşağın, şərti olaraq Əhmədin)

 Azarı, bezarı,

Pis adamın nazarı-

Hamısı tökülüb odda yansın.

Axırçərşənbə tonqalı yandırılana qədər başqa kəndlərdə, şəhərlərdə işləyənlər, iş dalınca gedənlər son imkanlarına qədər evlərinə dönməyə çalışardılar. Bu gecəni öz evində keçirməyənlərin yeddi il ərzində evlərinə dönə bilməyəcəkləri haqqında mifik bir təsəvvür var idi. Tonqal yandırılandan sonra bütün ailə bir süfrə başında cəm olar, dəmlənib buğlanan aşdan az-çox yeyərdilər. Digər yeməklər aşdan sonra yeyilərdi. Süfrənin ortasında qırmızı iplə, ya da lentlə bağlanmış səməni qoyulardı.

Yeməkdən sonra niyyət tutan, ürəyində müəyyən bir arzusu olanlar qapı pusmağa gedərdilər. Qohum, qonşu evlərinin birinin qapısından, bacasından niyyət tutan şəxsin ilk eşitdiyi cümləyə, sözə uyğun olaraq il ərzində niyyətinin baş tutub-tutmayacağını təyin etməyə çalışardılar. Yaxşı söz, cümlə eşidən sevinər, pis söz eşidən "Allaha təvəkkül" deyərdi. Şahidi olduğum iki hadisəni qısaca xatırlatmaqla kifayətlənək. Evlənmək yaşı ötən bir şəxs qonşunun qapısına yaxınlaşanda içəridən atanın öz uşağına dediyi sözü eşidir: "gəl sən də payını al". Həqiqətən həmin şəxsin bir neçə ay sonra toyu olur. Həyatını, əməlini, işini düzgün qurmayan, evinin bərəkəti olmayan bir şəxs işlərinin düzələcəyi ümidi ilə qonşu qapıya niyyət tutmağa gedir. Həmin vaxt pilləkənin altında süd qazanını təsadüfən aşıran qoca kişi: " bin-bərəkəti qaçıbdı"-deyir. Qapı pusan şəxsin sonrakı yaşadığı dövrdə də evində normal qazanc, bərəkət olmur.

İlaxırı gecəsi hamı bacardığı qədər xoş sözlərlə danışmağa çalışardı. Bu sətirlərin müəllifi də uşaqlıq və ilk gənclik illərində bir neçə dəfə İlaxırında qapı pusmuş və eşitdiyi sözlərə uyğun olaraq niyyəti gerçəkləşmişdi.

Axırçərşənbədə uşaqlar, xüsusən oğlan uşaqları üçün ən maraqlı, sevimli əyləncələrdən biri də "papaq atmaq" adəti idi. Əvvəllər evlərin çoxu qara damlardan ibarət olduğundan papaq və ya torba bacalardan, sonralar isə qapı və pəncərələrdən evə atılar, ev sahibi də papağa və torbaya qoz, fındıq, qax, yumurta kimi şirniyyatlar-bayram sovqatı qoyardılar.

Oğlan uşaqları bir həftə, on gün qabaqcadan keçədən hazırlanmış, ağ neftin-kerosinin içində saxlanılmış lopaları yandırar, fırladaraq göyə atardılar. Cavan, orta yaşlı kişilər isə havaya güllə atardılar. Bütün kənd atəşə, işığa, səs-küyə qərq olardı. Kəndin ortasında yerləşən, daş hovuzları olan, üstü qədim yazılarla, naxışlarla bəzədilən bulağın üstünə yığışan 13-15 yaşlı uşaqlar bir-birilərini sulamaqdan, üstlərinə su tökməkdən zövq alardılar.

İlaxırı gecəsi yeniyetmə qızlar da müxtəlif mərasim oyunları oynayardılar: kasada olan suya pambıq saplı iynələr salar, ürəklərindən keçən oğlanın iynəsi ilə öz iynəsinin suda üzəndə bir-birinə yaxın gəlməsindən və ya aralıdan keçməsindən asılı olaraq gələcək həyatlarını təxmin etməyə çalışardılar. Duzlu koka ( kiçik, quyruqsuz bişən) kömbə yeyib yatanda yuxuda sənə su verəcək şəxsin kim olduğunu görməklə ailə quracağı insanın müəyyən edilməsi inamı da geniş yayılmışdır. Şübhə etmirəm ki, bu inam qədim dastanlarımızdan gələn yuxuda buta almaq, badə içmək mifoloji düşüncəsinin qalıqları kimi günümüzə qədər yaşayırdı.

Uşaqlıq illərimdə qocalardan qızlar  haqqında eşitdiyim təriflərdən ən əsası belə idi: filankəsin qızı yaxşı çeşni ( naxış) vurandı, yəni gəvə-kilim toxumağı yaxşı bacarır. Təxminən Böyük Çillənin əvvəlində, ortalarında asılan xalı İlaxırına qədər kəsilməli, qurulan hana (xana) sökülməli idi. Yarımçıq işi köhnə ildən yeni ilə keçirtmək olmazdı.

Axırçərşənbə axşamı bulaq, axar su yanına gecə vaxtı çiy yumurta və qara, qırmızı karandaş (rəng) qoymaq  və sübh tezdən gedib yumurtanın hansı rənglə boyandığını yoxlamaq adəti də qızlara məxsus idi. Guya qızların gələcək taleyinə uyğun olaraq bulaq başına qoyduğu yumurtaya ilahi bir qüvvə tərəfindən rəng çəkilərmiş. Uşaq vaxt eşitdiyim belə bir əhvalatı da xatırlayıram: iki qızın bulaq  kənarındakı otluq yerə yumurta və karandaş qoyduğunu görən bir oğlan qızlar gedəndən sonra gedib karandaşları götürür, yumurtanın birinin üstünə qırmızı, birinin üstünə qara rəng çəkir. İllər sonra, həqiqətən, yumurtası al boyanan qızın xoşbəxt, qara boyanın bədbəxt olduğunu görən şəxs hadisənin-yumurta boyanmasının gerçək məğzini söyləyir. Belə təsadüflərin olduğu əhvalatlar da kifayət qədərdir.

Axırçərşənbənin sabahı günü-ilk və ikinci xoruz banından başlayaraq  uşaqlar, cavanlar, əksər orta yaşlı adamlar da bulaq başına gedərdilər. Əl-üzlərini yuyar, su içər, bulağın üst, sağ, sol yanına təxminən qoz boyda, qozdan bir az iri topa qum qoyar, bununla özlərindən sonra gələnlərə xəbər verərdilər ki, sizdən də qoçaq, yeni ili ilk qarşılayanlar var. Bulaqdan 1-2 qab su, 1-2 ovuc da qum götürüb gətirər, qumu mal-qoyun saxlanılan tövləyə, bağçaya səpələyərdilər ki, qoy mal-dövlətin, məhsulun sayı qum kimi sayılmayacaq dərəcədə çox olsun. Bulaqdan gətirilən təzə sudan yenə evin həyətinə, məhləyə, tövləyə, evin içinə çiləyərdilər ki, yeni ildə evdə, ailədə su kimi aydınlıq, yüngüllük olsun. Bulaq üstünə gedə bilməyən ailə üzvləri bulaqdan gələn təzə sudan az-çox içirdilər ki, onların da ömür-günləri təzələnsin, su kimi arı olsun, duru olsun.

Novruz gəldi.

Axırçərşənbə ilə Novruz bayramı arasındakı günlərin hamısı bayram əhval-ruhiyyəsində keçirilirdi. Bundan əlavə, Axırçərşənbədən bir həftə əvvəl başlanan bayram ab-havası Novruzdan beş-on gün sonra da davam edirdi. Novruz bayramı günü və ya müəyyən səbəblərdən- hava şəraitindən, aşıqların kənddə olub-olmamasından asılı olaraq bayramdan əvvəlki gün kəndin ortasındakı meydanda-kənd soveti binasının həyətində aşıqlar zurnada oyun havaları çalar, al- yaşıl geyinmiş qızlar, gəlinlər, cavan oğlanlar 2-3 bir, 3-4 bir oynayardılar.

Qara zurnanın sədaları altında “Maraloyunu başlayanda” hamının- hər bir kənd sakininin diqqəti bu oyuna yönəlirdi. “Maral” başını oynada-oynada  meydana daxil olur, zitmlə oynayır, tədricən ağır-ağır oyun üslubundan yüngül üsluba keçirdi. Oyunun sonunda maralı oynadan şəxs ayağa qalxır, üstünə saldığı qırmızı ipək parçanı götürürdü. Məlum olurdu ki, bu oyunçu diz üstə gəzə-gəzə əli ilə maralın başını oynadırmış- Elə bil birdən-birə nağıllar aləmindən gerçək bayram şənliyinə qayıdardıq. Uşaqlıq illərində Əsədin oğlu Əsgərin, sonra isə Rəhimov Rüstəmin oynadıqları “Maraloyunu”nu bu gün də xoş xatirə kimi yad etməkdən məmnunluq duyuram.

Bayram günlərində yumurta ilə oynanılan oyunlar üstünlük təşkil edirdi. Oğlan uşaqları və cavan kişilər bayrama təxminən 10 gün qalmışdan başlayaraq 3 formada yumurta ilə oyun oynayar və bir növ bayramın dadını çıxarardılar. Bu üç oyun formasından biri təkbətək yumurta döyüşü idi. Uşaqlar toyuq yumurtalarının içindən qabığı möhkəm olanları seçər, soğan qabığı ilə boyatdırar və əvvəlcə yumurtanın baş tərəfi ilə qarşıdakı şəxsin yumurtasının baş tərəfinə vurar, yumurtası qırılan uduzmuş hesab olunar və həmin başı qırılmış yumurtanı udan adama verərdi. Deyirdilər ki, hisə verilən ( qoyulan) yumurtaların qabığı möhkəm olur. Fərələrin yumurtaları da anaş toyuq yumurtalarına nisbətən möhkəm hesab olunardı. Bicəltək ( çoxbilmiş) oğlan uşaqları hindtoyuğu yumurtasını əldə etməyə, onunla döyüşməyə çalışardılar.

İkinci oyun forması 20-30 yumurtanı qatar şəklində düzmək və iki adamın hərəsinin bir başdan yumurta götürərək döyüşməsindən ibarət olardı. Sonda kimin əlindəki yumurta qırılmayıb salamat qalsa, o da qalib sayılır, yumurtalara sahiblənirdi. Üçüncü oyun forması üçün bir yamac yer seçilir, ora quru peyin tökülürdü. Oyun yerinin baş hissəsi ilə ayaq hissəsinin arası təxminən 3-5 m olardı. Konusvari  düzəldilən bu yerin aşağı hissənin qarşısını 7-10 sm-lik qalaq şəklində peyinlə qaldırardılar ki, yuxarıdan dığırlanıb gələn yumurta qalaqdan keçməsin. Peyin yumşaq olduğu üçün yumurtanın qırılmaması naminə belə edərdilər.

Sonra püşk əsasında 5-10 nəfər oyunçu bir-bir öz yumurtasını baş cərgədən üzü aşağı buraxırdı. Məlumdu ki, yumurtanın baş tərəfi arxa ( buna künə deyərdilər) tərəfinə nisbətən balaca olduğundan yumurta düz  xətt boyunca dığırlanmırdı. Püşkü əvvələ düşənlər yumurtanı elə dığırlatmaq istəyirdilər ki, sonra gələn yumurta onun yumurtasına dəyməsin. Çünki bir qayda olaraq birinci, ikinci yumurtalarda uduş olmur. Sonra dığırlanan yumurta gəlib qalaqdakı yumurtaya dəysə, udmuş sayılardı. Vurulan yumurtanı vuran yumurtanın sahibi götürürdü. Yumurtası vurulan oyunçu başqa bir yumurta ilə oyuna daxil ola bilərdi.

Bir neçə saat sürən oyunda oyunçulardan biri 20-30 yumurta, başqa biri 10-15 yumurta uda bildiyi halda, 5-6 oyunçunun da hər biri 3-5-10 yumurta uduza bilərdi. Oyunçunun məqamı düz seçməsindən, yumurtanı hansı bucaq altında dığırlamasından (helləməsindən) çox şey asılı olardı. Uduzaraq oyundan çıxanları yeni oyunçular da əvəz edə bilərdi. Oyundan sonra bu yumurtaları udan şəxs evinə də apara bilərdi, oyunçularla bir yerdə bu yumurtaları soyub yeyə də bilərdi.

Novruz bayramında ən çox oynanılan oyunlardan biri də "Mətə" adlanan və qozla, fındıqla oynanılan oyun idi. Dirək və ya divar dibində bir balaca kasa qaba oxşar formada dairəvi çüxur-mətə hazırlanar, 5-6 oğlan uşağından biri mətəyə düşən qozun tək və ya cüt olması səbəbindən "mətəbaşı" seçilərdi.

Mətəbaşı mətənin yanında dayanardı. Qalan 5-6 nəfər təxminən 2-2.5 m-lik məsafədən mətəyə qoz atardılar. Mətənin içinə düşən qozların sayı cüt olsa, oyunçu mətəbaşından həmin sayda qoz alardı, tək olsa, həmin qozlar mətəbaşına qalardı.

Sonra növbəti oyunçu da həmin qayda ilə oyuna daxil olardı. Onu da qeyd edək ki, eyni qayda əsasında fındıqla da bu oyunu oynayardılar.

Bayram günlərində bordaqda saxlanan toğlu kəsənlər, tövlədə saxlanan atının quyruğunu düyüb qaçışa çıxaranlar da olurdu. Kəlbəcərdə at yarışları adətən köhnə il hesabı ilə yazın son, yayın ilk aylarında (21 may-21 iyul) keçirilsə də, Novruz bayramı günü Kəlbəcər şəhərinə gedən yolda at yarışı keçirilərdi.

Bayram günlərində kirvələrin bir-birinin evinə qonaq getməsi, bir-birinə bayram hədiyyəsi aparması da geniş yayılmışdı. Kirvə hədiyyə olaraq öz kirvəsinə at da, inək də, gəvə də, bağışlaya, hədiyyə verə bilərdi. Ancaq hər bir qonaq gedən kirvənin xurcununda, xonçasında bəzəkli naxışları olan corabların, küllü kömbələrin olması lazım gəlirdi. Kirvə qonaqlığına getmək və qabaq qaytarmaq arada 4-5 gün olmaqla keçirilə bilərdi. Bu Novruzda qonaq gələn kirvəyə gələn Novruz bayramı da qonaq getmək olardı.

Bayram günü camaat-kəndin kişiləri kənddə iki-üç yerə toplaşardılar: aşağı hissədə qədimi kilsənin üstündəki xırmana, kəndin ortasında yerləşən kolxoz idarə heyətinin, kənd sovetinin yanına və yuxarı məhəllədə "Daş" adlanan yerə. Kişilər daha çox kənd sovetinin yanına toplaşar, günorta olanda bir-birinə uyğun 5-10 nəfər toplaşıb bir kişinin evinə bayram aşı yeməyə gedərdilər. Bayramlaşmanın ən gözəl nümunələrindən biri də bu idi.

Onu da qeyd edim ki, kəndimizdə İlaxırı və Novruz bayramında spirtli içkilər içilməzdi. Bunu belə izah edərdilər ki,  İlaxırı gecəsi müqəddəs gecədir, bütün dünyanın, dünyadakı canlıların təzələnib yeni həyata, yeni ilə, yeni günə keçdiyi gecədir. Novruz bayramını isə bu yeniliklərlə bərabər, İmam Əlinin qırmızı geyinib taxta çıxdığı gün hesab edərdilər,həmin vaxtlarda bir şəxsi inandırmaq üçün qoca kişilər and içəndə “Bu Əli bayramı haqqı” deyərdilər.  Bəlkə də bayram günlərində qapı, pəncərələrdən qırmızı ip asılmasının, uşaqların, cavanların, xüsusən də qadınların qırmızı paltar geyinmələrinin bir səbəbi də bununla bağlı idi.

Bu yəqin ki, qədim türk düşüncə tərzindən, atəşpərəstlikdən gələn Novruz adətinə bir qədər də islam boyağı vurmaqla bu adəti qoruyub yaşatmaq istəyindən irəli gəlirdi .

“Ərgənəkon” dastanı belə deməyə əsas verir ki, qədim türklərdə yaz bayramı təbiətin oyanışı ilə bərabər, türklərin də oyanışı və dünyanın tarix səhnəsinə çıxması ilə bağlıdır.

Ərgənəqona sığınan türklər burda 400 il ərzində çoxaldılar. Atəş yaxdılar, yetmiş yerə qoyduqları körüklə körükləyib, dağın dəmir olan hissəsini əritdilər və bir yüklü dəvənin keçə biləcəyi qədər yer açdılar. El Kağanın soyundan gələn türklər güclənmiş halda əvvəlki yurdlarına döndülər, atalarının intiqamını aldılar.

Ərgənəqondan çıxdıqları günü-21 martı hər il bayram etdilər. Dəmir parçasını qıpqırmızı qızdırdılar, əvvəl xaqan, sonra isə digər bəylər dəmiri zindanda  döydülər, həmin günü azadlıq və yaz bayramı kimi qeyd etdilər.

Azərbaycan  Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa diqqət və qayğısı sayəsində Kəlbəcərdə böyük quruculuq işləri aparılır. İnanırıq ki, tezliklə Kəlbəcər rayonunda da məskunlaşma işləri başlayacaq və bu ulu diyarda qədim el şənlikləri, o cümlədən də Novruz bayramı bütün vüsəti, əzəməti ilə yenidən yaşadılacaq və nəsildən-nəslə ərməğan kimi ötürüləcəkdir.

Bayramınız mübarək olsun!

Yeni gününüz, yeni iliniz uğurlu gəlsin!

Salman Qaralar          

Şair-tədqiqatçı, AYB üzvü.

                                                      

 

 


Etiket:
Xəbərlər

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024
Bütün xəbərlər