AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

17:27 / 11.01.2025
Baxılıb: 348

Yusif Nəğməkarın “Ələsgər zirvəsi” poeması haqqında düşüncələr

Gah çıxaram göy üzünə, seyr edərəm aləmi,

Gah enərəm yer üzünə, seyr edər aləm məni.

Qul Nəsimi.

Aşıq Ələsgər Sözü, poeziyası alnına Tanrının möhür qoyduğu kamil insan təxəyyülünün, təfəkkürünün ifadə edə biləcəyi gözəlliklə, nurla, hikmətlə, müdrikliklə nəfəs alan sirli, müəmmalı, sehrli, möcüzəli, tilsimli bir poeziya ümmanıdır! Bu ümmanın dərinliklərinə baş vurduqca hətta poeziyanı az-çox bilən, onu sevən insan Ələsgər dühasının düşüncə, fikir tərzinin poetik-fəlsəfi ifadəsini bütövlüklə başa düşmək qarşısında aciz qalır.

Həyatında Aşıq Ələsgər yaradıcılığının heç olmasa bir qoşmasını oxumuş, ürəyi poeziya ilə döyünən hər bir insanın bu xəzinəyə biganə qalmayaraq onun dərinliklərinə can atacağına, baş vurmaq cəhdinə əminəm. Bu mənada Aşıq Ələsgər poeziyasının nurlu çeşməsindən su içmiş müasir ədəbiyyatımızın ünlü korifeyləri tərəfindən bu fenomenin, sirrlərlə dolu yaradıcılığın sehrini açmağa, təhlil və tədqiq etməyə, onun haqqında fikir söyləməyə, dəyər verməyə yönəlmiş ciddi monoqrafiyaların, elmi, publisistik məqalələrin yaranması, ona saysız-hesabsız poemalar və şeirlər həsr edilməsi təsadüfi deyildir.

Aşıq Ələsgər şəxsiyyətinə və yaradıcılığına həsr edilən hər bir yeni əsər, istər elmi-tədqiqat, istər bədii, istərsə də publisistik xarakter daşıyan yaradıcılıq nümunəsi, onun müəllifinin qarşısında böyük məsuliyyət qoyur.

Şair Yusif Nəğməkarın bu yaxınlarda işıq üzü görmüş epik-lirik-dramatik “Ələsgər zirvəsi” poeması ilk növbədə onun ozan-aşıq sənətinə sevgisini və bağlılığını, klassik aşıq poeziyasının görkəmli nümayəndələrinin, o cümlədən, şəksiz, tərəddüdsüz bu poeziyanın zirvəsi, peyğəmbəri sayılan Dədə Ələsgərin həyatı və yaradıcılığı ilə dərindən tanış olduğunu, əsər boyu onları öz oxucusuna poetik sözün gücü ilə bacarıq və məharətlə nümayiş etdirir.

Poema məzmun və ideya baxımından Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi və saz-söz sənəti vasitəsilə insanlıq dəyərlərini tərənnüm etməsinə, yalnız bir şair və sənətkar kimi yox, həm də irfani və mistik bir şəxsiyyət kimi dəyərləndirilməsinə yönəlmişdir. Yusif Nəğməkar Dədə Ələsgərin bədii obrazını həm ənənəvi, həm də yenilikçi, novator yanaşmalarla təqdim edərək, onun möcüzəli, Allah, kainat və insan arasındakı mənəvi bağlarını təsvir edən, Allahın kamilliyinə şahidlik edən “batini mənalar” üzərində qurulan yaradıcılığını poetik dildə öz oxucusuna çatdıra bilmişdir.

İlk növbədə qeyd etmək istərdim ki, “Ələsgər zirvəsi” poeması mövzusu ilə bağlı olaraq milli folklorumuza, aşıq sənətinə və yaradıcılığına mənsub olan dastan xarakteri daşıyır və təsadüfi deyil ki, əsər “Ustadnamə əvəzi” olan “Ən ön ün”lə başlayır. Poema klassik poemalardan fərqli quruluşa, struktura malik olaraq, proloq və epiloq əvəzinə “dəyər ünü”, “ən ön ün”, “ön ün”, “ünləmə”lər, “dönərək”lər, (ricətlər) və “son ün” kimi bölmələrdən ibarətdir. Şairin istifadə etdiyi bu “ün”lər Dədə Qorquddan üzü bəri dastanlarda və klassiik ədəbiyyatda müəllifin əsərin girişi, gedişi və sonuyla bağlı Tanrıya müraciəti, səsi, duası kimi də səciyyələndirilə bilər. Şairin tətbiq etdiyi bu poetik struktur öz oxucusunu maraqda saxlamaqla bərabər, həm də yeni poeziya formatı yaradaraq poeziyamızda yeni bir quruluş, struktur nümunəsi təqdim edir.

Şair Ələsgər bilicilərinin və sevdalılarının fikir və mülahizələrindən aforizm biçimli nümunələr verərək, poemada hansı dühadan, poeziya və şəxsiyyət fenomenindən, şairdən, övliyadan söhbət gedəcəyinin məsuliyyətini özü öz qarşısına qoymaq və bu ağır vəzifəni yerinə yetirmək iqtidarındadır:

Könül, bulaq üstə salavat çevir,

Batində nə dərdi-sərin var, devir.

Dua et ki, o saf zikri ruh sevir,

Könlündəki havacatı telə yaz.

– Ələsgərdən yazırsansa, belə yaz...

 

...Elə sanma hər mətləbi duyarsan,

İçib qaynar çeşməsindən doyarsan...

Sərraf olub sözü sözdən ayırsan,

Oxu, öyrən, düşün, bilə-bilə yaz,

Ələsgərdən yazırsansa, belə yaz...

 

…O kimdir ki, Allaha qul, bir ağa?

Bənzər sənət meydanında o dağa.

O kimdir ki, balı qatmış qaymağa?

Döndəribdir hər kəlamı lələ, yaz,

Ələsgərdən yazırsansa, belə yaz.

Hələ uşaqikən ilk şeirini Aşıq Ələsgərə həsr etmiş, hələ o zamanlarda Ulu Göyçəni bucaq-bucaq gəzmiş, təbii gözəlliklərindən zövq almış, dağ döşündən axan bulaqlarından saf su içmiş, Göyçə gölünün mavi sularında xəyala dalmış, yaylaqlarda aşıqların dastanlarına, havacatlarına qulaq asmış şair Yusif Nəğməkarın Dədənin doğulduğu, bu gün düşmən tapdağı altında doğma insanlarına həsrətdən əzab çəkən, Dədənin ruhuyla bizləri qoununa çağıran qədim, Ulu Göyçənin, onun sadə, mərd, qürurlu insanlarının, saz-söz sənəti xiridarlarının təsviri olduqca təsirli, həyəcanlı, duyğusaldır:

Qədim Oğuz yurdum, türk elim, Göyçəm,

Şəninə min rəngli kəlmələrim var...

Qələm əyirəsi neçə sirr-düyçəm,

Neçə vurulası ilmələrim var...

 

Göyçə gölündəndir Göyçənin adı,

Suları gömgöydür “Gövçə dənizin”.

“Gövçə tengiz”in də mənası odu,

Göy olmuş rəngi də ilkin dan üzün...

 

...Zamanla uzanan sənətin halı,

Başlamış o Miskin Abdal Fəhmindən.

Göyçədə yetişən Ağ Aşıq, Alı,

Tapmış Ələsgəri Rəbbin rəhmindən!

Əsərdə dramatik səhnələr və təsvirlər diqqət çəkir. Ələsgərin sevgisi, təbiətlə harmoniyası, onun xalqın ruhuna nüfuz edən şeirlərindən ilham alınaraq yazılmış təsvirlər əsərin dramatik gərginliyini artırır.

Poemada gənc Ələsgərin poetik istedadına təkan vermiş nakam, həyatında dərin iz qoymuş, yaddan çıxmaz Səhnəbanı sevgisinin:

İlk məhəbbət Tanrıdan

Qəfil hökm-əmrlik.

Ocağı səngisə də,

Közü qalır ömürlük.

Aşıq Ələsgərlə qardaşı oğlu, bənzərsiz poetik istedada malik, bədbəxt taleli, şeirlərilə qəlbləri riqqətə gətirən Növrəs İmanla söhbətinin təsviri, Dədənin onun şeirlərinə qulaq asdıqdan sonra gəldiyi qənaət də

…Bu kürlüklə sınıq telsən,

Cavan ikən ağlar dilsən.

Ərsən, ədəblisən, mərdsən,

Dəliqanlısan, qoçaqsan.

Özün özünü yandırıb

Sozalası bir ocaqsan…

duyan oxucu qəlbində kədərli duyğular, hisslər yaradan səhifələrdir. Növrəs İmanın taleyi ilə bağlı Dədə Ələsgərin görücülüyü, onun el-oba arasında dəfələrlə sınanmış vergili şəxsiyyət olmasını Yusif Nəğməkar poetik şəkildə qabarda bilmişdir.

Aşıq Ələsgər ömrü boyu öz el-obasıyla, sadə, əməksevər, mərd, qürurlu insanları ilə bir olmuş, onların sevincini və dərd-sərini bölüşmüş, onların ərənlərini, xalqına xeyirxah əməlləriylə xeyir verən, onların haqqını müdafiə edən görkəmli şəxsiyyətlərini öz şeirlərində tərənnüm etmişdir. Yusif Nəğməkar poemada onların bir çoxunun adını çəkmiş və şücaətini vəsf edərək, Ələsgər yaradıcılığında dastan şəkli almış xalq qəhrəmanı Dəli Alıya bir neçə səhifəlik poetik sətirlər həsr etmişdir:

O, qoçaq, o, qaçaqdı,

Ərdi, amalı haqdı.

Özü sıx ormanlara,

Yolu çöllərə düşüb.

Hər obada, hər eldə,

Adı dillərə düşüb.

Göyçənin Çaxırlı kəndindən olan katta Böyükağanın məkrli məqsədlə qurduğu məclisdə, el-oba arasında, aşıqların dilində cürbəcür variantlarda məşhur olan ustad və şəyirdin – Aşıq Alı ilə Ələsgərin deyişmə səhnəsini şair Yusif Nəğməkar dramatik kulminasiyaya qaldıraraq, o ağır səhnənin sonunu belə təsvir edərək

…Alı öydü Ələsgəri,

(Qısqanclıq sənətə yaddır.)

Dedi: – Mənim bu şəyirdim

Şükr, özü şah ustaddır.

O, hələ çox sənətkardan

Meydan açıb bac alacaq.

Onunla saz sənətimiz

Zirvələrə ucalacaq…

 

…Vəcdə gəlibən Ələsgər

Sanki bir tufan eylədi.

Üz tutub məclis əhlinə

Görəlim, o, nə söylədi:

– Canım sənə fəda, Qadiri-Sübhan!

Sənin dərgahında bax damar-damar.

Bir şəyird ki, ustadına kəm baxa,

Onun gözlərinə ağ damar-damar...

hər iki Ustadın, Söz xiridarının mənəvi varlığını, insani keyfiyyətlərini onların layiq olduğu yüksəkliyə, zirvəyə qaldırmağa nail ola bilmişdir.

Dədə Ələsgər yaradıcılığı onun kainatın yaradıcısına olan sonsuz məhəbbəti, təbiətin ilahi mənaları və insanın əxlaqi, mənəvi kamilliyi üzərində qurulması zəminində “Ələsgər zirvəsi” poemasında irfani düşüncə dominant olaraq, əsər boyu qırmızı xətt kimi keçir, Aşıq Ələsgərin “Ələstüdə “bəli!” deyən ruh” kimi təsvirləri poetik fəlsəfəni ön plana çıxarır. Aşıq Ələsgərin “vəhdəti-vücud” fəlsəfəsi poetik bir tərzdə izah edilir.

Kim? Ələstdən “bəli!”, – deyən o bəlli,

Pak ruhuyla Qalu-bəla təməlli.

Ərki olan Şahi-Mərdan o Əli

– Ələsgərdi, Ələsgərdi, Ələsgər.

 

Həm irfandır, həm təsəvvüf, həm sufi,

Həm arifdir, həm maarifdir, həm şafi.

Həm hürufi, sidqi məqbul, həm kafi,

Ələsgərdi, Ələsgərdi, Ələsgər.

 

“Vəhdəti-vücuda” ünvan alan qət,

On-on mərtəbələr, məqamlar, əlbət

 – Şəriət, təriqət, mərfət, həqiqət,

Ələsgərdi, Ələsgərdi, Ələsgər.

Məlumdur ki, Dədə Ələsgər yaradıcılığı köksündə dinimizi və dilimizi, lirikanı və hikməti, tarixi və fəlsəfəni, adət və ənənələrimizi, təbiəti və gözəlliyi, elmi və ürfanı bəsləyərək yalnız özünəməxsus olan çoxşaxəli obrazlı, poetik təxəyyülüylə daim HƏQİQƏT adlanan varlığın sirlərini bəşər övladına açmağa, göstərməyə səy etmişdir. Yusif Nəğməkar “Ələsgər zirvəsi” epik poemasında Aşıq Ələsgər poeziyasının bu məna dəyərini bədii, obrazlı şəkildə ifadə etməyə nail olmuşdur:

Sözlər, səslər nizamlı,

Könül səsi – Ələsgər.

Həqiqəti mizanlı,

Haqq pərdəsi – Ələsgər.

 

Ruhuyla təzə-tərdi,

Kəlməsi kərəm zərdi,

Mənalar əsgərlərdi,

Sərkərdəsi Ələsgər.

“Şahi-Mərdan” hikmətindən “pünhan” dərs almış Dədə Ələsgər ömrünü haqqa, ədalətə sərf etmiş, məqaləmizin epiqrafında Qul Nəsiminin söylədiklərinə rəğmən, sanki gah “göy üzünə” qalxar, oradan “aləmi” seyr edərək “müəllim”indən dərs alar, Həqiqəti anlayar, sonra “yer üzünə” enər, övliyalığı, vergili şəxsiyyəti ilə, poetik Sözünün gücüylə onun sirlərini bəşər övladına çözələyər, onları heyran qoyardı.

Müəllifin dili zəngin, poetik və axıcıdır. Obrazlar dərinliklə işlənib, təsvirlər güclü poetik vasitələrlə zənginləşdirilib. Ələsgərin təbiət sevgisi, vətənpərvərliyi və Allah eşqi müəllifin poetik üslubu ilə harmonic şəkildə uzlaşır. Şeirlərdə istifadə edilən epitetlər, bənzətmələr, təşbehlər, metaforalar və klassik irfani mətnlərdən alınan istinadlar, sitatlar əsərə dərin mənəvi qatlar əlavə edir.

Bu epik-lirik-dramatik əsərdə hər bir məqam, nüans müəllif tərəfindən ölçülüb, biçilmişdir. Nümunə üçün, əsərdə müntəzəm olaraq ayrı-ayrı monoqrafiyalardan, elmi məqalələrdən gətirilmiş istinadlar, sitatlar müəllifin Dədə Ələsgər dühasına, fenomeninə poetik baxışını bu yaradıcılığın dərinliyini, alt qatlarını açmağa yönəlmiş elmi təhlillərlə müşayiəti Dədənin hərtərəfli, ucalığına məxsus olan real obrazını yaratmaq məqsədinə yönəlmişdir. Bu mənada, poemanı yalnız bir nəzm əsəri kimi deyil, eyni zamanda Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr olunmuş dərin tədqiqat işi kimi də qiymətləndirmək olar.

Aşıq Ələsgərin vətənə, təbiətə, insanlara olan sevgisi əsərin əsas mövzularından biri kimi təbiətin təsvirləri, insanın əxlaqi dəyərləri, mənəvi aləmi ilə əlaqəsi poemada çox təsirli şəkildə qələmə alınıb:

Mərdliyin, saflığın canlı timsalı,

Burda insanlar da qürur nişanlı,

Yerlər də saflığın canlı timsalı,

Yerlər də göylərtək nur kəhkəşanlı.

Dədə Ələsgər dühasıyla, fenomeniylə onun həyatı və yaradıcılığı vasitəsilə tanış olub, onun haqqında elimi, publisistik, poetik söz deyən hər bir yaradıcı insan bu sirli, sehrli, möcüzəli ümmanın dərinliklərinə tam baş vura bilmədiyindən, ona olan sevginin tükənməzliyindən bu yaradıcılığa dönə-dönə qayıtmaq məcburiyyətində qalır. Şair Yusif Nəğməkarın poemanın “Ən son ün”də, “Sonu sonsuz ün”ümün ifadəsində etdiyi etirafı da bu həqiqətin təsdiqi, sübutudur:

Tükənməyir qələmimin həvəsi,

Payızı yox hər yarpaqda xəzəlin...

Təngiməsin diləyimin nəfəsi,

Axırına çıxammıram əzəlin.

 

Ta Ələstdən “bəli”mizə büləndik,

Bələnmişəm ruhsal dolu sevgiyə.

Könül-könül, misra-misra ələndik,

Nöqtə qoymaq olmur ulu sevgiyə...

Zəngin milli ədəbiyyatımızın bütün dövrlərində Nizami, Xaqani, Nəsimi, Füzuli, Sabir və s. kimi uca zirvələri mövcuddur. Dağlar qoynunda həyata göz açmış, böyümüş, misilsiz poetik şedevrlər yaratmış Dədə Ələsgər dünyanın ən yüksək dağ zirvələrinə bənzər, saydığımız zirvələr içərisində öz dühasına layiq, bənzərsiz, əlçatmaz poeziya zirvəsi fəth etmişdir.

İlhamı nur mələk, pəri...

Qorqud, Xətai-Şəhpəri.

Nəsimilər bərabəri,

Füzuli təni, Ələsgər.

Məhz buna görə Yusif Nəğməkarın bu əsərini “Ələsgər zirvəsi” adlandırması diqqəti cəlb edir, təqdirə layiqdir, önəmlidir. Şairin yazdığı kimi, bu möhtəşəm Dağ Zirvəsinin yalnız ətəyinə qalxmaq, çatmaq mümkündür:

Ancaq yetmək çətindir,

Bir zirvə yetəyinə.

O, Ələsgər zirvəsi

– Qalx görüm ətəyinə!

Şair Yusif Nəğməkar poemasının “Son ün”ünü Aşıq Ələsgərin Bakıda ucaldılmış heykəlinə həsr edərək, onun Qərbə tərəf yönələn bu möhtəşəm abidəsinin bu günkü ictimai-siyasi durumda mədəni həyatımızın əlamətdar hadisəsi olmasını nəzərə alaraq, Dədənin ruhuyla bizləri Qərbi Azərbaycana, onun doğma yurdu Göyçəyə çağırır:

O, sirrimiz, ofsunumuz,

Avazında süslər bizi.

Saf kökümüz, ulusumuz,

Ulu yurda səslər bizi.

Şair Yusif Nəğməkarın “Ələsgər zirvəsi” kitabı bir çox nəzər nöqtəsindən – həm poetik, həm elmi, həm də mənəvi baxımdan çağdaş ədəbiyyatımıza, ələsgərşünaslığa töhfə olan, xüsusi əhəmiyyət kəsb edən dəyərli, yeni, sanballı bir poeziya nümunəsidir. Şair Aşıq Ələsgər həyatını və yaradıcılığını, onun zəngin çalarını öz oxucusuna poetik dillə təqdim etməklə, onu yeni poetik baxışla oxuyub təhlil edir və müasir dövrdə bu irsin aktuallığını ön plana çəkir.

Bu əsər Aşıq Ələsgər poeziyasını sevənlər, bu dühanın, poeziya fenomeninin sirlərinə maraq göstərənlər və ədəbiyyat tədqiqatçıları üçün əvəzsiz bir töhfə, ədəbi-bədii mənbədir. Əminəm, Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında geniş məlumatlar və zəngin təsvirlərlə dolu olan, həm milli, həm də universal səviyyədə poeziyanın gücünü göstərən bu əsər həyatını Dədə Ələsgər yaradıcılığına həsr edən alimlərimizin, eyni zamanda Ələsgər sevdalı geniş oxucu kütləsinin dərin marağına səbəb olacaqdır.

Ələddin Allahverdiyev,

Professor, Moskva.

 


Etiket:
Xəbərlər

GÜCLÜ DÖVLƏT

11.01.2025

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtması dayanaqlı sülhün təminatıdır

11.01.2025

AŞIQ ƏLƏSGƏR FENOMENİNƏ YENİ POETİK BAXIŞ

11.01.2025


"Yeni dünya düzəninin formalaşmasına Azərbaycanın öz strateji baxışı var"- MÜSAHİBƏ

10.01.2025

Ter-Petrosyanın açıq etirafları məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır ŞƏRH

08.01.2025

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun Bəyanatı

08.01.2025

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb

08.01.2025

Petrosyanın vaxtilə azərbaycanlılarla bağlı səsləndirdiyi ifadələr xalqımıza qarşı deportasiyaların açıq şəkildə bəyan edilməsidir - Ülviyyə Zülfiqar

08.01.2025

Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər - Prezident İlham Əliyev

08.01.2025

Prezident İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

07.01.2025

 AĞAYARIN ŞƏYİRDLİYİ

05.01.2025

Qərbi azərbaycanlılara möhtəşəm bir xəbərim var - MÜSAHİBƏ

26.12.2024

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

25.12.2024

Şanlı qələbə və İlham Əliyevin ad günü

24.12.2024

Prezident cənab İlham Əliyevə "QAİ - Basarkeçər İcması" adından təbrik məktubu.

24.12.2024

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

21.12.2024

Azərbaycan Prezidenti Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

18.12.2024

Şamil Ənvəroğlu şeirlərində fəlsəfi notlar

16.12.2024

Qərbi Azərbaycan İcmasının kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Akif Əli:  “Qoy sənə deməsinlər - niyə getmirsən? Qoy desinlər  - niyə gedirsən?!”

28.11.2024

Londonda yaşayan azərbaycanlı yüksək dərəcəli fəxri ada layiq görülüb

01.11.2024

1948-1953-CÜ İLLƏRDƏ AZƏRBAYCANLILARIN QƏRBİ AZƏRBAYCANDAN DEPORTASİYASI

22.10.2024

Möhtərəm prezident!
 Cənab Zati-aliləri!

08.10.2024

“ADIM ƏLƏSGƏRDİ, ƏSLİM GÖYÇƏLİ” DEYƏN HAQQ AŞIĞININ HEYKƏLİ BAKIDA

07.10.2024

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib

30.09.2024

Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heyli kəli ucaldılıb.  

27.09.2024

Usta Abdullanı anarkən..

25.09.2024

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə Ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamaqla yüksək nəticə göstərərək tələbə adını qazanmış əslən Qərbi Azərbaycandan olan gənclərlə görüş keçirilib.

12.09.2024

XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI ALİMLƏRİN I FORUMU

06.09.2024

Şirvan Kommersiya Məhkəməsinə böyük məsləhətçi - aparat rəhbəri təyin edilib.

02.09.2024

İndiki tarixi mərhələdə Aşıq Ələsgərə olan böyük ehtiyacımız

03.08.2024

“Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə iş” adlı inkluziv layihəyə start verilib

03.08.2024

“MƏDƏNİYYƏTİMİZİN ZƏNGİNLƏŞMƏSİNDƏ AŞIQ ƏLƏSGƏR AMİLİNDƏN İSTİFADƏ MEXANİZMİ” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

01.07.2024

“Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” elmi konfransı iştirakçılarına

29.06.2024

“DƏDƏ ƏLƏSGƏR OCAĞI” KİTABI NƏŞR OLUNUB

27.06.2024

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

26.06.2024

Vətən anam, Vətən eşqim, ovqatım. 
Yaddan çıxmaz dəyəri var Göyçənin.

21.06.2024

Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi təşkil olunacaq. Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir.  

21.06.2024

POEZİYA BİLİCİSİ HƏKİM

18.06.2024

Ramiz Əsgər 70 ili belə yaşadı... - MÜSAHİBƏ

24.05.2024

Qədir Aslan yaradıcılığının qoşa zirvəsi

15.05.2024

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024
Bütün xəbərlər