El yeridi...

15:30 / 14.11.2018
Baxılıb: 2894

30-cu illərdə buranı qazmağa başlayan iki azərbaycanlını NKVD necə aparıbsa, bu gün də səs-soraqları gəlmir.

Artıq bir ildi ki, qəlbimdəki nisgil, ağrı, qüssə məni rahat buraxmır, gah gizli-gizli, gah aşkar. Mənnən üz-üzə durur, məni yeyir,didir, parçalamaq istəyir. Heç cür ovundura bilmirəm içimdəki bu gur dərdi… Bir də necə ovundura biləsən. İndi bir uşağı aldatmaq olmur. Dərdi necə aldadasan, ağzını, səmtini hansı yönə salğayasan. Dərd də insan üçündü, qardaş.Adamnan kənarda dərd də yoxdu,təklənəndə dərd də dərdliyini itirir.Bütün bunların hamısı məlum həqiqətlərdi.Ancaq qalır bir məsələ: bu məlum həqiqətlər unudulanda, istər-istəməz kənardan üzünə-gözünə baxan, boylanan baxışlarda «Bu niyə belədi» sualını tez-tez oxuyanda, özünü naqolay hiss edirsən. Bu sualı evdə, arvad-uşağın baxışlarında görəndə lap çox. Artıq başa düşürsən ki, sənin orqanizmində, daha doğrusu bədənində nəsə çatışmır. Yarımçıq adama dönürsən. Və özün çox yaxşı bilirsən ki, yurddu, torpaqdı, evin-eşiyindi, həyət-bacandı, elin-ulusundu sənin bədənində çatışmayan. Mən indi daha aydınlığı ilə dərk eləyirəm ki, yurd - insan bədəninin ən əsas üzvü imiş. Keçən il, yəni düz bir il əvvəl, noyabr ayının əvvəlində uşaqlarımın kiçik toy məclisi üçün hazırlıq gedirdi. Evimiz hər gün dostla-tanışla, qohum-əqrəba ilə dolu olurdu. Hərə də öz köməyi ilə, məsləhəti ilə. Məclisin harda keçirilməsi məsələsi gələndə mənə təkidlə bildirirdilər ki, ilk xeyir işinidə gərək öz həyətində keçirəsən, maşallah, gözəl həyətin,evin. Mən razı olmadım. Atamın həyətini, qədim, köhnə evimizi üstün tutdum. Dünyaya o evdən göz açmışam, elə uşaqlarım da. Mənim o ata evimdən kənarda heç nəyim yox idi. Məclisim də orada keçdi. Şair dostum Nizami Saraclının başçılıq etdiyi, aşıq qardaşım Vəkilin və onun dostlarının, necə deyərlər,gülləndirdiyi, eləcə də Kəpənəkçi balası gənc,gözəl Dilşad xanımın o məclisdə oxuduqları elin axırıncı məclisi oldu. İndi mən gecənin girt yarısı yurd haqda fikirləşə-fikirləşə bu yazını yazdıqca gözlərim önünə həyət-bacası ilə,bütün şəraiti ilə mənə doğma olan birmərtəbəli o ata evi gəlir. Yurd dediyim öz köhnə ata evini təzə dəbli evimnən qat-qat üstün tutduğun bir vaxtda yurdu birdən-birə tərk etməli oldun. Ömrümün, uşaqlığımın ilkinliyi ilə bağlı olan o ata evini. Və bir də hiss eləyəndə ki, bu ilkinlikdən bir-dən-birə cismən ayrılmısan, bütün əlaqələrin xırp kəsilib,adamı dəhşət bürüyür. Görün, o ixtiyar qocalar indi nələr çəkir. Üst-üstə düşən yaslara az qala vaxt çatdıra bilmirsən. El köçürdü… Əziz oxucu, mən bu yazımda sənə az-çox məlum olan qaçqınlıq həqiqətlərindən, ölüm faktlarından, basqınlardan,talanlardan, yanğınlardan söz açmayacağam. Hələlik bu söhbətlər qalır sonraya..Mənim üçün ən faciəli, ən ağır gün-axırıncı gün, evimdən axırıncı çıxdığım gün oldu. Nağıllarda deyildiyi kimi, çəkidə yüngül, vəzndə ağır, bəzi ev əşyalarını (baxmayaraq ki, mənim evimdə belə əşyalar yox idi) çıxarandan sonra,anamla ailəmi yurdla vidalaşdırıb, həyətdə bizi gözləyən Mamed müəllimin minik avtomobilinə əyləşdirdim.Atam isə uşaqlarla Gürcüstanda idi. Mən bir də geri, evə qayıtdım. Hər daşını, kərpicini isidə-isidə, əllərimlə sığallaya-sığallaya tikdiyim evimlə bir də vidalaşmağa qayıtdım.Bütün otaqları yenə də bir-bir gəzdim, hər yerinə tamaşa eləyə-eləyə tavanına-döşəməsinə baxa-baxa. Həyətdə tələsən, bu ağır gündə bizə əvəzsiz xeyirxahlıq eləyən maşın sahibi bacımın yoldaşı Mamed müəllimi həddən artıq nigaran saxladığıma baxmayaraq axırıncı otaqda yarım saatdan artıq qaldım. Pəncərədən uzun müddət həmişə baxdığım yerlərə sonuncu dəfə kədərlə, dərdlə baxa-baxa quruyub qaldım. Evimlə, yurdumla beləcə vidalaşdım, sağollaşdım. Həyətə çıxanda isə daha özümü saxlaya bilmədim. Titrəyə-titrəyə üstümə atılan itlərim sanki fəryad qoparıb, mənnən imdad diləyirdilər. Başa düşürdülər ki, son görüşdü-itlərimi,evimi qoyub gedirdim. Aşağı əyildim, itlərlə vidalaşmaq üçün. Hər ikisi də dal ayaqları üstə qalxaraq titrəyirdilər. Yaşla dolu gözlərimlə bir təhər gözlərinin içinə baxdım. Hər iki itin gözündə yaş parıltısı gördüm. Bu dəfə hönkürtümü saxlaya bilmədim.İtlərin çox duyumcul olduğunu eşitmişdim.Axır ki, gözlərimlə də gördüm.Külək adamı yıxırdı. Elə bərk tufan başlamışdı ki. bu da təbiətin fəryadı idi. Külək fəryadı, tufan fəryadı. Başa düşürdüm.Bir neçə gündən sonra da zəlzələ olacaqmış. Təbiətin zəlzələ fəryadı.Sənə qayıdıram, itirdiyim yurd, a doğma kənd, doğulub boya-başa çatdığım, çox yaxşılıqlarını, haqq-sayını gördüyüm a ixtiyar ulus! Çox sağ olsun geniş ürəkli xalqım, təmənnasız yaxşılıqlarına görə, mənzilimə, işimə, bəzi qayğılarımın yüngülləşdiyinə görə. Ancaq düz bir ildi ki, yuxularımdan çıxmayan o yurda, o ata evinə mən nə deyim. Mən qırmızı daşla tikilən ikimərtəbəli evimi erməniylə beton mənzilə dəyişmişdim. Tez-tez suallar verirlər. Harda yerləşir sizin rayon?Həmişə də cavabım belə olur. Azərbaycanın lap ortasında, qədim oğuz obalarında. Ürəyimin başında, damarlarımda qanımın axdığı səmtdə, özgə nə deyim.O ki, söz bu səmtə çevrildi. Burda daha ətraflı məlumat vermək istəyirəm.Dağ Borçalıdı mənim elim,ulusum. Qənimimə çevrilmək üçün kəsiilb Sovet Ermənistanı yaradılan,Borçalı deyilən böyük bir mahalın dağlıq hissəsidi. Bu dağlarla əhatə olunmuş böyük ərazidi. Dağlararası düzənliklərlə, çökəkliklərlə zəngin olan bu torpaq həm də Loru vadisi adlanır. Bu gün dilimizdə geniş işlənən «Loru dili» ifadəsi də bu torpağın adı ilə bağlıdı. Əgər «Loru dili»ndə ifadəsi eşidirsinizsə, bu o deməkdir ki, sadə, canlıxalq dilində danışmaq nəzərdə tutulur. Loru yurdları oğuz ellərinin, elatlarının yurdu olduğu kimi (bunu tez-tez rastlaşdığın oğuz qəbirləri nəql edir), Loru dili də oğuz elatının dilidi, Dədə Qorqud dilidi. Loru böyük bir ərazidə yerləşir. Ola bilsin ki, yaşı üç min ili adlayan Lulubi imperiyasının adı Loru toponimində qorunub saxlanır. Mərkəzi Calaloğlu (Stepanovan) olmaqla, bir tərəfi Qarakilsə (Kirovakan), bir tərəfi isə Gümrüyə (Leninakan) qədər uzanır. Ağbaba Amasiya ellərinə çiyin-çiyinə söykəkdir. Qədim Loru, Ağbaba isə Qarsa söykənir.Loru dağlıq yerdir. Ancaq aran səmti Canbaxçadı. Mənim doğulub, boya-başa çatdığım kəndim Canbaxçada yerləşir. Evli, Qızılkilsə, Sarıyal, Dəmirçilər, Başkeçidin kəndləri olan Muğanlı və Saatlı Canbaxçanın ən şən kəndlərindəndi.Özü də Dağ Borçalının arana baxan kəndləridi. Qarayazı, Sarvan çökəklərindəki,Qazax ellərindəki qardaş-bacılarımızın ağbirçəklərimizin, dədələrimizin yayladıqları yaylaqlar idi. Canbaxçanın kəndləri.O adları çəkilən kəndlərin mütləq çoxusu Qazax mahalından qopanlardı. O yerlər Qazax ellərinin yaylaq yerləri olub. Mənim kəndim Evli, İkinci Şıxlıdan ayrılmadı. “Talıföyü” İkinci Şıxlıda yaşayan böyük bir nəsildi.Qurudlu, motallı, qaymaqlı-ballı, aşıqlı, qonaqlı-qaralı, ağ-ağ sürülü Canbaxçam, Oy dərəsi. İndi hərdən-bir qulaqlarım «gəlmə»di sözləri də eşidir. İndi bu sözlər ağızlarda çox çeynənir.Mənə gəlmə deyənlər ən azı Azərbaycan xalqının düşmənləridi, erməni millətçilərinin dəyirmanına su tökənlərdi. Onlar da gəlmə deyir azərbaycanlılara. Guya azərbaycanlılar Azərbaycana,Qafqaza gəlmədirlər. Mənim Evli kəndim! Ağır elim, ulusum! İndi minlərlə qaçqının pasportunda doğulduğu məkan kimi qalırsan,ürəyində Vətən kimi yaşayırsan, qanımda dərd kimi qövr eləyirsən. Kim bu gün sənin övladlarına qorxaq, qaçqın kimi baxırsa, çox böyük səhv eləyir. Çünki bəzi məsələlərdən xəbəri yoxdur. Sənin igidliyindən, mərdliyindən heç nə bilmir. Eyb etməz, bilmək istəməyən, qoy bilməsin. Bu dərdlərin kökü dərindir. Allah şahiddi ki, sənin adın həmişə başda çəkilib, sayılan olubsan. Adın çəkiləndə tük salanlar da olub, üstünə hürənlər də. Atalar yaxşı deyib: «it qorxduğu yerə hürər». Çox keçməkeşlər, qeylü-qallar görübsən. Yaşın boyu dörd dəfə adın dəyişib, hərəsi də bir tarixi hadisəynən bağlı: Xarrat, Aşıq Novruz, Molla Eyyub, Evli. Hələ bu mən bilənlər. İndi yəqin ki, qədim adına bir yamaq da yamayacaqlar. Necə ki, gözümüz baxa-baxa çox yurdlarımızın adları üstən yamaqlar yamandı.Uşaqlarımdan tez-tez soruşuram, Molla Eyyub yaxşıdı,ya Bakı? Bakı da yaxşıdı, deyirlər, ancaq Molla Eyyub lap yaxşıdı. Ay ata, bizi apar Molla Eyyuba. İndi eivimzdə kim olur. Bığlı əmi kəndə gəlsə, kimə gedəcək? Onlara deyə bilmirəm ki, Fərman əmi (F.Kərimzadə) indi heç vaxt nə o kəndə gedəcək, nə də Bakıya gələcək. Ancaq ruhu qayıtdı o yurdlara, o böyük, ulu ruhlara qarışmaq üçün.Qaçqınlardan biri deyir ki, bu yaxınlarda evimizə kənd sovqatı gətirmişdilər, kəkotulu, itburnulu, qurudlu bir bağlama idi. Balaca nəvəm bağlamanı qucaqlayıb ağlamsına-ağlamsına bir müddət heç kimə vermədi. Yurd ətri, kənd iyisi duyduğu üçün.Mənim ömürlük yurd ətri duyacağım Molla Eyyubum. Dağın, düzün, çiçəyin-gülün hopub canıma, qanıma. Mərd adamların, təmənnasız yaxşılıqlar eləyən övladların, bir iş görmək istəyərkən qolundan yüz-yüz əllə yapışan xeyirxahların necə uca eləmişdi səni. Varın -bərəkətin göydən yağırdı.Bir də onu xatırlatmaq istəyirəm ki, qaçmamışıq o yurdlardan, geri çəkilməyə məcbur olmuşuq. Ürəklərimiz girov qalır o yurdlarda. Qoy, bizə nə köçkün desinlər, nə qaçqın, nə də didərgin.Sevindirməsinlər, böyrəkləndirməsinlər düşməni.«El yeridi, yalqız qaldın səhrada»... Dədə Ələsgərin peyğəmbər fəhmi ilə dediyi bu ağrılı misra elə bil öz axirət taleyi üçün, bir də qədim Göyçənin qəmgin taleyi üçün deyilibmiş. Həmçinin yalqız qalan neçə-neçə tarixi abidələrimizin, ocaqlarımızın, inanc yerlərimizin, yaşı dünyanın özü qədər olan qəbiristanlıqlarımızın acısını qışqırır bu misra. Mən belə abidələrimizdən bir neçəsi haqda məlumat vermək istəyirəm.Koroğlu qalası - Molla Eyyubun gündoğan qənşərində yerləşən, nəhəng qayadan yonulmuş böyük çadır alaçığı xatırladan bir qaladı. Ən maraqlısı da budur ki, burada hörmə divarlar yoxdu. Qaya yonulub. Adam məəttəl qalır. Buboyda qaya necə və nə ilə yonulub? Qalanın içində özünü ikimərtəbəli bir evdəki kimi hiss edirsən. Aşağıda iki at (Qıratın və düratın) axuru görünür. Qayada atların dırnaq yerləri də qalır. Qalanın içərisində divara qoyun dərisi, şəkili yonulub. Lap yuxarıda qoyun soymaq üçün daşdan deşilmiş çoxlu asqı yerləri var. Gözəgəlimli bir yerdə aypara və ulduz təsvir edilib. Mən son zamanlar qalada olarkən aypara və ulduzun qazılıb-qoparıldığını gördüm. Buna baxmayaraq, yeri aydın görünürdü. Aypara, ulduz qədim türklərin bayraqların bəzəyən rəmzlərdi. Aşağıda ağzı sal daşla örtülmüş kahaya bənzər bir yarğan var. Həmin yarğana yuxarıdan daş tullayanda kaha səslənir. Deyilənə görə bu kahada Koroğlunun xəzinəsi saxlanılırmış.Ağızda belə bir söhbət gəzirdi ki, kim bu tuneli qazsa, o dərhal yoxa çıxır. 30-cu illərdə buranı qazmağa başlayan iki azərbaycanlını NKVD necə aparıbsa, bu gün də səs-soraqları gəlmir. Yəqin ki, yoxa çıxmaq söhbəti də burdan qalır. Çox güman ki, o tuneldə qədim oğuzların həyat tərzlərindən bol-bol nişanələr olmamış deyil. İki il əvvəl gənc şair və tədqiqatçı Əhməd Oğuzun respublika mətbuatında güc-bəla ilə çap etdirdiyi «Soyuqbulaq Qobustanı» adlı yazısında Soyuqbulaqda tapdığı bir qayalıqda daşlar üzərindəki qədim heyvan və ov təsvirlərindən geniş söhbət açmışdı.Qədim babalarımızın izlərini saxlayan belə abidələrə «Böyük Ermənistan»ın hər yerində rast gəlmək olurdu. Çoxu da dağıdılmışdı. Qalanlar isə təftiş edilmişdi.Bu gün tənha, kimsəsiz qalan iki müqəddəs Xıdır Əlləz (ədəbiyyatda Xızır İlyas kimi qalır) və Hacı Xəlil ocaqlarının yerləşdiyi qədim bir yurdun ağrıları hansı qaçqının ürəyində dərd kimi qövr eləmir. Adna günləri bütün elatın,həmçinin Borçalının axışıb gəldiyi Hacı Xəlil ağanın türbəsi, biz sənin ziyarətinə indi ancaq yuxularda gələ bilərik. Qaçqınlıq da ordu gələndən sonra başladı… Biz elə bildik ki, tanklar gəldi, işlər düzəldi. Bir az arxayınlaşdıq da. ancaq hər şey tərsinə oldu…Hərdən əsgərlər «mərdanə» etiraf edirdilər. Biz sizin təhlükəsizliyinizin təmin edilməsinə zəmanət verə bilmirik.Bəs görən kimi qorumağa gəlmişdi inandığımız «qızıl» əsgərlər,ağır tanklar. Onların əsas məqsədi bir azdan lar aydın oldu.Köçkünlərin bar-barxanalarını, yorğan döşəklərini ələk-vələk eləmək, silah axtarmaq, bomba gəzmək! Mən əsgərlərdən bu «humanizmi» görərkən çox sarsıldım. Bir də Bakıda «Pioner» kino-teatrının yanında qaçqınlara yardım verilərkən qayda-qanun yaradan əsgərlər iki cavan didərgini yağı kimi döyə-döyə, zorla tanka basanda.. Hirsimdən gözlərimdən yaş axmağa başladı. Və ordan çıxıb getdim……Bütün ətraflar çıxmışdı. Evli hələ yerində idi. Basqınlardan və təqiblərdən qoruna-qoruna. Ermənistan hökumətinin rayondakı nümayəndəsi, əvvəllər Kalininoda birinci katib işləmiş Nikolay Stepanoviç Korpenko kəndə gəldi. Direktorun kabinetində iclas keçirdi. Evliləri möhkəm təriflədi, onları yaxşı tanıdığından, mərdliklərindən, əmək qəhrəmanlıqlarından danışdı. Bir də dedi ki, «yaxın adam kimi» deyirəm: Sizin təhlükəsizliyinizin təmin olunmasını daha heç kim öz öhdəsinə götürə bilmir. …Beləcə boşaldı kənd.

Tahir Talıblı «Yeni fikir» qəzeti. Noyabr, 1989


Etiket:
Xəbərlər

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023

Qərbi Azərbaycan İcmasının Basarkeçər rayonu Dərə kənd sakinləri və Dərəli kökənli gənclərlə görüşü keçirilib.

07.11.2023

Ulu Öndər Heydər Əliyev xatirələrdə

31.10.2023

"Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatı ilə bağlı konfrans keçirilib.

30.10.2023

Oktyabrın 27-də Qərbi Azərbaycan İcmasında (QAİ) “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib.

28.10.2023

“Oğul” filminin rejissoru: “Erməni hərbçilərdən biri Natiqin cəsurluğunu etiraf etdi” - MÜSAHİBƏ

26.10.2023

Nərimanlı gəncləri ilə görüş keçirilib - FOTOLAR

24.10.2023

TANINMIŞ ALİM, İSTEDADLI ŞAİR-PUBLİSİST - RAMİZ HƏSƏNLİ ŞİŞQAYA KƏND İCMASININ SƏDRİ SEÇİLDİ

21.10.2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qüdrətdən səngərli, qalalı dağlar” adlı konsert proqramı keçirilib.

21.10.2023

Erməni dostunun azərbaycanlı yazıçıya hər il yazdığı mesaj: “Axırda...” – Müsahibə

17.10.2023

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qərbi Azərbaycan İcmasının TƏBRİKİ

17.10.2023
Bütün xəbərlər