Lirik etiraf və bədii özünüifadənin lakonik forması

19:49 / 18.02.2021
Baxılıb: 4320


Poeziya Mahirə Nağıqızının zəngin bədii yaradıcılığının canlı, dinamik inkişaf edən bir qolunu təşkil edir. Lirikanın zaman və sənət qarşısında sosial funksiyasını bütun incəlikləri ilə idrak süzgəcindən keçirən müəllif poeziyanın yeni-yeni struktur imkanlarını, estetik hüdudlarını uğurlu tapıntılarla zənginləşdirir. Həmişə uğurla, yeni poetik kəşflərlə, ənənəvi deyim formalarına olduqca mühum yeniliklər gətirməklə nəticələnən poetik axtarışlar M.Nağıqızı poeziyası üçün səciyyəvi hadisədir. M. Nağıqızının lirikası kifayət qədər formalaşmış, əsaslı və fundamental proseslərin təbii nəticəsi olaraq meydana çıxmışdır. Poetik sözün tutumluluğu onun bütün lirik töhfələrində obrazlılıq funksiyasını yüksək səviyyədə icra etmək qabiliyyətinin parlaq təzahürüdür, bədii söz sənətinin spesifik məziyyətləri səviyyəsindədir.
Lirik “mən”, onun poetik obrazı və mənəvi dünyasının inikası, həqiqət axtarışlarının intensivliyinin təsviri, müəllifin duyğu və düşüncələr aləminin əyaniləşdirilməsi, lirik qəhrəmanın olduqca geniş aspektdə-dünya hadisə və əlaqələri mühitində qavranılması ciddi ədəbi kateqoriyalarla düşünüb gerçəkliyi qavrayan M.Nağıqızı öz misralarında əhatə olunduğu dünyanı oxucularına da təlqin etmək istəyir. Dramatik və həyəcanlı, mürəkkəb narahat mühiti o, təzadlı hisslər spektriylə təqdimetmə qabiliyyəti ilə öz çoxsaylı oxucularının sevimlisinə çevrilir. M.Nağıqızının lirikasında poetik–fəlsəfi siqlət həm bədii mətnin təsvir predmetində, zahiri əlamətlərində, daxili quruluşunda, mövzularında həm də reallığa fəal münasibətdə, fikir və əhvali-ruhiyyə tərzində, lirik təfəkkürün müasirliyində özünü göstərir.
M.Nağıqızının lirikasında söz müstəsna assosiasiyalar törədir, poetik hərəkət və qeyri-adi dinamika sayəsində obraz miqyasına yiyələnir. Mürəkkəb və çoxcəhətli lirik duyuma poetik mətndə olduqca zəngin mündəricə kəsb edir, lirik düsüncənin strukturuna daxil olur. Çox zaman lirizmdən nəşət edən poetik cizgilər bədii konteksdə hissi-emosional notlarla zənginləşir. M.Nağıqızının ilhamlı poetik əməyi onun şeir təcrübəsində yeni istiqamətlər yaratmış, çoxəsrlik poeziyamızın ideya-poetik ənənə və xüsusiyyətlərini, janr, üslub-forma zəminində fəallığını inkişaf etdirmişdir. Bu məziyyətlər poetik prosesdə onun yaradıcılıq mövqeyinin artmasında həlledici rol oynamışdır.
Lirika M.Nağıqızının dillə təcəssüm etdirilən mənəviyyatının və bədii təfəkkürünün parlaq və obrazlı təcəssümüdür. M.Nağıqızının ilkin yaradıcılıq siması onun lirikasında əks-səda tapır. Ana dilimizin estetik gözəllikləri lirik əsərlərində daha şirin, daha mənalı əks olunur. Burada hər bir söz,hərəkətdə olan sözdür və istənilən poetik ünsürün durğunluq vəziyyəti qeyri-mümkündür.Forma və məzmunun dinamikası şeiriyyətin məğzini, onun daxili mündəricəsini əks etdirir.Yəni lirikada şeiriyyətlə forma-məzmun anlayışları vəhdətdə, qarşılıqlı əlaqədə olan kateqoriyalardır ki, bu da lirik janrın öz estetik təbiətindən irəli gəlir. Lirikada poetik mədəniyyətin spesifik cəhətləri, mündəricə və formada təzahür edən estetik əlamətlər tarixən görkəmli elm xadimlərinin nəzəri təfəkkürünü, elmi dünyagörüşünü intensiv məşğul etmişdir. Lirik janrın problemləri olduqca ciddi bir aktuallıqla diqqət mərkəzində dayanmışdır.Lirik janrın estetik konsepsiyasını, fundamental nəzəriyyəsini yaratmaq işində misilsiz xidmətləri olan V.Q. Belinskinin dərin məzmunlu əsərlərində lirikaya, onun poetika və üslubuna konkret estetik baxışlar sistemi dayanır. İnsan təbətinin daxili mahiyyətini təşkil edən duyğuları əks etdirmə prosesini intensivləşdirmə işində lirik şeirlər misilsiz imkanlara malikdir.Təsadüfi deyil ki, mütəfəkkir alman şairi Jan- Pol Rixterin fikrincə, lirika ”Hər cür ədəbiyyatın anası, bütün surətləri canlandıran Prometey atəşi kimi, hər cür ədəbiyyatı alışdıran bir qığılcımdır”(V.Q.Belinski.Seçilmiş məqalələr. Bakı: Uşaq gənc nəşr,1948.səh18) deyən dahi tənqidçinin qənaətinə görə, Rübabilik (lirizm-M.H) hər cür ədəbiyyatın ruhu və canıdır: rübabilik başlıca olaraq şeirdir.Şeirin şeiridir”(Yenə orada səh.19). Bu şeirin də ifadə forması, təbiidir ki, xalqın dilidir. Lakin lirik əsər gerçəkliyi sadəcə ifadəli yox, cazibəli və poetik ifadəsidir.Bu prinsip lirikanın əzəli və əbədi atributudur. Gözəl deyim qiyafəsində obrazlılıq lirikanın qanı və canı hesab olunur və bu lirizmin daxili mahiyyətindən irəli gələn estetik keyfiyyətdir. ”Lirika yalnız musiqi ilə müqayisə edilə bilər.Hətta elə rübabi şeirlər var ki,onlar da şeir ilə musiqini bir- birindən ayıran hədlər demək olar ki, tamamən ortadan  qalxır.”(səh15).Duyğuya, musiqi ahənginə çevrilməklə xüsusi səs ahəngi, melodik səslənmə törədən lirik şeir misraları oxucuların, dinləyicilərin həyəcanlarına gərginlik gətirir. Musiqili lirik mətnin ərsəyə gəlməsini stimullaşdırır. “Gözəl şeirin ilk estetik cazibəsi ondadır ki, onlar mənasına, məntiqinə, sözlərinə görə deyil, ancaq bu sözlərin birləşməsindən əmələ gələn ahəngdarlığa görə şeirlərin vəzninə görə və oxuduqları havaya, yaxud camaat arasında söylənildiyi kimi, “səslənməsinə”görə xalqın yaddaşında qalır.(səh16). M.Nağıqızının mənzum əsərlərindən göründüyü kimi sözü obraza çevirmək lirika yaradıcılığının əsas əlamətidir.Lirik mətn həyatın obrazlarla idrakıdırsa, forma özünəməxsusluğu onun obrazlılığından nəşət edən həyəcan və emosiya vasitəsidir.Duyğular axını yaradan obrazlı söz sayəsində lirik əsərlərdəki həyat hadisələri sənət hadisəsinə çevrilir.Əsl lirik əsərdə bədii söz hiss və duyğuların təkrar olunmazlığını nümayiş etdirir.Sözün nitq şəraitindəki məna çevikliyindən nəşət edən duyğular aləmi lirik mətnin poetik enerjisini və daxili dinamikasını fəallaşdırır.Poetik duyğu və həyəcanlar düşündürücü emosiyalar şairanəliyin və potikliyin meyarlarından törəyir.V.Q.Belinskinin təbirincə desək, ”rübabi (lirik-M.H.)əsər məzmunca nə qədər zəngin olursa olsun, sanki hər cür məzmundan məhrumdur;musiqi nəgməsi də eynən bunun kimidir;bütün varlığımızı dadlı duyğularla həyəcana gətirdiyi halda, məzmun etibarilə tamamilə ifadə edilməz bir haldadır, çünki bu məzmun insan dilinə tərcümə oluna bilməz...Lirik əsərin məzmununu qavramaq heç bir zaman mümkün deyildir.Bəli, onu yalnız duymaq olar”(səh.21).Bu mənada M.Nağıqızının bayatı yaradıcılığı misilsiz poetik örnəklərdir.Duyğu və emosiya yaratma bolluğundan səmərəli istifadə M.Nağıqızının bayatılarında orijinal poetik məcrada həyata keçirilmişdir.Qrafik tərtibatdan tutmuş ritm və intonasiyaya, qafiyə sisteminə, kompozisiya elementlərin və s. qədər bütün forma aspektləri, məna çalarları M.Nağıqızının bayatılarında hiss və duyğu yaratma işində eyni dərəcədə əhəmiyyətlidir.Bayatılar şairin lirikasında mühüm yaradıcılıq tərəflərini, ideya və poetika baxımından spesifik xüsusiyyətlərini də aydınlaşdırmaq üçün zəngin poetik faktlara malikdir.Bayatı janrına lirik ünsürlərin sintezinə şüurla müraciətin arxasında zamanın ve qəlbinin səsini, müasirlərinin fikir və duyğularını poetik şəkildə canlandırmağa ciddi bir ehtiyac hissi dayanır.M.Nağıqızının bayatıya- müfəssəl və lakonik lirik formaya, lirik təhkiyəyə intensiz münasibətini şərtləndirən əsas amil bundan ibarətdir.Onun bayatılarında lirik məqamları və ünsürləri müşaiyət edən estetik amillər konkret olduğu kimi, məzmun və mündəricə etibarilə də dərindir.M.Nağıqızının yaradıcılıq fəaliyyətini əks etdirən bir nişanə kimi onu da xüsusi vurğulamaq yerinə düşər ki, onun qələm məhsulu olan bayatılarda həyata və insanlara fəal münasibət olduqca qabarıq görünür.Hiss olunur ki, müəllif öz lirik qəhrəmanının qayə və məqsədləri, qayğı və ehtiyacları ilə yaşamağı bacarır.M.Nağıqızı bayatılarında müasirlərinin mənəvi simasını özünün geniş fəlsəfi düşüncələr aləmini, gerçəkliyə, onun müxtəlif hadisələrinə poetik münasibətlərini ifadə etməyə imkan verən bədii estetik vasitələri ifadə edərkən heç zaman bu qədim lirik janrla bağlı bədii ənənələrdən üz döndərməmiş, reallığı poetik təsdiqin imkanlarını daha da zənginləşdirmişdir.Olduqca səmərəli və əhəmiyyətli bu təşəbbüs M.Nağıqızının gerçəkliyi daha mükəmməl və daha dolğun əks etdirmək ehtiyaclarını ödəmişdir.


Qazana bax, qazana,
Nə tökəm, nə qazana?
Fələk, belə olurmu,
Çatdır yazı yazana!


Gül üstündə şehdimi?
Dağdan əsən mehdimi?
Yaylaq, nədən pozubsan,
İlqarını, əhdini?


Ürəyi şüşə səndə
İşvə-naz peşə səndə.
Bir dəstəyə yığılam
Olam bənövşə səndə.


M.Nağıqızı ən mürəkkəb həyat hadisələrinə cəsarətlə, xüsusi sənətkarlıqla nüfuz edir, hadisə və poetik situasiyaların gizli guşələrinə nüfuz edir, daxili,potensial laylarını açır və təsvir obyektinin bütün detallarına öz sənətkar münasibətini bildirməklə bərabər, həmin faktları təsadüflər kimi səciyyələndirir.Bu da onu göstərir ki, Mahirə Nağıqızı qələminin təsvir-tərənnüm obyektinə güclü nüfuzu, müəllifin daxili psixoloji intibahı fərdi sənətkar üslubu kimi təzahür edir.Bu isə bədii söz ustadının potensial təfəkkür tərzinin orijinal düşüncə sisteminin olması deməkdir.M.Nağıqızı fərdi və orijinal poetik faktları mənalandırmaqla onları özünün fərdi ideallarına uyğunlaşdırır.Səciyyəvi haldır ki, M.Nağıqızı bayatılarında mövcud hadisə və problemləri təsvir etməkdən daha çox obrazlı formalarda təhlil edir, o,müraciət etdiyi bütün faktları obrazlaşdırır, fikirləri mücərrədlik cildindən xilas olub konkretləşir.O da diqqət çəkir ki, müəllif canlı həyata, real hadisələrə, reallığın tükənməz faktlarına istinad etdiyi üçün material korluğu çəkmir, həyatın ənginliklərindən gələn faktlar əslində müəllifin poetik təfəkkürünü də zənginləşdirir.Fikir yoxsulluğundan xilas olan bayatı mündəricə və hikmət bolluğuna yiyələnir.


Yolçu o başdan çıxar,
Yola yavaşdan çıxar.
Günə gec başlayanın
Çörəyi daşdan çıxar.


Ay ana, yolum yarı,
Gücüm ana qolları.
Bircə ”ay can” kəlmənə
Layiq oldunmu barı?


Evləri köndələn yar
Gözləri qəlb dələn yar.
Dilinə şəkər qatım
Bal eşqimə bələn, yar!


Aydın sezilir ki, bu bayatı nümunələrində klassik poetik ənənəyə doğma olan sözlər, bayatının məzmununa uyğun üslubi-ritmik quruluş vardır.Üslub səviyyəsində baş verən bədii pafos, obrazlar aləmi oxucunun yaddaşında dərin izlər buraxır.Bayatının yaradıcısı məlum olsa da, mətn bütün səviyyələrdə xalq şeiri janrının potensial gücündən, yeni məzmuna uyğunlaşa bilmək imkanlarından xəbər verir.Güclü estetik ab-hava yaradan bütün bədii detallar milli koloriti dərinləşdirir.Bayatının leksikasının mühüm hissəsi məcazlaşma prosesi nəticəsində obrazlı sistemə daxil olur.Obrazlaşma bayatının həyatiliyini konkret detallarla artırır, ifadə olunan ideya və duyğuların təsirini gücləndirir.Xalq şeirindən gələn bir sıra ənənəvi motivlər danışıq dilindən qaynaqlanır.Folklorla sıx bağlılığı M.Nağıqızının bayatılarında canlı ünsiyyət dili elementləri məqsədyönlü poetik funksiya qazanır, onların danışıq dilinə uyğunlaşmasına, estetik təsirin artmasına, kontekstin funksional çevikliyinə və dinamikliyinə xidmət göstərir.Bayatıda nitq situasiyasının canlandırılması ilə dörd sətirlik yığcam bədii mətn müfəssəl duyğu və düşüncə axını formalaşdırma keyfiyyətləri qazanır.


Nə cür dözüm hardasan ?
Canım-gözüm, hardasan?
Dənizmi çəkdi səni,
Yosun gözüm, hardasan?


Daranmır, aç saçlarım,
Sənə möhtac saçlarım.
Yoluna süpürgədir
Mənim qulac saçlarım.


Aşıq, de öyməyindən,
Zərxara geyməyindən.
Anan tuta qolumdan
Keçirə köynəyindən.


M.Nağıqızı öz qadın qəlbinin əsrarəngiz duyğularını, könül dünyasının ən önəmli müəmmalı mənzərələrini, ruhunun zərif və lirik çalarlarını ürəyinin hüdudsuz təlatümlərini açır.Onun könül aləminin zənginliklərindən nəşət edən həyəcan və düşüncələr axını oxucularınin sonsuz heyrətinə səbəb olur, bu amil onun bənzərsiz yaradıcılığınıncanlı məhvərinə çevrilir.Onun bayatılarını bütövləşdirən, onlara reallıq və təbiilik gətirən hər bir ünsür ideya daşıyıcısı, bədii təsvirin təbii komponenti təsiri bağışlayır.Bayatılarının elə birinci sətrindən estetik təsir oxucuya hakim kəsilir, onun əllərindən tutub insanı qəlbinin guşələrini, tale yollarını gəzdirir.


M.Nağıqızının bayatılarında təqdir olunan bədii-estetik məziyyətlər ondan irəli gəlir ki, şair həyatı, ictimai mühiti dərindən müşahidə edir, mövzunu seçə bilmək intuisiyası, obraz yaratmaq istedadı, mətnin arxitektorikasını qurmaq bacarığı, tipik olanları seçib üzə çıxarmaq praktikası olduqca güclüdür.Onun həssas ürəyi, düşüncə tərzi sanki həssas, dəqiq fikir laboratoriyasıdır.M.Nağıqızının poetik düşüncə tərzinin sərrastlığı, həyəcanlar aləminin təbiiliyi imkan verir ki, onun yaratdığı canlı obrazlara, təbii həyat lövhələrinə dərhal isnişəsən, onlara yaxınlaşıb nəfəs-nəfəsə durasan.Çünki bu qüdrətli qələm sahibinin obrazları multiplikasiya fiqurları kimi qondarma deyil, damarlarından qızıl qan axan, ürəkləri, beyinləri hərəkətə gətirən insanın mənəviyyat dünyasıdır.
Müəllifin poetik dilində əks olunmuş qəlbini duymaq bayatı yaradıcılığının dinamikasını təmin edən linqvistik vahidlərin zəncirvari əlaqələrindən doğur.Odur ki, M.Nağıqızının bayatılarında sözün estetik obraza keçidi mürəkkəb bir prosesin yekun təəssüratı formalaşdırır, başqa sözlə desək, indiyədək heç kimə müyəssər olmayan yeni məna rəqsini aşkarlamaq cəhdinin uğurlu nəticəsidir, sözün semantik məzmununun ənginliklərinə nüfuzetmə məharətidir.M.Nağıqızının bayatılarında sözün üslubi fəallığı ilə məzmun potensiallığı hərəkətə gəlir.Qarşılıqlı təsirə məruz qalmaqla bütün nitq ünsürləri müəyyən bir anlayışın sadəcə ifadəçisi olma funksiyası çərçivəsinə sığışmır, mərama, siqlətli estetik məqsədə xidmət edir.


Ay doğar, gecə nurlanar,
Bilirsən, necə nurlanar.
Eşitsən addım səsini
Qəlbim ondaca nurlanar.


Dərdini gəl, barı, böl,
Çoxun mənə sarı böl.
Çiynin dözməz əyilər
Heç olmasa yarı böl.


Çarə yolu yüz olar,
Biri də dümdüz olar.
Qaranlıq qalan deyil
Axırı gündüz olar.


M.Nağıqızının bayatı yaradıcılığında ilkin əlamət kimi sözü obraza çevirmək müstəsna əhəmiyyət kəsb edir.Müəllifin bayatıları həyatın obrazlı idrakıdırsa, bədii mətnin struktur özünəməxsusluğu onun obrazlılığıdır.Məhz obrazlı ifadə vasitələrinin sayəsində M.Nağıqızının bayatılarında həyat hadisələri sənət hadisələrinə çevrilir.Hər bir bayatı nümunəsində əsl sənət amilinin təkrarolunmazlığı nümayiş etdirilir, sözlərin nitq şəraitindəki məna çevikliyi mətnin poetik enerjisini və daxili dinamikasını fəallaşdırır.Bayatıda estetik kateqoriya kimi işlədilən linqvistik vahidlər bədii obrazın emosional çalarlarını, deyim və duyum ovqatı arasındakı ülfəti bütün dolğunluğu ilə canlandırır.Bayatının yığcam, poetik strukturunda obrazlar gerçəkliyin daha konkret, daha aydın və əyani təcəssümü kimi meydana çıxır.
M.Nağıqızının poetik təxəyyülü sözü rəngdən rəngə salır.Təsvir və tərənnümdə söz ehtiyatlarının poetik təşkili, daxili məntiqi estetik zərurətin tələblərinə uyğun şəkildə emosional-ekspressiv dəyərlərlə zənginləşir.Bayatının formalaşdırdığı estetik mühitdə söz sanki öz sözlüyünü itirir.O, bayatının –bitkin poetik tamın kompozisiya ahəng və intonasiya ünsürünə çevrilir.Sözdən obraza keçid bayatının məna və struktur cəhətdən təşkili prinsiplərinə uyğun olaraq bütün linqvistik ünsürlərin semantik birliyi daxilində həyata keçir.Sözə poetik məna kəsb etdirilməsinin arxasında isə M.Nağıqızının yazı tərzində o da aşkarlanır ki, poetik lüğətin fasiləsiz hərəkəti bayatı nitqində sözləri öz ənənəvi etiketindən uzaqlaşdıra bilir, canlı danışıq dilinin normaları hüdudlarında müəyyən təbəddülatlara məruz qoyur.M.Nağıqızının bayatılarında sözlərin üslubi çevikliyi müəllifin təfəkkür və ifadə tərzində əhəmiyyətli poetik faktda, obrazlı dilin təkamül yoludur.Bu da bayatı özünəməxsusluğuna, gözəlliyinə və poetikasının emosionallığına məsuliyyətlə yanaşma vərdişindən qaynaqlanma əlaməti kimi təqdirəlayiqdir. Şairanə sözlər öz mahiyyəti etibarilə bayatıların obrazlar bədii təsvir vasitələri sistemi içərisində aparıcı mövqedədir. Bu, olduqca vacib sənətkarlıq problemidir, gerçəkliyin obrazlı, estetik idrak vasitəsidir.


Dərdi küncə qoyalar,
Bircə-bircə qoyalar.
Ürək torpaq deyil ki,
Bir il dincə qoyalar.


Fələyim kirkirədi,
Dərdim daşa dirədi.
Hara çıxıb gedibsən
Gümanım min yerədi.


Pəncərənin şüşəsi
Kimim əksi düşəsi?
O da qəlbim kimidir.
Qalar, getməz ləkəsi.


Bayatı dilinin sadəliyi və aydınığı bədii söz mədəniyyəti anlayışının vacib bir komponentidir.M.Nağıqızının bayatı yaradıcılığında sadəlik və aydınlıq məzmun gözəlliyi, dərin məna və qabaqcıl ideya probleminitəcrid etmir, əksinə, deyim aydınlığı ilə bədii mündəricə arasında harmonik birliyə nail olma bayatının ən vacib poetik xüsusiyyətidir.Sadəlik və aydınlıq prinsipləri bədii vasitələri bir şəbəkədə elə qaynadıb qarışdırır ki, bu M.Nağıqızı bayatılarını bəsit, sönük və zəif ifadə tərzindən mühafizə edir, süni və qondarma deyim üsullarından, yabancı pafosdan qoruyur.
M.Nağıqızının bayatıları ilə digər bədii yaradıcılıq şaxələri arasında dinamik münasibətlər mövcuddur.Digər bədii əsərlərində müşahidə olunduğu kimionun bayatı janrının poetik spesifikası elədir ki, bu söz sənətkarını obrazlı təfəkkürün bütün sahələrini əks etdirən sənət faktlarına yaradıcı münasibətə sövq edir.Bununla belə bayatı poetikası müxtəlif bədii üslublardan müəyyən səviyyədə faydalansa da, linqvistik materiallardan istifadə ümummilliliyinə malik olsa da, özündə janrın poetik texnikasından asılı bir sıra elə spesifik əlamətlər təzahür etdirir ki, bunun üzərində xüsusi dayanmaq vacibdir.Belə ki,M.Nağıqızının bayatılarında ifadə formalarının qarşılıqlı məna əlaqələri çox güclüdur.Estetik keyfiyyət göstəricisi kimi bu, M.Nağıqızı bayatılarının ən başlıca atributunu –lakonizmini təmin edir.Yığcamlığın əsas poetik ləyaqəti dil vasitələrini kommunikativlik və təfərrüatçılıqdan sənət dilinə çevirməkdən ibarətdir.Yığcamlıq bayatıları bədii sənət amilinə çevirib ona həqiqi sənət ömrü verən olduqca güclü estetik bir kateqoriyadır, semantik sıxılma və zənginləşmə üçün etibarlı özüldür.Bayatıda sözə qənaət nə qədər intensivdirsə, fikir dairəsi, bədii mətləbin əhatəsi də bir o qədər genişdir.M.Nağıqızının bayatılarında fikir yükünün ağırlığı onu daşıyan dil vahidlərinin sayında yox,sambalındadır,üslubi fəallığındadır.


Yarımı yayda gördüm,
Nazını qatda gördüm.
Nə dindi, nə danışdı
Eşqdən nə fayda gördüm?


Yaram var, ay yaram var,
Bilmədim, nə çaram var.
Aç qəlbinə sığınım,
Mənim başqa haram var?


Dərmandı qarı dağların,
Tərlandı yarı dağların.
Sevgimə qolu açıla
Bir dəfə barı dağların.


Bayatıda poetik fikri yığcam qəliblərdə ifadə etməyin çətinliklərini ram edən M.Nağıqızının həmin janrla bağlı üslubu bütün varlığı ilə sözə qənaət prinsiplərinə əsaslanır və bu onun bayatı dilinin əsas təyinedici əlaməti, ən vacib estetikatributu kimi diqqət çəkir.Həcmcə cəmi dörd sətirdən ibarət olan bu şeir növü bəzən irihəcmli mətnlərin ifadə edə bilmədikləri informasiyanı özündə ehtiva edə bilir.Məhz buna görə də M.Nağıqızı bayatılarının hər bir elementi irihəcmli şeirlərlə müqayisədə daha duyumlu, aktuallaşmağa daha meyillidir.M.Nağıqızının bayatı dilində aforizm yaradıcılığının geniş miqyaslılığı, bu keyfiyyətlə bilavasitə bağlıdır.Həyat hadisələrini aforizm şəklində ümumiləşdirmə M.Nağıqızı bayatılarının dilinə bir də ona görə xasdir ki, burada nümunəvi ritm intonasiya da əsas iştirakçı kimi çıxış edir, bayatını yaddaşa həkk olunmağa və əzbərlənməyə kömək edir.
M.Nağıqızının yaradıcılıq təcrübəsi göstərir ki,qənaət qanunu bayatının bədii strukturunda çox fəaldır. Poetik dilin şərtilikləri də bayatılarda qənaətin sıxlığına zəmin yaradan amildir.
Yarımçıqlıq bayatının forma-üslub özünəməxsusluğundandır. Bu üslubi fiqurun əsas tələbi və prinsipi bayatının fikrini yarıda kəsilməsi, onu axıra çatdırmaqla oxucunun təfəkkürünü, məntiqi düşüncəsini fəallaşdırmaqdan ibarətdir. Bayatı ifadələrin semantik sıxılma qanunlarına daha intensiv məruz qalması onun digər lirik janr növlərindən fərqləndirən məziyyətlərdəndir. Məlumdur ki, semantik sıxılma poetikada eyham adlanan üslubi qaydanı yaratmışdır. Eyham prinsipinə görə, bütöv bir ifadənin məzmunu onun bir və ya bir neçə elementinə sıxışdırılır. Bu meyl M.Nağıqızının bayatı üslubunun obrazlıq yaratma vasitələri, ritm və intonasiya tərzi ilə qaynayıb qarışmışdır. Beləliklə, yığcam ifadə qəliblərindəki aforistik düşüncələr M.Nağıqızı təfəkkürünün diapozonunu əhatə qüdrətini, sərrastlığını və zənginliyini sübut etməklə onu da göstərir ki, yaradıcı təfəkkür üçün hər şeyin arxasında sərt həyathəqiqətləri dayanır, onu tapmaq və təbliğ etmək söz sənətkarının ilkin borcudur.M.Nağıqızı öz poetik mühakimələrini cəsarətlə ifadə edir, fikirlərini tutarlı formalarda dediyi üçün həqiqətin işıqlı obrazını yarada bilir. O da görünür ki, bu işin təzahür formaları M.Nağıqızı bayatılarında zəngindir, sonsuzdur. O, yaddaqalan formalarda, modellərdə təzahür edir.


Evimizin yanı çiçək,
Yarım çiçəklərdən göyçək.
Əlini əlimə gətir
Ölmüş canım dikələcək.


Gecələrin yuxusu,
Ərşə çıxar çoxusu.
Hamıdan yaman olar
Yar itirmə qorxusu.


Yar ömrü yaraq sənə,
Qisməti varaq sənə.
Bəsdi zülmətdən qurtar.
Qoy olsun çıraq sənə.


M.Nağıqızının lirik təhkiyəsi çox şirindir, xalqın canlı, təbii, zəngin və koloritli danışıq tərzi onun bayatılarının estetikasına xüsusi təbiilik gətirir,təsvir tərənnüm anlayışlarına müstəsna aydınlıq verir.Onun deyim üslubu,bədii nitqi,lirik izahı dilimizin canlı leksikasına əsaslanır. Estetik zövq mənbəyi kimi M.Nağıqızının bayatılarını kamillik dərəcəsinə qaldıran, onların bədiiliyini tamamlayan, bayatıları estetik cəhətdən bütövləşdirən deyim tərzinin cazibədarlığıdır.Ciddi poetik komponentlər kimi bütün üslubi fiqurlar bayatını formaca cilalayır.Canlı danışıq dili, təsvir-tərənnüm obyektindən doğan məcazlar bayatıların sətirlərini bəzəyir.
M.Nağıqızının bayatılarında xalq dilinin bütün gözəllikləri,koloriti dərhal hiss edilir.Onun hər misrasında milli düşüncə tərzinə həssaslıq danılmaz faktdır.Hər bayatı sətrində müəllifin öz düşüncə tərzi, fəlsəfi mövqeyi, şair mentaliteti vardır.Məhz bu səbəbdən də lirik mühakimələri dolğun, hərarətli və əhatəlidir.
M.Nağıqızının bayatəlarında sözlə melodiyanın möhkəm vəhdəti, qırılmaz əlaqəsi, qaynaq edilmiş sintezi vardır.Bu vəziyyət Azərbaycan dilinin cazibədar, elastik strukturundan əlavə, təfəkkürün kamilliyi ilə də əlaqədardır.M.Nağıqızının təfəkküründə sistem, simmetrik uyğunluq, ahəngdarlıq əsas yer tutur, onun bayatılarında forma və məzmun ahəngdarlıq təşkil edir.Bayatılarda özünü qabarıq şəkildə göstərən simmetriya müəllifin kamil təfəkkürünün məhsuludur.M.Nağıqızının qələmindən çıxan bayatıların ərsəyə gəlməsi üçün güclü qavrayış, assosiativ idrak, potensial fikir enerjisi lazımdır.Bu məziyyət oxucunun estetik tələbatı, siqlətli söz istəyi ilə bilavasitə bağlıdır.Bu mənada M.Nağıqızının bayatı leksikası son dərəcə doğma, ekspressiv olmaqla bərabər özündə mənəvi həyatımızın bütün gözəl nişanələrini mühafizə edib saxlayır. Bayatılardan bütün ifadələr estetik cəhətdən tutumlu olduğu üçün həm emosional, həm də rasional qütbləri birləşdirə bilir.
M.Nağıqızı bayatılarının əsas bəzəyi onun sadəliyidir.O,dilimizin bütün potensial aspektlərini,bədii spektrlərini,düşüncə tərzini, təlatüm və həyəcanlarını məharətlə aşkarlaya bilir.


Yar gözündə dağ olam,
Diləyinə bağ olam.
Barmağında üzüyün
Qolunda qolbağ olam.

 

Gəmi ümmandan çıxar,
Yolum gümandan çıxar.
Gəlməyə könlü olan,
Çıxar, dumandan çıxar.

Sinəm sənin qalan, yar,
Dörd yanıma dolan, yar
Gün vurar, yağış döyər,
Sevgimə daldalan yar.


Xüsusi nitq quruluşuna malik olan bayatı M.Nağıqızı üslubundan xüsusi canlılıq və gözəllik əks edir.Ondakı özünəməxsus nitq elementlərinin,spesifik ritmin, xüsusi intonasiyanın, fasilələrin çoxluğu,bədii yaratma çevikliyi janrın tələblərindən doğur.Buna görədə bayatıda üslubi ləyaqət, fikrin cazibəli ifadəsi onun tərəfindən tez duyulur, üslub orijinallığı müəllif düşüncəsinin sərrastlığı kimi dərhal sezilir.M.Nağıqızının bayatılarında sözişlətmə üslubu dil materiallarının bədii niyyətə uyğunlaşdırılması olduqca incə estetik əməliyyatdır.Bu mənada M.Nağıqızını öz təxəyyülünün dərinliklərinə cumaraq bayatıda sözü işığa çıxarmaq iqtidarında olan qəvvasa bənzətmək olar.M.Nağıqızı qələmində bayatı poetik bütövlüyün monolit birliyidir.Bir neçə kimyəvi maddənin bir tərkibdə kristallaşması kimi, M.Nağıqızı bayatılarında müxtəlif dil ünsürləri mükəmməl məzmun harmoniyasının yaranmasında xüsusi xidmət göstərir.Onun bayatılarında hər bir dil ünsüru poetik faktdır, odur ki, həmişə hissi məqamlar məntiqi cəhətləri üstələyə bilir.Bu da estetik qayəni orijinal formalarda, bədii obrazlar vasitəsilə əks etdirmə imkanlarını artırır.M.Nağıqızı bayatılarına xas olan ciddi simmetrik quruluş səslənmə ahənginin nizamlı məcrasını tənzimləyir.Ritm bayatıların bədii mündəricəsinin hərəkətverici qüvvəsinə, mətnin daxili dinamikasına, fikirlərin qəbul etdiyi və hərəkətdə olduğu forma kimi öz təsdiqini tapır.İntonasiya çalarları M.Nağıqızı bayatılarının bədii gücünü,əsas enerjisini təmsil etdiyi üçün obrazlılıq bütün məqamlarda dil vahidlərinin kommunikativ funksiyasını üstələyir.


Dur, dərdini incələ,
Tapşır məni əcələ.
Bəlkə canım ala,
Sənin qəlbin dincələ.


Ay doğar, işıq olar,
Göyə yaraşıq olar.
Gözüm heç kimi görməz,
Bir sənə aşiq olar.


Qulam, şahından danış,
Çəkdim ahımdan danış.
Dərdimi dedim özgə,
Yar, günahımdan danış.


Misraların musiqili ahəngində bədii ovqatın akustik rəngləri, danışıq səslərinin estetik effektləri bayatıların struktur bütövlüyündə müstəsna rol oynayır. Mətnin akustik keyfiyyətləri canlı obrazlar aləmi ilə birlikdə möhtəşəm estetik monumentallıq yaradır. Bayatı dilinin filoloji imkanları daha cazibəli, estetik çalarları daha tutumlu olur. Bayatılarının səs sisteminin akustik keyfiyyətləri dilimizin ahəngdarlıq sirlərini aşkara çıxarır ki, bu da öz növbəsində bayatı misralarının xoş ahəng üzərində köklənməsinə, poetik mətləbin tez qavranılmasına rəvac verir.
M.Nağıqızının bayatılarında janrın forma və məzmunundan irəli gələn ritmik quruluş mətni daha çevik və mütəhərrik biçimlərə salır, yığcam sətirlərin ahəngdarlığı poetik mündəricənin rüşeymini təşkil edir. Dərin məzmun bayatının ritmik qəliblərinə doldurulur ki, bunun nəticəsində də dərin mənanın yığcam ifadəsi, misra qəliblərinin potensial imkanlarından maksimum istifadə müstəsna əhəmiyyət kəsb edir. M.Nağıqızının təravətləndirdiyi şeiriyyət bayatının öz təbiətindəki estetik gözəlliklərdən süzülüb gəlir. Bayatının təhkiyə texnikası mətnin arxiotexnik funksiyasının gerçəkləşməsində başlıca rol oynayır. Bütün bədii təsvir və ifadə vasitələri bayatının estetik meyarları daxilində labüd poetik fakta çevrilir. Əlbəttə, M.Nağıqızının bayatılarındakı struktur göstəricilərini poetik mənanın sadəcə libası kimi götürüb şərh etmək təsəvvür bütövlüyü yarada bilməz. Bu libas eyni zamanda mənanın təkrarolunmazlığına zəmin olan, söz qəliblərində təzahür edən pafosdur. Bu libas xalq müdrikliyinin parlaq ifadəsi kimi M.Nağıqızının fikir və duyğularına poetik həraraət verir, misralara, folklorun misilsiz təravətini bəxş edir. Bu libas M.Nağıqızının poetik duyğularına, ruhi-emosional vəziyyətinə kökləndikcə təbiilik və səmimiyyət bayatıların əsas atributuna çevrilir. Bütün deyim tərzləri M.Nağıqızının poetik düşüncəsinin, incə lirik hisslərinin açarı kimi çıxış edir.


Məhərrəm Hüseynov


Etiket:
Xəbərlər

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib.

15.10.2023

"News.ru" informasiya agentliyi “Səbir və uzaqgörənlik: İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası missiyasını necə yerinə yetirdi” adlı məqalə dərc edib.

15.10.2023

Mərhəmlik və mərhəmət nümunəsi

09.10.2023

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayon icmasının üzvləri ilə görüş keçirilib

07.10.2023

TÜRK DÜÇÜNCƏSİ ELMİ VƏ BƏDİİ MÜSTƏVİDƏ

05.10.2023
Bütün xəbərlər