Gülay Tol, 1972-ci ildə Mersində doğulub. Qazi Universitetini Uşaq Təlim və Tərbiyəsi və Məktəbəqədər Təhsil ixtisası üzrə başa vurub. 2013-cü ildə Anadolu Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsini bitirmişdir. Ankarada müəllim olaraq çalışır. Eyni zamanda, uşaq hekayələri və nağıllar yazır.
MİLÇƏK KİMİ HƏRİS
Ah! Bir bilsəydiniz nələr çəkirəm bu milçəyin əlindən! Şırmanan bir pişik kimi hara getsəm, arxamdadır. Yavaşca qoluma qonur. Digər əlimlə vururam, pırr edib uçur, mən qolumun ağrısıyla qalıram. Təzədən gəlib üzümə qonur. Mən isə qoluma vurduğum şapalağın ağrısını hələ içimdə hiss etdiyim üçün, sadəcə, əlimlə qovuram. Nəticədə heç cür yazmağa başlaya bilmirəm. Dırnağımın ucu qədər olan bu canlı ilə bacara bilmirəm. Bu sırada anamın keçmişə dair anlada-anlada bitirə bilmədiyi, danışdığı xatirələrdən biri ağlıma gəldi.
“O vaxtlar ətraf kəndlərdə məktəb olmadığından, bu kəndlərin uşaqları iki-üç saatlıq yolu minbir əziyyətlə qət edərək, bizim kəndə oxumağa gəlirdilər. Şaxtalı havalarda, yağışlı günlərdə isə bu uşaqlar köprüsü olmayan dərədən keçə bilmədikləri üçün məktəb yoldaşlarının və ya ailə dostlarının birinin evində qalır, ancaq dərədən keçmək mümkün olanda öz kəndlərinə gedə bilirdilər.
Belə yağışlı günlərdə yuxarı kəndin uşaqlarından üçü bizim evdə qalırdı.
Bir gün məktəbdən gəldik, anam pomidor, soğanlı yemək hazırlayır, biz də sobanın kənarına düzülüb, soyuqdan donmuş əllərimizi qıpqırmızı alova sarı uzadıb, isitməyə çalışırdıq. Yerə süfrə sərildi. Turşunun, lavaşın, yeməyin dadından doymurduq. Ocağın bir tərəfində kömür, bir tərəfində də bir kötük alışıb yanırdı. İki göz torpaq ev, on iki nəfərlik ailə, üç qonaq uşaq.
"Necə də könül bolluğu varmış o illərdə” - deyirdi anam.
Atam üçün həmişə közdə bişmiş türk qəhvəsi hazır olurdu. Daş ustası olan atam süfrəsində soğan-çörək olsa da, həmişə türk qəhvəsini mütləq alardı.
Anam anlatmağa davam etdi:
Atanız düşüncəli-düşüncəli ocaqdakı qəhvəyə baxırdı. Otağın içində hər yaşdan uşaq vardı. Pıçıltılarımızı, müəllimin verdiyi tapşırıq haqqındakı söhbətlərimizi dinləyirdi. Atam qəhvəsindən bir qurtum alıb, bizə tərəf döndü, oxumağın vacibliyindən bəhs etdi. Uşaqları çətin şərtlərə baxmayaraq, məktəbə davam etmə istəklərinə görə təbrik etdi:
“ Uşaqlar, çətinliyi özünüzə dərd etməyin, bir az həris olun. Kimisi elm üçün, kimisi pul, mal-mülk için həris olur.” – dedi. Sonra da o unuda bilmədiyim ən önəmli sözü söylədi: “Uşaqlar, siz elm üçün, yaxşı insan olmaq üçün milçək kimi həris olun.”
Gördüyünüz kimi, bu həris milçək məni də, sizi də anamın danışdığı keçmiş zamanlara apardı. O zaman yenə də keçmişin dərinliklərindən gələn yaşanmış bir hekayə ilə sizi baş-başa buraxıram...
Üz cizgisində kədər qarışıq, min ildir su görməmiş şoran torpaq kimi, heç bir həyat nişanəsi yox idi. Çox söz danışmazdı. Tək söylədiyi, -“Nələr çəkdim, nələr, amma ölmək olmurmuş, olmurmuş. Mən ölmək istəyirəm, Allah isə öldürmür. Daha görəcəyim acı, çəkəcəyim dərdlər var demək ki”- deyə sızıldayırdı.
Neçə qardaş-bacı olduqlarını bilmirəm. Danışıqlarından bir anasının, bir bacısının olduğunu anlayıram. Atası Koreyaya əsgər gedibmiş, bir daha geri dönməyib.
Mərcanın, böyüyüb yetişmiş bir qız olan bacısını anası Keçəl Musanın oğlu Hüseynə ərə verir. Aralarında bir yaş fərq olmaqla üç uşaqları olur. Kiçik oğlu iki yaşında olanda Mərcanın bacısının dərdinə dərman tapılmır, bu dünyadan köçüb gedir. Hüseyn üç uşaqla yalnız qalır. Mərcanın anası uşaqlara baxmağa başlayır. Amma içində də bitməyən bir acı dolaşır : -“Birdən Hüseyn yenidən evlənsə, bu uşaqlar analıq əlində necə olar?” - deyə özünü yeyib bitirir.
Hüseyn qaynanasının evinə gələndə həmişə nə danışır, nə də başını qaldırıb üzlərinə baxırmış. Hüseyn aradabir Mərcana baxır, düşüncələrə dalırmış. Bu hal Mərcanın anasının gözündən qaçmır, fikrə gedir. Boşa qoyur dolmur, doluya qoyur almır.
Günlərin birində Mərcan inək otarmağa gedir. Mərcan inəkləri çəmənliyə ötürür, özü də palıd ağacının kölgəsində uzanır. Ağacın yarpaqları arasından süzülən gün işığında rəfiqəsi Ayşəni düşünür. Ayşə atasının razılığıyla müəllimlik texnikumuna qəbul olmuşdu. Hər zaman birlikdə gələrdilər. İndi isə yapyalnız idi. Mərcan uzunboylu, zərif, gözəl bir qız idi. Bir müddətdir ki, ona könül verən Həmzə elə hey onun arxasınca dolaşırdı. Mərcan bunun fərqində idi, amma özünü o yerə qoymur, hiss etdirmirdi. O gün Həmzə də inəklərini düzənliyə ötürüb, cəsarətli addımlarla Mərcanın yanına gəlib, palıd ağacının altına uzandı. Bir-birilərinin gözünün içinə baxaraq susdular. O gündən sonra da sadəcə baxışaraq, dəli bir eşq yaşadılar, xəyallarında görüşdülər.
Hüseyn də Mərcandan xoşlanırdı. Axır ki, Mərcanın anası razılığını verdi, başqa çarəsi yoxuydu. Onların fikrini qızına bildirdi. Mərcan anasına nə qədər yalvar-yaxar eləsə də, onu qərarından döndərə bilmədi.
O gündən sonra Mərcan acısını, kədərini bayatı və ağılarla dilə gətirməyə başladı.
Mərcan- “Kaş Ayşə yanımda olaydı, içimdəki bu yanğını ona tökə biləydim”- deyə düşünərkən, birdən ağlına gəldi ki, ona məktub yazsın. Cəld kağız-qələmi əlinə aldı, məktubla acısını paylaşdı. Yazmağa başladı:
Qara qoyun ətli olur,
Qovurması dadlı olur.
Bacısının yerinə gedən qız
Ölməz, amma dərdli olur.
Yazdıqca ağladı, ağladıqca yazdı... “Artıq haram oldu mənə yaşamaq. Yol verin keçim mən, yollar sizin olsun. Zəhər verin içim, ballar sizin olsun. Bu dağları aşan bilər, mənim dərdlərimdən ancaq bu dərdlərə düşən bilər.”- deyərək məktubunu tamamladı.
Mərcan iki gözü çeşmə ağlayırdı. Anası Nuh deyib peyğəmbər demirdi: -“ Gedəcəksən, bu uşaqlar yad əlində böyüyə bilməz, bacının əmanətidirlər”- deyirdi. Mərcan, - “Ana, nə olar, məni də düşün, belə olmaz, ana, mən Həmzəni sevirəm, o da məni!” - deyəndə, anası lap əsəbiləşdi. Hüseyni çağırdı. Hüseyn gələndə də - “Mənə bax Hüseyn, sabah imamı da gətir, kəbininizi kəsdir, sonra da hökümət nigahı etdirərsən ”- dedi birnəfəsə.
Mərcan nənə oturduğu kötüyün üstündə büzüşərək, çox kiçik görünürdü. Mən nə deyəcəyimi bilmədim. İllərin acısını, yarasını qaşıdığım, qanatdığım üçün özümü danlayırdım. Amma maraq mənə güc gəlirdi. Dözə bilməyib - “Mərcan nənə, bəs, Həmzəyə nə oldu? O sənə sahib çıxmadımı? Qaçsaydın onunla”- deyəndə- “Eh, ay bala, zalım anam bir ocaq sönməsin deyə məni yandırdı. Kaş, elə sönəydi . Hüseynə gedəcəksən,- deyə mənə çox zülm etdi. Anam özü də çox fikir edirdi, ona bir şey olar deyə qorxurdum. Nəhayət ki, razılıq verdim. Həmzə Hüseynə ərə getməyi qəbul etdiyim üçün bir şey edə bilmədi. Amma mən evlənəndən sonra da çox xəbər göndərdi. Hər halı ilə qəbulumdur dedi. Qaçmağı qəbul etmədim.”
Əyilib yerdən bir çöp götürdü, torpağı eşələdi. O susurdu, ancaq əlindəki çöp dilə gəlib danışırmış kimiydi. İkimizin də gözü onun torpaqda çızdığı işarələrdə idi. Mərcan nənənin içi də eynilə bu çöpün eşdiyi torpaq kimi dopdolu idi, həm də yaşanmamış nə çox boşluqlar vardı. Qəlbim ağrıdı, boğazım düyünləndi.
Mərcan nənə əlindəki çöpü yerə qoydu, sanki bir şey ağlına gəlmiş kimi silkinib, - “Aman, qızım, dalıb getmişəm. Sən də mən danışım deyə gözləyib qalmısan. Üzürlü say”- dedi. Mən - “Nə üzürü nənə, sən üzürlü say, acılarını təzələdim” - deyincə - “Yox, qızım, mənim acım təzələnməz, onsuz da acı içindəyəm. Əksinə, sən məni adam yerinə qoyub gəlmisən, adam yerinə qoyub dinləyirsən, Allah səndən razı olsun” –dedi.
Mərcan nənənin altı övladı olmuşdu. Üç uşaq da bacısından, doqquz uşaq böyütmüşdü. Ən çox istədiyi şey ölüm idi. Mən bunu soruşanda, - “Çox yoxsulluq çəkdik, çox. O soysuz Hüseynin heç nəyi yox idi, mənim də həmçinin. Arxasında bir aləm günah qoyub cəhənnəmin dibinə getdi. Dırnağımla qazıdım, qazandım onları böyütdüm. Gecələri yuxum gəlmir. Ağlıma köhnə bayatılarım gəlir, onları söyləyib, içimin yanğısını bir azca da olsa söndürməyə çalışıram” - dedi.
Ayağa qalxdım, abu-havanın dəyişməsini istədim. Artıq vidalaşmaq zamanı da gəlmişdi: - “Mərcan nənə, o köhnə bayatılarından birini söylə, dinləyim gedim” - dedim. Mərcan nənə bir az düşündü, sonra “ Qızım, dünya bir dəyirmandır, heç durmadan dönər. İnsanlar bir çıraqdır, əlbət, bir gün sönər. Bu yaşdan sonra ölüm təmizlik, ölüm qurtuluşdur. Allah böyükdür. Bayatılar, ağılar nədir?- deyə soruşsan heç vaxt dolmayan, boş könlümün səsləridir onlar”- dedi.
Onun dediklərinin üstünə deyiləcək bir sözüm yox idi. Mərcan nənənin əlini öpdüm, onun duaları ilə dönüb getdim.
Bu arada bizim həris milçək də getdi. Böcək dərmanı sıxsaydım, problem çoxdan həll olunardı. Amma etmədim, qıya bilmədim. Onu öldürsəydim , bəlkə də, bunları yaza bilməyəcəkdim. Sizlər də bu xatirələri oxuya bilməyəcəkdiniz.
TOXLUCA
01.06.2023Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur.
28.05.2023GÖYÇƏ MAHALI ŞİŞQAYA KƏNDİ
25.05.2023Yeni Daşkəndin 70-illik yubileyinə təbrik məktubu
24.05.2023Bərdə rayonun Yeni Daşkənd kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Daşkənd kəndinin Qərbi Azərbaycandan Deportasiyasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22.05.2023QANLI KƏNDİ (QANLI ALLAHVERDİ)
15.05.2023Ümummilli Lider yeganə şəxsdir ki, Ali Baş Komandan onra raport verdi.
15.05.2023SƏFƏVİLƏRİN BÖYÜK İDEOLOQU,
SUFİ ŞEYXİ
MİSKİN ABDAL (SEYİD HÜSEYN MƏHƏMMƏD OĞLU)
KƏSƏMƏN
(Solaq)
Azərbaycan hərbi hospitallarının 1941-1945-ci illər
fəaliyyəti haqqında
Naxçıvandan qurtuluşa gedən yol
06.05.2023Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.
28.04.2023GÖYÇƏ MAHALI CİL KƏNDİ (Ərkacilli-Ərqavil)
24.04.2023Aşıq Ələsgər yaradıcılığında divan ədəbiyyatına xas poetik fiqurlar
11.04.202331 Mart - unutmayacağımız tarix
31.03.2023Basarkeçər rayonu Dərə kəndi.
30.03.2023Göyçə Mahalı Daşkənd kəndi
13.03.2023Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib
12.03.2023İKİYƏ BÖLÜNMÜŞ GÖYÇƏLİ VƏ GÖYÇƏSİZ ÖMÜR
10.03.2023GEC TAPIB, TEZ İTİRDİYİM DOSTUM
05.03.2023Zahid Oruc: "Göyçə Qərbi Azərbaycanın Şuşasıdır!"
04.03.2023Qəriblikdə ölmək qorxusu...
Əmimin əziz xatirəsinə ithaf edirəm
Aşıq Ələsgər yaradıcılığında irfan məqamları
02.03.2023Meksikalı deputatlar Qərbi Azərbaycan İcmasında olublar.
01.03.2023Dağıstanı xilas edən azərbaycanlı - Əziz Əliyevin HƏYAT HEKAYƏTİ
20.02.2023Göyçə mahalı, Qaraiman kəndi
19.02.2023Tanınmış həkim Şirazi İbrahimov Nərimanlı kənd icmasının sədri seçildi
19.02.2023Qərbi Azərbaycan İcmasında görüş keçirilmişdir.
Düşüncələrin kölgəsindən özünə - Yazıçı Rüstəm Dastanoğlunun "Düşüncələrimin kölgəsi" kitabı haqqında - Əsəd CAHANGİR
06.02.2023Ələddin Allahverdiyev "Düşüncələrimin kölgəsi" kitabı haqqında
04.02.2023İnsanların 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır.
19.01.2023Klassik şeirimizin xalq ruhunun Heyranı...
Qərbi Azərbaycan İcması müraciət yayıb
12.01.2023"Deyiblər, ya gecə ikən çıxın, ya da sabah silahlılar gələcək" - Misir Mərdanov
27.12.2022Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub
24.12.2022Prezident: Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik
24.12.2022Prezident İlham Əliyev: Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik
24.12.2022Prezident İlham Əliyev: Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çox sanballı sənəd olmalıdır
24.12.2022Prezident İlham Əliyev Əhliman Əmiraslanovla bağlı Sərəncam imzaladı
16.11.2022Fəxrəddin Salimin “Dədə Qorquddan Dədə Ələsgərə” kitabının təqdimat mərasiminin iştirakçılarına Ələddin Allahverdiyevin təbrik məktubu
11.10.2022Kəsəmən məktəbinin məzunlarının 50 illiyi
30.06.2022Ələddin Allahverdiyev – 75
28.05.2022Peşə təhsili alan gənclərin turizm sahəsində sahibkarlıq imkanları layihəsi keçirilir
04.03.2022BÖYÜK AZƏRBAYCAN OLMALIYAM MƏN... GÖYÇƏ ADLI İLAHİ SEVGİ...
19.02.2022Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi haqda televiziya filmi
29.01.2022Müəllimlərim haqda xatirələrim - Musa Kərimov
17.01.2022Səksəninci döngə
27.12.2021İlham Əliyev – Onun əsil DOĞUM GÜNÜ 8 NOYABRDIR
24.12.2021Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevə təşəkkür etdi
05.12.2021İntiqamın arzusu: “Mənə elə rəssam verin ki, məni ayaq üstə çəksin”
24.11.2021