RƏSULLU ŞƏHİDLƏRİ

02:28 / 03.07.2025
Baxılıb: 42

Məşədi Qasımın nəvəsi Azər Kərimovun "Azərbaycan" qəzetinin 15 oktyabr 1992-ci il tarixli sayında çap olunan "Atamla söhbət" başlıqlı məqaləsinə redaksiyanın "Əsgər sülaləsi" adlı proloqu diqqətimi cəlb etdi. Yazıda doğru olaraq qeyd edilir ki, – "Azərbaycan üçün müxtəlif dövrlərdə ailə fenomeni həmişə bütün mənəvi ictimai dəyərlərin fövqündə durub. Ötən əyyamlarda bu xarakter özünü ziyalı, fəhlə, mühəndis şəcərəsi şəklində təzahür edib. Hər şəcərə özünəməxsus keyfiyyətləri ilə fəxr edib. Bu gün …Azərbaycan ailəsinin yeni formasının – şəhid ailəsinin yox – şəhid sülaləsinin də mövcud olduğunu görürük".

Düzdür, Rəsullular nəsli zaman-zaman müəllimləri, mühəndisləri, alimləri, rəhbər işçiləri ilə tanınıb. Lakin XX əsrin əvvəllərində və sonunda cəlb edildiyimiz məlum münaqişələr bu nəslin "Əsgər sülaləsi" olmasına da gətirib çıxartdı. 70 il müddətində sovet ordusuna xidməti saymasaq, müstəqil olduğumuz 1918–1920-ci illər və 1991-ci ildən bu günə qədər nəslin onlarla Vətən qazisi olmuş, Abbas Qasımov, Yasif Kərimov, Ziyafət Balıyev, Mehdi Məhərrəmov, Rəsul İlyasov, Nəbi Zeynalov və Elçin Məmmədov kimi igidləri şəhid olmuşlar.

Kəndimizin ilk şəhidi Yasif Kərimovun həyatı və döyüş yolu haqqında 2012-ci ildə çap olunan "Ömrün şəhidlik zirvəsi" adlı kitabda Rəsullu şəhidləri haqqında ayrıca yazmışdıq. "Məşədi Qasımın iki şəhid nəticəsi" və "Rəsullu şəhidlərindən üçü" adlandırılan hər iki məqaləni birləşdirərək yeniləməyi lazım bildik.

Qasımov Abbas Talıb oğlu Rəsullular nəslinin ilk şəhididir. O igid el qəhrəmanı, sərrast atıcı kimi tanınan sərkərdə Məşədi Qasımın nəticəsidir. Belə ki, Abbas Qasımov Məşədi Qasımın oğlu Səyyadın nəvəsidir. Daha dəqiq desək, Abbas Qasımov Səyyadın oğlu Talıbın övladıdır. Abbas Qasımov həmçinin Rəsullular nəslinin tanınmış şəxsiyyəti Kərbəlayı Əmrahın da nəticəsidir. Abbasın atası Talıbın anası Sona Kərbəlayı Əmrahın qızıdır.

Abbas Qasımov 24 yanvar 1970-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Kamensk şəhərində hərbi xidmətdə olmuşdur.

3 yanvar 1992-ci ildə Xanlar rayon Hərbi Komisarlığı tərəfindən Milli Orduya göndərilmişdir. N saylı hərbi hissənin atıcısı olmuşdur.

Abbas Qasımov könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuşdur. Yoldaşları arasında "Snayper Abbas" deyə çağırılmışdır. O, sərrast atıcı və minaları təhlükəsizləşdirən hərbçi olmuşdur. Belə bir söz deyirlər – nəvələr həmişə babaya oxşar. Abbasın babası Səyyad Kərimov yaxşı atıcı olduğuna görə 1920-ci illərdə yaranmaqda olan Ağdam milis idarəsinə işə qəbul edilmişdir.

"Snayper Abbas" kimi tanınan Abbas Qasımov Gülüstanın alınmasında, Ağdərənin Talış, Suqovuşan, Qırmızıkənd kəndlərində gedən döyüşlərdə xüsusən fəallıq göstərmişdir.

5 iyul 1992-ci ildə Ağdərə rayonunda gedən döyüşdə ayağından yaralanmasına baxmayaraq geri çəkilməmiş, son damla qanına qədər düşmənlə üz-üzə döyüşmüş, qəhrəmancasına şəhid olmuşdur.

Abbas Qasımov Samux rayonunun Nəbiağalı qəsəbəsində dəfn edilmişdir. O, Rəsulluların ilk şəhidi olduğu kimi Samux rayonunun da ilk şəhididir.

"Yeni Samux" qəzetində, "Samux şəhidləri", "Azərbaycan Respublikası Xatirə Kitabı", "Ömrün şəhidlik zirvəsi", "Xalqımızın qəhrəman və şəhid oğulları", "Daşkənddən Yeni Daşkəndə" və başqa kitablarda Abbas Qasımovun həyatı və döyüş yolu haqqında geniş məlumatlar verilmişdir.

Kərimov Yasif Fəzi oğlu Rəsullular nəslinin ikinci şəhididir. O igid el qəhrəmanı, sərrast atıcı kimi tanınan sərkərdə Məşədi Qasımın nəvəsidir. Daha dəqiq desək, Məşədi Qasımın oğlu Fəzinin övladıdır.

Yasif Kərimov 3 mart 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Babası Məşədi Qasım 1918–1920-ci illərdə Göyçə mahalında və Qarabağda ermənilərə qarşı döyüşlərdə fəallıq göstərmişdir.

Yasif Kərimov 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur.

24 mart 1992-ci ildə Bərdə RHK tərəfindən Milli Orduya çağırılmışdır. Sıravi əsgər kimi N saylı hərbi hissənin atıcısı olmuşdur.

22 avqust 1992-ci ildə Ağdərənin Drombon (Heyvalı) kəndi yaxınlığında gedən döyüşdə top qəlpəsindən yaralanaraq şəhid olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur. Həmin döyüşdə Yasif Kərimov şəhid olmuş, həmkəndliləri Aqil Əliyev, Adil İsmayılov, Kəmaləddin Kərimov isə yaralanmışdır.

Yasif Kərimovun təhsil aldığı Yeni Daşkənd kənd tam orta məktəbi 1993-cü ildən onun adını daşıyır. 2012-ci ildə məktəbin girişində şəhidin büstü qoyulmuş, 15 sentyabrda büstün təntənəli açılışı olmuşdur. Haqqında "Ömrün şəhidlik zirvəsi" adlı kitab çap olunmuşdur. Kitabda bütün materiallar çap olunduğundan onları burada sadalamağı vacib bilmədik.

Yasif Kərimovun 1991-ci ildə nişanı olmuşdu.

EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Yasif Kərimovun həyatı və döyüş yolu haqqında sənədli film yayımlanmışdır.

2023-cü ildə Yeni Daşkənd kəndində 50 illik yubileyi keçirilmişdir.

Balıyev Ziyafət Qurban oğlu Rəsullular nəslinin üçüncü şəhididir. O Rəsullular nəslinin Hacı Balı qolundan olan Taharın nəvəsidir. Ziyafət Balıyev həm də Taharın qardaşı Mürsəl Hacı Balı oğlunun nəticəsidir. Belə ki, Ziyafətin ana nənəsi Röyzə Mürsəlin qızıdır. Hətta Ziyafətin ata nənəsi Reyvə də Rəsullular nəslindəndir. O, Hacı Kərimin oğlu İsmayılın qızıdır.

7 iyul 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulmuşdur. 1972–1982-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində oxumuşdur. 1983-cü ildə Bərdə Texniki Peşə məktəbinin sürücülük kursunu bitirmişdir. 1983–1985-ci illərdə Ukrayna SSR-də sovet ordusu sıralarında serjant rütbəsilə hərbi xidmətdə olmuşdur. 1980-ci ildən Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının, 1989-cu ildən isə Ümumittifaq Könüllü Ayıqlıq Uğrunda Mübarizə Cəmiyyətinin üzvü olmuşdur.

Ziyafət Balıyev 9 yanvar 1986-cı ildən Bərdə rayon 4 saylı Ərazi Nəqliyyat İdarəsində çilingər, 27 iyun 1986-cı ildən 24 mart 1991-ci ilədək isə həmin idarədə MMZ-555 (ZİL) markalı yükünü özüboşaldan avtomobildə (seriya №-si 06–68) sürücü işləmişdir. 1991–1992-ci illərdə Bərdə rayon DİŞ-də polis baş serjantı olmuşdur.

24 mart 1991-ci ildə PPХ taqımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında qarşısında qoyulmuş tapşırıqları layiqincə yerinə yetirmiş, qəhrəmanlıqları ilə döyüşçü yoldaşlarından xüsusilə fərqlənmişdir. Kəlbəcər rayonunun yaylaqlarındakı polis postlarında xidmət etmişdir. Goranboy rayonunun Şəfəq, Todan, Buzluq, Mənəş kəndlərinin erməni silahlı dəstələrindən təmizlənməsində iştirak etmiş, dəfələrlə erməni quldurlarının xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Ağdam və Ağdərə rayonlarının müxtəlif kəndlərindəki döyüşlərdə də vuruşmuşdur. O, eyni zamanda ermənilərdən qənimət kimi götürdükləri sarı rəngli "PAZ" markalı avtobusu da idarə etmiş, döyüşçü yoldaşlarını ezamiyyətə aparıb-gətirmişdir.

12 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qoçoqot kəndində gedən döyüşdə qəhrəmancasına şəhid olmuş, 13 sentyabrda Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli, 262 №-li fərmanı ilə Balıyev Ziyafət Qurban oğlu (ölümündən sonra) "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.

Yeni Daşkənd Kənd Folklor Evi və Bərdə şəhərindəki mərkəzi küçələrdən biri şəhid Ziyafət Balıyevin adını daşıyır.

Ziyafət Balıyevin həyatı və döyüş yolu haqqında yazılanlar bu kitabda çap olunduğundan onları sadalamağı vacib bilmədik.

Məhərrəmov Mehdi Əmirxan oğlu Rəsullular nəslinin dördüncü şəhididir. O, Rəsullular nəslinin Hacı Balı qolundan olan Məhərrəmin nəticəsi, şair Həsən Xəyallının isə nəvəsidir.

Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1980-ci ildə Basarkeçər rayonu Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir.

1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır.

Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. Orta məktəbdə oxuduğu illərdə atası Molla Əmirxandan dini təhsil də almışdır.

11 mart 1992-ci ildə Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, Ağdərə rayonunda N saylı hərbi hissənin, həmçinin "Babək 44" taborunun tərkibində bacarıqlı rabitəçi və atıcı kimi xidmət göstərmişdir.

5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlər zamanı itkin düşmüşdür. Məzarının yeri məlum deyil. Ona Bərdə Rayon Xalq Məhkəməsi tərəfindən şəhid adı verilmişdir.

Subay idi.

Mehdi Məhərrəmovun həyatı və döyüş yolu haqqında "Bərdə şəhidləri", "Yaralı Göyçə", "Göyçə mahalında, Daşkənd elində", "Ömrün şəhidlik zirvəsi", "Azərbaycan Respublikası Xatirə Kitabı" və "Daşkənddən Yeni Daşkəndə" adlı kitablarda ətraflı məlumatlar verilmiş, EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında sənədli film yayımlanmışdır.

26 iyun 2023-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmasının 50 illik yubileyi münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə rayon və kənd ictimaiyyəti ilə yanaşı, "Babək 44" taborundan olan döyüşçü yoldaşları da iştirak etmişdir. Şair Aqşin Hacızadə şəhid Mehdi Məhərrəmovun həyatı və döyüş yolundan bəhs edən "Göyçədən başlanan şəhidlik yolu" adlı povest yazmış, şəhidin yubiley mərasimində oxuculara təqdim etmişdir.

İlyasov Rəsul Niftalı oğlu Rəsullular nəslinin beşinci şəhididir. O Rəsullular nəslinin Hacı Balı qolundan olan Mürsəlin oğlu Elləzin nəvəsidir. Rəsul İlyasovun həm də ata nənəsi Reyvə də Rəsullular nəslindəndir. O, Hacı Kərimin oğlu İsmayılın qızıdır.

Rəsul İlyasov 12 iyul 1975-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1982-ci ildə Yeni Daşkənd kənd orta məktəbində, 1983-cü ildə isə Bərdə şəhər Bülbül adına 1 saylı Uşaq İncəsənət məktəbində eyni zamanda təhsil almağa başlamışdır. 1992-ci ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. 1993-cü ildə Bakı Ali Menecer Kollecinə daxil olmuşdur.

28 oktyabr 1995-ci ildə Bakı metropolitenində dəhşətli partlayış baş vermişdir. Bakı metropoliteninin "Ulduz" və "Nəriman Nərimanov" metrostansiyaları arasında hərəkət edən 21 saylı qatarın 4-cü vaqonunda yanğın olmuş və bütün qatarı alov bürümüşdür. Rəsul İlyasov da bu qatarda sərnişinlər arasında olmuş, sağ qalmış, özü ilə iki nəfəri də xilas edərək od-alovdan uzaqlaşmışdır. O, köməksiz insanların tuneldə qaldığından Çingiz Babayevlə yenidən tunelə qayıtmış, yaralıların xilas olması üçün kömək etmişdir. Lakin Rəsul İlyasov və Çingiz Babayev qatı tüstüdən boğularaq şəhid olmuşdur. Bu hadisədə 300 adam həlak olmuş, 400 nəfər isə xəsarət almışdır. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilmişdir. Xatırladaq ki, hadisə ən dəhşətli metro qəzası kimi "Ginnesin Rekordlar Kitabı"na da düşmüşdür.

Rəsul İlyasov Yeni Daşkənd kəndində dəfn olunmuşdur.

Subay idi.

Onun həyatı haqqında "Yaralı Göyçə", "Ömrün şəhidlik zirvəsi" və "Daşkənddən Yeni Daşkəndə" adlı kitablarda məlumat verilmişdir.

***

İndi isə sizlərə Rəsullular nəslindən iki qardaşın – Hacı Kərim və Kərbəlayı Əmrahın qızlarından olan iki nəticəsi – Nəbi Zeynalov və Elçin Məmmədov haqqında məlumat vermək istərdim.

Zeynalov Nəbi Surxay oğlu Məşədi Qasımın qızı Narının nəvəsidir. Qeyd edim ki, Nəbi həm də Məşədi Qasımın bacısı Baharın nəticəsidir.

Nəbi Zeynalov 1 fevral 1975-ci ildə Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1982-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə doğulduğu kənddən məcburən qaçqın düşdükdən sonra, əvvəlcə müvəqqəti Bərdə rayonunun Yeni Daşkənd kəndində, daha sonra isə daimi olaraq Göygöl rayonunun Quşçu kəndində məskunlaşmışdır. 1992-ci ildə Quşçu kənd orta məktəbini bitirmişdir.

17 iyul 1993-cü ildə Göygöl RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 31 iyul 1993-cü ildə elə Ağdərə bölgəsində gedən döyüş əməliyyatı zamanı şəhid olmuşdur. Göygöl rayonunun Quşçu kəndində dəfn edilmişdir.

Subay idi.

1996-cı ildən Göygöl rayonunun Quşçu Kənd Folklor Evi şəhid Nəbi Zeynalovun adını daşıyır.

Nəbi Zeynalovun həyatı və döyüş yolu haqqında "Sərhəd" və "Bütöv Azərbaycan" qəzetlərində, "Göyçə mahalında, Daşkənd elində", "Vətən həsrətində, el firqətində", "Ömrün şəhidlik zirvəsi", "Azərbaycan Respublikası Xatirə Kitabı" və "Daşkənddən Yeni Daşkəndə" kitablarında məlumat verilmişdir.

1 fevral 2025-ci ildə Göygöl rayonunun Quşçu kəndində şəhidin 50 illik yubileyi geniş şəkildə keçirilmiş, xatirəsi anılmışdır.

Məmmədov Elçin Camal oğlu Kərbəlayı Əmrahın qızı Sonanın nəvəsidir. Elçinin atası Göyçə mahalının Qaraiman kəndindən olub.

Elçin Məmmədov 16 iyul 1967-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Əfqanıstan Demokratik Respublikasında SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət keçmiş, dəfələrlə döyüşlərdə iştirak etmişdir.

1 noyabr 1993-cü ildə Samux RHK-dan Milli Orduya çağırılmışdır. Çavuş rütbəsində 896-cı hərbi hissənin manqa komandiri olmuşdur. Ağdam rayonundakı döyüşlərdə, xüsusən Papravənd döyüşündə aktiv iştirak etmiş, onlarla ermənini məhv etmişdir. Cəbhə yoldaşları arasında "Əfqan döyüşçüsü" kimi məşhur olub. Füzuli rayonunun Aşağı Bəhmənli, Yuxarı Bəhmənli və Kərimbəyli kəndlərində gedən ağır döyüşlərin iştirakçısı olmuşdur. 15 yanvar 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşdə şəhid olmuş, 17 yanvar 1994-cü ildə Nəbiağalı qəsəbəsində dəfn olunmuşdur.

Ailəli idi. Ehtiram və Gülçin adlı iki övladı yadigar qalıb.

Elçin Məmmədovun həyatı və döyüş yolu haqqında "Samux şəhidləri" kitabında, "Azərbaycan Respublikası Xatirə Kitabı"nda və mətbuat orqanlarında ətraflı məlumat verilmişdir.

 

Araz Yaquboğlu,

tədqiqatçı-jurnalist,

Azərbaycan Jurnalistlər Birliyinin,

Azərbaycan Aşıqlar Birliyinin üzvü

 


Etiket:
Xəbərlər

RƏSULLU ŞƏHİDLƏRİ

03.07.2025

İslam Ələsgərli – 100

23.06.2025

Gürcüstanda azərbaycanlı alimin elmi araşdırmalarından bəhs edən məqalə dərc olunub

20.06.2025

Novrəs İmanla Ayrım Əhmədin ikinci deyişməsi

18.06.2025

BİR SÖZÜN SEMANTİKASI  VƏ YA  “AŞIĞIN QURBAN ÖLDÜRMƏSİ”

11.06.2025

QAİ - Basarkeçər İcması adından təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq.

11.06.2025

Naxçıvan Kikboksinq İdman Klubunun açıq birinciliyi keçirilib

04.06.2025

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatının açılış mərasimi keçirilib

02.06.2025

Prezident: "İrəvan qazılığının fəaliyyətinin bərpası tarixi ədalətin təmin olunmasıdır"

26.05.2025

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO

22.05.2025

Ulu Öndərin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb ŞƏRH

10.05.2025

ADNSU-da “Heydər Əliyev və Azərbaycanın Suverenlik Yolu” mövzusunda tədbir keçirilib

08.05.2025

İkinci Dünya savaşında  Pəmbək azərbaycanlılarının iştirakı yeni informasiyalar işığında

07.05.2025

Aşıq Ələsgər xalq dilinin ədəbi dilimizə çevrilməsi missiyasının “nidasını qoydu”.

06.05.2025

Aşıq Ələsgərin yaradıcılığında qadın obrazlarına elmi baxış...

26.04.2025

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qədim yurd yerlərimiz, söykökümüz – Aşıq Ələsgər” adlı tədbir keçirilib.

24.04.2025

Ömürlərə bəzək və töhfə verən ömrünüz bərəkətli olsun!

01.04.2025

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi

31.03.2025

Kəlbəcərdə "Novruz"  adətləri

19.03.2025

Suraxanıda Novruz bayramı təntənəli qeyd olunub

18.03.2025

17 mart 2025-ci ildə ADA Universiteti və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mövzusu 100 ildə ” adlı dəyirmi masa keçirilib.

17.03.2025

FƏDAKAR ELM VƏ İNSANLIQ MÜCƏSSƏMƏSİ

14.03.2025

Əhliman Əmiraslanov: Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik

11.03.2025

FİTRİ İSTEDAD SAHİBİ

08.03.2025

Azərbaycan Yazıçılar Birliyində “Adım Ələsgərdi…” kitabının təqdimatı olub

07.03.2025

XOCALIYA ƏDALƏT! 

26.02.2025

Balaxanıda bir əsrlik tarixi olan neft quyusuna “ADNSU-100” adı verilib.

20.02.2025

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə”

16.02.2025

Gənc vətənpərvər Pensilvaniya Universitetində

16.02.2025

Şair-publisist Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabının təqdimat mərasimi iştirakçılarına!

13.02.2025

Sənin görüşünə sürünə-sürünə də olsa gələrəm, Göyçəm

12.02.2025

Paşinyan unudur ki...

11.02.2025

ATALARIN YOLU OĞULLARIN YOLUDUR

10.02.2025

...yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

06.02.2025

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib 

01.02.2025

MƏŞƏDİ QASIMIN ŞƏHİD NƏTİCƏSİ

01.02.2025

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

30.01.2025

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - ŞAHMALI QASIM OĞLU QURBANOV

28.01.2025

Şirazi İbrahimov Basarkeçər gəncləri tərəfindən “GƏNCLƏRİN DOSTU” adına layiq görüldü.

27.01.2025

Mükafat qalibi: "Daha çox gənci elmi fəaliyyətə cəlb edəcəyik"

26.01.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

20.01.2025

Aşıq Nəcəfin övladları necə qətlə yetirildi?

19.01.2025

Qərbi Azərbaycan gənclərinin birliyi tarixi torpaqlarımıza qayıdışın gələcəyinə atılan güclü təməldir

17.01.2025

Gümrü avtovağzalı, siyasi büro və 35 qəpiklik daraq - Hikmət Babaoğlu yazır

16.01.2025

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025
Bütün xəbərlər