Ardanış haqqında tarixi oçerk

17:30 / 06.02.2019
Baxılıb: 4962

Ardanış haqqında tarixi oçerk Orta tunc dövründə (III minilliyin son rübündən II minilliyin ikinci yarısınadək) olan tarixi mərhələdə Azərbaycan ərazisinin bir hissəsi (cənubu) onun əhalisi ilə birlikdə Şumer-Akkad mənbələri orbitinə düşür.

Bu mənbələr isə bizə müharibələr, e.ə.III minilliyin son üç əsrində Azərbaycanda, ona qonşu olan vilayətlərdə baş vermiş hadisələr, orada yaşamış tayfaların adları və s. haqqında ilkin məlumatlar verir. Lakin Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı barədə həmin mənbələrdən heç bir bilgi almaq mümkün deyil. Ardanış qədim və zəngin tarixə malik bir bölgədə - Göyçə mahalının şimal-şərqində yerləşir. Bu kəndin özünün tarixinin də qədimliyinə şübhə ola bilməz. Bunu həmin kəndə qədəm basan hər kəs ilk baxışdaca duya bilər.

Ərazidəki tarixi abidələr - Armudlu ərazisində Alban məbədinin qalıqları, kənd ərazisindəki, o cümlədən Çaldakı alban qəbiristanlığı, eləcə də Adatəpə, Böyük meşənin qənşərində və bir sıra digər yerlərdə aşkar edilmiş qədim oğuz qəbirləri, Ardanış yaxınlığındakı mağaralar və s. qədim dövrlərin yadigarları olaraq minilliklər boyu bu diyarın, bu ərazinin yaşayış məskəni olduğunu sübut edir.

Ardanış kəndinin yaxınlığındakı mağaralar təəssüf ki, vaxtında tədqiq edilməyib.

Bu mağaraların tədqiq olunması bu ərazidə məskunlaşma tarixi barədə dəyərli məlumatlar əldə etməyə imkan verərdi. Yerli əhalinin bir qismi tərəfindən vaxtilə bu mağaralara baxış zamanı aparılan müşahidələrdən aydın olub ki, bu ərazidəki mağaralardan ən böyüyü Novruz oğlunun zağasıdır. Qeyd etmək lazımdır ki, əhali bu mağaraları zağa adlandırırdı. Həmin mağaranın uzunluğu təxminən 150 metr, hündürlüyü 2,5-3 metr olub. Mağaranın tavan hissəsi qövsvari formada idi. Mağaranın giriş hissəsində dairəvi otaq mövcud olub. 150 metrdən sonra diametri 1 metrə qədər olan yol uzanəb gedirdi. Həmin hissədən soyuq hava axını gəlir. Bu mağara süni şəkildə, yəni insan tərəfindən yaradılıb. Həmin mağaranın giriş hissəsi təxminən 35-40 metr hündürlükdə yerləşirdi. XX əsrin 40-cı illərinə qədər Mağaranın ön hissəsindəki qayalığı Göyçə gölünün ləpələri döyəcləyirdi. Həmin mağaraya giriş o qədər də asan deyildi. Bu da görünür ki, təhlükəsizlik baxımından əlverişli mövqe sayılmış və həmin mağara məhz həmin yerdə yaradılmışdır. Antik mənbələrə görə, albanlarda mağara məbədləri də mövcud olmuşdur. Hansı ki, bu mağarada əcdadlar yad edilir və onların ruhuna qurban kəsilirdi. Bu mağarada onların müqəddəs tutduqları əcdadlarının qəbirləri olan qəbristanlıq da mövcud olmuşdur. Lakin Ardanışdakı məbədlər tədqiq edilmədiyi üçün bu mağaraların hansı məqsədlə yaradıldığını söyləmək çətindir. Bu mağaranın müəyyən dövrlərdə müdafiə və sığınacaq rolu oynadığını isə heç kim inkar edə bilməz.

Tarix öyrənilərkən arxeoloji tədqiqatların aparılması zəruridir. Sirr deyil ki, bu cür tədqiqatlar əsasən sovet dövründə geniş vüsət almışdı.

Lakin erməni rəsmi dairələri Ermənistanda (Qərbi Azərbaycan) ərazisində azərbaycanlı alimlərin bu işi həyata keçirmələrinə imkan vermədilər. Erməni alimləri isə Göyçə və digər ərazilərdəki türk izini yaşadan tarixi abidələri məhv etmək və ya saxtalaşdırmaqla məşğul olmuşlar. Deməli, Ardanışın tarixindən danışarkən, məhdud yazılı mənbələrə əsaslanmaqdan və nəsildən-nəsilə ötürülərək bu günə çatan məlumatlara istinad etməkdən başqa çarəmiz yoxdur. Şifahi məlumatlar dedikdə, ehtimallara əsaslanan subyektiv fikirlərdən deyil, söhbət əsaslandırılmış dəlil və faktlardan, müqayisə və təhlil aparmaqla çıxarılan nəticədən gedir.

Ardanış ərazisindəki tarixi abidələr və tapılan maddi-mədəniyyət nümunələri bu ərazinin bizim eradan əvvəl III-II minilliklərdə məskunlaşdığını göstərir. Tarixi mənbələrə əsaslanaraq Ardanış ərazisinin ta qədimdən hansı dövlətlərin ərazisinə aid olduğunu söyləmək mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi arxeoloji tədqiqat aparılmadan qədim dövr tarixindən dəqiqliklə bəhs etmək qeyri-mümkündür. Lakin Göyçənin, o cümlədən Ardanışın əzəli sakinlərinin türk tayfalarından ibarət olması təkzibolunmaz faktdır.

XX əsrin 70-ci illərində dəmiryol çəkilişi zamanı Ardanış kəndinin cənub-qərb istiqamətində yerləşən Sarı güney ərazisində irimiqyaslı torpaq-qazıntı işləri aparılarkən, bəlli oldu ki, burada bir neçə mədəni təbəqə mövcuddur. Kəndin şərq hissəsindəki təpədə - Ocağın başında ziyarətgah kimi tanınan məbəddə üzərində alban yazıları olan bir neçə daş var idi. Təəssüf ki, həmin daşlar (qalınlığı təqribən 30 sm, eni və uzunluğu 1,5 metrə yaxın) üzərindəki yazılar tədqiq olunmadı və yuxarıda sadalanan tarixi abidələr elmi-tədqiqat obyektinə çevrilmədi. Həmin abidə alban kilsəsinin qalığı idi. Bu məbəd yumuru, diametri təxminən 6 metr olan, iki otaqdan ibarət tikilidir.

Məbədin girişi cənuba, Göyçə gölünə tərəfdir. Arxa otaqda isə taxça var. Divarda oçaq yerlərinin qalığı son dövrə kimi qalırdı. Birinci otaqda isə üstündə yazılar olan daş kitabələr vardı. Ordakı kitabələrdə tariximizin şanlı səhifələri əks olunmuşdu. Təəssüf ki, bu kitabələr vaxtında tədqiq olunmadı. Lakin tam əminliklə söyləyə bilərik ki, bu kitabələr göytürk əlifbası ilə yazılmışdı. Oğuz türkləri Göytürk yazısından istifadə etmişdir ki, Orxon-Yenisey bu yazı ilə tərtib olunmuşdur.

19-cu yüzilin sonlarında (1893) Danimarkalı şərqşünas V.Tomsen tərəfindən oxunmuşdur. 552-ci ildə əski türk dövləti Göytürklərin qurucusu İltəriş Kağan və onun oğlu müdrik dövlət başçısı kimi tanınan Bilgə Kağanın dövründə daş üzərində yazılmışdır. Göytürk yazısı beş əsrdən çox fəaliyyət göstərmişdir. Ev şyaları, qapılar, geyim və bəzək şeyləri, məzar daşları, gümbəzlər, daş parçaları üzərindəki yazılar bu faktı sübut edir. 11-ci əsrə qədər Göytürk əlifbasından böyük bir ərazidə yaşayan türklərin istifadə etdikləri tarixə məlumdur.

Mahmud Kaşqarlıdan başlayaraq bütün tədqiqatçılar göstərirlər ki, ərəb əlifbasından türklərin istifadəsinin tarixi 11-ci yüzildən aşağı getmir. Başqa sözlə, türklər ərəb əlifbasından 11-ci yüzildən başlayaraq faydalanmışlar.

Türklər 10-cu əsrin ortalarında toplu halda İslam dinini qəbul edirlər və bu səbəbdən də 11-ci əsrdən başlayaraq ərəb əlifbasına keçirlər. Və buna görə də belə bir səhv qənaət meydana gəlmişdi ki, köçəri halda yaşayan türklərin 11-ci yüzildən əvvəl yazısı olmamışdır. Guya yazı mədəniyyətini türklərə İslam dini vermişdir. İndiyədək Qərbi Sibirdə, Şimali Monqolustanda, Çin Türküstanında, Orta Asiyada, Qafqazda və başqa ərazilərdə aşkara çıxarılmış göytürk yazılı abidələri öz varlığını qoruyub saxlayan bütün türk xalqlarının ümumi mədəni sərvətidir və hər bir türk xalqı öz dilinin tarixini öyrənmək üçün bu yazı mətnlərindən eyni dərəcədə istifadə etmək və onu öz qədim yazısı hesab etmək hüququna malikdir.

Haşiyə: Suriya mənbəsində qeyd olunur ki, 544-cu ildə alban Kardost hunlar üçün əlifba tərtib etdi. Ona görə də N.İ.Rzayev V əsrdə yaranmış alban əlifbası ilə Orxon-Yenisey türk əlifbası arasında qohumluq fikrini irəli sürməkdə haqlı idi. Bu fikir Mingəçevirdə tapılmış alban yazılarının qədim türk dilləri əsasında oxunması ilə təsdiqlənir. Bu faktı erməni əlyazmalarının toplayıcısı, əslən erməni, Amerika vətəndaşı X.Kurdianın tapdığı alban əlifbası cədvəli də sübut edir. Onu da qeyd edək ki, bu cədvəlin bir nüsxəsi da Mətndaranda saxlanılır. Amma ermənilər bu əlifba cədvəlini tamamilə dəyişdirmiş və öz əlifbalarına oxşatmağa çalışmışlar.

Gürcü alimi A.Şanidze apardığı araşdırmaları ilə bu nəticəyə gəlmişdir ki, X.Kurdianın tapdığı əlyazma Mətndarandakı əlyazmadan həm hərflərin düzülüşü ilə, həm də çoxluğu ilə fərqlənir və bu hərflər erməni, gürcü, yunan və latın hərflərindən heç birinə uyğun gəlmir. Ardanışdakı xaç daşlı qəbiristanlıqların alban tayfalarına mənsubluğu şübhə altına alına bilməz.

Bu məqamda vaxtilə olmuş bir hadisəni, daha doğrusu sohbəti xatırlatmaq yerinə düşər.

Təxminən keçən əsrin 70-ci illərinin sonları idi. Qonşumuz Ayvaz Quliyevin İrəvan şəhərindən milliyyətcə erməni olan qonaqları gəlmişdi. Evdən təxminən 100 metr aralıda – “Çalın başı”nda Xaç daşlı qəbiristanlıqda qoca erməninin gəzdiyini gördük. 10-13 yaşlı uşaqlar bu daşların erməni xaçı olduğunu düşünərək və Sərkis adlı qoca erməniyə acıq vermək məqsədi ilə daşların yanına zibil daşıdıq. Bu zaman qoca erməni Azərbaycan dilində bizə dedi ki, uşaqlar belə etməyin, bu ermənilərin deyil, bu qreklərindir. (Əslində biz uşaq təfəkkürü ilə bu qəbirləri ermənilərinki hesab edərək onlara etirazımızı ifadə edirdik ki, bu torpaqlar bizimdir və burada erməni qəbirləri ola bilməz. – müəlliflər) Həmin vaxt indi xatırlamadığım orta yaşlı kişi onun bu söhbətinə müdaxilə etdi və dedi ki, qreklər (yəni yunanlar) burada nə gəzirdi ki? Sən ağlına gələni danışırsan. Onda əslən Suriya ermənisi olan ərəb dilini bilən, hətta Quran oxumağı bacaran və 1949-cu ildə İrəvana gələn Sərkis kişi dedi ki, bu sən düşündüyün qreklər deyil.

Əlisa Şükürlünün “Qədim Türk yazılı abidələrinin dili” kitabını oxuyanda maraqlı bir məlumata rast gəldik.

URUMLAR, QREKLƏR - hazırda az-çox toplu və dağınıq halda Gürcüstan Respublikasında və Şimali Qafqazda yaşayan türk xalqıdır. Özünü qrek adlandıran bu kiçik xalqın kiçik bir hissəsi dağınıq və toplu halda Ukraynada, xüsusilə Azov dənizi sahillərində yaşayır. Xristian dininə tapınan qreklər və ya urumlar özlərini assimilyasiyaya uğramış yunan hesab edirlər. Olsun ki, bu xalq Makedoniyalı İskəndərin dövründə yunan ordusuna daxil olan türk qəbilələrinin nəslidir. İstənilən halda bu daşlar türklərə məxsus abidələr idi. Lakin biz Alban tayfalarına məxsus olduğunu qəbul edir və fikrimizdə qalırıq. Əlbəttə, bu mövzunun araşdırılmasına, elmi tədqiqinə ehtiyac var. İnanırıq ki, nə vaxtsa o yurdlara əlimiz çatanda, ünümüz yetəndə bu iş mümkün olacaq.

Azərbaycan tarix və ədəbiyyatşünaslığında alban etnosunun etnogenezisi barədə əsas etibarilə iki baxış vardır. Erməni, rus və bəzi Azərbaycan alimləri albanları Qafqaz İber xalqlarına aid edir, hətta udinlərin ulu əcdadı sayırlar. Lakin albanların qədim türk mənşəli olduqlarını deyən baxış da vardır. Şimali Azərbaycanın aparıcı tayfası olmuş və Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış albanlar e.ə. IV əsrdən eramızın VIII əsrinə qədər, yəni ərəb işğalınadək dövlət qurumuna malik olmuşlar. Son illərdə aparılmış tədqiqatlar azərbaycanlıların ulu əcdadlarının cənubda İran, şimalda Dağıstan etnosuna aid edən bəzi tədqiqatçıların baxışlarının düzgün olmadığını göstərir. Tarixi mənbələr bir daha sübut edir ki, oğuz elinin başçısı Qazan xan həm də albanların hökmdarı adlandırıldığı kimi, Sanatrukun da gah alban, gah da hun hökmdarı kimi verilməsi alban-türk etnik birliyini əsaslandıran əsas faktorlardandır.

Ümumiyyətlə, sitat gətirilən tarixi mənbələr belə fikrə əsas verir ki, genetik cəhətdən eyni tayfalar olduqları üçün qaynaqlarda onlar eyniləşdirilmişlər. Yaşayış məskəni kimi Ardanışın təməlinin qoyulduğu və ilk dəfə nə vaxtdan yaşayış məntəqəsi kimi mövcud olması dəqiq bəlli deyil. Ardanış ərazisinin sonralar tabe olduğu dövlətlər isə bəllidir:

Əhəməni dövləti (Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdı, onun ölümündən sonra Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı.), Qafqaz Albaniyası (eramızdan əvvəl IV əsrdən eramızın 652-ci ilinə qədər (1000 ildən artıq), Ərəb xilafətinin Arran əyaləti; Sacilər, Salarilər, Rəvvadilər, Eldəgizlər, Elxanilər, Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, müxtəlif vaxtlarda Osmanlı imperiyası, 1736-1747-ci illərdə isə Nadir şah Əfşarın idarə etdiyi İran feodal dövləti, 1747-1828-ci illərdə İrəvan xanlığı. İrəvan xanlığının süqutundan sonra (1828-ci il oktyabrın 1-dən sonra) isə Rusiya imperiyası.

Haşiyə: İrəvan qalası (şəhəri) işğal edilməmişdən əvvəl əyalətin tabeçiliyində olan kəndlərdən rus ordusunun müsəlman əhalisinin didərgin edilməsi haqda Paskeviç 1827-ci il iyulun 27-də qraf Nesselorda göndərdiyi məktubunda bildirmişdi ki, qarapapaqlardan 100 ailə və ayrımlardan 300 ailə Qarsa qaçmışlar, qüvvətli Uluxanlı tayfasından 600 ailə Bəyazidə, müsəlman cəlalı kürdləri isə Muşa qaçmışlar. Qarapapaqlardan digər 800 ailə isə Arazı keçib Həsən xanın (İrəvan xanı Hüseyn xanın qardaşı) dəstəsinə birləşmişlər. Onlarla birlikdə cəmədinli kürdləri (700 ailə), birukilər (400 ailə), dovmanlılar (400 ailə), çobankərəlilər (200 ailə), zilanlı kürdləri (1000 ailə) sərhəddən o taya – Türkiyəyə keçmişlər. İrəvan xanlığının ərazisində yeni rus üsul-idarəsi tətbiq etmək üçün Paskeviçin əmri ilə İrəvan müvvəqəti idarəsi yaradılır və yerli qoşunların komandanı, general Krasovski rəis təyin edilir.

Arxiyepiskop Nerses Aştarakesi idarənin üzvü olur.

Krasovskinin Nersesə verdiyi qeyri-məhdud səlahiyyətlər sayəsində ermənilər istədiklərinə nail olurlar. Müharibədən çıxmış əhaliyə paylamaq üçün verilən 4500 çetvert taxılın böyük hissəsi sayca azlıq təşkil edən ermənilərə paylanmışdı. Müsəlmanlar dövlət himayəsindən məhrum edilmişdilər. Bununla əlaqədar Paskeviç baş Qərargah rəisinə göndərdiyi məktubunda yazırdı: "Mən təsəvvür etməzdim ki, Krasovski yalnız Nersesin iradəsi ilə hərəkət edəcək, mənim ona verdiyim təlimata məhəl qoymayıb, yenicə ələ keçirilmiş əyalətin idarə edilməsi qayğısına qalmayacaq, bütün əhalinin dörddə üçünü təşkil edən müsəlmanlara himayədarlıq etməyəcək, lazımi vəsait ayırmayacaq." Yerli müsəlmanlar arasında narazılığın artması əhalini yaşadıqları yerlərdən köçüb sərhədin o tayına keçməyə vadar edirdi. Rusiyadan narazı əhalinin sərhədin o tayında cəmlənməsi Paskeviçi narahat edirdi, Ona görə də o, Nersesi İrəvan müvəqqəti idarəsindəki fəaliyyətindən uzaqlaşdırmışdı.

Türkmənçay müqaviləsi imzalandıqdan sonra Paskeviç general Krasovskini rəis vəzifəsindən azad etmiş, müsəlmanlara qarşı bəd əməllərindən əl çəkməyən Nersesi isə Bessarabiyaya sürgün etdirmişdi.

1829-cu ildən etibarən Rusiya çarının fərmanı ilə Cənubi Qafqazda əyalət, 1840-cı ildən isə qəza inzibati-ərazi vahidliyi təsis edilib. 1841-ci ilin 1 yanvarında qüvvəyə minən “Qafqazda inzibati və məhkəmə islahatı haqqında” Qanuna görə Ardanış kəndi Gürcüstan-İmeretiya quberniyasının Yelizavetpol (Gəncə) qəzasına, 1844-cü ildə çar I Nikolayın (1825-1855-ci illər) imzaladığı yeni inzibati-ərazi bölgüsü haqqında Fərmanına görə 1846-cı il dekabrın 14-dən Tiflis quberniyasına, 1850-ci ildə isə İrəvan quberniyasının (sahəsi 27830 kv. kilometr, əhalisi 1905-ci ildə 901900 nəfər) İrəvan qəzasına, sonradan isə İrəvan quberniyasının Novobayazet qəzasına aid edildi (Türkiyənin Bayazet vilayətindən köçüb gələn ermənilər Qəmərli kəndində (sonradan Kamo) məskunlaşıb və qəza mərkəzi kimi Novobayazet adı seçilib. Ermənilərin təşəbbüsü ilə onların əvvəlki yaşayış yerlərini nəzərdə tutaraq qəzanı rəsmi olaraq Nor-Bayazet (yeni Bayazet) adlandırmışlar.

28 may 1918-ci ildə daşnaklar Qərbi Azərbaycanın bir hissəsində – Gümrü (Aleksandr-opol) şəhəri və onun ətraf ərazisində, tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yaradıldığını elan etdilər. Beləliklə, Qərbi Azərbaycan torpağında ilk erməni dövləti yarandı.

29 may 1918-ci ildə Gümrünün (Aleksandropol) Osmanlı imperiyası tərəfindən zəbt edilməsi ilə əlaqədar olaraq erməni-daşnak hökuməti Azərbaycan hökumətindən xahiş edir ki, İrəvanı paytaxt etmək üçün erməni hökumətinə versin. Azərbaycan hökuməti, daha doğrusu, Fətəli xan Xoyskinin sədrlik etdiyi Nazirlər Şurası Dağlıq Qarabağ iddiasından əl çəkmək şərti ilə İrəvan və Üçmüəzzin qəzalarını erməni-daşnak hökumətinə güzəştə gedir. 04 iyun 1918-ci ildə Antanta dövlətlərinin təzyiqi altında Osmanlı imperiyası və yeni yaradılmaqda olan Azərbaycan Xalq Cümhuriyyəti Qərbi Azərbaycan torpağında sahəsi cəmi 9,8 min kv. kilometr olan ərazidə yaradılan Ermənistan Respublikasını tanımalı oldu.

Ermənistan dövləti elan edilərkən Göyçə gölünün yarısı və göldən şimaldakı ərazilər Azərbaycan Demokratik Cümhuriyyətinin tabeçiliyində qalırdı. Ardanış kəndi 1918-1920-ci illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin Gəncə quberniyasının Qazax qəzasına aid olub (Ərazi bölgüsü prinsipi - quberniya və qəza bölgüsü Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də olduğu kimi saxlanılmışdı. Bolşeviklərin hakimiyyətə gəlişi ilə quberniyalar ləğv edildi, lakin qəzalar saxlanıldı. Amma İrəvanın Ermənistana verilmesindən sonra İrəvan quberniyası ləğv edilmiş, bu quberniyanın ADC terkibinde saxlanılan əraziləri Gəncə quberniyasına aid edilmişdir – müəlliflər).

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təsdiq etdiyi inzibati-ərazi bölgüsündə Göyçə dairəsi nəzərdə tutulsa da, həmin ərazilərə Azərbaycan hökuməti 1918-1920-ci illərdə nəzarət etmədiyi üçün o dövrün vətəndaşlara aid sənədlərində “Göyçə dairəsi” sözünə rast gəlinmir. Bildiyimiz kimi, Göyçə əhalisi geriyə 1921-ci ilin may ayında – Ermənistanda sovet rejimi qurulduqdan 6 ay sonra qayıda bilib. Bu zaman isə Azərbaycan Xalq Cümhuriyyəti artıq süquta uğramışdı və Azərbaycan SSR yaradılmışdı. Ermənistanda sovet hakimiyyəti qurulduqdan iki gün sonra - 1920-ci ilin 1 dekabrında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 6 min kv. km. ərazini əhatə edən Göyçə və Qaraqoyunlu mahalları da Ermənistan SSR-ə verildi.

Ardanış 1920-1929-cu illərdə Ermənistan SSR-in Dilican qəzasına, 1929-1937-ci illərdə isə Dilican rayonuna aid edildi. 1929-cu ildən sonra qəzalar ləğv edilərək rayonlar yaradıldı. Dilican rayon, Çəmbərək isə Dilicana tabe olan yarımrayon statusu aldı.

1937-ci ilin 31 dekabrında ərazisi 697 kv. kilometr olan Çəmbərək (Krasnoselsk) rayonu yaradıldı və Ardanış kəndi həmin rayonun tərkibinə aid edildi (Çəmbərək – 125 kilometr İrəvandan aralıda yerləşən rayon mərkəzi. Qazax-Basarkeçər yolunun üstündədir. 1835-ci ildə Mixaylovka adı ilə salınıb. Malakanların məskunlaşması ilə əlaqədar olaraq. Sovetləşmə baş verdikdən sonra Krasnoselsk adlandərələb. – müəlliflər).

Haşiyə: 1938-ci ildə Gədəbəy rayonunun Köhnə Başkəndi öz ərazisi ilə birgə Ermənistan SSR-in Çəmbərək rayonuna ilhaq edildi (birləşdirildi). 1953-cü ilin dekabr ayında Ermənistan SSR Azərbaycan SSR-in Gədəbəy rayonunun 730 hektarlıq ərazisini mübahisəli hesab edərək, onun qaytarılmasını SSRİ hökumətindən tələb edir. Moskva nümayəndə heyəti yerdə yoxlama apararkən müəyyən edir ki, qeyd olunan ərazi Ermənistan SSR ilə heç bir təmas xəttinə malik deyil və sərhəddən 50 km aralıda yerləşir. Ermənistan hökumətinin iddiası əsassız hesab edilir. Lakin ermənilər bu məsələni 1968-ci ildə təkrar İttifaq səviyyəsində qaldırırlar. Moskvada lövbər salmış ermənilərin əli ilə Sov.İKP MK özünün 23 iyun 1968-ci il tarixli sərəncamı ilə məsələni mübahisəli hesab edir. Arxiv araşdırmaları zamanı aydın olur ki, 1953-cü ildə Bakıda xəritələri tərtib edən 2 erməni – Kələntərov və Qadaqçiyev belə bir ərazi mübahisəsinin yaranması üçün saxtakarlıq edirlərmiş.

Bu dəfə komissiya (1968-ci ildəki komissiya) 1898-ci və 1903-cü illərin xəritələri üzrə bu mübahisəyə son qoyur.

Mənbə: Əli Vəliyev,Vaqif Kərim."Göyçə mahalının Ardanış kəndi" kitabı


Etiket:
Xəbərlər

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023
Bütün xəbərlər