Qədim türklərdə dövlət məclisləri

10:19 / 20.02.2020
Baxılıb: 3294

Əfsanəyə görə Bozqurd Oğuz xana: “Ey Oğuz, artıq mən öndə gedəcəyəm” - dedi. Oğuz xan bu Bozqurdun arxasınca gedərək Yapon dənizindən Volqa çayına qədər uzanan Böyük Hun İmperiyasını qurdu.

Qədim dövrlərdən hökmdarlar tətbiq edəcəkləri qərarları cəmiyyətə mənimsətmək, əldə olunacaq nəticələrin məsuliyyətini paylaşmaq, ən doğru olanını etmək üçün məsləhət almağa ehtiyac duymuşlar. Məhz bu ehtiyacdan da hələ qədim dövrlərdən dövlət idarəetmə sistemlərində xüsusi dövlət qurumlarının - məclislərin, şuraların mövcud olduğunu görürük. Lakin bu qəbildən olan qurumlar arasında bizi ən çox maraqlandıran cəmiyyətin daha geniş təbəqəsinin daxil olduğu nümayəndəli yığıncaqlardır. Günümüzün parlamentlər sisteminədək yüksək inkişaf səviyyəsinə çatan bu qurumun kökü həm Qərb, həm də Şərq cəmiyyətlərində qədim çağlara qədər uzanır. İndiyədək yalnız Qərb sivilizasiyalarında mövcud olmuş məclislər (Roma Senatı, Altinq, Baş Ştatlar, Korteslər) barədə yazılar dərc etmişik. “Milli Məclis” jurnalının bu sayının “Qədim parlament” rubrikasında isə tarixin müxtəlif dövrlərində “qurultay”, “toy” adlanan qədim türk dövlət məclisləri barədə söhbət açacağıq.

Sözlərin etimologiyası

Hər şeydən əvvəl qurultay və toy sözlərinin etimologiyası barədə danışmaq lazımdır. Çünki müasir dövrdə toy və qurultay sözləri öz əvvəlki mənalarında işlədilmir. Düzdür, qurultay sözü ilkin mənasını bir qədər saxlayıb. Lakin bu gün məclis, yığıncaq, bayram, düyün, ziyafət mənasını ifadə edən toy sözü ilkin mənasında dövlət işlərinin müzakirə edildiyi və sonra isə yeyilib, içilib, əylənildiyi bir yığıncaq (festival) xüsusiyyəti daşıyırdı. Oğuznamələrin əksəriyyətində olduğu kimi “Kitabi-Dədə Qorqud”da da (bundan sonra - KDQ) toy oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi, inzibati məsələlərini həll etmək üçün çağırılan kenqəş (şura - KDQ), yaxud da qurultaydır. Bayandır xanın ildə bir dəfə toy çağırıb oğuz bəylərini qonaqlaması və bəzi vacib məsələləri həll etməsi KDQ-də bir neçə dəfə təkrar edilir: “Xanlar xanı Xan Bayındır yildə bir kərrə toy edib, oğuz bəglərin qonaqlardı. Genə toy edib, atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırmışdı”.
“Kitabi-Dədə Qorqud”dakı ilin müəyyən günlərində boy bəylərinə və xalqa hökmdar tərəfindən ənənəvi olaraq verilən, rəsmi xüsusiyyət daşıyan bu tip ziyafətləri (toyları) köçəri türk tayfa başçıları XV-XVI yüzilliklərdə belə davam etdirmişlər. Bunu Uzun Həsənin tarixçisi Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” adlı kitabında XV yüzilliyin hadisələrinin təsviri də sübut edir. “Manas” dastanında da toy eyni mənanı daşıyan siyasi termin kimi işlədilir. Qədim türklərin dövlət məclisləri monqol yürüşlərinədək əsasən belə adlanmışdır. Çingiz xanın yürüşlərindən sonra siyasi termin olan qurultayın toyu əvəz etməsi ilə o, yavaş-yavaş etnoqrafik məna daşımağa başlamışdır.

Müasir türk dillərində qurultay bir mövzunu müzakirə etmək üçün müxtəlif bölgələrin (ölkələrin) nümayəndələrinin qatılması ilə reallaşan yığıncaqlara deyilir. Məsələn, Ümumrusiya Müsəlmanlarının I qurultayı (Nijni-Novqorod, 1905-ci il), Türk-hun dünyasının III böyük qurultayı (Macarıstan, Buqats bölgəsi, 2010-cu il) və s.

Qurultay türk dillərindəki “kurul”, “khuril”, “khural-khuri”, “qurul” (təşkilat) sözü ilə “tey” (yetkinlərin toplandığı məkan) sözünün birləşməsindən əmələ gəlib, kurulun toplandığı yer mənasını ifadə edir.

Tarixi mənbələrdən məlum olan ilk türk dövlətlərində isə qurultay mühüm dövlət işlərinin müzakirə edilib qərar verildiyi nümayəndəli məclisə deyilirdi. Hökmdarın ölümü, müharibə və digər milli təhlükələr zamanı toplanan qurultaylar böyük səlahiyyətlərə malik idi.

Tarixdə toy və qurultaylar

Türk dövlət məclisləri barədə ilk məlumatlar Böyük Hun İmperatorluğuna, onun ən parlaq hökmdarı olan Mete xanın hakimiyyəti illərinə (e.ə. 209-174) təsadüf edir. Dövrünün ən demokratik və mükəmməl idarəçilik sisteminə malik olan Böyük Hun İmperatorluğunda (Asiya Hun Dövlətində) (e.ə. 220-300) qarşıya çıxan taleyüklü məsələlər qurultayda həll edilirdi.

Hacettepe Universitetinin ədəbiyyat fakültəsinin tarix bölümünün müəllimi doktor Mehmet Seyitdanlıoğlu “Qədim türklərdə dövlət məclisi: “toy” haqqında düşüncələr” adlı məqaləsində yazır ki, Mete xanın dövründə xaqanın başçılığı ilə ölkənin iqtisadi, siyasi, sosial, dini və hərbi məsələlərinin müzakirə edilib həll olunduğu böyük yığıncağın - toyun (qurultayın) çağırıldığı məlumdur. Bu yığıncaqlar hökmdar tərəfindən ildə üç dəfə - yazda, yayda və payızda çağırılırdı. Dini xüsusiyyət daşıyan birinci toplantı ilin ilk ayında hunların Şanyu (və ya Tanhu) adlanan hökmdarlarının sarayında toplanırdı. Bu toplantıda göyə, yerə, təbiət qüvvələrinə və əcdadlara qurbanlar kəsilirdi.

Yayda, təxminən iyun ayında Orxon çayı vadisindəki Qaraqurum şəhərində çağırılan ikinci yığıncaq digərlərindən daha əhəmiyyətli olurdu. Çünki bu qurultayda hökmdarlıq təsdiq edilir, ya da yeni hökmdar seçilirdi. Gərək olarsa, Törəyə (qədim türklərdə adət-ənənələrə əsaslanan hüquq qaydaları) yeni hökmlər əlavə edilir, ölkənin ən mühüm məsələləri (hərbi-strateji məsələlər, xarici siyasətlə əlaqədar işlər, elçilərin qəbulu və s.) müzakirə olunur, qərarlar çıxarılırdı. Bu yığıncağa şahzadələrlə bərabər dövlətin nüfuzlu şəxsləri, həm hərbi, həm də mülki vəzifə sahibləri, hunlardan asılı dövlətlərin nümayəndələri də qatılırdı. Qurultaya qatılmaq dövlətə olan sədaqəti, qatılmamaq isə itaətsizliyi göstərirdi.

Üçüncü yığıncaq isə payızda Tailində çağırılırdı. Bu yığıncaqda əhalinin və atların sayı dəqiqləşdirilir, müharibə və sülh məsələləri həll olunurdu.
Atilla zamanında Avropa Hun Dövlətində (M.S. 375-469) siyasi həyatda nüfuzlu zadəganlardan meydana gələn Seçilənlər Məclisi dövlətin rəhbərliyində əhəmiyyətli söz sahibi idi. Hunlardan başqa digər bütün türk dövlətlərində də belə xalq yığıncaqlarının çağırıldığını, məclislərin toplandığını görürük.
Türk adı altında qurulan ilk dövlət olan I Göytürk İmperiyasında (552-658-ci illər) da qurultaylar çağırılırdı. Onlarda da yayda keçirilən və xalqın qatıldığı yığıncaq ən əhəmiyyətli sayılırdı. Bu yığıncaqda da dövlət işləri müzakirə edilir, yeni xaqan seçkisi keçirilir, iqtisadi və mədəni məsələlər həll olunurdu. Bu yığıncaqlar da bayram kimi qeyd edilirdi: at yarışları keçirilir, mahnılar oxunur, bol qımız içilirdi.

Uyğurların da buna bənzər dövlət məclisi vardı. Bundan başqa Tabqaç dövlətində Nazirlər Məclisi, Xəzər xaqanlığında (VI-X əsrlər) İxtiyarlar Məclisi, Peçeneklərdə Komenton deyilən əhəmiyyətli qərarların verildiyi məclis, qıpçaqlarda Dövlət Müşavirə Məclisi və Tuna Bulqar dövlətində Millət Məclisi mövcud idi.
Oğuz türklərində toylar əyləncəli ziyafət olmaqla yanaşı, dövlət məsələlərinin müzakirə edildiyi məclislər idi. Məmurların dövlətə sədaqət göstəricisi olaraq qatıldığı bu mərasimlər oğuzların ictimai-siyasi həyatında əhəmiyyətli yer tuturdu. Oğuz toylarını digərlərindən fərqləndirən xüsusiyyət də toyun sonunda qonaqların dəvət edildikləri evi (xaqanın evini) yağmalamaları idi. Buna “xanı yağma etmək” adəti deyilirdi. Ərəb səyyahı İbn Faldanın “Səyahətnamə”sində oğuz toylarına bəy və sərkərdələrdən başqa xalqın da qatıldığı göstərilir. Bu qayda digər türk dövlət məclislərinin hamısında rast gəlinən hal deyildi. Məsələn, Tabqaç dövlətində məclisə tək nazirlər, Avropa Hun İmperiyasında isə zadəgan bəylər qatılırdı. Ancaq bu yığıncaqların festival mərhələsinə hansısa dövlətdə xalqın qatılmadığını söyləmək səhv olardı.

Mənbələrdə X-XI əsrlərdə monqollarda ümumxalq yığıncaqlarının - qurultayların çağırılması barədə dəqiq məlumatlar var. Ümumiyyətlə, monqol ulusunda qurultaya böyük önəm verilirdi və monqol xanlarını bir qayda olaraq qurultay seçirdi. Məlum olduğu kimi, 1206-cı ildə çağırılan qurultayda Yeke Monqol Ulusu (Böyük Monqol Dövləti) yaradıldı və Timuçin Çingiz xan titulu ilə bütün monqolların xanı seçildi. Monqolların Böyük Yasası da məhz bu qurultayda qəbul olundu. Çingiz xandan sonra da bütün monqol xanları qurultayda seçilirdi. Belə ki, Çingiz xanın 1227-ci ildə vəfatından sonra 1229-cu ildə çağırılan qurultayda oğlu Uqedey xan seçildi, eyni zamanda, Tsin İmperiyasının istilasının davam etdirilməsi qərara alındı. Qeyd edək ki, 1235-ci ildə çağırılan qurultay Uqedeyin rus torpaqlarına yürüş edəcək qoşunlara komandanlıq etmək istəyini rədd etdi. Nəticədə Batı qoşunlara komandan təyin olundu. Çingiz xanın qurduğu monqol imperiyası dağıldıqdan sonra da onun yerində yaranan monqol-tatar dövlətlərinin hər biri öz qurultaylarını çağırırdı.

Lakin türklər islam dinini qəbul etdikdən sonra qurultay, toy ənənəsi yavaş-yavaş aradan qalxdı. İslamın qəbulundan sonra yaradılan Qaraxanlılar, Səlcuqlar, Osmanlılar kimi türk dövlətlərində də türk dövlətçilik ənənələri davam etdirilmişdir. İlk müsəlman türk dövləti olan Qaraxanlılarda ali dövlət orqanı yenə də qurultay idi.
Osmanlılarda da ilk vaxtlar tayfalararası qurultaylar çağırılsa da (ilk osmanlı hökmdarı Osman Qazi qurultayda xan seçilmişdi), sonradan bu qurumu əksər türk dövlətlərində olduğu kimi divan (Divani-Humayun) əvəz etdi. Sultanın sədrliyi ilə mühüm dövlət işlərini həll edilən Divani-Humayun Orxan bəyin zamanından Fatehin ilk dövrlərinə qədər hər gün toplanırdı. Toplantılar dinindən, millətindən və cinsindən asılı olmayaraq, hər kəsə açıq idi. Divanda əvvəlcə xalqın arzu və şikayətləri dinlənilir, sonra dövlət işləri müzakirə edilirdi.

Türklərin islamı qəbul edəndən sonra qurduqları dövlətlərdə rast gəlinən “divan” ənənəsində və “məşvərət” üsulunda da qurultay və toyların təsiri şübhəsizdir. Lakin divanlar qədim türk qurultaylarının demokratik xüsusiyyətlərinə malik deyildilər. Qədim türk məclisləri üzvlərinin təmsilçi xüsusiyyətə malik olması, yəni öz qəbilələrinin iradələrini təmsil etmələri və bu yolla xaqanın səlahiyyətlərini məhdudlaşdırmaları onların demokratikliyini göstərirdi. Halbuki divan və məşvərət şuralarının təmsilçilik xüsusiyyəti daşımadığını, onların hökmdarın hakimiyyət kölgəsində toplandıqlarını görməkdəyik.
Ancaq bəzi dövlətlərdə, məsələn, Krım xanlığında qurultay siyasi mövcudluğunu axıradək davam etdirdi. Yeri gəlmişkən, Səfəvi taxt-tacının varisi III Şah Abbas öləndə Azərbaycanın Muğan düzündə əski türk qaydalarına uyğun olaraq 1736-cı ilin fevralında çağırılan qurultayda bəylərbəyiləri, xanlar, din xadimləri, döyüşçülər və digər nümayəndələr Nadir xan Əfşarı şah seçdilər.

Qurultayın (toyun) dövlət təşkilatında yeri
Türk dövlətlərində Şanyu, Tanhu, Kağan, Xaqan, Xan, Yabgu, İdi-kut, İltəbər və s. kimi titullar daşıyan hökmdarlar dövlət təşkilatının ən üst pilləsində yer tuturdular. Qeyd edək ki, boy bəyləri öz bəyliklərində yarımmüstəqil şəkildə yaşayırdılar. Dövlətin varlığını qoruyan, xalqın rifahını, təhlükəsizliyini təmin edən və digər bu kimi əsas vəzifələri həyata keçirən xaqan dövləti idarə edərkən Törəyə əməl etməli idi. Törədə dəyişikliyi isə yalnız qurultay edə bilərdi. Xaqan Törədən kənara çıxa bilməzdi. Bu baxımdan xaqan yüksək və tək nüfuz sahibi olmaqla yanaşı, xalqa və qurultaya bağlı idi. Doktor Mehmet Seyitdanlıoğlunun fikrincə, bu cəhətdən türk dövlətlərinə orta əsr respublikaları kimi də yanaşmaq olar. Xaqanın qurultay tərəfindən seçilməsi və xanlığın qəbul edilərək qanuniləşdirilməsi də bunu göstərməkdədir.

Qədim türk dövlətlərində Törə üç əsas mənbədən - xalqdan, qurultaydan və xaqandan qaynaqlanırdı. Xaqanın verdiyi fərmanı qanunvericilik səlahiyyətlərinə malik olan qurultay qəbul etdikdən sonra qüvvəyə minirdi. Eyni zamanda, qurultayın qəbul etdiyi qanunları xaqan bəyənməli idi.
Beləliklə, türk dövlət məclisi olan toy (qurultay) dövlətin daxili və xarici məsələlərinin həll edildiyi ali dövlət orqanı idi. Qurultay hətta xaqanın təkliflərini rədd də edə bilərdi. Məsələn, Mete xanın türkləri Çinin məhsuldar torpaqlarında yerləşdirmək təklifi qurultay tərəfindən qəbul edilməmişdi. Onlar Mete xana bildirmişdilər ki, Çinin mərkəzinə köç etməklə türklər vərdiş etdikləri çöl həyatından uzaqlaşacaq, cəsurluqlarını itirəcəklər. Sonra isə bundan istifadə edən çinlilər ya onları qılıncdan keçirəcək, ya da zorla dinlərini qəbul etdirərək çinliləşdirəcəklər.
Yaxud da başqa bir misal. Göytürk dövlətində Bilgə xaqanın (716-834) yaşayış məntəqələrinin qalaya alınması, buddizmin və taoizmin qəbul edilməsi təklifləri qurultay tərəfindən rədd edilmişdi.

Qurultayın üzvləri
Törəyə görə qurultay çağırmaq xaqanın əsas dövləti vəzifəsi sayılırdı. Toya (qurultaya) qatılanlara toygun deyirdilər. Qurultay üzvlərinin tam siyahısı məlum olmasa da, xatunun, aygucinin, şahzadələrin, buyruqların (nazirlərin), boy bəylərinin, apa, ərkin, tudun, ilteber deyilən bəylərin yığıncağa qatıldığı məlumdur. Bundan başqa xaqan istədiyi şəxsə ox göndərməklə, oxçu deyilən vəzifəliləri də toya dəvət edə bilərdi.
Qurultaya xaqan başçılıq edərdi. Dövlət işlərində olduğu kimi, qurultayda da xaqanın xatun (xatın) adlanan arvadının dövlətin daxili və xarici siyasəti ilə bağlı fikirləri nəzərə alınırdı.

Qurultaylararası müddətdə qurultayın qərarlarını icra etmək üçün buyruqlardan ibarət hökumət təşkil edilirdi. İcraetmə səlahiyyəti qurultayın ayguci, buyruq, apa, tarxan adlanan məmurlardan ibarət hökuməti tərəfindən həyata keçirilirdi. Hökmdar seçkisi keçiriləndə və ya hökmdar iştirak etməyəndə qurultaylara başçılıq edən aygücinin baş nazir olduğu anlaşılmaqdadır. Hökumətin başçısı olan aygücilər məclisdə qəbul edilən qərarların həyata keçirilməsinə birbaşa məsuliyyət daşıyırdılar. Aygücilər sülalədən kənar, dövlətə göstərdikləri xidmətlərinə görə fərqlənən, xalqın sevib saydığı şəxslərdən seçilirdi. Göytürk dövlətindəki Tonyukuk, uyğurlardakı Qutluq bu şəxslərdən ən məşhurlarıdır.

Xaqanın özü də qurultayda qəbul edilən qərarlara tabe olar, onları həyata keçirərdi. İlin müəyyən günlərində və ən çox da üç dəfə toplanan qurultayların ədalət mühakiməsini yürütməsi qeyri-mümkün idi. Ədalət mühakiməsini “Yarğan” (Yarğıc) deyilən şəxslərin başçılıq etdiyi məhkəmələr həyata keçirirdi. Lakin dövlətə qarşı işlədilən cinayətlərə (dövlətə xəyanət və s.) qurultaylarda baxılırdı.

Toyun proseduru

Toylarda qədim türk ənənələrinə məxsus dəqiq dövlət protokolu və intizamı tətbiq olunurdu. Bu məclislərə dövlətin tanınmış şəxsləri və bəyləri ilə yanaşı xalq da qatılır, izdihamlı bir insan qrupu meydana gəlirdi. Təbii ki, burada protokolsuz keçinmək mümkün deyildi. Doktor Mehmet Seyitdanlıoğlunun yazdığına görə qədim türklərin qəbilə təşkilatında Orun və Ülüs Törələri bu məclislərdə protokol və nizamı təmin edən təməl qaydaları təşkil etməkdə idi. Mövqe mənasını ifadə edən Orun müəyyən qəbilələrə mənsub insanların məclislərdə, böyük yığıncaqlarda, toylarda harada yer tutacağını müəyyənləşdirirdi. Ülüs (pay) isə toylarda hər adamın (ailənin) hazırlanan yeməyin harasından yeyə biləcəyini, döyüş qənimətlərindəki payını tənzimləyən qaydalardır. Bu şəkildə hər qrupun yeri və payı əvvəlcədən bəlli idi.

Qurultayda xaqan seçkisi

Qədim türk dövlətlərində toylar (qurultaylar) dövlətin ən mühüm qərarlarının müzakirə edilib həll olunduğu yığıncaqlar idi. Xaqandan sonra dövlət təşkilatında mühüm yer tutan bu məclislər qanunverici və icraedici səlahiyyətlərə malik idi. Xüsusən də bütün türk tarixi boyunca qurultaylar yeni xaqanın seçilməsində və qanuniləşdirilməsində mühüm rol oynamışdır. Bu qurumların varlıqları türklərdə demokratik idarəçiliyin dayağı olmuşdur. Belə ki, yeni hökmdar qurultay vasitəsilə seçilirdi. Taxta keçəcək yeni hökmdarın kim olacağı ilə bağlı qəti bir hökm olmadığı üçün əvvəlki hökmdarın böyük oğlunun taxta keçməsi heç də həmişə mümkün deyildi. Adətən sülalənin ən dəyanətli və ləyaqətlisi taxta çıxarılırdı. Bu səbəbdən də türk tarixi boyu varislərarası iqtidar mübarizəsi əskik olmamışdır. Adətən qurultay bu mübarizədən kənarda qalırdı. Mübarizədə qalib çıxanın hökmdarlığı qurultay tərəfindən təsdiqlənirdi. Adətən belə qurultaylar fövqəladə şəkildə çağırılırdı. Taxtın qanuni varisi (xaqanın vəsiyyəti, yeganə varis və s.) hökmdar olanda isə qurultay onun xaqanlığını təsdiqləmək və qanuniləşdirmək üçün daha çox formal rəsmiyyəti yerinə yetirirdi. Digər tərəfdən xanədana tabe bəylərin və yabançı nümayəndələrin toya şəxsən qatılmaları dövlətə bağlılıqlarını göstərdiyi kimi, yeni hökmdarı tanıdıqlarını da bildirirdi.

Ümumiyyətlə, türklərin tarixinə ümumi nəzər saldıqda görürük ki, xaqan da daxil olmaqla dövlət səlahiyyətlərini heç kim təkbaşına həyata keçirmək ixtiyarında deyildi. Tarixçi İbn Fadlanın yazdığına görə, oğuzlar hətta ailə hüququ ilə bağlı qərarlar da daxil olmaqla, bütün qərarlarını toplaşaraq birgə qəbul edirdilər. Bu zaman sıravi insan belə qəbul edilən qərara etiraz edə bilmək hüququna malik idi.

Gördüyümüz kimi, türklərin qurduqları dövlətlərdə indiki anlamda demokratik cəmiyyət qurulmasa da, demokratik dəyərlər xalqın şüurunda, həyat tərzində, idarəetmə sistemində çox geniş yayılmışdı və uğurla tətbiq olunurdu. Xalqın hökumətin idarə edilməsində iştirakı Törə ilə qanuniləşdirilmiş və qurultay vasitəsilə institutlaşdırılmışdı. Ona görə də türk tayfaları (boy bəyləri) azad şəkildə (qurultaya qatılmamaq haqının mövcud olması) vahid və müstəqil bir dövlətdə asanlıqla birləşərək demokratik idarəetmə sistemini tətbiq etməkdə çətinlik çəkmirdilər.

Ümumiyyətlə, qədim qurultaylar (toylar) türk cəmiyyətinə birləşdirici və faydalı xidmətlər etmiş xalq yığıncaqları idi. Türk dövlətlərində xalqa öz qanunlarını özü hazırlamaq hüququ ( Törənin yalnız qurultayda dəyişdirilməsi) verilmişdi. Liberal demokratiyanın bu kimi bir sıra dəyərlərinin (çoxluğun iştirak etdiyi hökumət, qanun əsasında idarəçilik) praktik surətdə öz dövlətçiliklərində tətbiqi demokratiyanı türk mədəniyyətinin tərkib hissəsinə çevirmiş, onun şüuruna hopmuşdu.
Demokratik dəyərlər irsini heç vaxt unutmayan türk xalqlarının müasir dövlətlərinin demokratiyanı bu qədər sürətlə və uğurla tətbiq edə bilmələrinin əsasında onların həmin dəyərləri minillik tarixə malik bir ənənə kimi özləri ilə yaşatmalarıdır.

Mübariz Əsgərov
“Milli Məclis” jurnalının baş redaktorunun müavini


Etiket:
Xəbərlər

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023
Bütün xəbərlər